Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1327/2023 07.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X2 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3464/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 1694 nömrəli sərəncamına (qərarına) əsasən 195 nömrəli BTK nəzdində 1 saylı orderlə ayrılmış Bakı şəhəri, Vişnyovka bağ massivində yerləşən 0,10 hektar 549 nömrəli bağ sahəsinə dair İddiaçı adına plan və ölçünün tərtib olunaraq və hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddia tələbini dəqiqləşdirərək, Bakı şəhəri, Vişnyovka bağ massivində yerləşən 549 saylı bağ sahəsinə dair faktiki ölcüsü 750 kv.m uyğun olaraq cıxarışın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3464/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Vişnyovka bağ massivində yerləşən, sahəsi 750 kv. metr olan 549 nömrəli bağ sahəsinə xüsusi mülkiyyət hüququ sxematik xəritəyə yerləşdiyi yer üzrə uyğunlaşdırılaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Apelyasiya şikayətinin dəlilləri, tərəflərin izahatları: Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmiş, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, araşdırma zamanı məlum olmuşdur ki, iddiaçı tərəfindən İdarəyə təqdim olunan X1 və İstismarı Birliyi tərəfindən verilmiş 1 saylı orderdə BTK-nın nömrəsi 195 kimi qeyd edilsə də bağ sahəsinin ayrılmasına dair Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 1694 nömrəli sərəncamında BTK-nın nömrəsi 125 kimi qeyd olunub. Eyni zamanda həmin sərəncamda ayrılması nəzərdə tutulmuş bağ sahəsinin ölçüsü və nömrəsi öz əksini tapmayıb. Həmçinin “549” saylı sahə ilə bağların yerləşməsinə dair sxematik xəritə arasında uyğunsuzluq mövcuddur. Belə ki, iddiaçı tərəfindən göstərilən sahə 549 saylı bağ sahəsinin yerinə uyğun gəlmir. Bundan əlavə elektron kadastr məlumatlarına əsasən qeyd olunan bağ sahəsinin bir hissəsi (76 kv.m.) elektrik xəttinin mühafizə zonasında yerləşir. Məlumat üçün bildiririk ki, İdarənin mütəxəssisləri tərəfindən yerində baxış keçirilən zaman müəyyən edilmişdir ki, torpaq sahəsinin iki tərəfdən sərhədləri şərti olmaqla göstərilən sahənin daxilindən məhəllə daxili qaz xətti keçir. Tərəflərin izahatları : Əvvəlki kollegiya iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinin əsassız olduğunu, birinci instansiya məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu bildirərək qüvvədə saxlanılmasını xahiş etmişdir. Kollegiya iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Kollegiya işə çağırılan tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya intansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. İşdə olan: - 1 saylı Bakı şəhər Ərazi İdarəsinin 19 oktyabr 2021-ci il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə məktubla müraciət edənə bildirilmişdir ki, təqdim etdiyi X1 və İstismarı Birliyi tərəfindən verilmiş 1 saylı orderdə BTK-nın nömrəsi 195 kimi qeyd edilsə də, bağ sahəsinin ayrılmasına dair Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 1694 nömrəli sərəncamında BTK-nın nömrəsi 125 kimi qeyd olunub. Eyni zamanda həmin sərəncamda ayrılması nəzərdə tutulmuş bağ sahəsinin ölçüsü və nömrəsi öz əksini tapmayıb. Həmçinin “549” saylı sahə ilə bağların yerləşməsinə dair sxematik xəritə arasında uyğunsuzluq mövcuddur. Bundan əlavə elektron kadastr məlumatlarına əsasən qeyd olunan bağ sahəsinin bir hissəsi elektrik xəttinin mühafizə zonasında yerləşir. Qeyd olunanlarla yanaşı idarənin mütəxəssisləri tərəfindən yerində baxış keçirilən zaman məlum olmuşdur ki, bağ sahəsinin faktiki ölçüsü sənəd üzrə olan sahədən azdır. - 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli məktubla təqdim olunmuş Bakı şəhər icraiyyə komitəsinin X1 birliyi Vişnyovka bağlar sahəsində 125 №-li kooperativ 1 №-li Orderin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Bakı şəhər icraiyyə komitəsinin 21 oktyabr 1992-ci il tarixli 1694 №-li qərarına əsasən Vişnyovka İ bağlar sahəsində 125 №-li BTK nəzdində 0,10 hektar torpaq sahəsi olan 549 №-li bağ ayrılmışdır; - 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli məktubla keçmiş X1 və İstismarı Birliyi tərəfindən əyani şəkildə (koordinatlarla və coğrafi istinad məlumatları olmadan) tərtib edilməklə yardımçı vasitə kimi istifadə edilən Vişnyovka bağ massivində yerləşən “549” saylı bağ sahəsinin sxematik xəritənin kserosurəti, xx.xx.2022-ci il tarixli məktubla Bakı şəhəri, Xəzər rayonu, Vişnyovka bağ massivi, 125 və 195 nömrəli BTK-ya dair arxiv qovluğunda mövcud olan sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir; Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 27 iyul 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı şəhər İH-nin arxiv fondu üzrə 1992-ci ilə dair arxiv sənədləri, o cümlədən xx.xx.1992-ci il tarixli, 1694 saylı sərəncamı Dövlət Arxivinin Bakı filialına verilməmişdir; Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatı tərəfindən təqdim edilmiş arxiv arayışında qeyd edilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 1694 №-li sərəncamına əsasən, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il 6/333 №-li və Azərbaycan SSR Nazirlər Kabinetinin 2 iyun 1988-ci il 195 №-li , X3 1 BTK № 125 tərkibində bağ sahəsi ayrılmışdır. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi ilə yuxarıda qeyd edilən şəkildə həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. AR İPM-in 87.8-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apelyasiya instansiyası məhkəməsinin qərarında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Torpaq islahatı haqqında “Qanun”:
9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.
10. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Qeyd edilən qanun normalarından da göründüyü kimi, qanunverici “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan sənədlərdən hər hansı birinin təqdim olunmasını hüquqların dövlət qeydiyyatı üçün kifayət hesab edir. Belə ki, normaya əsasən bağ sahəsinə hüququn qeydə alınması üçün ya müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqaviləsi, sərəncam və orderdən hər hansı biri, ya da kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış mövcud olmalıdır. Birinci instansiya məhkəməsinin mövqeyini və cavabdehin apelyasiya şikayətini nəzərdən keçirən kollegiya qeyd edir ki, cavabdeh şikayətində hər hansı yeni hal və ya dəlil qeyd etməmiş, birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq qanunsuz olaraq qiymətləndirilmiş mövqeyini təkrarlamışdır. İddiaçı torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün sözügedən maddədə təsbit olunan əsaslardan biri kimi torpaq sahəsinin onun istifadəsinə verilməsinə dair Bakı şəhər Əzizbəyov rayon icra hakimiyyəti Başçısının 26 iyul 1994-cü il tarixli 646/1 saylı sərəncamını və həmin sərəncam əsasında əldə etdiyi digər hüquq müəyyənedici sənədi olan müvafiq orderi əsaslanmaqla, həmin sənədləri cavabdehə təqdim etmiş, lakin inzibati orqan inzibati icraat başlamaq əvəzinə heç bir araşdırma aparmadan ərizəni təmin etməmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Cavabdeh apelyasiya şikayətinin birinci dəlili kimi qeyd etmişdir ki, 1 saylı orderdə BTK-nın nömrəsi 195 kimi qeyd edilsə də bağ sahəsinin ayrılmasına dair Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 1694 nömrəli sərəncamında BTK-nın nömrəsi 125 kimi qeyd olunub. Cavabdehin mövqeyinə münasibətdə birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, “ ... bağ təsərrüfatı idarələrinin arxivlərinin saxlandığı cavabdeh inzibati orqanda həmin 549 nömrəli bağ sahəsinin iddiaçıya ayrılmasına dair order aşkar edilmiş və həmin orderdə BTK-nın nömrəsi bağ sahəsinin ayrılması barədə sərəncamda qeyd edildiyi kimi “125” göstərilmişdir.” Eyni zamanda, müəyyən edilir ki, bu order cavabdeh tərəfindən təsdiq edilərək məhkəməyə təqdim edilən orderdir və həmin orderin üzərində “VİŞ.1 BTK-195 bağ 549 0,10 hek.” qeydiyyatı aparılaraq, qeyd imza ilə təsdiq edilmişdir. Bu hal da, idiacıya bağ sahəsinin iddiacıya 195 saylı BTK-dan ayrıldığını sübut edir. Eyni zamanda, cavabdehin sübut kimi təqdim etdiyi 125 saylı BTK-ya aid bağ sahələrinin yerləşmə sxemində “549” saylı bağ sahəsi nəzərdə tutulmamışdır. Həmin sxemdə bağların sıra sayı “1487-dən” başlayır. Cavabdehin digər təkrar dəlili isə “549” saylı sahə ilə bağların yerləşməsinə dair sxematik xəritə arasında uyğunsuzluq mövcud olması kimi qeyd edilmişdir. Kollegiya cavabdeh inzibati orqanın dəlilini əsassız hesab edir və bildirir ki, cavabdehin istinad etdiyi, sözügedən sxematik xəritə bağ sahələrinin yerləşdiyi istiqamət, tutduğu yer və ölçüləri barədə müvafiq ərazilər üzrə inzibati orqanın müvafiq mütəxəssisi tərəfindən tərtib edilmiş və fərdi istifadə üçün nəzərədə tutulmuş xəritələrdir. Həmin xəritələr xüsusi qaydada deyil, yalnız mütəxəssis tərəfindən əl ilə hazırlanmaqla, qanunla müəyyən edilmiş səlahiyyət əsasında təsdiq edilmədiyindən mötəbər sübut qismində qiymətləndirilə bilməz. Digər tərəfdən, faktiki vəziyyətlə sxematik xəritə arasında uyğunsuzluqlar olsa belə, bu uyğunsuzluğun aradan qaldırılması cavabdehin səlahiyyətlərinə aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 oktyabr tarixli, 171 nömrəli qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin 1.2-ci bəndinə əsasən, mərzçəkmə işləri Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Torpaq islahatı haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Geodeziya və kartoqrafiya haqqında” Azərbaycan Respublikasının qanunlarına, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”yə, “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”na, “Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli, 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”yə, bu Qaydalara və digər normativ hüquqi aktlara müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən, torpaq sahələrinə dair sənədlərə əsasən sərhədlər yerdə (naturada) müəyyən olunmamış olduqda; torpaq sahələrinin sərhədlərinin bərpası zamanı sərhədlərdə mübahisə olduqda, fiziki və hüquqi şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqlarda yerdə mərz nişanları və torpaq sahələrinə aid olan tanınma nişanları itirildikdə mərzçəkmə işləri aparılır. Digər tərəfdən, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.23 və 3.0.29-cu bəndlərinə əsasən, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifələrindədir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Göründüyü kimi, iddiaçının istifadəsindəki torpağın dövlət qeydiyyatına alınmasının yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək və sərhədlərini mərzçəkmə qaydasında müəyyən etmək cavabdehin vəzifəsidir. Cavabdehin şikayətinin digər dəlili isə ondan ibarət olmuşdur ki, bağ sahəsinin bir hissəsi (76 kv.m.) elektrik xəttinin mühafizə zonasında yerləşir və sahənin daxilindən məhəllə daxili qaz xətti keçir. Bu dəlil birinci instansiya məhkəməsi tərəfindən qiymətləndirilərkən düzgün olaraq Azərbaycan Respublikası Torpaq Məcəlləsin 22-ci maddəsinin 3-cü bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydalarına istinad edilərək belə qiymətləndirilmişdir ki, “... elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər.” AR İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Kollegiya qeyd edir ki, cavabdeh orqan iddiaçının müraciətinə verilən imtina cavabını yuxarıda qeyd edilən uyğunsuzluqla əsaslandırsa da, həmin uyğunsuzluğun faktiki mövcudluğunu sübut edən hər hansı dəlili məhkəməyə təqdim etməmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırki mübahisə üzrə işin yuxarıda sadalanan hallarından göründüyü kimi, İddiaçı Bakı şəhəri, Vişnyovka bağ massivində yerləşən 0,10 hektar 549 nömrəli bağ sahəsinə dair hüquqların dövlət qeydiyyatına alınmasına əsas olan sənəd mövcud olduğu halda cavabdeh əsassız bəhanələr gətirərək torpaq sahəsinə dair rəsmiləşdirmə işləri aparılmasından imtina etmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Yuxarıda sadalananlara əsasən, kollegiya qeyd edir ki, iddiaçının müraciətinin təmin edilməsindən cavabdehin imtinası qanunsuz və əsassızdır, iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Apelyasiya şikayətinin dəlilləri isə əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarının ləğvinin əsası kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər; 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. AR İPM-in 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3464/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Pərviz Hüseynov Kamran Əkbərov