Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1326/2024 23.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X4 ibarət tərkibdə, Eldarzadə Şirazı Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7133/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək məhkəmədən iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və 20 dekabr 2019-cu il tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının ümumi və güzəştli iş stajı qanunvericilikdə nəzərdə tutulmuş həddən çox olmasına baxmayaraq, cavabdeh əsassız imtina verərək onun güzəştli iş stajının qanunvericilikdə nəzərdə tutulmuş həddən aşağı olduğunu qeyd etmişdir. Halbuki, onun əmək stajını təsdiq edən əmək kitabçası və güzəştli arayışları mövcuddur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7133/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə (hakim O.Həsənov) iddia təmin edilmiş, İddiaçı 52 yaşdan, yəni xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi, pensiya hüququnun yarandığı tarixdən ödənilməyən pensiya məbləğinin isə xx.xx.2019-cu il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7133/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilib, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdehin apellyasiya şikayəti imtina məktubunun məzmununa uyğun əsaslandırılmış və qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsinin qərarı əsassızdır. Belə ki, cavabdeh inzibati orqan tərəfindən xx.xx.2023-cü il tarixli 3-17-1/2-A-9767/2023 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən 27 oktyabr 1977-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasına və Azərbaycan Milli Elmlər Akademiyasının iddiaçıya dair 24 dekabr 2015-ci il tarixli 6 nömrəli arayışına əsasən İddiaçı xx.xx.1989-xx.xx.2015-ci il tarixləri arasındakı dövr ərzində “X6 Emalı üzrə Təcrübə İstehsalatının Xüsusi Konstruktor Texnologiya Bürosu”nda aparıcı mühəndis vəzifəsində işləmişdir. Göründüyü kimi iddiaçının işlədiyi sahə Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq olunmuş siyahıda nəzərdə tutulan “Kimya istehsalatı sahəsi”nə uyğun deyildir. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. Eyni zamanda, Mərkəzi Filiala təqdim edilən sənədlərə əsasən İddiaçı ümumi iş stajı 25 ildən az (23 il 5 ay 14 gün (xx.xx.1977-xx.xx.1978-ci il, xx.xx.1981-xx.xx.1981-ci il, xx.xx.1983-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər)) təşkil edir. Cavabdeh inzibati orqan tərəfindən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-29/2-6923/2023 nömrəli məktuba baxılmış və xx.xx.2023-cü il tarixli 3-17-1/3-1-99273/2023 nömrəli məktubla bildirilmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən, onun ümumi iş stajı 28 il 1 ay 12 gün (xx.xx.1977-xx.xx.1978-ci il, xx.xx.1978-xx.xx.1983-cü il (təhsil aldığı dövr), xx.xx.1983-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) dəqiq göstərilməlidir. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 2.2.1-ci yarımbəndinə və 4.1-ci bəndinə əsasən güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmağına dair iş yerinin arayışı Mərkəzi Filiala təqdim olunmalıdır. Birinci instansiya məhkəməsi iddiaçının işlədiyi peşənin əmək funksiyalarının və müvafiq siyahıya uyğunluğunun yoxlanılması ilə bağlı analoji müəssisələrdə mövcud olan eyni adlı peşələrin müqayisəli təhlilini aparmamış, heç bir əsas olmadan iddiaçının işlədiyi vəzifənin güzəştli şərtlərlə pensiya hüququ verən vəzifəyə aid etmişdir. İş materiallarında olan məhkəməyə ünvanlanmış AMEA Rəyasət Heyəti aparatının Elmi irs şöbəsi tərəfindən verilmiş məktublarda da qeyd olunduğu kimi İddiaçı X9 üzrə Təcrübə İstehsalatının Xüsusi Konstruktor Texnologiya Bürosunda aparıcı mühəndis işləməsi təsdiqlənmiş, lakin onun işlədiyi vəzifənin zərərli peşələrə aid olması təsdiq olunmamışdır. İşin sadalanan halları ilə iddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 20 il ümumi iş stajının olması və onun 10 ildən artıq müddətini 1 nömrəli Siyahı üzrə nəzərdə tutulmuş sahədə işləməsi tam sübuta yetirilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan diplomun surətindən görünür ki, iddiaçı 1978-ci ildən 29 iyun 1983-cü il tarixədək “Maşınqayırma texnoloqiyası metalkəsən dəzgəhlar və alətlər” ixtisası üzrə təhsil almışdır. Hərbi biletin surətindən görünür ki, iddiaçı 19 iyun 1982-ci il tarixdən 28 may 1983-cü il tarixədək hərbi xidmətdə olmuşdur. İş materiallarında olan əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1977ci il tarixdən xx.xx.1978-ci il tarixədək, xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci il tarixədək, xx.xx.1983-cü il rarixdən xx.xx.1989-cu il tarixədək, xx.xx.1989-cu il tarixdən xx.xx.2015-ci il tarixədək müxtəlif vəzifələrdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. AMEA X5 Emalı üzrə Təcrübə İstehsalatı Xüsusi Konstruktor Texnoloji Bürosu tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçı xx.xx.1989-cu il tarixdən xx.xx.2015-ci il tarixədək tam iş günü Azərbaycan Milli Elmlər Akademiyasının X5 emalı üzrə təcrübə istehsalatlı xüsusi konstruktor texnoloji bürosunda aparıcı mühəndis vəzifələrində işləmişdir. İddiaçı işlədiyi müddətdə 1 saylı siyahının kimya istehsal bölməsinə daxil olan zərərli kimyəvi maddələrlə (1080 AO 10) o cümlədən dietill tellur, tetraetil qurğuşun, tetra etil qalay, qurğuşun, civə, viniltrixlorsilan, benzol kimi zərərli maddələrlə işləmişdir. Bunun müqabilində İddiaçı qısaldılmış iş şəraitində işləmiş, gündəlik südlə təmin olunmuş, ona əlavə məzuniyyət verilmiş və 20 % əlavə olaraq əmək haqqı almışdır. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının 1 saylı siyahısının Vİİİ bölməsi kimya sənayesində çalışan peşə sahiblərinin güzəştli şərtlərlə təqaüdlə təmin olunmasına əsas verir. Həmçinin, iş materiallarında olan Azərbaycan Milli Elmlər X2 tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, X6 Emalı üzrə Təcrübə İstehsalatının Xüsusi Konstruktor Texnologiya Bürosunda aparıcı mühəndis vəzifəsində işləmiş İddiaçı işlədiyi vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında “Kimya istehsalatı” sahəsinə aid olub-olmaması, aiddirsə bunu təsdiq edən məlumatların təsdiqedici sənədlərinin təqdim edilməsi barədə sorğu ilə bağlı bildirilir ki, X5 Emalı üzrə Təcrübə İstehsalatlı Xüsusi Konstruktor Texnoloji Bürosu (Büro) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 dekabr 2015-ci il tarixli 379 nömrəli qərarı ilə ləğv edilmişdir. Ləğv edilmiş müəssisənin sənədləri AMEA Rəyasət Heyəti aparatının Elmi irs şöbəsinə təhvil verilmişdir. AMEA Rəyasət Heyəti aparatının Hüquq şöbəsinin xx.xx.2023cü il tarixli sorğusuna cavab olaraq, AMEA Rəyasət Heyəti aparatının Elmi irs şöbəsindən verilmiş xx.xx.2023-cü il tarixli arayışına əsasən AMEA Rəyasət Heyəti aparatının Elmi irs şöbəsində saxlanılan sənədlərin içərisində X5 Emalı üzrə Təcrübə İstehsalatlı Xüsusi Konstruktor Texnoloji Bürosunda zərərli işlərdə işləyən işçilərə aid olan sənədlər qovluğu, həmçinin İddiaçı zərərli əmək şəraitli işlərdə işləməsi ilə bağlı heç bir sənəd və ya məlumat aşkar edilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 9.1-ci maddəsinin 13 may 2022-ci il tarixədək olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.1-ci maddəsinin 13 may 2022-ci il tarixdən sonrakı redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun (01 avqust 1999-cu il tarixinə olan redaksiyasına görə) 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Bəhs edilən normaların məzmunundan məlum olur ki, iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: a) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 20 il ümumi iş stajının mövcud olması; b) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 10 güzəştli iş stajının mövcud olması. Belə ki, “Ümumi iş stajı” anlayışı ilə bağlı 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakılar müəyyən olunmuşdur: 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir; 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. 26 sentyabr 2006-cı tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 638 saylı, 25 noyabr 1992-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 3-cü bəndində müəyyən edilmişdir ki, əmək kitabçası olmadıqda (...) əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri (...) nəzərə alınır. Hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: -Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarının: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: 1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;
2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən; 3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən; 4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən; 5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən; 6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən; Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, əmək pensiyası hüquqlarına əmək stajı, əmək haqqı və sosial sığorta göstəriciləri aid edilir ki, onlar müxtəlif vaxtlarda müxtəlif qaydada qanunvericiliklə tənzimlənmişdir. Qeyd olunmalıdır ki, həm xx.xx.2006-ci il tarixədək qüvvədə olmuş, həm hüquq münasibətləri yarandığı vaxtda qüvvədə olmuş, həmçinin hazırda qüvvədə olan qanunvericilik əmək kitabçasına əsasən əmək stajının müəyyən edilməsinə dair imperativ norma nəzərdə tutmamış, əksinə əmək kitabçası olmadıqda işəgötürənin arayışı əsasında müəyyən edilməsini şərtləndirmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının təhsil aldığı dövrlə bağlı iddiaçının əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməsi məsələsi iddiaçının pensiya təyin edilməsi üçün müvafiq yaşa çatdığı vaxt qüvvədə olan qanunvericiliyə görə deyil, həmin təhsilin özünün alındığı zaman qüvvədə olan qanunvericiliyə görə həll edilməlidir. Çünki bu zaman həll edilməli olan məsələ həmin müddətin sosial sığorta stajına daxil edilməli olubolmadığı məsələsidir. Başqa sözlə, aydınlaşdırılmalı olan hüquq münasibəti əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməli olub-olmadığıdır. Hüquq münasibətinə verilməli olan qiymət isə onun yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına görə həll olunmalıdır. Bu mənada, konkret iş üzrə mübahisəli hüquq münasibəti əyani təhsil alınması ilə bağlı yaranan münasibətdir. Ona görə də, həmin münasibətə məhz onun yarandığı zaman qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınmaqla qiymət verilməlidir. 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 109-cu maddəsinin «и» bəndində təsbit edilmişdi ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti ümumi iş stajına daxil edilir. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. İş materiallarında olan əmək kitabçasının və diplomun surətindən görünür ki, iddiaçı 1978-ci ildən 29 iyun 1983-cü il tarixədək “Maşınqayırma texnoloqiyası metalkəsən dəzgahlar və alətlər” ixtisası üzrə təhsil almışdır. Məhkəmə qeyd etmişdir ki, diplomda təhsil müddətinin başlamasının 1978-ci ildən olduğu göstərilmiş, lakin gün və ay tarixi qeyd olunmamışdır. Ümumməlum arqument odur ki, SSR dövrdə, həmçinin Azərbaycan Respublikasının bilik günün “15 sentyabr” olması qeyd edilməzdən əvvəl, təhsil müəssisələrində tədris fəaliyyəti 01 sentyabr tarixdən başlayırdı. Bu səbəbdən, birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçının təhsil müddətinin xx.xx.1978-xx.xx.1983 dövrü (04 il 09 ay 29 gün) əhatə etdiyi qənaətinə gəlmişdir. Məhkəmə hərbi xidmətdə olduğu müddət ilə bağlı “Əmək pensiyaları haqqında” Qanunun 22.2-ci maddəsini rəhbər tutaraq, iddiaçının razılığı əsasında iddiaçının xx.xx.1982-xx.xx.1983-cü il tarixdən hərbi xidmətdə olduğu dövru təhsil müddətini əhatə olunan dövrə təsadüf etdiyini nəzərə alaraq, həmin dövrü kəsintisiz olaraq götürmüşdür. İddiaçının xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci il tarixədək işlədiyi müddət onun təhsil müddəti ilə üst-üstə düşdüyündən, iddiaçının razılığı əsasında həmin müddət nəzərə alınmır. Beləliklə, iddiaçının təhsil müddəti, hərbi xidmətdə olduğu, həmçinin əmək kitabçasında əmək fəaliyyəti ilə məşğul olduğu dövrü cəmlədikdə müəyyən olunur ki, onun 52 yaşı tamam olduğu vaxtadək ümumi iş stajı 20 ildən (xx.xx.1977- xx.xx.1978; xx.xx.1978 – xx.xx.1983; xx.xx.1983-xx.xx.1989; xx.xx.1989-xx.xx.2006 = 28 il 1 ay 16 gün) çox təşkil edir. Beləliklə, iddiaçı tələb olunan ümumi iş stajını toplamışdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə bildirir ki, iddiaçı 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun qazanılması üçün güzəştli iş stajı ilə bağlı şərti də ödəmişdir. Belə ki, 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli arayış) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Oxşar işlər üzrə formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Cavabdeh inzibati orqanın iddiaçının güzəştli iş stajı ilə bağlı şərtin ödənilmədiyi barədə apellyasiya şikayətinin dəlili ilə bağlı qeyd olunmalıdır ki, məhkəmə icraatı zamanı təqdim olunmuş 24 dekabr 2015-ci il tarixli arayışdan görünür ki, iddiaçı xx.xx.1989-cu il tarixdən xx.xx.2015-ci il tarixədək tam iş günü Azərbaycan Milli Elmlər Akademiyasının X5 emalı üzrə təcrübə istehsalatlı xüsusi-konstruktor texnoloji bürosunda aparıcı mühəndis vəzifələrində işləmiş, işlədiyi müddətdə 1 saylı siyahının kimya istehsal bölməsinə daxil olan zərərli kimyəvi maddələrlə (1080 AO 10), o cümlədən dietill tellur, tetraetil qurğuşn, tetra etil qalay, qurğuşun, civə, viniltrixlorsilan, benzol kimi zərərli maddələrlə işləmiş, bunun müqabilində qısaldılmış iş şəraitində işləmiş, gündəlik südlə təmin olunmuş, ona əlavə məzuniyyət verilmiş və 20 % əlavə olaraq əmək haqqı almışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” İ nömrəli Siyahının Vİİİ. Kimya istehsalatı bölməsində 1080A00—17541 kod altında nəzərdə tutulan A. tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssislərinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqları yaranır. - işıq tərkiblilər; qurğuşun, civə, xrom, onların oksidləri, birləşmələrinin maddələri; selen, tellur, selenli, misli, sinkli birləşmələr; kükürdkarbon; silikaqel; sintetik kauçuklar, sintetik vitaminlər; sintetik rəngləyici, piqmentlər, onların xırdalanması, qurudulması, sintetik qatranlar, laklar; barium, titan birləşmələri; spirtlər, onların törəmələri; stirol, onun törəmələri; polimerləri, polimer kimiləri; kömürsulfid; termohəssas rənglər. Eyni zamanda, o da nəzərə alınmalıdır ki, iddiaçının işlədiyi X5 Emalı üzrə Təcrübə İstehsalatlı Xüsusi Konstruktor Texnoloji Bürosunun direktoru, həmçinin direktor müavini (güzəştli arayışı verən səlahiyyətli şəxs) kimya üzrə fəlsəfə doktoru olmuşdurlar ki (bu halı təsdiq edən Azərbaycan Milli Elmlər Akademiyasının rəsmi saytından çıxarış iş materiallarına əlavə olunur), həmin şəxslər güzəştli arayışda iddiaçının məhz kimyəvi maddələr ilə əmək fəaliyyətini icra etdiyini təsdiq etmişdirlər. Həmin məlumatların mötəbərliyi şübhə doğurmur. İşə baxan məhkəmənin qənaətinə görə iddiaçının xx.xx.1989-cu il tarixdən xx.xx.2015-ci il tarixədək tam iş günü Azərbaycan Milli Elmlər Akademiyasının X5 emalı üzrə təcrübə istehsalatlı xüsusi-konstruktor texnoloji bürosunda aparıcı mühəndis vəzifəsində işləməsi, həmin vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 №-li Siyahısında Vİİİ bölməsində 1080A00—17541 kod altında nəzərdə tutulması müvafiq arayış ilə təsdiq olunduğundan, onun işlədiyi həmin müddət (xx.xx.1989-xx.xx.2006) güzəştli iş stajı kimi nəzərə alınmalıdır. Həmin müddət üzrə müvafiq illəri cəmlədikdə məlum olur ki, iddiaçının xx.xx.2006-cı il tarixədək güzəştli iş stajı 10 ildən (16 il 20 gün) çox təşkil edir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun tələblərindən göründüyü kimi, cavabdeh inzibati orqan özü yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplamalı və nəzərə almalı, fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklər qoymamalı, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı 52 yaşdan, yəni xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi, pensiya hüququnun yarandığı tarixdən ödənilməyən pensiya məbləğinin isə xx.xx.2019-cu il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə nəticəyə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, həmin dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh inzibati orqanın apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7133/2023 saylı, 09 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev