Məhkəmə qərarları › İş №2-1(103)-1325/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1325/2024

05.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1325/2024 05.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X7 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X2 və X6 ibarət tərkibdə, X4-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi (qardaşı) X1, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-10871/2023 saylı 09 oktyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 05 iyun 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür. İddiaçıya aid ******* nömrəli hərbi biletdən görünür ki, o, xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci il tarixədək hərbi xidmətdə olmuşdur. İddiaçıya aid 814426 nömrəli təhsil alması barədə diplomun surətindən görünür ki, o, xx.xx.1978-ci il tarixdən xx.xx.1981-ci il tarixədək təhsil almışdır. İddiaçıya məxsus ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.1983-cü il tarixdən xx.xx.1983-cü il, xx.xx.1983-cü il tarixdən xx.xx.2001-ci il tarixədək, xx.xx.2009-cu il tarixdən hazırki günədək müxtəlif vəzifələr üzrə əmək fəaliyyəti ilə məşğul olmuşdur. “Azneft” X8 Texniki Təchizat İdarəsinin xx.xx.2023-cü il tarixli 01 nömrəli arayışından görünür ki, xx.xx.2009-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə mexanizm və avadanlıqlara xidmət sahəsində teplovoz maşinisti vəzifəsində işləmişdir. İddiaçı onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququnun olduğuna istinad edərək bu barədə cavabdeh orqana müraciət etmişdir. Lakin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-17-1/2-1-66748/2023 saylı məktubu ilə bildirilmişdir ki, “Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-cı ii tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş ‘‘Güzəştli şərtlərlə yaşa gora əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nin nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən “Azneft” X8 Texniki Təchizat İdarəsinin ona dair xx.xx.2023-cü il tarixli 01 nömrəli arayışında xx.xx.2009-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə mexanizm və avadanlıqlara xidmət sahəsində teplovoz maşinisti vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi ““Azneft” X8 Texniki Təchizat idarəsinin fəaliyyət sahəsi sözügedən arayışda istinad olunan yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş siyahıda nəzərdə tutulan dəmiryolu nəqliyyatı sahəsinə aid deyil. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir”. Bu imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək, məhkəmədən ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, onun işlədiyi illər nəzərə alındıqda onun iş stajı 25 ildən, güzəştli iş stajı isə 12 il 06 aydan çox təşkil edir. İddiaçının fəaliyyət göstərdiyi vəzifələr isə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuşdur. İddiaçı güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi ilə bağlı aidiyyəti üzrə cavabdeh orqana müraciət etmiş, lakin güzəştli iş stajının olması səbəbi ilə ona pensiyanın təyin olunmasından imtina edilmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazları: Cavabdeh inzibati orqan tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz verilərək bildirilmişdir ki, İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunla müəyyən olunmuş yaş həddinə xx.xx.2023-ci il tarixdə çatmışdır. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarla təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin, və göstəricilərin siyahısf’nm müvafiq bəndinə iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququnu yaradan vəzifə arasında dəqiq uyğunluq olmalıdır. İşin materiallarından da göründüyü kimi, İddiaçı arayışında yazılan müəssisədə mexanizm və avadanlıqlara xidmət sahəsində teplovoz maşinisti müvafiq Qərarla təsdiq edilmiş Siyahı üzrə göstərilən siyahının nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri vəzifələri bəndində nəzərdə tutulmamışdır. Bundan başqa, qeyd edilən iki vəzifə arasında dəqiq uyğunluq mövcud deyildir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10871/2023 saylı 09 oktyabr 2023-cü il tarixli qərarı ilə iddianın təmin edilərək, İddiaçı 60 yaşdan, yəni xx.xx.1963-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaçıya ünvanlanmış imtina məktubunun və iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil edir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X9 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi (qardaşı) X3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın sonuncu imtina məktubunun tarixi xx.xx.2023-cü il tarixdir. İddiaçı hazırki iddia ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “ona 60 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən “onun güzəştli iş stajının olmaması” əsası ilə tələbinin təmin edilməsindən imtina edilmişdir. Bundan sonra o, hazırki tələblə məhkəməyə müraciət etmiş və onun tələbi təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının 25 ildən artıq ümumi iş stajına, 12 il 6 aydan artıq isə güzəştli iş stajına malik olmasına istinad edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş 9.1-ci maddəsində deyilirdi: Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun tələblərinə görə əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranmasını üç xüsusatla şərtləndirir: 1) iddiaçının müvafiq (qanunla müəyyən edilmiş) yaş həddinə, yəni 60 yaşa çatması; 2) həmin vaxtadək 25 ildən artıq ümumi iş stajının toplanması, 3) həmin vaxtadək toplanmış ümumi iş stajının 12 il 6 ayının əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (AR NK-nın 12 nömrəli 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiqlənmiş Siyahıda göstərilən) çalışması. Göründüyü kimi, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün onun 60 yaşının tamam olması, həmin tarixə, yəni xx.xx.2023-cü il tarixə qədər 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi stajının tamam olması gərəkdir. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə hərbi biletini, təhsil barədə sənədi (diplomu), əmək kitabçasını və müvafiq güzəştli arayışı təqdim etmişdir. İddiaçıya məxsus təhsil haqqında sənədin və hərbi biletin surətlərindən görünür ki, o, xx.xx.1978-ci il tarixdən xx.xx.1981-ci il tarixədək təhsil almış və xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci il tarixədək hərbi xidmətdə olmuşdur. Həmin dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti işçinin iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən isə hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun Qanunun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalar “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının yalnız əmək kitabçasına əsasən müəyyən ediləcəyinə dair imperativ norma nəzərdə tutmur. Adı çəkilən Qaydalarda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçası ilə yanaşı iş yerinin xüsusiyyətlərindən asılı olaraq digər başqa sənədlər (arayışlar, məlumat vərəqi, aktlar) əsasında müəyyən edilməsinin mümkünlüyü də təsbit edilmişdir. İddiaçının 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixə ümumi iş stajının iş materiallarında olan təhsil barədə sənədə, hərbi biletə və əmək kitabçasına əsasən 25 ildən artıq olduğu müəyyən olunur. Bu hal cavabdeh qurum tərəfindən də mübahisələndirilmir. Buna görə də iddiaçının 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iki şərtdən birincisi - 25 ildən az olmayan ümumi stajı tam olaraq tamamlanmışdır. Lakin hazırki işdən görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının güzəşrli iş stajının olması halı mübahisələndirilir. Belə ki, iddiaçıya ünvanlanmış imtina məktublarında, iddiaya dair etirazda həmçinin apellyasiya şikayətində ona istinad edilmişdir ki, “Azneft” X8 Texniki Təchizat İdarəsinin iddiaçıya dair xx.xx.2023-cü il tarixli 01 nömrəli arayışında xx.xx.2009-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə mexanizm və avadanlıqlara xidmət sahəsində teplovoz maşinisti vəzifəsində işlədiyi qeyd olunmuşdur ki, həmin İdarənin fəaliyyət sahəsi qanunvericilikdə qeyd olunan Qərarla təsdiq edilmiş siyahıda nəzərdə tutulan “dəmiryolu nəqliyyatı” sahəsinə aid deyil və bu səbəbdən iddiaçının güzəştli iş stajı yoxdur. Beləliklə, iddiaçının güzəştli iş stajının yetərli olması məsələsi cavabdeh tərəfindən mübahisələndirildiyi üçün birinci instansiya məhkəməsi tərəfindən bu məsələ kifayət qədər araşdırılmış və məhkəmənin sorğusuna “SOCAR” Azneft İB Maddi-Texniki Təchizat İdarəsi tərəfindən verilmiş cavab məktubunda qeyd olunmuşdur ki, İdarənin 1 saylı Zığ bazasının Mexanizm və avadanlıqlar xidmət sahəsinin “teplovoz maşinisti” İddiaçı, idarəyə məxsus olan 510 m dəmiryol xəttinin üzərində idarə etdiyi teplovoz vasitəsi ilə, həm idarə daxilində, həm də idarə xaricində yüklərin daşınmasını həyata keçirir. İddiaçı, Azərbaycan Dəmir Yolları QSC -nə məxsus dəmiryol xətləri üzərində hərəkət edən yük vaqonlarını idarəxarici dəmiryol xətti üzərində (idarəyə məxsus) qəbul edərək idarə etdiyi teplovozla vaqonların ayrılma və qoşulma işlərini icra edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. “Azneft” X8 Texniki Təchizat İdarəsinin xx.xx.2023-cü il tarixli 01 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.2009-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə mexanizm və avadanlıqlara xidmət sahəsində “teplovoz maşinisti” vəzifəsində işləmişdir. Həmin arayışda “SOCAR” Azneft İB Maddi-Texniki Təchizat İdarəsi iddiaçının xx.xx.2009-xx.xx.2023-cü ildə işlədiyi vəzifənin güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrə aid olduğunu qəbul etmiş, “mexanizm və avadanlıqlara xidmət sahəsində teplovoz maşinisti” vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri vəzifələri ilə funksiolan fəaliyyət baxımından eynilik təşkil etdiyini qeyd etmişdir. Xüsusi ilə də iddiaçının idarəyə məxsus olan 510 m dəmiryol xəttinin üzərində idarə etdiyi teplovoz vasitəsi ilə, həm idarə daxilində, həm də idarə xaricində yüklərin daşınmasını həyata keçirdiyini təsdiq etmişdir. Həmçinin işin apellyasiya baxışı zamanı iddiaçı tərəfin təqdim etdiyi SOCAR “Azneft” İB Maddi-Texniki Təchizat İdarəsinin 08 saylı xx.xx.2024-cü il tarixli arayışında qeyd olunmuşdur ki, iddiaçının xx.xx.2009-xx.xx.2023-cü ildə (hətta arayışın tarixi olan günədək) işlədiyi “teplovoz maşinisti” vəzifəsi iş yerlərinin attestasiya nəticəsi olaraq tutduğu peşə ağır və zərərli peşə (səs-küy, dsb 1.04) hesab edilir və işin xüsusiyyəti "xxxx" QSC-nin Bakı Yük Stansiyasına birləşən MTTİ-nin 1 saylı Zığ bazasına məxsus olan dəmir yoluna (510 m) gələn vaqonların verilməsi və yük əməliyyatı qurtardıqdan sonra həmin vaqonların götürülməsi işlərindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) (abzas 6) bəndinə “teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri” vəzifələrinin koduna uyğundur. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi “iddiaçının çalışdığı müəssisənin dəmiryolu nəqliyyatı sahəsinə aid olmaması baxımından onun həmin müəssisədə işlədiyi peşə ilə bağlı yuxarıda adı çəkilən Siyahıda nəzərdə tutulmuş müvafiq peşələrə istinad edə bilməməsi” barədə dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin oxşar iş üzrə (2-1(102)-578/2022 saylı xx.xx.2022-ci il tarixli qərarda) hüquqi mövqeyi aşağıdakı kimi olmuşdur: “Məhkəmə kollegiyası qeyd edir ki, dəmiryolları iqtisadi fəaliyyət sahəsi olaraq təyinatına görə (yüklərin və sərnişinlərin) daşıma xidmətlərinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Bu mənada, dəmiryolları fəaliyyət sahəsi kimi digər iqtisadi fəaliyyət sahələrindən özünün spesifik və müəyyən mənada universal xarakteri ilə fərqlənir. Daha dəqiq deyilsə, dəmiryolları konkret istehsalat sahəsinə və ya müəssisəyə (idarəyə) bağlı fəaliyyət sahəsi kimi deyil, idarə və müəssisə mənsubiyyətindən və tabeçiliyindən asılı olmayaraq funksional təyinatına uyğun ümumi anlamda qəbul edilməlidir. Dəmiryollarının və dəmiryolu nəqliyyat vasitələrinin yalnız "xxxx" QSC-nin istifadəsində olan magistral dəmiryol xətləri ilə məhdudlaşdırılması ölkənin vahid dəmiryolları sisteminin vahidliyi baxımından yolverilməzdir. Bu yanaşma ona əsaslanır ki, Azərbaycan Respublikasının dəmiryolları sistemi yalnız "xxxx" QSC-nin idarəçiliyində olan magistral dəmiryolları şəbəkəsini deyil, həm də təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ayrı-ayrı müəssisələrin həmin magistral yollara çıxışı olan və daşımaların həyata keçirildiyi dəmiryolları şəbəkələrini də ehtiva edir. Bu zaman nəzərə alınmalıdır ki, "xxxx" QSC-nin istifadəsində olan magistral dəmiryolları da Azərbaycan Respublikasının vahid dəmiryolları sisteminə tərkibinə daxildir və ümumi istifadədə olmaqla sərnişinlərin və yüklərin daşınması funksiyasını yerinə yetirir. Həmçinin nəzərə almaq lazımdır ki, dəmiryolu şəbəkəsinin, eləcə də həmin şəbəkədə təyinatı üzrə istismar edilən və daşımaları həyata keçirən teplovozların fərqli iqtisadi fəaliyyət sahəsinə aid müəssisəyə mənsubiyyəti prinsip olaraq həmin dəmiryolu şəbəkəsinin və teplovozların funksional təyinatını və istismar xarakterini dəyişdirmir və dəyişdirmək imkanına da malik deyildir. Bu baxımdan güzəştli şərtlərlə pensiya təyin olunarkən nəzərə almaq lazımdır ki, Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın müvafiq bəndi yalnız yalnız "xxxx" QSC-nin idarəçiliyində olan magistral dəmiryollarında çalışan teplovoz maşinistlərinə və maşinist köməkçilərinə deyil, həm də təşkilati-hüquqi və mülkiyət formasından asılı olmayaraq istənilən müəssisəyə aid dəmiryollarında və dəmiryolu nəqliyyat vasitələrində, o cümlədən teplovozlarda çalışan və bilavasitə daşımalarla məşğul olan maşinistlərə və maşinist köməkçilərinə də şamil olunmalıdır. Qeyd etmək lazımdır ki, bu kateqoriyadan olan işçilərin güzəştli şərtlərlə pensiya hüququ çalışdıqları müəssisələrin iqtisadi profilinə və ya müəssisənin tabeçiliyinə deyil, həmin şəxslərin funksional fəaliyyət sahəsinə və peşə mənsubiyyətinə bağlıdır. Bu baxımdan ayrı-ayrı müəssisələrin dəmiryol nəqliyyatı struktur vahidində işləyən və daşımalarla məşğul olan teplovoz maşinistləri və maşinist köməkçiləri də magistral dəmiryollarının nəqliyyat vasitələrinin, o cümlədən teplovozların maşinistləri və maşinist köməkçiləri anlamında qəbul edilməlidir. Həmçinin nəzərə almaq lazımdır ki, həm magistral dəmir yollarında, həm də müəssisələrin dəmiryol nəqliyyatı struktur vahidlərində işləyən və daşımalarla məşğul olan teplovoz maşinistləri və maşinist köməkçiləri eyni peşənin daşıyıcılarıdırlar və məzmun baxımından eyni funksiya və vəzifələri yerinə yetirirlər. Bu baxımdan, həmin şəxslər hansı müəssisəyə aid dəmiryolunda və dəmiryolu nəqliyyatında teplovoz maşinisti və maşinist köməkçisi işləməsindən asılı olmayaraq, peşə ümumiliyinə görə güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Başqa sözlə, qeyd olunan şəxslərin güzəştli şərtlərlə pensiya hüququ çalışdıqları müəssisənin iqtisadi fəaliyyət sahəsinə və müəssisəyə deyil, həmin müəssisənin struktur vahidində onların həyata keçirdikləri fəaliyyətin funksional təyinatına və məzmununa bağlıdır. Burada həlledici məqam onların icra etdikləri funksiyaların güzəştli pensiya hüququ verən və siyahıda nəzərdə tutulan peşəyə bağlı olmasıdır. Yuxarıda ifadə olunan mövqeyə əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, təşkilati-hüquqi və mülkiyət formasından asılı olmayaraq fərqli müəssisələrə aid dəmiryollarında və bilavasitə daşımalarla məşğul olan dəmiryol nəqliyyatı vasitələrində, o cümlədən teplovozlarda çalışan maşinistlərin və maşinist köməkçilərinin qanunla nəzərdə tutulmuş digər şərtlər daxilində imtiyazlı pensiya hüququ tanınmalıdır.” Beləliklə, kassasiya instansiya məhkəməsinin yuxarıda adı çəkilən qərarındakı hüquqi mövqedən bəhrələnərək məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə işin hallarından görünür ki, iddiaçının işlədiyi SOCAR “Azneft” İB-nin X11 İdarəsinin 1 saylı Zığ bazasının maşın və avadanlıqlar xidmət sahəsində "xxxx" QSC-nin Bakı Yük stansiyasına birləşən dəmir yoluna (510 m) gələn vaqonların verilməsi və yük əməliyyatı qurtardıqdan sonra həmin vaqonların götürülməsi işləri görülür ki, bu da o deməkdir ki, iddiaçı 510 m dəmiryol xəttinin üzərində idarə etdiyi teplovoz vasitəsi ilə, həm idarə daxilində, həm də idarə xaricində yüklərin daşınmasını həyata keçirir. İddiaçının çalışdığı SOCAR “Azneft” İB-nin X11 İdarəsinin 1 saylı Zığ bazasının funksional baxımdan və istehsalat təyinatına görə nəqliyyat sahəsinə aid olmaması, həmin müəssisənin istehsalat zərurəti ilə əlaqədar malik olduğu və istifadə etdiyi dəmiryolu şəbəkəsinin ölkənin dəmiryolları sisteminə, eləcə həmin şəbəkədə təyinatı üzrə istismar edilən və yükdaşımaları həyata keçirən teplovozların dəmiryol nəqliyyatı vasitələrinə aid olmasını istisna etmir və edə də bilməz. Həmin müəssisənin dəmiryolu şəbəkəsi fəaliyyət sahəsi olaraq müəssisənin əsas və aparıcı fəaliyyət sahəsinin tərkib hissəsi kimi deyil, funksional baxımdan həmin fəaliyyət sahəsinin və istehsal prosesinin təminatı üçün zəruri xammalın və istehsal prosesinin nəticəsi olan məhsulların daşınması üçün nəzərdə tutulmuş ümumi dəmiryolları sisteminin ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının işlədiyi həmin sahə və vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri vəzifələrinə uyğundur. Belə olan halda iddiaçının xx.xx.2009-xx.xx.2023-cü illərdə işlədiyi “teplovoz maşinisti” vəzifəsi güzəştli şərtlərlə pensiya hüququ verən vəzifəyə aid olduğundan, iddiaçı qanunla tələb olunan üçüncü şərti də ödəmiş sayılır. Buna görə də hazırda iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə müəyyən edilən bütün tələbləri ödədiyindən onun iddia tələbi əsaslı olmuş və birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq iddiası təmin olunmuşdur. Bununla da cavabdeh orqan iddiaçının yuxarıda qeyd olunan ona güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq hüququ verən vəzifələrdə işlədiyi dövrün güzəştli iş stajına hesablanmasını istisna edəcək şərtin mövcudluğunu sübuta yetirə bilməmişdir. Halbuki Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki işdə iddiaçının tələbinin təmin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyi üçün cavabdehin tələbin təmin olunmasından imtina etməsi əsassız olmuşdur. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər iddiaçıya ünvanlanmış imtina məktubunun məzmunu ilə eynilik təşkil etməklə, bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddianın rədd edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçının iddiasının təmin edilməsi qənaətinə gəlsə də, məhkəmə qərarının sonunda iddiaçıya 60 yaşdan, yəni xx.xx.2023-cü ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini göstərmək əvəzinə, texniki səhvə yol verərək, ona xx.xx.1963-cü ildən (iddiaçının təvəllüdü) pensiya təyin edilməsini göstərmişdir. Kollegiya həmin halı kobud prosessual pozuntu kimi qiymətləndirmədiyi üçün hesab edir ki, həmin yanlışlıq qanuni və əsaslı olan məhkəmə qərarının yalnız bu texniki səhvə görə ləğv edilməsi üçün əsas verə bilməz. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və məhkəmənin 2-1(112)- 10871/2023 saylı 09 oktyabr 2023-cü il tarixli qərarı iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edildiyi tarix “xx.xx.2023-cü il” göstərilməklə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin 2-1(112)-10871/2023 saylı 09 oktyabr 2023-cü il tarixli qərarı iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edildiyi tarix “xx.xx.2023-cü il” göstərilməklə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X12 Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar