Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-133/2021 25.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X13 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçının vəkili Vəkil2 və 3-cü şəxs X4 nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Əliaslanov Etibar Abugül oğlunun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (3-cü şəxslər Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsi və X10) qarşı “torpaq sahəsinə dair plan və ölçünün və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 16 iyun 2020-ci il tarixli, 2-1(112)- 1151/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Əliaslanov Etibar Abugül oğlu cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən və 0,12 hektar sahəsi olan 5748 saylı bağ sahəsinə dair plan və ölçünün və mülkiyyət hüquqlarının qeydiyyatı barədə çıxarışın iddiaçının adına verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının İnkişafı Departamenti ilə iddiaçı arasında 14.11.2005-ci il tarixdə 36617 saylı müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən Bakı şəhəri Ləhiş ərazisindəki 5848 nömrəli bağ (0,12 ha) iddiaçının istifadəsinə verilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20.12.2012- ci il tarixli, 2inz(82)- 2332/2012 nömrəli qərarı ilə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş ərazisində yerləşən sahəsi 0,12 hektar olan 5848 nömrəli bağ sahəsinə plan və cizginin veriməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. Həmin Qərar Bakı Apellyasiya Məhkəməsinin 02.05.2013-cü il tarixli, 2-1inz(103)-538/2013 nömrəli qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmış, qərardan verilmiş kassasiya şikayəti Azərbayan Respublikasının Ali Məhkəməsinin 23.10.2013-cü il tarixli, 2-2(102)-945/13 nömrəli qərarı ilə qismən təmin edilmiş, iddia mümkünsüz sayılmışdır. İddianın mümkünsüz sayılmasının əsası kimi həmin tələbə cavab verməli orqanın Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin olması göstərilmişdir. Bundan sonra iddiaçı Yasamal Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı ilə bağlanmış müqavilədə qeyd edilən 5848 №li bağın 5748 nömrəli bağ kimi müəyyən edilməsi xahiş edilmişdir. İddia Yasamal Rayon Məhkəməsi tərəfindən təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 11.01.2017-ci il tarixli, 2(103)-208/2017 nömrəli qətnaməsi ilə verilmiş apellyasiya şikayəti əsasında Yasamal Rayon Məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia təmin edilmiş, icarə müqaviləsində qeyd edilmiş 5848 nömrəli bağın nömrəsi 5748 kimi müəyyən edilmişdir. Qətnamədən kassasiya şikayəti verilməmiş və qətnamə qüvvəyə minmişdir.Bundan sonra iddiaçı cavabdehə müraciət edərək qeyd edilən bağ üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etsə də müraciəti təmin edilməmişdir. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, qeyd edilən bağ sahəsi başqa fiziki şəxsin icarəsindədir. İddiaçı cavabdehin imtinasını qanunsuz hesab edir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsində mülkiyyət hüquqlarının qeydiyyatından imtina edilməsi halları dəqiq göstərilmişdir. Bağ sahəsinin başqa bir fiziki şəxsin istifadəsində olması kimi əsasın imtina cavabının verilməsi üçün əsas olması qeyd edilən normada göstərilməmişdir. Cаvаbdеh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçı tərəfindən göstərilən bağ sahəsi digər fiziki şəxs tərəfindən istifadə olunur. Bundan başqa bölgü sxeminə və elektron baza məlumatlarına istinadən 5748 saylı bağ digər fiziki şəxs tərəfindən mişar daşı ilə tam hasara alınmışdır. Hal-hazırda həmin bağ sahəsində 2 mərtəbəli bağ evi inşa edilir və ikinci mərtəbəsində daş-hörgü işləri aparılır. Həmçinin sözügedən bağ sahəsinə 2015-ci ildə bələdiyyə sənədi ilə X3 müraciəti əsasında texniki baxış keçirilmişdir. Belə ki, sözügedən 5748 saylı bağ sahəsi vətəndaşlar arasında mübahisəlidir. Bakı İnzibati Məhkəməsinin 16 iyun 2020-ci il tarixli, 2-1(112)-1151/2020 saylı qərarı ilə iddianın təmin edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən və 0,12 hektar sahəsi olan 5748 saylı bağ sahəsinə dair plan və ölçünün iddiaçı Əliaslanov Etibar Abugül oğlunun adına hazırlanaraq verilməsi və həmin bağ sahəsi üzərində iddiaçı Əliaslanov Etibar Abugül oğlunun mülkiyyət hüquqlarının qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə etirazla eyni əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, sözügedən əraziyə torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi barədə Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsi ilə bağlanmış 21.05.2007-ci il tarixli torpaq icarəsi müqaviləsi ilə X5 tərəfindən və bağ sahəsinə dair texniki pasportun və dövlət reyestrindən çıxarışın verilməsi barədə Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsinin 09.06.2006-cı il tarixli sərəncamı ilə X8 tərəfindən müraciətlər edilmişdir. Göründüyü kimi, Bakı İnzibati Məhkəməsi tərəfindən müvafiq iş dəqiq və düzgün araşdırılmamış, müvafiq ünvanda ekspertiza keçirilməmiş, X8, X6 müvafiq iş üzrə cəlb edilməmiş, qeyd olunan hallar nəzərə alınmamış və ekspertiza keçirilməmiş, qanunsuz olaraq iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. Müvafiq işin düzgün və ədalətli araşdırılması məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti, Maştağa Bələdiyyəsi, Nadiya Kamran qızı, X6, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, Torpaqların Dövlət idarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi məhkəmə tərəfindən müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində tərəf kimi cəlb edilməli və məhkəmə tərəfindən ekspertiza keçirilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən 3-cü şəxs X4 nümayəndəsi X9 apellyasiya şikayətinin təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə və digər 3-cü şəxs Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən cavabdehin və digər 3-cü şəxs Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsinin nümayəndələrinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya baxışı zamanı Sabunçu rayonu Maştağa Bələdiyyəsi və X10 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının İnkişafı Departamenti Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə Əliaslanov Etibar Abugül oğlu arasında bağlanmış 14.11.2005-ci il tarixli “Ləhiş ərazisindəki 5848 nömrəli bağın istifadəyə verilməsi haqqında” müqaviləyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş ərazisində 0,12 hektar torpaq sahəsi olan 5848 nömrəli bağ sahəsi iddiaçının istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin 22.09.2012-ci il tarixli, **********38 nömrəli məktubuna əsasən texniki baxış zamanı aydın olmuşdur ki, bağ sahəsinin yeri 5848 nömrəsinə deyil, 5748 nömrəsinə uyğun gəlir. 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 20.12.2012-ci il tarixli 2inz(82)-2332/2012 nömrəli qərarına əsasən iddiaçının cavabdehə qarşı iddiası təmin edilərək iddiaçının istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0,12 hektar torpaq sahəsindən ibarət 5848 saylı bağ sahəsinin plan və cizgisinin verilməsi vəzifəsi ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmiş, Bakı Apellyasiya Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının 02.05.2013-cü il tarixli, 2- 1inz(103)-538/2013 nömrəli qərarı ilə həmin qərar qüvvədə saxlanılmışdır, Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının 23.10.2013-cü il tarixli, 2- 2(102)-945/13 nömrəli qərarına əsasən cavabdehin verdiyi kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının 02.05.2013cü il tarixli, 2-1inz(103)-538/2013 saylı qərarı ləğv edilmiş, iddiaçının iddiası torpaq sahəsinə dair mərzçəkmə planının tərtib edilməsi üçün Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edilməli olduğu üçün mümkün sayılmamışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1755/2014 nömrəli, 14.07.2014cü il tarixli qərarına əsasən iddiaçı Əliaslanov Etibar Abugül oğlunun cavabdeh ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən və 0,12 ha olan 5848 saylı bağ sahəsinə dair plan və cizginin verilməsi vəsifəsinin cavabdehə həvalə edilməsi barədə iddiası təmin edilməmişdir, Bakı Apellyasiya Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının 2-1(103)- 1566/14 nömrəli, 06.11.2014-cü il tarixli qərarına əsasən həmin qərardan iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-208/2017 nömrəli, 11.01.2017-ci il tarixli qətnaməsinə əsasən Əliaslanov Etibar Abugül oğlu ilə Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının İnkişafı Departamentinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi arasında bağlanmış 14.11.2005-ci il tarixli, 36617 nömrəli müqaviləyə əsasən iddiaçının faktiki sahibliyində və istifadəsində olan bağın nömrəsi 5748 kimi müəyyən edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Aparatının Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin 132 nömrəli, 31.01.2006-cı il tarixli məktubuna əsasən iddiaçıya Bakı şəhər İcra Hakimiyyəti aparatının 15.10.1986-cı il tarixli, 18/294 nömrəli və 14.06.1988-ci il tarixli, 6/333 nömrəli qərarlarına əsasən icarəsindəki bağ sahəsində hasar tikilməsinə icazə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin **********09 nömrəli, 07.02.2018-ci il tarixli məktubuna əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən bağ sahəsinə vətəndaş Nuriyeva Nadya Kamran qızının müraciəti əsasında baxış keçirilsə də dövlət qeydiyyatı aparılmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin 26.12.2017-ci il tarixli bildirişinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi ünvanda yerləşən 5748 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilmişdir, imtinanın əsası kimi həmin bağ sahəsinin digər şəxsin istifadəsində olması göstərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 0448081 nömrəli çıxarış (Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 106 saylı BTK-nın 5848 saylı bağ sahəsinin Əzizova Lətafət Ayəddin qızının mülkiyyətində olması barədə), həmin bağ sahəsi ilə bağlı Nəsibov Şahin Nəsib oğlunun adına tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü, həmin şəxsin adına qeyd edilən torpaq sahəsi barədə ******* nömrəli çıxarış, 11 saylı order, Rəhimova Xalidə Məşkür qızının adına verilmiş ******* nömrəli çıxarış (Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 5850 saylı bağ sahəsinin qeyd edilən şəxsin mülkiyyətində olması barədə), Sabunçu rayonu Ləhiş bağ sahəsində 5850 sayı bağ evi ilə bağlı Cəfərov Sadıx Behbud oğlunun adına tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü, həmin şəxsin adına qeyd edilən bağ sahəsinin üzərində mülkiyyət hüququ barədə 0093785 nömrəli çıxarış təqdim edilmişdir. Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsinin 09 iyun 2006-cı il tarixli sərəncamına əsasən Maştağa qəsəbəsi, Ləhiş bağ massivində sahə 5852-də 1200 kv metr torpaq sahəsinin vətəndaş Nadya Kamran qızı Nuriyevaya fərdi bağ evinin tikinisi üçün ayrılması məqsədəuyğun hesab edilmişdir, həmin şəxslə qeyd edilən bələdiyyə arasında 21.05.2007-ci il tarixli torpaq icarəsi müqaviləsi bağlanmışdır, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin 25.07.2018-ci il tarixli, 5-92 nömrəli məktubuna əsasən Sabunçu rayonu Maştağa Bələdiyyəsinin 09 iyun 2006-cı il tarixli, 444 nömrəli sərəncamı X7 daxil olmamışdır. Cavabdehin 30.11.2018-ci il tarixli məktubuna əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivindəki 5748 saylı bağ sahəsi digər fiziki şəxs tərəfindən mişar daşı ilə tam hasara alınmışdır, hal-hazırda həmin bağ sahəsində 2 mərtəbəli bağ evi inşa edilir. Qeyd edilən sahə qeydiyyatdan keçməmişdir. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının İnkişafı Departamenti Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə Əliaslanov Etibar Abugül oğlu arasında bağlanmış 14.11.2005-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş ərazisində 0,12 hektar torpaq sahəsi olan bağ sahəsi iddiaçının istifadəsinə verilmişdir. Müqavilədə bağın sahəsinin nömrəsi 5848 göstərilsə də Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin 22.09.2012-ci il tarixli, **********38 nömrəli məktubuna əsasən texniki baxış zamanı aydın olmuşdur ki, bağ sahəsinin yeri 5848 nömrəsinə deyil, 5748 nömrəsinə uyğun gəlir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-208/2017 nömrəli, 11.01.2017-ci il tarixli qətnaməsinə əsasən də Əliaslanov Etibar Abugül oğlu ilə Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının İnkişafı Departamentinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi arasında bağlanmış 14.11.2005-ci il tarixli, 36617 nömrəli müqaviləyə əsasən iddiaçının faktiki sahibliyində və istifadəsində olan bağın nömrəsi 5748 kimi müəyyən edilmişdir. İddiaçı qeyd edilən torpaq sahəsinə aid mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını cavabdehdən xahiş etsə də iddiaçının müraciəti təmin edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.11-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifələri sırasına daxildir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir, həmin qanunun 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir...Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:..8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;.. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Cavabdehin etirazında qeyd edilən bağ sahəsinin digər fiziki şəxs tərəfindən istifadə olunması, fiziki şəxs tərəfindən mişar daşı ilə tam hasara alınması, həmin bağ sahəsində 2 mərtəbəli bağ evinin inşa edilməsi və ikinci mərtəbəsində daş-hörgü işlərinin aparılması, sözügedən bağ sahəsinə 2015-ci ildə bələdiyyə sənədi ilə X3 müraciəti əsasında texniki baxış keçirilməsi kimi dəlillərinə münasibətdə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, həmin əsaslar iddiaçıya qanunla nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında məxsus olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsi üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmamışdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin etirazda adını çəkdiyi vətəndaş Nadya Kamran qızı Nuriyevaya Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsinin 09 iyun 2006-cı il tarixli sərəncamına əsasən Maştağa qəsəbəsi, Ləhiş bağ massivində sahə 5852-də 1200 kv metr torpaq sahəsi ayrılmışdır, iddiaçının isə üzərində hüquqlarını qeydə alınmasını tələb etdiyi bağ sahəsinin nömrəsi 5748-dir. Belə olan halda iddiaçının Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 5748 nömrəli bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və həmin bağ sahəsinə dair torpağın plan və ölçüsünün hazırlanaraq iddiaçıya verilməsini cavabdehdən tələb etmək hüququ vardır. Mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Hazırkı işin halları üzrə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi, 5748 saylı bağ sahəsində yerləşən 0,12 hektar torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasında imtina olunması üçün əsaslar mövcud deyil. Cavabdehin imtinası ilə bağlı gətirdiyi dəlillər, yəni bağın nömrəsində uyğunsuzluğun və bağ sahəsi ilə bağlı digər şəxslərin müraciətinin olması tutarlı sayıla bilməz. Çünki, həmin hal iddiaçının iradəsindən asılı deyil və bu uyğunsuzluğun aradan qaldırılması da İdarənin səlahiyyətlərindədir. Bundan başqa, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 208/2017 nömrəli, 11.01.2017-ci il tarixli qətnaməsi ilə iddiaçının faktiki sahibliyində və istifadəsində olan bağın nömrəsi 5748 kimi müəyyən edilmişdir. Apellyasiya baxışı zamanı Bakı şəhəri Sabunçu Rayonu Maştağa Bələdiyyəsi ilə X5 arasında bağlanmış 21 may 2007-ci il tarixli torpaq icarə müqaviləsinə əsasən “Ləhiş” bağ massivində yerləşən ümumi sahəsi 1200 kv.m olan torpaq sahəsi X1 icarəyə verilməsinə əsas olmuş Bakı şəhəri Sabunçu Rayonu Maştağa Bələdiyyəsinin 21 may 2007-ci il tarixli, 63 saylı qərarının məhkəməyə təqdim olunması barədə sorğu ünvanlanmış, 04 dekabr 2020-ci il tarixli cavab məktubunda 21 may 2007-ci il tarixli, 63 saylı qərarın aşkarlanmadığı bildirilmişdir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı hazırkı iddiası ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş, cavabdehin göstərilən ölçüdə torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtinası qanuna zidd olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Odur ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası cavabdehin Bakı Şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti, Torpaqların Dövlət idarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin üçüncü şəxs qismində icraata cəlb edilməli olduqlarına dair apellyasiya şikayətinin dəlili ilə razılaşmır və hesab edir ki, hazırkı mübahisənin həlli ilə bağlı göstərilən subyektlərin icraata cəlb edilməsini tələb edən hər hansı zərurət müəyyən olunmamışdır. Maştağa Bəklədiyyəsi və X10 isə iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. Ekspertizanın təyin edilməli olması ilə bağlı kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin icraatında olan zaman iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-1105/2018 nömrəli, 12.10.2018-ci il tarixli və 2-1(82)-65/2019 nömrəli, 08.08.2019-cu il tarixli qərardadları ilə məhkəmə tərəfindən məhkəmə torpaqşünaslıq ekspertizası təyin edilmiş, lakin iş üzrə ekspertiza rəyləri verilməmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 08.01.2019-cu il tarixli, 29822 nömrəli və 07.02.2020-ci il tarixli, 22295 nömrəli məktubları ilə iş üzrə ekspertiza aparılmadan iş məhkəməyə qaytarılmışdır. İş üzrə ekspertizanın təyin edilməsi üçün əsaslar mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 16 iyun 2020-ci il tarixli, 2-1(112)-1151/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-133/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-133/2021
25.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver