Məhkəmə qərarları › İş №2-1(103)-1332/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1332/2021

26.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1332/2021 26.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Səbail rayonu Səbail bələdiyyəsinə qarşı “cavabdehin 229 saylı 27.12.2006-cı il tarixli qərarının ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X18 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Xumar Afət qızı Mərdanova ibarət tərkibdə X14-Yusiflinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X2, 3-cü şəxs "xxxx" MMC-nin vəkili X9 iştirakı ilə, İddiaçı cavabdeh Səbail rayonu Səbail bələdiyyəsinə qarşı “cavabdehin 229 saylı 27.12.2006-cı il tarixli qərarının ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin qəbul etdiyi 2-1(112)-4481/2020 saylı 01 dekabr 2020-ci il tarixli qərardan 3cü şəxs "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə 26 noyabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Səbail rayon bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail şossesi 12 ünvanında yerləşən 12 sot torpaq sahəsinin X5 alqı-satqı qaydasında sənədləşdirilməsi barədə 229 sayı 27.12 2006-cı il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********15 reyestr ********** qeydiyyat nömrəli, 10.12.2016-cı il tarixli, **********16 reyestr, ********** qeydiyyat nömrəli, 10.12.2016-cı il tarixli, **********17 reyestr, ********** qeydiyyat nömrəli, 08 12.2016- cı il tarixli, **********18 reyestr, ********** qeydiyyat nömrəli, 10.12.2016-cı il tarixli **********19 reyestr, ********** qeydiyyat nömrəli, 10.12.2016-cı il tarixli hüquqların dövlət qeydiyyatı haqqında Çıxarışlara əsasən Bakı şəhəri Səbail rayonu, Səlyan şossesi 12 ünvanında yerləşən torpaq sahələri iddiaçının (İddiaçı) xüsusi mülkiyyətindədir. Xüsusi mülkiyyətində olan torpaq sahələrinə giriş-çıxış üçün yol daşınmaz əmlakın dövlət reyestrindəki ərazinin kadastrına uyğun olaraq şimal hissədən müəyyən edilmişdir. Bakı şəhəri Səbail Bələdiyyəsi tərəfindən, Səlyan şossesi 12 ünvanında X5 adına 0.12 ha torpaq sahəsinin alqı-satqı qaydasında sənədləşdirilməsi barədə 229 sayı, 27.12.2006-cı il tarixli qərar qəbul etmiş və həmin torpaq sahəsinə dair alqı-satqı aktı tərtib olunmuşdur. Qeyd edilən sənədlər əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X10in adına 27.11.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarış verilmişdir. Aşağıdakı səbəblərdən hesab edir ki, Bakı şəhəri Səbail Bələdiyyəsinin inzibati aktı- 229 sayı, 27.12.2006-cı il tarixli qərarı qanunsuz qəbul edilmiş və o, ləğv edilməlidir. Bakı şəhəri Səbail Bələdiyyəsi tərəfindən 229 sayı, 27.12.2006-cı il tarixli qərarla X5 adına 0.12 ha torpaq sahəsinin sənədləşdirilməsi onun maraqlarına toxunaraq xüsusi mülkiyyətində olan torpaq sahələrinə giriş-çıxış yolunu kəsmişdir. Bakı şəhəri Səbail Bələdiyyəsinin 229 sayı, 27.12.2006-cı il tarixli qərarı iddiaçının mülkiyyət hüququnu məhdudlaşdıran qanunsuz əlverişsiz (yükləyici) inzibati aktdır. “İnzibati icraat haqqında” Qanunun 2.0.11-ci maddəsinə əsasən əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt hesab edilir. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Digər tərəfdən Bakı şəhəri Səbail Bələdiyyəsi tərəfindən 229 sayı, 27.12.2006-cı il tarixli qərarla X5 adına ayrılmış 0.12 ha torpaq sahəsi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” 29.06.2001-ci il tarixli qanuna uyğun olaraq sənədləşdirilməmişdir. Belə ki, qeyd edilən tarixdə bələdiyyələr tərəfindən torpaq sahələrinin vətəndaşlara ayrılması torpaq sahəsinin ayrılmasına dair müvafiq inzibati akt, torpaq sahəsinin alqı-satqı aktı (üzərində bələdiyyənin və aidiyyəti torpaq şöbəsinin möhürü), torpaq sahəsinin alınmasına dair müvafiq ödəniş qəbzi, ayrılmış torpaq sahəsinin plan ölçüsü ilə sənədləşdirilirdi. Daha sonra keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin kadastr planı tərtib edilməsi zərurəti var idi. Göründüyü kimi, Bakı şəhəri Səbail Bələdiyyəsi tərəfindən 229 sayı, 27.12.2006-cı il tarixli qərarla X5 adına ayrılmış 0.12 ha torpaq sahəsi həmin dövrün qanunvericilik aktlarına uyğun sənədləşdirilməmiş, eyni zamanda torpaqayırma sənədlərinin üzərində səlahiyyətli şəxsin imzaları qoyulmamışdır. Bakı İnzibati Məhkəməsinin qəbul etdiyi 2-1(112)-4481/2020 saylı 01 dekabr 2020-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan 3-cü şəxs "xxxx" MMC tərəfindən apellyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar çıxarılması xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarı maddi hüquq normalarının düzgün tətbiq olunmaması ilə qəbul edilmiş və əsassız olduğundan ləğv edilməlidir. İddiaçının hazırki iddianı verməkdə subyektiv hüququ olmamışdır. Məhkəmə tərəfin mülkiyyətinə və istifadəsinə verilmiş torpaq sahəsinin qanuniliyini yoxlamamış və subyektivlik prinsiplərini pozmuşdur. Ərazidə iddiaçının giriş-çıxışına 3-cü şəxsin mülkiyyətində olan torpaq sahəsinin heç bir maneəsi və problemli müdaxiləsi yoxdur. Tərəflərin izahatları Apellyasiya baxışı zamanı sonuncu dəfə məhkəmə iclası 24 noyabr 2021-ci il tarixə təyin olunmuş, məhkəmə aktının elan edilməsi isə 26 noyabr 2021-ci il tarixə təxirə salınmışdır. 24 noyabr 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında İddiaçı və 3-cü şəxs X13 iştiraklarını təmin etmməişlər. İşdə iştirak edən şəxslər hazırki işə həmin şəxslərin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı və 3-cü şəxs X5 iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. 3-cü şəxs "xxxx" MMC-nin vəkili X19 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Səbail rayonu Səbail bələdiyyəsinin nümayəndəsi X11 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan alqı-satqı müqavilələrindən görünür ki, X12, X22, X16 və X3 Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 12 ünvanında yerləşən hər birinə məxsus 0.12 ha torpaq sahələrini İddiaçı satmışlar və həmin torpaq sahələri İddiaçı xüsusi mülkiyyətindədir. Eyni zamanda iş materiallarından müəyyən olunur ki, Səbail Bələdiyyəsinin 229 saylı 27.12.2006-cı il tarixli Qərarına əsasən Səbail rayonu ərazisində olan 1200 kv.m. torpaq sahəsi vətəndaş Y.İ.Bağırovanın adına sənədləşdirilmiş, sonradan həmin torpaq sahəsi "xxxx" MMC-nin adına rəsmiləşdirilmişdir. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyində qeyd edilmişdir ki, mübahisələndırılən torpaq sahəsinin naturada koordinatları müəyyən edilməklə ölçülmüşdür. Araşdırma təqdim edilmiş sənədlərə, verilmiş sorğulara və naturada müəyyən edilmiş koordinatlara əsasən elektron kadastr bazasında aparılmış və sxemlər hazırlanmışdır. Naturada müəyyən edilmiş koordinatlara əsasən hazırlanmış sxemlərdən göründüyü kimi, iddia edilən yol reyestr nömrəsi **********81 olan çıxarışın koordinatları ilə üst-üstə düşür. 1 saylı Bakı Ərazi İdarəsinin arxiv məlumatlarına əsasən sözügedən torpaq sahəsi Səbail Bələdiyyəsinin 27.12.2006-cı ıl tarixli 229 saylı qərarına əsasən **********81 reyestr nömrəsi ilə X6 adına qeydiyyatdan keçmişdir, hal-hazırda "xxxx" MMC-nin mülkiyyətindədir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin məlumatında koordinatları təqdim edilmiş sözügedən torpaq sahəsinin baza məlumatlarına əsasən Bakı şəhəri Səbail bələdiyyəsinin 229 saylı 27.12.2006-cı il tarixli qərarından əvvəl və hal-hazırda dövlət mülkiyyəti kimi göstərilmiş ərazidə yerləşməsi göstərilmişdir. Hazırki işə apellyasiya qaydasında tam və hərtərəfli baxılması üçün məhkəmə tərəfindən 110 saylı 28.11.2005-ci il tarixli sərəncamla X1 adına rəsmiləşdirilmiş 1200 kv.m., 52 nömrəli 08.04.2005-ci il tarixli sərəncamla X4 adına rəsmiləşdirilmiş 1200 kv.m., 74 nömrəli 22.07.2005-ci il tarixli sərəncamla X7 adına rəsmiləşdirilmiş 1200 kv.m., 115 nömrəli 07.12.2005-ci il tarixli sərəncamla X17 adına rəsmiləşdirilmiş 1200 kv.m. və 229 nömrəli 27.12.2006-cı il tarixli qərarla X5 adına rəsmiləşdirilmiş 1200 kv.m. torpaq sahələrinin cizgilərinin təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim edilməsi ilə bağlı Bakı şəhəri Səbail bələdiyyəsinə sorğu verilmişdir. Eyni zamanda məhkəmə tərəfindən İddiaçı Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 12 ünvanında yerləşən torpaq sahəsini satan şəxslərin adına olan çıxarışların (**********18 reyestr nömrəli, ********** qeydiyyat nömrəli; **********19 reyestr nömrəli, ********** qeydiyyat nömrəli; **********17 reyestr nömrəli, ********** qeydiyyat nömrəli; **********15 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışların) verilməsi üçün əsas olan sənədlərin təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə sorğu verilmişdir. Həmin sorğulara cavab olaraq məhkəməyə təqdim edilmiş Bakı şəhəri Səbail bələdiyyəsinin 29.11.2018-ci il tarixli arayışından görünür ki, Səbail bələdiyyəsi tərəfindən Salyan şossesi, 12 ünvanda 27 dekabr 2006-cı il tarixdə onun adına 229 saylı qərar ilə 1200 kv.m torpaq sahəsi sənədləşdirilmişdir. Arayışa əlavə edilmiş Bİİ seriyalı 064796 saylı 18.07.2008-ci il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, Yasəmən Bağırova tərəfindən torpaq alqısı müqabilində 4992 manat məbləğdə pul ödənilmişdir. 13.08.2021-ci il tarixdə məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin sorğuya cavab məktubuna əlavə edilmiş çıxarışlardan görünür ki, X3, X12, X16 və X22 tərəfindən İddiaçı satılmış Səbail rayonu, Salyan şossesi, 12 ünvanında yerləşən torpaq sahələri onların xüsusi mülkiyyətində olmuş və həmin torpaq sahələri onların adına müvafiq olaraq Səbail Bələdiyyəsinin 110 saylı 28.11.2005-ci il, 52 saylı 08.04.2005-ci il, 74 saylı 22.07.2005-ci il və 115 saylı 07.12.2005-ci il tarixli sərəncamları ilə sənədləşdirilmişdir. Hazırda İddiaçı cavabdeh Səbail rayonu Səbail bələdiyyəsinin Səbail rayonu ərazisində olan 1200 kv.m torpaq sahəsinin vətəndaş Y.İ.Bağırovanın adına sənədləşdirilməsi barədə qəbul etdiyi 229 saylı 27.12.2006-cı il tarixli qərarının ləğv edilməsini tələb edir. Birinci insansiya məhkəməsi tərəfindən keçirilmiş yerində müayinə zamanı müəyyən edilmişdir ki, X8 torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahələrinə giriş-çıxış üçün nəzərdə tutulmuş yolun qarşısında ayrılmışdır. Nəticədə İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahələrinə giriş-çıxışı məhdudlaşdırılmışdır. İşə birinci instanisiya qaydasında baxmış məhkəmə mübahisələndirilən qərar qəbul edilərkən maddi hüquq normalarının tələblərinin pozulmamasına, ayrılmış torpaq sahəsinin əvvəllər (bələdiyyə qərarı qəbul edilənədək) və hal-hazırda dövlət mülkiyyətində olan torpaq sahəsi olmasına, torpaq sahəsinin 3-cü şəxsə ayrılarkən bələdiyyə mülkiyyətində olmamasına, həmçinin həmin torpaq sahəsi ayrılarkən digər torpaq sahələri ilə qanunvericilikdə nəzərdə tutulmuş ara məsafəsinin gözlənilməməsinə və nəticədə İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahələrinə giriş-çıxışın məhdudlaşdırılmasına səbəb olmasına istinad edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin işə mahiyyəti üzrə baxıb qərar qəbul etməklə bağlı düzgün nəticəyə gəlməmişdir. Əvvəla qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi iddianın mümkünlüyü ilə bağlı inzibati akt barədə iddiaçının 2020-ci ilin aprel ayında məlumatlı olduğuna və 08.05.2020-ci il tarixdə hazırki iddia ilə məhkəməyə müraciət edərkən iddia müddətini ötürmədiyinə istinad etmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ilə məhkəmə kollegiyası razılaşmayaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Bu baxımdan işin halları araşdırıldıqda görünür ki, iddiaçı inzibati orqanın bundan təxminən 15 il əvvəl həyata keçirdiyi hərəkətlərin ləğv edilməsini tələb edir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. «İnzibati icraat haqqında» Qanunun 73-cü maddəsində inzibati şikayətin verilməsi üçün müddətlər müəyyən olunaraq göstərilmişdir ki, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsində deyilir ki, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Bu müddətlər təkcə inzibati aktdan verilən şikayətlərə (mübahisələndirmə haqqında iddialara) deyil, həm də digər inzibati şikayətlərə aid edilmişdir. Çünki «İnzibati icraat haqqında» Qanunun 71.2-ci maddəsində deyilir ki, şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. «İnzibati icraat haqqında» Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qanunla müəyyən olunmuş müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır («İnzibati icraat haqqında» Qanunun 1.2, 48.1 və 48.2-ci maddələri). Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mübahisə açdığı məsələ İnzibati Prosessual Məcəllə qüvvəyə minməzdən əvvəlki dövrə aiddir. Belə ki, inzibati orqanın mübahisələndirilən hərəkəti 2006-cı ilin dekabr ayında baş vermişdir. Həmin dövrdə inzibati hüquq münasibətlərindən əmələ gələn mübahisələrə baxılması qaydaları isə 1964-cü il 11 sentyabr tarixli Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası MPM-nin 24-cü fəslinin müddəaları əsasında həll olunurdu. Həmin normalar da inzibati orqanın qərar, hərəkət və hərəkətsizliyinin mübahisələndirilməsini müddətlə məhdudlaşdırırdı və bu müddət qərarın təqdim olunduğu gündən 10 gün təşkil edirdi. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin bu cür təyinatı nəzərə alınaraq, müddətin üzürlü səbəb olmadan buraxıldığı halda inzibati məhkəmə icraatında iddianın mümkünsüzlüyü kimi hüquqi nəticə nəzərdə tutulmuşdur. Hazırki işdə də iddiaçı irəli sürdüyü iddia üzrə iddia müddətini buraxmışdır. Lakin iddiaçı mübhisələndirilən qərardan 2020-ci ilin aprel ayında məlumatlı olduğuna və 08.05.2020-ci il tarixdə hazırki iddia ilə məhkəməyə müraciət edərkən iddia müddətini ötürmədiyinə istinad etmişdir. Bu barədə Kollegiya qeyd edir ki, doğrudur ki, müəyyən dövrdə qanunvericilik iddia müddətinin şəxsin hüquq və azadlığının pozulduğu barədə ona «məlum olan gündən» hesablanması qaydasını müəyyən etmişdi. Məsələn, Azərbaycan Respublikası MPM-nin 298-ci maddəsinə görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik idi (Həmin norma 10 iyun 2011-ci il tarixli 143- İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə MPM-dən çıxarılmışdır və bu cür mübahisələndirmə qaydaları Azərbaycan Respublikası İPM-lə tənzimlənməyə başlamışdır). Lakin bu hal da iddianın mümkün sayılmasına əsas vermir. Əvvəla ona görə ki, yuxarıda qeyd olunduğu kimi, inzibati orqanın mübahisələndirilən hərəkəti baş verən dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi bu cur mübahisələndirmə üçün qısaldılmış 10 gün iddia müddəti müəyyən etmişdi və iddia müddətinin axımının hüquq və azadlığının pozulduğu barədə şəxsə «məlum olan gündən» hesablanması qaydası müəyyən olunmamışdı. İddiaçı qanunvericilik aktının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktda müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, yeni qanuna istinadla inzibati iddianı qaldıra bilməz. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. İddiaçının mülkiyyətində olan torpaq sahəsinə giriş-çıxış yolu olduğunu iddia etdiyi torpaq sahəsinin hüquqi rejimi ilə 15 il müddətində maraqlanmaması ağlabatan deyildir. Hətta həyatın adi axarı şəraitində belə, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə bitişik, giriş-çıxış yolu olduğu iddia olunan torpaq sahəsinə üçüncü şəxsin hüquqlarının olduğu barədə məlumatlı olmaması barədə nəticəyə gəlmək çətindir. Beləliklə, mübahisə açan tərəf yuxarıda sadalanan qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 2011-ci il tarixədək qəbul edilmiş aktların (hərəkət və ya hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta (hərəkət və ya hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Beləliklə, inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Lakin hazırki işdən iddiaçının 2011-ci ilədək qüvvədə olan qanunvericilik aktları ilə müəyyən edilmiş müddətlər daxilində iddia etdiyi qərarın ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etməsi müəyyən olunmur. Belə olan halda inzibati orqanın 01 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyi ilə bağlı iddialara baxılarkən həmin qərarların (hərəkətlərin) mübahisələndirilməsi imkanı aradan qaxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. Göründüyü kimi, bütün bu halları birinci instansiya məhkəməsi nəzərə almamış, iddianın mümkünlük şərtlərini tam araşdırmamış, iddianın mümkün sayılmaması barədə qərar çıxarılmalı halda işə mahiyyəti üzrə baxmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, 3-cü şəxs "xxxx" MMC-nin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin 01 dekabr 2020-ci il tarixli qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: 3-cü şəxs "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin qəbul etdiyi 2-1(112)-4481/2020 saylı 01 dekabr 2020-ci il tarixli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Xumar Mərdanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar