Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1331/2022 20.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Oruczadə Aytən Pənah qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi-vəkili X2 və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı “ödənilməyən pensiya məbləğinin birdəfəlik ödənməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli, 2-1(112)-9503/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 17-20 may 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il tarixdən 2021-ci ilin mart ayınadək olan dövr üçün xidmət illərinə görə güzəştli şərtlərlə ödənməli olan, lakin ödənməyən pensiya məbləğinin fərqinin ödənməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2021-ci il tarixdə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək xx.xx.2013-cü il tarixdən 2021-ci ilin mart ayınadək olan dövr üçün xidmət illərinə görə güzəştli şərtlərlə ödənməli olan, lakin ödənməyən pensiya məbləğinin fərqinin ödənməsinin təmin edilməsini xahiş etmiş, lakin cavabdeh 21 iyun 2021-ci il tarixli cavab məktubu ilə xahişi təmin edilməmiş və iddiaçıya imtina verilmişdir. İddiaçı qeyd edir ki, cavabdehin mövqeyi ilə qətiyyən razı deyil, onun bu hərəkətini Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə, həmçinin Azərbaycan Respublikasının tərəfdar çıxdığı "İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə, eyni zamanda "İqtisadi, sosial və mədəni hüquqlar haqqında" Beynəlxalq Paktın 9-cu maddəsinə zidd olduğunu məhkəmənin diqqətinə çatdırır və xahişində qeyd etdiyi hüquqlarının təmin və icra edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasının doğru olduğunu hesab edir. Belə ki, iddiaçının cavabdehə ünvanladığı xx.xx.2021-ci il tarixli ərizəsində də qeyd etdiyi kimi, iddiaçı xx.xx.1994-cü il tarixindən xx.xx.2013-cü il tarixinədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir və Müdafiə Nazirliyinin 26 iyul 2013-ci il tarixli 0608 saylı əmri ilə həmin tarixdən Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. xx.xx.2014-cü il tarixdən SHXÇDX-nin Zəngilan rayon Bölməsində hərbi qeydiyyatdadır. Bu ilin mart ayından etibarən iddiaçı xidmət illərinə görə güzəştli şərtlərlə ömürlük pensiya alır. Halbuki qanunvericiliyə əsasən, xidmət illərinə görə güzəştli şərtlərlə ömürlük pensiya almaq hüququ xx.xx.2013-cü il tarixindən yaranmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 22 fevral 2021-ci il tarixli 12/382 saylı arayışından da göründüyü kimi, iddiaçı 13 sentyabr 2004-cü ilədək hərbi xidmət illərim təqvimlə 09 il 11 ay 27 gün xidmət illərinə güzəştli qaydada əlavə olunan müddətlə 10 il 10 ay 26 gün olmaqla, ümumilikdə 20 il 01 ay 23 gün təşkil etmişdir. Belə olan halda isə iddiaçı Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığı gündən, yəni 26 iyul 2013-cü il tarixdən etibarən xidmət illərinə görə güzəştli şərtlərlə ömürlük pensiya əldə etməliydi. Lakin iddiaçı 2014-cü ildən bu ilin mart ayınadək bu pensiyanı deyil, sadəcə olaraq əlilliyə görə pensiya almışdır, hal-hazırda isə cavabdeh qurum bütün bu illər ərzində yaranmış fərqi iddiaçıya ödəməkdən əsassız olaraq imtina edir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 mart 2014-cü il tarixli Plenum Qərarına əsaslanmaqla cavabdeh qurum iddiaçının müraciətini nəzərə almalı və sosial təminat hüququnu pozmamalıdır. Bakı İnzibati Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli, 2-1(112)-9503/2021 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim: G.Sevdimalıyeva) Həmin qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv olunmasını və işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin iddianı nəyə görə mümkün saymaması, ümumiyyətlə, aydın deyil. Sadəcə olaraq məhkəmə iclas zamanı bildirmişdir ki, iddiaçı tərəfindən cavabdehə pensiya təyin olunması üçün 2 fərqli məlumat vərəqəsi təqdim edilmişdir. Cavabdeh güzəştli şərtlərlə pensiya təyinini Müdafiə Nazirliyinin təqdim etdiyi məlumat vərəqəsinə əsasən müəyyən etdiyindən, iddiaçı məqsədinə çatmaq üçün səmərəli hüquq müdafiə vasitəsi olaraq yaranmış fərq məbləğini kompensasiya şəklində Müdafiə Nazirliyindən tələb etməlidir. Məhkəmənin bu fikrini isə hüquqi əsas kimi qəbul etmək mümkün deyil. Çünki məhkəmə qərardadın hüquqi hissəsində mahiyyəti üzrə heç bir hüquq normasına istinad etməmişdir. Sadəcə olaraq əmək pensiyaları sahəsində qanunvericiliyin bəzi normalarına istinad etmiş, sonda isə iddiaçının Müdafiə Nazirliyindən kompensasiya tələb etməsinin daha məqsədəmüvafiq olduğunu vurğulayaraq iddianı mümkün saymamışdır. Halbuki, məhkəmə iddiasını mümkünsüz sayırsa bunu konkret maddi hüquq normalarına istinadən etməli idi. İş materiallarına əlavə edilmiş sənədlərdən də göründüyü kimi, xx.xx.2014-cü il tarixdə ona İİ dərəcəli “hərbi xidmət dövrü ilə əlaqədar” əlillik təyin edilmiş, həmçinin cavabdeh qurum tərəfindən ona əlilliyə görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə isə o, Mərkəzi Filiala hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunması üçün müraciət etmiş və xx.xx.2021-ci il tarixdən ona əlilliyə görə verilən əmək pensiyasının növü dəyişdirilərək Müdafiə Nazirliyi tərəfindən verilən xx.xx.2021-ci il tarixli, MN-02216 nömrəli məlumat vərəqəsi əsasında yaşa görə əmək pensiyası ödənməyə başlanmışdır. Bundan sonra o, cavabdehə müraciət edərək xx.xx.2021-ci il tarixinə qədərki dövr üçün əlilliyə görə olan əmək pensiyası ilə yaşa görə olan əmək pensiyası arasındakı ödənməyən fərqin ödənməsini xahiş etmiş, cavabdeh qurum tərəfindən isə qanunvericilikdə belə bir halın nəzərdə tutulmadığı əsas ilə fərqin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən deyil, AR Müdafiə Nazirliyi tərəfindən ödənməli olduğu qənaətinə gələrək iddiasını mümkün saymamışdır. Halbuki, məhkəmənin bu mövqeyi doğru deyil, çünki qanunvericiliyə əsasən Azərbaycan Respublikası ərazisində pensiya fəaliyyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna həvalə edilmişdir, əmək pensiyalarının təyin edilməsi, ödənməsi və pensiya münasibətlərindən irəli gələn bütün digər məsələlər məhz həmin qurumun səlahiyyətlərindədir. Həmçinin məhkəmənin diqqətinə onu da çatdırır ki, AR Müdafiə Nazirliyi əmək pensiyası təyin edən və ya ödəyən qurum deyil. Bundan başqa onu da xüsusi ilə vurğulamaq istəyir ki, onun belə bir iddia qaldırmaqla məqsədi pul əldə etmək deyil, pozulmuş pensiya hüquqlarını bərpa etməkdir. Məhz yuxarıda qeyd olunanları nəzərə alaraq, hesab edir ki, indiki halda iddia tərəfindən düzgün cavabdehə qarşı qaldırılmışdır. Onun tələbində göstərdiyi pensiya hüququnun təmin edilməsi birbaşa qanundan irəli gələn haldır. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi-vəkili X2 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi barədə qərardad qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X3 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı ərizə ilə cavabdeh orqana müraciət edərək, xx.xx.2004-cü il xidmət illərinə görə pensiya hüququnun yarandığına görə onun pensiyası Müdafiə Nazirliyi tərəfindən göndərilmiş yeni “Məlumat vərəqəsi” əsasında yenidən hesablanmasını və pensiya fərqinin ödənilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli **********2 nömrəli məktubundan görünür ki, iddiaçı 12 dekabr 2014-cü il tarixində Mərkəzi Filiala hərbi qulluqçu kimi əlilliyə görə əmək pensiyası təyin olunması üçün müraciət etmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş 04 dekabr 2014cü il tarixli 02216 nömrəli məlumat vərəqəsində xidmət müddəti 19 il 3 ay 2 gün göstərilmişdir. Eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində 6 saylı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin müayinə aktına əsasən 24 noyabr 2014-cü il tarixində iddiaçıya İİ dərəcəli “hərbi xidmət dövrü ilə əlaqədar" əlillik təyin edilmişdir. Həmin məlumat vərəqəsinə əsasən "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.16.2-ci maddəsinə uyğun qaydada iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 24 noyabr 2014cü il tarixindən “hərbi xidmət dövrü ilə əlaqədar” İİ dərəcə əlilliyə görə təminat xərcliyinin 55 faizi miqdarında hərbi qulluqçu kimi əmək pensiyası təyin olunmuşdur. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinin tələblərinə uyğun olaraq yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçmək istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. İddiaçı 15 fevral 2021-ci il tarixində Mərkəzi Filiala hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunması üçün müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 6.2-ci bəndinə əsasən pensiyanın bir növündən digər növünə keçdikdə yeni növ pensiya növbəti ayın 1-dən ödənilir. Bu səbəbdən 1 mart 2021-ci il tarixindən əlilliyə görə əmək pensiyasının növü dəyişdirilərək Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş 5 fevral 2021-ci il tarixli MN-02216 nömrəli məlumat vərəqəsinə əsasən ‘Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyğun qaydada Mərkəzi Filial tərəfindən iddiaçıya 35 il 11 ay 3 gün xidmət müddəti üçün təminat xərcliyinin (1231,50 manat) 95 faizi-1169,93 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilməklə ödənilir. Qeyd olunanlara əsasən əlilliyə görə əmək pensiyası ilə yaşa görə əmək pensiyası məbləğləri arasındakı fərq məbləğinin ödənilməsi qanunvericilikdə nəzərdə tutulmadığından Mərkəzi Filialın iddiaçıya ödənilməli olan hər hansı borc məbləği yoxdur. İddiaçı məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il tarixdən 2021-ci ilin mart ayınadək olan dövr üçün xidmət illərinə görə güzəştli şərtlərlə ödənməli olan, lakin ödənməyən pensiya məbləğinin fərqinin ödənməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamış və hesab etmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə təyinat üzrə Mərkəzi Filialı İddiaçı pensiyasını Müdafiə Nazirliyinin təqdim etdiyi xx.xx.2014-cü il tarixli və xx.xx.2021-ci tarixli fərqli göstəricilərlə təqdim edilən məlumat vərəqələrinə əsaslanaraq təyin etmişdir. İddiaçının irəli sürdüyü iddia öhdəliyin icrası ilə bağlı iddiadır. Məhkəmə hesab etmişdir ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün deyil. Belə ki, iddiaçı pul marağını təmin etmək üçün digər hüquqi müdafiə vasitəsindən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə kompensasiyanın ödənilməsi tələbi ilə müraciət etməklə öz məqsədinə daha tez, daha münasib və daha sadə yolla nail ola bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. “Əmək pensiyaları haqqında” X6 Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir. Maddə 1. Əsas anlayışlar 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunanların) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığotraolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.3. hərbi qulluqçular - Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; 1.0.5. təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir; 1.0.15. əmək pensiyasının müəyyən edilməsi - əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçiddir; Maddə 3. Əmək pensiyası təminatı hüququ 3.1. Azərbaycan Respublikasınin vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.5. Aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; 9.5.2. hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.3. hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; 9.6. Hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. Maddə 37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları 37.2. Əmək pensiyasına əlavənin ödənilməsi əmək pensiyası ilə birlikdə və əmək pensiyasının ödənilməsi qaydalarına uyğun aparılır. 37.3. İşləyən əmək pensiyaçılarına: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. «“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»
2. Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi üçün müraciətlərə baxılması 2.4. Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə və ya onların ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinə əmək pensiyası təyin edilməsi barədə İdarəyə müraciət olunur. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”na uyğun olaraq bu şəxslərin xidmət etdiyi orqanlar tərəfindən tərtib olunur. 5.2. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində qeydə alınan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80 faiz artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Məhkəmə araşdırması ilə müəyyən olunur ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş xx.xx.2014-cü il tarixli 02216 nömrəli məlumat vərəqəsinə əsasən iddiaçının xidmət müddəti 19 il 3 ay 2 gün təşkil edir. Eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində 6 saylı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin müayinə aktına əsasən xx.xx.2014-cü il tarixində iddiaçıya İİ dərəcəli “hərbi xidmət dövrü ilə əlaqədar" əlillik təyin edilmişdir. Həmin məlumat vərəqəsinə əsasən "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.16.2-ci maddəsinə uyğun qaydada iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2014-cü il tarixindən “hərbi xidmət dövrü ilə əlaqədar” İİ dərəcə əlilliyə görə hərbi qulluqçu kimi əmək pensiyası təyin olunmuşdur. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş xx.xx.2021-ci il tarixli 02216 nömrəli məlumat vərəqəsinə əsasən isə iddiaçının təqvim xidmət müddəti 19 il 3 ay 2 gün, cəmi iş stajı və xidmət illəri 35 il 11 ay 3 gün təşkil edir. Sonradan iddiaçının müraciətinə əsasən xx.xx.2021-ci il tarixindən əlilliyə görə əmək pensiyasının növü dəyişdirilərək Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş xx.xx.2021-ci il tarixli MN-02216 nömrəli məlumat vərəqəsinə əsasən ‘Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyğun qaydada Mərkəzi Filial tərəfindən iddiaçıya yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 6.2-ci bəndinə əsasən pensiyanın bir növündən digər növünə keçdikdə yeni növ pensiya növbəti ayın 1-dən ödənilir. İşdən göründüyü kimi cavabdeh orqan tərəfindən İddiaçı pensiyası Müdafiə Nazirliyinin təqdim etdiyi xx.xx.2014-cü il tarixli və xx.xx.2021-ci tarixli fərqli göstəricilərlə təqdim edilən məlumat vərəqələrinə əsaslanaraq, ilkin olaraq əlilliyə görə hərbi qulluqçu kimi və sonradan pensiyanın növü dəyişdirilərək yaşa görə əmək pensiyası təyin olunmuşdur. Hazırda isə iddiaçı xx.xx.2013-cü il tarixdən 2021-ci ilin mart ayınadək olan dövr üçün xidmət illərinə görə güzəştli şərtlərlə ödənməli olan, lakin ödənməyən pensiya məbləğinin fərqinin ödənməsini tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan Müdafiə Nazirliyinin təqdim etdiyi fərqli göstəricilərlə təqdim edilən məlumat vərəqələrinə əsaslanaraq pensiyanı təyin etdiyindən, iddiaçının yuxarıda qeyd edilən tələb üzrə hər hansı hüququnun pozulması öz təsdiqini tapmır. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçı pul marağını təmin etmək üçün digər hüquqi müdafiə vasitəsindən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə kompensasiyanın ödənilməsi tələbi ilə müraciət etməklə öz məqsədinə daha tez, daha münasib və daha sadə yolla nail ola bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən İnzibati məhkəmə icraatı qaydasında baxılan iddiaların növləri təsbit edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt-inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu maddə ilə inzibati aktın aşağıdakı əlamətləri müəyyən edilmişdir: inzibati akt inzibati orqan tərəfındən qəbul edilir; ümumi (publik) sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədini daşıyır; ünvanlandığı hüquqi və ya fiziki şəxs üçün müəyyən hüquqi nəticələr yaradır; qərar, sərəncam və ya digər formada hakimiyyət tədbirini ifadə edir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 3.2-ci maddəsinə görə bu Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər Göründüyü kimi, sözügedən Qanun inzibati orqanlar və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. Həmçinin qeyd olunan normaların tələblərinə və yuxarıda göstərilən müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən iddiaçının yuxarıda qeyd edilən tələblər üzrə hər hansı hüququnun pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hər hansı vəzifənin yerinə yetirilmədiyi hazırkı məhkəmə araşdırılması ilə öz əksini tapmadığından birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli, 2-1(112)-9503/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.