Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1334/2020 07.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Yusifov Cahangir Afər oğlu və Cəmilova Xəyalə Nəbi qızından ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi ilə, İddiaçı, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X9 iştirakları ilə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) sərəncamın etibarsız hesab edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 130/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-130/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu tarixli qərarı ilə iddia qismən təmin edilmiş, İddiaçı Bakı şəhəri, M.Muxtarov küçəsi, 129 saylı ünvanda yerləşən sahəsi 26.0 kv.m. olan yaşayış otağına görə hər kv.m. sahəsinin dəyəri 1500 manatdan olmaqla, ümumilikdə 39.000 manat ödənilməsi, 1000 manat mənəvi ziyanın ödənilməsi, Cavabdeh Başçısının xx.xx.2000-ci il tarixli 923 saylı sərəncamının etibarsız hesab edilməsi öhdəliyi Bakı şəhər Cavabdehnə həvalə edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Qərardan iddiaçı apelyasiya şikayəti verərək qərarın iddianın qismən təmin edilməsi hissəsində ləğv edilməsi və iddia tələbinin tam həcmdə təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, daşınmaz əmlak satılan zaman notarius əraziyə görə hər kvadrat metr üçün vergi tutursa, ərazilərin qiymətləndirilməsi də o qaydada aparılmalıdır. Şəhərin mərkəz hissələri ilə kənarlarına eyni qiyməti vermək düzgün olmamaqla yanaşı absurddur. Mərkəzdə istər yeni, istərsə də köhnə tikili binaların bir kvadrat metrinin satış qiyməti ortalama 2500, 3000 manat arası dəyişir. Digər kənar ərazilərdə isə təxmini ***-**** manatdır. İddiaçının mülkiyyəti isə Bakı şəhərinin elit rayonlarından birində yerləşir. Vacib məqamlardan biri də odur ki, məhkəmə kompensasiya müəyyən edərkən çox vacib bir amili nəzərə almamışdır. İddiaçı mülkiyyəti dövlət ehtiyacları üçün söküntüyə məruz qalmamışdır, əksinə həmin mülkiyyət (26 kv.m. yaşayış sahəsi) hazırda mövcuddur və digər şəxslər tərəfindən istifadə edilir. İddiaçı cavabdehin qanunsuz olan hərəkətləri (hətta özbaşınalığı) nəticəsində mülkiyyətindən məhrum olmuşdur. O, bu gün həmin əmlakını satmaq istəsə, əlbəttə ki, həmin əmlakın bazar qiyməti heç bir halda 39000 manat ola bilməz. Belə ki, elan saytlarında həmin ərazidə yerləşən fərdi yaşayış evlərinin dəyəri çox yüksəkdir. Bundan əlavə iddiaçı əmlakın bazar qiyməti barədə mütəxəssis rəyini də məhkəməyə təqdim etmişdir. Lakin məhkəmə həmin rəyə dair öz mövqeyini bildirməmişdir. Qətnamənin özündən müəyyən olunur ki, həqiqətən də Yasamal Rayon İcra Hakmiyyəti Başçısının xx.xx.2000-ci il tarixli sərəncamından sonra İddiaçı qanunsuz olaraq həmin əmlakından məhrum olunmuşdur. Həmçinin qətnamədən müəyyən olunur ki, həmin tarixdən iddia verilən tarixədək iddiaçının mülkiyyəti digər şəxslər tərəfindən istifadə edilmişdir. Halbuki, iddiaçı həmin əmlakı özü istifadə etsəydi və ən azı icarə və ya kirayəyə versəydi, müəyyən qazanc əldə etmiş olardı. Həmin qazancın mümkün məbləği barədə mütəxəssis rəyi məhkəməyə təqdim edilmişdir. Amma nədənsə qətnamədə bu öz əksini tapmamışdır. Həmçinin həmin rəydə əmlakın indiki real bazar qiyməti göstərilmişdir. Əgər məhkəmə həmin məbləğlərlə razı deyildirsə, öz təşəbbüsü ilə ekspertiza təyin edə bilərdi. Məhkəmə mənəvi ziyanın məbləğinin nəyə görə məhz 1000 manat olmasını əsaslandırmamışdır. Həmçinin qərardan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı həmin ünvan barədə maraqlanmamış və qəbul edilən Cavabdeh xx.xx.2000-ci il tarixli, 923 nömrəli sərəncamından 20 il sonra onun etibarsız hesab edilməsini tələb etməkdədir. Məhkəmə isə inzibati aktın etibarsız hesab edilməsi üçün tələb olunan müddəti tətbiq etməmişdir. İddiaçı həmin ünvanda yaşamadığından, mülkiyyətində və istifadəsində olmadığından alınmanın təsirinə məruz qalan şəxs kimi tanına bilməz. Əlavə olaraq, yaşayış və qeyriyaşayış sahələrinin ölçülməsi və qiymətləndirilməsi tərkibində müstəqil qiymətləndirmə, ekspertlərinin, Maliyyə Nazirliyinin vəzifəli şəxslərinin iştirakı ilə Cavabdeh tərəfindən yaradılmış Daşınmaz əmlakın alınması qrupunun səlahiyyətindədir. Məhkəmə isə əmlaka heç bir ekspert cəlb etmədən təxmini qiymət müəyyən etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili qərarın qismən ləğv edilərək iddia tələbinin tam təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdeh tərəfin nümayəndəsi qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş mаtеriаllаrını yохlаyаrаq və аpеlyаsiyа şikаyətini аrаşdırаrаq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İşdən görünür ki, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı Azərbaycan Respublikası Maliyyə Nazirliyi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıya məxsus olan Bakı şəhəri, M.Muxtarov küçəsi, 129 saylı ünvanda yerləşən sahəsi 26.0 kv.m. olan yaşayış otağına görə hər kv.m. sahəsinin dəyəri 1500 manatdan olmaqla, ümumilikdə 39.000 manat ödənilməsi öhdəliyinin Cavabdehnə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2000-ci il tarixli 923 saylı sərəncamın verilməsi, habelə sonuncu sərəncamdan irəli gələn M.Muxtarov küçəsi, 131 saylı evə bitişik və faktiki olaraq həmin anda Axund X6 adına qeydiyyatdan keçmiş əmlakın 3-cü şəxslərə verilməsi (təhkim edilməsi) ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsi, iddiaçının xeyrinə 82 000 manat əmlakın bazar dəyərinə görə, 51 000 manat əmlakın 3-cü şəxslər tərəfindən 17 il müddətində istifadəsinə görə, habelə vurulmuş mənəvi ziyana görə 10 000 manat, cəmi 143 000 manat vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1719/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarı ilə iddia rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin qeyd olunan qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin adıçəkilən qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ləğv edilmiş, iş baxılmaq üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Eyni zamanda, iddiaçı Cavabdehnə qarşı Bakı şəhəri, M.Muxtarov küçəsi, 131 saylı evə bitişik və faktiki olaraq həmin anda Axund X6 adına qeydiyyatdan keçmiş əmlakın 3cü şəxslərə verilməsinə dair (təhkim edilməsi) Cavabdeh Başçısının xx.xx.2000-ci il tarixli 923 saylı sərəncamının etibarsız hesab edilməsi, həmin sərəncamla iddiaçıya vurulmuş maddi ziyanın əvəzi kimi əmlakın bazar dəyərinə görə 82 000 manat, əmlakın 3-cü şəxslər tərəfindən 17 il müddətində istifadəsinə görə 51 000 manat, habelə vurulmuş mənəvi ziyana görə 10 000 manat, cəmi 143 000 manat vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində başqa bir iddia qaldırmışdır (iş № 2-1(81)-818/2018). Məhkəmənin xx.xx.2018-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamış, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin qeyd olunan qərardadı ləğv edilmiş və iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə qaytarılmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı ilə iddia yenidən mümkün sayılmamış, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin qeyd olunan qərardadı ləğv edilmiş və iş baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə qaytarılmışdır 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə məhkəmənin icraatında olan 2-1(81)-1866/2019 və 2-1(81)-130/2019 №-li inzibati işlər 2- 1(81)130/2019 nömrə altında bir icraata birləşdirilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi xx.xx.2019-cu il tarixli qərardadla İddiaçı iddiasını «Cavabdeh xx.xx.2000-ci il tarixli 923 saylı sərəncamın verilməsi, habelə sonuncu sərəncamdan irəli gələn M.Muxtarov küçəsi, 131 saylı evə bitişik və faktiki olaraq həmin anda Axund X6 adına qeydiyyatdan keçmiş əmlakın 3-cü şəxslərə verilməsi (təhkim edilməsi) ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsi» hissəsində mümkün saymamışdır. Həmin qərardaddan iddiaçı apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-678/20 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(81)-130/19 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddianın «Cavabdeh Başçısının xx.xx.2000-ci il tarixli 923 saylı sərəncamının etibarsız hesab edilməsi, 82 000 manat əmlakın bazar dəyərinə görə, 51 000 manat əmlakın 3-cü şəxslər tərəfindən 17 il müddətində istifadəsinə görə, habelə vurulmuş mənəvi ziyana görə 10 000 manat, cəmi 143 000 manat vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi» hissəsi birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd edilən şəkildə iddianın qismən təmin edilməsi ilə həll edilmişdir. Kollegiya aşağıdakılara əsasən məhkəmənin gəldiyi nəticə ilə qismən razılaşır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş və apelyasiya baxışı zamanı öz təsdiqini tapmış işin faktiki hallarından müəyyən olunur ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Murtuz Muxtarov küçəsi, ev 129 ümumi sahəsi 26 kv.m. olan fərdi yaşayış evinin (bundan sonra - mübahisəli ev) mülkiyyətçisidir (RX seriyalı ******* №-li daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış, qeydiyyat tarixi xx.xx.2015-ci il). Belə ki, mübahisəli ev tarixsiz olaraq Axund X6 adına ilkin qeydiyyatdan keçmiş, 31 saylı DNK-nın 2v-80 reyestr nömrəli xx.xx.2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən xx.xx.2015-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi idarəsinin xx.xx.2016-cı il tarixli **********69 nömrəli məktubunda mübahisəli evin Axund X6 adına ilkin qeydiyyatdan tarixsiz olaraq qeydiyyatdan keçməsi qeyd olunsa da, Cavabdeh Başçısının xx.xx.1989-cu il tarixli 25/14 №-li Sərəncamında həmin evin Axund X6 adına Bələdiyyəsizləşdirilmiş tikililərin reyestrində xx.xx.1947-ci il tarixdə qeydiyyatdan keçməsi qeyd olunur (kitab № 118, səh. 3168). Mübahisəli ev (№129) Axund X6 mülkiyyətində olan zaman 131 №-li evdə yaşayan qonşu X7 Bakı şəhəri Oktyabr rayon xalq deputatları Sovetinin İcraiyyə Komitəsinə müraciət edərək mübahisəli evin boş olduğunu qeyd edərək həmin evin əsaslı təmir etməsinə icazə istəmişdir. Bakı şəhəri Oktyabr rayon xalq deputatları Sovetinin İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli Sərəncamı ilə mübahisəli evin sahibsiz ev olduğu, təmirə ehtiyacı olduğu, Xələfova Rəfiqənin ev şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olduğu nəzərə alınaraq sonuncuya həmin evin bərpaedici işlərinin görülməsinə icazə verilmişdir. Sonradan Axund X6 vərəsələri Oktyabr rayon xalq deputatları Sovetinin İcraiyyə Komitəsinə müraciət edərək həmin evin Axund X6 mülkiyyətində olmasını və həmin evi tələb etdiklərini qeyd etmişlər. Bakı şəhəri Oktyabr rayon xalq deputatları Sovetinin İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli Sərəncamı ilə xx.xx.1989-cu il tarixli Sərəncam ləğv edilmiş, 129 №li evin texniki pasportuna uyğun bütün tikililərin Axund X6 vərəsələrinə məxsus olması hesab edilmiş, xx.xx.1989-cu il tarixli Sərəncamınicrasında iştirak edən təqsirkar şəxslərin cəzalandırılması Mənzil Təsərrüfatı İdarəsinin rəisinə tapşırılmışdır. Məhz bu Sərəncamda mübahisəli evin Axund X6 adına Bələdiyyəsizləşdirilmiş tikililərin reyestrində xx.xx.1947-ci il tarixdə qeydiyyatdan keçməsi qeyd olunmuşdur (kitab № 118, səh. 3168). Bakı şəhəri Oktyabr rayon xalq deputatları Sovetinin İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli Sərəncamının ləğv edilməsinə baxmayaraq X1 Rayon İcra Hakimiyyətinə müraciət edərək bildirmişdir ki, Oktyabr RlK-nin xx.xx.1989-cu il tarixli 12/11 saylı qərarı ilə ona mənzilinə bitişik 24.5 m2 sahəni təmir etməyə icazə verilmiş, həmin sahəni təmir edib yaşayış üçün yararlı hala salmış, onu yaşayış fondunun balansına qəbul edib mənzilinin üzərinə əlavə etməyi xahiş etmişdir. R.Xələfovanın 10 nəfər ailə tərkibi ilə yaşayış sahəsi 21.0 m2 olan bir otaqlı mənzildə yaşaması, həyat yoldaşının birinci qrup əlil olması nəzərə alınaraq İdarələrarası komissiya həmin sahənin yaşayış fondunun balansına qəbul edilməsinin mümkünlüyü haqqında rəy vermişdir. Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2000-ci il tarixli 923 №-li Sərəncamına əsasən M.Muxtarov 131 №-li evdə 11 m2 1 otaq, 10.5 m giriş və 3.0 m2 sanitar qovşağının yaşayış fondunun balansına qəbul edilməsinin mümkünlüyü haqda idarələrarası komissiyanın rəyi təsdiq edilərək, həmin sahələr yaşayış fondunun balansına qəbul edilmiş və həmin evdə yaşayan X3 mənzilinin üzərinə əlavə edilmiş, o, yaşayış sahəsi 32.0 m2 olan 2 otaqlı mənzilin kirayəçisi sayılmışdır. Sonuncu Sərəncam əsasında ünvan 2 saylı ünvanda yerləşən ümumi sahəsi 54.86 kv.m. olmaqla, yaşayış sahəsi 32.0 kv.m. olan 2 otaqlı mənzil xx.xx.2001-ci il tarixdə X2 adına ilkin qeydiyyatdan keçmiş, 5 saylı DNK-nın 4Ə-3-347 reyestr nömrəli xx.xx.2006-cı il tarixli alğı-satqı müqaviləsinə əsasən mənzilin 1 otağı X4 adına qeydiyyatdan keçmiş, 5 saylı DNK-nın 4Ə-3-391 reyestr nömrəli xx.xx.2009-cu il tarixli alğı-satqı müqaviləsinə əsasən mənzilin 1 otağı X12 adına qeydiyyatdan keçmiş, 9 saylı DNK-nın 4Ə-6-825 reyestr nömrəli xx.xx.2010-cu il tarixli alğı-satqı müqaviləsinə əsasən sözügedən mənzil tam olaraq xx.xx.2010-cu il tarixdə X12 adına qeydiyyatdan keçmiş və hal-hazırda mülkiyyətindədir. Cəfərov X16 Rayon Məhkəməsinə iddia ilə müraciət edərək ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin cavabdeh X12 qeyri-qanuni sahibliyindən götürülməsi, evin əvvəlki vəziyyətinə qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması, cavabdeh X11 maddi ziyanın tutulması, M.Muxtarov küçəsində yerləşən 129 saylı evə dair X5 xx.xx.2001-ci il tarixdə verilmiş çıxarışın ləğv edilməsi, X7 ilə X10 arasında bağlanmış xx.xx.2006-cı il tarixli, X10 ilə X18 arasında bağlanmış xx.xx.2010-cu il tarixli alqı- satqı müqavilələrinin etibarsız hesab edilməsi və xx.xx.2010-cu il tarixli çıxarışın ləğv edilməsini xahiş etmiş, cavabdeh X10 İddiaçı qarşı Bakı şəhəri xx xxxxxxxx 2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və xx.xx.2015-ci il tarixli Çıxarışın etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələbi irəli sürmüşdür. Yasamal Rayon Məhkəməsinin 2(004)- 1297/2016 №-li iş üzrə qəbul etdiyi xx.xx.2016-cı il tarixli qətnaməsi ilə hər iki iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsilə İddiaçı apelyasiya şikayəti təmin edilməmiş və Yasamal Rayon Məhkəməsinin adıçəkilən qətnaməsi mübahisələndirilən hissədə - ilkin iddianın təmin olunmaması hissəsində dəyişdirilmədən saxlanılmışdır. Adıçəkilən məhkəmə aktlarında Rəfiqə Xələfovanın mübahisəli mənzilə mülkiyyət hüququ Cavabdeh xx.xx.2000-ci il tarixli 923 saylı sərəncamı əsasında yaranmışdır. Yasamal Rayon Məhkəməsinin 2(004)-1297/2016 №-li, xx.xx.2016-cı il tarixli qətnaməsinin 8-ci səhifəsinin yuxardan 2-ci abzasında aşağıdakılar qeyd olunmuşdur: «Göründüyü kimi, xx.xx.2000-ci il tarixli sərəncamında istinad olunan xx.xx.1989-cu il tarixli qərar xx.xx.1989-cu il tarixli qərarla ləğv olunmuşdur. Lakin qeyd olunmalıdır ki, R.S.Xələfovanın mülkiyyət hüququ ləğv edilmiş qərar əsasında deyil, xx.xx.2000-ci il sərəncamı əsasında qeydə alınmışdır. Həmçinin vurğulanmalıdır ki, xx.xx.1989-cu il tarixli qərarın bir sıra qurumlara göndərilməsi nəzərdə tutulsa da, onun R.S.Xələfovaya göndərilməsi barədə hər hansı bir göstərişin verildiyi, R.S.Xələfovanın xx.xx.1989-cu il tarixli qərardan xəbərdar olduğu müəyyən edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən, R.S.Xələfovanın adına verilmiş xx.xx.2001-ci il tarixli Qeydiyyat vəsiqəsinin ləğv edilməsi barədə tələb təmin oluna bilməz». İddiaçı cavabdehin sərəncamı əsasında mülkiyyət hüquqularının pozulması ilə əlaqədar kompensasiyanın ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh xx.xx.2016-cı il tarixli və xx.xx.2019-cu il tarixli məktubları ilə iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. İşin faktiki halları ilə müəyyən olunur ki, iddiaçı mübahisəli evin mülkiyyətçisi olmaqla faktiki olaraq Cavabdeh xx.xx.2000-ci il tarixli 923 №-li Sərəncamı əsasında məhrum olmuşdur. Halbuki, qeyd edilən mübahisəli sərəncam Cavabdeh xx.xx.1989-cu il tarixli, 25/14 №-li qərarı ilə ləğv edilmiş xx.xx.1989-cu il tarixli, 12/11 №-li sərəncam əsasında qəbul edilmişdir. Yuxarıda adıçəkilən qanuni qüvvəsini almış məhkəmə aktlarından sonra iddiaçının xüsusi mülkiyyətində olan daşınmaz əmlakı geri qaytarmaq hüququ itirilmişdir. Azərbaycan Respublikası İPM-in 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 36.2-ci maddəsinə görə müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. “İnzibati İcraat haqqında” Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Kollegiya hazırki iş üzrə Cavabdeh xx.xx.2000-ci il tarixli 923 №-li sərəncamının maddi normaların tələblərinin pozulması ilə qəbul edildiyini, həmin sərəncamın icrası nəticəsində iddiaçının öz mülkiyyət hüququndan məhrum olunduğunu və iddiaçının hüquqi marağının məhz həmin inzibati akt nəticəsində dəymiş zərərin ödənilməsi ilə bağlı olduğunu nəzərə alaraq hesab edir ki, cavabdehin qeyd olunan sərəncamı qanunsuz inzibati akt hesab edilməlidir. Məhkəmə cavabdehin apelyasiya şikayətində qeyd etdiyi, eləcə də məhkəmə kollegiyasının iclasında təqdim etdiyi hazırki iddia üzrə iddia müddətinin tətbiq edilməsi barədə vəsatətlə razılaşmır. Belə ki, cavabdehin qeyd etdiyi iddia müddəti mübahisələndirmə haqqında iddia növü üzrə iddianın mümkünlük şərti kimi çıxış edir. Hazırki iş üzrə iddiaçının sərəncamla bağlı iddia tələbi yuxarıda qeyd edildiyi kimi müəyyən etmə və ya tanınma haqqında iddia növünə, zərərin ödənilməsi ilə bağlı tələbi isə kompensasiya ödənilməsi barədə iddia növünə aid aiddir, hər iki iddia növü üzrə isə qanunvericilik iddia müddəti ilə bağlı şərt nəzərdə tutmamışdır. “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən «Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. “Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında maddi zərərlə bağlı göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Qeyd edilən maddələrin məzmununa görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Kollegiya işin faktiki hallarına qeyd edilən hüquq normaları çərçivəsində qiymət verərək bu qənaətə gəlir ki, iddiaçı cavabdehin qanunsuz sərəncamı nəticəsində mülkiyyətindən məhrum olduğu, bununla da ziyan dəymə faktı ilə cavabdehin hərəkətləri arasında bilavasitə səbəbli-nəticə əlaqəsi sübuta yetirildiyindən iddiaçı məhrum olduğu əmlakın dəyərinin kompensasiya edilməsini tələb etməkdə haqlı olmuşdur. Kollegiya əmlakın dəyəri ilə bağlı iddiaçı və cavabdehin apelyasiya şikayətindəki mövqeyi ilə razılaşmayaraq və hazırki iş üzrə qiymətləndirmə təyin edilməsinə zərurət görməyərək hesab edir ki, əmlakın sökülməsinə görə kompensasiya Bakı şəhəri üzrə aparılmış söküntü işləri ilə bağlı qəbul olunmuş ümumi qiymətlər əsasında hesablanmalıdır. Belə ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının 76 nömrəli, xx.xx.2011-ci il tarixli sərəncamına əsasən Azərbaycan Respublikası Maliyyə Nazirliyi ilə əldə olunmuş razılığa və Səməd Vurğun, Şəmsi Bədəlbəyli, M.Füzuli, Mirzağa Əliyev, Dilarə Əliyeva, Rəsul Rza, Şamil Əzizbəyov, Süleyman Rəhimov, İslam Səfərli, X19, Mirzə İbrahimov küçələrində yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin qiymətləndirilməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx xxxxxx 2011-ci il tarixli, **********27 saylı məktubunda göstərilən ünvanlarda yerləşən mülkiyyətçilərə məxsus yaşayış və qeyri-yaşayış sahələrinin hər kvadrat metri üçün 1500 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, Bakı şəhərinin mərkəzi küçələrində yerləşən yaşayış sahələrinin köçürülməsi üçün hər kv.m. üçün 1500 manatdan hesablandığı halda hazırki iş üzrə iddiaçının mülkiyyətində olan əmlakın hər kv metri üçün 1500 manat hesablanmaqla 39 000 manat məbləğində kompensasiya ödənilməsi (26 kv.m.x1500 man) ağlabatan və ədalətli əvəzi kimi qəbul edilə bilər. İddiaçı əmlakın 3-cü şəxslər tərəfindən 17 il müddətində istifadəsinə görə 51 000 manat məbləğində kompensasiyanın ödənilməsini tələb etsə də həmin məbləğin hesablanması əsaslarına dair sübut təqdim etmədiyindən birinci instansiya məhkəməsi haqlı olaraq iddianı həmin hissədə təmin etməmişdir. İddia tələbinin mənəvi ziyanın ödənilməsi hissəsinə gəlincə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair xx xxxxx 2020-ci il tarixli Qərarında göstərmişdir ki, Mülki Məcəllənin 21-ci maddəsi ilə isə hüquqa zidd əməl nəticəsində yaranan maddi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ yaranırsa, həmin Məcəllənin 23-cü maddəsinə uyğun olaraq şəxs mənəvi zərərin ödənilməsini tələb edə bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarının 8-ci bəndinə əsasən, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyrimüəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqa zidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqa zidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. Hazırki iş üzrə məhkəmə araşdırması ilə müəyyən olunur ki, iddiaçının mülkiyyət hüququ cavabdehin qanunsuz sərəncamı nəticəsində pozulmuşdur. Bunun nəticəsində iddiaçının fiziki və mənəvi iztirablar keçirməsi aşkardır. Bu halda kollegiya iddiaçıya mənəvi ziyanın təzminatı olaraq 1000 manat məbləğində pulun tutulmasını ədalətli hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməməli, cavabdehin apelyasiya şikayəti qismən təmin edilməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərarı “Cavabdeh Başçısının xx.xx.2000-ci il tarixli 923 saylı sərəncamının etibarsız hesab edilməsi öhdəliyinin Bakı şəhər Cavabdehnə həvalə edilməsi” hissəsində dəyişdirilməli, Cavabdeh Başçısının xx.xx.2000-ci il tarixli 923 saylı sərəncamı qanunsuz hesab edilməli, qərar qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Cavabdeh apelyasiya şikayəti qismən təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-130/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu tarixli qərarı “Cavabdeh Başçısının xx.xx.2000-ci il tarixli 923 saylı sərəncamının etibarsız hesab edilməsi öhdəliyinin Bakı şəhər Cavabdehnə həvalə edilməsi” hissəsində dəyişdirilsin. Cavabdeh Başçısının xx.xx.2000-ci il tarixli 923 saylı sərəncamı qanunsuz hesab edilsin. Qərar qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Cahangir Yusifov Hakim: Xəyalə Cəmilova
Məhkəmə qərarları › İş №2-1(103)-1334/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1334/2020
07.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver