Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1326/2022 08.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli, 2-1(112)-7278/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 05-08 aprel 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N saylı hərbi hissənin tabeliyində olan N saylı hərbi hissənin tərkibində 15.07.1993-cü il tarixindən 10.05.1994-cü il tarixində elan olunan atəşkəsə qədər torpaqlarımızın müdafiəsi və azad olunması uğrunda aparılan döyüşlərdə iştirak etdiyindən ona müharibə veteranı adının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1993-cü ilin iyul ayında Bakı şəhəri Nizami Rayon Hərbi Komissarlığı tərəfindən səfərbər olunaraq ikinci dəfə hərbi xidmətə çağırılıb. Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivi tərəfindən verilən 26.04.2021-ci il tarixli 9/2-3421 saylı arxiv arayışına əsasən N saylı hərbi hissə komandirinin 15.07.1993-cü il tarixli 196 №-li əmrinə əsasən tabeliyində olan N №-li hərbi hissənin şəxsi heyətinin siyahısına salınıb. Belə ki, həmin arxiv arayışında göstərilmişdir ki, "verilir İddiaçı ondan ötrü ki, N saylı hərbi hissə komandirinin 15.07.1993-cü il tarixli 196 №-li əmrində Nizami RHKdan toplanışa gəlmiş, 1966-cı il təvəllüdlü sıravi İddiaçı N №-li hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır." Görünür, Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya da yuxarıda göstərilən Arxiv Arayışında qeyd olunanları nəzərə alaraq ona X2 verilməsindən imtina etmişdir. Belə ki, həmin komissiya tərəfindən 29.04.2021-ci il tarixində ünvanıma göndərilən imtina məktubunda göstərimişdir ki, "döyüş əməliyyatları aparan zaman 15.07.1993-cü il tarixdən sonra N və N saylı hərbi hissələrdə hərbi xidmətiniz və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmağı barəsində arxiv sənədlərində məlumat olmadığına görə ona Müharibə Veteranı adının və vəsiqəsinin verilməsindən imtina olunur". Aşağıda göstərilənlərə görə imtina cavabını əsassız hesab edir: 1) Arxiv Arayışı ilə də təsdiq olunur ki, o, 15.07.1993-cü il tarixində N saylı hərbi hissə komandiri tərəfindən verilən 196 saylı əmrlə tabeliyində olan N saylı hərbi hissənin şəxsi heyətinin siyahısına salınıb. Bununla da onun döyüşən hərbi hissədə xidmətə başlamağı təsdiq olunur. Xidmətə başlamaq haqqında da əmr bir dəfə verilir. Sonralar əsgərin xidməti yeri dəyişilmirsə, həmin əsgər barəsində sonralar əmr kitabında məlumatların olmaması təbiidir. O da həmişə bir hərbi hissədə xidmət etdiyi üçün həmin tarixdən sonra əmr kitabına düşməyib. Bu da onu göstərir ki, imtinanın hərbi xidmətlə bağlı Müdafiə Nazirliyinin arxivində məlumatın olmaması hissəsi ilə əlaqədar qanunsuzdir. 2) İmtina məktubunda göstərilən ikinci dəlilə, yəni qanuna əsasən ehtiyata buraxılmağı barəsində Müdafiə Nazirliyinin arxivində məlumatın olmamasına gəldikdə isə bildirir ki, bunun səbəbinin də ondan asılı olmaması arxiv arayışında açıq-aşkar göstərilmişdir. Belə ki, Arxiv Arayışında göstərilmişdir ki, N №-li hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi arxivinə daxil olmamışdır. Belə olan halda, yəni xidmətdə olduğu hərbi hissənin əmr kitablarının arxivə daxil olmaması hüquqlarının pozulması üçün əsas ola bilməz. Hesab edir ki, belə olan halda Müdafiə Nazirliyi inzibati orqan kimi müvafiq inzibati araşdırmalarının aparılmasını təmin etməli və hərbi hissənin əmrlərinin arxivə daxil olmaması ilə əlaqədar pozulan hüquqlarının bərpası barəsində qərar qəbul etməlidir. Çünki N saylı hərbi hissənin aidiyyətli vəzifəli şəxsləri tərəfindən yol verilən qanunsuzluqlar onun hüquqlarının pozulması üçün əsas ola bilməz. O, N saylı hərbi hissədə yox, həmin hərbi hissənin tabeliyində olan N saylı hərbi hissədə xidmət etmişdir. Sonda iddiaçı qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli, 2-1(112)-7278/2021 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim: G.Sevdimalıyeva) Həmin qərardan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, onun başa düşdüyüm qədər məhkəmə qərarında göstərilən hallardan biri barəsində, yəni döyüşən hərbi hissədə xidmətinin təsdiq olunması barəsində məhkəməyə sübutlar təqdim olunmadığından iddia tələbi rədd edilmişdir. Bununla da məhkəmə guya onun Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivində olan xidmətdə olduğu N saylı hərbi hissənin əmr kitablarında döyüş əməliyyatlarında iştirak etməsinə dair və ordu sıralarından qanuni əsaslarla ehtiyata buraxılması barədə heç bir təsdiqedici sənədi yoxdur. Halbuki, Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivi tərəfindən verilən 26.04.2021-ci il tarixli 9/2-3421 saylı arxiv arayışın axırında, nəticə hissəsində göstərilmişdir ki, "N №-li hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır." İş materiallarında olan sənədlərlə və işin faktiki halları ilə də təsdiq olunur ki, o, ilk gündən hərbi xidmətini 15.03.1993-cü il tarixindən Füzuli bölgəsində döyüş əməliyyatları aparan N saylı hərbi hissədə başlamışdır. N saylı hərbi hissə təminat xərcləri üzrə N saylı hərbi hissənin tabeliyində olduğu üçün N saylı şəxsi heyətinin siyahısına daxil edilməyi barəsində ilk əmri N saylı hərbi hissə tərəfindən verilmişdir. Əmr N saylı hərbi hissənin komandiri tərəfindən verilsə də, onun ilk gündən xidməti N saylı hərbi hissədə başlamışdır. Belə olan halda onun xidmətinin lazım oldu-olmadı N saylı hərbi hissə ilə əlaqələndirilməsi məqsədli xarakter daşıyır, çünki verilən əmrlə və işin faktiki halları ilə sübut olunur ki, onun xidmətləri haqqında N saylı hərbi hissənin arxiv sənədlərində heç bir məlumat olmayacaqdır. Onun xidməti barəsində məlumat N saylı hərbi hissənin arxiv sənədlərində olmalıdır. Arxiv arayışında göstərilib ki, onun xidmətdə olduğu N saylı hərbi hissənin əmrləri arxivə daxil olmayıb (təsdiq olunmayan məlumatlara görə xidmətdə olduğu N saylı hərbi hissənin qərargahı sənədlərlə birlikdə yanmışdır). Belə olan halda arxiv arayışına istinad edib onun xidməti haqqında məlumat arxivdə yoxdur demək vəzifə saxtakarlıqdır. Ona görə də bir daha xahiş edir ki, tərəfləri çağırmaqla məhkəmə iclası keçirilsin. Bütün yuxarıda göstərilənlərlə təsdiq olunur ki, bu iş barəsində inzibati orqan kimi Müdafiə Nazirliyi tərəfindən heç bir inzibati araşdırma aparılmamışdır. İnzibati araşdırma aparılsa məlum olar ki, xidmətdə olduğu N saylı hərbi hissənin arxiv sənədlərinin yoxa çıxması onun günahı deyildir. Ona görə də bu iş barəsində qanunda nəzərdə tutulan qaydada ədalətli məhkəmə araşdırmaları aparıldıqdan sonra ya iddia tələbi təmin olunmalıdır, ya da apelyasiya məhkəməsi zəruri hesab edərsə tərəflərin iştirakı ilə işə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə iddiaçının izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı ona müharibə veteranı adının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, normativ hüquqi aktların tələbinə əsasən, məhkəmə tərəfindən aşağıdakı iki hal müəyyən edilməlidir: Şəxsin (İ) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirakı faktı və (İİ) həmin dövrdə hərbi cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilib-edilməməsi (bəraətverici əsaslarla cinayət təqibinə xitam istisna olmaqla) və məhkumluğunun olub-olmaması olmalıdır. İddianın uğurluluğu həmin hallardan asılıdır və bu səbəbdən məhkəmə araşdırmasının həddi qeyd edilən halları müəyyən etməklə məhdudlaşmalıdır. 1-ci hala münasibətdə iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakı faktı təsdiq olunmur, belə ki, onun N2 və (və ya) N saylı hərbi hissələrin tərkibində döyüş əməliyyatlarda iştirak etməsinə dair və ordu sıralarından qanuni əsaslarla ehtiyata buraxılması barədə heç bir təsdiqedici sənədi yoxdur. 2-ci hala münasibətdə məhkəmə qeyd etmişdir ki, həmin dövrdə iddiaçının hərbi cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi və məhkumluğunun olub-olmaması məhz Daxili İşlər Nazirliyi və onun rayon polis idarə (şöbələri) tərəfindən təqdim edilən fərdi uçot məlumatları əsasında müəyyən edilməlidir. Məhkəmə sorğusuna verilən cavab əsasında iddiaçının məhkumluğunun olmadığı müəyyən edilir. Lakin məhkəmə qeyd etmişdir ki, hər iki hal eyni zamanda mövcud olduğu təqdirdə iddiaçının müvafiq hüququ təmin oluna bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Bu müddəa Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir Həmin qanunun 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir... Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 3-cu maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin 1-ci bəndinin 8-ci yarımbəndinə əsasən müharibə veteranı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Həmin Əsasnamənin qeyd hissəsində göstərilmişdir ki, bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Həmin Əsasnamədə göstərilmişdir ki, bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Əsasnaməyə uyğun olaraq müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi və bunun müvafiq mötəbər sənədlərlə sübut olunmasıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 2006cı il 27 sentyabr tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2007-ci il 09 iyul tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: 1) şəxsin hərbi xidmət keçməsi və 2) bunun müvafiq sənədlərdə əks edilməsi. Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması nəzərdə tutulur. Hərbi xidmət keçmənin müvafiq sənədlərdə əks edilməsi dedikdə isə bu zaman zəruri sənədlər məfumuna Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin 6 yanvar 1998-ci il tarixli 4 nömrəli əmri ilə təsdiq edilmiş “Müharibə veteranı”, “Silahlı Qüvvələr veteranı və Əmək veteranı” adlarının verilməsinin qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatın 1.6-cı bəndinə əsasən 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə “Müharibə veteranı” adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxiv tərəfindən verilmiş 14.01.2021-ci il tarixli arxiv arayışına əsasən, İddiaçı N2 №-li hərbi hissə komandirinin 15.07.1993-cü il tarixli 196 №-li əmrində (əsas: § 1, sıra 31, əmrdə soyadı Ələkpərov yazılmış, atasının adı tam yazılmamışdır) Nizami RHK-dan toplanışla gəlmiş, 1966-cı il təvəllüdlü sıravi Ələkpərov İslam D. oğlunun N №-li hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilməsi barədə məlumat vardır. Qeyd edilir ki, N2№-li hərbi hissə komandirinin yanvar-iyun 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidmət barədə məlumat aşkar edilməmişdir. N№-li hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxiv tərəfindən verilmiş 26.04.2021-ci il tarixli arxiv arayışına əsasən, İddiaçı N2 №-li hərbi hissə komandirinin 15.07.1993-cü il tarixli 196 №-li əmrində (əsas: § 1, sıra 31, əmrdə soyadı Ələkpərov yazılmış, atasının adı tam yazılmamışdır) Nizami RHK-dan toplanışla gəlmiş, 1966-cı il təvəllüdlü sıravi Ələkpərov İslam D. oğlunun N №-li hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilməsi barədə məlumat vardır. Qeyd edilir ki, təkrar aparılan araşdırmalar zamanı N2 №-li hərbi hissə komandirinin yanvar-iyun 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. N №-li hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 29.04.2021-ci il tarixli məktubda iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, Müharibə Veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdındə “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya”nın 28.04.2021-ci il tarixli iclasında baxılmış və müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər gen qaytarılmışdır. Döyüş əməliyyatları aparılan zaman 15.07.1993-cü il tarixdən sonra N və N2 nömrəli hərbi hissələrdə hərbi xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmağı barədə arxiv sənədlərində məlumat olmadığına görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Məhkəmə kollegiyası işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verərək hesab edir ki, döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı adı qanunvericiliyə əsasən səlahiyyətli dövlət qurumları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma, travma, kontuziya alma haqqında arayışlar və hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrlərdən çıxarışlar, və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilməlidir. İstinad olunan normalardan göründüyü kimi müharibə veteranı adının verilə bilməsi üçün təkcə şəxsin döyüş əməliyyatları aparan hərbi hissədə xidmət aparması faktının sübuta yetirilməsi kifayət deyildir. Bununla yanaşı, həm də şəxsin həmin hərbi hissədən qanunla müəyyən edilmiş qaydada tərxis olunması faktı da tam sübuta yetirilməlidir. Belə ki, döyüş əməliyyatları aparan hərbi hissədə xidmət keçmə faktı həmin hərbi hissəyə həm qanunla müəyyən edilmiş qaydada daxil olmanı, həm də qanunla müəyyən edilmiş qaydada tərxis olmanı ehtiva edir. Tərxis barədə nizami hissə üzrə əmrin olmaması isə hərbi hissənin tərkibində qanunla müəyyən edilmiş qaydada çıxmamanı təsdiq edir. Bu isə şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmə faktının tam təsdiq olunmadığına dəlalət edir. Belə olduğu təqdirdə kollegiya qeyd edir ki, iddiaçının qanuni əsaslarla ordudan tərxis olunması mötəbər sübutlarla təsdiq edilmədiyindən iddia sübuta yetirilmiş sayıla bilməz. Belə ki, yuxarıda istinad olunan normalara əsasən iddiaçının qanunla müəyyən edilmiş qaydada tərxis olunmaması onun “döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs” statusunu əldə etməməsinə səbəb olur. Yuxarıda istinad edilən “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin 8-ci yarımbəndində əsasən, hərbi bilet əsasında müharibə veteranı adı həmin şəxslərin hərbi bileti ilə eyni zamanda hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda verilir. Hazırkı iş üzrə isə iddiaçının qanuni əsaslarla ordudan tərxis olunması barədə nə hərbi hissələrin nizami hissə üzrə əmrləri, nə də arxiv arayışları mövcuddur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 46.1-cı maddəsinə əsasən inzibati icraatda iştirak edən şəxslər işin bütün faktiki hallarının müəyyən edilməsinə kömək etməyə, iş üçün əhəmiyyət kəsb edən və onlara məlum olan faktlar barədə məlumat verməyə, özlərində olan zəruri sübutları təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli, 2-1(112)-7278/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1326/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1326/2022
08.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver