Məhkəmə qərarları › İş №2-1(103)-1325/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1325/2021

07.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1325/2021 07.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, İddiaçı iştirakı ilə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı fərdi yaşayış evinə və torpaq sahəsinə vahid əmlak kimi reyestrdən çıxarışın verilməsi vəzifəsinin həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(82)-4500/2017 nömrəli iş üzrə 12 fevral 2021-ci il tarixli qərardadından ərizəçilər Maraqlı şəxs2, X2, X1 və Maraqlı şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov rayonu R.Axundov küçəsi 43 ünvanda olan evin 05.02.2002-ci ildə tərtib edilmiş reyestr nömrəsi 30/300 olan texniki pasportunda göstərilən tikinti altındakı 116 kv.m. torpaq sahəsinə və evə birgə mülkiyyət kimi çıxarış verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4500/2017 nömrəli iş üzrə 26.12.2017-ci il qərarı ilə iddia təmin edilmiş, iddiaçının Bakı şəhəri Nərimanov rayonu R.Axundov küçəsi 43 ünvandakı evin 115,9 kv.m. ölçüdə tikintialtı torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq həmin evlə birlikdə sözügedən torpaq sahəsinə dair vahid əmlak kimi reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-1477/2018 nömrəli iş üzrə 20.06.2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 26.12.2017-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bundan sonra, ərizəçilər Maraqlı şəxs2, Ə.Həsənzadə, İ.Həsənzadə və Maraqlı şəxs1 Bakı İnzibati Məhkəməsinə 27.11.2020-ci il tarixdə ərizə təqdim edərək, onların hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmalarını, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26.12.2017-ci il tarixli qərarının ləğv olunmasını və iş üzrə icraatın təzələnməsini xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin 12.02.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Qərardadın əsaslarına görə, “... müvafiq ünvandakı ev İddiaçı mülkiyyəti kimi əvvəlki dövrdə qeydiyyat alındığından, həmin evin 115,9 kv.m ölçüdə tikintialtı torpaq sahəsi də “Torpaq islahatı haqqında” AR Qanununun 9-cu maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 25 may 2006-cı il tarixədək qüvvədə olmuş 22 avqust 2001-ci il tarixli Fərmanının 7-ci bəndinə əsasən onun mülkiyyəti sayılır. Evə dair ilkin qeydiyyat mübahisələndirilmədiyindən və öz qüvvəsini saxladığından, iddiaçının tikintialtı torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması hər hansı digər şəxslərin, o cümlədən evdə qeydiyyatda olan şəxslərin razılığı, iradə ifadəsi ilə şərtləndirilmir. Bundan başqa, məhkəmə qərarında evin ünvanı sonradan hər hansı səbəbdən fərqli əks olunması, yəni ərizəçilərin yaşadığı evin nömrəsinin göstərilməsi (qərarda “43” göstərildiyi halda, verilmiş reyestrdən çıxcarışda “43H”-dır), habelə yaşayış sahəsindən çıxarılma ilə bağlı müvafiq mülki məhkəmə icraatında hazırkı ərizəçilərə kompensasiya verilməsi məsələsinin həll olunması, evin altındakı torpaq sahəsinin reyestrdə qeydiyyatının aparılmasının ərizəçilərin maraqlarına toxunmasını ehtiva etmir.” Qərardadla razılaşmayan ərizəçilər ondan apellyasiya şikayəti verərək, ləğv edilib, ərizənin təmin olunmasını xahiş etmişlər. Apellyasiya şikayətinin dəlillərinə görə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında İddiaçı Maraqlı şəxs2, Ə.Həsənzadə, İ.Həsənzadə və Maraqlı şəxs1 qarşı ümumilikdə 6.000 manat məbləğdə kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsinə və mənzildən çıxarılma tələbinə dair mülki iş vardır. Sonradan kompensasiya məbləği 10.000 manata qaldırılmışdır. 28.10.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında məlum olunmuşdur ki, mübahisəli ünvan 1 ünvanla ünvan 2an sənədlərdən biri də İddiaçı 2 saylı İnzibati-İqtisadi Məhkəməsində qaldırdığı iddia tələbi üzrə 26.12.2017-ci il tarixdə qəbul edilmiş məhkəmə qərarıdır. Qeyd olunan qərarın alınması ilə bağlı dərhal vəkilləri vasitəsi ilə 28.10.2020-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə sorğu verilmiş, 23.11.2020-ci il tarixdə vəkil 26.12.2017-ci il tarixli qərarın surətini almışdır. Mübahisəli evdə ərizəçilər Maraqlı şəxs2 1989-cu ildən, arvadı Maraqlı şəxs1 24.12.1997-ci il tarixdən (nikah 24.06.2004-cü il tarixdə rəsmiləşdirilmişdir), uşaqlar isə anadan olduğu vaxtdan, bu günədək yaşayırlar. Mübahisəli ev onların xəbəri və iştirakı olmadan məhkəmə tərəfindən işə baxılmaqla və qanunla qorunan hüquqlarının pozulması ilə qəbul edilmiş məhkəmə qərarı əsasında İddiaçı tərəfindən öz adına özəlləşdirilmişdir. Bununla yanaşı, Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının 27.11.2017-ci il tarixli 479 nömrəli sərəncamından görünür ki, Bakı şəhəri Nərimanov rayonu R.Axundov küçəsi 43 saylı evlə bağlı İddiaçı ərizə ilə müraciət edərək, özünə məxsus (26.02.2002-ci il tarixli 011730 nömrəli qeydiyyat vəsiqəsi və 05.02.2002-ci ildə tərtib olunmuş texniki pasport) fərdi yaşayış evinin təqdim olunmuş layihəyə uyğun mövcud vəziyyətdə öz adına sənədləşdirilməsinə icazə verilmişdir. Yaşadıqları mübahisəli evin 2 otağını 2003-cü ildə qeyri-rəsmi alqı-satqı yolu ilə qonşudan ailənin şəxsi maliyyə hesabına almışlar, əlavə olaraq ikinci mərtəbəsində iki otaq tikməklə 2005-ci ildən orada yaşamağa başlamışlar. Buna qədər isə İddiaçıla birlikdə yaşamışlar. Həmçinin, 2 saylı İnzibati-İqtisadi Məhkəməsinin 26.12.2017-ci il tarixli qərarı əsasında verilmiş yeni çıxarışdan müəyyən etmək olar ki, ünvan 3 ünvanı dəyişdirilərək A.Zamanov küçəsi ev 43“H” ilə əvəz olunmuş, torpaq sahəsinin ölçüsü 0,01159 ha, ümumi sahəsi isə 306,7 kv.m. müəyyən edilmiş və onların yaşadığı evin ümumi sahəsi qeyd olunan çıxarışa əlavə edilmişdir. Lakin onlar buna hər hansı bir razılıq verməmişlər. Bununla da, hüquqları pozulmuşdur. Bakı İnzibati Məhkəməsində keçirilən məhkəmə prosesində vəkilin sualına cavab olaraq İddiaçı bildirmişdir ki, “Maraqlı şəxs2 və onun ailə üzvləri mənim mülkiyyətimdə yaşamırlar.” İddiaçı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə iddia tələbində olan əsaslar ziddiyyət yaratmaqla, hüquqlarını pozmuşdur. Bundan başqa, İddiaçı günahı ucbatından yaşadıqları evi gələcəkdə sənədləşdirə bilməyəcəklər. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət mahiyyətcə əsaslıdır. İlk olaraq, İPM-in 28-ci maddəsinə görə, iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir (28.1). Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə, 28.2). Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir (28.3). İnzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz (28.4). Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər (28.5). Məhkəmə kollegiyası bildirir ki, üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlbetmə əsasən iki məqsəd daşıyır. Bir tərəfdən cəlbetmə vasitəsilə həm cəlb olunmuş şəxsin, həm də mübahisə tərəflərinin mənafeləri qorunmalı, digər tərəfdən isə növbəti hüquqi mübahisənin yaranmasının qarşısını almaq üçün qərarın hüquqi qüvvəsi cəlb edilmiş şəxsə də şamil olunmalıdır. Cəlb edilən şəxs məhkəmə prosesində tərəfə çevrilmir. Cəlbetmə vasitəsilə o, özünün və ya başqalarının maraqlarını təmsil etmək imkanı qazanır. Cəlb edilmiş şəxsin tərəflərdən hər hansı birini dəstəkləməsi zəruri deyil. İPM-in 28.1-ci maddəsi ilə tənzimlənən adi cəlbetmə məhkəmə qərarının üçüncü şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda mümkündür. Burada həlledici olan yalnız publik-hüquqi və mülki-hüquqi maraqlardır. İqtisadi və ya başqa faktiki maraqların mövcudluğu kifayət deyil. Bu baxımdan hüquqi maraq o zaman mövcud olur ki, cəlb edilən şəxsin tərəflərdən biri və hər ikisi ilə, yaxud mübahisə predmeti ilə əlaqəsi olsun və hüquqi mübahisə haqqında yekun qərar onun hüquqi vəziyyətini yaxşılaşdırsın, yaxud onun üçün gözlənilən zərərlərin qarşısını ala bilsin. Burada həlledici məqam cəlb edilən şəxslə hər hansı bir tərəf arasındakı mövcud hüquq münasibəti deyil, hüquqi mübahisə ilə bağlı qərarın potensial təsiridir. Həmin Məcəllənin 28.2-ci maddəsində nəzərdə tutulan zəruri cəlbetmədən isə o vaxt bəhs olunur ki, hüquqi mübahisənin mahiyyəti üzrə qərar üçüncü şəxslərin hüquqlarına bilavasitə mənfi şəkildə müdaxilə etsin (həmin qərar bu hüquqları dəyişdirsin, ləğv etsin və ya təsdiq etsin). Əksər hallarda burada söhbət üçüncü şəxsin xeyrinə çıxarılmış əlverişli inzibati aktın digər bir şəxs (iddiaçı) tərəfindən mübahisələndirilməsindən gedir ki, məhz bu kontekstdə zəruri cəlbetmənin həyata keçirilməməsi prosessual pozuntu kimi qəbul edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” 12.04.2017-ci il tarixli Qərarında göstərmişdir ki, “İşdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin şikayəti üzrə işə yenidən baxılması məhkəmə səhvlərinin, məhkəmə qərarlarının əsaslı olmamasının, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsinin və ya prosessual qanunvericilik normalarının pozulmasının və ya digər məsələlərin yoxlanılması məqsədini daşımamalıdır. Bu zaman məhkəmənin üzərinə düşən əsas vəzifə həmin məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin pozulmuş hüquqlarının bərpa edilməsidir. … … inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə maraqlarına toxunan şəxsin məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə İnzibati Prosessual Məcəllənin 28.1-ci maddəsinə müvafiq olaraq üçüncü şəxs qismində işə cəlb edilməsi həmin şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulduğu hallarda mümkün hesab edilə bilər. … Lakin məhkəmə qanuni qüvvəyə minmiş qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edərkən hüquqi müəyyənliyin mühüm tərkib hissəsi olan məhkəmə qərarlarının stabilliyi prinsipinin qorunması məqsədilə maraqlı şəxsin üçüncü şəxs qismində işə cəlb edilməsi üçün aşağıdakılara xüsusi diqqət yetirməlidir: - qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulub-pozulmamasına; - inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtın müəyyən edilməsinə. Beləliklə, həmin şəxs məhkəməyə müraciətində öz hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasını və bu pozuntunun ona hansı vaxtdan məlum olduğunu əsaslandırmalıdır.” İPM-in: 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur; 12.2-ci maddəsinə görə, məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Birinci instansiya məhkəməsinin qərardadından görünür ki, həmin məhkəmə ərizənin rədd edilməsi qənaətinə gələrkən işin mühüm əhəmiyyət kəsb edən faktiki hallarından Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər Maraqlı şəxs2 və qeyrilərinə (hazırkı işdə ərizəçilərə) qarşı kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilmə və mənzildən çıxarılma tələblərinə dair mülki işdə mübahisənin meydana çıxmasına səbəb verən xüsusatları, ərizəçilərin mübahisəli yaşayış evində nə vaxtdan və hansı statusda yaşamalarını, 2-1(82)-4500/2017 nömrəli inzibati işə baxılan vaxtda ərizəçilərin üçüncü şəxs qismində cəlb edilməmələrinin düzgün olub-olmamasını, ərizəçilərin yaşadıqları mübahisəli evdə başqa şəxslərdən əlavə otaqlar əldə edib-etmədiklərini və əlavə tikililər inşa edib-etmədiklərini, İddiaçıla birlikdə mübahisəli evin hansı hissəsində hansı tarixdən nə vaxtadək birlikdə yaşadıqlarını, 26.02.2002-ci il tarixli 011730 nömrəli qeydiyyat vəsiqəsində mübahisəli evin ümumi sahəsi 175,8 kv.m. qeyd olunduğu halda 13.11.2018-ci il tarixli ******* nömrəli çıxarışda 306,7 kv.m. göstərilməsini və ərizəçilərin öz əmlakları hesab etdikləri sahələrin həmin fərqə daxil olub-olmamasını müzakirə etməmiş, bununla da qeyd olunan hallara hüquqi qiymət verməmişdir. İPM-in: 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 80.1-ci maddəsinə görə, bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır; 80.3-cü maddəsinə əsasən, bu Məcəllənin 52-ci, 68-ci, 75.3-cü, 76-cı və 77-ci maddələrində nəzərdə tutulmuş qaydalar məhkəmə qərardadlarına da şamil olunur. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda sadalanan hallar araşdırılmayan qərardad əsaslandırılmış sayıla bilməz. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası bu mənada apellyasiya şikayəti ilə razılaşır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin müzakirə edilən hallarına məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı prosessual hüquq normalarının tətbiqi baxımından qanunsuzdur, apellyasiya şikayətinin dəlilləri qərardadın ləğvinə əsas verir. Bununla əlaqədar olaraq, qərardad ləğv edilməli, iş həmin məhkəməyə göndərilməli, şikayət qismən təmin edilməlidir (İPM-in 87.6-cı maddəsi). Göstərilənlərə əsasən və İPM-in 68, 80 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(82)-4500/2017 nömrəli iş üzrə 12 fevral 2021-ci il tarixli qərardadı ləğv edilsin. İş həmin məhkəməyə göndərilsin. Ərizəçilər Maraqlı şəxs2, X2, X1 və Maraqlı şəxs1 apellyasiya şikayəti qismən təmin edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar