Məhkəmə qərarları › İş №2-1(103)-1330/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1330/2022

17.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1330/2022 17.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X6 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X4, Üçüncü şəxs X1 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X5) qarşı “daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-8800/2021 saylı, 29 dekabr 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 55,21 kv.metr, yaşayış sahəsi 31.22 kv.metr olan 2 otaqlı mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bununla bağlı müvafiq reyestrdən çıxarışının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə bacısı X5 arasında Bakı şəhəri 51 saylı notariat kontorunda bağlanılmış və 4Ə-654 nömrəsi ilə reyestrdə qeydə alınmış 04 iyul 2017-ci il tarixli “daşınmaz əmlakın bağışlama müqaviləsi”nə əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 55,21 kv.metr, yaşayış sahəsi 31.22 kv.metr olan 2 otaqlı mənzil onun mülkiyyətinə verilmişdir. Cavabdehə müraciət edərək, sözügedən mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, sonuncu Bakı şəhəri, 51 saylı notariat kontorunda təsdiq edilmiş 4Ə-654 nömrəli 04 iyul 2017-ci il tarixli “daşınmaz əmlakın bağışlama müqaviləsi”nin bağlanmasına əsas olmuş ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın etibarsız hesab olunduğu barədə mətbuatda elanın və Bakı şəhər Baş Polis İdarəsinin arayışının İdarəyə daxil olmasını qeyd edərək mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatından imtina edilmişdir. Cavabdehə yenidən müraciət etmiş və cavabdeh **********62 nömrəli, 23.06.2021-ci il tarixli məktubla iddiaçıya imtina cavabı vermiş və qeyd etmişdir ki, məsələ ilə bağlı 15.07.2017-ci il tarixli **********83 nömrəli məktubla cavab verilmiş, lakin qeyd olunan çatışmazlıqlar aradan qaldırılmamışdır. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını, (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Bu çatışmazlıqlar aradan qaldırıldıqdan sonra məsələyə yenidən baxılacaqdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8800/2021 saylı, 29 dekabr 2021-ci il qərardadı (hakim S.Salahova) ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv olunması xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun müraciətinə baxan zaman Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin səlahiyyətli şəxsləri tərəfindən vəzifə cinayətləri kateqoriyasına aid edilən rəsmi sənədlərin saxtalaşdırılması həyata keçirilmişdir. Çünki qanunvericiliklə mənzilin itirildiyi iddia edilən Seriya MH № ******* saylı ********** qeydiyyat nömrəli çıxarışın yalnız təsdiq edilmiş dublikatı X2 verilə biləcəyi halda, mənzilin dövlət qeydiyyatı özbaşına olaraq dəyişdirilərək əvvəlki çıxarış və qeydiyyat nömrəsi ləğv olunmuş, mənzilə dair Seriya RX № ******* saylı yeni qeydiyyat nömrəli çıxarış hazırlanaraq Gülnarə Yaqubovaya verilmişdir. Bundan başqa, mübahisəli mənzilə dair onunla bağlanmış bağışlama müqaviləsinin üçüncü şəxs tərəfindən məhkəmə qaydasında mübahisələndirilməsinə dair hər hansı sübut məhkəməyə təqdim olunmamışdır, yəni belə bir iddianın məhkəmə tərəfindən icraata qəbul edilməsinə dair hər hansı sənəd, yaxud da iddianın “Elektron məhkəmə" informasiya sistemi vasitəsi ilə məhkəməyə verildiyini sübuta yetirən hər hansı dəlil iş materiallarında yoxdur. Eyni zamanda, çıxarışın mövcudluğu məhkəməyə ilk hazırlıq iclasında artıq məlum idi. Məhkəmə həmin çıxarışın mövcudluğunu iddianın mümkünlüyü ilə bağlılığını müəyyən etdiyi halda, inzibati-prosessual qanunvericilik normalarına əsasən iddianın əsasının və ya predmetinin dəyişdirilməsi, iddiaya əlavənin verilməsi, yaxud da iddia tələblərinin dəqiqləşdirilməsi, dəyişdirilməsi ilə bağlı proses iştirakçılarına, o cümlədən ona yardım etməyə borclu idi. Nəzərə alınsa ki, məhkəmənin həmin çıxarışın ləğvi barədə qaldırılmasını zəruri saydığı iddia tələbi məhkəmə tərəfindən baxılan iddia tələbi ilə əlaqəlidir və eyni cavabdehə qarşı yönəlmiş bir tələbdir. Məhkəmə tərəfindən vaxtında hüquqi yardım göstərilərək belə bir tələbin irəli sürülməsinin vacibliyi bildirilsəydi, iddia tələblərinə əlavə ilə məhkəməyə müraciət edilə, yaxud da iddia tələblərini dəyişdirə bilərdi. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş materiallarından müəyyən olunur ki, məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi iddiaçının nümayəndəsi və vəkilinin apellyasiya şikayətində qeyd etdiyi yazışmaların aparılmasını bildirdiyi ünvana göndərilmiş, həmin məhkəmə bildirişi poçt rabitə orqanı vasitəsilə çatdırılmış, həmçinin SMS xəbərdarlıq AZEMİS vasitəsilə iddiaçının nümayəndəsi və vəkilinin əlaqə nömrəsinə göndərilmişdir. Buna baxmayaraq, nə iddiaçı, nə də ki iddiaçının səlahiyyətli nümayəndəsi və vəkili məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdirlər. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasına etiraz etmədiklərini bildirmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə iddiaçının iştirakı olmadan baxılması və iş üzrə məhkəmə aktı qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iddianın mümkün sayılmaması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə, Məhkəmə kollegiyası iddianın mümkünlüyü ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1-ci bənd). Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (7-ci bənd); İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Hazırki işdən görünür ki, 04.07.2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X5 (onun adından etibarnamə əsasında X7 çıxış etmişdir) DƏDRXnin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 03.02.2009-cu il tarixdə verilmiş ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ona məxsus olan ünvan 4 ünvanında yerləşən 20 saylı mənzili İddiaçı bağışlamışdır. X3 təmsil etməsinə və 04.07.2017-ci il tarixli müqaviləni bağlamasına əsas olan 01.07.2017-ci il tarixli 7E-10283 reyestr nömrəli etibarnaməyə 08.07.2017-ci il tarixdə xitam verilmişdir. Həmçinin G.Yaqubova onun adına olan ünvan 4 ünvanında yerləşən 20 saylı mənzilə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış itdiyi üçün onun etibarsız sayılması barədə mətbuatda elan vermişdir. Bakı şəhər Baş Polis İdarəsinin 03.07.2017-ci il tarixli məktubundan görünür ki, G.Yaqubovaya məxsus olan ünvan 4 ünvanında yerləşən 20 saylı mənzilə dair verilmiş çıxarışın tapılması barədə Bakı şəhər Baş Polis İdarəsinin Tapıntılar bürosuna məlumat daxil olmamışdır. G.Yaqubova tərəfindən dövlət reyestrindən çıxarışın etibarsız hesab olunması haqqında mətbuatda elan və Bakı şəhər Baş Polis İdarəsinin 039-10693-1217 saylı, 03.07.2017-ci il tarixli arayışı cavabdehə təqdim edildikdən sonra cavabdeh G.Yaqubvanın müraciəti əsasında 08.07.2017-ci il tarixdə G.Yaqubovaya ünvan 4 ünvanında yerləşən 20 saylı mənzilə dair ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış vermişdir. Məhkəmə kollegiyası qeyd edir ki, çıxarışın verildiyi tarixdə qüvvədə olan Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 iyun tarixli 553 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın təsvirinə əsasən, Dövlət reyestrindən çıxarış itirildikdə, məhv olduqda və ya yararsız hala düşdükdə dublikat verilir. Bu halda dövlət reyestrindən çıxarışın yuxarı sağ tərəfinə iri hərflərlə “DUBLİKAT” ştampı vurulur. Dublikat dövlət reyestrindən çıxarışı verən qeydiyyat orqanının rəhbəri tərəfindən imzalanır və möhürlə təsdiq olunur. Dövlət reyestrindən çıxarış itirildikdə, dublikatın alınması ilə bağlı ərizəyə çıxarışın itirilməsi ilə əlaqədar onun etibarsız hesab olunması barədə məlumatı əks etdirən qəzet səhifəsi, daxili işlər orqanlarının müvafiq arayışı əlavə edilməlidir. Lakin cavabdeh Gülnarə Yaqubovaya dublikat əvəzinə yeni qeydiyyat nömrəli çıxarış vermişdir. Belə olan halda aydın olur ki, iddiaçı ilə üçüncü şəxs arasında bağlanmış müqavilədə istinad olunan çıxarış hazırda mövcud deyildir. Gülnarə Yaqubovaya 08.07.2017-ci il tarixdə mübahisəli əmlaka dair verilmiş yeni çıxarış hazırda qüvvədədir, ləğv edilməmişdir. Bundan başqa, iş materiallarından və üçüncü şəxsin vəkilinin təqdim etdiyi iddiaçının apellyasiya şikayətinə etirazdan da göründüyü kimi, X5 onunla İddiaçı arasında bağlanmış və hazırda iddiaçının tələbinin hüquqi əsasını təşkil edən 04.07.2017-ci il tarixli bağışlama müqaviləsini mübahisələndirərək mülki qaydada iddia qaldırmış, tələb kimi həmin müqavilənin etibarsızlığını qoymuşdur. Göründüyü kimi, işin hazırkı mərhələsində Gülnarə Yaqubovaya verilmiş çıxarış qüvvədə olduğundan və iddiaçının tələbinin əsasını təşkil edən müqavilə mübahisələndirildiyindən iddiaçının hazırkı tələbi mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər- tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Yuxarıda göstərilənlərə əsasən Məhkəmə kollegiyası qeyd edir ki, müqavilədə istinad olunan çıxarış hazırda mövcud olmadığından və iddiaçının tələbinin əsasını təşkil edən müqavilə digər məhkəmədə mübahisələndirildiyindən apellyasiya şikayətinin dəlilləri əsassızdır bu səbəbdən iddianın mümkün sayılmaması ilə bağlı birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8800/2021 saylı, 29 dekabr 2021-ci il qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar