Məhkəmə qərarları › İş №2-1(103)-1325/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1325/2025

14.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1325/2025 14.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Qasımov Vidadi Kamal oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı xx.xx.2021-ci il tarixdən müddətsiz olaraq orqanizmin funksiyalarının 35-60 faiz pozulmasının müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Bakı İnzibati Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 2-1(112)- 1036/2022 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı əlillik vəziyyətinin qiymətləndirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçıya uşaqlıqdan 18 yaşına kimi xəstəliyi ilə əlaqədar olaraq müavinət təyin olunmuş, 18 yaşı tamam olandan sonra isə 2-ci dərəcəli əlillik diaqnozu qoyularaq pensiya təyin olunmuşdur. Xəstəliyinin anadangəlmə olması və Səhiyyə İdarəsinin qeydiyyatında olmağını təsdiq edən Tibbi Sosial Ekspert Komissiyasının müvafiq göndərişləri mövcuddur. İddiaçı bu xəstəliklə əlaqədar Azərbaycan Respublikasında müxtəlif xəstəxanalarda müayinə və müalicə olunmuşdur. 29 dekabr 2020-ci il tarixdə təkrar müayinə olunduqdan sonra imtina cavabı almışdır. İmtinanın səbəbi isə 2016-cı ildə iddiaçının adına VÖEN və aktiv əmək müqaviləsi olması qeyd olunmuşdur. Halbuki, 2016-cı ildə onun adına VÖEN açılması tamamilə formal xarakterli olmuşdur. Uzun müddətdir ki, səhhəti ilə əlaqədar olaraq heç bir yerdə işləmir. İddiaçı cavabdehin imtinasını əsassız və qanunsuz hesab edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-1036/2022 saylı qərarı ilə iddia ərizəsi rədd edilmişdir. Birinci instansiyası məhkəməsi qərarını aşağıdakılarla əsaslandırmışdır: “ ... Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8 T 289/2021 nömrəli, 16 noyabr 2021-ci il tarixli ekspert rəyinin nəticə hissəsində göstərilmişdir: «1.2. İ.Ə. Ağacanovun tibbi sənədlərinə əsasən o, xx.xx.2021-ci il tarixdə Elmi-Tədqiqat Kardiologiya institutunda müayinə olunmuş və ona “revmatizmqeyri-aktiv faza. MÇ-İ dərəcə, poliartrit, keçirilmiş neyroinfeksiyanın davamlı qalıq əlamaətləri (AF- 57%)” diaqnozu qoyulmuşdur. Onun əziyyət çəkdiyi həmin xəstəliklər və onların fəsadları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”sində göstərilən xəstəliklərin əhatə dairəsinə düşmür. Göründüyü kimi eskpert də iddiaçıda olan xəstəliklərin ona əlilliyin müəyyən edilməsinin mümkün olmadığını təsdiq etmişdir”. Birinci instansiyası məhkəməsinin qərarı iddiaçı tərəfindən mübahisələndirilmiş və apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya uşaqlıqdan 18 yaşına kimi xəstəliyi ilə əlaqədar olaraq müavinət təyin olunmuşdur. 18 yaşı tamam olandan sonra isə 2-ci dərəcəli əlillik diaqnozu qoyularaq pensiya təyin olunmuşdur. Aşağıdakı xəstəliklərə görə ona əlillik dərəcəsi verilməlidir: ürəyin revmatik xəstəliyi, mitral qapağın revmatik xəstəliyi, mitral qapaqların fibrozu və çatışmamazlığı, Xroniki tonzilit, enzefalopatiya xroniki hiperkinezlərlə. İddiaçı dəfələrlə həkimlərlə görüşmüş və xəstəliyi ilə əlaqədar sənədləri göstərmişdir. Həkimlər də qeyd etmişdirlər ki, Xidmətin imtina məktubu əsassızdır, eyni zamanda subyektiv fikirə əsaslanır. O, həkimlərin bu sözlərini Xidmətə çatdırdıqda onlar yenə öz mövqelərində qaldılar. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2- 1(103)-1854/2022 saylı qərarı ilə Bakı İnzibati Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 2- 1(112)-1036/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin qərarı aşağıdakılarla əsaslandırılmışdır: “ ... 22 sentyabr 2022-ci il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən ekspert X10 öz izahatında bildirmişdir ki, revmatizm özü yunan sözü olub, oynaqlara maye toplanması deməkdir. Bu xəstəliyin əsas yaranma səbəbi iltihablanmanın olmasıdır. Mitral qapağın iltihabdan sonra fibrotik dəyişikliyi ilə bağlı onu qeyd etmişdir ki, ürəyin iki taylı, üç taylı qapaqlarına mitral qapaqlar deyilir. İnfeksiyanın təsirindən nəticədə ürəyin qidalanma rejimi də pozulur. Bu xəstəliklər sağalan xəstəliklərə aid deyildir. Belə ki, ümumi terapevtik xəstəliklərin adı altında olan heç bir xəstəlik sağalmır, sadəcə ağırlaşmanın qarşısı alınır. Qeyd edilən xəstəliklər yalnız müəyyən bir səviyyəyə çatdıqdan sonra əlliyin təyini üçün əsas ola bilər. İddiaçı canlı müayinə olunmuş və nəticəyə gəlinmişdir ki, şəxsdə əlilliyin təyininə əsas verən ağırlaşmalar yoxdur. Göründüyü kimi, ekspert də iddiaçıda olan xəstəliklərin ona əlilliyin müəyyən edilməsinin mümkün olmadığını təsdiq etmişdir. Ekspert rəyində göstərilən halları təkzib edən və şübhə altına alan sübut nə işin birinci instansiya məhkəməsində araşdırma zamanı, nə də ki, apellyasiya baxışı zamanı təqdim edilmədiyindən hazırkı iş üzrə ekspert rəyi mötəbər sübut kimi qəbul edilməlidir. Həmçinin, apellyasiya baxışı zamanı iddiaçının “Psixonevroloji Uşaq evin”də qeydiyyatda olub-olmaması ilə bağlı məlumatlar “X12” PHŞ-dən tələb edilmiş, lakin hər hansı bir məlumatın mövcud olmadığı bildirilmişdir”. Apellyasiya instansiyası məhkəməsinin qərarı iddiaçı tərəfindən mübahisələndirilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-526/2023 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 sentyabr 2022-ci il tarixli, 2-1(103)-1854/2022 saylı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-526/2023 saylı qərarında aşağıdakılar göstərilmişdir: “ ... 32. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, ekspertizanın təyin edilməsi barədə məhkəmənin qərardadında cavabdehin nümayəndəsinin iştirakı nəzərdə tutulmamışdır. Lakin ekspert rəyindən görünür ki, məhkəmə-tibb ekspertizasının aparılmasında cavabdeh Agentliyin tibbi sosial eksperti kimi qeyd edilən X11 iştirak etmiş və o da ekspert rəyini imzalamışdır. ... 34. İş üzrə verilmiş ekspert rəyindən görünür ki, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9 həvalə edilməsinə baxmayaraq, ekspertiza idarəsi tərəfindən məhkəmə qarşısında idarənin əməkdaşı olmayan şəxsin ekspert qismində iştirakının təmin edilməsi barədə vəsatət qaldırmadan, işin gedişatında birbaşa hüquqi marağı olan cavabdehin səlahiyyətli nümayəndəsi ekspert qismində işə cəlb edilməklə rəy verilmişdir. Bu isə qanunvericiliyin tələbinin kobud şəkildə pozulmasıdır. ... 37. Cavabdeh Agentliyin əməkdaşı C.Məmmədov məhkəmə ekspertizası idarəsinin eksperti deyil, cavabdeh Agentliyin tibbi sosial eksperti vəzifəsində işləməklə ekspertizanın nəticəsində maraqlı şəxs olduğundan, ekspertizanın təyin olunması haqqında qərardadda onun iştirakı nəzərdə tutulmadığından, məhkəmə ekspertizası idarəsinin rəhbəri cavabdehin nümayəndəsinin ekspert qismində iştirakı barədə məhkəmə ekspertizasını təyin etmiş məhkəmə qarşısında vəsatət qaldırmadığından cavabdehin əməkdaşının imzaladığı ekspert rəyi “Məhkəmə ekspertizasının fəaliyyəti haqqında” Qanunun bəhs edilən müddəalarının pozulması ilə tərtib edilmişdir. Bu səbəbdən iddianın rəddinin əsasını təşkil edən ekspert rəyi mötəbər sübut kimi qəbul edilmədiyindən apellyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmamışdır.

38. Bundan başqa, tibb müəssisəsindən verilən göndərişdə göstərilən “Mitral qapağın revmatik xəstəliyi” diaqnozu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarının 2.9.1-ci bəndində qeyd edilmişdir.

39. İddiaçının xəstəliyi ilə bağlı diaqnoz hazırda qüvvədə olan Əlilliyin müəyyən olunması meyarlarında mövcud olduğu halda İPM-in 13-cü maddəsinə uyğun iddiaçıya yardım edilməli, dəqiqləşdirilmiş iddia tələbi olduğu halda isə həmin iddia tələbi ilə bağlı cavabdehin mövqeyi öyrənilməli, bundan sonra işin hallarından asılı olaraq qərar qəbul edilməlidir.”. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 1(103)-114/2024 saylı qərarı ilə Bakı İnzibati Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 2- 1(112)-1036/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin qərarı onunla əsaslandırılmışdır ki, “ ... işin hazırkı apellyasiya icraatı zamanı məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspertiza cavabdehin mütəxəssisi və ya nümayəndəsinin iştirakı olmadan keçirilməsi qeyd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8 T 831/2023 nömrəli ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, 1. Vətəndaş İ.Ə.Agacanov xx.xx.2023-cü il tarixdə “MTE və PA Birliyi” Phş- in Təkrari ekspertizalar şöbəsində müayinədən keçirilərkən X2 göndərilmiş və Exokardioqrafiyada “Mitral qapaq taylan qalınlaşıb, atım fraksiyası-EF-57%” aşkar olunmuşdur. Onun xx.xx.2023-cü il tarixdə “Akademik M.Ə.Mir-qasımov adma Respublika Klinik Xəstəxanası” Phş-də müayinəsi zamanı “Hal-hazırda kəskin revmatoloji patologiya aşkar olunmadı” diaqnozu müəyyən edilmişdir. Qeyd edilən diaqnoz əlillik təyini səviyyəsində olmadığından ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015- ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair” Əsasnamənin bəndlərindən birini aid etmək mümkün olmadı. Təqdim edilmiş ekspert rəyindən də görünür ki, iddiaçıda olan xəstəliklərin ona əlilliyin müəyyən edilməsinin mümkün olmadığını təsdiq etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyində göstərilən halları təkzib edən və şübhə altına alan sübut nə işin birinci instansiya məhkəməsində araşdırma zamanı, nə də ki, apellyasiya baxışı zamanı təqdim edilmədiyindən hazırkı iş üzrə ekspert rəyi mötəbər sübut kimi qəbul edilməlidir”. Apellyasiya instansiyası məhkəməsinin qərarı iddiaçı tərəfindən mübahisələndirilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-2052/2024 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 fevral 2024-cü il tarixli, 2-1(103)-114/2024 saylı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-2052/2024 saylı qərarında aşağıdakılar göstərilmişdir: “ ... 35. Ali Məhkəmənin sözügedən qərarında Azərbaycan Respublikasının İPM-in 96.11-ci maddəsinə müvafiq olaraq, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin apellyasiya instansiyası məhkəməsi üçün məcburi xarakter daşıyan göstərişlər verilmişdir.

36. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən Ali Məhkəmənin sözügedən göstərişlərinə riayət olunmamışdır. 37. Belə ki, yeni apellyasiya baxışı zamanı təkrar məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspertiza cavabdehin mütəxəssisi və ya nümayəndəsinin iştirakı olmadan keçirilməli olduğu halda, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X13 tərəfindən verilmiş T831/2023 nömrəli ekspert rəyinin verilməsinə əsas olmuş ekspertiza cavabdehin nümayəndəsinin iştirakı ilə keçirilmişdir. Məhkəmə-tibb ekspertizasının aparılmasında cavabdeh Agentliyin tibbi sosial eksperti kimi qeyd edilən X7 iştirak etmiş və o da ekspert rəyini imzalamışdır.

38. Apellyasiya instansiyası məhkəməsi də məhz həmin rəyi mötəbər sübut kimi qəbul edərək iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamışdır. ... 42. Bu anlamda, Birlik tərəfindən qanuni əsaslar olmadan cəlb edilmiş cavabdehin nümayəndəsinin iştirakı ilə tərtib edilmiş ekspert rəyinin məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilməklə, həmin rəyə uyğun nəticəyə gəlinməsi prosessual qanunvericiliyin tələblərinə ziddir.

43. Bundan başqa, kollegiya qeyd edir ki, Ali Məhkəmənin “iddiaçının xəstəliyi ilə bağlı diaqnoz hazırda qüvvədə olan Əlilliyin müəyyən olunması meyarlarında mövcud olduğu halda İPM-in 13-cü maddəsinə uyğun iddiaçıya yardım edilməli, dəqiqləşdirilmiş iddia tələbi olduğu halda isə həmin iddia tələbi ilə bağlı cavabdehin mövqeyi öyrənilməli, bundan sonra işin hallarından asılı olaraq qərar qəbul edilməli olması” barədə göstərişi də yerinə yetirilməmişdir.

44. İddiaçının əsas diaqnozu (İ05) “Mitral qapağın revmatik xəstəliyi, ürəyin xroniki revmatik xəstəliyi” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 iyul 2023-cü il tarixli 235 nömrəli Qərarı ilə 2.9-cu bəndinə edilmiş dəyişikliyə qədər qüvvədə olmuş redaksiyasında “Xroniki revmatik xəstəlikləri” bəndinin (İ05 - İ09) 2.9.1 altbəndində “mitral qapağın revmatik xəstəlikləri-İ05” qeyd edilmişdir.

45. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın hazırda qüvvədə olan 2.9-cu bəndində “Xroniki revmatik xəstəlikləri İ05 - İ09) diaqnozu, həmin bəndin altbəndi olan 2.9.1-ci bəndində ürəyin qapağının (və ya qapaqlarının), ağciyər arteriyası qapağının revmatik və qeyri-revmatik xəstəlikləri, iltihabi aktivlik əlamətləri olan miokardit, endokardit və ya perikardit, ÜDS-nin funksiyasının mülayim pozulması ilə: FS İİİ (50 Vatt və ya 2-3,9 METs), XÜÇ İİA mərhələ, ağciyər hipertenziyası 2-ci dərəcə, 2-ci dərəcə ürək aritmiyası (Laun-Volf təsnifatı üzrə), sol mədəciyin atım fraksiyasının azalması göstərilmişdir.

46. Odur ki, növbəti apellyasiya baxışında iddiaçının xəstəliyi ilə bağlı diaqnoz Əlilliyin müəyyən olunması meyarlarında mövcud olduğu halda İPM-in 13-cü maddəsinə uyğun iddiaçıya yardım edilməli, dəqiqləşdirilmiş iddia tələbi olduğu halda isə həmin iddia tələbi ilə bağlı cavabdehin mövqeyi öyrənilməli, bundan sonra işin hallarından asılı olaraq qərar qəbul edilməlidir.

47. İddiaçının hazırkı tələbi əlillik vəziyyətinin qiymətləndirilməsindən ibarət olsa da, hüquqi marağı ona əlillik dərəcəsinin təyin edilməsidir”. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. İş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı nümayəndəsi Nümayəndə2 iddia tələbini ilkin olaraq “əlilliyin müəyyən edilməsi və müvafiq əlillik dərəcəsinin təyin edilməsi...” kimi dəqiqləşdirsə də, xx.xx.2025-ci il tarixdə tələbini daha da konkretləşdirmiş və məhkəmədən iddiaçının xx.xx.2021-ci il tarixdən müddətsiz olaraq orqanizmin funksiyalarının 35-60 faiz pozulmasının müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsaslıdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman düzgün olmayan nəticəyə gəlinmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədiq edilən sənədlərdən aşağıdakılar müəyyən edilir: - İddiaçının əlillik vəziyyətinə Bakı 1 saylı Şəhər Poliklinikasının göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X3: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ05- İ09 - Ürəyin xroniki revmatik xəstəlikləri => İ05 - Mitral qapağın revmatik xəstəliyi => İ05.1 - Mitral qapağın revmatik mənşəli çatmamazlığı; Diaqnozun mətni: Revmatizm fəal faza aktivlik dərəcəsi 1 Revmokardit latant gedişli. Mitral qapaq çatmamazlığı. Revmoensofalopatiya; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Ürəyin revmatik xəstəlikləri” səbəbi ilə xx.xx.2006-cı il tarixdən bir il müddətinə əlillik dərəcəsi verilmişdir. - İddiaçının əlillik vəziyyətinə həmin Poliklinikanın xx.xx.2011-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X3: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ05-İ09 - Ürəyin xroniki revmatik xəstəlikləri => İ05 - Mitral qapağın revmatik xəstəliyi => İ05.1 - Mitral qapağın revmatik mənşəli çatmamazlığı; Diaqnozun mətni: Ürəyin xroniki revmatik xəstəliyi. Mitral qapaqların iltihabdan sonrakı fibrozu və prolapsı; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Ürəyin xroniki revmatik xəstəliyi” səbəbi ilə xx.xx.2011-ci il tarixdən bir il müddətinə əlillik dərəcəsi verilmişdir. - İddiaçının əlillik vəziyyətinə həmin Poliklinikanın xx.xx.2013-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X3: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ05-İ09 - Ürəyin xroniki revmatik xəstəlikləri => İ05 - Mitral qapağın revmatik xəstəliyi => İ05.1 - Mitral qapağın revmatik mənşəli çatmamazlığı; Diaqnozun mətni: Ürəyin xroniki revmatik xəstəliyi.Mitral qapaqların iltihabdan sonrakı fibrozu və prolapsı; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Ürəyin revmatik xəstəliyi” səbəbi ilə xx.xx.2013-cü il tarixdən bir il müddətinə əlillik dərəcəsi verilmişdir. - İddiaçının əlillik vəziyyətinə həmin Poliklinikanın xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X3: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ05- İ09 Ürəyin xroniki revmatik xəstəlikləri => İ05 - Mitral qapağın revmatik xəstəliyi => İ05.1 Mitral qapağın revmatik mənşəli çatmamazlığı; Diaqnozun mətni: Ürəyin xroniki revmatik xəstəliyi.Mitral qapağın iltihabdan sonrakı fıbrotik dəyişikliyi; Meyar: 2.2. ikinci dərəcə əlillik => DİGƏR: Ürəyin revmatik xəstəlikləri” səbəbi ilə xx.xx.2014-cü il tarixdən bir il müddətinə əlillik dərəcəsi verilmişdir. - Elektron təyinatla iddiaçının əlillik vəziyyətinə xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X3: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ05- İ09 - Ürəyin xroniki revmatik xəstəlikləri => İ05 - Mitral qapağın revmatik xəstəliyi => İ05.1 - Mitral qapağın revmatik mənşəli çatmamazlığ; Diaqnozun mətni: Ürəyin xroniki revmatik xəstəliyi.Mitral qapağın iltihabdan sonrakı fibrotik dəyişikliyi; Meyar: 2 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Ürəyin revmatik xəstəlikləri” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. - Bakı 1 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci ildə 2782003AABXR saylı göndərişi əsasında baxılmış və “X3: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => 105-109 - Ürəyin xroniki revmatik xəstəlikləri => 105 - Mitral qapağın revmatik xəstəliyi => İ05.1 - Mitral qapağın revmatik mənşəli çatmamazlığı; Diaqnozun mətni: Əsas diaqnoz İ05 Mitral qapağın revmatik xəstəliyi, Ürəyin xroniki revmatik xəstəliyi. Ağırlaşma İ05 Mitral qapağın revmatik xəstəliyi, Mitral qapaqların fibrozu və çatmamazlığı İİ dərəcə. Yanaşı xəstəliklər A16.2 Ağ ciyər vərəmi, bakterioloji və ya histoloji təsdiq olunması, Keçirilmiş ağ ciyər infetrativ vərəmi (xx.xx.2015-ci ildə 3 saylı Vərəm əleyhinə dispanserdə İİİ B qrupu üzrə dispanser qeydiyyatındadır). Yanaşı xəstəliklər H34 Tor qişanın damarlarının okklyüziyası, OU- Torlu qişanın angiopatiyası. Yanaşı xəstəliklər H52.1 Miopiya, OU-Miopiya-0,5D; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Xəstənin əmək müqaviləsi var əmək qabiliyyətinin itirilmə günləri reyestrdə qeyd olunmayıb” səbəbi ilə imtina verilmişdir. - Həmin Poliklinikanın xx.xx.2021-ci ildə 2782003AABYR saylı göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə baxılmış və “X3: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ05-İ09 - Ürəyin xroniki revmatik xəstəlikləri => İ05 - Mitral qapağın revmatik xəstəliyi => İ05.1 - Mitral qapağın revmatik mənşəli çatmamazlığı; Diaqnozun mətni:Əsas diaqnoz İ05 Mitral qapağın revmatik xəstəliyi, Ürəyin xroniki revmatik xəstəliyi. Ağırlaşma İ05 Mitral qapağın revmatik xəstəliyi, Mitral qapaqların fibrozu və çatmamazlığı İİ dərəcə. Yanaşı xəstəliklər J35.0 Xroniki tonzillit, Xroniki tonzillit. Yanaşı xəstəliklər G09 Mərkəzi sinir sisteminin iltihabi xəstəliklərinin nəticələri, Keçirilmiş neyroinfeksiyanın qalıq əlamətləri.Xoriotik hiperkinezlərlə. Yanaşı xəstəliklər K73 Başqa rubrikalarda təsnif olunmayan xroniki hepatit, Xronik hepatit; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Müayinə və müalicə müddəti yetərli deyil. Xəstənin vəziyyətini dəqiqləşdirmək üçün Respublika Kardiologiya institutunda müayinə və müalicəsi məsləhət görülür” səbəbi ilə imtina verilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8 T 289/2021 nömrəli, 16 noyabr 2021-ci il tarixli ekspert rəyindən görünür ki, İ.Ə. Ağacanovun tibbi sənədlərinə əsasən o, xx.xx.2021-ci il tarixdə Elmi-Tədqiqat Kardiologiya institutunda müayinə olunmuş və ona “revmatizm qeyri-aktiv faza. MÇ-İ dərə, poliartrit, keçirilmiş neyroinfeksiyanın davamlı qalıq əlamətləri (AF-57%)” diaqnozu qoyulmuşdur. Onun əziyyət çəkdiyi həmin xəstəliklər və onların fəsadları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”sində göstərilən xəstəliklərin əhatə dairəsinə düşmür. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8 T 831/2023 nömrəli ekspert rəyindən görünür ki, vətəndaş İ.Ə.Agacanov xx.xx.2023-cü il tarixdə “MTE və PA Birliyi” Phş-in Təkrari ekspertizalar şöbəsində müayinədən keçirilərkən X2 göndərilmiş və Exokardioqrafiyada “Mitral qapaq tayları qalınlaşıb, atım fraksiyası-EF- 57%” aşkar olunmuşdur. Onun xx.xx.2023-cü il tarixdə “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” Phş-də müayinəsi zamanı “Hal-hazırda kəskin revmatoloji patologiya aşkar olunmadı” diaqnozu müəyyən edilmişdir. Qeyd edilən diaqnoz əlillik təyini səviyyəsində olmadığından ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlar məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair” Əsasnamənin bəndlərindən birini aid etmək mümkün olmadı”. Göründüyü kimi, hazırkı iş üzrə mübahisənin mahiyyəti ilkin olaraq formal “əlillik vəziyyətinin qiymətləndirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi ifadə olunsa da, əslində mübahisə iddiaçının uzunmüddətli, sənədlərlə təsdiq edilmiş xroniki xəstəliklərinin hüquqi baxımdan düzgün qiymətləndirilib-qiymətləndirilməməsi üzərində qurulub. Məhz bu səbəbdən iş yalnız prosessual yox, eyni zamanda maddi tibbi-sosial qiymətləndirmə kontekstində araşdırılmalıdır. İddiaçı 2006-2021-cı illər ərzində eyni nozoloji xəstəliklər qrupu üzrə əlillik statusu almışdır. Bu xəstəliklər təsadüfi və epizodik deyil, xroniki, revmatik mənşəli, proqressiv xarakter daşıyan patologiyalardır. Məhkəmə qərarlarında və poliklinika göndərişlərində aşağıdakı diaqnozlar təkrar-təkrar təsbit edilmişdir: ürəyin xroniki revmatik xəstəliyi, mitral qapağın revmatik mənşəli çatmamazlığı, mitral qapaqların iltihabdan sonrakı fibrozu və prolapsı, revmatizm (latent və fəal fazalar), revmoensefalopatiya/xroniki ensefalopatiya, xroniki tonzillit və s. ... Bu diaqnozlar üzrə iddiaçıya: 2006, 2011 və 2013-cü illərdə İİİ dərəcə əlillik, 2014 və 2016-cı illərdə isə İİ dərəcə əlillik təyin edilmişdir . Cavabdeh inzibati orqan tərəfindən ilkin olaraq verilmiş imtinanın əsaslandırılmasında həlledici arqument kimi iddiaçının adına VÖEN açılması və aktiv əmək müqaviləsinin mövcudluğu göstərilmişdir. Lakin bu arqument nə tibbi, nə də hüquqi baxımdan əlilliyin ləğvi üçün yetərli əsas təşkil edir. Əlillik əmək müqaviləsinin mövcudluğuna görə deyil, sağlamlıq vəziyyətinin funksional nəticələrinə görə müəyyən edilir. Bu prinsip həm milli normativ aktların məzmunundan, həm də məhkəmə praktikasından irəli gəlir. Cavabdehin yanaşması isə xəstəliklərin özünə deyil, xəstəlikdən kənar formal göstəriciyə əsaslanmışdır. İddiaçı (nümayəndəsi) tərəfindən isə bununla bağlı ardıcıl şəkildə bildirilmişdir ki, VÖEN-in açılması formal xarakter daşımış, faktiki əmək fəaliyyəti mövcud olmamış, uzun müddətdir ki, səhhətinə görə işləmək qabiliyyəti yoxdur. Bunun əksini təsdiq edən sənədlər iş materiallarında mövcud deyil. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında təsbit olunmuş diaqnozlar bir-birindən asılı olmayan patologiyalar deyil, eyni etioloji zəncirə bağlı xroniki xəstəliklər kompleksidir. Xüsusilə, ürəyin xroniki revmatik xəstəliyi - autoimmun mənşəli, residiv verə bilən, illər ərzində struktur dəyişikliklərinə səbəb olan xəstəlikdir. Mitral qapağın revmatik mənşəli çatmamazlığı, fibroz və prolaps - ürək qapaq aparatında geri dönməz morfoloji dəyişiklikləri ifadə edir. Revmatizm (latent və ya aşağı aktivlik fazası) - xəstəliyin “sakitləşməsi” onun nəticələrinin aradan qalxması demək deyil. Revmoensefalopatiya - mərkəzi sinir sisteminin xroniki zədələnməsi olub, koqnitiv, vegetativ və psixo-emosional pozuntularla müşayiət olunur. Bu xəstəliklər tibbi elmdə tam sağalan patologiyalar hesab edilmir. Klinik praktikada qəbul olunmuş yanaşmaya görə, revmatik ürək xəstəliklərində: aktiv iltihab fazası azala bilər, lakin qapaq aparatında yaranmış struktur dəyişikliklər qalıcıdır, hemodinamik yük və fiziki gərginlik zamanı simptomatika yenidən güclənir. Bu səbəbdən iddiaçıya 2006-2016-cı illər ərzində ardıcıl şəkildə əlillik dərəcələrinin təyin edilməsi tibbi baxımdan tam əsaslı olmuşdur və bu, xəstəliklərin xronikliyini təsdiqləyən əsas faktordur. Cavabdehin və ekspert rəy(lər)inin əsaslandığı əsas tezislərdən biri ondan ibarətdir ki, “hazırda kəskin revmatik proses aşkar edilməmişdir”. Lakin bu yanaşma əlillik tibbisosial institutunun mahiyyətinə ziddir. Əlillik kəskin xəstəlik faktına görə deyil, davamlı funksional məhdudiyyətə görə müəyyən edilir. Revmatik ürək xəstəliyi olan şəxsdə kəskin fazanın olmaması, qapaq çatmamazlığının, fibrozun və ensefalopatik dəyişikliklərin olmaması demək deyil. Tibbi baxımdan bu, diabet xəstəsinə “hazırda hiperglikemiya yoxdur” deyərək əlilliyi inkar etməyə bənzər yanaşmadır. Yəni xəstəliyin klinik səssizliyi onun sosial-funksional nəticələrinin yox olması anlamına gəlmir. İş materiallarında diqqəti cəlb edən əsas boşluq ondan ibarətdir ki, cavabdehin qərarlarında və ekspert rəy(lər)ində iddiaçının fiziki yüklənməyə dözümlülüyü, ürək çatışmazlığı əlamətləri, nevropsixi funksiyaların vəziyyəti, gündəlik həyat fəaliyyətinə təsir ayrıca və sistemli şəkildə qiymətləndirilməmişdir. Halbuki tibbi-sosial ekspertizanın əsas vəzifəsi diaqnozu sadalamaq deyil, diaqnozun insanın əmək, sosial və özünəxidmət qabiliyyətinə təsirini müəyyən etməkdir. Bu qiymətləndirmə aparılmadan “əlillik meyarları yoxdur” nəticəsinə gəlmək tibbi baxımdan natamam və birtərəfli hesab olunmalıdır. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, işə baxılarkən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-2052/2024 saylı qərarında ifadə edilmiş göstərişlər nəzərə alınmış və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(103)- 1325/2025 saylı qərardadı ilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş və kspertizanın keçirilməsi cavabdehin nümayəndəsinin iştirakı olmadan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X18-Təcrübi və Tədris Birliyinə tapşırılmışdır. xx.xx.2025-ci il tarixdə apellyasiya instansiyası məhkəməsinə daxil olmuş T 556/2025 saylı rəyində aşağıdakılar göstərilmişdir: “ ... Vətəndaş İddiaçı xx.xx.2025-ci il tarixdə “MTE və PA Birliyi” PHŞ-in Təkrari ekspertizalar şöbəsində müayinədən keçirilərkən X2 göndərildi, lakin bu günə kimi müayinənin nəticəsini təqdim etmədiyini üçün qərarda qoyulan sualların cavablandırılması mümkün olmadı”. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi Nümayəndə2 məhkəməyə bildirmişdir ki, oğlu çox pis vəziyyətdədir və onu əlavə olaraq X2 aparmağı mümkün olmamışdır. Uşaq evində müayinə olsa daha yaxşı olar. İddiaçıda anadangəlmə bir sıra sağalmaz xəstəliklər mövcuddur və anası vəfat edəndən sonra vəziyyət daha da ağırlaşıb. Bununla əlaqədar həmin məhkəmə iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi Nümayəndə1 məhkəməyə bildirmişdir ki, əgər xəstənin sağlamlığı ağır vəziyyətdədirsə və müayinəyə gedə bilmirsə, şərait yaradılaraq səyyar yoxlama qaydasında müayinə oluna bilər. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2- 1(103)-1325/2025 saylı qərardadı ilə iş üzrə İddiaçı əlillik dərəcəsinin təyin edilməsi məqsədilə cavabdeh tərəfindən iddiaçı səyyar qaydada əyani müayinə olunmaqla yenidən inzibati icraat aparılması qərara alınmış və bunun üçün cavabdeh inzibati orqana 1 ay müddət təyin edilmişdir. xx.xx.2025-ci il tarixdə apellyasiya instansiyası məhkəməsinə daxil olmuş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X6-sosial ekspert komissiyasının 05 dekabr 2025-ci il tarixli, 3-17-4/3-1-31016/2025 saylı qərarında aşağıdakılar göstərilmişdir: “ ... Əlillik AS-də olan məlumatlara əsasən məlum olmuşdur ki, İddiaçı ilkin olaraq Tibbi Sosial Ekspert Komissiyası tərəfindən “Revmatizm fəal faza aktivlik dərəcəsi İ. Revmokardit latent gedişli. Mitral qapaq çatmamazlığı. Reymoensofalopativa" diaqnozu ilə əyani müayinə olunmuş və ona xx.xx.2006-cı il tarixindən xx.xx.2007-cı il tarixinədək ümumi xəstəlik səbəbindən 1 (bir) il müddətinə üçüncü dərəcə əlillik təyinatı barədə qərar verilmişdir. Növbəti dəfə xx.xx.2011-ci il tarixindən xx.xx.2012-ci il tarixinədək, xx.xx.2013cü il tarixindən xx.xx.2014-cü il tarixinədək həmin əlillik təyinatı qüvvədə saxlanılmışdır. Daha sonra xx.xx.2014-cü il tarixindən xx.xx.2015-ci il tarixinədək “Ürəyin xroniki revmatik xəstəliyi. Mitral qapağın iltihabdan sonrakı fibrotik dəyişikliyi’ diaqnozu ilə ümumi xəstəlik səbəbindən 1 (bir) il müddətinə ikinci dərəcə əlillik təyinatı barədə qərar verilmişdir. xx.xx.2015-ci il tarixindən həmin əlillik təyinatı "Əlillik” altsistemi tərəfindən avtomatlaşdırılmış qaydada 5 (beş) il müddətinə (xx.xx.2020-ci il tarixinədək) uzadılmışdır. Əlillik müddəti tamamlandıqdan sonra Bakı 1 nömrəli Şəhər Poliklinikası tərəfindən 2 göndəriş rəsmiləşdirildirilsə də, həmin göndərişlər əsasında əlillik təyinatının aparılması mümkün olmamışdır. Bakı 1 nömrəli Şəhər Poliklinikası tərəfindən rəsmiləşdirilmiş sonuncu “Mitral qapağın revmatik xəstəliyi. Ürəyin xroniki revm atik xəstəliyi. Keçirilmiş ağ ciyər infiltrativ vərəmi. Mərkəzi sinir sisteminin iltihabi xəstəliklərinin nəticələri. Keçirilmiş neyroinfeksiyanın qalıq əlamətləri. Xoriotik hiperkinezlərlə” diaqnozlu 2782003AABYR nömrəli göndərişi əsasında qiymətləndirilmiş və göndəriş rəsmiləşdirildiyi dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin müvafiq olaraq göndərişin natamam doldurma səbəbindən dövlət tibb müəssisəsinə geri göndərilmişdir. Narazı olan vətəndaş məhkəməyə müraciət etmiş, xx.xx.2022-ci il tarixində məhkəmə qərardadı əsasında DTSERA-da Tibbi-Sosial Ekspert Komissiyasına dəvət olunaraq əyani müayinədən keçmişdir. Müayinə əsnasında xəstəyə dair rəsmiləşdirilmış sonuncu göndərişdə qeyd olunmuş diaqnozlar araşdırılmış, həmçinin sağlamlıq vəziyyəti qiymətləndirilmişdir. xx.xx.2022-ci il tarixində DTSERA-da xəstənin obyektiv vəziyyətinin müayinəsi nəticəsində “Tam reabilitasiya - hazırda əlil hesab edilməməsi” barədə qərar qəbul edilmişdir (ESDAS **********2). Hal-hazırda Əlillik AS-da yeni göndəriş aşkarlanmamışdır. Vətəndaşın hazırkı sağlamlıq vəziyyəti tibb müəssisəsi tərəfindən tam araşdırılmadan və ona dair yeni göndəriş rəsmiləşdirilmədən məhkəməyə müraciət olunmuşdur. Məhkəmə qərardadı əsasında əyani müayinənin aparılması və müvafiq qərarın verilməsi məqsədilə DTSERAnın ərazi üzrə xidmət göstərən 1 saylı Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən əyani müayinəsi aparılmış və sağlamlıq vəziyyəti aktlaşdırılmışdır (3-17-4/3-1-29485/2025 nömrəli Akt). Əlillik vəziyyəti həmin Akt və rəsmiləşdirilmiş sonuncu göndəriş əsasında xx.xx.2025-ci il tarixində qiymətləndirilmişdir. Akta əsasən (video) müayinə zamanı əsəbilik, yuxusuzluq, təngnəfəslik, tərləmə və döş qəfəsi nahiyyəsindəki ağrılardan şikayətlənmişdir. Obyektiv müayinədə orta boylu, düzgün bədən quruluşludur, hər hansı bir inkişaf anomaliyası və ya qazanılmış deformasiyalar izlənilmir. Ümumi hərəkətləri sərbəst, yuxarı və aşağı ətraflarda əzələ həcmi və əzələ gücü simmetrik bərabər, Romberq vəziyyətində dayanıqlı, əllər yana açılmış vəziyyətdə əl barmaqlarında zəif tremor qeyd olunmuşdur. Hər hansı bir qeyri iradı hərəki pozuntular aşkarlanmamışdır. Təqdim olunmuş tibbi sənədlər araşdırılmış və əlillik təyinatına əsas verən patologiyalar aşkarlanmamışdır. Belə ki, Aktda təqdim olunmuş sənədlərdən, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının PHŞ xx.xx.2023-cü il tarixli 7363 nömrəli Tibb vərəqəsində diaqnoz “Hal-hazırda kəskin revmatoloii patologiya aşkar olunmadı” kimi müəyyənləşdirilmişdir. TƏBİB X21 Xəstəlikləri İnistutunun PHŞ xx.xx.2022-ci il tarixli 12093 nömrəli ambulator kitabçasında diaqnoz “Xroniki bronxit, kəskinləşmə mərhələsi. Keçirilmiş ağ ciyərlərin vərəmindən sonrakı böyük qalıq əlaməti, fibroz bərk ocaqlar şəklində” kimi, 8519 nömrəli Spirometriya müayinəsinin nəticəsi “Restriktiv tipli mötədil ventilyasiya pozğunluğu” kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X1 xx.xx.2021-ci il tarixli Arayışında diaqnoz “Revmatizm, qeyri-aktiv faza. MÇ-İ dərəcə. Poliartrit. Keçirilmiş neyroinfeksiyanın davamlı qalıq əlamətləri. Ensefalopatiya” kimi müəyyənləşdirilmişdir. Beləliklə, 3-17-4/3-1-29485/2025 nömrəli AKT-da əks olunmuş məlumatlara əsasən vətəndaşın xəstəliyinin hazırda əlillik təyinatına əsas verən ağırlaşmalarının olmadığını və yeni göndəriş rəsmiləşdirilmədiyini nəzərə alaraq Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qərara alınmışdır ki, 2782003AABXR nömrəli göndərişə dair həmin göndəriş rəsmiləşdirildiyi dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq “Diaqnoz əlillik əlamətini təyin etmir" barədə qərar qəbul edilsin. Qeyd: Akt əsasında əldə edilmiş anamnestik və klinik məlumatlara Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvəd ə olan 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlillik təyinatına əsas verən patofunksional pozuntular aşkarlanmamışdır”. Məhkəmə kollegiyası qərarda qeyd olunanlara tənqidi yanaşır. Belə ki, əlilliyin müəyyən edilməsi ilə bağlı mübahisələrdə inzibati orqanların qərarları yalnız formal normativ istinadlarla deyil, maddi həqiqətin tam və hərtərəfli araşdırılması, tibbi göstəricilərin ölçülə bilən və yoxlanıla bilən əsaslandırılması, habelə məhkəmə tərəfindən formalaşdırılmış hüquqi mövqelərə adaptasiya əsasında qəbul edilməlidir. Ali Məhkəmənin hazırkı iş üzrə qəbul etdiyi qərarlarında məhz bu prinsiplər açıq şəkildə ifadə olunmuş, əlilliklə bağlı mübahisələrdə inzibati qərarların hansı standartlara cavab verməli olduğu qeyd olunmuşdur. Cavabdehin xx.xx.2025-ci il tarixli qərarı isə həmin hüquqi yanaşma kontekstində ciddi metodoloji və məzmun qüsurlarını ehtiva edir. Beləliklə, məhkəmə tərəfindən cavabdehin üzərinə iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə əyani tibbi müayinə aparılması öhdəliyi qoyulmuşdur. Bu öhdəlik öz mahiyyətinə görə, iddiaçının mövcud tibbi vəziyyətinin faktiki və aktual status əsasında qiymətləndirilməsini tələb edirdi. Lakin xx.xx.2025-ci il tarixli qərarda əsas arqument kimi “yeni göndərişin rəsmiləşdirilməməsi” göstərilmişdir. Bu yanaşma məhkəmə qərardadının mahiyyəti ilə uzlaşmır. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, Ali Məhkəmə öz qərarlarında göstərmişdir ki, iddiaçının göndərişində qeyd olunmuş diaqnoz əlilliyin müəyyən edilməsi meyarlarında nəzərdə tutulmuş xəstəliklər sırasına daxildir. Bu halda inzibati orqanın vəzifəsi sadəcə “pozuntu aşkar edilmədi” kimi ümumi nəticə bildirmək deyil, diaqnozun meyarların konkret bəndləri ilə hansı səbəbdən uzlaşmadığını ətraflı şəkildə əsaslandırmaqdır. xx.xx.2025-ci il tarixli qərarda isə patofunksional pozuntunun hansı tibbi göstəricilər əsasında inkar edildiyi, hansı müayinələrin nəticələrinin nəzərə alındığı, funksional məhdudiyyətlərin hansı səbəbdən yetərli hesab edilmədiyi açıqlanmır. Belə bir əsaslandırma nə məhkəmə nəzarəti üçün, nə də iddiaçının hüquqi vəziyyətini dərk etməsi üçün yetərlidir. Qərarda 2022-ci ildə iddiaçı barəsində “tam reabilitasiya” qərarının verilməsi xüsusi vurğulanır. Lakin əlilliyin qiymətləndirilməsi statik hüquqi status deyil və xüsusilə xroniki və sistem xarakterli xəstəliklərdə sağlamlıq vəziyyəti zamanla dəyişə bilər. Bu səbəbdən əvvəlki reabilitasiya faktı sonrakı dövrdə aparılan qiymətləndirmə üçün yalnız məlumat xarakteri daşıya bilər, lakin avtomatik şəkildə əlilliyin istisnası kimi qəbul edilə bilməz. Həmçinin iş materiallarından aydın şəkildə görünür ki, iddiaçıya 2016-2021-ci illəri əhatə edən 5 illik əlillik müddəti başa çatdıqdan sonra 2021-ci ildə verilmiş ilkin imtina qərarı nə diaqnozun əlillik meyarlarına uyğun olmaması, nə patofunksional pozuntunun mövcud olmaması, nə də tibbi göstəricilərin yetərsizliyi ilə əsaslandırılmışdır. Həmin imtina yalnız iki faktiki hal üzərində qurulmuşdur: iddiaçının VÖEN-nin mövcud olması, iddiaçı barəsində aktiv əmək müqaviləsinin qeydə alınması. Beləliklə, 2021-ci il imtinasının mahiyyəti tibbi deyil, sosial-hüquqi statusa əsaslanan yanaşma olmuşdur. Bu isə əlilliyin müəyyən edilməsi institutunun hüquqi mahiyyəti ilə uzlaşmır. Əlillik şəxsin işləyib-işləməməsindən, vergi ödəyicisi statusundan və ya əmək münasibətlərində iştirakından asılı olmayan, sırf sağlamlıq vəziyyətinin funksional nəticələri ilə müəyyən edilən hüquqi statusdur. İddiaçının 2021-ci ildə əmək müqaviləsinin mövcudluğu və VÖEN üzrə fəaliyyət göstərməsi faktının əlilliyin inkarı üçün əsas kimi götürülməsi inzibati hüquqda səlahiyyətlərin məqsəddən kənar tətbiqi kimi qiymətləndirilə bilər. Əmək fəaliyyəti xəstəliyin mövcudluğunu aradan qaldırmır, funksional məhdudiyyətin olmamasını avtomatik sübut etmir, əlilliyin hüquqi meyarlarını əvəz etmir. Bir çox hallarda əlilliyi olan şəxslər sosial inteqrasiya məqsədilə məhdud və ya uyğunlaşdırılmış formada əmək fəaliyyəti ilə məşğul ola bilirlər. Bu halın özü əlillik statusunun hüquqi əsasını aradan qaldırmır. Bu baxımdan 2021-ci il imtinasının yalnız VÖEN və əmək müqaviləsinə istinadla əsaslandırılması artıq həmin mərhələdə formal və hüquqi baxımdan qüsurlu yanaşma olduğunu göstərir. Sonrakı qərarlarında cavabdeh faktiki olaraq 2021-ci il imtinasını geriyə dönük şəkildə tibbi arqumentlərlə əsaslandırmağa cəhd edir. Halbuki həmin dövrdə patofunksional pozuntunun olmaması barədə əsaslandırılmış tibbi rəy təqdim edilməmiş, diaqnozun əlillik meyarlarına uyğunluğu ətraflı araşdırılmamış, tibbi göstəricilərin funksional nəticələri qiymətləndirilməmişdir. Bu isə inzibati aktların hüquqi sabitliyi prinsipinə ziddir. İnzibati orqan əvvəl qəbul etdiyi qərarın real əsaslarını sonradan dəyişdirərək onu daha uyğun hüquqi formaya salmaq səlahiyyətinə malik deyil. Bundan əlavə məhkəmə kollegiyası dəqiqləşdirilmiş iddia ərizəsinin əlilliyin müddətsiz təyin edilməsi hissəsinə də münasibət bildirməyi zəruri hesab edir. Yuxarıda qeyd olunduğu kimi, İddiaçı ilk dəfə xx.xx.2006-cı ildə ümumi xəstəlik səbəbindən əlillik təyin edilmişdir. Həmin ilkin təyinatın əsasında ürəyin xroniki revmatik xəstəliyi, mitral qapağın revmatik mənşəli çatmamazlığı, revmatizm, revmokardit və revmoensefalopatiya kimi diaqnozlar dayanmışdır. Sonrakı illərdə – 2011, 2013, 2014 və 2016-cı illərdə – iddiaçının əlillik vəziyyəti eyni nozoloji xəstəliklər qrupu üzrə təkrar-təkrar qiymətləndirilmiş, əvvəlcə İİİ dərəcə, daha sonra isə İİ dərəcə əlillik təyin edilmişdir. Xüsusilə 2016-cı ildə İİ dərəcə əlilliyin 5 il müddətinə müəyyən edilməsi iddiaçının sağlamlıq vəziyyətində yaxşılaşma ilə deyil, xroniki patologiyanın davam etməsi fonunda baş vermişdir. Beləliklə, 2006–2021-ci illər ərzində iddiaçının sağlamlıq vəziyyəti ilə bağlı eyni diaqnozlar davamlı şəkildə təsdiq edilmiş, onların aradan qalxmasını və ya sabit remissiya nəticəsində funksional bərpanı göstərən hər hansı tibbi sənəd iş materiallarında mövcud olmamışdır. Eyni zamanda, iş materiallarından görünür ki, 2021-ci ildən sonra iddiaçıya münasibətdə əlilliyin yenidən qiymətləndirilməsi zamanı əvvəlki tibbi vəziyyətin mahiyyəti və uzunmüddətli xarakteri tam şəkildə nəzərə alınmamış, imtina əsasən formal meyarlarla, o cümlədən aktiv əmək münasibətlərinin mövcudluğu ilə əlaqələndirilmişdir. Halbuki, qüvvədə olan normativ hüquqi aktlara əsasən, əmək fəaliyyəti faktının özü avtomatik olaraq orqanizmin funksiyalarının pozulmasının mövcudluğunu istisna etmir və tibbi qiymətləndirmə funksional vəziyyətin obyektiv göstəricilərinə əsaslanmalıdır. Xüsusi olaraq qeyd edilməlidir ki, hazırkı mübahisə 2021-ci ildən etibarən məhkəmənin icraatındadır. Bu müddət ərzində iş bir neçə dəfə birinci və apellyasiya instansiyalarında baxılmış, Ali Məhkəmə tərəfindən iki dəfə apellyasiya instansiyası qərarları ləğv edilərək iş təkrar baxışa qaytarılmış, inzibati orqanın və ekspert rəylərinin prosessual və metodoloji qüsurları aşkar edilmişdir. Uzunmüddətli məhkəmə icraatı özü də göstərir ki, iddiaçının sağlamlıq vəziyyəti müvəqqəti xarakter daşımır. Əksinə, 2021-2026-cı illər ərzində iddiaçının vəziyyətinin köklü şəkildə yaxşılaşmasını təsdiq edən hər hansı yeni tibbi fakt ortaya çıxmamışdır. Hüquqi müəyyənlik və sosial müdafiənin davamlılığı prinsipləri tələb edir ki, uzun illər ərzində dəyişməyən xroniki xəstəliklər üzrə şəxs hər dəfə eyni prosedurlardan keçməyə məcbur edilməsin. Beləliklə, yuxarıda sadalanan faktiki hallar və tibbi qiymətləndirmə göstərir ki, iddiaçıya ilk dəfə 2006-cı ildə eyni diaqnozlar üzrə əlillik təyin edilmiş, bu diaqnozlar 20 ilə yaxın müddətdə dəyişməz qalmış, xəstəliklər xroniki və sağalmazdır, sağlamlıq vəziyyətində sabit və davamlı yaxşılaşma sübuta yetirilməmiş, eyni zamanda iş artıq beş ildən çoxdur məhkəmə icraatındadır. Belə şəraitdə əlilliyin yenidən müddətli müəyyən edilməsi nə tibbi, nə də hüquqi baxımdan əsaslandırılmış hesab edilə bilməz. Əksinə, bu halda əlilliyin müddətsiz təyin edilməsi sosial ədalət, hüquqi müəyyənlik və proporsionallıq prinsiplərinə tam uyğundur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə Əlilliyin qiymətləndirilməsi qaydası və təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2-ci bəndinə əsasən, ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Əsasnamənin 4.1-ci bəndinə görə, birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir. Əsasnamənin 4.2-ci bəndinə əsasən isə, İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Ali Məhkəmənin hazırkı iş üzrə qəbul etdiyi qərarlarda da xüsusi olaraq vurğulanmışdır ki, iddiaçının əsas diaqnozu əlilliyin müəyyən edilməsi meyarlarında nəzərdə tutulmuş xəstəliklər sırasına daxildir ( - (İ05) “Mitral qapağın revmatik xəstəliyi, ürəyin xroniki revmatik xəstəliyi” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 iyul 2023-cü il tarixli 235 nömrəli Qərarı ilə 2.9-cu bəndinə edilmiş dəyişikliyə qədər qüvvədə olmuş redaksiyasında “Xroniki revmatik xəstəlikləri” bəndinin (İ05 - İ09) 2.9.1 altbəndində “mitral qapağın revmatik xəstəlikləri-İ05” qeyd edilmişdir), ekspert rəyinin formalaşdırılması zamanı prosessual tələblərə ciddi əməl olunmalı, habelə inzibati məhkəmə tərəfindən iddiaçıya İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə uyğun olaraq real prosessual yardım göstərilməlidir. Həmin göstərişlər təkrar baxış zamanı məhkəmə kollegiyası tərəfindən nəzərə alınmış və iddiaçının səhhəti imkan verən həcmdə icra edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının uzun illər dəyişməz qalan tibbi vəziyyəti, eyni mahiyyətli diaqnoz üzrə əvvəlki əlillik təyinatları, habelə mübahisəli dövrdə sağlamlıq vəziyyətində yaxşılaşmanın olmaması onun orqanizmində funksiyaların tələb etdiyi faiz həddində pozulduğunu təsdiq edir və hazırkı işin xüsusiyyətləri nəzərə alındığı təqdirdə bu hal müddətsiz əlillik təyinatı üçün hüquqi və tibbi əsas yaradır. Nəticə etibarilə, məhkəmə kollegiyası iddiaçının tələbinin əsaslı olduğu qənaətinə gəlir və Cavabdehn üzərinə iddiaçı barəsində xx.xx.2021-ci ildən etibarən orqanizmin funksiyalarının 35–60 faiz pozulmasına görə müddətsiz əlilliyin müəyyən edilməsi öhdəliyinin qoyulmasını hüquqi cəhətdən əsaslandırılmış hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qərarın ləğvinə əsas verdiyinə görə şikayət təmin edilməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-1036/2022 saylı qərarı ləğv edilməli, iddia ərizəsi təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-1036/2022 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia ərizəsi təmin edilsin. İddiaçı xx.xx.2021-ci il tarixdən orqanizmin funksiyalarının pozulmasının müddətsiz olaraq 35-60 faiz müəyyən edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar