Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1328/2022 05.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndələri X1 və X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3616/2021 saylı, 28 dekabr 2021ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, güzəştli şərtlərlə iddiaçıya pensiya təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 57 yaşının tamam olduğu 08.09.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli, 2-1(112)-3616/2021 nömrəli qərarı ilə (hakim M.Qarayeva) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim etdiyi 09 yanvar 1984-cü il tarixli əmək kitabçasında qeyd olunan məlumatlardan göründüyü kimi 1 yanvar 2006-cı il tarixədək onun ümumi iş stajı 25 ildən az (24 il 11 ay 26 gün) təşkil edir. Bundan başqa fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 45000,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 45000,00 manatdan az təşkil edir. Bundan əlavə iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iş materiallarına uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etdilər. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddiaçının iddia tələbini nəzərdən keçirir. İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə istinad edərək ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. Belə olan halda iddia tələbinin qanuni əsasını qeyd edilən Qanunun 9.8-ci maddəsi təşkil edir. 01.01.2006-cı il tarixdən qüvvəyə minən “Əmək pensiyaları haqqında” AR Qanununun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun “Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər” adlı 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11.12.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 4.1.9-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (01.01.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və 01.01.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; 4.1.10-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar; 4.1.11-ci bəndinə əsasən, 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir; Qaydalara 2 nömrəli əlavə kimi “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. “Əmək pensiyaları haqqında” Qanundan əvvəl qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Sadalanan qanunvericilik müddəalarının mübahisəyə tətbiqi göstərir ki, 01.01.2006cı ilədək əmək şəraiti zərərli və ağır olan işlərdə çalışdığını bildirən iddiaçının 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün 4 şərtə birlikdə əməl olunmalıdır: 1) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay olmalı; 2) ümumi iş stajı minimum 25 il olmalı; 3) xüsusi və ümumi iş stajları 01.01.2006-cı il tarixədək mövcud olmalı; 4) güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı inzibati orqana təqdim edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq belə bir nəticəyə gəlmişdir ki, yuxarıda sadalanan şərtlər iddiaçıya münasibətdə ödənilir. İddiaçının müəyyən olunmuş yaş həddinə çatması işin mübahisəsiz halıdır. İddiaçının xx.xx.1963-cü il təvəllüdlü olmaqla 57 yaşı 08.09.2020-ci il tarixdə tamamlamışdır. İddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və 01.01.2006-cı ilədək qüvvədə olan “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda nəzərdə tutulan peşələrdə iş stajının minimum 12 il 6 ay olması işin mübahisəsiz halıdır. Belə ki, SOCAR-ın 08.05.2021-ci il tarixli SOCAR**********81200601B00041 saylı məktubu ilə verilmiş arayışdan görünür ki, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı oglu H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsinin (keçmiş “Əzizbəyovneft” NQÇİ) Quyuların yeraltı təmiri sexində 03.01.1984-cü il tarixdən 19.09.1986-cı il tarixədək «quyuların yeraltı təmiri üzrə operator», həmin sexdə 19.09.1986-cı il tarixdən 01.04.1987ci il tarixədək, 4 saylı neft və qazçıxarma sexində 01.04.1987-ci il tarixdən 16.09.1987-ci il tarixədək, 2 saylı neft və qazçıxarma sexində 16.09.1987-ci il tarixdən 01.07.1988-ci il tarixədək, Quyuların yeraltı təmiri sexində 01.07.1988-ci il tarixdən 01.01.1991-ci il tarixədək, 2 saylı neft və qazçıxarma sexində 01.01.1991-ci il tarixdən 01.07.1992-ci il tarixədək, 2 saylı neftmədənində 01.07.1992-ci il tarixdən 01.10.1996-cı il tarixədək «quyuların (əsaslı) yeraltı təmiri üzrə usta», Xüsusi texnika sexində 01.10.1996cı il tarixdən 25.04.2011-ci il tarixədək «qaldırıcının maşinisti» peşəsində (vəzifəsində) işləyib və bu peşələrdə (vəzifələrdə) işlədiyi müddət (27 il 3 ay 22 gün) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq etdiyi «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı»nın Xİİ (Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı) bölməsinin 2-ci (Neft və qaz kondensatının hasilatı) yarımbölmələrinə əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması hüququ verən güzəştli əmək (sığorta) stajı sayılır. Kod 2130200a-15870, peşə quyuların yeraltı təmiri üzrə operator, Siyahı № 2, bölmə - Xİİ, yarımbölmə - 2 «a», 03.01.1984-cü il tarixdən 19.09.1986-cı il tarixədək, Kod 21302006b- 23187, peşəquyuların (əsaslı) yeraltı təmiri üzrə usta, Siyahı № 2, bölmə - Xİİ, yarımbölmə - 2 «b»,19.09.1986-cı il tarixdən 01.10.1996-cı il tarixədək, kod 2130200a-14012, peşə qaldırıcının maşinisti, Siyahı № 2, bölmə - Xİİ, yarımbölmə - 2 «a»01.10.1996-cı il tarixdən 25.04.2011-ci il tarixədək. Arayış İddiaçı forma T-2 şəxsi uçot vərəqəsindəkı qeydlərə əsasən yazılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda 2130200a-15870 saylı kodla quyuların yeraltı təmiri üzrə operator, 21302006b-23187 saylı kodla quyuların (əsaslı) yeraltı təmiri üzrə usta, kod 2130200a-14012 saylı kodla qaldırıcının maşinisti peşələri təsbit olunmuşdur. Göründüyü kimi, iddiaçı 02.01.1984-ci il tarixdən (əmrin verildiyi tarix əsas götürülməklə) 01.01.2006-cı il tarixə qədər H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsində müxtəlif peşələrdə ümumilikdə 22 il işləməklə tələb olunan 12 il 6 aydan artıq güzəştli iş stajı toplamışdır. Güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilmişdir. İşin mübahisəli halı ümumi iş stajının 01.01.2006-cı il tarixədək 25 ildən az olması ilə bağlıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının ümumi stajının 01.01.2006-cı il tarixədək 25 ildən artıq olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, iddiaçıya məxsus ИT-l № ******* nömrəli əmək kitabçasının surətinə əsasən İddiaçı 30.09.1980-ci il tarixdən 15.08.1981-ci il tarixə qədər “Kalinin” kolxozunda (kolxozçunun əmək kitabçası №53), H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsinin (keçmiş “Əzizbəyovneft” NQÇİ) Quyuların yeraltı təmiri sexində 03.01.1984-cü il tarixdən (əmr № 1/k, 02.01.1984-cü il tarixli) 19.09.1986-cı il tarixədək quyuların yeraltı təmiri üzrə operator, həmin sexdə 19.09.1986-cı il tarixdən (əmr № 195/k, 18.09.1986-cü il tarixli) 01.04.1987-ci il tarixədək, 4 saylı neft və qazçıxarma sexində 01.04.1987-ci il tarixdən (əmr № 94/k, 07.04.1987-ci il tarixli) 16.09.1987-ci il tarixədək, 2 saylı neft və qazçıxarma sexində 16.09.1987-ci il tarixdən (əmr № 367/k, 15.09.1987-ci il tarixli) 01.07.1988-ci il tarixədək, Quyuların yeraltı təmiri sexində 01.07.1988-ci il tarixdən (əmr № 289/k, 12.07.1988-ci il tarixli) 01.01.1991-ci il tarixədək, 2 saylı neft və qazçıxarma sexində 01.01.1991-ci il tarixdən (əmr № 670/k, 25.12.1990-cı il tarixli) 01.07.1992-ci il tarixədək, 2 saylı neftmədənındə 01.07.1992-ci il tarixdən (əmr № 185/k, 30.06.1992-ci il tarixli) 01.10.1996-cı il tarixədək quyuların (əsaslı) yeraltı təmiri üzrə usta, Xüsusi texnika sexində 01.10.1996-cı il tarixdən 25.04.2011-ci il tarixədək qaldırıcının maşinisti peşəsində, 26.04.2011-ci ildən 01.02.2014-cü ilədək X2 Nəqliyyat Departamentinin 2 saylı xüsusi texnika sexində 6-cı dərəcəli qaldırıcının maşınısti, 01.02.2014-cü ildən 31.07.2014-cü ilədək 6 saylı TNB-nin xüsusi texnika sexinə 6-cı dərəcəli qaldırıcının maşinisti peşəsində, 01.08.2014-cü ildən 30.11.2020-ci ilədək ARDNŞ Nəqliyyat İdarəsinin 5 saylı texnoloji Nəqliyyat idarəsində 2 saylı XTS-nə 6-cı dərəcəli qaldırıcı maşinisti peşəsində, 01.12.2020-ci ildən X6 Birliyi 5 saylı Texnoloji Nəqliyyat Departamenti 2 saylı xüsusi texnika sahəsinə 6-cı dərəcəli qaldırıcının maşinisti peşəsində işləyir. НЗ seriyalı ******* НЗ seriyalı ******* saylı hərbi biletin surətinə əsasən İddiaçı 21.10.1981-ci il tarixdə hərbi xidmətə qəbul edilmiş, 21.11.1983-cü tarixdə hərbi xidmətdən tərxis olunmuşdur. 05.04.1988-ci il tarixli KT seriyalı 023007 saylı diplomun surətinə əsasən İddiaçı 1985-1988-ci illərdə Bakı maşınqayırma texnikumunda metalları kəsməklə emalı ixtisası üzrə təhsil almışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının ümumi iş stajına aid dövrlərlə təhsil müddəti üst-üstə düşdüyündən bir dövr üzrə müddət nəzərə alınmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının kolxozda işlədiyi dövrlə bağlı hesablamanı düzgün aparmasa da ümumilikdə kolxozda faktiki işlənilən dövrün ümumi iş stajına daxil edilməsində haqlı olmuşdur. Məhkəmə kollegiyası tərəfindən araşdırma zamanı göndərilmiş sorğu əsasında Azərbaycan Respublikasının Gədəbəy Rayon İcra Hakimiyyəti Gədəbəy Rayon Dövlət Arxivi tərəfindən verilmiş 20 aprel 2022-ci il tarixli, 22/1 saylı cavab məktubundan və ona əlavə olunmuş arayışdan görünür ki, araşdırmalarda Gədəbəy rayonunu Hacılar kəndində fəaliyyət göstərmiş sabiq “Kalinin” adına kolxozun 1980-1987-ci illərə dair dövrü əhatə edən “Əməyin ödənişi və hesablaşması” kitabları Gədəbəy Rayon Dövlət Arxivində mühafizə olunan arxiv sənədlərinin fond siyahısında aşkar olunmadı. Əlavə olaraq qeyd olunmuşdur ki, vətəndaş İddiaçı 1980-1981-ci illərə dair iş stajı, həmçinin qazandığı əmək haqqı barədə faktın məhkəməyə təqdim edilməsi mümkünsüz olmuşdur. Həmçinin, minimum əmək günü haqqında məlumatlar barədə arxivdə saxlanılan “Kolxozlarda olan minimum əmək günü norması haqqında məlumat”da aparılan qeydlərə əsasən, Gədəbəy rayonunu Hacılar kəndində fəaliyyət göstərmiş sabiq “Kalinin” adına kolxozun minimum 60 əmək günü norması kimi müəyyən edilmişdir. Məktuba əlavə edilmiş kolxozlarda olan minimum əmək günü norması haqqında məlumata əsasən Hacılar kəndi “Kalinin” adına kolxozda kişilər üçün minimum 60, qadınlar üçün 30 gün norması müəyyən edilmişdir. İş materiallarında olan iddiaçıya məxsus 53 nömrəli kolxozçunun əmək kitabçasından görünür ki, iddiaçının il ərzində işlədiyi adam günü norması belə müəyyən edilmişdir: 1980-ci ildə 52 adam günü; 1981-ci ildə 24 (13+11)adam günü. Belə olan halda, 1980-1981-ci illərə dair 53 nömrəli kolxozçunun əmək kitabçasındakı məlumatlar iddiaçının işlədiyi kolxozda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumuna uyğun tədqiq olunmalıdır. İddiaçının kolxozda işlədiyi bütün müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olmayaraq) onun iş stajının hesablanmasında nəzərə alınmalıdır. Bu “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsindən irəli gəlir. 1964-cü il üçün 15 iyul tarixdə qəbul edilmiş və 1965-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş və iddiaçının qeyd etdiyi illərdə qüvvədə olmuş «Kolxoz üzvlərinin pensiyaları və müavinətləri haqqında» SSRİ Qanunun icrası ilə bağlı SSRİ Nazirlər Sovetinin 1964-cü il 17 oktyabr tarixli, 859 №-li Qərarı ilə təsdiq edilmiş «Kolxoz üzvlərinin pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları haqqında» Əsasnamənin 48-ci bəndinə əsasən, 1965-ci ildən sonrakı dövr üçün pensiya hüququ verən iş stajı hesablanarkən kolxoz üzvünün ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumunu üzrlü səbəb olmadan yerinə yetirmədiyi və ya işəçıxmanın müəyyən edilmiş minimumuna malik olmadığı illər staja daxil edilmir. «SSRİ vətəndaşlarının pensiya təminatı haqqında» 1990-cı il 15 may tarixli SSRİ Qanunun 67-ci maddəsinin birinci hissəsinə görə əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. 23 sentyabr 1992-ci ildə qəbul edilmiş və 6 mart 2007-ci il tarixli Qanunla qüvvədən düşmüş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanunun 67-ci maddəsində də analoji qayda müəyyən edilmişdir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Bununla yanaşı, kolxozlardakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Faktik müddət üzrə hesablama isə faktiki işlənmiş günlərin sayının cəminin 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılmalıdır. İddiaçının həmin illərdə faktiki işlədiyi müddət üzrə iş stajı aşağıdakı qaydada müəyyən edilir - (52+13+11) × 12 = 912/60=15,2 (≈1 il 3 ay). Beləliklə, 1980-1981-ci illərdə Gədəbəy rayonu “Kalinin” adına kolxozda iş stajı həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə, 21.10.1981-ci il tarixdən 21.11.1983-cü tarixədək hərbi xidmət müddəti və 03.01.1984- ci ildən 01.01.2006-cı il tarixədək müəyyən olunmuş iş stajı nəzərə alındıqda iddiaçının 25 ildən artıq sığorta stajının olduğu müəyyən olunur. Göründüyü kimi, ümumi stajla bağlı və güzəştli arayışın təqdim edilməsi ilə bağlı cavabdehin apellyasiya şikayətlərinin dəlilləri əsassızdır. Cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlillərindən biri də iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi ilə bağlıdır.Cavabdehin mövqeyi ilə razılaşmayan Məhkəmə kollegiyası bildirir ki, qanunvericiliyin tələbinə əsasən, məhkəmə qərarı mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə istinad edərək ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir və iddia edir ki, 01.01.2006- cı ilədək əmək şəraiti zərərli və ağır olan işlərdə çalışmışdır və tələb olunan şərtləri tam yerinə yetirmişdir. “Əmək pensiyaları haqqında” Qanundan əvvəl qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olması tələb olunmurdu. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 32.1-2-ci maddəsinə əsasən bu Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla bu Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və qanuni qərarın ləğvinə əsas vermir, bu səbəbdən təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3616/2021 saylı, 28 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3616/2021 saylı, 28 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə
Məhkəmə qərarları › İş №2-1(103)-1328/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1328/2022
05.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver