Məhkəmə qərarları › İş №2-1(103)-1324/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1324/2021

20.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1324/2021 20.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), X2 və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, iddiaçı X1 iştirakı ilə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş pasport, qeydiyyat və miqrasiya idarəsinə qarşı ümumvətəndaşlıq pasportunda soyadına dəyişiklik edilməsi öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-854/2021 nömrəli iş üzrə 26 yanvar 2021-ci il tarixli qərarından iddiaçının apellyasiyasına əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, ümumvətəndaşlıq pasportunda soyadının Adigozel kimi yazılıb, qalan məlumatlar əvvəlki kimi saxlanılmaqla, ona yeni ümumvətəndaşlıq pasportu verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 26.01.2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Qərarla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, təqdim eldiyi Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının məhkəməyə ünvanladığı 177 nömrəli 16.10.2020-ci il tarixli təqdimatında göstərilir ki, “Adıgözəl” soyadının ingilis dilində “Adıgozal” kimi yazılış forması Azərbaycan dilinin transliterasiya normalarına uyğun gəlmir. Belə ki, Azərbaycan dilinin transliterasiya normalarına uyğun olaraq bu soyad “Adigozel” formasında olmalıdır. Bu yazılış forması soyadın düzgün yazılış qaydalarını özündə ehtiva edir. Terminologoya Komissiyası transliterasiya normalarını nəzərə alaraq onun soyadının ingilis dilinin transliterasiya qaydalarına uyğun olaraq “Adıgozal” deyil, “Adıgözel” formasında yazılmasını məqsədəmüvafiq hesab etmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı şikayətə uyğun izahat vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət mahiyyətcə əsassızdır. İşdə olan, iddiaçıya məxsus PP tip AZE P5238305 nömrəli ümumvətəndaş pasportunun notarial qaydada təsdiq olunmuş surətindən müəyyən edilir ki, İddiaçı transliterasiya qaydalarına uyğun olaraq soyadı “ADİGOZAL”, adı “ELVİN” qeyd edilmişdir. İddiaçının hazırki tələblə bağlı müraciətinə cavab olaraq cavabdehin 27.01.2020-ci il tarixli 018-17937A3220 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan əlifbasının “Ə” hərfi transliterasiya qaydalarına uyğun olaraq “A” kimi əks olunduğundan və transliterasiya sözə görə yox, hərfə görə aparıldığından onun soyadı Azərbaycan dilində “ADİGÖZƏL” kimi, transliterasiyada isə “ADİGOZAL” kimi qeyd olunmuşdur. Yeni nəsil şəxsiyyət vəsiqələrinin fərdiləşdirilməsi sistemində hər hansı istisna nəzərdə tutulmadığından şəxsiyyət vəsiqəsində və pasportda soyadın transliterasiyasının fərqli qaydada göstərilməsi mümkün deyil. Yalnız doğum haqqında şəhadətnamədə soyad “ADİGÖZEL” kimi qeyd olunduğu halda və ya məhkəmənin qətnaməsi əsasında şəxsiyyət vəsiqəsində və pasportda soyadın transliterasiyası “ADİGOZEL” kimi qeyd oluna bilər. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının 16.10.2020-ci il tarixli T/7 nömrəli təqdimatında göstərilmişdir ki, Azərbaycan Respublikasının vətəndaşı İddiaçı tərəfindən verilən məlumata görə soyadı ingilis dilinə “ADİGOZAL” kimi transliterasiya edilmişdir. Terminologiya Komissiyasında müzakirə zamanı qeyd edilmişdir ki, “ADİGÖZƏL” soyadının ingilis dilində “ADİGOZAL” kimi yazılış forması Azərbaycan dilinin transliterasiyası normalarına uyğun qəbul edilmir. Belə ki, Azərbaycan dilinə transliterasiyası normalarına uyğun olaraq bu soyad “ADİGOZAL” kimi deyil, ingilis dilinə transliterasiyası “ADİGOZEL” formasında olmalıdır. Bu yazılış forması soyadın düzgün yazılış qaydalarını özündə ehtiva edir. Terminologiya Komissiyası transliterasiya normalarını nəzərə alaraq vətəndaşın soyadının ingilis dilinin transliterasiyası qaydalarına uyğun olaraq “ADİGOZAL” deyil “ADİGOZEL” formasında yazılmasını məqsədəmüvafıq hesab etmişdir. Birinci instansiya məhkəməsinə ünvanladığı 08.01.2021-ci il tarixli 018-173-1221 nömrəli məktubunda cavabdeh bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 7 fevral tarixli 577 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin Təsviri”nə əsasən vəsiqənin üz tərəfində vətəndaşın soyadı, adı və atasının adı yalnız Azərbaycan Respublikasının dövlət dilində, vəsiqənin Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) tələblərinə və standartlarına uyğun olaraq maşınla oxuna bilən hissəsində vətəndaşın soyadı və adı ingilis dilində, elektron daşıyıcısındakı məlumatlar isə həm dövlət dilində, həm də İCAO-nun tələblərinə uyğun olaraq ingilis dilində göstərilir. Məktubla vətəndaşın adında və ya soyadında Azərbaycan dilində “ə” hərfinin ingilis dilinə transliterasiyasının ingilis dilində düzgün yazılış formasına dair Azərbaycan Dillər Universitetinin Tərcümə araşdırmaları laboratoriyasının rəyinin surəti məhkəməyə təqdim olunmuşdur. Azərbaycan Dillər Universiteti publik hüquqi şəxsin həmin 26.11.2020-ci il tarixli 26452/10 nömrəli rəyində qeyd edilmişdir ki, Azərbaycan şəxsi adlarının ingilis dilinə transformasiyası məsələsinə baxıldıqda məlum oldu ki bu iki dilin əlifbalarındakı hərflərin və fonemlərin sayı eyni deyil, ingilis dilinin əlifbasında 26 hərf olduğu halda oradakı fonemlərin sayı 44-dür. Bunu nəzərə alaraq bu iki dildə hərflərin mümkün transformasiyası verildi, həm də hazırladıqları layihə ancaq xarici pasportların verilməsi üçün idi. Azərbaycan çoxmillətli bir ölkədir, burada Azərbaycan dili dövlət dilidir, rus dili işlənsə də burada dövlət dili deyil. Deyilənləri nəzərə alaraq Azərbaycan dilindəki “ə” ingilis dilindəki “a” hərfi ilə transformasiya oluna biləcəyini münasib bilmişlər. İngils dilində “ı” hərfi də yoxdur. Bütün bu deyilənləri nəzərə alaraq, “Adıgözəl” xüsusi ismi “Adigozal” kimi transformasiya olunmalıdır. Azərbaycan Respublikasi Prezidentinin 11 iyun 2013-cü il tarixli 908 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin 3.1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasının ümumvətəndaş pasportu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ümumvətəndaş pasportu verən yerli orqanları tərəfindən “Pasportlar haqqında” AR Qanunu və bu Əsasnamə ilə müəyyən edilmiş qaydada verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26.11.2012-ci il tarixli 277 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası haqqında Əsasnamə”nin 1-ci bəndinə əsasən “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 23 may tarixli 2236 nömrəli Sərəncamına uyğun olaraq yaradılmış Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası Azərbaycan dilində termin yaradıcılığı sahəsində işlərin tənzimlənməsini və koordinasiya edilməsini, həmçinin dilin lüğət tərkibinin zənginləşdirilməsini, yeni ədəbi anlayış və ifadələrin dildə işlədilməsi mümkünlüyünün müəyyənləşdirilməsini, elmi-ədəbi dili təkmilləşdirmək məqsədi ilə kütləvi informasiya vasitələrində, dərsliklərdə və digər tədris vəsaitlərində yeni termin və anlayışların dilin normalarına müvafiq qaydada işlədilməsinə nəzarət funksiyalarını həyata keçirir. Milli Transliterasiya Sisteminin rəsmi transliterasiya.az səhifəsində yerləşdirilən Azərbaycan-İngilis transliterasiya cədvəlini və İSO 9 1995 (2.0) - “Azərbaycan dilinin (kiril) əlifbasının latın əlifbasına transliterasiya standartı”nı nəzərdən keçirdikdə məlum olur ki, həmin cədvəl və standartda “ə” hərfi üstü iki nöqtəli “a” kimi transliterasiya olunmuş, lakin heç bir halda “e” hərfi kimi göstərilməmişdir. Misal kimi, sözügedən cədvəldə “Gəncəvi” adı “Ganjavi” (hər iki “a” hərfi üstü iki nöqtəli, “G” hərfi üstü bir nöqtəli) kimi göstərilmişdir. Bu baxımdan məhkəmə kollegiyası Azərbaycan Dillər Universitetinin 26.11.2020-ci il tarixli əsaslandırılmış rəyini AR Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının heç bir əsaslandırma ehtiva etməyən 16.10.2020-ci il tarixli təqdimatından daha mötəbər mənbə kimi qəbul edir. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin ümumvətəndaş pasportunda dəyişiklik edilməsi ilə bağlı iddiaçının müraciətinin təmin edilməsindən imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-in 14.2-ci maddəsi), bununla bağlı cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd olunması ilə əlaqədar gəldiyi nəticə qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalı, şikayət təmin edilməməlidir (İPM-in 87.6-cı maddəsi). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-854/2021 nömrəli iş üzrə 26 yanvar 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İddiaçı X1 apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar