Məhkəmə qərarları › İş №2-1(103)-1327/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1327/2021

31.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1327/2021 31.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, tərcüməçi X1, İddiaçı iştirakı ilə cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı məhkumla görüşə icazə verilməsi öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1740/2021 nömrəli iş üzrə 10 fevral 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum X3 ilə görüşə icazə verilməsi vəzifəsinin həvalə edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 10.02.2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardadla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Şikayətin dəlillərinə görə, iddiaçı məhkumla görüşüb, bəzi faktları dəqiqləşdirmək istəyir, lakin cavabdeh buna imkan vermir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı şikayəti müdafiə edib, ona uyğun izahat vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Mahiyyətcə şikayət əsassızdır. Məhkəmə kollegiyası bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-in 2.2.3, 34.1 və 35.1-ci maddələri). İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə yükü iddiaçının üzərindədir. İşin faktiki hallarından məlum olur ki, iddiaçı məhkəməyə müraciət edərək, X2 ilə X3 arasında pul tələbinə dair məhkəmə mübahisəsinin olduğunu, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qətnaməsi ilə A.Məmmədovdan 75.030 manat məbləğdə pulun tutularaq S.İmanquliyevaya verilməli olduğunu qeyd etmiş, sonuncuya hüquqi yardım göstərdiyini bildirərək, hazırda 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum A.Məmmədovla görüşə icazə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. İşdə olan, AR ƏN PX 11 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum A.Məmmədov tərəfindən həmin müəssisənin rəisinə ünvanlanmış yazılmış 14.11.2020-ci il tarixli ərizədən görünür ki, məhkum iddiaçını şəxsən tanımadığını, onunla qohumluq əlaqəsinin olmadığını və görüşməkdən imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 81-ci maddəsinə əsasən: 81.1. Məhkumlara cəzaçəkmə müəssisəsinin ərazisində dörd saatadək qısamüddətli və bir gündən üç günədək uzunmüddətli görüşlər verilir; 81.2. Qısamüddətli görüşlər qohumlarla və başqa şəxslərlə cəzaçəkmə müəssisəsinin nümayəndəsinin iştirakı ilə verilir; 81.4. Məhkumlara müsbət təsir göstərə biləcək digər şəxslərlə görüş üçün cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən şərait yaradılır; 81.5. Görüşlərin sayı və növləri bu Məcəllə ilə müəyyən edilir; 81.7. Hüquqi yardım almaq üçün məhkumların özlərinin, yaxın qohumlarının və ya onların qanuni nümayəndələrinin ərizəsinə əsasən məhkumlara vəkillərlə, habelə belə yardımı göstərmək hüququna malik olan digər şəxslərlə görüş verilir; 81.8. Məhkumlarla bu Məcəllənin 81.7-ci maddəsi ilə müəyyən edilmiş görüşlərin sayı və müddəti məhdudlaşdırılmır və cəzaçəkmə müəssisələrinin X4 riayət edilməklə həyata keçirilir. Belə görüşlər bu Məcəllə ilə müəyyən edilmiş görüşlərin sayına daxil edilmir; 81.9. Vəkil və ya hüquqi yardım göstərmək hüququna malik olan digər şəxs cəzaçəkmə müəssisəsinə onun şəxsiyyətini və səlahiyyətlərini təsdiq edən sənədi təqdim etdikdə buraxılır. Belə görüşlər tərəflərin arzusu ilə təklikdə keçirilir. İddiaçı məhkumun vəkili, yaxın qohumu və onun görüşmək istədiyi şəxs deyil. Bu isə o deməkdir ki, iddiaçı cavabdehə qarşı hazırkı iddianı qaldıra bilmək üçün müvafiq subyektiv hüquqa malik olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04.05.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30.07.2008-ci il tarixli Qərarında göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Həmin qərarda izah edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3-cü bənd). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5-ci bənd). Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Beləliklə, inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən qüvvədə saxlanılmalı, şikayət təmin edilməməlidir (İPM-in 87.6-cı maddəsi). Göstərilənlərə əsasən və İPM-in 68, 80, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1740/2021 nömrəli iş üzrə 10 fevral 2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Həmid Həmidov Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar