Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1334/2023 18.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X8 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X6 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 Əliabbas oğlu, İddiaçı3, İddiaçı4 Əliabbas qızının cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxs X4) “çıxarışın ləğvi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9003/2022 saylı, 17 oktyabr 2022-ci il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçılar İddiaçı1, İddiaçı2 Əliabbas oğlu, İddiaçı3, İddiaçı4 Əliabbas qızının cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, mübahisəli bağ evinin ilkin hüquqi qeydiyyatına alınmasına dair X2 adına Sərəncam verilmişdir. İddiaçılar hazırda həmin evdə faktiki yaşamırlar. Belə ki, onların həmin evdən qeydiyyatdan çıxarılması müvafiq məhkəmə qətnaməsi əsasında həyata keçirilmişdir. İddiaçılar hesab edir ki, yerli icra hakimiyyəti orqanı tərəfindən Sərəncam qəbul edilərkən onların hüquqları nəzərə alınmamış və nəticə etibarı ilə üçüncü şəxsin bağ evi üzərində mülkiyyət hüquqları qeydə alınmışdır ki, hazırki mərhələdə bu qeydin mövcudluğu onların hüquqlarının pozulmasına səbəb olur. İddiaçılar çıxarışın ləğv edilməsi ilə əlaqədar cavabdeh inzibati orqana müraciət etsələr də, sonuncu onların müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçılar hesab edir ki, cavabdehin imtinası əsassızdır və onların hüquqlarının pozulmasına səbəb olur. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə hazırki iş üzrə X1 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi (zəruri cəlbetmə) qərara alınmışdır. Cavabdeh iddia tələbinə etirazı onunla əsaslandırılmışdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Bununla bağlı iddiaçılara məktub ünvanlanmışdır. Bundan başqa məlumat üçün bildirilir ki, Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, 4589 T saylı bağ evi hüquqmüəyyənedici sənədlər əsasında X2 adına ********* qeydiyyat nömrəsi ilə xx.xx.2018-ci il tarixdə qeydiyyatdan keçmişdir, hazırda onun mülkiyyətindədir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9003/2022 saylı, 17 oktyabr 2022-ci il tarixli qərardadı (hakim O.Həsənov) ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçılar ondan apellyasiya şikayəti verərək, ləğv edilməsi və iddianın mümkün sayılması barədə iş üzrə yeni qərardad qəbul edilməklə işin birinci instansiya məhkəməsinə geri qaytarılmasını xahiş etmişlər. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, iddiaçılar və üçüncü şəxs X5 məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası iddiaçıların subyektiv hüquqa malik olmaması əsası ilə mümkün sayılmaması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Bununla əlaqədar iddianın mümkünlüyü ilə bağlı Məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İşin araşdırılmış hallarından görünür ki, üçüncü şəxsin bağ evi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasının əsasında Bakı şəhəri Pirallahı rayon İcra Hakimiyyəti başçısının 23 yanvar 2018-ci il tarixli, 07 №-li Sərəncamı dayanır. Adı çəkilən Sərəncam ilə vətəndaş X5 tərəfindən Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsində istifadəsində olan 2.234,20 kv.m torpaq sahəsində inşası başa çatdırılmış bir mərtəbəli fərdi yaşayış evi və həyətyani sahəsindəki tikililər təqdim edilən layihə əsasında ilkin hüququnun qeydiyyata alınması qərara alınmışdır. Cavabdeh həmin Sərəncamı hüquqmüəyyənedici sənəd qismində qəbul edərək mübahisəli bağ evi üzərində üçüncü şəxsin mülkiyyət hüquqlarını qeydə alınmış və müvafiq çıxarış ilə rəsmiləşdirmişdir. Bununla bağlı Məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 №-li Qərarının 15-ci bəndində nəzərdə tutulmuşdur: “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Beləliklə, Məhkəmə kollegiyası qeyd edir ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini isə inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların faktiki xarakterli hərəkətləri təşkil edir. İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi qəbul edilmiş akt yalnız o zaman inzibati akt dəyəri daşıyacaqdır ki, o, ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilməli və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratmalıdır. Beləliklə, inzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən mülkiyyət hüququna dair dövlət reyestrində aparılmış qeydiyyatların və bununla bağlı verilmiş çıxarışların mübahahisələndirilməsinə dair iddialar üzrə nəzərə alınmalıdır ki, həmin çıxarışlar hər zaman inzibati akt kimi çıxış etmirlər. Şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində hüquqa dair aparılmış qeydiyyat və buna dair verilmiş çıxarış o halda inzibati akt hesab edilə bilər ki, inzibati orqan məhz qanunun verdiyi hakimiyyət səlahiyyətlərinin həyata keçirilməsi nəticəsində həmin qərarı qəbul etmiş olsun. Hazırki halda, üçüncü şəxsin adına qeydiyyat aparılarkən və çıxarış verilərkən əsas kimi sərəncam götürülmüşdür. Ona görə də, üçüncü şəxsin adına qeydiyyatı apararkən və çıxarışı verərkən inzibati orqan tərəfindən hər hansı inzibati aktın qəbul edilməsindən söz edilə bilməz. Bu halda, inzibati orqan tərəfindən hər hansı hakimiyyət səlahiyyətlərinin həyata keçirilməsi halı və onun nəticəsində qəbul edilmiş qərar mövcud deyildir. Çıxarışın verilməsi inzibati orqan tərəfindən qanunvericiliyin tələb etdiyi qeydiyyatla bağlı texniki vəzifələrin yerinə yetirilməsindən irəli gəlir. Ona görə də, Məhkəmə kollegiyası inzibati akt hesab edilə bilməyəcəyinə görə çıxarışın ləğvi tələbinə mahiyyəti üzrə baxılmamalıdır. Bu zaman həmçinin iddiaçıya qeydiyyatın əsasını təşkil edən sərəncamın mübahisələndirmək hüququ izah olunmalıdır. İddiaçı çıxarışın verilməsinə əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərin ləğvinə və ya etibarsızlığına nail olduqdan sonra həmin hala istinadla qeydiyyatın və çıxarışın ləğvinə dair inzibati orqana müraciət etməli, həmin müraciəti təmin edilmədikdə isə inzibati orqanın hərəkətini məhkəmədə mübahisələndirməlidir. Bununla belə iş materiallarından göründüyü kimi üçüncü şəxsin adına verilmiş və çıxarışın verilməsinə əsas olan Bakı şəhəri Pirallahı rayon İcra Hakimiyyəti başçısının 23 yanvar 2018-ci il tarixli, 07 №-li Sərəncam hal-hazırda qüvvədədir. Belə ki, hazırki iş üzrə iddiaçılar Bakı şəhəri Pirallahı rayon İcra Hakimiyyəti başçısının 23 yanvar 2018-ci il tarixli, 07 №-li Sərəncamının ləğv edilməsi öhdəlinin cavabdeh Pirallahı RİH-nin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişlər, məhkəmənin 02 oktyabr 2019-cu il tarixli qərardadı ilə iddia mümkün sayılmamış, məhkəmənin sözügedən qərardadı Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 06 dekabr 2019-cu il tarixli qərardadı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır, həmçinin AR Ali Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 06 dekabr 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmələrin mövqeyi o istiqamətdə olmuşdur ki, iddiaçıların Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsində 4589 T saylı fərdi yaşayış evinə dair hüquqi bağlılıqları olmamışdır. Bu səbəbdən də onlara münasibətdə hər üç instansiya məhkəməsi onların subyektiv hüquqa malik olmadığı qənaətinə gəlmişdir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olduğundan qərardadı dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin olunmamalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9003/2022 saylı, 17 oktyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-1334/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1334/2023
18.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver