Məhkəmə qərarları › İş №2-1(103)-1327/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1327/2022

20.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1327/2022 20.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Yusifov Cahangir Afər oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, Cavabdehin nümayəndəsi X13 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9923/2021 saylı, 06 dekabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə müraciət edərək yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1963-cü ildə Azərbaycan Respublikasının Hacıkənd qəsəbəsində anadan olmuş, xx.xx.1985-ci ildə Xanlar Mərkəzi rayon Xəstəxanasının Köşkü kəndində yerləşən məntəqədə xadiməçi kimi əmək fəaliyyətinə başlamışdır. 15 iyul 1989-cu ildə Köşkü KMMnin kiçik tibb işçisi vəzifəsinə keçirilərək 03 aprel 2003-cü ilə kimi işləyərək öz ərizəsilə işdən azad edilmişdir. 1984-cü ildə X7 ilə rəsmi nikah bağlayaraq bir təsərrüfatı idarə etmişdir. Bu nikahdan 5 qız uşağı anadan olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 14 aprel 1995-ci il tarixli 313 saylı Fərmanı və Torpaq islahatına haqqında qanunun 9-cu maddəsinə əsasən, həmçinin Xanlar rayon Aqrar İslahat Komissiyasının 03 noyabr 1997-ci il tarixli 16 saylı qərarı ilə 2,70 ha torpaq sahəsi kənd təsərrüfatı məsullarının istehsalı üçün ailə üzvülərinin mülkiyyətinə verilmişdir. Bu halı Azərbaycan Respublikası Torpağın Mülkiyyət hüququna dair JN-122 kod 50803028 Dövlət Aktı təsdiq edir. O və ailə üzvləri mülkiyyətlərinə verilmiş 2,70 ha torpaq sahəsində kənd təsərrüfatı məsullarının istehsalı ilə məşğul olaraq əmək fəaliyyətimi davam etdirmişdir. Bununla bağlı Azərbaycan Respublikası Dövlət Sosial Müdafıyə Fonduna Seriya Çil 205332 saylı mədəxal qəbzi ilə məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. Ümumilikdə 36 il əmək stajı mövcuddur. Lakin onun kənd təsərrüfatı məsullarının istehsalı ilə işlədiyi dövrləri əmək stajına əlavə kimi hesablanmamışdır. Bunan başqa, o, 5 uşaq anasıdır, buna görə də ona güzəştlər edilməlidir. Bu göstərdiklərini nəzərə alaraq ona pensiya təyinatı aparılmasını xahiş etmişdir. Cavabdeh qurum həmin təyinatı aparmaqdan imtina etmişdir. Cavabdeh qurum tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında məktubda bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci maddəsinə əsasən beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027- ci il iyulun 1-dək hər il 6 ay artırılır. xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək qadınların pensiya yaşı 62 yaş müəyyən edilmişdir. Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim etdiyi xx.xx.2009-cu il tarixində tərtib edilmiş ******* saylı əmək kitabçasının surətinə əsasən sizin ümumi sığorta stajı 17 il 6 ay 17 gün olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda sığorta stajına uyğun pensiya kapitalı 12673,00 manat olmaqla qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Məlumat üçün bildirilmişdir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanlara əsasən ona yaşa görə əmək pensiyasının təyin olunması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə olaraq bildirilmişdir ki, ona xx.xx.2020-ci il tarixindən çoxuşaqlı qadın kimi yaşa görə müavinət təyin olunmuşdur. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. ASSR-nin 1971-ci il 10 dekabr tarixli qanunu ilə təsdiq edilmiş Əmək Qanunları Məcəlləsinin 29-cu maddəsinə əsasən işçinin əmək fəaliyyətini təsdiq edən əsas sənəd əmək kitabçası hesab edilir. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 -ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” qanunun 8.1-ci müddəasına əsasən beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. İşin faktiki hallarına görə İddiaçı əmək kitabçasındakı qeydlərə əsasən 25 illik sosial sığorta stajına qarşı 17 il 6 ay 17 gün sosial sığorta stajı mövcuddur. Həmçinin, tələb olunan 28800 manat pensiya kapitalına qarşı vətəndaşın X2 X16 Sistemində fərdi hesabın sığorta hissəsində qeydə alınmış 12673,00 manat məbləğində pensiya kapitalı mövcuddur. Bu səbəbdən də vətəndaşa pensiya təyin edilməsi qanunvericiliyə ziddir. Bundan əlavə, vətəndaş 2008-ci ildə onun xeyrinə məcburi dövlət sosial sığorta haqqının ödənildiyini ərizəsində iddia etmişdir. Bu iddianın araşdırılması üçün cavabdeh orqan tərəfindən Fondun Fərdi uçota nəzarət və sosial sığorta departamentinə xx.xx.2021-ci il tarixli, **********9 nömrəli sorğu verilmişdir. Departamentin xx.xx.2021 tarixli **********2 nömrəli cavab məktubunda Nazirliyin “X2 Sistemi”nin “Sığorta” (Hesabat) altsistemindən əldə olunan məlumatlar əsasında sığortaedənlər tərəfindən təqdim edilmiş hesabat məlumatlarında İddiaçı (FİN: xxxxxxx) xeyrinə 2008-ci il üçün hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatların qeydə alınmadığı qeyd edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci bədinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Maddənin məzmununda qeyd edildiyi kimi vətəndaşa avtomatlaşdırılmış qaydada o zaman pensiya təyin edilir ki, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qədər qeydə alınmış pensiya kapitalı mövcud olsun. Vətəndaşın xeyrinə məcburi dövlət sosial sığorta haqqı həmin tarixədək ödənilmədiyi üçün və fərdi hesabında heç bir ödəniş qeydə alınmadığı üçün vətəndaşa avtomatlaşdırılmış qaydada pensiya təyin edilə bilməz. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9923/2021 saylı, 06 dekabr 2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərar alınmışdır. Cavabdeh orqan həmin qərardan apellyasiya şikayəti vermişdir. Apellyaisya şikayəti iddiaya dair yazılı etiraza uyğun əsaslandırılmış və apellyasiya şikayətinə əlavə verərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 -ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırıldığından və işin faktiki hallarına görə İddiaçı 2008-ci ildə onun xeyrinə məcburi dövlət sosial sığorta haqqının ödənildiyini iddia etsə də, 205332 nömrəli mədaxil qəbzindəki ödəyici onun həyat yoldaşı X3r. İddiaçı kənd təsərrüfatı məhsullarının istehsalı üçün ailə üzvlərinin mülkiyyətinə 2,70 ha torpaq sahəsi verildiyini iddia etmiş və bu torpaq sahəsində məhsulların istehsalı ilə məşğul olaraq əmək fəaliyyətini davam etdirdiyindən təsərrüfat birgə aparıldığı üçün həyat yoldaşının adına ödənilmiş sosial sığorta haqlarının ona da şamil edilməli olduğunu göstərmişdir. Cavabdeh organ iddiaçınin bu mövqeyini əsassız hesab edir. Belə ki, məcburi dövlət sosial sığorta haqları o zaman şəxsin hesabında qeydə alınır ki, onun adına ödənilmiş olsun. Hazırkı halda torpaq sahəsinə görə sosial sıgorta haqqı iddiaçının həyat yoldaşının adına ödənildiyindən sıgorta haqqının iki sığortaolunanlara aid edilməsi qanunsuz və ədalətsiz olacaqdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. AR İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarında olan: - Cavabdeh qurum tərəfindən təqdim edilmiş fərdi şəxsi hesab haqqında məlumata əsasən, “X2 Sistemi”nin “Sığorta” (Hesabat) altsistemindən əldə olunan məlumatlara əsasən sığortaedənlər tərəfindən təqdim edilmiş hesabat məlumatlarında İddiaçı (FİN: xxxxxxx) xeyrinə 2008-ci il üçün hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatlar qeydə alınmamışdır. - Göygöl Rayonu İcra Hakimiyyəti Başçısının Aşıqlı Kənd İnzibati Ərazi X14 tərəfindən İddiaçı verilmiş arayışa əsasən müəyyən olunur ki, o həqiqətən Göygöl rayonun Aşıqlı kəndində yaşayır. Heç bir yerdə işləmir, adları göstərilən uşaqları özü doğmuş və 8 yaşadək tərbiyə etmişdir. . Ailə tərkibi aşağıda adları qeyd olunanlardan ibarətdir: qızı:Məmmədova (Allahverdiyeva) Əfsanə Allahverdi qızı. qızı-Yusibova ( Allahverdiyeva) Sevinc Allahverdi qızı. qızı:Xıdırova (Allahverdiyeva) Vəfa Allahverdi qızı. qızı:X8. qızı: Heydərova (Allahverdiyeva) Türkan Allahverdi qızı. - Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən, Xanlar rayonu Köşkü kənd sakini X4 və ailə üzvləri İddiaçı, X1, Allahverdiyeva) Sevinc Allahverdi qızına, X5, X6 Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 16 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 2,7 ha torpaq sahəsi ayrılmışdır. - Əsli məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Xanlar rayon şöbəsi tərəfindən verilmiş məcburi dövlət sosial sığorta haqqı üçün xx.xx.2018-ci il tarixli Seriya ÇİL №205332 mədaxil qəbzinə əsasən X7 tərəfindən 2008-ci il üçün Köşkü kəndində yerləşən torpaqla bağlı 30 manat sosial sığorta haqqı ödənmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən qərarını onunla əsaslandırmışdır ki, iddiaçı ailə üzvləri ilə birlikdə (əri və beş uşağı) kənd təsərrüfatına yararlı torpaq sahəsinə malik olmaqla iddiaçının ərinin (X7) ailə başçısı kimi ailənin mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaq sahəsinə görə 2008-ci ildə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqqı ödənişinin cavabdeh tərəfindən nəzərə alınmaması qanunun məqsədinə uyğun olmamaqla iddiaçının pensiya təminatı hüququnu pozmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəldiyini hesab edir və öz mövqeyini aşağıdakı hüquq normalarına istinad edərək əsaslandırır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 8.1-ci maddəsinəmgörə beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 21.2.10-ci maddəsinə əsasən mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət sığortaolunanın sığorta stajına daxildir. 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006- cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır; 22-1.4. Bu Qanunun 22-1.2-ci maddəsi aşağıdakı hallarda tətbiq edilmir: - 22-1.4.1. 2019-cu il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının pensiya hüququ yarandığı gündən yenidən hesablanması zamanı; -22-1.4.2. 2019-cu il yanvarın 1-dən sonra əmək pensiyası təyin edilmiş şəxslərə 2019cu il yanvarın 1-dən əvvəlki dövr üçün əmək pensiyasının təyin edilməsi və ya əmək pensiyası məbləğinin hesablanması zamanı; -22-1.4.3. bu Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi və yenidən hesablanması zamanı; -22-1.4.4. bu Qanunun 20-ci maddəsinə əsasən əmək pensiyasına qulluq stajına görə əlavə almaq hüququ verən qulluq stajının hesablanması zamanı. İş materiallarından göründüyü kimi iddiaçı xx.xx.1963-cü ildə anadan olmuş və 5 uşağı özü doğub 8 yaşınadək tərbiyə etmiş anadır. İddiaçının əmək kitabçasına əsasən, xx.xx.1985-ci il tarixdə əmək fəaliyyətinə başlamiş, xx.xx.2003-cü il tarixə qədər əmək fəaliyyəti olmuş, xx.xx.2006-cı ildən sonrakı dövr üçün mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxs kimi məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əmək kitabçasına əsasən xx.xx.2006-cı il tarixədək ümumi sığorta stajı 17 il 6 ay 17 gün təşkil etsə də, iddiaçının əri (X7) ailə başçısı kimi ailənin mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaq sahəsinə görə 2008-ci ildə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. Belə oldugu halda məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunun 22-1.2.1.-ci maddəsinin müddəalarını iddiaçıya münasibətdə tətbiq etməkdə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ailə üzvləri ilə birlikdə (əri və beş uşağı) kənd təsərrüfatına yararlı torpaq sahəsinə malikdirlər. İddiaçının ərinin (X7) ailə başçısı kimi ailənin birgə mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaq sahəsinə görə 2008-ci ildə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqqı ödənişinin cavabdeh tərəfindən nəzərə alınmaması qanunun məqsədinə uyğun olmamaqla iddiaçının pensiya təminatı hüququnu pozmuşdur. Nəticədə cəmiyyətin ümumi mənafeyinin tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlıq təmin edilməmişdir. Belə ki, qeyd edilən normaların təhlilinə əsasən, iddiaçının yaşa görə əmək pensiyası təyin edilərkən 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il kimi nəzərə alınmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası formal tələblərə əsaslandırılğından iddia tələbinin təmin olunması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9923/2021 saylı, 06 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar