Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-133/2024 21.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X52 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və X6 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2062/2023 nömrəli, 27 fevral 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı və X16 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Şabandağ qəsəbəsi bağ massivində "Şabandağ" bağçılıq-bostançılıq yoldaşlığı tərəfindən onlara ayrılmış 2 və 70 saylı bağ sahələri üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçılar İddiaçı və X2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahələri üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi” tələbinə dair inzibati işdən iddiaçı X7 aid hissə üzrə icraat ayrılmışdır. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Şabandağ qəsəbəsi bağ massivində yerləşən "Şabandağ" bağçılıq-bostançılıq yoldaşlığı tərəfindən ayrılmış 2 saylı bağ sahəsi üzərində hüquqların X19 məxsus olmasına dair arayışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “Şabandağ” bağçılıq-bostançılıq kollektivinin üzvü olmuş və Şabandağ sahəsində sahəsi 0.12 ha olan 2 saylı bağ sahəsi ayrılmış X17 vərəsəsidir. Bakı şəhər X36 İcraiyyə Komitəsinin 11/546 nömrəli, 07 avqust 1991-ci il tarixli qərarına əsasən 26 Bakı Komissarı adına Neft-Qazçıxarma İdarəsinin xahişi nəzərə alınaraq həmin idarəyə Qaradağ rayonu Lökbatan-Hacı Həsən yolunun qərb hissəsində kollektiv bağçılıq-bostançılıq üçün torpaq sahəsi ayrılmışdır. “Bağçının üzvlük kitabçası”na əsasən X34 1991-ci ildə “Şabandağ” bağçılıq bostançılıq yoldaşlığına qəbul edilmiş, bağçılıq cəmiyyətinin xx.xx.1991-cı il tarixli, 11/546 nömrəli protokoluna əsasən onun istifadəsinə sahəsi 1200 kv. metr olan 2 nömrəli bağ sahəsi verilmişdir. 10 yanvar 2022-ci ildə iddiaçı həmin bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq, çıxarışın verilməsi üçün cavabdeh quruma müraciət etmişdir. Cavabdeh orqan 17 fevral 2022-ci il tarixli bildirişi ilə müraciətin təmin edilməsindən imtina etmişdir. İmtinanın əsasları kimi elektron kadastr baza məlumatlarına əsasən göstərilən əraziyə digər şəxsin adına kadastr planının verilməsi, kollektivin siyahısında iddiaçının adının olmaması və “Şabandağ” bağşılıq-bostançılıq kollektivinin bağ sahələrinin bölgü sxeminin idarənin arxivinə təhvil verilməməsi göstərilmişdir. Arxivdə sözügedən məlumatların aşkar olunmaması sözügedən torpaq sahəsinin iddiaçının istifadəsinə verilməməsi anlamına gəlmir. Belə ki, "Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli № 2186 Sərəncamının 2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin etməli və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etməlidir. Göründüyü kimi, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi vəzifəsi Nazirlər Kabinetinə həvalə edilib. Bu səbəbdən də 1991-ci ildən iddiaçının istifadəsinə verilmiş bağ sahəsinin arxiv sənədlərinin cavabdeh qurumun arxivində olmamasının məsuliyyəti və nəticələri də iddiaçının üzərinə qoyulmamalıdır. Bakı İnzibati Məhkəməsinin (hakim Tural Məlikov) 2-1(112)-2062/2023 nömrəli, 27 fevral 2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum atası 1991-ci ildən “Şabandağ” bağçılıq-bostançılıq cəmiyyətinin üzvü olmuş və ona Şabandağ sahəsində sahəsi 0,12 ha olan 2 saylı bağ sahəsi ayrılmışdır. Bu, Bakı şəhər X36 İcraiyyə Komitəsinin 11/546 nömrəli, 07 avqust 1991-ci il tarixli qərarı və bağçılıq cəmiyyətinin xx.xx.1991-cı il tarixli, 11/546 nömrəli protokolu ilə təsdiq olunur. Birinci instansiya məhkəməsinə təqdim edilmiş bağçının üzvlük kitabçası, xx.xx.1991-cı il tarixli, 11/546 nömrəli protokoldan çıxarış, 26 saylı bağ sahəsinin plan-cizgisi, bağçılıq-bostançılıq kollektivinin üzvlərinin ümumi siyahısı və s. iddiaçının həmin bağ sahəsi üzərində hüquqlarının əmələ gəlməsinin əsaslarını təşkil edir. Başqa sözlə, istinad edilən qanunun və Mülki Məcəllənin normalarına əsasən iddiaçının iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar mövcuddur. Mübahisələndirilən qərarda iddia tələbinin təımin edilməsi üçün kifayət edən sənədlərə - üzvlük kitabçası və üzvlərin iclasının protokolundan çıxarışa, “Şabandağ” bağçılıq-bostançılıq kollektivinin sədri L.Mirəliyeva tərəfindən imzalanaraq kollektivin möhürü ilə təsdiq edilmiş kollektiv üzvlərinin ümumi siyahısına hər hansı bir münasibət bildirilməmişdir. Bu isə həmin qərarın qanunsuz və əsassız olduğunu təsdiq edir. 2 saylı bağ sahəsi əvəzsiz olaraq iddiaçının mülkiyyətinə verilməlidir. Belə ki, 2 saylı bağ sahəsi iddiaçının mərhum atasının istifadəsinə qanuni əsaslarla - Bakı şəhər X36 İcraiyyə Komitəsinin 11/546 nömrəli, 07 avqust 1991-ci il tarixli qərarı və “Şabandağ” bağçılıq-bostançılıq cəmiyyətinin xx.xx.1991-cı il tarixli, 11/546 nömrəli protokolu ilə verilmişdir. Mübahisələndirilən qərar maddi hüquq normasının tələblərinə ziddir və bu baxımdan da apellyasiya qaydasında ləğv edilməlidir. Cavabdeh inzibati orqanın 17 fevral 2022-ci il tarixli, **********99 saylı imtina bildirişində idarədə mövcud olan arxiv məlumatlarına əsasən təqdim edilmiş bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adının aşkar edilmədiyi qeyd edilmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdə isə onun mərhum atasının adı bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında sıra sayı ilə 3-cü yerdə göstərilmişdir. İddianı rədd edən məhkəmə cavabdeh qurumun iddiaçının atasının adının “Şabandağ” bağçılıq-yoldaşlıq cəmiyyətinin üzvlərinin siyahısında olmamasına dair dəlilini qəbul etmədiyini və bağçılıq yoldaşlığın arxiv qovluğundakı təqdim edilmiş sənədlərdə iddiaçının mərhum atasının adının həmin təsərrüfatın üzvlərinin siyahısında olması və ona torpaq sahəsi ayrılmasına dair üzvlük kitabçasının verilməsinin təsdiq olunmasını bildirsə də, qanunsuz olaraq iddiaçı tərəfindən qeyd edilən topraq sahəsinin yerləşmə koordinatları üzrə X74 daimi istifadəsinə verilməsinə dair Bakı şəhər İcra Hakimiyyəti başçısının 16 dekabr 2005-ci il tarixli, 330 nömrəli sərəncamının mövcud olmasına və həmin sahə ilə bağlı 2011-ci il tarixdə torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsinə istinad etmişdir. Məhkəmənin bu mövqeyi Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli 2186 nömrəli Sərəncamının 2.1-ci bəndinə ziddir. Bu səbəbdən də mübahisələndirilən qərar qanunsuz və əsassızdır və apellyasiya qaydasında ləğv edilməlidir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd olunur: Hüquq sahibi X10 miras qalmış Bakı şəhəri, Qaradağ rayonu, Şabandağ bağ massivində yerləşən “2” saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ********** nömrəli xx.xx.2022-ci ıl tarixli müraciətinizə baxılmışdır. Elektron kadastr məlumatlarına əsasən bağçılıq-yoldaşlığın bölgü sxemi olmadığından bağ sahəsinin yerləşməsinin düzgünlüyünü müəyyən etmək mümkün olmamışdır. Həmçinin, qeyd edilən ümumi ərazidə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən digər şəxsin adına verilmiş “Torpaq sahəsinin plan və ölçüsü” (kadastr planı) mövcuddur. İş materiallarında olan Bağçının üzvlük kitabçasının və “26 Bakı komissarı” adına Neft-Qaz Çıxarma İdarəsinin və Həmkarlar İttifaqı Komitəsinin xx.xx.1990-cı il tarixli ümumi iclasının 10 saylı protokolundan çıxarışın surətlərindən görünür ki, X34 xx.xx.1991ci ildə “Şabandağ” bağçılıq cəmiyyətinə üzv qəbul edilmiş, ona Şabandağ sahəsində “Şabandağ" bağçılıq-bostançılıq kollektivinin ümumi sahəsindən baş plana əsasən 1200 kv.m olmaqla 2 saylı bağ sahəsi ayrılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş Torpaq sahəsinin plan və ölçüsündən görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli, 330 nömrəli sərəncamına əsasən Binəqədi rayonu Xocasən kəndinin şərqində Xocəsən gölünün ətrafında yerləşən Universitet Kampusunun tikintisi üçün X74 daimi istifadəsinə ayrılmış ümumi sahəsi 17276776 kv.m olan torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. X75 kitabında xx.xx.2011-ci il tarixdə 23519 nömrə ilə uçota alınmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. 12.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. İşin faktiki hallarından görünür ki, iddiaçı mərhum atası İddiaçı “Şabandağ” bağçılıq yoldaşlıq təsərrüfatının üzvü kimi ona ayrılmış 2 nömrəli bağ sahəsinin atasına məxsus olması barədə müvafiq arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. İddiaçı bu məqsədlə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh isə müraciətin təmin edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd edilən ərazidə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən digər şəxsin adına verilmiş “Torpaq sahəsinin plan və ölçüsü” (kadastr planı) mövcuddur. Belə ki, X75 kitabında xx.xx.2011-ci il tarixdə 23519 nömrə ilə uçota alınmış “Torpaq sahəsinin planı və ölçüsü” sənədi Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli 330 saylı Sərəncamına əsasən verilmişdir. Bakı şəhər İcra hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli 330 №li sərəncamından göründüyü kimi X74 xx.xx.2005-ci il tarixli 01/0026 saylı məktubu nəzərə alınaraq, Binəqədi və Qaradağ rayonlarının ərazilərində Xocasən kəndinin şərqində yerləşən Xocəsən gölünün ətrafındakı torpaq sahəsinin, universitet kampusunun tikintisinin layihələşdirilməsi üçün həmin Fondun daimi istifadəsinə verilməsi qərara alınmışdır. Bundan başqa, iş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6178/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, iddiaçılar X46, X1, X3, X29, X59, X78, X47, X70, X20, X48, X60, X21, X49, X50, X30, X31, X40, X8, X22, X23 və X18 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı «Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli 330 saylı və xx.xx.2006-cı il tarixli 142 saylı sərəncamlarının iddiaçılara aid hissədə ləğv edilməsi» tələbinə dair iddia mümkün sayılmamışdır (iddia müddəti buraxıldığına görə). Bakı Apellyasiya Məhkəməsinin 2- 1(103)-3096/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6178/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-841/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçıların kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-3096/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Eyni zamanda, iş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2303/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, iddiaçılar X71, X41 və X11 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı «Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli 330 saylı və xx.xx.2006-cı il tarixli 142 saylı sərəncamlarının iddiaçılara aid hissədə ləğv edilməsi» tələbinə dair iddia mümkün sayılmamışdır (iddia müddəti buraxıldığına görə). Bakı Apellyasiya Məhkəməsinin 2- 1(103)-3169/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçıların apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2303/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-900/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçıların kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-3169/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Eyni zamanda, iş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 11682/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, iddiaçılar X42, X12, X13, X61, X62, X24, X32, X25, X43, X4, X51, X16, X72, İddiaçı, X5, X35, X44 və X14 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı «Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli 330 saylı və xx.xx.2006-cı il tarixli 142 saylı sərəncamlarının iddiaçılara məxsus bağ sahələrinə düşən hissədən ləğv edilməsi» tələbinə dair iddia mümkün sayılmamış, iddia müddətinin ötürülməsinin bərpa edilməsi barədə vəsatət təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-450/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçıların apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11682/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 1892/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2- 1(103)-450/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmamış və şikayətin icraata qəbulundan imtina edilmişdir (mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsinin mövcud və aydın olması, həmin təcrübənin kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməsi, təcrübənin tərəflər üçün əlçatan və bəlli olması). Göründüyü kimi, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli 330 saylı Sərəncamı «Şabandağ» bağçılıq-bostançılıq yoldaşlığının üzvləri olduqlarını iddia edən şəxslər, o cümlədən İddiaçı tərəfindən mübahisələndirilsə də, iddia tələbləri iddia müddəti buraxıldığı üçün mümkün sayılmamışdır və qərardadlar qanuni qüvvəyə minmişdir. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli 330 saylı Sərəncamı geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslıdır, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2062/2023 nömrəli, 27 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-133/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-133/2024
21.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver