Məhkəmə qərarları › İş №2-1(103)-1330/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1330/2021

22.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1330/2021 22.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “əmrin ləğvi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, Günel Firudin qızı Əliyevanın katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndələri X3 və X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin qəbul etdiyi 2-1(112)-2022/2021 saylı 26 yanvar 2021-ci il tarixli qərardan iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 22 sentyabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində yaradılmış Komissiyanın təkrar qiymətləndirilməsi barədə 13 mart 2020-ci il tarixli Protokoldan görünür ki, İddiaçı 13.03.2020-ci il tarixdən İİİ dərəcə əlillik təyin edilməsi və müayinənin nəticəsinin alt sistemə daxil edilməsi qərara alınmışdır. Yasamal rayonu 19 saylı Poliklnika Ambulator ktabçasından 08.10.2020-ci il tarixli çıxarışdan görünür ki, İddiaçı 12 barmaq bağırsağının xora xəstəliyi, qapalı-kəllə-beyin travmasının qalıqları dioqnozu ilə xəstədir və onun dietik və tibbi müalicəyə ehtiyacı vardır. 1 saylı Bakı Dost Mərkəzinin 24.09.2020-ci il tarixli arayışından görünür ki, iddiaçı İİ qrup əlilliyə görə əmək pensiyası alır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTF və PAB” PHŞ T/70/2021 saylı ekspert rəyindən görünür ki, X2 tibbi sənədlərinin təhllinə əsasən 13.02.2020-ci il tarixdə ona qoyulmuş 12 baqmaq bağırsağın xorası qastroducdenit dioqnozu Nazirlər Kabinetinin 413 saylı 30.12.2015-i il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.5-ci bəndinə uyğun olaraq ümumi qidalanmanın kəskin nəzərəçarpan dərəcədə zəifləməsi aşkar edildiyinə görə hissəvi reabilitasiyası olunmuş və İİİ dərəcə əlillik dərəcəsi barədə verilmiş qərarı düzgün hesab etmək olar. Müəyyən olunmuş dioqnoz kaborator, instrumental və kliniki müayinələrin nəticələri ilə təsdiq olunmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin **********7 saylı 30 aprel 2020-ci il tarixli “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bir sıra işçiləri barəsində intizam tənbeh tədbirinin tətbiq edilməsi haqqında” əmrin surətindən görünür ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2.1-ci və 25.2.2-ci maddələrinə uyğun olaraq öhdəsinə düşən vəzifələri yerinə yetirməyərək etik davranış qaydalarını pozduğuna görə barəsində intizam tədbiri tətbiq edilməklə Nazirliyin Laboratoriyasında baş məsləhətçi vəzifəsində qulluq keçən İddiaçı töhmət verilmişdir. Hazırda iddiaçı həmin əmri məhkəmə qaydasında mübahisələndirir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 30 aprel 2020-ci il tarixli **********7 nömrəli əmri ilə barəsində intizam tənbehi tədbiri kimi töhmət verilmişdir. Həmin əmrlə razı deyil və hesab edir ki, əmr qanunsuz və əsassız olduğundan ona aid olan hissədə ləğv edilməlidir. Bildirir ki, İİ qrup əlilliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən ləğv edilmiş və ona İİİ dərəcə əlillik təyin edilmişdir. O, 20 ildir X6 Xidmətində baş məsləhətçi vəzifəsində işləyir. İşlədiyi müddət ərzində əmək funksiyalarını lazımınca yerinə yetirmiş və nöqsansız olaraq xidmət etmişdir. Lakin son zamanlar Nazirliyin bir sıra vəzifəli şəxsləri ona qarşı qərəzli mövqe nümayiş etdirirlər. Belə ki, o, İ qrup Qarabağ Müharibəsi əlili olan həyat yoldaşı Rəhimov Mehdinin mənzillə təmin olunması barədə Yasamal Rayon İcra Hakimiyyətinin rəyini Nazirliyə təqdim etmişdir. O, indiyə qədər əlilliyi ilə əlaqədar heç bir imtiyazdan istifadə etməmiş və bu materialları Nazirliyə təqdim etmişdir. Lakin Nazirlikdə tələbi təmin edilməmiş və həmin vaxtdan ona qarşı qərəzli münasibət göstərməyə başlanmışdır. Bundan sonra 2018 və 2019-cu ildə kadrlar şöbəsinin İnsan Resursları və X7 müdiri Nərminə Bayramovaya iki dəfə müraciət edərək, onun digər vəzifəyə keçirilməsini, bir il də işləyərək sonra işdən çıxmağını xahiş etmişdir. Çünki onun işlədiyi sahə ağır, zərərli və gərgin iş sahəsidir. Yeganə mütəxəssis olaraq həmin şöbədə o qalmışdır. Həmçinin o, həm xəstə, həm də ikinci qrup əlildir, tabeçiliyndə olduğu rəhbər ona qarşı ədalətsiz davranış nümayiş etdirdiyi üçün işləmək istəmir. Sonuncu dəfə Nərmin xanımın qəbulunda olanda o bildirmişdir ki, əgər vəzifəsi dəyişdirilmirsə, o, ərizə yazıb işdən çıxmaq istəyir. Ona daxili müsahibə yolu ilə vəzifənin dəyişdiriləcəyi bildirilmişdir. Lakin heç bir nəticə olmamışdır. Pandemiya dövründə aprel ayının 30-na kimi o işə getmişdir. Aprel ayının 30-da ona töhmət verilməsi barədə əmr göndərilmişdir. May ayının 8-nə kimi bütün lazımi yerlərdə olmuş və nöqsansız xidmət etməsi, ona töhmət verilməsi ilə razılaşmadığını bildirmişdir. Belə ki, ona töhmət verilməsi ilə əlaqədar izahatı alınmamışdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, iddia ərizəsində göstərilən tələblər əsassızdır. Belə ki, İddiaçı barəsində 30 aprel 2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2.1-ci maddəsinə əsasən intizam tənbeh tədbiri tətbiq edilmişdir. İddiaçı barəsində intizam tənbeh tədbirinin tətbiq edilməsinə əsas Nazirliyin Aparatının Daxili nəzarət və audit şöbəsinin 14 aprel 2020-ci il tarixli **********7 nömrəli yazılı məruzəsi olmuşdur. Məruzədə göstərilir ki, "Nazirliyin Aparatının Əlillik siyasəti şöbəsinin sorğusu əsasında E- xidmətlər və innovasiyalar şöbəsi tərəfindən təqdim edilmiş siyahıya əsasən Nazirliyin strukturuna daxil olan və tabeliyində olan qurumların yerli bölmələrinin əlilliyə görə pensiya aldıqları müəyyən edilmişdir. Belə ki, Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən verilmiş məlumata əsasən Nazirliyin strukturuna daxil olan və tabeliyində olan qurumların yerli bölmələrinin əməkdaşlarının əlillik vəziyyətlərinin vaxtından əvvəl təkrar qiymətləndirilməsi zərurəti yarandığından, həmin şəxslərdən növbəti 155 nəfər dəvət olunmuş və 105 nəfəri əyani müayinəyə gəlmişdir. Əyani müayinəyə gələn şəxslərdən hissəvi reabilitasiya olunaraq 15 nəfərin əlillik dərəcəsi 2-ci dərəcədən 3-cü dərəcəyə dəyişdirilmiş, 33 nəfərin əlilliyinin düzgünlüyü öz təsdiqini tapmış, 26 nəfər əlavə müayinə olunmaq üçün səhiyyə müəssisənə göndərilmiş, 27 nəfərin cari tərixə tam reabilitasiya olunması səbəbindən, eləcə də 4 nəfərin Nazirliyə müraciəti əsasında əlillik dərəcəsinin ləğvi barədə qərar qəbul edilmiş və müvafiq protokollarla rəsmiləşdirilmişdir. Həmçinin bildirirlər ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçirdiyi sosial islahatlar çərçivəsində şəffaflığın artırılması, yol verilmiş hüquqpozma hallarının aradan qaldırılması məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasının 3.7-ci bəndinə əsasən əyani müayinə olunmaları və əlillik vəziyyəti vaxtından əvvəl təkrar qiymətləndirilməsi üçün Nazirliyin sistemində çalışan 459 əməkdaş Dövlət Tibbi-Sosial Ekspertiza Xidmətinə dəvət olunmuş, müayinə zamanı 196 nəfərin əlillik vəziyyəti öz təsdiqini tapmış, qalan şəxslər barəsində müayinənin nəticələrindən aslı müxtəlif intizam tənbeh tədbirləri görülmüşdür. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020 tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasının 3.7ci bəndinə əsasən Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində alt sistemə daxil edir. Nazirliyin yoxlaması əsasında İddiaçı əlillik vəziyyəti Komissiya tərəfindən təkrar qiymətləndirilmişdir. Aparılmış müayinələrin nəticələri barədə **********0 saylı protokol tərtib edilmiş, xəstənin hazırkı vəziyyətinin üçüncü dərəcəyə uyğun gəldiyini nəzərə alaraq müddətsiz üçüncü dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. “Dövlət qulluğu haqqında” Qanunun 25.2-ci maddəsinə əsasən dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11 -ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: töhmət; bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması; həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi; daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi; ixtisas dərəcəsinin bir pillə aşağı salınması; dövlət qulluğundan azad edilməsi. Həmin Qanunun 18.0.12-ci maddəsinə əsasən etik davranış qaydalarına əməl etmək də dövlət qulluqçularının əsas vəzifələrindəndir. “Dövlət qulluqçularının etik davranış qaydaları haqında” Azərbaycan Respublikası Qanununun 12.1 -ci maddəsinə əsasən dövlət qulluqçusunun qanunsuz olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlər (hərəkətsizlik) etməsi və ya qərarlar qəbul etməsi qadağandır. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən dövlət qulluqçusu birbaşa və ya yuxarı rəhbərinin qanuna uyğun olan və səlahiyyətləri daxilində qəbul etdiyi yazılı əmri, sərəncamı və ya verdiyi şifahi tapşırıqları yerinə yetirməyə borcludur. Həmin Qanunun 23.1 -ci maddəsinə əsasən etik davranış qaydalarının pozulması dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 2.1.3-cü maddəsinə əsasən inzibati vəzifə tutan dövlət qulluqçuları korrupsiyanın subyektləri hesab olunurlar. Həmin Qanunun 9.3.5-ci maddəsinə əsasən statusundan, təmsil etdiyi orqanın (qurumun) statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn mkanlardan istifadə etməklə şəxsi maraqlarına aid məsələlərin həllinə təsir etmək vəzifəli şəxslər üçün korrupsiyaya şərait yaradan hüquqpozma hesab edilir. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən korrupsiya ilə əlaqədar hüquqpozmalar qanunvericiliklə müəyyən edilmiş qaydada intizam, mülki-hüquqi, inzibati və ya cinayət məsuliyyətinə səbəb olur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2022/2021 saylı 26 yanvar 2021-ci il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunmasına dair yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmə tərəfindən intizam tənbehinin verilməsi üçün əsas olmuş hallar tam araşdırılmamışdır. Apellyasiya şikayətinə yazılı etirazın dəlilləri: Apellyasiya şikayətinə yazılı etiraz iddia ərizəsinə yazılı etirazın məzmunu ilə eynidir. Tərəflərin izahatları: İddiaçı iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddiasının təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək izahatında bildirmişdi ki, İddiaçı 04.04.2007-ci il tarixdə tibbi-sosial ekspert komissiyası tərəfindən bir il müddətinə İİ dərəcə əlillik təyin edilmişdir. Tibbi sənədlərdən məlum olur ki, İddiaçı 03.10.2006-cı il tarixdən 03.10.2006-cı il tarixədək Bakı Baş Səhiyyə İdarəsinin Klinik Tibbi Mərkəzində stasionar müalicədə olmuşdur. İddiaçı eyni dioqnozla 01.12.2006cı il taixdən 09.01.2006-cı il tarixədək X12 təkrar stasionar müalicdə olmuşdur. Lakin hər iki stasionar müalicə haqda epikrizdə ümumi qidalanmanın nəzərə çarpan zəifləməsi qeyd edilməyibdir. Sonrakı illərdə xəstə eyni dioqnozla 2008, 2010 və 2013-cü ildə X13 stasionar müalicələr almış, lakin heç bir halda əlilliyin təyininə əsas verən ümumi qidalanmanın nəzərə çarpan zəifləməsi qeyd edilməmişdi. Sonrakı illərdə təkrar müayinələr zamanı ikinci dərəcə əlilliyi qüvvədə saxlanılmış, sonuncu dəfə 26.05.2015-ci il tarixdə təkrar müayinə olunmuş və bir il müddətinə ümumi xəstəlik səbəbi ilə İİ dərəcə əlilliyin verilməsi barədə qərar verilmişdir. 26.05.2016-cı il tarixdə iddiaçının İİ dərəcə əlilliyi Nazirlər Kabinetinin 413 saylı 30.12.2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və saglamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 6.1-ci bəndinə müvafiq olaraq əlillik altsistemi tərəfindən 5 il müddətinə uzadılmışdır. 13.03.2020-ci il tarixdə İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətində nəzarət qaydasında əyani müayinə edilmiş və əlillik vəziyyəti qiymətləndirilmişdir. Ezofaqoqastrobulboskopiya müayinəsinin nəticə ilə iddiaçıda 12 barmaq bağırsağın soğanağının xorası dioqnozu təsdiqlənir. Lakin onda Əsasnamənin 2.2.5-ci bəndinə uyğun olaraq ümumi qidalanmanın kəskin nəzərə çarpan dərəcədə zəifləməsi aşkar edilmədiyinə görə hissəvi reabilitasiya olunmuş və İİİ dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Həmçinin Əsasnamənin tələblərinə uyğun olaraq il ərzində aşağısı 4 dəfə kəskinləşməni təsdiq edən tibbi sənədlər təqdim edilmədiyinə görə İİ dərəcə əlilliyin təyinatı mümkün olmamış və hissəvi reabilitasiya həyata keçirilmişdir. Bununla bağlı cavabdehin nümayəndəsi apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdehin digər nümayəndəsi X4 digər nümayəndənin verdiyi izahatla razı olduğunu və ona heç bir əlavəsinin olmadığını bildirdi və bununla bağlı apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. İddiaçı cavabdeh inzibati orqanın qəbul etdiyi 30 aprel 2020-ci il tarixli əmrin ona münasibətdə ləğvini tələb edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Hazırki işdən görünür ki, bundan əvvəl İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “intizam tənbehinin ləğv edilməsi və İİ qrup əlilliyinin bərpa olunması” barədə iddia tələbləri ilə 26.05.2020-ci il tarixdə məhkəməyə müraciət etmiş, lakin sonradan inzibati məhkəmə icraatı qaydasında iddia tələbini dəqiqləşdirmək ona təklif olunduğu üçün o, tələblərini dəqiqləşdirərək, adı çəkilən Nazirliyin həmin işdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti ilə əvəz olunmasını və iddia tələbinin “intizam tənbehi tədbiri töhmətin ləğv edilməsi” hissəsinin ayrı iddia icraatına aid edildiyi üçün həmin hissədə iddia ərizəsinin ona geri qaytarılmasını xahiş etmişdir. Bununla bağlı məhkəmənin 15.09.2020-ci il tarixli qərardadı ilə iddiaçının ərizəsi təmin edilərək onun Nazirliyə qarşı “əlilliyin bərpası” iddiasına dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması, iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Bundan sonra iddiaçı hazırki iddia ilə 06.10.2020-ci il tarixdə məhkəməyə ayrıca icraat çərçivəsində müraciət edərək barəsində qəbul edilmiş 30 aprel 2020-ci il tarixli əmri mübahisələndirmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən onun barəsində cavabdeh inzibati orqanın qəbul etdiyi 30 aprel 2020-ci il tarixli əmrin mübahisələndirilməsi üçün ilk dəfə 26.05.2020-ci il tarixdə məhkəməyə müraciət olunduğundan İPM-də müəyyən edilmiş 30 günlük iddia müddəti ötürülməmişdir. Bu hal cavabdeh inzibati orqan tərəfindən bu məhkəmə icraatında mübahisələndirilməmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiası mümkündür. İşin mahiyyətinə gəldikdə isə, iddiaçının ona münasibətdə ləğv edilməsini tələb etdiyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin **********7 saylı 30 aprel 2020-ci il tarixli “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bir sıra işçiləri barəsində intizam tənbeh tədbirinin tətbiq edilməsi haqqında” əmrindən görünür ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2.1-ci və 25.2.2-ci maddələrinə uyğun olaraq öhdəsinə düşən vəzifələri yerinə yetirməyərək etik davranış qaydalarını pozduğuna görə barəsində intizam tədbiri tətbiq edilməklə Nazirliyin Laboratoriyasında baş məsləhətçi vəzifəsində qulluq keçən İddiaçı töhmət verilmişdir. Mübahisələndirilən əmrin məzmunundan görünür ki, həmin əmrin verilməsi üçün əsas Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Daxili nəzarət və audit şöbəsinin 14 aprel 2020-ci il tarixli yazılı məruzəsi olmuşdur. Belə ki, Daxili nəzarət və audit şöbəsi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış 14 aprel 2020-ci il tarixli yazılı məruzənin məzmunundan görünür ki, "Nazirliyin Aparatının Əlillik siyasəti şöbəsinin sorğusu əsasında E- xidmətlər və innovasiyalar şöbəsi tərəfindən təqdim edilmiş siyahıya əsasən Nazirliyin strukturuna daxil olan və tabeliyində olan qurumların yerli bölmələrinin bir sıra əməkdaşları əlilliyə görə pensiya alırlar. Sosial islahatlar çərçivəsində şəffaflığın artırılması yol verilmiş hüquqpozma hallarının aradan qaldırılması məqsədilə həyata keirilən tədbirlər çərçivəsində Nazirliyin aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsi tərəfindən Nazirliyin strukturuna daxil olan və tabeliyində olan qurumların yerli bölmələrinin əlilliyə görə pensiya alan əməkdaşlarının vaxtından əvəl əlillik vəziyyətinin təkrar qiymətləndirilməsi üçün Nazirlik yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 3.7-ci bəndinə əsasən əyani müayinə olunmaları üçün dəvət edilmişlər. Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən verilmiş məlumata əsasən Nazirliyin strukturuna daxil olan və tabeliyində olan qurumların yerli bölmələrinin əməkdaşlarının əlillik vəziyyətlərinin vaxtından əvvəl təkrar qiymətləndirilməsi zərurəti yarandığından, həmin şəxslərdən növbəti 155 nəfər dəvət olunmuş və 105 nəfəri əyani müayinəyə gəlmişdir. Əyani müayinəyə gələn şəxslərdən hissəvi reabilitasiya olunaraq 15 nəfərin əlillik dərəcəsi 2-ci dərəcədən 3-cü dərəcəyə dəyişdirilmiş, 33 nəfərin əlilliyinin düzgünlüyü öz təsdiqini tapmış, 26 nəfər əlavə müayinə olunmaq üçün səhiyyə müəssisənə göndərilmiş, 27 nəfərin cari tarixə tam reabilitasiya olunması səbəbindən, eləcə də 4 nəfərin Nazirliyə müraciəti əsasında əlillik dərəcəsinin ləğvi barədə qərar qəbul edilmiş və müvafiq protokollarla rəsmiləşdirilmişdir. Daxili nəzarət və audit şöbəsi tərəfindən əlillik dərəcələri ləğv edilən şəxslərə artıq ödənilmiş vəsait hesablanaraq Nazirliyin müvafiq struktur bölmələrinə həmin vəsaitin təqsirkar şəxslər tərəfindən bərpa olunması üçün tapşırıqlar verilmişdir. Qeyd olunanlarla bağlı Nazirlik yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə, Dövlət Sosial Müdafiə Fonduna və Nazirliyin Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinə bəzi tapşırıqların verilməsi təklif olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində yaradılmış Komissiyanın 13 mart 2020-ci il tarixli təkrar qiymətləndirmə Protokoluna əsasən İddiaçı əlillik vəziyyətinin təkrar qiymətləndirilməsi məqsədilə müayinə edilmiş və müəyyən edilmişdir ki, 13.03.2020-ci il tarixdə aparılan əyani müayinə zamanı İddiaçı tibbi sənədlərində qeyd edilmiş (12b/b xorası, qanaxma ilə, yüngül anemiya, xroniki lesistit. NSD hipertonik tip.) mövcud sağlamlıq vəziyyəti ilə (12 b\b xora xəstəliyi, Qastroduodenit) eynilik təşkil etmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanların məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.17-ci bəndinə uyğun olaraq İİİ (üçüncü) dərəcə əlilliyin təyin edilməsi üçün əsasdır və məqsədəmüvafiqdir. Müayinə əsasında İddiaçı 13.03.2020-ci il tarixdən İİİ (üçüncü) dərəcə əlilliyin təyin edilməsi qərara alınmış və müayinənin nəticəsi alt sistemə daxil edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sözügedən Nazirliyə ünvanladığı 22.09.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı əlillik vəziyyəti haqqında məlumat verilməsi barədə şifahi sorğuya Agentlikdə baxılmış və müəyyən olunmuşdur ki, İddiaçı 04.04.2007-ci il tarixdə tibbi-sosial ekspert komissiyasında 12 baqmaq bağırsağın xora xəstəliyi, tez-tez kəskinləşmələrlə, qanaxmalarla ikitərəfli neftoproz. somatogen mənşəli astenik vəziyyət, xroniki dəmir defisitli anemiya dioqnozu ilə ilkin müayinə olunmuş və “ümumi xəstəlik” səbəbi ilə bir il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Tibbi sənədlərdən məlum olur ki, Afər Şeyxzadə 03.10.2006-cı il tarixdən 03.10.2006-cı il tarixədək Bakı Baş Səhiyyə İdarəsinin Klinik Tibbi Mərkəzində “12 barmaq bağırsağın xora xəstəliyinin kəskinləşməsi (qanayan), residivləşən, qatroptoz, xroniki kolit, koloptoz, vegeto-damar distoniyası, asteno-vevrotik sindrom. Xroniki dəmir defisitki anemiya” dioqnozu ilə stasionar müalicədə olmuşdur. A.Şeyxzadə eyni diaqnozla X13 təkrar stasionar müalicədə olmuşdur. 2006-cı il tarixdə qüvvədə olan Nazirlər Kabinetinin 99 saylı 29.08.1997-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.7-ci bəndinə görə “Həzm orqanlarının residivli gedişli ağır, xroniki xəstəlikləri, ümumi qidalanmanın nəzərə çarpan dərəcədə zəifləməsi ilə” hallarında ikinci dərəcə əlilliyin təyini nəzərdə tutulur. Lakin hər iki stasionar müalicə haqda epikrizdə “ümumi qidalanmanın nəzərə çarpan zəifləməsi” qeyd edilməyib. Sonrakı illərdə xəstə eyni dioqnozla 2008, 2010 və 2013-cü ildə X10 Stasionar müalicələr almış, lakin heç bir halda əlilliyin təyininə əsas verən “ümumi qidalanmanı nəzərə çarpan zəifləməsi” qeyd edilməmişdir. Sonrakı illərdə təkrar müayinələr zamanı ikinci dərəcə əlilliyi qüvvədə saxlanılmış, sonuncu dəfə 26.05.2015-ci il tarixdə təkrar müayinə olunmuş və bir il müddətinə “ümumi xəstəlik səbəbilə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. 26.05.2016-cı il tarixdə ikinci dərəcə əlilliyi Nazirlər Kabinetinin 30.12.2015-ci il tarixli 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 6.1-ci bəndinə müvafiq olaraq Əlillik altsistemi tərəfindən beş il müddətinə uzadılmışdır. 13.03.2020-ci il tarixdə İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətində nəzarət qaydasında əyani müayinə edilmiş və əlillik vəziyyəti qiymətləndirilmişdir. Ezofaqoqastrobulboskopiya müayinəsinin nəticəsində İddiaçı 12 barmaq bağırsağın soğanağının xorası dioqnozu təsdiqlənmişdir. Lakin xəstədə Nazirlər Kabinetinin 30.12.2015-ci il tarixli 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.5-ci bəndinə uyğun olaraq ümumi qidalanmanın kəskin nəzərəçarpan dərəcədə zəifləməsi (kəskin anemiya və çəki defisiti) aşkar edilmədiyinə görə hissəvi reabilitasiya olunmuş və üçüncü dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Əsasnamənin qeyd edilən bəndinin tələbinə uyğun olaraq il ərzində aşağısı dörd dəfə kəskinləşməni təsdiq edən tibbi sənədlər (stasionar epikrizlər, müvəqqəti əmək qabiliyyətsizlik vərəqəsi) təqdim edilmədiyinə görə ikinci dərəcə əlilliyin təyinatı mümkün olmamış və hissəvi reablitasiya həyata keçirilmişdir. Aparılmış müayinələrin nəticələrini, xəstənin hazırki vəziyyətinin üçüncü dərəcəyə uyğun gəldiyi nəzərə alınaraq müddətsiz üçüncü dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Beləliklə, iş üzrə müəyyən olunur ki, 30 aprel 2020-ci il tarixli əmrin qəbul edilməsinə əsas olan 14.04.2020-ci il tarixli yazılı məruzənin məzmununda barəsində “töhmət” intizam tənbeh tədbiri görülmüş İddiaçı tərəfindən hansı qanun pozuntularına yol verildiyi, bu pozuntuların onun hansı hərəkətlərində ifadə olunması, o cümlədən ona İİİ dərəcə əlillik verilməli olduğu halda İİ dərəcə əlilliyin verilməsində məhz onun təqsirinin olması kimi hallar öz əksini tapmamışdır. Halbuki “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Cavabdeh inzibati orqan 30 aprel 2020-ci il tarixli əmrin iddiaçıya münasibətdə qəbul edilən hissəsini (töhmət verməni) ona İİİ dərəcə əlilliyin verilməli olduğu təqdirdə İİ dərəcə əlilliyin verilməsi ilə bağlı iddiaçının öhdəsinə düşən vəzifələri yerinə yetirməyərək etik davranış qaydalarını pozması ilə əsaslandırmışdır. Belə ki, cavabdeh inzibati orqan tərəfindən istər birinci instansiya məhkəməsinə təqdim edilmiş iddiaya dair etirazda, istərsə də apellyasiya şikayətinə dair etirazın məzmununda mübahisələndirilən əmrin qəbul edilməsində “Dövlət qulluğu haqqında” Qanunun 25.2, 18.0.12-ci, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanunun 12.1, 10.1, 23.1-ci və “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 2.1.3-cü, 9.3.5-ci və 10.1-ci maddələrinə istinad olunmuşdur. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 18.0.12-ci maddəsinə əsasən etik davranış qaydalarına əməl etmək dövlət qulluqçularının vəzifələrindən biri kimi müəyyən edilmişdir. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: 25.2.1. töhmət; 25.2.2. bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması; 25.2.3. həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi; 25.2.4. daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi; 25.2.5. ixtisas dərəcəsinin bir pillə aşağı salınması; 25.2.6. dövlət qulluğundan azad edilməsi. İşçi barəsində adı çəkilən intizam tənbeh tədbirlərinin görülməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsində də öz əksini tapmışdır. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2.1-25.2.6-cı maddələrində nəzərdə tutulmuş intizam tənbeh tədbirləri dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən, 25.2.1-ci maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri isə, habelə dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən səlahiyyət verilmiş vəzifəli şəxs (şəxslər) tərəfindən tətbiq oluna bilər. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun qanunsuz olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlər (hərəkətsizlik) etməsi və ya qərarlar qəbul etməsi qadağandır. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən dövlət qulluqçusu birbaşa və ya yuxarı rəhbərinin qanuna uyğun olan və səlahiyyətləri daxilində qəbul etdiyi yazılı əmri, sərəncamı və ya verdiyi şifahi tapşırıqları yerinə yetirməyə borcludur. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən etik davranış qaydalarının pozulması dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.3-cü maddəsinə əsasən inzibati vəzifə tutan dövlət qulluqçuları korrupsiyanın subyektləri hesab olunurlar. Həmin Qanunun 9.3.5-ci maddəsinə əsasən statusundan, təmsil etdiyi orqanın (qurumun) statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə şəxsi maraqlarına aid məsələlərin həllinə təsir etmək vəzifəli şəxslər üçün korrupsiyaya şərait yaradan hüquqpozma hesab edilir. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən korrupsiya ilə əlaqədar hüquqpozmalar qanunvericiliklə müəyyən edilmiş qaydada intizam, mülki-hüquqi, inzibati və ya cinayət məsuliyyətinə səbəb olur. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə əsasən dövlət qulluqçusu bu maddənin tələblərinə zidd hərəkət etdikdə, əgər qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, xəbərdarlıq aldıqdan sonra otuz gün ərzində o, dövlət qulluğuna, yoxsa başqa fəaliyyətə üstünlük verdiyini özü üçün müəyyən edərək gəldiyi qərar barəsində qulluq keçdiyi dövlət orqanının rəhbərinə məlumat verməlidir. Həmin Qanunun 25.11-ci maddəsinə əsasən dövlət qulluqçusu “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) intizam məsuliyyətinə cəlb olunur. Qeyd olunan maddi hüquq normalarının məzmunundan görünür ki, dövlət qulluqçusunun imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlər (hərəkətsizlik) etməsi və ya qərarlar qəbul etməsi etik davranış qaydalarını pozması kimi qəbul edilir, vəzifə səlahiyyətlərindən irəli gələn imkanlardan istifadə etməklə şəxsi maraqlarına aid məsələlərin həllinə təsir etmək isə vəzifəli şəxslər üçün korrupsiyaya şərait yaradan hüquqpozma hesab edilir. Hər iki hüquqpozma dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Lakin hazırki işdə iddiaçıya münasibətdə ləğv edilməsi tələb olunan inzibati aktın (əmrin) qəbul edilməsi üçün istinad olunan bu halların mövcudluğu müəyyən olunmur. Belə ki, cavabdeh inzibati orqan iddiaçının ona İİİ dərəcə əlillik verilməli olduğu təqdirdə İİ dərəcə əlilliyin verilməsi ilə bağlı sonuncunun öhdəsinə düşən vəzifələri yerinə yetirməyərək etik davranış qaydalarını pozmasını, o cümlədən imtiyaz və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlər (hərəkətsizlik) etməsini, vəzifə səlahiyyətindən irəli gələn imkanlardan istifadə etməklə şəxsi maraqlarına aid məsələnin həllinə təsir etməsini təsdiq edən halların nədən ibarət olduğunu, bunun iddiaçının hansı hərəkətlərində ifadə olunduğunu əsaslandıra bilməmiş, bu barədə hər hansı sübutu da məhkəməyə təqdim edə bilməmişdir. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Bununla yanaşı, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.3-cü maddəsinə əsasən bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiqinə mane olmur. Hazırki işdə isə iddiaçı barəsində “töhmət” intizam tənbeh tədbirinin görülməsi qənaətinə gələn cavabdeh inzibati orqan tərəfindən dövlət qulluqçusu kimi iddiaçının izahatı alınmamış, məsələyə onun münasibəti öyrənilməmişdir. Bu hal onu deməyə əsas verir ki, cavabdeh inzibati orqan tərəfindən 30 aprel 2020-ci il tarixli qərar qəbul edilərkən bunun əsası kimi nəinki sadalanan maddi hüquq normalarına düzgün istinad olunmamış, həmçinin inzibati icraat haqqında qanunvericiliyin tələbləri də pozulmuşdur. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir; 21.1-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir; 21.2-ci maddəsinə əsasən Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur; 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə bir daha təsdiq olundu ki, mübahisələndirmə haqqında iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin mübahisəli əmri qəbul etməsinə əsas olmuş hallar, yəni cavabdehin bu müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir (İPM-in 14.1-ci maddəsi), cavabdehə səlahiyyət verən normanın dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin mübahisəli əmri qanunauyğun olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmuşdur (İPM-in 70.1-ci maddəsi), əmr mövcud inzibati praktikaya zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Qanunun 13.2 və 17-ci maddələri). Buna görə də cavabdehin 30 aprel 2020-ci il tarixli əmri iddiaçıya aid hissədə qanunsuz inzibati aktdır və qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu üçün ona aid hissədə ləğv olunmalıdır. Bundan başqa, apellyasiya baxışı zamanı cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, Nazirliyin 30 aprel 2020-ci il tarixli əmri ilə İddiaçı verilən intizam tənbeh tədbirinin “Dövlət qulluğu haqqında” Qanunun 34-cü və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 190-cı maddəsinin 1-ci hissəsinə əsasən altı ay müddətində qüvvədə olduğuna görə hazırda onun qüvvəsini itirdiyini bildirmiş və bununla bağlı birinci instansiya məhkəməsinin 26.01.2021-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Bu barədə məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunanlarla bağlı cavabdeh tərəfindən 30 aprel 2020-ci il tarixli əmr qəbul edilərkən iddiaçıya münasibətdə həm inzibati icraat bu barədə qanunvericiliyin pozulması ilə aparıldığından, inzibati aktın məzmununda istinad olunan maddi hüquq normaları düzgün tətbiq edilmədiyindən, həm də istinad olunan halların iddiaçının hərəkətlərində mövcudluğu sübuta yetirilmədiyindən həmin inzibati akt iddiaçının hüquqlarını pozduğu üçün ləğv edilməlidir. Beləliklə, mübahisələndirilən inzibati aktın hazırda qüvvəsini itirməsi faktı həmin qanunsuz əlverişsiz inzibati aktın ləğv edilməməsi üçün əsas ola bilməz. Göstərilənlərlə bağlı məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın rədd edilməsi barədə qərar maddi hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən, bu hal apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas yaradır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2022/2021 saylı 26 yanvar 2021-ci il tarixli qərarı ləğv edilməli və iddia təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçıtərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2022/2021 saylı 26 yanvar 2021-ci il tarixli qərarı ləğv edilsin. İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qəbul edilmiş **********7 saylı 30 aprel 2020-ci il tarixli əmr İddiaçı aid hissədə ləğv edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar