Məhkəmə qərarları › İş №2-1(103)-133/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-133/2025

09.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-133/2025 09.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər Binəqədi rayon İcra Hakimiyyəti, Biləcəri Bələdiyyəsi, Binəqədi qəsəbə Bələdiyyəsi və X8 cəlb olunmaqla) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “torpağın mülkiyyət növünün xüsusi mülkiyyət kimi göstərilməsi və çıxarışın verilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X3 ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi ilə, Üçüncü şəxs Binəqədi qəsəbə Bələdiyyəsinin nümayəndəsi X4 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-477/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli **********050 saylı məktubdan görünür ki, iddiaçının Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair verilmiş sənədlərdə müvafiq düzəliş edilməsi ilə bağlı müraciətinə baxılmış vahid elektron kadastr bazasına əsasən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin dövlət mülkiyyəti torpağı olduğu qeyd olunaraq təmin edilməsindən imtina edilmişdir.

2. Bakı şəhəri Binəqədi rayon Biləcəri bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 281 saylı qərarının arxiv surətindən görünür ki, Biləcəri qəsəbəsi yaşayış məntəqəsi hüdudları daxilində 2,5 ha torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün alqı-satqı yolu ilə əlavə olunmuş cizgi əsasında X6 istifadəsinə ayrılmış, həmin torpaq sahəsinin cizgisi təsdiq edilmişdir.

3. Bakı şəhəri Biləcəri bələdiyyəsinin xx.xx.2014-cü il tarixli, 206 saylı qərarının surətindən görünür ki, Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 281 saylı xx.xx.2005-ci il tarixli qərarı ilə vətəndaş X6 adına sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün alqısatqı yolu ilə ayrılmış 25000.0 kv.metr torpaq sahəsinin həmin bələdiyyənin 150/ə saylı xx.xx.2014-cü il tarixli qərarı ilə istifadəsində olan torpaq sahəsindən məhəllədaxili və ara yollara çıxılmaqla faktiki 2500.0 kv.metr torpaq sahəsi öz adında qalmaqla 2100.0 kv.metr torpaq sahəsinin onun adından notarial qaydada qarşılıqlı razılaşmaya əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün vətəndaş İddiaçı adına keçirilmiş, həmin torpaq sahəsinin cizgisi təsdiq edilmişdir.

4. Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti başçısını vətəndaş İddiaçı istifadəsində olan torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış obyektinin mövcud vəziyyətdə sənədləşdirilməsi haqqında 18 sentyabr 2017-ci il tarixli 210 №li Sərəncamından görünür ki, İddiaçı Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsində olan torpaq sahəsində inşa edilmiş ümumi sahəsi – 1399,2 kv.m. olan 2 (iki) mərtəbəli qeyriyaşayış obyektinin təqdim edilmiş layihə əsasında sənədləşdirilməsi qərara alınmışdır.

5. Bakı şəhəri Biləcəri Bələdiyyəsinin xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il xx.xx.2022-ci il və tarixli arayışlarından görünür ki, xx.xx.2017-ci il tarixli, 01/05-01- 11/A-681 saylı Arayışından görünür ki, arayış verilir İddiaçı ondan ötrü ki, həqiqətən Biləcəri bələdiyyəsinin xx.xx.2014-cü il tarixli, 206 saylı qərarına əsasən onun adına Biləcəri qəsəbəsi ərazisində 2100,0 kv.metr torpaq sahəsi ayrılmışdır. Arayışın qeyd hissəsində Biləcəri bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 281 saylı qərarı ilə X6 adına ayrılmış 25000,0 kv.metr torpaq sahəsindən 2100,0 kv.metrinin addan-ada keçirilməklə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim etmək üçün verildiyi qeyd edilmişdir.

6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 2 ünvanında yerləşən qeyri yaşayış binası İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Çıxarışda torpaq sahəsinin mülkiyyət növü “dövlət”, hüququn növü “istifadə”, torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı) “sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar”, ölçüsü 0,146 ha qeyd edilmişdir.

7. Apellyasiya baxışı zamanı idddiaçının vəkilinin (nümayəndəsinin) vəsatəti təmin edilərək məhkəmə Kollegiyasının aidiyyatı qurumlara, onların tövsiyyəsinə əsasən isə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialına göndərilmiş sorğulara əsasən Binəqədi rayonu və Biləcəri Bələdiyyəsinin bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hüdudları, növləri və ölçüləri müəyyən edən yer (torpaq) quruluşu planları, 2005-2014- cü illərdə Biləcəri Bələdiyyəsi tərəfindən və Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən Biləcəri Bələdiyyəsi ərazisinə aid torpaqayırmalara, xüsusilə X7 25000 kvm torpaq sahəsinin ayrılmasına dair texniki və hüquqi sənədlərin təsdiq olunmuş surətlərinin; həmçinin, X7 ayrılmış (satılmış) 25000 kvm torpaq sahəsinin istifadəsi, hansı əsaslarla və qaydada başqa şəxsləriə istifadəyə (verilməsi satılması) və.sair sənədlərin təsdiq edilmiş surətlərinin aşkar edilməməsi səbəbindən məhkəməyə təqdim edilməsi mümkün olmamışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 2 ünvanlı 2100 kv.m torpaq sahəsinin mülkiyyət növü haqqında daşınmaz əmlakın dövlət reyestri məlumatlarında mülkiyyət növü kimi “dövlət” qeydinin “bələdiyyə” qeydi ilə əvəz olunması və daşınmaz əmlakın dövlət reyestrindən yeni çıxarışın təqdim edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Biləcəri bələdiyyəsinin 281 saylı, 22 iyul 2005ci il tarixli qərarı ilə vətəndaş X6 adına sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsində yerləşən 25000 kv.m torpaq sahəsinin 2100 kv.m hissəsi Biləcəri bələdiyyəsinin 19 dekabr 2014-cü il tarixli, 206 saylı qərarı ilə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə notarial qaydada iddiaçının adına rəsmiləşdirilmişdir. Ayrılmış torpaq sahəsində iki mərtəbəli qeyri-yaşayış binası inşa etdirmiş, abadlaşdırma və quruculuq işləri həyata keçirilmişdir. Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 18 sentyabr 2017-ci il tarixli, 210 saylı sərəncamı ilə qeyri-yaşayış binasının təqdim edilmiş layihə əsasında mövcud ölçülərlə sənədləşdirilməsi qərara alınmışdır. Torpaq və əmlak vergisi vaxtında və lazımi qaydada ödənilmiş, Biləcəri bələdiyyəsi tərəfindən verilən arayışlarla vergi borcunun olmadığı təsdiq edilmişdir. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququ 18 oktyabr 2019-cu ildə daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə qeydə alınmışdır. Hazırda iddiaçıya məlum olmuşdur ki, dövlət reyestri xidmətindən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın tərtib edilməsi zamanı dövlət reyestri məlumatlarında səhvə yol qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin mülkiyyət növü “dövlət” kimi qeyd edilmişdir. Halbuki, həmin torpaq sahəsi Biləcəri Bələdiyyəsinin 19 dekabr 2014-cü il tarixli, 206 saylı qərarı ilə iddiaçıya verilmiş və qeydiyyata alınmışdır. 01 iyul 2022-ci il tarixli ərizə ilə mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 2 ünvanında yerləşən qeyriyaşayış binasının yerləşdiyi torpaq sahəsinin mülkiyyət növü haqqında daşınmaz əmlakın dövlət reyestri məlumatlarında düzəliş edilməsi və müvafiq düzəlişlərlə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təqdim edilməsi barədə müraciətinə cavabdeh 08 sentyabr 2022-ci ildə iddiaçıya çatmış 05 sentyabr 2022-ci il tarixli, **********05 saylı məktubu ilə səbəb kimi sözügedən torpaq sahəsinin dövlət mülkiyyəti torpağı olması göstərilməklə imtina olunmuşdur. 10 sentyabr 2022-ci ildə Biləcəri bələdiyyəsinin Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsində yerləşən torpaq sahəsi üzərində sərəncam vermək hüququnun əsası barədə məlumat verilməsi üçün bələdiyyəyə verdiyi müraciətə Biləcəri bələdiyyəsinin 01.06/02-264 saylı, 14 sentyabr 2022-ci il tarixli cavabında Biləcəri bələdiyyəsinin ərazisinə dair xəritənin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim edilmədiyindən torpaqların növünün müəyyən edilməsinin mümkün olmadığı cavabı verilmişdir. 15 sentyabr 2022-ci il tarixli müraciətlə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsində yerləşən ümumi sahəsi 25000 kv.m torpaq sahəsinin X6 adına ayrılmasına dair sənədlərin (qərar, sərəncam, torpaq ayırma sənədləri və s.) və həmin ünvanda yerləşən 2100 kv.m torpaq sahəsinin İddiaçı adına keçirilməsinə dair sənədlərin (qərar, sərəncam, torpaq ayırma sənədləri və s.) surətlərinin təqdim edilməsi xahiş edilmişdir. Biləcəri Bələdiyyəsinin 22 sentyabr 2022-ci il tarixli, 01.06/02-275 saylı məktubu ilə aşağıdakı sənədlər təqdim edilmişdir: Biləcəri Bələdiyyəsinin hüdudları daxilində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün torpaq sahəsinin ayrılmasına dair X6 Biləcəri Bələdiyyəsinə 14 iyun 2005-ci il tarixli ərizəsi; Biləcəri bələdiyyəsi tərəfindən təsdiq edilmiş X6 adma ayrılan torpaq sahəsinin eskizi; Torpaq sahəsinin eskizinin təsdiq edilməsinə razılıq verilməsi barədə X2 Rayon İcra Hakimiyyətinə 14 iyun 2006cı il tarixli müraciəti; Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsində yerləşən ümumi sahəsi 25000 kv.m torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün X6 adına ayrılması haqqında Biləcəri Bələdiyyəsinin 281 saylı, 22 iyul 2005-ci il tarixli qərarı; Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 2100 kv.m. torpaq sahəsinin İddiaçı adına ayrılmasına dair 18 dekabr 2014cü il tarixli ərizə; Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 2100 kv.m. torpaq sahəsinin bələdiyyə fonduna qaytarılması və vətəndaş İddiaçı adına keçirilməsinə dair X6 18 dekabr 2014-cü il tarixli notarial ərizəsi; Biləcəri Bələdiyyəsi tərəfindən təsdiq edilmiş İddiaçı adına ayrılan torpaq sahəsinin eskizi. Torpaq sahəsinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün İddiaçı ayrılması haqqında Biləcəri bələdiyyəsinin xx.xx.2014-cü il tarixli, 206 saylı qərarı. Təqdim edilən sənədlərdən aydın olur ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 25000 kv.m torpaq sahəsi Biləcəri bələdiyyəsinə aid olmuşdur və hazırda da vəziyyət belədir. Torpaq sahəsi Biləcəri Bələdiyyəsinin ərazisində yerləşməklə qeydiyyata alınmışdır və müvafiq qaydada torpaq və əmlak vergisi ödənilir. Beləliklə, iddiaçı istifadəsində olan torpaq sahəsinin dövlət mülkiyyətində olmasına dair daşınmaz əmlakın dövlət reyestrində mövcud olan qeyd səhv aparılmış və iddiaçının mülkiyyət hüququ pozularaq qanuni mənafeyinə toxunulduğundan daşınmaz əmlakın dövlət reyestr məlumatlarında düzəliş edilməli yeni çıxarış verilməlidir.

10. İddiaçı tərəf sonradan məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə 18 oktyabr 2019-cu il tarixli qeydlərdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 2 ünvanlı torpaq sahəsinin ölçüsünün 2100 kv.metr, torpağın mülkiyyət növünün “xüsusi mülkiyyət” kimi göstərilməsi və həmin qeydlərə uyğun olaraq İddiaçı daşınmaz əmlakın dövlət reyestrindən yeni çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması haqqında qərar qəbul edilməsi xahiş etmişdir

11. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaya etiraz edərək bildirmişdir ki, aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair verilmiş sənədlərdə müvafiq düzəlişin edilməsi ilə bağlı ********** nömrəli, xx.xx.2022-ci il tarixli ərizə ilə İdarəyə müraciət etmişdir. Göstərilən torpaq sahəsi vahid kadastr məlumatlarına əsasən dövlət mülkiyyətindədir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin xx.xx.2007-ci il tarixdə edilmiş dəyişikliyinə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 19.3-cü maddəsinə əsasən binanın, qurğunun, evin, binada və ya evdə yerləşən mənzillərin, otaqların icarəsi haqqında müqavilə üzrə hüquq dövlət qeydiyyatına verildikdə, yerləşməsi və ölçüləri göstərilməklə icarəyə verilən sahələrin planı təqdim olunur. Daşınmaz əmlakın icarəsi (istifadəsi) haqqında müqavilə icarəyə (istifadəyə) verənin hüququnun məhdudlaşdırılması kimi qeydiyyata alınır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 4.0.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verməyin bələdiyyələrin səlahiyyətində olduğu göstərilmişdir. Cavabdeh “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1, 9.8-ci maddələrinə istinad edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-477/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.

13. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə hesab edir ki, hazırkı halda iddiaçının iddiaolunan torpaq sahəsinə dair təqdim etdiyi sənədlər Qanunun 8.0.1-ci maddəsində nəzərdə tutulmuş sənədlərə uyğun gəlmir. Belə ki, həmin maddənin dispozisiya şərtindən görünür ki, qanunla müəyyən edilmiş qaydada bələdiyyə orqanları tərəfindən bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas saylır. Bu mənada, bələdiyyə torpaqlarının idarə edilməsi haqqında qanunvericiliyin sadalanan müddəalarından göründüyü kimi iddiaçıya mübahisəli torpaq sahəsi ayrılan dövrdə (2014- cü ilin dekabr ayında) bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla qalan digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilərdi. Bələdiyyənin hərrac və ya müsabiqə vasitəsilə satılan torpaqları əvvəlcə qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalı, daha sonra isə hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edilməklə hərracı (müsabiqəni) təşkil etmək üçün Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə göndərilməli idi. Lakin hazırkı işin hallarından müəyyən olunur ki, iddiaçıya torpaq sahəsi ayrılması qanunun göstərilən tələblərinə müvafiq qaydada həyata keçirilməmişdir. Çünki Biləcəri bələdiyyəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün torpaq sahəsinin müəyyən hissəsini iddiaçının adına rəsmiləşdirərkən, bu barədə müstəqil qərar vermək səlahiyyətinə malik olmamışdır.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

14. Qərardan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 477/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

15. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə oxşar məzmunda olmaqla onunla əsaslandırılmışdır ki, aşağıdakılara əsasən, Bakı İnzibati Məhkəməsinin 06 fevral 2024-cü il tarixli qərarıəsassız və qanunsuzdur. Belə ki, Birinci instansiya məhkəməsi iddia tələbinin qiymətləndirilməsi zamanı maddi hüquq normalarının düzgün tətbiqini təmin edə bilməmiş, işin faktiki hallarına uyğun olmayan subyektiv mülahizələrlə iddianın rədd edilməsi qənaətinə gəlmişdir.Məhkəmə işə ağlabatan müddətdə baxılması ilə bağlı qanunvericilik normalarının, habelə “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərini kobud şəkildə pozaraq, 11 oktyabr 2022-ci ildən məhkəmənin icraatında olan iş üzrə 06 fevral 2024-cü ildə qərar çıxarmış, iki ilə yaxın müddətdə iş üzrə heç bir araşdırma aparmamış, nəticədə cavabdehin hər hansı mötəbər dəllillə təsdiq olunmayan mövqeyini əsas götürərək qərar qəbul etmişdir. İşin müəyyən edilmiş hallarına görə, Biləcəri Bələdiyyəsinin 281 saylı, 22 iyul 2005-ci il tarixli qərarı ilə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsində yerləşən ümumi sahəsi 25000 kv.m torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün X7 Kamilov tərəfindən dəyəri ödənilməklə ayrılmışdır. Həmin torpaq sahəsinin 2100 kv.m. hissəsinin İddiaçı keçirilməsi ilə bağlı tərəflər arasında razılıq əldə olunmuş, torpaq sahəsinin əldə olunması üçün Nəsirov tərəfindən razılaşdırılmış məbləğdə vəsait ödənilmiş və X8 torpaq sahəsinin Nəsirovun adına keçirilməsinə 18 dekabr 2014-cü ildə notarial qaydada razılıq vermişdir. Beləliklə, 2100 kvm torpaq sahəsi Biləcəri Bələdiyyəsinin 19 dekabr 2014-cü il tarixli, 206 saylı qərarı ilə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə Nəsirovun adına rəsmiləşdirilmiş və qeydə alınmışdır. Torpaq və əmlak vergisi vaxtında və lazımi qaydada ödənilmiş, Biləcəri bələdiyyəsi tərəfindən verilən arayışlarla vergi borcunun olmadığı təsdiq edilmişdir. Nəsirov tərəfindən həmin torpaq sahəsində abadlaşdırma və quruculuq işləri həyata keçirilməklə, iki mərtəbəli qeyri-yaşayış binası inşa edilmişdir. 28 avqust 2017-ci ildə Bakı Şəhər Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən texniki təhlükəsizlik tələblərinə cavab verən qeyriyaşayış binasının mövcud vəziyyətdə istismarına icazə verilmiş və Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 18 sentyabr 2017-ci il tarixli, 210 saylı sərəncamı ilə qeyri-yaşayış binasının təqdim edilmiş layihə əsasında mövcud ölçülərlə sənədləşdirilməsi qərara alınmışdır. Sözügedən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binası üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınması üçün bütün zəruri sənədlər İdarəyə təqdim edilmiş və Nəsirovun mülkiyyət hüququ 18 oktyabr 2019-cu ildə daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə qeydə alınmışdır. 2100 kvm torpaq sahəsinin alqısatqı yolu ilə əldə olunması və sonradan iddiaçı ilə razılaşmaya əsasən, iddiaçıya əvəzi ödənilməklə satılması və tərəflər arasında razılaşmaya uyğun notariat qaydasında 18 dekabr 2014-cü ildə yazılı ərizə verilməsi, bələdiyyə tərəfindən müvafiq sənədləşmə aparılması, torpaq üzərində sahədə qeyri-yaşayış sahəsinin tikilməsinə və onun istismarına icazə verilməsinə, torpaq sahəsinin və əmlakın bələdiyyə tərəfindən qeydiyyata alınmasına, vergi öhdəliyinin yerinə yetirilməsinə baxmayaraq, daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatına dair dövlət reyestrindən çıxarışında yalnışlığa yol verilmiş, qeyri-yaşayış sahəsinin xüsusi mülkiyyətdə olması göstərilsə də, iddiaçıya ayrılmış torpaq sahəsinin ölçüsü 0,0146 ha, torpaq sahəsinin mülkiyyət növü “dövlət mülkiyyəti” kimi göstərilmişdir. Birinci instansiya məhkəməsinin “iddiaçıya mübahisəli torpaq sahəsi ayrılan dövrdə (2014-cü ilin dekabr ayında) bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla qalan digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilərdi” kimi qeyri-səhih mövqeyi məhkəmənin işin faktiki hallarına qeyri-ciddi yanaşmasına, işdən bixəbər olmasına dəlalət edir. Məhkəmə nəzərə almamışdır ki, iddiaçı həmin torpaq sahəsini 22 iyul 2005-ci ildə alqı-satqı yolu ilə əldə etmiş X5 dəyəri ödənilməklə almış və Kamilovun notarial təsdiq edilmiş ərizəsinə əsasən torpaq sahəsi üzərində iddiaçının hüquqlarının qeydiyyatı üçün bələdiyyə tərəfindən sənədləşmə işləri həyata keçirilmişdir. Yəni mübahisəli torpaq sahəsi artıq 2005-ci ildə mülkiyyət hüququ ilə fiziki şəxsə satılmış, uzun müddət həmin şəxsin mülkiyyətində olmuş, 19 dekabr 2014cü ildə iddiaçının adına keçirilmişdir. Belə ola halda “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin xx.xx.2007-ci il tarixdə edilmiş dəyişikliyin iddiaçının tələbinə münasibətdə tətbiqi əsaslı və qanuni hesab edilə bilməz. Habelə, mübahisəli torpaq sahəsinin dövlət mülkiyyəti olmasına dair cavabdehin mövqeyi uydurma olmaqla, iş üzrə hər hansı mötəbər dəlillə öz təsdiqini tapmamışdır. Məhkəmə cavabdeh inzibati orqanın torpaq sahəsinin dövlət mülkiyyəti olması ilə bağlı mövqeyinin 19 dekabr 2014- cü ildə mübahisəli torpaq sahəsi Biləcəri bələdiyyəsinin qərarı ilə iddiaçının adına keçirildikdən sonra, Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti başçısının vətəndaş İddiaçı ayrılmış torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış obyektinin mövcud vəziyyətdə sənədləşdirilməsi haqqında 18 sentyabr 2017-ci il tarixli 210 №li Sərəncamı ilə, İddiaçı Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsində olan torpaq sahəsində inşa edilmiş ümumi sahəsi – 1399,2 kv.m. olan 2 (iki) mərtəbəli qeyri-yaşayış obyektinin təqdim edilmiş layihə əsasında sənədləşdirilməsinin qərara alınması, habelə bələdiyyənin qərarı və digər sənədlər əsasında cavabdeh inzibati orqanının qeydiyyatı həyata keçirməsi ilə təkzib edildiyini nəzərə almamış, iş üzrə mühüm hallara bilərəkdən hüquqi qiymət verməmişdir. Əks halda cavabdehin iddia etdiyi kimi torpaq sahəsi dövlət mülkiyyətində olsaydı, Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Biləcəri bələdiyyəsinin ona aid olmayan torpaq sahəsinə dair qəbul etdiyi qərar əsasında tikilmiş obyektin mövcud vəziyyətdə sənədləşdirilməsi barədə qərar qəbul etməz, cavabdeh inzibati orqan isə obyekt üzərində hüquqların dövlət qeydiyyatı haqqında sənəd verməkdən imtina edərdi. Lakin işin faktiki vəziyyəti tamamilə fərqli olmuş, Biləcəri bələdiyyəsinin ilkin olaraq 22 iyul 2005-ci ildə X7 alqısatqı yolu ilə ayrılmış torpaq sahəsinin 19 dekabr 2014-cü ildə iddiaçının adına keçirilməsi barədə qərarları Binəqədi Rayon İcra Hakimiyyəti və cavabdeh inzibati orqan tərəfindən qəbul edilmişdir. Sonradan çıxarışın tərtib edilməsi zamanı səhvə yol verilmiş, iddiaçının müraciəti əsasında bu səhvi düzəltmək yerinə, əsassız tələblərdən çıxış edərək torpağın dövlət mülkiyyəti olması ilə bağlı əsassız mülahizələr irəli sürülmüşdür. Birinci instansiya məhkəməsi heç bir zərurət olmadan iş üzrə mütəxəssis rəyinin verilməsi üçün müraciət etmiş, daha sonra öz təşəbbüsü ilə ekspertiza təyin etmiş, ekpertiza qarşısında işin mahiyyətinə uyğun olmayan suallar qoymuş, aylarla davam edən ekspertiza heç bir nəticə verməmiş və işə baxılması lüzumsuz olaraq uzadılmışdır. Məhkəmə işin prosessual hallarını da təhrif etməkdən çəkinməmiş, qərarında guya iddiaçı tərəfindən ekspertiza keçirilməsi barədə məhkəməyə vəsatət verildiyi göstərilməklə, ekspertiza təyin olunması ilə bağlı məhkəmənin absurd təşəbbüsü, iddiaçının ekspertiza keçirilməsinə heç bir zərurət olmamasına dair mövqeyi ciddi cəhdlə ört-basdır edilmişdir. İddiaçı tərəfindən belə vəsatət nə şifahi, nə də yazılı olaraq məhkəməyə təqdim edilməmiş, hətta ekspertizanın mütəxəssis rəyinin verilməsi üçün dövlət rüsumunun ödənilməməsi bəhanəsi ilə keçirilməməsi barədə məktublar daxil olduqda, iddiaçının nümayəndəsi tərəfindən dəfələrlə şifahi qaydada, habelə 06 iyun 2023-cü il tarixli məktubla ekspertizanın məhkəmənin təşəbbüsü ilə təyin edildiyini, belə olan halda məhkəmə xərclərinin tərəflər arasında bərabər bölünməli olduğunu, məhkəmənin depozit hesabına ödənilməli olduğunu və mütəxəssis rəyi məhz cavabdeh tərəfdən təqdim ediləcəyi üçün iddiaçının əlavə vəsait ödəməli olmadığı bildirmişdir.Habelə, iş materiallarında olan iddiaçının nümayəndəsinin 16 noyabr 2023-cü il və 02 dekabr 2023-cü il tarixli müraciətlərində ekspertizanın keçirilməsi nəticəsində yaranmış vəziyyətin işin baxılmasının lüzumsuz uzadılmasına və iddiaçının ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına gətirib çıxarıldığlı bildirilməklə, işə baxılmasının başa çatdırılması xahiş olunmuşdur. Deməli, iş üzrə ekspertiza keçirilməsi ilə bağlı iddiaçının təşəbbüsü olmamış, məhkəmə öz təşəbbüsü ilə ekspertiza təyin etsə də, onun qanunla müəyyən olunmuş qaydada və müddətdə keçirilməsini təmin edə bilməmişdir.

ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

d) Prosses iştirakçılarının izahatları

17. Məhkəmə Kollegiyasının əvvəlki iclasında iddiaçının vəkili (nümayəndəsi) Nümayəndə Musa oğlu apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.Sonuncu iclasın təxirə salınması barədə iddiaçının vəkilinin (nümayəndəsi) vəsatəti işə baxılıb yekunlaşmasının mümkünlüyü və işin uzun müddət məhkəmə araşdırması ilə bağlı məhkəmənin icraatında olması nəzərə alınaraq təmin edilməmişdir.

18. Məhkəmə Kollegiyasının iclasında üçüncü şəxs Binəqədi qəsəbə Bələdiyyəsinin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

19. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə iclasında iştirak etməyən digər tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8.0.1-ci maddəsinə əsaəsn, Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur.

21. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinə əsasən, bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan, Azərbaycan Respublikasının Torpaq və Mülki Məcəllələrindən, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" və "Şəhərsalmanın əsasları haqqında" Azərbaycan Respublikası Qanunlarından və torpaq münasibətlərini tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir. 6.1-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 9.1-ci maddəsinə əsasən (Həmin Qanunun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan), bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.

22. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması Qaydaları haqqında” Əsasnamənin : 4-cü bəndinə əsasən, bələdiyyə torpaqları bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və bu Əsasnamənin 10- cu bəndində nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bilavasitə, digər hallarda hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) torpaq hərracları və ya müsabiqələri vasitəsilə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cu maddələrinə, "Torpaq bazarı haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci və 15-ci maddələrinə və bu Əsasnaməyə uyğun olaraq verilir. 10-cu bəndinə əsasən bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24-cü, 25-ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir. 22-ci bəndinə görə, bələdiyyə hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edərək, həmin qərarın bir nüsxəsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, daşınmaz əmlakın kadastr xəritəsindən çıxarış və qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış ilə birlikdə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi-qeyd məhkəmənindir) göndərir. 23-cü maddəsində isə təsbit edilmişdir ki, bu Əsasnamənin 10- cu bəndində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlər əsasında 15 gündən gec olmamaqla, bələdiyyənin növbəti iclasında torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul edir və bu barədə 3 gün müddətində ərizəçiyə bildiriş göndərir. Qərarda torpağın təyinatına uyğun olaraq bazar qiyməti nəzərə alınmaqla, torpağın qiyməti və 60 gündən gec olmamaqla, torpağın dəyərinin ödənilməsi müddəti müəyyən edilir. Qərarla müəyyən edilən müddətdə ərizəçi ilə bələdiyyə arasında alğı-satqı müqaviləsi bağlanılmalı və torpağın dəyəri ödənilməlidir. Əgər bu müddətdə müqavilə bağlanılmazsa və torpağın dəyəri ödənilməzsə, bələdiyyə tərəfindən torpağın mülkiyyətə ayrılması barədə qərar ləğv edilir. Torpağın hər 0,01 hektarının qiyməti şəhərlərin və rayon mərkəzlərinin müvafiq zonasında və ya müvafiq kadastr qiymət rayonuna daxil olan inzibati rayonda son torpaq hərracı və ya müsabiqəsi vasitəsilə satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az ola bilməz. Belə hərrac keçirilənədək bu maddəyə uyğun olaraq bələdiyyə tərəfindən satılan torpaq sahəsinin qiyməti son üç ay ərzində həmin torpaq sahəsinə uyğun torpaq sahəsinin notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Torpaq sahəsinin qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün bələdiyyə tərəfindən satılan torpaq sahəsini 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, satılan torpaq sahəsinə uyğun torpaq sahəsinin bazar qiyməti əsas götürülür. Bu maddənin məqsədləri üçün notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş qiymətlər barədə məlumat bələdiyyənin sorğusu əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 gün müddətində verilir.

23. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 17.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

26. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

28. İddia tələbinin və apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə Kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 2 ünvanında yerləşən qeyri yaşayış binası İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Çıxarışda torpaq sahəsinin mülkiyyət növü “dövlət”, hüququn növü “istifadə”, torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı) “sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar”, ölçüsü 0,146 ha qeyd edilmişdir.

29. Qeyd olunan çıxarışın verilməsi üçün əsaslar və iddiaçının faktiki istifadəsində olan 0,2017 ha torpaq sahəsinə dair sənədlər müvafiq sorğu əsasında cavabdeh DƏDKR PHŞnin 1 saylı Bakı Ərazi İdarəsindən məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərə Biləcəri bələdiyyəsinin xx.xx.2014-cü il tarixli, 206 nömrəli qərarı, torpaqların alqı-satqısına dair akt, Bakı şəhər Binəqədi RİHB-nin yuxarıda istinad olunan xx.xx.2017-ci il tarixli, 210 nömrəli sərəncamı, həmin rayon icra hakimiyyəti tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 41 nömrəli “İstifadədə olan tikinti obyektinin mövcud vəziyyətdə istismarına icazə” sənədi, qeyri-yaşayış binasının texniki pasportu əlavə edilmişdir.

30. Bundan başqa apellyasiya şikayətinin dəlillərini və iş üzrə mübahisəli halların araşdırılması üçün xüsusi bilik tələb olunduğu nəzərə alınaraq məhkəmə Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir.

31. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/10018 saylı ekspertiza Rəyi xx.xx.2025-ci ildə məhkəməyə daxil olmuşdur.

32. Rəyə əsasən: -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi idarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-8407/2025 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Torpaq sahəsi faktiki olaraq 2107.0 kv.m təşkil edir. Faktiki olaraq torpaq sahəsi üç tərəfdən üzərindəki mövcud tikilinin çöl divarı, bir tərəfdən az hissəsi mişar daş hasar və qalan hissəsi üzərindəki tikilinin çöl divarı ilə sərhədlənib. Torpaq sahəsi üzərində qeyri-yaşayış obyektləri (fabrik) mövcuddur. Arxiv texniki pasportunda qeyd olunan “A” literli tikili faktiki olaraq mövcuddur. -Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə üzərindəki tikili **********82-06301 reyestr nömrəsi ilə İddiaçı adına qeyri-yaşayış binası kimi xüsusi mülkiyyət olaraq qeydiyyata alınmışdır. Sözügedən sahə Dövlət mülkiyyəti torpağıdır.Sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir.

33. Beləliklə işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xüsusi mülkiyyətindəki qeyri-yaşayış binasına dair dövlət reyestrindən çıxarışda həmin obyektin yerləşdiyi Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 4 ünvanındakı 2100 kv.m torpaq sahəsinin mülkiyyət növünün “xüsusi mülkiyyət” kimi düzəliş edilməsini və bu barədə ona yeni çıxarışın verilməsini istəyir. Tələb çıxarışda torpaq sahəsinin mülkiyyət növünə düzəliş edilməsi kimi qoyulsa da, iddiaçının hüquqi marağı və məqsədi 2100 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasından ibarətdir. Bu hal iddiaçı tərəfin dəqiqləşdirilmiş tələb üzrə cavabdeh inzibati orqana ünvanlanmış müraciəti, habelə məhkəmə iclaslarında verdiyi izahatlarla təsdiqini tapmışdır. İddiaçı bu məsələdə iş üzrə üçüncü şəxs X1 fəaliyyəti ilə məşğul olmaq üçün 2,5 ha torpaq sahəsi ayrılmasına dair Biləcəri bələdiyyəsinin 281 saylı, 2005-ci il tarixli qərarına və həmin torpaq sahəsindən ona İbad Kamilovun razılığı nəzərə alınmaqla eyni məqsədlər üçün 2100 kv.m torpaq sahəsi ayrılmasına dair 19 dekabr 2014-cü il tarixli, 206 saylı qərarına istinad edir.

34. Belə olan halda məhkəmə iddia tələbini “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələbləri çərçivəsində dəyərləndirməyi məqsədəuyğun hesab edir və cavabdehin imtinasının qanunzadidd olmadığı qənaətinə gəlir.

35. Belə ki, göründüyü kimi, mövcud qanunvericilik daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyata alınma əsaslarının dairəsini konkret müəyyən edir və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan hər hansı sənədlərdən birinin təqdim olunmasını hüquqların dövlət qeydiyyatı üçün kifayət sayır. Yalnız həmin maddədə göstərilən əsasların mövcudluğu halında şəxsin mülkiyyət hüququ qeydiyyata alına bilər. Məhkəmə hesab edir ki, hazırkı halda iddiaçının iddia olunan torpaq sahəsinə dair təqdim etdiyi sənədlər Qanunun 8.0.1-ci maddəsində nəzərdə tutulmuş sənədlərə uyğun gəlmir. Belə ki, həmin maddənin dispozisiya şərtindən görünür ki, qanunla müəyyən edilmiş qaydada bələdiyyə orqanları tərəfindən bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas saylır. Bu mənada, bələdiyyə torpaqlarının idarə edilməsi haqqında qanunvericiliyin sadalanan müddəalarından göründüyü kimi iddiaçıya mübahisəli torpaq sahəsi ayrılan dövrdə (2014- cü ilin dekabr ayında) bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla qalan digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilərdi. Bələdiyyənin hərrac və ya müsabiqə vasitəsilə satılan torpaqları əvvəlcə qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalı, daha sonra isə hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edilməklə hərracı (müsabiqəni) təşkil etmək üçün Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə göndərilməli idi. Lakin hazırkı işin hallarından müəyyən olunur ki, iddiaçıya torpaq sahəsi ayrılması qanunun göstərilən tələblərinə müvafiq qaydada həyata keçirilməmişdir. Çünki Biləcəri bələdiyyəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün torpaq sahəsinin müəyyən hissəsini iddiaçının adına rəsmiləşdirərkən, bu barədə müstəqil qərar vermək səlahiyyətinə malik olmamışdır.

36. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda, bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

37. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunazidd olmadığından iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməməli, iddia əsassız olduğundan təmin edilməməlidir.

38. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

39. İddia öhdəliyin icrası növünə aid olduğundan qeyd olunan iddialar üzrə həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı məhkəməyə bunun əksini təsdiq edən hər hansı sübutu təqdim etməmişdir.

40. Apellyasiya şikayətinin dəlillərinə gəlincə məhkəmə Kollegiyası qeyd edir ki, apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə oxşar məzmunda olmaqla əsaslandırılmışdır və həmin dəlillərə yuxarıda hüquqi qiymət verilmişdir.

41. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə Kollegiyası əlavə olaraq diqqətə çəkir ki, apellyasiya şikayətinin dəlillərini və iş üzrə mübahisəli halların araşdırılması üçün xüsusi bilik tələb olunduğu nəzərə alınaraq məhkəmə Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/10018 saylı ekspertiza Rəyinə əsasən də iddia edilən sahənin bələdiyyə ərazisi olmaması, sahənin dövlət mülkiyyəti torpağı olması müəyyən edilmişdir.

42. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

43. Məhkəmə Kollegiyası ekspert rəyini digər sübutlarla yanaşı qiymətləndirərək (İPM-in 1.2-ci və MPM-in 88-ci maddəsinə əsasən) rəylə razılaşmamağa əsaslar görmür.

44. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

45. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-477/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-477/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar