Məhkəmə qərarları › İş №2-1(103)-1329/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1329/2025

18.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1329/2025 18.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Birgə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: “çıxarışın və plan-ölçünün verilməsi”) QƏRARİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), X11 və Ceyhun Bəşir oğlu Məmmədovdan ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi, İddiaçı2 nümayəndəsi X5, İddiaçı1 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2923/2024 saylı, 24 oktyabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Qeyd edilən ünvan üzrə mövcud arxiv sənədləri məhkəmə tərəfindən tələb edilmiş, cavabdeh tərəfindən təqdim edilmiş Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən 1970-ci ildə verilmiş Texniki inventarlaşdırma Pasportuna əsasən Nərimanov rayonu, Moskovski prospekti (hazırda Xətai prospekti), 47 ünvanında yerləşən torpaq sahəsinin ölçüsü 621,3 kv.m qeyd olunmuşdur.

2. Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM 139788 nömrəli Qeydiyyat Vəsiqəsinə əsasən Xətai prospekti 47 saylı evin 36,7 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 3 saylı mənzili İddiaçı1 adına xx.xx.2003-cü il tarixdə xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir.

3. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH ******* nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospektində istifadədə olan 0.0358 ha torpaq sahəsində yerləşən 47 nömrəli 1 mərtəbəli binanın girişində, 1-ci mərtəbəsində yerləşən 27 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 4 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı1 adına xx.xx.2006-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

4. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qedyiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində MA ******* seriya nömrəli Çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən mənzil X3 adına xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmışdır.

5. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qedyiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində MA ******* seriya nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, ev 47, mənzil 1 ünvanında yerləşən mənzil X3 adına xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmışdır.

6. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qedyiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində RX ******* nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 47 saylı sahədə yerləşən 0.025 ha torpaq sahəsi İddiaçı1 (9/18 hissə), X6 (2/18 hissə) və X3 (7/18 hissə) adına xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır.

7. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 47 saylı sahədə yerləşən 0.025 ha torpaq sahəsinə dair X3 və İddiaçı1 adına xx.xx.2014-cü il tarixdə “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib olunmuşdur.

8. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qedyiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində RX ******* nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 47 saylı sahədə yerləşən 0.025 ha torpaq sahəsi İddiaçı1 (9/18 hissə) və X3 (9/18 hissə) adına xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır.

9. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin xx.xx.2011-ci il tarixli MA seriyalı ******* saylı, MA seriyalı ******* saylı, Nazirlər Kabineti yanında DƏDRX-nin xx.xx.2006-cı il tarixli MH seriyalı ******* saylı Çıxarışları və Bakı şəhəri İH Texniki İnventarlaşdırma və MHQİ-nin xx.xx.2003-cü il tarixli OM seriyalı 139788 saylı Qeydiyyat vəsiqəsi əsasında Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospektində 47 saylı fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ilə bağlı İddiaçı1 və X3 adına Torpaq sahəsinin planı və ölçüsü xx.xx.2014-cü il tarixdə tərtib edilmişdir.

10. Reyestrdə 4Ə-651 nömrə ilə qeyd olunan xx.xx.2016-cı il tarixli, AN-İ ******* nömrəli Daşınmaz əmlakın Alqı-satqı Müqaviləsinə əsasən satıcı X7 Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 47 saylı sahədə yerləşən torpaq sahəsinin paylı mülkiyyət üzrə ona məxsus 9/18 hissəsini alıcı İddiaçı2 İsrafil oğluna satmışdır.

11. Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 47 saylı sahədə yerləşən 0.025 ha torpaq sahəsi İddiaçı1 və İddiaçı2 adına xx.xx.2016-cı il tarixdə Torpaq sahəsinin planı tərtib edilmişdir.

12. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriya nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 47 saylı sahədə yerləşən 0.025 ha torpaq sahəsi İddiaçı1 (9/18) və İddiaçı2 (9/18) adına xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır.

13. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriya nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, ev 47, mənzil 1 ünvanında yerləşən mənzil İddiaçı2 adına xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır.

14. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriya nömrəli Çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən mənzil İddiaçı2 adına xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

15. İddiaçı1 və X8 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 17 ünvanında yerləşən 371,3 kv.m. torpaq sahəsinin paylı mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və buna dair çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 Saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 47 ünvanında yerləşən 621,3 kv.m torpaq sahəsi üzərində yerləşən yaşayış sahələri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin xx.xx.2011 -ci il tarixli MA seriyalı ******* saylı, MA seriyalı ******* saylı, xx.xx.2006-cı il tarixli MH seriyalı ******* saylı Çıxarışları və Bakı şəhəri İH Texniki İnventarlaşdırma və MHQİ-nin 03.01,2003-cü il tarixli OM seriyalı 139788 saylı Qeydiyyat vəsiqəsinə əsasən iddiaçıların adına ayrı-ayrılıqda dövlət qeydiyyatına alınmışdır. Həmin yaşayış sahələrinin yerləşdiyi və faktiki olaraq iddiaçıların qanuni mülkiyyətində olan 621,3 kv.m torpaq sahəsinin 371,3 kv.m hissəsinə dair İddiaçı1 və X4 adına keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2014-cfı il tarixdə “Torpaq sahəsinin planı və ölçüsü” sənədi verilmiş və torpaq sahəsinin planı, döngə nöqtələri və koordinatları qeyd edilmişdir. Bundan sonra, qeyd olunan ünvanda yerləşən 621,3 kv.m torpaq sahəsinin yerdə qalan 250,0 kv.m (0,025 ha) hissəsi xx.xx.2016-cı il tarixdə paylı mülkiyyət hüququ üzrə İddiaçı1 və İddiaçı2 adma daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və buna dair Reyestrdən Çıxarış və Torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Əlavə olaraq bildirilir ki, hal-hazırda sözügedən torpaq sahəsi üzərində olan və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış yaşayış sahələri istifadəyə yararsız vəziyyətdə olduğundan iddiaçılar tərəfindən sökülmüş və yerində qeyri-yaşayış binası inşa edilmişdir. Hal-hazırda müvafiq ünvanda yerləşən 371,3 kv.m torpaq sahəsi mövcud vəziyyətdə və mübahisəsiz olaraq iddiaçıların qanuni mülkiyyətindədir. Hazırda isə iddiaçılar həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində bərabər paylı şəkildə qeydiyyata alınmasını istəyirlər. Bu səbəbdən də, müvafiq ünvanda yerləşən 371,3 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququmuzun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, buna dair reyestrdən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi ilə bağlı qanunvericiliklə tələb olunan hüquqmüəyyənedici sənədlərlə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə xx.xx.2022-ci il tarixdə rəsmi qaydada müraciət olunmuş, lakin cavabdeh inzibati orqan müraciətin təmin edilməsindən imtina edilmişdir. Belə ki, cavabdeh inzibati orqanın 3-21-3-30/2-B-0615- 8/2023 **********14 nömrəli xx.xx.2023- cü il tarixli imtina məktubunda imtina səbəbi kimi “qeyd edilən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin 371 kv.m hissəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq hüquqmüəyyənedici sənədlərin əlavə edilmədiyi, elektron kadastr məlumatlarına əsasən qeyri-yaşayış binasının tikintialtı sahəsinin bir hissəsinin sənəd üzrə qeyd olunan sahədən kənarda yerləşdiyi, bundan əlavə, idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı razılaşdırılmış eskiz layihədə tikilinin 2-ci mərtəbəsində faktiki mövcud olan bəzi sahələr nəzərə alınmadığı və göstərilmədiyi, həmçinin, sözügedən sahələr tikinti obyektinin istismarına icazə sənədində öz əksini tapmadığı” qeyd edilmiş və imtina məktubu Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 55-ci maddəsi və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10.1-ci və 11.1-ci maddələrinə istinad edilmişdir. İddiaçılar hesab edir ki, cavabdehin qeyd olunan imtinası qanunsuz və əsassızdır. Cavabdeh inzibati orqan iddiaçıların hüquqlarını pozmaqla əsassız olaraq müraciəti təmin etməmişdir.

17. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, qeyd edilən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin 371 kv.m hissəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər əlavə edilməmişdir. Elektron kadastr məlumatlarına əsasən qeyri-yaşayış binasının tikintialtı sahəsinin bir hissəsi sənəd üzrə qeyd olunan sahədən kənarda yerləşir. Bundan əlavə, idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı müəyyən edilmişdir ki, razılaşdırılmış eskiz layihədə tikilinin 2-ci mərtəbəsində faktiki mövcud olan bəzi sahələr nəzərə alınmamış və göstərilməmişdir. Həmçinin, sözügedən sahələr tikinti obyektinin istismarına icazə sənədində öz əksini tapmamışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının qərarları və onlarla bağlanan müqavilələr əsasında hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları yaranır.

18. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçılar X3 və İddiaçı1 Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 47 ünvanında yerləşən 371.3 kv.m torpaq sahəsinin paylı mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair iddiaçıların adına reyestrdən çıxarışın (elektron) və plan-ölçünün verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı1 iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2023-cü il tarixli, ********** nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2023-cü il tarixli, **********86 xaricolma nömrəli məktubla cavab verilmişdir. X3 isə qeyd olunanlar ilə bağlı İdarəyə müraciəti olmamışdır. Sərəncamın icrası ilə əlaqədar olaraq bildiririk ki, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 47 ünvanında yerləşən ümumi sahəsi 250 kv.m olan torpaq sahəsi hazırda paylı mülkiyyət hüququ üzrə İddiaçı1 (9/18 hissə) və İddiaçı2 (9/18 hissə) mülkiyyətindədir. 371 kv.m torpaq sahəsinə dair isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Vahid elektron kadastr baza məlumatına əsasən göstərilən torpaq sahəsinin (371 kv.m) 30 kv.m hissəsi 202 saylı orta məktəbin ərazisində yerləşir. Həmçinin bildirirlər ki, İdarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman məlum olmuşdur ki, torpaq sahəsinin ümumi ölçüsü 621.5 kv.m təşkil edir və iddia tələbinin mümkün sayılmaması xahiş edilmişdir.

19. Daha sonra məhkəməyə birgə ərizə təqdim edilərək əsl olmayan iddiaçı X3 əsl İddiaçı2 ilə əvəz edilməsi xahiş edilmişdir.

20. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə əsl olmayan iddiaçı X7 əsl İddiaçı2 ilə əvəz edilmişdir

21. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2923/2024 saylı, 24 oktyabr 2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.

22. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 47 ünvanında yerləşən torpaq sahəsinin yalnız 250 kv.m hissəsi üzərində mülkiyyət hüquqları qeydiyyata alınsa da, sözügedən torpaq sahəsi Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş 1970-ci il tarixli “Texniki inventarlaşdırma Pasportu” əsasında vahid ölçüsü 621 kv.m olmaqla tam şəkildə (371 kv.m də daxil olmaqla) mülkiyyətçilərin istifadəsində olmuşdur, torpaq sahəsi ilə bağlı hər hansı mübahisə yaranmamışdır və ya torpaq sahəsinə dair hər hansı digər şəxsin tələbi olmamışdır.

23. Məhkəmə nəzərə alır ki, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 47 ünvanında yerləşən torpaq sahəsi bir neçə dəfə özgəninkiləşdirildikdən sonra hazırda birgə iddiaçılar İddiaçı1 və İddiaçı2 qanuni istifadəsindədir, məhz elə bu səbəbdən də ləğv edilmiş X9 Komitəsi tərəfindən İddiaçı1 və X3 adına tərtib edilmiş Torpaq sahəsinin planı və ölçüsü sənədində torpaq sahəsinin ölçüsü 621,3 kv.m olaraq qeyd edilmişdir və həmin sənəd də Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş 1970-ci il tarixli “Texniki inventarlaşdırma Pasportu” ilə birlikdə iddiaçıların torpaq sahəsi üzərində hüquqların qeydə alınması üçün əsasdır.

24. Odur ki, iddiaçılardan İddiaçı2 qeyd edilən daşınmaz əmlakı X1 aldığından qeyd edilən hissədə torpaq sahəsi üzərində hüquqlar da ona keçmişdir. Məhkəmə qeyd edir ki, əvvəllər tərtib edilmiş plan-ölçü sənədi İddiaçı1 və X3 adına (birgə) tərtib edildiyindən və hazırda mülkiyyətçilər dəyişdiyindən (İddiaçı1 və İddiaçı2) iddiaçıların həmin sənədi əldə etməkdə hüquqi maraqları mövcuddur.

25. Belə olan təqdirdə məhkəmə hesab edir ki, torpaq sahəsinin yalnız 250 kv.m hissəsində mülkiyyət hüquqları tanınmış iddiaçıların qalan 371 kv.m torpaq sahəsi üzərində də (ümumilikdə 621 kv.m) mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı “qanuni gözlənti”ləri var.

26. Məhkəmə nəzərə alır ki, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 47 ünvanında yerləşən torpaq sahəsi bir neçə dəfə özgəninkiləşdirildikdən sonra hazırda birgə iddiaçılar İddiaçı1 və İddiaçı2 istifadəsindədir.

27. Cavabdeh orqan imtinanın digər əsası olaraq qeyd etmişdir ki, vahid elektron kadastr baza məlumatına əsasən göstərilən torpaq sahəsinin (371 kv.m) 30 kv.m hissəsi 202 saylı orta məktəbin ərazisində yerləşir.

28. Məhkəmə bununla bağlı qeyd edir ki, cavabdeh orqan qeyd edilən halı təsdiqləyən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda sözügedən 621 kv.m torpaq sahəsi Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş “Texniki inventarlaşdırma Pasportu” əsasında 1970-ci il tarixdən etibarən vahid hasar daxilində istifadə edilir və torpaq sahəsinin hasar daxilindəki yerləşmə mövqeyi ilə bağlı hər hansı uyğunsuzluq mövcud deyil.

29. Odur ki, iddiaçıların hüquqlarının dövlət qeydiyyatından cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçıların üzərinə həddən artıq yük qoymuşdur

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

30. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2923/2024 saylı, 24 oktyabr 2024-cü il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinin dəlilləri

31. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla əlavə olaraq onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 47 ünvanında yerləşən ümumi sahəsi 250 kv.m olan torpaq sahəsi hazırda paylı mülkiyyət hüququ üzrə İddiaçı1 (9/18 hissə) və İddiaçı2 (9/18 hissə) mülkiyyətindədir, 371 kv.m torpaq sahəsinə dair isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8- ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Vahid elektron kadastr baza məlumatına əsasən göstərilən torpaq sahəsinin (371 kv.m) 30 kv.m hissəsi 202 saylı orta məktəbin ərazisində yerləşir. Həmçinin bildirilir ki, İdarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman məlum olmuşdur ki, torpaq sahəsinin ümumi ölçüsü 621.5 kv.m təşkil edir. Həmçinin məhkəmə tərəfindən İddiaçı2 iddiaçı kimi tanınarkən onun da torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənədinin olmaması nəzərə alınmamışdır. Məhkəmə tərəfindən tərəfindən torpaq sahəsinin iddiaçının adına qanunamüvafiq qaydada ayrılması ilə bağlı tam və ətraflı araşdırma aparılmamışdır.

ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

d) Prosses iştirakçılarının izahatları

33. Məhkəmə kollegiyasının iclasında İddiaçı2 nümayəndəsi X10 və İddiaçı1 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişlər.

34. Məhkəmə kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 243.2-ci maddəsinə əsasən, özgə torpaq sahəsində yerləşən daşınmaz əmlaka mülkiyyət hüququ başqa şəxsə keçərkən, o, torpaq sahəsinin müvafiq hissəsindən istifadə hüququnu daşınmaz əmlakın əvvəlki mülkiyyətçisi ilə eyni şərtlərlə və eyni həcmdə əldə edir. Torpaq sahəsinə mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin torpaq sahəsində yerləşən daşınmaz əmlakın mülkiyyətçisinin sahədən istifadə hüququnun xitamı və ya dəyişdirilməsi üçün əsas deyildir.

36. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanununun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər

37. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı” nın:

1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə Azərbaycan Respublikasının ərazisində yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair qüvvədə olmuş qanunvericilikdə nəzərdə tutulan aşağıdakı sənədlər: 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar.

2. 2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə Azərbaycan Respublikasının ərazisində yaşayış və bağ evləri, eləcə də onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair qüvvədə olmuş qanunvericilikdə nəzərdə tutulan aşağıdakı sənədlər: 2.4. yaşayış və bağ evlərinə dair texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasportlar (müvafiq tikililərin yerləşdiyi həyətyanı torpaq sahələrinin ölçüsü göstərildiyi halda);

38. Torpaq Məcəlləsinin: 88-ci maddəsinin 1-ci hissəsinə əsasən, tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir.

39. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;

40. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 12.1 məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan diger materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

41. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

42. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

43. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

44. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 47 ünvanında yerləşən ümumi sahəsi 250 kv.m olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun hazırda İddiaçı1 (9/18 hissə) və İddiaçı2 (9/18 hissə) adına qeydiyyat alınması işin mübahisəsiz halıdır.

45. Cavabdeh apellyasiya şikayətində bildirir ki, məhkəmə tərəfindən İddiaçı2 iddiaçı kimi tanınarkən onun da torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənədinin olmaması nəzərə alınmamışdır. Məhkəmə tərəfindən tərəfindən torpaq sahəsinin iddiaçının adına qanunamüvafiq qaydada ayrılması ilə bağlı tam və ətraflı araşdırma aparılmamışdır.

46. Bununla bağlı məhkəmə Kollegiyası diqqətə çəkir ki, Reyestrdə 4Ə-651 nömrə ilə qeyd olunan xx.xx.2016-cı il tarixli, AN-İ ******* nömrəli Daşınmaz əmlakın Alqı-satqı Müqaviləsinə əsasən satıcı X7 Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 47 saylı sahədə yerləşən torpaq sahəsinin paylı mülkiyyət üzrə ona məxsus 9/18 hissəsini alıcı İddiaçı2 İsrafil oğluna satmışdır.

47. Həmçinin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriya nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 47 saylı sahədə yerləşən 0.025 ha torpaq sahəsi İddiaçı1 (9/18) və İddiaçı2 (9/18) adına xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır.

48. İddia ərizəsinin məzmunundan aydın olur ki, birgə iddiaçılar İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 47 saylı sahədə yerləşən torpaq sahəsinin ümumi ölçüsünün 621,50 kv.m olduğunu bildirərək qalan 371,3 kv.m torpaq sahəsi üzərində də mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın və plan-ölçü sənədinin verilməsini tələb etmişdir.

49. Cavabdeh orqan imtinanın ilkin dəlili olaraq qeyd etmişdir ki, 250 kv.m olan torpaq sahəsi üzərində mülkiyyət hüquqları qeydiyyata alınsa da, 371 kv.m torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir.

50. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 47 ünvanına dair Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən 1970-ci il tarixdə verilmiş Texniki inventarlaşdırma Pasportu mövcuddur (Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.8-ci maddəsinə əsasən).

51. Belə olan təqdirdə məhkəmə Kollegiyası hesab edir ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş 1970-ci il tarixli “Texniki inventarlaşdırma Pasportu” torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən prima facie (ilkin) sübutu təşkil edir.

52. Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən 1970-ci il tarixdə verilmiş Texniki inventarlaşdırma Pasportuna əsasən Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 47 ünvanında yerləşən vahid torpaq sahəsinin ölçüsü 621,3 kv.m qeyd edilmişdir. Eyni zamanda cavabdeh orqan tərəfindən bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman torpaq sahəsinin ümumi ölçüsü 621.5 kv.m təşkil etdiyi müəyyən olunmuşdur. Odur ki, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 47 ünvanında yerləşən vahid torpaq sahəsinin ölçüsü barədə hər hansı mübahisə yoxdur.

53. Məhkəmə qeyd edilənləri məcmu halında qiymətləndirərək müəyyən edir ki, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 47 ünvanında yerləşən torpaq sahəsinin yalnız 250 kv.m hissəsi üzərində mülkiyyət hüquqları qeydiyyata alınsa da, sözügedən torpaq sahəsi Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş 1970-ci il tarixli “Texniki inventarlaşdırma Pasportu” əsasında vahid ölçüsü 621 kv.m olmaqla tam şəkildə (371 kv.m də daxil olmaqla) mülkiyyətçilərin istifadəsində olmuşdur, torpaq sahəsi ilə bağlı hər hansı mübahisə yaranmamışdır və ya torpaq sahəsinə dair hər hansı digər şəxsin tələbi olmamışdır.

54. Məhkəmə nəzərə alır ki, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 47 ünvanında yerləşən torpaq sahəsi bir neçə dəfə özgəninkiləşdirildikdən sonra hazırda birgə iddiaçılar İddiaçı1 və İddiaçı2 qanuni istifadəsindədir, məhz elə bu səbəbdən də ləğv edilmiş X9 Komitəsi tərəfindən İddiaçı1 və X3 adına tərtib edilmiş Torpaq sahəsinin planı və ölçüsü sənədində torpaq sahəsinin ölçüsü 621,3 kv.m olaraq qeyd edilmişdir və həmin sənəd də Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş 1970-ci il tarixli “Texniki inventarlaşdırma Pasportu” ilə birlikdə iddiaçıların torpaq sahəsi üzərində hüquqların qeydə alınması üçün əsasdır.

55. Odur ki, iddiaçılardan İddiaçı2 qeyd edilən daşınmaz əmlakı X1 aldığından qeyd edilən hissədə torpaq sahəsi üzərində hüquqlar da ona keçmişdir. Məhkəmə qeyd edir ki, əvvəllər tərtib edilmiş plan-ölçü sənədi İddiaçı1 və X3 adına (birgə) tərtib edildiyindən və hazırda mülkiyyətçilər dəyişdiyindən (İddiaçı1 və İddiaçı2) iddiaçıların həmin sənədi əldə etməkdə hüquqi maraqları mövcuddur.

56. Belə olan təqdirdə məhkəmə Kollegiyası hesab edir ki, torpaq sahəsinin yalnız 250 kv.m hissəsində mülkiyyət hüquqları tanınmış iddiaçıların qalan 371 kv.m torpaq sahəsi üzərində də (ümumilikdə 621 kv.m) mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı “qanuni gözlənti”ləri var.

57. Məhkəmə Kollegiyası nəzərə alır ki, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 47 ünvanında yerləşən torpaq sahəsi bir neçə dəfə özgəninkiləşdirildikdən sonra hazırda birgə iddiaçılar İddiaçı1 və İddiaçı2 istifadəsindədir.

58. Cavabdeh orqan imtinanın və apellyasiya şikayətinin digər dəlili olaraq qeyd etmişdir ki, vahid elektron kadastr baza məlumatına əsasən göstərilən torpaq sahəsinin (371 kv.m) 30 kv.m hissəsi 202 saylı orta məktəbin ərazisində yerləşir.

59. Apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin 17 iyun 2025-ci il tarixli, 2- 1(103)-1329/2025 saylı qərardadı ilə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və işin icraatı ekspertiza rəyi alınanadək təxirə salınmışdır. 25 sentyabr 2025-ci il tarixdə məhkəməyə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 sentyabr 2025-ci il tarixli, 10/4714 saylı Rəyi daxil olmuşdur.

60. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 sentyabr 2025-ci il tarixli, 10/4714 saylı ekspert Rəyində rəyə gəlinmişdir ki: - Baxış zamanı təqdim olunan iddiaçının iddia etdiyi mübahisəli torpaq sahəsi, yəni Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 47 ünvanında yerləşən 371 kv.metr torpaq sahəsi Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş 1970-ci il tarixli "Texniki inventarlaşdırma Pasportu" nda nəzərdə tutulmuş vahid ölçüsü 621 kv.m torpaq sahəsinin bir hissəsini təşkil edir. -Qeyd edilən 371 kv.metr torpaq sahəsinin naturada yeri və koordinatları müəyyən edilmişdir. Həmin torpaq sahəsinin koordinatları xx.xx.2014-cü il tarixli, A№510199 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatlara uyğundur. -Baxış zamanı təqdim olunan iddiaçının iddia etdiyi mübahisəli torpaq sahəsi, yəni Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 47 ünvanında yerləşən 371 kv.metr torpaq sahəsinin qonşu sahələrin sərhəd hasarından kənarda yerləşdiyini və həmin sahəyə iddiaçının adına xx.xx.2014-cü il tarixli, A№510199 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin tərtib edildiyini nəzərə alaraq, torpaq sahəsinin başqa hüquqi və ya fiziki şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşmədiyi və 202 saylı orta məktəbin ərazisində yerləşmədiyi müəyyən edilmişdir.

61. İPM-in 1.2-ci maddısinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

62. MPM-in 88-ci maddəsinə əsasən ekspertin rəyi digər sübutlarla yanaşı qiymətləndirilir.

63. Məhkəmə Kollegiyası ekspert rəyini digər sübutlarla yanaşı qiymətləndirərək (İPM-in 1.2-ci və MPM-in 88-ci maddəsinə əsasən) rəylə razılaşmamağa əsaslar görmür.

64. Belə ki, cavabdeh orqan qeyd edilən halı təsdiqləyən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda sözügedən 621 kv.m torpaq sahəsi Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş “Texniki inventarlaşdırma Pasportu” əsasında 1970-ci il tarixdən etibarən vahid hasar daxilində istifadə edilir və torpaq sahəsinin hasar daxilindəki yerləşmə mövqeyi ilə bağlı hər hansı uyğunsuzluq mövcud deyil.

65. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

66. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2923/2024 saylı, 24 oktyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

67. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2923/2024 saylı, 24 oktyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar