Məhkəmə qərarları › İş №2-1(103)-1332/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1332/2024

04.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1332/2024 04.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Şirinov İkram Sabir oğlu və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Əhmədova Könül Seyidələkbər qızının katibliyi, İddiaçı, onun vəkili X5 və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, 2-1(112)-5980/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuşdur. xx.xx.2020-ci il tarixdə başlamış 2-ci Qarabağ Müharibəsində iştirak etmişdir. 05 noyabr 2020-ci il tarixdə Xocalı rayonu uğrunda gedən döyüşlərdə yaralanmışdır. Bundan sonra Bakı şəhəri 1 saylı X6 əməliyyat olunmuşdur. Əməliyyatdan sonra dəfələrlə əlillik dərəcəsi almaq məqsədilə cavabdehə müraciət etmişdir. Hər dəfə müxtəlif bəhanələrlə ona imtina verilmişdir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə ekspert komissiyasında müayinədən keçmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubu əsasında ona yenidən imtina verilmişdir. Lakin, onun sağlamlığında olan problemlər əlillik dərəcəsinə səbəb olan psixi sağlamlıq problemləri sağalan xəstəlik olmadığından sağalması mümkün deyildir. Lakin, cavabdeh qanunsuz olaraq ona əlillik dərəcəsini və əlilliyə görə alacağı pensiyanın verilməsindən imtina etmişdir. Cavabdehin qanunsuz və əsassız imtinası isə onun hüquqlarını pozur. Bakı İnzibati Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, 2-1(112)-5980/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı və onun vəkili apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, 2-1(112)-5980/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi TibbiSosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə arayışa əsasən İddiaçı əlillik vəziyyəti G00046087MJF nömrəli göndəriş əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilərək diaqnoz əlillik əlaməti təyin etmədiyindən əlillik dərəcəsinin təyin edilməsindən imtina edilmişdir. - Cavabdehin ekspert komissiyasının xx.xx.2022-ci il tarixli **********9 nömrəli qərarına əsasən Bakı şəhər sakini xx.xx.1994-cü il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin C00018065DHY nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli 261 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə "Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Mülayim dərəcədə ifadə olunmuş postkommosion sindrom. Partlayış travması (xx.xx.2020), sol qulaq seyvanının qəlpə yaralanmasına görə yaraların birincili işlənməsindən sonrakı bərkimis dəri çapığı. Partlayış travması (xx.xx.2020), çənənin sol bucaq nahiyəsinin iç səthinin yumsaq toxumalarının kor qəlpə yaralanmasına görə yaraların birincili cərrahi işlənməsindən və yad cismin xaric edilməsindən sonrakı vəziyyət. Gərginlik tip baş ağrısı" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; "Hər iki gözün miopiyası M 1.5D nəticəsində görmə itiliyinin 0,2-yə qədər azalması, korreksiya ilə 1,0 olmaqla" diaqnozlu xəstəliyin səbəb əlaqəsi "Ümumi xəstəlikdir" kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X1 PHŞ xx.xx.2022xx.xx.2022-ci il tarixli 8023/22 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, tez-tez təkrarlanan dekomoensasiya halları, intihar cəhdi ilə. Uzun sürən posttravmatik stress pozuntusu ’’kimi müəyyənləşdirilmişdir Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin PHŞ xx.xx.2022-ci il tarixli 10714 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi şəxsiyyət pozuntusu (müharibə zamanı aldığı kəllə-beyin travması nəticəsində” kobud davranış pozuntuları, tez-tez təkrarlanan dokompensasiya halları, intihar cəhdi ilə. Uzun sürən posttravmatik stress pozuntusu" kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı zəif eşitmədən, baş ağrısından, əsəbilikdən, gərginlikdən, yuxu və yaddaş pozuntularından şikayətlənmişdir. Verilən sualları qısa əsəbi cavablandırmış, əhvalının dəyişkən olması, emosional labillik, davranışı qeyri- adekvat olduğu müşahidə edilmişdir. Bələdliyi bütün növlər üzrə saxlanılmış, maraq dairəsi təhsilinə və şəxsiyyətinə bağlı olmuşdur. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən "Uzun gedişli posttravmatik stress pozuntusu. Şəxsiyyətin spesifik cizgilərinin qabarması ilə" kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları, ətrafların və digər orqanların patofunksional pozuntuları qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-cı il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. - Azərbaycna Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” publik hüquqi şəxsi tərəfindən 7487 nömrəli xx.xx.2023-cü il tarixli məktubla təqdim edilmiş T379/2023 saylı ekspert rəyinə əsasən İddiaçı tibbi sənədlərinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli Forma 88 № G00046087MJF nömrəli göndərişində qeyd edilmiş “Üzvi mənşəli şəxsiyyət pozğunluğu. Üzvi hallyusinoz. Baş-beyin xəstəliyi travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları” diaqnoz şəxsin anamestik, psixi status və laborator-instrumental müayinələri əsasında müəyyən edilmiş və o, hazırda da, həmin xəstəliklərdən əziyyət çəkir. Qeyd edilən xəstəliklərlə əlaqədar, o, sahə poliklinikasında həkim psixiatrın daimi qeydiyyatında və nəzarətindədir, zərurət yarandığı hallarda müalicəyə cəlb olunur. İşin birinci instansiya icraatı zamanı məhkəmə iclasında iştirak etmiş MRT müayinəsini aparan həkim radioloq, Uzman doktor Leyla Qasımova-Ağazadə bildirmişdir ki, o, piloz ocağın yaranmasının səbəb olaraq çənə bucağının və qulaq seyvanının qəlpə yarası almasını göstərməmiş, qlyoz ocaqların yaranması səbəbləri müxtəlif ola bilər, anadan gəlmə, bətndaxili, keçirilmiş ensafalitdən sonra, miningitdən sonra ola bilər. O, orada ocaqların travmadan sonra yaranması barədə nəsə bir şey qeyd etməmişdir. Qlyoz ocaq odur ki, beyinin hər hansı bir xırda zədələnməsindən sonra beyində yaranan çapıqlardır. O, heç vaxt orada qeyd edə bilməzdiki həmin ocaqlar hansı səbəbdən yaranıb. Bunun onun tərəfindən müəyyən edilməsi qeyri-mümkündür. Çənə bucağının və qulaq seyvanının qəlpə yaralanması qlyoz ocağı yarada da, bilər, yaratmaya da, bilər. Bu, sualın cavabını o, verə bilməz. O, qlyoz ocağının yaranmasının posttravmatik olmasını təsdiq etmir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası: Bənd 1.4. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Bənd 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; Bənd 2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. Bənd 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. Bənd 2.3. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. Bənd 2.8. Bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulan hallar istisna olmaqla, digər hallarda Komissiya tərəfindən göndərişin verilməsindən imtina barədə əsaslandırılmış qərar göndəriş üçün müraciət edilən gün qəbul edilir. Həmin qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə “Əlilliyin qiymətləndirilməsi qaydası”nın: Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə Əlilliyin qiymətləndirilməsi qaydası və təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin: Bənd 2.2. ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Bənd 4.1. Birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir. Bənd 4.2. İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Bənd 4.3. Əlillik dərəcəsindən asılı olmayaraq Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunları ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatan şəxslərə əlillik müddət göstərilmədən təyin edilir. Hazırkı işin hallarından müəyyən edilir ki, iddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məkrəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli 261 nömrəli şəhadətətnamə verilmişdir. Həmin şəhadətnamədə “Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Mülayim dərəcədə ifadə olunmuş postkommison sindrom. Partlayış travması (xx.xx.20200, sol qulaq seyvanının qəlpə yaralanmasına görə yaraların birincili işlənməsindən sonrakı bərkimiş dəri çapığı. Partlayış travması (xx.xx.2020), çənənin sol bucaq nahiyəsinin iç səthinin yumşaq toxumalarının kor qəlpə yaralanmasına görə yaraların birincili cərrahi işlənməsindən və yad cismin xaric edilməsindən sonrakı vəziyyət. Gərginlik tip baş ağırısı” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. “Hər iki gözün mipiyası M 1,5D nəticəsində görmə itiliyinin 0.2 yə qədər azalması, korreksiya ilə 1,0 olmaqla” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X1 PHŞ xx.xx.2022-xx.xx.2022-ci il tarixli 8023/22 nömrəli xsətəlik tarixindən çıxarışında diaqnoz “Üzvi şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, tez-tez təkrarlanan dekompensasiya halları, intihar cədhi ilə. Uzun sürən posttravmatik stress pozuntusu” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Məkrəzinin PHŞ xx.xx.2022-ci il tarixli 10714 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi şəxsiyyət pozuntusu (müharibə zamanı aldığı kəllə-beyin travması nəticəsində) kobud davaranış pozuntuları, tez-tez təkrarlanan dekompensasiya halları, intihar cəhdi ilə. Uzun sürən posttravmatik stress pozuntusu” kimi müəyyənləşdirilmişdir. İddiaçının obyektiv vəziyyətinin müayinəsi məqsədilə cavabdehin ekspert komissiyası tərəfindən əyani müayinə keçirilmiş və keçirilmiş əyani müayinə zamanı iddiaçı zəif eşitmədən, baş ağrısından, gərginlikdən, yuxu və yaddaş pozuntularından şikayətlənmişdir. Verilən sualları qısa, əsəbi cavablandırmış, əhvalının dəyişkən olması, emosional labillik, davranışı qeyri-adekvat olduğu müşahidə edilmişdir. Bələdliyi bütün növlər üzrə saxlanılmış, maraq dairəsi təhsilinə və şəxsiyyətinə bağlı olmuşdur. Psixi vəziyyəti mütəxəsisslər tərəfindən “Uzun gedişli posttravmatik stress pozuntusu. Şəxsiyyətin spesifik cizgilərinin qabarması ilə” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları, ətrafların və digər orqanları npatofunksinal pozuntuları qeyd olunmamışdır. İddiaçı barəsində tərtib edilmiş tibbi sənədlər və əyani müayinənin nəticəsi nəzərə alınmaqla iddiaçıya “Diqnoz əlillik əlaməti təyin etməməsi barədə” əlillik dərəcəsinin təyin edilməsindən imtina barədə qərar qəbul edilmişdir. Göründüyü kimi iddiaçı barəsində səhiyyə orqanı tərəfindən tərtib edilmiş Forma 88-də qeyd edilmiş “Üzvi mənşəli şəxsiyyət pozuntusu. Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları. Posttravmatik stress pozuntusu” diaqnozu öz təsdiqini tapmır. Belə ki, işin hallarına əsasən müəyyən edilir ki, iddiaçı xx.xx.2020-ci il tarixdə baş vermiş partlayış nəticəsində sol qulaq seyvanının qəlpə yaralanması almış, yaraların birincili işlənməsindən sonra bərkimiş dəri çapığı olmuş, iddiaçıya həmin travmadan sonra gərginlik tip baş ağrısı diaqnozu verilmişdir. Çənə bucağının və qulaq seyvanının qəlpə yaralanmasının iddiaçıda baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, posttravmatik stress pozuntusu yaratması öz təsdiqini tapmamışdır. Eyni zamanda iş üzrə təyin edilmiş məhkəmə tibbi ekspertizasının icrası ilə əlaqədar olaraq Azərbaycna Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” publik hüquqi şəxsi tərəfindən T379/2023 saylı ekspert rəyi təqdim edilmişdir ki, həmin ekspert rəyi işdəki sənədlərlə və tərəflərin izahatları ilə öz təsdiqini tapmadığından məhkəmə sözügedən ekspert rəyini mötəbər sübut kimi qiymətləndirmir. Həmçinin, həmin rəyi vermiş ekspert əvvəlki məhkəmə iclasında iştirak edərkən, tərəfindən sözügedən ekspert rəyinin tərtib edilməsi zamanı iddiaçının MRT müayinəsi üzrə CD diskə baxış keçirmədiyini, yalnız tibbi sənədlər və radioloqun verdiyi nəticə əsasında həmin rəyi tərtib etdiyini bildirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Həmin qərarda göstərilmişdir ki, X4 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərəzsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən nzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, 2-1(112)-5980/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, 2-1(112)-5980/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar