Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1331/2021 11.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Yusifov Cahangir Afər oğlundan və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil (Bakı şəhəri 14 saylı Vəkil Bürosu) iştirakı ilə, İddiaçı (xx.xx.1964-cü il tarixində Şamaxı rayonunun Dilman kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı (üçüncü şəxs “Azərbaycan X2” QSC) “cavabdehin hərəkətlərinin qanunsuz sayılması ” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli, 2-1(112)-474/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı 24.12.2019-cu il tarixində cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı (üçüncü şəxs “Azərbaycan X2” QSC) 03.07.2018-ci il tarixdən təyin edilmiş ikinci dərəcəli əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı xx.xx.1964-cü ildə Şamaxı rayonunda doğulmuşdur. 03.07.2018-ci il tarixdə ona ümumi xəstəlik səbəbindən ikinci dərəcəli əlillik təyin olunmuşdur. Təyin olunmuş əlilliyin müddəti 5 il olaraq qeyd olunmuşdur. Yəni, iddiaçı 03.07.2023-cü ildə yenidən qiymətləndirmədən keçməli idi. Əlillik təyinatı zamanı diaqnoz bölməsində “ÜİX Gərginlik stabil stenokardiyası f/s İİİ, tez-tez baş verən stenokardiya tutmaları ilə, İnfarktdan sonrakı kardioskleroz, Mədəcik ekstrasistoliyası, Aortanın anevrizması, Hipertoniya xəstəliyi İİ mərhələ, risk faktoru, Ürək çatmamazlığı İİİ dərəcə, QDÇ İİ dərəcə, Skolioz İ dərəcə” qeyd olunmuşdur. Daha sonra müxtəlif vaxtlarda müayinələrdən keçmişdir və əlillik arayışında qeyd olunan diaqnoz öz təsdiqini tapmışdır. Sonradan ona məlum olmuşdur ki, ona təyin olunmuş pensiya dayandırılmışdır. Həmin halı araşdıran zaman məlum olmuşdur ki, əlilliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi «Əlillik» altsistemində etibarsız hesab edilmişdir. İddiaçı əlilliyinin bərpası üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Həmin müraciətə cavab olaraq bildirilmişdir ki, «Azərbaycan X2» QSC-nin 29.01.2019-cu il tarixli, M C 02/02-45 N-li məktubu ilə qiymətləndirməyə əsas verən 4405003AABPV göndəriş əsassız hesab edilmişdir. Bununla əlaqədar əlillik müayinəsi Nazirliyin «Əlillik» alt sistemində etibarsız hesab edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-5535/2019 saylı, 22.10.2019-cu il tarixli qərardadı ilə “Azərbaycan X2” QSC üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. 26.01.2021-ci il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 03.07.2018-ci il tarixdə ikinci dərəcəli əlilliyin etibarsız sayılmasına dair hərəkətlərin qanunsuz sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli, 2-1(112)-474/2021 nömrəli qərardadı ilə iddiaçının “İddiaçı təyin edilmiş əlilliyin ləğv edilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin hərəkətləri qanunsuz sayılması barədə qərar qəbul edilməsi” barədə iddianın dəqiqləşdirilməsinə dair ərizəsi icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli, 2-1(112)-474/2021 nömrəli qərarı ilə (hakim E.Əliyev) iddia təmin edilmiş, İddiaçı təyin edilmiş əlilliyin ləğv edilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin hərəkətləri qanunsuz sayılmışdır. 16.03.2021-ci il tarixdə cavabdeh qərardan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli, 2-1(112)-474/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 16 yanvar 2020-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə”yə müvafiq olaraq, İddiaçı əlillik vəziyyəti “X2” QSC-nin Sosial İnkişaf İdarəsinin MDX Əhmədli tibbi-sanitar hissəsi 4405003AABPV saylı göndərişi əsasında 03.07.2018-ci il tarixdə şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilmiş və beş il müddətinə ikinci dərəcəli əlilliyin təyini barədə qərar verilmişdir. 2017-ci ilin birinci yarım ili ərzində aparılmış risk qrupuna daxil olan əlillik təyinatları Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xüsusi işçi qrupu tərəfindən araşdırılmışdır. Müəyyən olunmuşdur ki, Azərbaycan Respublikasının Xəzər X1 Səhmdar Cəmiyyətinin strukturuna daxil olan tibb müəssisələri tərəfindən rəsmiləşdirilmiş göndərişlər əsasında risk qrupuna daxil olan 25 nəfərə (əlavə olunur) əlillik təyinatları aparılmışdır. Bununla bağlı ƏƏSMN-yi tərəfindən “Azərbaycan X2” QSC-nə bundan sonra AXDG QSC) müraciət olunmuş, müraciətə əlavə edilmiş siyahıda adları qeyd olunmuş şəxslərə dair rəsmiləşdirilmiş göndərişlərin əsaslılığının araşdırılması, əsassız rəsmiləşdirilmiş göndərişlərin ləğv edilməsi və nəticəsi barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məlumat verilməsi xahiş edilmişdir. Müraciətlə bağlı AXDG QSCnin 29.01.2019-cu il tarixli, MC 02/02-45 nömrəli rəsmiləşdirilmiş göndərişlərinin ləğv edilməsi barədə məktubunda qeyd olunur ki, göndərişlərin əsaslılığına şübhələr olduğu üçün, sözügedən məktublara əsasən risk qrupuna daxil olan əlillik təyinatlarının ləğv edilməsi tərəflərindən uyğun hesab olunur. AXDG QSC-nin 29.01.2019-cu il tarixli, MC 02/02-45 nömrəli məktubunda risk qrupuna daxil olan əlillik təyinatlarının ləğv edilməsi uyğun hesab olunduğu, məktuba əlavə edilmiş siyahıda 8-ci sırada iddiaçının soyadı, adı, atasının adı qeyd edildiyinə görə, hakimiyyət tədbiri görülərək adları siyahıda olan, dövlət büdcəsindən qanunsuz olaraq vəsait ödənməsinə nail olmuş şəxslərin, o cümlədən iddiaçının “Əlillik altsistemi’’ndə qiymətləndirməsi etibarsız edilmişdir. Cavab məktubuna diqqət yetirdikdə görünür ki, məktub rəsmiləşdirilmiş göndərişlərin ləğv edilməsi barədədir. Həmin məktubla göndərişlərin əsaslılığına şübhələr olduğu üçün əlillik təyinatlarının ləğv edilməsi uyğun hesab olunubdur. Bu səbəbdən iddiaçının əlilliyinin etibarsızlığı ilə bağlı inzibati orqan olaraq tərəflərindən tədbir görülmüşdür. İddiaçı əlilliyinin etibarsız edilməsi zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir. Cavabdeh və üçüncü şəxs məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişlər və gəlməmə səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən, Məhkəmə kollegiyası işə onların nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbi mümkün sayılmamalıdır. İş materiallarında olan: - “Azərbaycan X2” QSC-nin 13.05.2017-ci il tarixli, 4405003AABPV nömrəli göndərişinə (Forma 88) əsasən İddiaçı 5 il müddətinə ümumi xəstəlik səbəbi ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. - cavabdeh orqan **********3 nömrəli, 18.09.2019-cu il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edərək bildirmişdir: “Müəyyən olunmuşdur ki, əlillik vəziyyətiniz “X2” QSC Sosial İnkişaf İdarəsinin MDX Əhmədli Tibbi sanitar hissəsinin 4405003AABPV saylı göndərişi əsasında 03.07.2018-ci il tarixdə qiymətləndirilmiş və ümumi xəstəlik səbəbindən beş il müddətinə ikinci dərəcəli əlilliyin təyini barədə qərar verilmişdir. “X2” QSC tərəfindən 4405003AABPV saylı göndəriş etibarsız edildiyindən Əlillik altsistemində əlillik müayinəniz ləğv edilmişdir.” - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi məhkəmənin sorğusuna cavab olaraq 29.03.2020-ci il tarixli məktubla bildirmişdir: “Azərbaycan X2” QSC-nin 29.01.2019-cu il tarixli, MC 02/02-45 nömrəli məktubu ilə qiymətləndirilməyə əsas verən 4405003AAB5B saylı göndərişin əsassız hesab edildiyi bildirilmişdir. Bununla əlaqədar Əlillik altsistemində İddiaçı aid qiymətləndirmə etibarsız edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə”yə müvafiq olaraq, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. İddiaçı əlillik vəziyyəti “X2” QSC-nin Sosial İnkişaf İdarəsinin MDX Əhmədli tibbi-sanitar hissəsi 4405003AABPV saylı göndərişi əsasında 03.07.2018-ci il tarixdə qiymətləndirilmiş və beş il müddətinə ikinci dərəcəli əlilliyin təyini barədə qərar verilmişdir. Göndərişi rəsmiləşdirən “Azərbaycan X2” QSC-nin tərəfindən əlilliyin təyininə əsas olan 44005003AABPV saylı göndərişin əsassız rəsmiləşdirildiyi bildirilmişdir. Buna görə də Əlillik altsistemində İddiaçı aid qiymətləndirmə etibarsız edilmişdir. İddiaçı əlilliyinin etibarsız edilməsi zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir. Əlilliyin təyininə əsas verən hüquqi sənəd əsassız hesab edildiyinə görə şəxsin əlillik müayinəsi etibarsız edilmişdir. İddiaçı qeydiyyatda olduğu səhiyyə müəssisəsi tərəfindən müayinə və müalicə olunduqdan sonra, göndəriş rəsmiləşdirildiyi halda əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na müvafiq olaraq şəxsin iştirakı olmadan qiymətləndirilib müvafiq qərar veriləcəkdir.” - “Azərbaycan X2” QSC məhkəmənin sorğusuna cavab olaraq 03.06.2020-ci il tarixli məktubla bildirmişdir ki, “Azərbaycan X2” QSC (ASCO) əlilliyin təyin və ya etibarsız edilməsi barədə qərar verən müvafiq icra hakimiyyəti orqanı deyildir və onun belə bir səlahiyyəti yoxdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müraciəti əsasında ASCO tərəfindən verilmiş cavabda həmin qurumun apardığı araşdırmanın nəticəsinə əsasən, risk qrupuna daxil olan əlillik təyinatlarının ləğv edilməsi uyğun görülmüşdür. Belə ki, ASCO əvvəllər tabeliyində olmuş hər hansı bir tibbi xidmət göstərən təşkilat tərəfindən verilmiş göndərişin ləğv edilməsi barədə sərəncam verməmiş, təyin edilmiş əlillik dərəcəsinin etibarsız olub-olmamasını araşdırmamışdır. Eyni zamanda qeyd etmək lazımdır ki, ASCO belə araşdırmanı aparmaq üçün müvafiq imkanlara malik deyildir - “Azərbaycan X2” QSC-nin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinə ünvanlanan 29.01.2019-cu il tarixli, MC 02/02-45 nömrəli məktubunda göstərilmişdir: “Sizin 2019-cu il 4 yanvar tarixli, **********1 nömrəli və 18 yanvar tarixli, **********4 nörməli məktublarınıza "Azərbaycan X2" Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) aidiyyəti struktur bölmələri tərəfindən baxılmışdır. Bildiririk ki, təqdim etdiyiniz siyahılarda adları göstərilən şəxslərə dair rəsmiləşdirilmiş göndərişlərin əsaslılığına şübhələr olduğu üçün, sözügedən məktublarınıza əsasən risk qrupuna daxil olan əlillik təyinatlarının ləğv edilməsi tərəfimizdən uyğun hesab olunur. Xahiş edirik nəzərə alasınız.” Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə kollegiyası hesab edir ki, inzibati icraat qaydasında baxılan iddia müvafiq iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandıraraq müvafiq sübutları əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə cavabdeh inzibati orqan tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzi İnformasiya Sisteminin Əlillik altsistemində İddiaçı əlillik dərəcəsinin etibarsız edilməsinin əsası “Azərbaycan X2” QSC-nin 29.01.2019-cu il tarixli MC 02/02-45 nömrəli məktubu olmuşdur. Belə ki, məktubda təqdim edilən siyahılarda adları göstərilən şəxslərə dair rəsmiləşdirilmiş göndərişlərin əsaslılığına şübhələr olduğu üçün, sözügedən məktublara əsasən risk qrupuna daxil olan əlillik təyinatlarının ləğv edilməsi tərəflərindən uyğun hesab edilmiş və cavabdeh inzibati orqan tərəfindən iddiaçının əlilliyi etibarsız edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə cavabdeh inzibati orqanın hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməsi iş materialları ilə müəyyən edilmədiyindən, iddiaçının ona təyin edilmiş əlilliyin ləğv edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin hərəkətlərinin qanunsuz sayılmasına dair tələbi mümkün sayıla bilməz. Yuxarıda qeyd edilən hal hazırkı işin birinci instansiya icraatı zamanı nəzərə alınmamış, məhkəmə tərəfindən iddia tələbi mümkün sayılaraq, maddi və prosessual normaların pozulması şəraitində qanunsuz və əsassız olaraq qərar qəbul edilmiş iddiaçının iddia tələbi təmin edilmmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddianın mümkün sayılmaması haqqında qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir.Buna görə də iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli, 2-1(112)-474/2021 nömrəli qərarı ləğv edilərək iddia tələbi mümkün sayılmamalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 87, 90 və 94-cü maddələrinin tələblərini rəhbər tutaraq q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli, 2-1(112)-474/2021 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ona təyin edilmiş əlilliyin ləğv edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin hərəkətlərinin qanunsuz sayılması”na dair iddia tələbi mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri Y.Səfərov küçəsi,14, 1193-cü məhəllə) İnzibati kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1331/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1331/2021
11.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver