Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1330/2020 20.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi vəzifəsinin həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1030/2019 nömrəli iş üzrə xx xxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ massivində yerləşən X1 və İstismarı Birliyi tərəfindən xx.xx.2004-cü il tarixdə bağın istifadəyə verilməsi haqqında 32577 nömrəli müqaviləyə əsasən ona ayrılmış sahəsi 0,12 ha olan 6850 nömrəli bağ sahəsinin sxematik xəritədə uyğunsuzluğunun aradan qaldırılaraq, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulmuş və düzgün tətbiq edilməmişdir. Araşdırmalar nəticəsində məlum olmuşdur ki, 6850 nömrəli bağ sahəsinin yerləşməsi sxematik xəritə ilə naturada uyğunsuzluq təşkil edir. Göstərilən əraziyə aidiyyəti yoxdur, digər əraziyə aiddir. Bundan əlavə, bağ sahəsi sənəd üzrə 1.200 kv.m. təşkil etsə də, faktiki olaraq 1.196 kv.m. təşkil edir. Həmçinin, orada birmərtəbəli (mansardlı) bağ evi, su hovuzu və sanqovşaq aşkar edilmişdir. Bakı Apellyasiya Məhkəməsi İİK-nın 2-1(103)-2109/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarla razılaşmayan cavabdeh ondan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İK-nın 2-1(102)-311/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarı ilə şikayət qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi İİK-nın xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Mahiyyətcə şikayət əsaslıdır. İşdə olan, Bakı Şəhər İcra Hakimiyyətinin X1 və İstismarı Birliyi ilə iddiaçı arasında xx.xx.2004-cü il tarixdə bağlanmış 32577 nömrəli müqaviləyə əsasən Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ massivində sahəsi 0,12 ha olan 6850 nömrəli bağ torpaq sahəsi sonuncunun istifadəsinə verilmişdir. İddia ərizəsindən görünür ki, iddiaçının istifadəsində olan 6850 nömrəli bağ sahəsi zərurət yarandığından köçürülmüş və Kürdəxanı Bələdiyyəsinin ərazisində olan 6988 nömrəli bağ sahəsi ilə əvəz edillmiş, iddiaçı da ilk dəfə məhkəməyə müraciət edərkən iddia ərizəsi ilə 6988 nömrəli bağ sahəsinə hüququnun rəsmiləşdirilməsini və çıxarış verilməsini xahiş etmişdir. Daha sonra iddiaçı birinci instansiya məhkəməsində icraat zamanı iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, 6850 nömrəli bağ sahəsinə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını və çıxarış verilməsini xahiş etmiş, ərizədə tələbinin dəyişdirilməsini 6850 nömrəli bağ sahəsindən zərurətlə əlaqədar 6988 nömrəli bağ sahəsinə köçürülməsi, beləliklə də hazırda 6850 nömrəli bağ sahəsinin deyil, 6988 nömrəli bağ sahəsinin onun istifadəsində olması ilə əsaslandırmışdır. 6988 nömrəli bağ sahəsinin Kürdəxanı Bələdiyyəsinin ərazisində olması həmin bələdiyyə tərəfindən xx.xx.2012-ci il tarixdə tərtib edilmiş İstifadə olunan torpaq sahəsinin sxemi ilə təsdiq olunur. Göründüyü kimi, iddiaçı xx.xx.2004-cü il tarixdə bağlanmış 32577 nömrəli müqaviləyə əsasən Ləhiş bağ massivində ona verilmiş bağ sahəsinin nömrəsi olaraq 6850 nömrəli bağ sahəsinin qeydiyyata alınmasını tələb etsə də, onun özü də etiraf edir ki, həmin bağ sahəsi hazırda onun sahibliyindən çıxmışdır. Mövcud vəziyyətdə onun istifadəsində olan 6988 nömrəli bağ sahəsi isə Kürdəxanı Bələdiyyəsi tərəfindən ona ayrılmışdır. Başqa sözlə, iddiaçı hazırda onun istifadəsində olan və Kürdəxanı Bələdiyyəsi tərəfindən ona ayrılmış bağ sahəsinin Bakı ŞİH X1 və İstismarı Birliyi tərəfindən 2004-cü ildə Ləhiş bağ massivində ona verilmiş 6850 nömrəli bağ sahəsinin nömrəsi və əsasları ilə, yəni 6988 nömrəli bağ sahəsinin dolayısıyla 6850 nömrəli bağ sahəsi adı ilə qeydiyyata alınmasını tələb edir ki, bu da hazırkı məhkəmə mübahisəsinin predmetinin Kürdəxanı Bələdiyyəsi tərəfindən iddiaçıya ayrılan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı olduğunu təsdiq edir. Ali Məhkəmənin iş üzrə qərarında göstərilmişdir ki, “Təsadüfi deyil ki, iş materiallarında olan, iddiaçı tərəfindən istifadə olunan torpaq sahəsinin sxemində də ünvan “Kürdəxanı Ləhiş bağlar massivi, bağ nömrəsi 6850/6988” qeyd edilmiş, qonşu bağ sahələrinin nömrəsi isə müvafiq olaraq 6989 və 6990 göstərilmişdir. Beləliklə də, iş materiallarına əlavə edilmiş, iddiaçı tərəfindən istifadə olunan torpaq sahəsinin sxeminin məhz iddia olunan 6850 saylı bağ sahəsinə aid olub-olmaması apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilməmişdir. Halbuki, məhkəmə iddiaçının 6850 saylı bağ sahəsinə hüququnun qeydə alınması nəticəsinə gələrkən iş materiallarında olan, xx.xx.2012-ci ildə tərtib olunmuş istifadə olunan torpaq sahəsinin sxeminə hüquqi qiymət verməli, həmin sxemin bu bağ sahəsinə aid olub-olmamasını aydınlaşdırmalı idi.” İPM-in 96.11-ci maddəsinə görə, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 420-ci maddəsinə əsasən də, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İPM-in 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında MPM müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» xx.xx.2012-ci il tarixli Qərarına əsasən, MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiyası məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə kassasiya instansiyası məhkəməsinin göstərişləri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında nəzərdə tutulmuş qanuni hədlər daxilindədir və həmin tələblərə uyğun əsaslandırılmışdır. Bu baxımdan, işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası Ali Məhkəmənin qərarında əks olunan hüquqi mövqelərə istinad edərək, hesab edir ki, iddia əsassız olduğu üçün rədd edilməlidir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun: 8.0.1-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur; 10.2-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd; 12.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 8-ci maddəsinə görə, torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; 47-ci maddəsinə əsasən, 1. Torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır.
2. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır.
3. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin - küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir.
4. Hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara onların qanuni istifadəsində və icarəsində olan bələdiyyə torpaqları daxildir.
5. Bələdiyyə ehtiyat fondu torpaqları aşağıdakılardır: yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları; ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları.
6. Bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər; 51-ci maddəsinə görə, 1. Torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir.
2. İcarə hüququ ilə torpaq sahələri Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə verilir.
3. İcarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər; 86-cı maddəsinə əsasən, 1. Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyata alınmış aşağıdakı torpaq sahələri və torpaqla bağlı hüquqlar alqı-satqı obyekti ola bilər: xüsusi mülkiyyətdə olan torpaqlar; bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları; girov haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə girov (ipoteka) predmeti sayılan torpaq sahələri; özəlləşdirilən dövlət obyektlərinin yerləşdiyi torpaq sahələri; dövlət və xüsusi mülkiyyətdə olan torpaqlar üzərində istifadə və icarə hüquqları; bələdiyyə mülkiyyətində olan torpaqlar üzərində icarə hüquqları. Məhkəmə kollegiyası bildirir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə istinadən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının aparılması üçün bələdiyyələrin onlara məxsus olan, yəni mülkiyyətlərində olan daşınmaz əmlak barədə sərəncam vermələri şərtdir. Bu da o deməkdir ki, əgər bələdiyyə, onun mülkiyyətində olduğunu irəli sürdüyü torpaq sahəsi ilə bağlı əmlak hüquqlarının başqasına keçməsi barədə hüquqi akt qəbul edirsə, əvvəlcə sözügedən torpaq sahəsinin ona məxsus olması haqqında mülkiyyət sənədinə malik olmalıdır. Lakin uzun illərin məhkəmə təcrübəsi ilə müəyyən və təsdiq olunur ki, Bakı şəhərinin ərazisində fəaliyyət göstərən bələdiyyələrdə belə bir sənəd mövcud deyil, dövlət tərəfindən bu istiqamətdə aparılan işlər isə, yekunlaşmaq üzrə olmaqla, davam etdirilir. Bundan əlavə, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin: 1-ci bəndinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir; 17-ci bəndinə görə, bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planını (cizgisini) hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir; 18-ci bəndinə əsasən, müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin və ərizəçinin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir; 19-cu bəndinə görə, ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planını (cizgisini) sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” AR Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2002ci il tarixli 696 nömrəli Fərmanının 2-ci bəndi ilə müəyyən edilmişdir ki, Əsasnamənin 7-ci və 24-cü bəndlərində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri, 17, 18, 19, 21, 22-ci bəndlərində və 26-cı bəndinin ikinci cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini DTXK-nın yerli qurumları həyata keçirirlər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” AR Qanununun: 6.2-ci maddəsinə görə, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur; 6.5-ci maddəsinə əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normaları, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının razılığı alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir; 6.9-cu maddəsinə görə, bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” AR Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli 548 nömrəli Fərmanının 2-ci bəndi ilə müəyyən edilmişdir ki, həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini DTXK-nın yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyrikənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən, torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər) şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edildikdən sonra həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, xüsusi mülkiyyətdə olan torpaq sahəsinin planının və təsvirinin planı və ölçüsünün hazırlanması, mərz nişanlarının qoyulması torpaq əldə edən şəxsin hesabına həyata keçirilir. Torpaq sahəsinin planının və təsvirinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. Torpaq sahəsinin ayrı-ayrı hissələrinin özgəninkiləşdirilməsi zamanı onların sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi də bu maddədə göstərilən qaydada aparılır. İşdən görünür ki, sadalanan normaların tələblərinə zidd olaraq Kürdəxanı Bələdiyyəsi tərəfindən iddiaçıya ayrıldığı vaxt bələdiyyə mülkiyyətində olması rəsmi sənədlərlə təsdiq olunmayan torpaq sahəsi verilmişdir. Bu torpaq sahəsinin Bələdiyyənin mülkiyyətində olması haqqında mötəbər sübut mövcud deyil. İPM-in 1.2-ci maddəsindən göndərişlə MPM-in 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. AR Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən də, “Torpaq sahələri üzərində hüquqlar, o cümlədən hüquqi və fiziki şəxslərin, habelə dövlət orqanlarının və bələdiyyələrin hüquqları, onları yaradan əsaslar müdafiə olunmaq məqsədilə dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilməlidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.” Digər tərəfdən, mübahisəli torpaq sahəsinin iddiaçıya verilməsi barədə qanunvericiliklə imperativ qaydada tələb olunan bələdiyyə qərarının qəbul edilməsi də iş materialları ilə təsdiqini tapmır. Eləcə də, mübahisəli torpaq sahəsi ilə bağlı iddiaçının müraciətindən çıxarışın torpaq sahəsinin planının hazırlanması üçün həmin dövrdə fəaliyyət göstərən DTXK Bakı şəhər şöbəsinə göndərilməsi, sonuncunun Bələdiyyənin və iddiaçının iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirməsi və ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerquruluşu işlərini (planlama) aparması, həmin yerin planını (cizgisini) sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda hazırlaması iş materialları ilə təsdiq olunmur, iddiaçı da qanunun bu tələblərinə əməl olunduğunu irəli sürmür və Məhkəməyə də bu barədə hər hansı mötəbər sübut təqdim etməmişdir. Beləliklə də, iş materiallarının təhlili göstərir ki, mübahisəli torpaq sahəsi iddiaçıya verilərkən torpaq ayırma və yerquruluşu işlərinin aparılması qaydalarına əməl olunmamışdır. Bu mənada, məhkəmə kollegiyası apellyasiya şikayəti ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Savalan” X2 şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının x xxxxxx 2016cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 10.2-ci maddəsini şərh edərək, göstərmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin birmənalı tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün qanunla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Lakin, iddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində nəzərdə tutulan əsaslardan hər hansı birini cavabdehə yaxud Məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin mübahisəli torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun və “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə” ilə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanuna zidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Lakin şikayət olunan qərardan görünür ki, birinci instansiya məhkəməsi işin bu qərarla müzakirə edilən hallarına düzgün hüquqi qiymət verməmiş, məhkəmənin qərarında iş üzrə müəyyən edilən faktlar qanunla müəyyən olunmuş sübutetmə vasitələri ilə təsdiq olunmamış, habelə hüququn tətbiqində səhvə yol verilmişdir. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsassız, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunsuzdur, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təsdiq olunur, dəlillər qərarın ləğvinə əsas verir. Bununla bağlı olaraq şikayət təmin edilməli, iş üzrə yeni qərar qəbul olunmalı, iddia əsassız olduğu üçün rədd edilməlidir (İPM-87.6). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1030/2019 nömrəli iş üzrə xx xxx 2019-cu il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ massivində yerləşən X1 və İstismarı Birliyi tərəfindən xx.xx.2004-cü il tarixdə bağın istifadəyə verilməsi haqqında 32577 nömrəli müqaviləyə əsasən ona ayrılmış 0,12 ha 6850 nömrəli bağ sahəsinin sxematik xəritədə uyğunsuzluğunun aradan qaldırılaraq, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası təmin edilməsin. Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Həmid Həmidov