Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1327/2024 27.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndələri Nümayəndə və X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına qarşı “sığorta ödənişlərinin pensiya kapitalında nəzərə alınması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10719/2023 saylı, 06 oktyabr 2023-cü il il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına və qeyrisinə qarşı “sığorta ödənişlərinin pensiya təyin edilməsi ilə bağlı göstərilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh qeyd edir ki, məcburi dövlət sosial sığorta haqqları 2006-cı il üzrə 8 ay, 2007-ci il üzrə 8 ay, 2008-ci il üzrə 8 ay, 2009cu il üzrə 12 ay, 2010-cu il üzrə 1 ay, 2011-ci il üzrə 8 ay, 2012-ci il üzrə 8 ay, 2016-cı il üzrə 2 ay fərdi hesabın sığorta hissəsində qeydə alınmamışdır. Arayışdan görünür ki, həmin illər üzrə ödənilən sosial sığorta fərdi hesabında rüblük, yəni ildə 4 dəfə göstərilmişdir. Bununla bağlı onu sığorta edən S.Muxtarov ilə Filiala müraciət edilmişdir. Cavabdeh məktubunda qeyd etmişdir ki, sığorta haqqlarının ödənilməsini sübut edən sənədlər, məlumatlar (Forma B1 və Forma B3) imza və möhürlə təsdiq edilmiş surətləri təqdim edildikdən sonra məsələ araşdırıla bilər. Həmin ödənişlərin edilməsini təsdiq edən sənədlər təqdim edilmişdir. Bundan sonra, həmin məsələ ilə bağlı Fonda da müraciət edilmişdir. Lakin müraciətin müsbət həlli mümkün olmamışdır. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, məcburi dövlət sosial sığorta haqları 2006-cı il üzrə 8 ay, 2007-ci il üzrə 8 ay, 2008-ci il üzrə 8 ay, 2009-cu il üzrə 12 ay, 2010-cu il üzrə 1 ay, 2011-ci il üzrə 8 ay, 2012-ci il üzrə 8 ay, 2016-cı il üzrə 2 ay fərdi hesabın sığorta hissəsində qeydə alınmamışdır. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə vermiş, məhkəmənin qərardadı ilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı cavabdeh qismində iştirakçılığına xitam verilmiş, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı 3-cü şəxs qismində tanınmış, iddia tələbi “iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün 2006-2007-2008-2009-cu illərə görə ödədiyi sosial sığortanın fərdi hesabının sığorta hissəsində qeydə alınması vəzifəsinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filiala həvalə edilməsi” formasında icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10719/2023 saylı, 06 oktyabr 2023-cü il tarixli qərarı ilə (hakim O.Həsənov) iddia təmin edilərək, İddiaçı 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün 2006-2007-2008-2009-cu illərə görə ödədiyi sosial sığorta haqqlarının onun fərdi hesabının sığorta hissəsində qeydə alınması vəzifəsinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun tərtib olunmuş və əlavə olaraq qeyd edilmişdir ki, iş materiallarına əlavə edilmiş sənədlərdən aydın olur kı, iddiaçının cavabdeh orqana xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə müraciətinin əsası hal-hazırdakı iddia predmeti ilə əlaqəli olmamışdır. Belə ki, iddiaçının cavabdehə ünvanladığı heç bir müraciətində 2006-2007-2008-ci illərdə onun xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının fərdi hesabının sığorta hissəsində əks olunması tələb edilməmişdir. Cavabdeh sözügedən müraciət ərizələri və onlara Mərkəzi Filialın cavab məktubları məhkəmə icraatı zamanı məhkəməyə təqdim edilmişdir. Lakin məhkəmə həmin ərizələrə münasibət bildirməmiş, inzibati mübahisəyə baxılması ilə əlaqədar mümkünlük şərtinə əməl olunub-olunmaması araşdırmamışdır. Bundan əlavə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna daxil olmuş fərdi sahibkar (sığortaedən) X3 (VÖEN: **********) tərəfindən 0100 fəaliyyət növünə görə 2006-2008-ci illər üzrə təqdim edilmiş “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatlara (bundan sonra - Forma B1) və ona uyğun olaraq “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlara (bundan sonra - Forma B3) əsasən müəyyən etmək olur ki, İddiaçı 2007-ci il üzrə mart, iyun, sentyabr və dekabr ayları, 2008-ci il üzrə mart, iyun, sentyabr və dekabr ayları, 2009-cu il üzrə mart, iyun, sentyabr və dekabr ayları üzrə məcburi dövlət sosial sığorta haqları ödənişləri fərdi hesabın sığorta hissəsində öz əksini tapmışdır. İş materiallarına əlavə edilmiş X1 Fondun Sosial sığorta və fərdi uçot uzrə mərkəzi filialına ünvanlanmış xx.xx.2023-cu il tarixli ərizəsinə xx.xx.2023-cü il tarixli 3-17-1/2-M- 73212/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta (Hesabat) altsistemində S.Muxdarov tərəfindən 2006-2008-ci illər üzrə təqdim olunmuş məcburi dövlət sosial sığorta haqları üzrə hesabatlarda sığortaolunan İddiaçı (SSN:**********906) yalnız mart, iyun, sentyabr, dekabr ayları üzrə məlumatları qeyd olunmuşdur. Həmçinin, İddiaçı xeyrinə 2006-2008-ci illərin bütün ayları üzrə məcburi dövlət sosial sığorta haqlarının hesablanması və ödənilməsini sübut edən sənədlərin (Forma B1 və Forma B3) imza və möhürlə təsdiqlənmiş surətlərinin Filiala təqdim olunması sığortaedən S.Muxdarova tövsiyə olunmuşdur. Beləliklə, iş üzrə sığortaedən S.Muxdarov tərəfindən tələb olunan sənədlərin təqdim olunmaması səbəbindən məcburi dövlət sosial sığorta haqları İddiaçı **********906 nömrəli fərdi şəxsi hesabında əks olunmamışdır. Həmçinin, iddiaçı tərəfindən cavabdeh orqana “2006-2008-ci illər üzrə ödənişlərin fərdi hesabda əks olunmasına dair hər hansı müraciətinin olmaması səbəbindən Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2- 1(112)-10719/2023 nömrəli qərarı əsassızdır. Beləliklə, məhkəmə yalnız iddiaçının xeyrinə olan halları nəzərə alaraq sübutları birtərəfli qaydada araşdırmış, cavabdeh orqan tərəfindən təqdim edilən sənədləri tam, hərtərəfli və obyektiv araşdırmadan qərar çıxarmışdır. Odur ki, məhkəmə iş üzrə xx.xx.2023-cü il tarixli 2-1(112)-10719/2023 nömrəli qərar qəbul edərkən maddi və prosessual qanunvericiliyin tələb və göstərişlərinə lazımi qaydada əməl etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətinə uyğun izahatlar verərək, şikayətin təmin olunması, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10719/2023 saylı, 06 oktyabr 2023-cü il tarixli qərarının ləğv edilib, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan: -24 fevral 2023-cü il tarixli məktubdan görünür ki, 2006-cı il üzrə 8 ay, 2007-ci il üzrə 8 ay, 2008-ci il üzrə 8 ay, 2009-cu il üzrə 12 ay, 2010-cu il üzrə 1 ay, 2011-ci il üzrə 8 ay, 2012-ci il üzrə 8 ay, 2016-cı il üzrə 2 ay fərdi hesabın sığorta hissəsində sığorta ödənişləri öz əksini tapmamışdır. -06 aprel 2023-cü il tarixli məktubdan görünür ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin sığorta (hesabat) altsistemində iddiaçı barəsində 2006-2008-ci illər üzrə təqdim edilmiş sığorta haqqı üzrə hesabatda yalnız mart, iyun, sentyabr, dekabr ayları üzrə məlumat mövcuddur. Forma B1 və Forma B3 imza və möhürlə təsdiq edilmiş surətləri təqdim edildikdən sonra məsələ araşdırıla bilər. İddiaçıya göndərilmiş məktubdan görünür ki, iddiaçı barəsində məcburi dövlət sosial sığorta haqqlarının Mərkəzləşdirilmiş elektron informasiya sistemində tam şəkildə əks olunmaması barədə Fonda müraciət daxil olmuş, Fond tərəfindən də cavabdehə həmin müraciət göndərilmiş, cavabdeh müvafiq cavablandırma ilə bağlı əlavə məlumatın təqdim ediləcəyini bildirmişdir. Ödəniş cədvəllərindən və mədaxil qəbzlərindən görünür ki, sığorta edən S.Muxtarov tərəfindən iddiaçı barəsində məcburi dövlət sosial sığorta haqqları üzrə ödəmələr mübahisələndirilən dövrlər üzrə ödənilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş S.Muxtarov da iddiaçı barəsində həmin ödənişlərin ödənildiyini qeyd etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.6-cı maddəsinə əsasən, fərdi uçot - sığortaolunanların qanunvericiliklə nəzərdə tutulan sosial müdafiə hüquqlarının təminatı üçün zəruri məlumatların fərdi qaydada qeydiyyatının və uçotunun təşkilidir; 1.0.7-ci maddəsinə əsasən, fərdi hesab - dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər bir sığortaolunana uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə açılmış şəxsi hesabdır; 1.0.8-ci maddəsinə əsasən, fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; 1.0.9-cu maddəsinə əsasən, fərdi hesabın yığım hissəsi - sığortaolunanlar üzrə ödənilmiş və əmək pensiyasının yığım hissəsinin hesablanması üçün nəzərə alınan könüllü sosial sığorta haqlarının, eləcə də bu vəsaitlərin dövriyyəsindən əldə edilən gəlirlərin toplandığı subhesabdır; 1.0.10-cu maddəsinə əsasən, pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarının: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;
2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;
3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən;
4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;
5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən;
6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən; Bəhs edilən normativ hüquqi aktların tələblərindən görünür ki, xx.xx.2006-cı il tarixdən etibarən işçinin sosial sığorta stajı sığortaolunan fərdi uçot məlumatları əsasında müəyyən edilir, yəni Qanunda işçinin işlədiyi müddətin sığorta stajı kimi qəbul edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi məcburi şərt kimi nəzərdə tutulmuşdur. “Sosial sığorta haqqında” Qanunun: Maddə 2. Sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta formalarında olur. Məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Bu Qanunda nəzərdə tutulmuş hallarda digər şəxslər də məcburi dövlət sosial sığortasına cəlb olunurlar. Maddə 9-1.1. Məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. (Bu maddə 30 noyabr 2018-ci il tarixdə əlavə olunmuşdur). Maddə 14.1. Məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir. Maddə 14.2. Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. Maddə 14.6. Bu Qanunun 14.5.1-1-ci maddəsində göstərilən fiziki şəxslər istisna olmaqla, məcburi dövlət sosial sığorta haqqı hər ay üçün hesablanır, əmək haqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə yalnız nağdsız hesablaşma qaydasında ödənilir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamənin 3.1.28-3-ci yarımbəndinə əsasən (həmin yarımbənd 21 mart 2020-ci il tarixli 971 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ləğv edilmişdir) dövlət orqanlarından və büdcə təşkilatlarından, habelə hüquqi şəxslərdən, onların filial və nümayəndəliklərindən, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən (sığortaedənlərdən), eləcə də sığortaolunanlardan Azərbaycan Respublikasının “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” qanunları ilə müəyyən edilmiş miqdarda məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının toplanmasına nəzarət etmək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifələrinə aid edilmişdir. Birinci instansiya məhkəməsinin haqlı olaraq qeyd etdiyi kimi işçidən məcburi sığorta haqqının tutulması məsələsində məsuliyyətli şəxs işəgötürəndir ki, məhz işəgötürən, işçi deyil, işçidən cavabdehə çatası məcburi sığorta haqqının məbləğini qanunamüvafiq olaraq müəyyən etməklə, həmin məbləği işçidən tutmaqla cavabdehə ödənilməsini həyata keçirir. Başqa sözlə desək, işçidən məcburi dövlət sosial sığorta haqqının tutulması və ödənilməsi işəgötürənin – sığortaedənin məsuliyyət sferasına aid məsələdir. Nəzərə alınmalıdır ki, mübahisəli dövrlər üzrə, normativ hüquqi aktın tələblərinə görə, necə ki məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi işəgötürən tərəfindən təmin olunmalı olduğu halda, həmçinin həmin sığorta haqlarını toplanmasına nəzarət etmək cavabdeh inzibati orqanın üst qurumu olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilməli idi. Lakin, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məcburi sosial sığorta haqlarının ödənilib-ödənilməməsində nəzarət funksiyasını icra etməmiş və nəticə etibarı ilə tabeliyində olan orqan (cavabdeh) işəgötürənin məcburi dövlət sosial sığorta haqlarını qanunamüvafiq qaydada vaxtında və tam ödəməməsinə əsaslanaraq işçinin (hazırkı halda iddiaçının) sosial təminat hüququnu məhdudlaşdırmışdır. Halbuki, bu halın meydana gəlməsində iddiaçının hər hansı təqsirli hərəkəti olmamışdır. Əksinə, təqdim olunmuş ödəniş qəbzi və cədvəllərindən və digər sənədlərdən məlum olmuşdur ki, iddiaçı əmək fəaliyyəti ilə məşğul olmuş, müvafiq olaraq əmək haqqı almış və onun əmək haqqısından məcburi sığorta haqları tutulmuşdur ki, həmin ödənişlərin elektron sistemdə yerləşdirilməsi isə təmin edilməmişdir ki, həmin məlumatların yerləşdirilməsi ilə bağlı iddiaçının hər hansı təqsirinin mövcud olmaması nəzərə alınmamışdır. Bütün qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə iddiaçı mübahisələndirilən dövrdə əmək fəaliyyəti ilə məşğul olmuş, müvafiq olaraq əmək haqqı almış və onun əmək haqqısından məcburi sığorta haqları tutulmuşdur ki, həmin ödənişlərin elektron sistemdə yerləşdirilməməsi ilə bağlı iddiaçının hər hansı təqsirinin mövcud olmaması müəyyən edildiyindən iddiaçının tələbi əsaslı hesab edilməklə iddia tələbinin təmin edilməli olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi qanuni və əsaslıdır. «İnzibati icraat haqqında» Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər (Qanunun 11.2-ci maddəsi). Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qərarının ləğvinə əsas vermir, bu səbəbdən şikayət təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10719/2023 saylı, 06 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Nəticəvi hissə:
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10719/2023 saylı, 06 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə