Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1333/2022 08.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyaya əlavənin hesablanması və keçmiş dövr üçün yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbi barədə inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 2-1(112)-3537/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mərhum X3nun xx.xx.2003-cü il tarixdən xx.xx.2017-ci ilədək olan müddət ərzində aldığı pensiyanın qulluq stajına görə vəzifə və rütbə maaşına əlavələr və artımlar, pul təminatı və mükafatlara görə əlavələr nəzərə alınmaqla yenidən hesablanması və xx.xx.2003-cü il tarixdən xx.xx.2017-ci ilədək artımlar nəzərə alınmadan ödənilməmiş əskik əmək pensiyası məbləğinin birdəfəlik ödənilməsi, xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ona əmək pensiyası üzrə əskik ödənilmiş 24248.01 manat fərq məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1952-ci il tarixində Göyçay rayonunda anadan olmuş, X6 ilə 19 iyul 1975-ci ildə nikaha daxil olmuşdur. X3 uzun illər Milli Təhlükəsizlik Nazirliyində müxtəlif məsul vəzifələrdə xidmət etmişdir. Sonuncu iş yeri kimi 1994-cü ildən Milli Təhlükəsizlik Nazirliyinin Sumqayıt şəhər şöbəsinin rəisi vəzifəsində xidmət etmişdir. Həmin vəzifədə xidmət etdiyi dövrdə yoldaşı X6 19 Sentyabr 1999-cu il tarixində rəhmətə getmişdir. Azərbaycan Respublikası Əmək Pensiyaları haqqında qanunun 14-cü maddəsinin tələblərinə uyğun olaraq 2003-cü ildən ərinin X5 təyin edilməli olan pensiya məbləğini almağa başlamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondu tərəfindən ona 500 manat məbləğində pensiya təyin edilmişdir. Lakin ona pensiya təyin olunarkən ərinin dövlət qulluğunda çalışmağı, işlədiyi vəzifə, vəzifə maaşlarının artırılması nəzərə alınmamışdır. Halbuki hal hazırda həmin vəzifədə qulluq edən dövlət qulluqçuları 3000 manatdan çox məvacib alırlar. Bundan başqa 1999-cu ildən hal-hazıradək mərhum X3nun işlədiyi vəzifə üzrə qulluq keçən dövlət qulluqçularının maaşlarında dəfələrlə artımlar olmuşdur. Əmək haqqından başqa əlavə ödəmələr və digər ödənişləri vardır. Lakin ona verilən pensiyada artımlar hesablanmamış və ödənilməmişdir. 1999-cu ildən bu günə qədər dövlət qulluğunun xüsusi növündə qulluq edən dövlət qulluqçularının vəzifə maaşlarında dəfələrlə artım olmuşdur. Lakin həmin artımlar onun pensiyasına əlavə edilməmişdir. Ona görə də ərinin dövlət qulluğu vəzifəsində çalışmağı, vəzifə maaşına əlavənin edilməsi nəzərə alınmaqla, təyin edilmiş pensiya yenidən hesablanmalı, əvvəl hesablanmış pensiyaya əlavələr edilməli, pensiya məbləği yenidən hesablanaraq ona ödənilməlidir. Bununla bağlı o, xx.xx.2020, xx.xx.2020, və xx.xx.2020-ci il tarixli ərizələrlə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmiş, lakin cavabdeh orqan tərəfindən heç bir cavab verilməmişdir. Müraciəti cavabdeh tərəfindən 21 oktyabr 2020-ci il tarixli məktubla aşağıdakı qaydada cavablandırılmışdır. “Müraciətinizə baxaraq bildiririk ki, mərhum həyat yoldaşınızın sonuncu xidmət etdiyi orqan tərəfindən 01 oktyabr 1998-ci il tarixdən hərbi qulluqçunun ailə üzvü kimi sizə ailə başçısını itirməyə görə pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələbinə uyğun olaraq 01 yanvar 2007-ci il tarixdən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən hərbi qulluqçunun ailə üzvü kimi sizə ailə başçısını itirməyə görə əmək pensiyası həmin tarixdən etibarən Mərkəzi Filial tərəfindən ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 20.17.2-ci maddəsinin 2017-ci il 01 iyul tarixdən qüvvədə olan tələblərinə uyğun olaraq əmək pensiyanız yenidən hesablanmaqla müvafiq təminat xərcliyinin (1565,20 manat) 80 faiz-1252,16 manat məbləğində müəyyən edilmiş, eyni zamanda 01 iyul 2017-ci il tarixindən yenidən hesablanmışdır. Qeyd olunanları nəzərə alaraq, əmək pensiyanız üzrə keçmiş müddət üçün hesablanmış 24281.01 manat fərq məbləği cari ilin oktyabr ayından etibarən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1 maddəsinin ikinci cümləsinin tələbinə uyğun qaydada ötən dövrdəki ayların sayına bölünərək hissə-hissə (622,59 manat) pensiyanız (1252,16 manat) üzərinə əlavə olunaraq (1252,16+622,59=1874,75 manat) müvafiq kart hesabınıza köçürülür. Ünvanlanmış cavab məktubunda yalnız son üç il üçün, 01 iyul 2017 - 01 oktyabr 2020 illər aralığında olan əskik ödənilməli olan pensiya məbləği barədə məlumat verilmişdir. Həmin illər üzrə hesablanmalı olan əskik pensiya məbləğinin yenidən hesablanaraq hissə-hissə ona ödəniləcəyi bildirilmişdir. Lakin xx.xx.1998-xx.xx.2017-ci illər arasında olan müddət ərzində ona əlavə hesablanmalı olan pensiya məbləği barədə məlumat verilməmişdir. Həmçinin əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 24281,01 manat fərq məbləğinin isə ötən dövrdəki ayların saylarına bölünərək ona hissə-hissə ödəniləcəyi qeyd edimişdir. Halbuki, iddiaçı həmin əskik məbləğin hesablanaraq birdəfəlik ödənilməsini xahiş etmişdir. Cavabdeh orqan tərəfindən ona 24281,01 manat fərq məbləğini Əmək Pensiyaları haqqında Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinə əsasən 2020-ci ilin oktyabr ayından hissə-hissə pensiyanın üzərinə əlavə olunmaqla ödənilməyə başlamışdır. Hesab edir ki, cavabdeh tərəfindən pensiyanın yalnız son 3 ilə görə əlavə və artımlar olmaqla artırılması və ödənilməmiş pensiya məbləğinin birdəfəlik deyil, hissə-hissə ödənilməsi əsassızdır. Pensiyanın bu formada hesablanması və ödənişin birdəfəlik deyil hissə-hissə ödənilməsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin tələblərinə ziddir. Göstərilənlərə əsasən iddiaçı xx.xx.1998-ci il tarixdən xx.xx.2017-ci il tarixədək olan müddət ərzində aldığı pensiyanın mərhum X3nun, qulluq stajına vəzifə və rütbə maaşına görə əlavələr və artımlar, pul təminatı və mükafatlara görə əlavələr nəzərə alınmaqla yenidən hesablanması və 1998-ci il tarixdən 2017-ci ilədək artımlar nəzərə alınmadan ödənilməmiş əskik əmək pensiyası məbləğinin birdəfəlik ödənilməsi və əmək pensiyası üzrə əskik ödənilmiş 24281,01 manat fərq məbləğinin birdəfəlik ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia tələbi qanunamüvafıq deyildir və təmin edilməməlidir. İddiaçıya Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi tərəfindən xx.xx.1998-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaların həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 495 və 499 nömrəli Fərmanlarının 2.2-ci və 4-cü bəndlərinə əsasən 2007-ci il 01 yanvar tarixdən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna həvalə edilmişdir. Bu səbəbdən iddiaçıya aid “məlumat vərəqi” İdarəyə göndərilərək ailə başçısını itirməyə görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17.2ci maddəsinə əsasən mərhum həyat yoldaşının təminat xərcliyinin 80 faizi məbləğində əmək pensiyası yenidən hesablanaraq xx.xx.2017-ci il tarixdən hissə ilə pensiya məbləğinin üzərində ödənilməsi davam etdirilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1 maddəsinə əsasən “əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir”. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd edilənləri nəzərə alaraq cavabdeh iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3537/2021 saylı, 18 iyun 2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. (hakim: F.Mədətli) Həmin Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmiş və apelyasiya şikayətini iddia ərizəsinə uyğun əsaslandırmışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2372/2021 saylı, 11 oktyabr 2021-ci il tarixli qərarı ilə apelyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3537/2021 saylı, 18 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)-2372/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 19 yanvar 2022-ci il tarixli, 2-1(102)-237/2022 saylı qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)- 2372/2021 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşə təkrar apelyasiya qaydasında baxılarkən əvvəlki məhkəmə iclasında iddiaçının vəkili Vəkil apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Təkrar apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X2 apelyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək, yuxarı instansiya məhkəməsinin qərarında qoyulmuş göstərişləri nəzərə alaraq belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddia ərizəsinin məzmunundan görünür ki, iddia tələbi 2 hissədən ibarətdir: 1. “Əmək pensiyaları haqqında” Qanunun 20.17.2-ci maddəsinin 2017-ci il 01 iyul tarixdən qüvvədə olan tələbləri əsasənda əmək pensiyasının xx.xx.2003-cü il tarixdən xx.xx.2017-ci il tarixədək hesablanması: 2. Yaranmış fəq məbləğinin birdəfəlik ödənilməsidir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və iddia tələbinin birinci hissəsinə münasibətdə aşağıdakıları qeyd etmişdir. “Vətəndaşların pensiya təminatı”na və “Əmək pensiyaları haqqında” Qanunun həmin dövrə münasibətdə zamana görə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı” haqqında Qanunun 46-cı maddəsinə görə ailə başçısı əmək zədəsi, peşə xəstəliyi, bədbəxt hadisə və ya ümumi xəstəlik nəticəsində vəfat etmişsə, onun ailə üzvlərinə pensiya ailə başçısının vəfat etdiyi vaxtdan asılı olmayaraq ümumi əsaslarla təyin edilir. Əmək zədəsi və peşə xəstəliyi nəticəsində vəfat etmiş ailə başçısının ailə üzvlərinə pensiya ailə başçısının iş stajından asılı olmayaraq təyin edilir. Ümumi xəstəlik nəticəsində vəfat etmiş ailə başçısının itirilməsi ilə əlaqədar pensiyalar o halda təyin edilir ki, ölüm gününədək ailə başçısının əlilliyə görə pensiya təyin edilməsi üçün tələb edilən iş stajı olsun. Həmin Qanunun 47-ci maddəsinin 1-ci abzasına görə pensiyalar ailənin əmək qabiliyyəti olmayan (40-cı maddə) hər bir üzvü üçün ailə başçısının orta aylıq əmək haqqının 30 faizi məbləğində hesablanır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun (bundan sonra – Qanun): -1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədi ilə vətəndaşlara aylıq pul ödənişidir; -1.0.5-ci maddəsinə əsasən, təminat xərcliyi (pul təminatı)—hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir; -20.1-ci maddəsinə əsasən, qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.13. bu qanunun 17.2-ci maddəsinə (ailə başçısını itirməyə görə əmək pensiyası alan şəxslər) əsasən əmək pensiyaçısı olan şəxslər; -20.17-ci maddəsinə əsasən, bu qanunun 20.1.13-cü maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.17.2. hərbi xidmət vəzifələrinin (xidmət vəzifələrinin) yerinə yetirilməsi ilə bağlı olmayan bədbəxt hadisə zamanı alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya cəbhədə olmaqla, Azərbaycan Respublikasının müdafiəsi ilə və ya döyüş əməliyyatları aparan ölkələrdə beynəlmiləlçilik borcunu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində vəfat etmiş hərbi qulluqçuların və hərbi qulluqçular sırasından olan pensiyaçıların ailə üzvlərinə-ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının təminat xərcliyinin 35 faizi miqdarı ilə müəyyənləşdirilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər. Maddələrin tələblərinə görə, vəfat etmiş hərbi qulluqçuların ailə üzvlərinə ailə başçısını itirməyə görə pensiya hərbi qulluqçunun hərbi xidmətdən buraxıldığı günə aldığı məbləğin, yəni təminat xərcliyinin 35 faizi miqdarında təyin edilməlidir. Həmin məbləğ hərbi qulluqçunun ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədini daşımalıdır. xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş xx.xx.2017-ci il tarixli 543-VQD nömrəli Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17.2-ci maddəsinə «miqdarı ilə» sözlərindən sonra «(ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 fazindən az olduqda həmin məbləğə çatdırılmaqla)» sözləri əlavə edilmişdir (1.76-cı maddə). Göstərilən dəyişikliyə əsasən vəfat etmiş hərbi qulluqçular sırasından olan pensiyaçıların ailə üzvlərinə – ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının təminat xərcliyinin 35 faizi miqdarı ilə (ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla) müəyyənləşdirliən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər qulluq stajına görə əmək pensiyasına əlavələr ödənilir. Bu isə hərbi qulluqçular sırasından olan pensiyaçıların ailə üzvlərinə təyin ediləcək ailə başçısını itirməyə görə pensiya məbləğinin təminat xərcliyinin 80 faizindən az olmamaqla təyin edilməli olmasına dair qanunvericinin iradəsini ifadə edir. Məhkəmə nəzərə almışdır ki, iddiaçıya ailə başçısının itirməyə görə vəfat etmiş hərbi qulluqçu olan həyat yoldaşının aldığı təminat xərcliyinin 35 faizi miqdarında pensiya təyin edilmiş, Qanunda aparılmış dəyişikliyə uyğun olaraq ona 01 iyul 2017-ci il tarixindən həmin məbləğin təminat xərcliyinin 80 faiz miqdarına çatdırılmaqla pensiyası yenidən hesablnamışdır. Qeyd etmişdir ki, həqiqətən də, cavabdeh öz səlahiyyətləri çərçivəsində iddiaçıya pensiya təyin edərkən qanunun tələblərinə riayət etmişdir. İddiaçının hazırda xx.xx.2003-cü il tarixdən xx.xx.2017-ci il tarixədək təminat xərcliyinin 80% faiz miqdarına çatdırılmaqla pensiyanın ödənilməmiş hissəsinin ödənilməsini tələb edir ki, iddianın bu hissədə təmin olunması mümkün deyildir. Bunun əsasını isə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsi təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. İş materiallarında olan AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1952-ci ildə ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1952-ci ildə ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan V-ЖГ 340934 nömrəli 19 sentyabr 1998-ci il tarixli Ölüm haqqında Şəhadətnamədən görünür ki, X4 ölümü xx.xx.1998-ci ildə 902 nömrə ilə akt qeydi aparılmaqla rəsmiləşdirilmişdir. İş materiallarında olan cavabdehin xx.xx.2020-cu il tarixli, **********3 saylı imtina məktubundan görünür ki, iddiaçının pensiyanın yenidən hesablanması haqqında ərizəsinə baxılmış və müraciətin təmin edilməsindən imtina edilmişdir. İmtinaya əsas olaraq göstərilmişdir ki, mərhum həyat yoldaşının sonuncu xidmət etdiyi orqan tərəfindən 1 oktyabr 1998-ci il tarixındə hərbi qulluqçunun ailə üzvü kimi ona ailə başçısını itirməyə görə pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq 1 yanvar 2007-cl il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən hərbi qulluqçunun ailə üzvü kimi ona ailə başçısını itirməyə görə əmək pensiyası həmin tarixdən etibarən Mərkəzi Filial tərəfindən ödənilir. Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 20.17.2-cı maddəsinin 2017-ci il 1 iyul tarixindən qüvvədə olan tələblərinə uyğun olaraq əmək pensiyası yenidən hesablanmaqla müvafiq təminat xərclıyının (1565,20 manat) 80 faizı-1252,16 manat məbləğində müəyyən edilmiş, eyni zamanda 1 İyul 2017-ci il tarixindən yenidən hesablanmışdır. Qeyd olunanları nəzərə alaraq əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 24281 01 manat fərq məbləği cari ilin oktyabr ayından etibarən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada ötən dövrdəki ayların sayına bölünərək hissəhissə (622.59 manat) iddiaçının pensiyanın (1252,16 manat) üzərinə əlavə olunmaqla (1252.16+622,59=1874.75 manat) müvafiq kart hesabına köçürülür. Ali Məhkəmənin işin yeni apelyasiya baxışına qaytarılması haqqında qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, hazırki iddia tələbinə dair inzibati mübahisələr üzrə qanuni, əsaslı və obyektiv məhkəmə qərarı qəbul edilməsi üçün ilk öncə iddiaçının pensiya işinin tələb edilməklə, onun tam və hərtərəfli olaraq araşdırılması şərtdir. Eyni zamanda iş üzrə mümkün və mühüm ola biləcək əlavə məlumatın əldə edilməsi məqsədi ilə iddiaçının mərhum ərinin işlədiyi təşkilata da sorğu göndərilməsi zəruridir. Lakin iş materiallarından göründüyü kimi, apelyasiya məhkəməsi bunların heç birini etməmiş və yalnız cavabdehin iddia ərizəsinə dair verdiyi etirazda göstərilmiş dəlillərə istinad edib iş üzrə məhkəmə qərarı qəbul etmişdir ki, məhkəmə kollegiyası apelyasiya məhkəməsinin belə hüquqi mövqeyini prosessual hüquq normalarının pozulması kimi qiymətləndirir. Halbuki iddiaçının iddia ərizəsindən də, göründüyü kimi, iddia məhz mərhumun qulluq stajına vəzifə və rütbə maaşına əlavələr və artımlar, pul təminatı və mükafatlara görə əlavələr alınmaqla hesablanması ilə bağlıdır. Belə olan halda iddiaçının pensiya işinin tələb edilərək araşdırılması və iddiaçının mərhum ərinin işlədiyi təşkilatdan müvafiq arayışın əldə edilərək nəzərdən keçirilməsi çox böyük əhəmiyyət kəsb etməkdədir, belə ki, məhz həmin sənədlərdən bir sıra vacib məsələlərin, o cümlədən iddiaçıya ailə başçısını itirdiyinə görə pensiyanın dəqiq olaraq nə zaman təyin edilməsi, iddiaçının mərhum ərinin hansı əlavələrin alması, sözügedən əlavələrin pensiya təyin edilərkən nəzərə alınıb-alınmaması və digər bu kimi məsələlər bəlli olması aydın olacaqdır Bununla yanaşı məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində digər hallarnan yanaşı, pensiya stajına əlavələrin hesablanması məsələsini xüsusi olaraq vurğulamaqdadır. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd etmişdir ki, sözügedən əlavələrin həqiqətən verildiyi, lakin cavabdeh tərəfindən pensiya təyin olunduğu zaman nəzərə alınmadığı halda məhkəmə kollegiyası hesab edir ki, həmin məsələ “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 49-cu maddəsinə uyğun olaraq həll edilməli, yəni sözügedən məbləğlər həmin maddəyə uyğun olaraq ödənilməlidir. Eyni zamanda məhkəmə kollegiyası qeyd etmişdir ki, nəzərə alınmalı olan hər hansı əlavələr hesablanmayaraq pensiyaya daxil edilmədiyi halda, 2003-cü ildən “Əmək pensiyaları haqqında” Qanunun 20.17.2-ci maddəsinə əsasən təminat xərcliyinin 35 faizi, xx.xx.2017-ci il tarixdən isə 80 faizi miqdarı ilə hesablanmalı, belə ki, 80 faiz miqdarı məhz xx.xx.2017-ci il tarixdən qanuni qüvvəyə minmişdir. Təkrar apelyasiya baxışı zamanı Ali Məhkəmənin hüquqi mövqeyi nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən müvafiq sorğu göndərilmiş və sorğuya cavab olaraq iş materiallarına əlavə edilmiş Dövlət Təhlükəsizlik Xidmətinin xx.xx.2022-ci il tarixli 28/548 nömrəli məktubundan görünür ki, İddiaçı ailə başçısını itirdiyinə görə əmək pensiyası xx.xx.1998-ci ildə təyin edilmişdir. Sabiq əməkdaş mərhum X4 ölümü ilə əlaqədar olaraq siyahıdan çıxarıldığı günə (xx.xx.1998-ci il) təminat xərcliyi – vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə 80% əlavədən və ərzaq payı əvəzinə verilən pul kompensasiyasından ibarət olmuşdur. Bundan başqa Ali Məhkəmənin hüquqi mövqeyi nəzərə alınaraq pensiya işinin təsdiq olunmuş surəti iş materiallarına əlavə edilmiş və aşağıdakılar müəyyən edilmişdir. - Hərbi qulluqçunun (xüsusi rütbəli şəxsin) pensiya təminatı üzrə MTN seriyalı 002865 nömrəli məlumat vərəqəsinə əsasən X4 pensiya hesablanması üçün pul təminatı aşağıdakı kimidir: vəzifə maaşı-383,00 manat, rütbə maaşı-64,00 manat, xidmət illərinə görə əlavə- 357,60 (80%) manat, ərzaq payı əvəzinə kompensasiya 24,75 manat, cəmi 829,35 manat, pensiyanın təyin olunma tarixi xx.xx.1998-ci il, müəyyən edilmiş aylıq müavinət 6 manat, pensiyanın ümumi məbləği 586,55 manat. - İddiaçı xx.xx.2020-ci il tarixdə cavabdeh orqana ərizə ilə müraciət edərək mərhum X3nun əvvəllər hesablanmış əmək pensiyasına dövlət qulluğu vəzifəsində qulluq stajına görə əlavənin yenidən hesablanaraq dövlət qulluqçusu təqaüdünün əlavələr və artımlarla birlikdə birdəfəlik ödənilməsini və əmək pensiyasının artırılaraq bundan sonra hər ay artımlar nəzərə alınmaqla ödənilməsini xahiş etmişdir. - Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2020-ci il tarixli qərara əsasən İddiaçı ailə başçısını itirməyə görə pensiyasının məbləği 547,82 manatdan 1252,16 manata (təminat xərcliyi 1565,20 manat - 80%=1252,16) artırılmış, keçən dövr üzrə ödənilməli olan 24281,01 manat fərq məbləği cari ilin oktyabr ayından etibarən (xx.xx.2017xx.xx.2020) ötən dövrdəki ayların sayına bölünərək hissə-hissə hər ay 622,59 manat pensiyasının 1252,16 manat üzərinə əlavə olunmaqla 1874,75 manat (1252,16+622,59=1874,75) müəyyən edilmişdir. İş materiallarından göründüyü kimi Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 20.17.2-cı maddəsinin 2017-ci il 1 iyul tarixindən qüvvədə olan tələblərinə uyğun olaraq iddiaçının ailə başçısını itirməyə görə əmək pensiyası yenidən hesablanmaqla müvafiq təminat xərcliyinin (1565,20 manat) 80 faizı-1252,16 manat məbləğində müəyyən edilmiş, eyni zamanda 1 iyul 2017-ci il tarixindən yenidən hesablanmışdır. Qeyd olunanları nəzərə alaraq əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 24281,01 manat fərq məbləği cari ilin oktyabr ayından etibarən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada ötən dövrdəki ayların sayına bölünərək hissə-hissə (622.59 manat) iddiaçının pensiyanın (1252,16 manat) üzərinə əlavə olunmaqla (1874.75 manat) müvafiq kart hesabına köçürülmüşdür. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək olan redaksiyasına əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 37.7-ci maddəsinə müvafiq olaraq keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun hər iki redaksiyada olan maddələrini birgə təhlil etdikdə müəyyən olunur ki, 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə gətirilmiş yenilik ondan ibarət olmuşdur ki, xx.xx.2017-ci il tarixə qədər qüvvədə olan müddəalara görə keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsində müddət məhdudiyyəti tətbiq edilmədiyi halda (bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla), xx.xx.2017-ci il tarixdən sonra keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsi müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 (üç) illə məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair xx.xx.2020-ci il tarixli № 03/2020 nömrəli qərardadı ilə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməsi qərara alınmışdır. Həmin qərardadda qeyd olunmuşdur ki, “keçmiş dövr üçün alınmamış pensiyaların konkret müddətlə (3 illə) məhdudlaşdırılması hüquqi müəyyənlik və sabitliyin təmin edilməsi baxımından da ümumən hüquqda qəbul edilmiş yanaşmaya uyğun hesab olunmalıdır. Belə ki, müddətlər (qanunvericinin dairəsini konkret müəyyən etdiyi iddia müddətlərinin şamil edilmədiyi münasibətlər istisna olmlaqla) hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla, onlardan qeyri-müəyyən istənilən dövr ərzində deyil, konkret müddətlər daxilində hüquqlarını həyata keçirmək üçün real hərəkətlər etmələrini tələb edir. Bu mənada, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında da istər inzibati orqanlara, istərsə də vətəndaşlara münasibətdə konkret hərəkətlərin müəyyən edilmiş müddətlər daxilində edilməsini tələb edən normalar mövcuddur (məs; Vergi Məcəlləsinin 85ci maddəsi, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi və s.). Odur ki, kollegiya hesab edir ki, yeni tənzimləmə həm də hüquqi müəyyənliyi və sabitliyi təmin etməyə dair əsaslı legitim məqsədə də xidmət edir.” Hazırda qüvvədə olan məhkəmə praktikasına görə hər bir vətəndaşın sosial təminat sahəsindəki olan hüquqlarının bərabərlik prinsipinin təmin edilməsi üçün əmək pensiyaçılarının pensiya hüququnun yaranma tarixindən asılı olmayaraq, ödənilməmiş pensiya məbləğinin yalnız müraciət olunan tarixdən geriyə 3 il ərzində ödənilməsi mümkün sayılır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçıların arzuladığı inzibati aktı qəbul etməsindən imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Öhdəliyin icrası haqqında iddialara baxılması zamanı nəzərə alınmalıdır ki, məhkəmələr cavabdehin imtinasında istinad edilən halların əsaslarına formal yanaşaraq inzibati orqanın üzərinə qanunsuz öhdəlik qoymalı deyillər. Nəzərə alınmalıdır ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən daha çox, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsinə (arzuladığı inzibati aktın qəbul edilməsinə və ya öhdəliyin icrasına) nə dərəcədə haqqı çatdığını müəyyən etməlidir. Hazırkı işdə də ilk növbədə iddiaçı özünün belə bir tələb hüququna malik olduğunu, cavabdehin isə məhz tələb olunan məzmunda iddiaçı qarşısında öhdəlik daşıdığını əsaslandırmalıdır. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir. Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərarın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 2-1(112)-3537/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1333/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1333/2022
08.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver