Məhkəmə qərarları › İş №2-1(103)-1326/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1326/2020

22.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1326/2020 22.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), X3 və X1, Məhkəmə iclas katibi Qasımova Nərgiz Emin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X5 idarəsinə qarşı güzəştli şərtlərlə pensiyanın təyin edilməsi tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2389/2020 saylı, xx xxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X5 idarəsinə (bundan sonra mətndə DSMF X5 idarəsi) qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 57 (əlli yeddi) yaşının tamam olduğu xx xxxx 2018-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və xx xxxx 2018-ci ildən qərar icra olunan vaxtadək ödənilməli olan əmək pensiyasının məbləğ fərqinin hesablanıb birdəfəlik ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, xx.xx.1961-ci ildə doğulmuşdur. xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilədək tikinti idarəsində elektrik montaj üzrə işçi peşəsində işləmiş, xx.xx.1979-cu ildə hərbi xidmətə getməsi ilə bağlı işdən azad edilmişdir. xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilədək sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.1982-ci ildə N saylı hərbi hissədə istilik mühəndisliyi və mexaniki cihazlar (nəzarət) şöbəsinə usta qəbul edilmiş, xx.xx.1982-ci ildə öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1982-ci ildə Cənub Rayon Dəniz Neft Donanmasının “xxxx” gəmisinə şagird matros peşəsinə işə qəbul olunmuş, xx.xx.1982-ci ildə həmin gəmiyə 2-ci dərəcəli matros, xx.xx.1984-cü ildə “Ağdərə-6” gəmisinə 1-ci dərəcəli matros, xx.xx.1987-ci ildə m/k 1683 gəmisinə kapitanın böyük köməkçisi keçirilmişdir. xx.xx.1988-ci ildə işlədiyi Donanma və digər qurumlar “X10” idarəsi kimi yenidən təşkil edilmişdir. xx.xx.1991-ci ildə b/k “Cənub-16” gəmisinə müvəqqəti kapitan, xx.xx.1991-ci ildə “Qaradağ-11” gəmisinə kapitan keçirilmişdir. Dəniz nəqliyyatı və sualtı texniki işlər üzrə cənub ekspedisiya dəstəsi-Dəniz neft donanmasının cənub idarəsi adlandırılmışdır. xx.xx.1997-ci ildə “Z.Vəliyev” gəmisinə kapitanın böyük köməkçisi keçirilmiş, xx.xx.1998-ci ildə öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1998-ci ildə ARDNŞ “X13 Çeofiziki Kəşfiyyat” idarəsində “Seysmorazvedçik” ETG-nə kapitanın birinci köməkçisi, xx.xx.1998-ci ildə həmin gəminin müvəqqəti kapitanı, xx.xx.1998-ci ildə “Seysmorazvedçik” ETG-yə kapitanın birinci köməkçisi, xx.xx.1999-cu ildə “Geofizik-2” gəmisinə kapitanın birinci köməkçisi, xx.xx.2001-ci ildə “Geofizik-2” gəmisinə müvəqqəti kapitan, xx.xx.2002-ci ildə “Geofizik-2” gəmisinə kapitanın böyük köməkçisi keçirilmişdir. Onun işlədiyi idarə xx.xx.2006-cı ildə digər idarələrdə birləşib, “Geofizika və Geodeziya” idarəsinin tabeçiliyində “Kəşfiyyatgeofizika” idarəsi adlandırılmışdır. xx.xx.2008-ci ildə “Geofizik-1” gəmisinə kapitanın böyük köməkçisi, xx.xx.2008-ci ildə “Geofizik-1” gəmisinə kapitan keçirilmiş və xx.xx.2010-cu ildə öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.2010-cu ildə “Caspian Marine Services” LTD şirkətinə “Xudafərin” sərnişin gəmisinin İİ heyətinə gəmi kapitanı keçirilmiş və xx.xx.2010-cu ildə öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.2011-ci ildə “Caspian Marine Services” LTD şirkətinin Azərbaycan Respublikasındakı filialına “Xudafərin” sərnişin gəmisinin İİ heyətinə gəmi kapitanı keçirilb və xx.xx.2017-ci ildə öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.2017-ci ildə “Geofizik” gəmisinə 13-cü dərəcəli kapitan keçirilmiş, xx.xx.2018-ci ildə həmin işdən azad edilmişdir. xx.xx.2018-ci ildə “Caspian Marine Services” LTD şirkətinin Azərbaycan Respublikasındakı filialına “Araz”sərnişin gəmisinin gəmi kapitanı, xx.xx.2018-ci ildə “Xudafərin” sərnişin gəmisinə gəmi kapitanı keçirilmiş və hazırda işləyir. Eyni zamanda o, 1984-cü ildə SSSR Dəniz Donanması Nazirliyinin Bakı Dənizçilik məktəbinə daxil olmuş, xx xxxx 1987-ci ildə ona mexanik gəmi sürücüsü peşəsi verlmişdir (İT 801082 saylı diplom). Onun xx.xx.1978-ci ildən hal-hazıradək hansı idarə və təşkilatlarda işləməsi, təhsil alması və hərbi xidmət keçməsi işə əlavə edilmiş əmək kitabçası, diplom və hərbi bilet ilə tam təsdiq edilir. Onun zərərli iş şəraitində işləməklə hələ xx.xx.2006-cı il tarixə 12 il 6 aydan artıq güzəştli, 25 ildən artıq ümumi iş stajı vardır. Eləcə də, güzəştli işlərdə işləməsi barədə arxiv arayışı da vardır. xx xxxxxxx 2019-cu il tarixdə güzəştli şərtlərlə 57 yaşdan əmək pensiyasının təyin edilməsi barədə ərizə və ona əlavə edilmiş sənədlərlə cavabdehə müraciət edilmişdir. Cavabdeh inzibati orqanın xx xxxxxx 2019-cu il tarixli cavab məktubi ilə ərizə təmin olunmamışdır. Cavabdehin imtinası əsassız və qanunsuz olmaqla, onun pensiya hüquqlarını məhdudlaşdırır. Cavabdeh DSMF X5 idarəsi məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı etirazında göstərmişdir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanun iddiaçıya münasibətdə tətbiq oluna bilməz. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun (ƏPQ) 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Göründüyü kimi “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun iddiaçıya şamil edilə bilməsi üçün iddiaçının x xxxxxx 2006- cı il tarixinədək (yəni ƏPQ-nin qüvvəyə minməsinə qədər) güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 3 şərtə riayət edilməklə yaranır: 1) iddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; 2) iddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; 3) iddiaçının işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin sıyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarında göstərilməsi. Hazırki iş üzrə 2 və 3-cü şərtlərə əməl edilməmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun iddiaçıya şamil edilə bilməsi üçün iddiaçının x xxxxxx 2006-cı il tarixinədək (yəni ƏPQ-nin qüvvəyə minməsinə qədər) güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüququ isə iddiaçının zəruri staja malik olmasıdır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin (b) bəndinə görə, istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş 2 nömrəli siyahısı üzrə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. İddiaçının 1982-ci ildən 2006-cı ilədək işləmiş olduğu peşələri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarının 2-ci siyahısına uyğun deyildir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarının 28- ci fəslinin (“Nəqliyyat”) 3-cü bölməsinin (“Dəniz və çay donanması”) 1-ci bəndində (“Üzən heyət”) deyilir: “Dəniz, çay donanmasının və balıqçılıq sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olunmaqla)”. Misal üçün iddiaçının işləmiş olduğu “xxxx” gəmisi “sərnişin, sahilboyu” kateqoriyasına aiddir. Belə olan halda, iddiaçıya münasibətdə “Vətəndaşların pensiya təminatı haqqında” Qanun tətbiq edilə bilməz. Göründüyü kimi, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququna malik olmamışdır. Başqa sözlə, tələb edilən güzəştli iş stajı olan 12 il 6 ayı tamamlanmamışdır. Bu mənada, ƏPQ-nin 9.8-ci maddəsinə əsasən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun müddəalarının iddiaçıya münasibətdə tətbiqi mümkün deyildir. Bu səbəbdən də qüvvədə olan qanunvericiliyə əsasən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2389/2020 saylı, xx xxx 2020-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək İddiaçı 57 yaşdan, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hüququnun yarandığı vaxtdan ödənilməmiş pensiyasının hesablanıb ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X5 İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh apellyasiya şikayəti verərək məhkəmənin həmin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, iddiaçının 1982-ci ildən 2006-cı ilədək işləmiş olduğu peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Yeraltı işlərdə, əmək xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”na uyğun deyildir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq, tərəflərin izahatlarını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (subutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşin araşdırılmış hallarından görünür ki, İddiaçı xx.xx.1961-ci ildə doğulmuş, xx.xx.1979cu il tarixdən xx.xx.1981-ci il tarixədək həqiqi hərbi xidmət keçmiş və xx.xx.1981-ci ildə Əzizbəyov RHK-da qeydiyyata alınması tapşırılmışdır. O, 1984-cü ildə SSRİ Dəniz Donanması Nazirliyinin Bakı Dənizçilik məktəbinə daxil olmuş və 1987-ci ildə adı çəkilən məktəbin dəniz gəmiçiliyi üzrə tam kursunu bitirmişdir. Dövlət ixtisas komissiyasının xx xxxx 1987-ci il tarixli qərarı ilə, ona mexanik gəmi sürücüsü peşəsi verilmişdir. İddiaçı xx.xx.1978-ci ildə “Azəlvanmetaltəmirtikinti” Trestinin Bakı Xüsusi X6 elektrik montaj üzrə birinci dərəcəli fəhlə vəzifəsinə qəbul edilmiş, xx.xx.1979-cu ildə ona ikinci dərəcəli elektrik montajçı ixtisası verilmişdir. xx.xx.1979-cu ildə ordu sıralarına çağırışı ilə bağlı işdən azad edilmişdir. xx.xx.1982-ci ildə N saylı hərbi hissədə istilik mühəndisliyi və mexaniki cihazlar (nəzarət) şöbəsinə usta qəbul edilmiş, xx.xx.1982-ci ildə öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1982-ci ildə Cənub Rayon Dəniz Neft Donanmasının “xxxx” gəmisinə matros şagirdi peşəsinə işə qəbul olunmuş, xx.xx.1982-ci ildə həmin gəmiyə 2-ci dərəcəli matros, xx.xx.1984-cü ildə “Ağdərə-6” gəmisinə 1-ci dərəcəli matros təyin edilmiş, xx.xx.1987-ci ildə m/k 1683 gəmisinə kapitanın birinci köməkçisi vəzifəsinə keçirilmişdir. Neft Sənayesi Nazirliynin xx.xx.1988-ci il tarixli 220 saylı əmrinə əsasən Dəniz Neftqaz donanmasının cənub rayon idarəsi, xəzər neft qaz donanması idarəsi sualtı texniki işləri və dəniz nəqliyyatı üzrə Cənubi ekspedisiya dəstəsi “X10” idarəsi kimi yenidən təşkil edilmişdir. xx.xx.1991-ci ildə b/k “Cənub-16” gəmisinə müvəqqəti kapitan, xx.xx.1991-ci ildə “Qaradağ-11” gəmisinə kapitan keçirilmişdir. Dəniz nəqliyyatı və sualtı texniki işlər üzrə cənub ekspedisiya dəstəsi-Dəniz neft donanmasının cənub idarəsi adlandırılmışdır. xx.xx.1997-ci ildə “Z.Vəliyev” gəmisinə kapitanın böyük köməkçisi keçirilmiş, xx.xx.1998- ci ildə öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1998-ci ildə ARDNŞ “X13 Çeofiziki Kəşfiyyat” idarəsində “Seysmorazvedçik” ETG-nə kapitanın birinci köməkçisi, xx.xx.1998-ci ildə həmin gəminin müvəqqəti kapitanı, xx.xx.1998-ci ildə “Seysmorazvedçik” ETG-yə kapitanın birinci köməkçisi, xx.xx.1999-cu ildə “Geofizik-2” gəmisinə kapitanın birinci köməkçisi, xx.xx.2001-ci ildə “Geofizik-2” gəmisinə müvəqqəti kapitan, xx.xx.2002-ci ildə “Geofizik-2” gəmisinə kapitanın böyük köməkçisi keçirilmişdir. AR DNŞ-nin xx.xx.2006-cı il tarixli 15 №li əmrinin 2.1-ci bəndinə əsasən “Xəzərdənizneftgeofizikkəşfiyat” və “Azərneftgeofizika” trestləri birləşdirilib “Geofizika və Geodeziya” idarəsinin tabeçiliyində “Kəşfiyyatgeofizika” idarəsi adlandırılmışdır. xx.xx.2006-cı il tarixdə “Kəşfiyyatgeofizika” idarəsi “Geofizik-2” ETB-nə kapitanın böyük köməkçisi vəzifəsinə keçirilmişdir. xx.xx.2008ci ildə “Geofizik-1” gəmisinə kapitanın böyük köməkçisi vəzifəsinə keçirilmiş, xx.xx.2008-ci il tarixdə əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2008-ci ildə “Geofizik-1” gəmisinə kapitan vəzifəsinə qəbul edilmiş və xx.xx.2010-cu ildə öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.2010-cu ildə “Caspian Marine Services” LTD şirkətinə “Xudafərin” sərnişin gəmisinin İİ heyətinə gəmi kapitanı rütbəsinə əsasən işə qəbul edilmiş və xx.xx.2010-cu ildə işdən azad edilmişdir. xx.xx.2011-ci ildə “Caspian Marine Services” LTD şirkətinin Azərbaycan Respublikasındakı filialına “Xudafərin” sərnişin gəmisinin İİ heyətinə gəmi kapitanı rütbəsinə qəbul edilmiş və xx.xx.2017-ci ildə işdən azad edilmişdir. xx.xx.2017-ci ildə “xxxx” QSC X13 Donanmasının “Geofizik” gəmisinə 13-cü dərəcəli kapitan keçirilmiş, xx.xx.2018-ci ildə həmin işdən azad edilmişdir. xx.xx.2018-ci ildə “Caspian Marine Services” LTD şirkətinin Azərbaycan Respublikasındakı filialına “Araz”sərnişin gəmisinin gəmi kapitanı vəzifəsinə qəbul edilmiş, xx.xx.2018-ci ildə “Xudafərin” sərnişin gəmisinə gəmi kapitanı keçirilmişdir. İddiaçı ərizə ilə cavabdeh İdarəyə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, idarə tərəfindən onun tərəfindən İdarəyə təqdim edilmiş xx xxxxxxxx 1978-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçasında işlədiyi gəmilərin üzən heyətə aid olub-olmaması barədə hər hansı məlumatın qeyd olunmaması əsası ilə ona müraciətinin təmin olunmaması barədə məktub ünvanlanmışdır. Birinci instansiya məhkəməsində məhkəmə araşdırılması zamanı cavabdeh inzibati orqanın imtinasının əsasında qoyulmuş məsələnin araşdırılması ilə bağlı müvafiq sorğular verilmiş və sorğulara cavab olaraq göndərilmiş arayışlardan müəyyən olunmuşdur ki, İddiaçı Qiorqiyeviçin tutduğu vəzifələr (peşələr) üzən heyətə və işlədiyi gəmilər XDND-nin gəmilərinə aiddir. İşlədiyi “Ağdərə-6”, “Cənub-16”, “xxxx” gəmiləri liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı-xidmət gəmiləri, xidmət şəhərətrafı, şəhərdaxili yol gəmilərinə aid deyildir və Neft Şirkətinin dəniz obyektlərinə (Neft daşları, Çilov adası, Pirallahı adası və s.) xidmət etmişdir. İddiaçı Qiorqiyeviçin işlədiyi “Ağdərə-6”, “Cənub-16” və “xxxx” gəmiləri Cənub Rayon Dəniz X7 (CRDNDİ) tərkibində olub və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (AR DNŞ) “X13 Donanmasının strukturunun təkmilləşdirilməsi haqqında” 105 nömrəli xx.xx.2012-ci il tarixli əmrinə əsasən ləğv edilərək, hüquq və öhdəlikləri qanunvericiliklə nəzərdə tutulmuş qaydada XDND-nin Abşeron Rayon Dəniz X7 (ARDNDİ) tərkibinə ötürülmüşdür. Daha sonra 2014-cü ildə Abşeron Rayon Dəniz X11 ləğv edilərək, X13 Donanmasının tərkibinə daxil olmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 6 nömrəli və xx.xx.2014-cü il tarixli 213 nömrəli Sərəncamlarına əsasən Azərbaycan Dövlət X4 və X13 Donanmasının yenidən təşkili yolu ilə “xxxx” Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır (“xxxx” QSC X13 Donanmasının xx xxxx 2020-ci il tarixli TQ 01/02-357 №li məktubu). Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 22 oktyabr tarixli 6 nömrəli və xx xxxxxx 2014-cü il tarixli 213 nömrəli Sərəncamlarına əsasən Azərbaycan Dövlət X4 və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinn (SOCAR) X13 Donanmasının (XDND) yenidən təşkili yolu ilə ASCO yaradılmış və həmin müəssisələrin əmlakı, o cümlədən hüquq və öhdəlikləri ASCO-ya ötürülmüşdür. ASCO yaradıldıqdan sonra hüquqi şəxs olmuş SOCAR XDND-nin əvəzinə neft qaz sənayesinə xidmət göstərmək məqsədilə eyniadlı (X13 Donanması) hüquqi şəxs statusuna malik olmayan təşkilat yaradılmışdır. SOCAR XDND-nin balansından hüquqi varislik qaydasında ASCO-nun balansına ötürülmüş müvafiq gəmilər ASCO XDND-nin istifadəsinə verilmişdir. “Ağdərə-6”, “Cənub-16” və “xxxx” gəmiləri hüquq və öhdəlikləri ASCO-ya ötürülən SOCAR XDNDnin balansında olmuşdur. Qeyd olunan gəmilər istifadəyə yararsız vəziyyətə düşdüyü üçün qanunvericiliklə müəyyən edilmiş qaydada silinmişdir. Belə ki, “Ağdərə”, “Cənub-16” gəmiləri xx.xx.2006-cı il tarixli, “xxxx” gəmisi xx.xx.2013-cü il tarixli müvafiq əmrlərlə balansdan silinərək ləğv edilmişdir. Həmin gəmilər “daim liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri” kateqiriyasına aid deyildir. Onlar sahildən 20 mil məsafəyə qədər üzən dəniz donanma gəmiləri hesab olunurlar və fəaliyyət göstərdikləri dövrdə SOCAR-ın dəniz obyektlərinə (Neft daşları, Çilov adası, Pirallahı adası və s.) xidmət göstərmişdirlər (“xxxx” QSC tərəfindən məhkəməyə ünvanlanmış MC 02/02-148 №li xx xxxx 2020-ci il tarixli məktub). Qeyd olunan əsaslara görə birinci instansiya məhkəməsi iddianın təmin edilməsi barədə qərar qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün işin faktiki hallarını aydınlaşdırmış, sübutlara düzgün qiymət vermiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və qərarda göstərilən nəticələr işin hallarına uyğundur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyada) 2.1.8-ci bəndinə əsasən Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunla dəyişiklik edilənə qədər xx.xx.1997-ci il tarixədək qüvvədə olan redaksiyada 13-cü maddəsinin: a) bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarına 1 nömrəli əlavə kimi “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarına 2 nömrəli əlavə kimi “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. ““Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci maddəsi ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, 3 beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1- dək hər il altı ay artırılmışdır. Qanunun İ bölməsinin 1, 3, 7, 15, 17, 21 və 23-cü maddələri x xxxxxx 1997-ci ildən, qalan maddələri isə x xxxxxx 1998-ci ildən qüvvəyə minmişdir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, kişi cinsindən şəxsin 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməli; 2) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay, ümumi iş stajı minimum 25 il olmalı; 3) 12 il 6 ay xüsusi və 25 il ümumi iş stajı xx.xx.2006cı il tarixədək mövcud olmalıdır. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinə əsasən ....g) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoruntada və klinik ordinaturada təhsil müddəti ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidentin mühafizə orqanlarında xidmət müddəti də daxil edilir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən artıq, yəni 27 (iyirmi yeddi) il, 20 (iyirmi) gün ümumi iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. Bundan başqa apelyasiya şikayətinin dəlillərində iddiaçının 1982-ci ildən 2006-cı ilədək işləmiş olduğu peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993cü il tarixli 320 Qərarı ilə “Yeraltı işlərdə, əmək xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”na uyğun gəlmədiyi qeyd olunsa da, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, qeyd olunan Siyahıda iddiaçının işlədiyi peşələr nəzərdə tutulmuşdur: “Nəqliyyat” XXVİİİ fəsil (kod 23000000, fəsil); Dəniz və çay donanması- bölmə 3 (kod 23003000); 1) Üzən heyət (Dəniz, çay donanmasının və balıqçılıq sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olunmaqla) (kod 23003010). Həmçinin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının işlədiyi “Ağdərə-6”, “Cənub-16”, “xxxx” gəmiləri liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçıxidmət gəmiləri, xidmət şəhərətrafı, şəhərdaxili yol gəmilərinə aid deyildir və onlar dəniz donanma gəmiləri hesab olunurlar. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xx.xx.2006-cı ilə qədər 25 ildən artıq ümumi iş stajının, yəni 27 il 20 gün, o cümlədən 12 il 6 aydan artıq, yəni 23 (iyirmi üç) il, 2 (iki) ay güzəştli şərtlərlə iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmış, bu da ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün bütün qanuni əsası yaratmış olmuşdur. Ona görə də, məhkəmə kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2389/2020 saylı, xx xxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Hakimlər: Düzdür: Sədrlik edən: H.Ü.Həmidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar