Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1332/2022 08.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X1 Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qanunsuz olaraq tutulmuş pensiya məbləğinin geri qaytarılması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X10 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədan və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, X7-Yusiflinin katibliyi ilə, İddiaçı X1, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qanunsuz olaraq tutulmuş pensiya məbləğinin geri qaytarılması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1318/2021 saylı 15 mart 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 14 iyun 2022ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı X4 2012-cı ilin dekabr ayından Azərbaycan Respublikasına daimi yaşamaq üçün köçmüşdür. 2013-cü ilin fevral ayından Müdafiə Nazirliyi xətti ilə Azərbaycan Respublikasında ona hərbi pensiya təyin olunmuşdur. 2018-ci ilin iyul ayında ona təyin olunmuş pensiya məbləğinin təxminən yüz manat azaldığını bilmişdir. Səbəbini öyrənmək üçün cavabdehə müraciət etmişdir. Şöbə rəisi ona şifahi olaraq bildirmişdir ki, bunun səbəbi onun Azərbaycan Respublikasında 2013-cü ilin fevral ayından 2015-ci ilin iyul ayına qədər müvəqqəti qeydiyyatda olmasıdır. O, cavabdehin bu hərəkətinə etiraz edərək bildirmişdir ki, onun razılığı və məhkəmənin qərarı olmadan pensiyasından hər hansı pul tutulması qanunun tələblərinə uyğun deyil. Onun bu siyahıya səhvən düşdüyünü, Hesablama Palatasına bu haqda müraciət ünvanladıqlarını və nəticəsi haqqında ona məlumat verəcəklərini vurğulamışdır. O, məlumat almadığından xx.xx.2019-cu ildə cavabdehə məktubla müraciət etmişdir, 21 fevral 2019-cu ildə **********0 nömrəli cavab məktubu almış və onun pensiyasından bundan sonra da hər ay 91,97 manat vəsait tutulacağı bildirilmişir. Bundan sonra iddiaçı X5 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “qanunsuz olaraq tutulmuş pensiya məbləğinin geri qaytarılması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, 2004-cü ilin dekabr ayından 2012-ci ilin noyabr ayına qədər qulluq stajına görə Ukrayna Müdafiə Nazirliyi xətti ilə X8 ömürlük pensiya ilə təmin olunmuşdur. 2009-cu ildə mənzilini satıb ailəsi ilə birgə Azərbaycana qayıtmış və Siyəzən şəhərində yeni mənzil almış, burada uşaqları orta məktəbi bitirmiş, daha sonra ali təhsil almışlar. Sonra 2013-cü ilin may ayında o, evi də satıb Abşeron rayonunun Masazır qəsəbəsində yeni mənzil almış ora köçmüşlər. Amma yaşadıqları bina yeni tikili olduğundan ünvan 3 ünvanda qeydiyyatdadırlar. Bu faktlar və onun daimi yaşamaq məqsədi ilə Azərbaycana köçməyi ərizəyə əlavə edilən yazılı sübutlarla təsdiqlənir. Ona təyin olunmuş hərbi pensiyanı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etmiş, oradan bildirmişlər ki, bunun üçün onun şəxsi işinin 1-ci nüsxəsini və pensiya işini Nazirliyə göndərilməsini təmin etmək lazımdır. Bu səbəbdən o, Ukraynaya qayıdaraq lazımı bütün proseduraları keçmişdir - oradan qeydiyyatdan çıxmış, daxili pasportunu təhvil vermiş, 2012-ci ilin dekabr ayından daimi yaşamaq üçün ailəsinin yanına Azərbaycan Respublikasına qayıtmışdır. 2013-cü ilin yanvar ayında o, şəxsi və pensiya işi qovluqları olan paketi müşayiət vərəqi ilə birgə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə təqdim etmişdir. xx.xx.2013-cü il tarixdə onun Azərbaycan Respublikasında yaşaması rəsmi qeydiyyata alınmışdır. Qanunda göstərilən 10 gündən sonra ona 2013-cü ilin fevral ayından hərbi təqaüd veriləcəyi barədə qərarın qəbul olunması haqqında qəbz verilmişdir. Cavabdeh tərəfindən onun şəxsən hansı hüquq pozuntusuna yol verdiyinə və hansı qanun normalarını pozduğuna görə ondan pul tutulmasının səbəbi bəlli deyil...” Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, iddiaçıya Müdafiə Nazirliyindən göndərilmiş məlumat vərəqəsinə əsasən xx.xx.2013-cü il tarixindən etibarən əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikasının ərazisində yaşamaq üçün icazə vərəqəsinə əsasən xx.xx.2013-cü il tarixdən etibarən hər il müddəti bir il uzadılmaqla xx.xx.2015-ci il tarixədək Azərbaycan Respublikasının ərazisində yaşamağa müvəqqəti icazə verilmişdir. Ona daimi yaşamaq icazəsi yalnız xx.xx.2015-ci il tarixində verilmişdir və xx.xx.2020-ci ilə qədər etibarlıdır. Azərbaycan Respublikasının ərazisində yaşamaq üçün verilmiş müvəqqəti icazə vəsiqəsində qeyd edilən məlumata əsasən iddiaçı Ukrayna Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında" Qanununun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin həmin Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminat hüququ var. İddiaçı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş pensiya təminatı hüququna malik olmadığı müddətdə ona 12784,21 manat məbləğində əmək pensiyası ödənilmişdir. Azərbaycan Respublikası Hesablama Palatasının Kollegiyasının “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsi üzrə gəlirlərin və xərclərin icrasına dair auditin nəticələri haqqında" Q-95 nömrəli 06 iyul 2018-ci il tarixli qərarına əsasən “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinin tələbinin pozulması halı ilə əlaqədar olaraq artıq ödənilmiş pensiya məbləğlərinin bərpa edilməsi idarənin qarşısında vəzifə olaraq qoyulmuşdur. Bununla əlaqədar olaraq, xx.xx.2018-ci il tarixindən etibarən hər ay iddiaçının pensiyasından 91,97 manat məbləğində pul tutulur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1318/2021 saylı 15 mart 2021-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçının pensiya aldığı xx.xx.2013-cü il tarixdən xx.xx.2015-ci il tarixədək dövr üçün artıq ödənilmiş pensiya məbləğinin iddiaçıdan tutulması qanunvericiliyin tələblərinə uyğundur. Bu baxımdan iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək birinci instansiya məhkəməsinin 2-1(112)-1318/2021 saylı xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərarın qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar qanunsuz və əsassızdır. Belə ki, sübutlar hərtərəfli araşdırılmamış, lazımi hüquqi qiymət verilməmiş, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. O, Dəvəçi Hərbi Komissarlığı tərəfindən 1983-cü ildən hərbi xidmətə çağırılmış, Bakı Ali Ümumqoşun komandirləri məktəbinə göndərilmiş, 1987-ci ildə başa vurduqdan sonra, 1987-1991-də Almaniya Demokratik Respublikası, 1991-2004-də Ukrayna ərazisində Silahlı Qüvvələrdə hərbi xidmətdə olmuş, 2004-cü ilin dekabr ayından Ukraynada ona xidmət müddətinə görə ömürlük pensiya təyin edilmişdir. 2012-ci ilin dekabr ayından isə MDB dövlətlərarası müqavilə əsasında daimi yaşamaq üçün hərbi xidmətə çağrıldığı Azərbaycana qayıtdığına görə Ukraynada pensiya təminatı dayandırılmış, şəxsi və pensiya işi Azərbaycana göndərilmişdir. Bu fakt iddia tələbinin beynəlxalq normalarına uyğunluğunu sübut edir. Cavabdeh onun razılığı və məhkəmənin qərarı olmadan Əmək pensiyalrı haqqında Qanunun 39-cu maddəsinə zidd olaraq onu əmlakından məhrum etmiş, dövlət orqanına etimad hüququnu pozaraq özbaşına hərəkətlər etmişdir. Cavabdehin Konstitusiya normasına zidd hərəkətləri qanunsuz hesab edilməli və dayandırılmalı idi. Məhkəmə öz qərarını Qanunun 3.2-ci maddəsi ilə əaslanıdırır. Bu zaman Qanunun 2-ci maddəsinin norması nəzərdən qaçırılır, nədənsə Azərbaycan Respublikasının tərəfdar çıxdığı Beynəlxalq müqavilələr tətbiq edilmir. X3 iştirakçısı olan dövlətlərin hərbi qulluqçularının, hərbi qulluqdan tərxis olunmuş şəxslərin və onların ailələrinin sosial və hüquqi təminatı haqqında” 1992-ci ilin fevralın 14-də Minskdə imzalanmış (№ 997-021) Sazişinə əsasən: “Birliyin iştirakçısı olan dövltlərin hərbi qulluğa çağırşa (qəbula) qədər vətəndaşı olduqları dövlətin vətəndaşlığını saxlamaq; qanunvericilikdə nəzərdə tutulmuş pensiya almaq” - bu Sazişə əsasən təyin və təmin edilir. Bundan əlavə hərbi qulluqçular daimi yaşayış üçün xidmət etdiyi ölkədə qalmaq və ya başqa yaşayış yeri seçmək hüququna malikdir. Onun pensiyasından pul tutulması əsassızdır. 5 il bundan əvvəl ödənilmiş pensiyanın geri qaytarılması qanunvericilikdə nəzərdə tutulmamışdır. Qanunun 39-cu maddəsi səhv tətbiq edilmişdir. Miqrasiya Məcəlləsində belə bir şərt vardır ki, hər təqvim ilində 3 aydan çox müddətdə Respublikadan kənarda yaşayan əcnəbilərə əcnəbi DYİ-nin müddəti uzadılmaya bilər. Deməli, əcnəbi ilin 9 ayından az olmayan müddətdə harada yaşayırsa ora onun daimi yaşayış yeri sayılmalıdır. Apellyasiya və Kassasiya instansiya məhkəmələrinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1790/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1318/2021 saylı 15 mart 2021-ci il tarixli qərarın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-159/2022 saylı 12 yanvar 2022-ci il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1790/2021 saylı xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi və kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Tərəflərin izahatları: İddiaçı X5 iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Bundan başqa apellyasiya baxışı zamanı iddiaçı iddianın dəqiqləşdirilməsi ilə bağlı ərizəni təqdim edərək, iddia tələbinin “cavabdeh tərəfindən ona təyin olunmuş pensiya təminatından məhkəmənin müvafiq qərarı olmadan hər ay özbaşına pul vəsaitinin tutulması ilə nəticələnən hərəkətlərinin qanunsuz hesab edilməsi, ona təyin edilmiş əmək pensiyasından 2018-ci ilin iyun ayından 2020-ci ilin avqust ayı daxil olmaqla müddətdə qeyri-qanuni tutulmuş 2483.19 manat, 2020-ci ilin sentyabr ayından 2022-ci ilin may ayı daxil olmaqla müddət ərzində qeyri-qanuni tutulmuş 1931.37 manat və 68 manat məhkəmə xərclərinin birdəfəlik ödənişlə onun bank hesabına köçürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması kimi nəzərə alınmasını və bu barədə qərar qəbul edilməsini” xahiş etmişdir. Bununla yanaşı, iddiaçı X5 xx.xx.2022-ci il tarixdə məhkəmə iclasında ərizə təqdim edərək, iddia tələbinin “məhkəmə xərclərinə dair 68.00 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi” hissəsindn imtina etdiyini bildirmiş və bununla bağlı həmin hissədə iş üzrə icrata xitam verilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 14 iyun 2022-ci il tarixli qərardadı ilə iddiaçı X1 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsi və iddia tələbinin “68 manat məbləğində məhkəmə xərclərinin cavabdehdən tutularaq ona ödənilməsi” ilə bağlı hissəsindən imtinası qəbul edilmiş, iddiaçının iddiadan hissəvi imtinası ilə bağlı həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Bundan sonra iddiaçı X5 iddianın təmin olunması məqsədilə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə təqdim edərək, ona təyin olunmuş əmək pensiyasından onun razılığı və məhkəmə qərarı olmadan pul vəsaitinin tutulmasının cavabdeh inzibati orqana qadağan edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 14 iyun 2022-ci il tarixli qərardadı ilə iddiaçı X5 tərəfindən verilmiş ərizənin təmin edilərək, ona təyin olunmuş əmək pensiyasından onun razılığı və məhkəmə qərarı olmadan hər ay 91,97 manat məbləğində pulun tutulması cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qadağan edilmişdir. Apellyasiya baxışı zamanı iddiaçı sonuncu dəfə verdiyi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsini “cavabdeh tərəfindən ona təyin olunmuş pensiya təminatından məhkəmənin müvafiq qərarı olmadan hər ay özbaşına pul vəsaitinin tutulması ilə nəticələnən hərəkətlərinin qanunsuz hesab edilməsi, ona təyin edilmiş əmək pensiyasından 2018-ci ilin iyun ayından 2020-ci ilin avqust ayı daxil olmaqla müddətdə qeyri-qanuni tutulmuş 2483.19 manat, 2020-ci ilin sentyabr ayından 2022-ci ilin may ayı daxil olmaqla müddət ərzində qeyri-qanuni tutulmuş 1931.37 manat pulların birdəfəlik ödənişlə onun bank hesabına köçürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissələrində müdafiə edərək onun təmin olunmasını, bununla da birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X11 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2019-cu il tarixdir. İddiaçı iddia ilə məhkəməyə xx.xx.2019-cu il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “ona təyin edilmiş pensiyadan qanunsuz olaraq tutulmuş məbləğin geri qaytarılması” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Bununla bağlı o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. İşə apellyasiya qaydasında baxmış məhkəmə birinci instansiya məhkəmənin gəldiyi nəticə ilə razılaşsa da, kassasiya instansiyası məhkəməsinin mövqeyi fərqli olmuşdur. İşə baxmış məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, iddiaçı Ukrayna Respublikasının vətəndaşıdır. O, 05 avqust 1983-cü il tarixdən 05 avqust 1992-ci il tarixədək SSRİ Silahlı Qüvvələrində, 05 avqust 1992-ci il tarixdən 30 dekabr 2004-cü il tarixədək Ukrayna Respublikasının Silahlı Qüvvələrində, ümumilikdə, 21 il 04 ay 25 gün həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.2013-cü il tarixdə Azərbaycan Respublikasında məskunlaşdığından ona Ukrayna Respublikası tərəfindən ödənilən pensiya dayandırılmışdır. İş üzrə müəyyən edilmişdi ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciətinə əsasən verlmiş məlumat vərəqi əsasında cavabdeh tərəfindən ona xx.xx.2013-cü il tarixindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilmişdir. Sonradan cavabdehə məlum olmuşdur ki, Dövlət Miqrasiya Xidməti tərəfindən iddiaçıya etibarlılıq müddəti - xx.xx.2013-cü il tarixdən xx.xx.2013-cü il tarixə, xx.xx.2013cü il tarixdən xx.xx.2014-cü il tarixə, xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək olan müvəqqəti yaşama icazəsi və etibarlılıq müddəti xx.xx.2015-ci il tarixdən xx.xx.2020ci il tarixədək isə daimi yaşamaq üçün icazə verilmişdir. Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən cavabdeh idarədə aparılan yoxlama nəticəsində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinin tələbinin pozulması ilə bağlı Azərbaycan Respublikasında müvəqqəti yaşayan əcnəbilərə verilmiş pensiya məbləğinin dayandırılması və artıq ödənilmiş məbləğlərin geri alınması idarəyə tapşırılmış və iddiaçının xx.xx.2013 xx.xx.2015-ci il tarixləri arasındakı dövr ərzində Azərbaycan Respublikası ərazisində daimi yaşamaq hüququ olmadan aldığı artıq ödəmənin xx.xx.2018-ci il tarixdən hər ay pensiyasından 91,97 manat çıxılmaqla tutulmasına başlanılmışdır...” Göründüyü kimi, mübahisə predmeti olan pensiya pulunun (91,97 manat) cavabdeh tərəfindən iddiaçıdan xx.xx.2018-ci il tarixdən hər ay tutulması Azərbaycan Respublikası Hesablama Palatasının cavabdehə verdiyi tapşırıq əsasında başlanılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, “Əmək Pensiyaları haqqında” Qanunun 3.2-ci maddəsinə görə Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bu Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ vardır. Hazırki işdə iddiaçıya xx.xx.2013-cü ildən cavabdeh tərəfindən pensiyanın təyin edilməsi, yuxarıda artıq göstərildiyi kimi, məhz dövlət inzibati orqanı olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin verdiyi məlumat vərəqəsinə əsasən həyata keçirilmişdir ki, buna görə də həmin məsələyə “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinin müddəaları baxımından yanaşılması zəruridir. Digər tərəfdən, “Əmək Pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsində deyilir ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5- 67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Qeyd edilən qayda artıq ödənilmiş əmək pensiyası məbləğinin şəxsdən geri tələb olunması ilə bağlı hallara da tam şəkildə tətbiq olunur. Nəzərə almaq lazımdır ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması onun iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün, inzibati orqan həmin pensiyanın təyin olunması barədə qərarın qəbulu ilə nəticələnmiş inzibati icraatı təzələməyə, icraat çərçivəsində pensiyanın artıq ödənilib-ödənilməməsini və bunun səbəblərini müəyyən etməyə, etimad hüququnun qorunması prinsipinin tələbləri və “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından həmin məbləğin tələb edilməsinin mümkünlüyünü yoxlamağa və yalnız bundan sonra şəxsin razılığı və ya məhkəmə qaydasında geri tələb edilən məbləğ barədə qərar qəbul etməyə haqlı sayılmalıdır. Nəzərə almaq lazımdır ki, qeyd olunan halların araşdırılması və müəyyən edilməsi hazırkı mübahisə üzrə obyektiv və qanunauyğun qərarın qəbulu üçün mühüm əhəmiyyət kəsb edir. İş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 159/2022 saylı xx.xx.2022-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə əlverişli inzibati aktın ləğvi və ya dəyişdirilməsi ilə bağlı mübahisənin mahiyyəti üzrə qərar qəbul edərkən, o cümlədən də artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin cavabdehdən geri tələb olunması ilə bağlı hallarda, “İnzibati icraat haqqında” Qanunun 67ci maddəsinin, xüsusən 67.5-67.13-ci maddələrinin tələblərinin, şəxsin həmin qanunda təsbit edilmiş etimad hüququnun inzibati orqan tərəfindən nəzərə alınııbalınmadığını müəyyən etməli və ona qiymət verməlidir. Bu zaman həmçinin nəzərə alınmalıdır ki, 67.5ci maddənin tələbinə görə, şəxsin özünün əlverişli hüquqi mövqeyinə olan etimadı qanunla qorunur. Xüsusən birdəfəlik və ya mütəmadi pul ödəmələri və ya əşyanın verilməsi ilə bağlı hallarda, şəxsin etimadının qanunla qorunub-qorunmadığı yuxarıda qeyd edilən maddələrin müddəaları baxımından yoxlanılmalıdır. Məhkəmələr həmin maddədə nəzərdə tutulmuş ilkin şərtlərin ödənililib-ödənilmədiyini tam yoxlamaq səlahiyyətinə malikdir. Bu zaman həm də şəxsin etimad hüququna istinad etməsini istisna edən şərtlərin mövcudluğu da məhkəmələr tərəfindən xidməti vəzifəsinə görə yoxlanılmalıdır. Həmcinin nəzərə almaq lazımdır ki, birdəfəlik və ya mütəmadi pul ödəmələrinin, o cümlədən artıq ödəmənin inzibati orqanın təqsiri üzündən baş verdiyi və şəxsin təqsirli davranışına bağlı olmadığı hallarda, inzibati icraat hüququnun müddəaları baxımından şəxsin əmlak vəziyyəti qorunmağa layiqdir. Bu zaman həmçinin şəxsin ona ödənilmiş pul vəsaitlərini xərclədiyi və buna görə də həmin vəsaiti qaytarmaq iqtidarında olmadığı və ya onu qaytaracağı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda həmin şəxsin etimad hüququnun qanunla qorunduğu da nəzərə alınmalıdır. Başqa cür yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətəbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhv hesablamanın neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. İşin yenidən apellyasiya baxışı zamanı məhkəmə tərəfindən iddiaçı X1 pensiyasından 2018-ci ilin iyun ayından hazırki günə qədər nə qədər tutulmaların olduğu barədə məhkəməyə məlumat verilməsi və bu barədə ətraflı arayışın məhkəməyə təqdim edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına sorğu məktubu göndərilmişdir. Həmin sorğuya cavab olaraq apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli məktubun məzmunundan görünür ki, Şahin Əliyevə Azərbaycan Respublikası ərazisində daimi yaşayış hüququnu təsdiq edən sənədinin olmadığı halda xx.xx.2013-cü il tarixdən yaşa görə 404.25 manat məbləğində əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Hesablama Palatasının son audit yoxlamasının nəticəsində Qanunun yuxarıda qeyd olunan maddəsinin tələbinin pozulması ilə Azərbaycan Respublikasında müvəqqəti yaşayan əcnəbilərə verilmiş pensiya ödənişlərinin dayandırılması və artıq ödənilmiş məbləğlərin geri alınması Filiala tapşırılmışdır. Bununla əlaqədar olaraq, Şahin Hasilova xx.xx.2013-xx.xx.2015-ci il tarixləri arasındakı dövr ərzində Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq hüququnun olmadığı halda aldığı 12783.83 manat məbləğində artıq vəsait ödənilmişdir. Eyni zamanda həmin 12783.83 manat məbləğində artıq ödənilmiş vəsait xx.xx.2018-ci il tarixdən etibarən hər ay adıçəkilən şəxsin pensiyasından 91.97 manat çıxılmaqla tutulur. X9 əmək pensiyasından tutulmuş vəsait ümumilikdə 4414.56 manat təşkil edir. Qeyd olunmalıdır ki, iddiaçıya təyin olunmuş əmək pensiyasından hər ay 91,97 manat məbləğində pul vəsaitinin tutulması iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş bank hesabından çıxarışlarla da təsdiq olunur. Beləliklə, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya təyin olunmuş əmək pensiyasından hər ay 91,97 manat məbləğində olmaqla, 2018-ci ilin iyun ayından 2020-ci ilin avqust ayı daxil olmaqla 2483,19 manat, 2020-ci ilin sentyabr ayından 2022-ci ilin may ayı da daxil olmaqla 1931,37 manat, cəmi 4414,56 manat məbləğində pul vəsaitinin tutulması işin mübahisəsiz halıdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, yuxarıda sadalanan əsaslandırmaya görə iddiaçı onun əmək pensiyasından qanunsuz olaraq tutulmuş məbləğin (4414,56 manatın) ona geri qaytarılması ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Beləliklə, qeyd olunan sənədlər əsasında aparılan araşdırma onu deməyə əsas verir ki, iddiaçıya təyin edilmiş pensiya bu barədə onun xeyrinə əlverişli inzibati aktın (pensiya təyin olunması barədə qərarın) mövcud olmasına baxmayaraq, inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi-iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən, məzmununa etimad göstərdiyi pensiya təyinatı ilə bağlı inzibati aktı ləğv etmədən, həmin inzibati akt qüvvədə ola-ola hüquq normalarını pozaraq faktiki xarakterli hərəkətlər etməklə onun əmək pensiyasından tutulmalar etmiş, bu barədə iddiaçıya xx.xx.2019-cu il tarixli məktubla məlumat verməklə kifayətlənmiş, bununla da iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğu barədə məlumatın alınması və ya halın müəyyən edilməsi pensiya ödənişinin dayandırılması məsələsinin həlli üçün inzibati icraatın başlanılmasına (“İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddə) əsas təşkil edən haldır. Odur ki, belə hallardan hər hansı birini aşkar etdikdə cavabdeh müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüquqlarını təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə də əməl etməklə işin hallarını obyektiv araşdırıb pensiya ödənişinin dayandırılmasına əsas verən hal müəyyən etdikdə, icraatın sonunda bu barədə müvafiq inzibati akt qəbul etməlidir. Yalnız pensiya ödənişinin dayandırılmasına dair cavabdehin iştirakı ilə müvafiq inzibati akt qəbul edildikdən sonra ödənişin faktiki hərəkətlə dayandırılması aparıla bilər. Pensiya təyin edilməsinə dair əvvəlki inzibati akt qüvvədə olduğu halda, cavabdehin iştirakı olmadan dayandırma barədə inzibati akt qəbul edilməklə ödənişin dayandırılması “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaratmaqla, qüvvədə olan inzibati aktın hüquqi qüvvəsini şübhə altına almış olur. Kollegiya onu da qeyd edir ki, iddiaçıya ünvanlanmış “pensiya məbləğindən tutulma haqqında” xx.xx.2019-cu il tarixli məktub əslində, iddiaçı barəsində qanun çərçivəsində həyata keçirilə bilən inzibati icraatın nəticəsi olaraq qəbul edilmiş inzibati aktla bağlı artıq ödənilmiş pensiya məbləğinin qaytarılması barədə göndərilə biləcək “tələbnamə” qismində çıxış edir, çünki həmin məktub “İnzibati icraat haqqında” Qanunda nəzərdə tutulan “inzibati akt” anlayışına və meyarlarına cavab vermir. Məlum olduğu kimi, həmin məktub Şahin Hasilovun iştirakı olmadan aparılan icraatın nəticəsidir. Hansı ki, yuxarıda da qeyd olunduğu kimi, həmin icraat iddiaçının iştirakı və onun dinlənilmə hüququnun təmin edilməsi ilə həyata keçirilməmişdir. Beləliklə, apelyasiya baxışı zamanı aparılan araşdırmalar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi iş materialları ilə kifayətlənərək natamam araşdırma aparmış, xidməti vəzifəsinə görə əlavə zəruri olan araşdırmanı aparmamış, qərar qəbul edərkən isə maddi hüquq normalarını işin hallarına düzgün tətbiq etmədiyi üçün iddiaçı apellyasiya instansiyası qaydasında həmin qərarı mübahisələndirməkdə haqlı olmuşdur. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1318/2021 saylı 15 mart 2021-ci il tarixli qərarı ləğv edilməli və iddiaçının iddiasının təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1318/2021 saylı 15 mart 2021-ci il tarixli qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı X2 cavabdeh inzibati orqan tərəfindən ömürlük təyin edilmiş əmək pensiyasından hər ay özbaşına pul vəsaitinin tutulması ilə nəticələnən cavabdeh inzibati orqanın hərəkətləri qanunsuz hesab dilsin. İddiaçı X2 təyin olunmuş əmək pensiyasından 2018-ci ilin iyun ayından 2020-ci ilin avqust ayı daxil olmaqla qeyri-qanuni tutulmuş 2483.19 manat, 2020-ci ilin sentyabr ayından 2022-ci ilin may ayı da daxil olmaqla qeyri-qanuni tutulmuş 1931,37 manat məbləğində, cəmi 4414,56 manat məbləğində pul vəsaitinin birdəfəlik ödənişlə onun bank hesabına (pensiyanın ödənildiyi hesaba) köçürülməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-1332/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1332/2022
08.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver