Məhkəmə qərarları › İş №2-1(103)-1335/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1335/2021

01.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1335/2021 01.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlundan və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “malın gömrük dəyərinin yenidən müəyyən edilməsi, artıq tutulmuş pulun geri qaytarılması ” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli, 2-1(112)-3293/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı 13.02.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, gömrük orqanının qanunsuz hərəkətləri və qanunvericiliyin düzgün tətbiq edilməməsi nəticəsində səhv hesablanmış malın gömrük dəyərinin yenidən sənədlər əsasında müəyyən edilməsi, malın gömrük dəyərinin düzgün müəyyən edilməməsinə görə ondan artıq tutulmuş 4249,44 manat dəyərində ƏDV-nin və 38,46 manat əməliyyat haqqının, ümumilikdə, 4287,9 manat məbləğin ona geri qaytarılması barədə cavabdehin üzərinə öhdəlik qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 13.05.2019-cu il tarixində X1 dünya reytinqli İAA inc (X3) şirkətindən şəxsi istifadəsi üçün 2017-ci il buraxılışlı “X4” markalı VİN:SALRGBBV2HA043325 avtomobili almışdır. Ödəniş şərtlərinə uyğun olaraq 13.05.2019-cu il tarixində Azərbaycan Beynəlxalq Bankından İAA şirkətinin bank hesabına 19290 (on doqquz min iki yüz doxsan) ABŞ dolları qabaqcadan beynəlxalq köçürmə vasitəsi ilə köçürmə etmişdir. Bundan əlavə həmin avtomobilin Gürcüstan Respublikasının “Poti” limanına çatdırılmasına görə “X5 İNC” şirkətinə 1370 (bir min üç yüz yetmiş) ABŞ dolları və “Poti” limanından Bakı şəhərinə çatdırılma üçün əlavə olaraq 500 (beş yüz) ABŞ dolları ödəniş etmişdir. Həmin avtomobilin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə gətirilməsinə qədər, ümumilikdə, 21160 (iyirmi bir min bir yüz altmış) ABŞ dolları məbləğində xərc çəkilmiş və avtomobilin dəyəri formalaşmışdır. Hər kəsin bildiyi kimi Amerika bazarında qəzalı avtomobillər bütün dünyaya daha münasib qiymətə satılır. İddiaçının aldığı sözügedən avtomobilin sol hissəsi ciddi zədə aldığından rəsmi sənədlərdən də göründüyü kimi həmin avtomobili 19290 (on doqquz min iki yüz doxsan) ABŞ dollarına almışdır. Daha sonra aldığı avtomobili 20.08.2019-cu il tarixində gömrük qeydiyatına alınması üçün Avtomobil Nəqliyyat İdarəsinə gətirdikdə, texniki eyniləşdirmə şəhadətnaməsi aldıqdan sonra avtomobilə 57000 (əlli yeddi min) ABŞ dolları dəyər qoyulmuşdur. İki dəfə Dövlət Gömrük Komitəsinə qeyd etdiyi məsələ ilə bağlı müraciət və şikayət məktubu yazmağına baxmayaraq, iddiaçıya oxşar məzmunlu cavab məktubu verilmiş, rəhbər vəzifəli şəxslərin qəbulunda olan zaman **********7902 23.05.2019-cu il tarixdə buraxılış ili 2018-ci il olan “X4”, **********2654 10.05.2019- cu il tarixdə bazar dəyəri iddiaçının avtomobilindən iki dəfə çox, buraxılış ili 2017-ci il olan “X7 Rover” avtomobilinə 31862.31 ABŞ dolları dəyər qoyulmuş, 11.03.2019-cu il tarixində 590685 ANGİ gömrük vəsiqəsi ilə rəsmiləşən “X4” buraxılış ili 2017-ci il olan avtomobilləri aşağı qiymətə gömrük dəyərinin müəyyən edilməsi sualına hər hansı cavab tapılmamışdır. Ancaq indiki halda iddiaçının aldığı maşına münasibətdə gömrük orqanı 35000 ABŞ dolları dəyər qoyulmasının hansı üsulla müəyyən edildiyini izah edə bilmir. Ona görə ki, gömrük orqanı qeyd etdiyi qanunvericiliyin tələblərini pozmaqla gömrük dəyəri müəyyən etmişdir. Qanunvericiliyin tələblərindən də göründüyü kimi iddiaçının aldığı mala münasibətdə faktiki ödənilmiş məbləğə dair sənədləri olduğuna görə müvafiq qiymət tənzimlənməsi aparılmaqla malın gömrük dəyəri müəyyən edilməlidir. Belə ki, iddiaçı tərəfindən malın alınmasına 19290 ABŞ dolları, əlavə olaraq “Gömrük tarifi haqqında” Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş xərclərdən həmin avtomobilin daşınması ilə bağlı 1370 ABŞ dolları, əlavə olaraq 500 ABŞ dolları, ümumilikdə, 21160 ABŞ dolları ödəniş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli, 2-1(112)-3293/2020 nömrəli qərarı ilə (hakim M.Qarayeva) İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “malın gömrük dəyərinin yenidən müəyyən edilməsi, artıq tutulumuş pulun geri qaytarılması barədə öhdəliyin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı 12.03.2021-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli, 2-1(112)-3293/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir (apellyasiya şikayəti İddiaçı Ramazad qızı göstərilməklə imzalanmışdır). İddiaçı apellyasiya şikayətinin mümkünlük məsələsinə baxılması ilə əlaqədar məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin mümkün sayılmamasını xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini nəzərdən keçirərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti mümkün sayılmamalı və apellyasiya şikayəti onu verən şəxsə qaytarılmalıdır. Belə ki, iş materiallarında olan iddia ərizəsindən göründüyü kimi , ərizə iddiaçının nümayəndəsi Nümayəndə1 tərəfindən imzalanmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti İddiaçı göstərilməklə imzalansa da, vizual baxışdan iddia ərizəsində və apellyasiya şikayətində olan imzaların eynilik təşkil etdiyi müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti iddiaçının adı göstərilməklə Nümayəndə1 tərəfindən imzalanmışdır. İş materiallarında olan AR-İ № 843911 seriya və nömrəli 02.08.2019-cu il tarixli İddiaçı tərəfindən verilmiş Getia Gochaya, Nümayəndə1 və Nümayəndə2 Sərhəd oğluna verilmiş etibarnaməyə əsasən həmin etibarnamənin iddiaçını müvafiq məhkəmə instansiyalarında təmsil etmək səlahiyyəti qeyd edilməmişdir. Göründüyü kimi Nümayəndə1 İddiaçı müvafiq məhkəmə instansiyalarında təmsil etmək, onun adından iddia ərizəsi vermək, məhkəmə aktlarından şikayət vermək hüquqları qeyd edilən etibarnamədə təsbit olunmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti onu imzalamaq səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. İşin apellyasiya icraatı zamanı apellyasiya şikayətinin mümkünlük məsələsi ilə bağlı məhkəmə iclası təyin edilmiş və bu barədə məhkəmə bildirişi iddiaçının ünvanına (Bakı şəh., Yasamal ray., H.Məcidov küç., ev 3, mən. 271) eyni zamanda Nümayəndə1 ünvanına (ünvan 3 17) göndərilmişdir. İddiaçıya göndərilmiş bildiriş (ştrix kod – SS645074177AZ) “ünvan düzgün deyil” qeydi ilə geri qayıtmışdır. Digər ünvana göndərilmiş bildiriş isə “ (ştrix kod – SS645074185AZ) müvafiq xəbərnamə ilə məhkəməyə qayıtmışdır. Eyni zamanda məhkəmə tərəfindən SMS xəbərdarlıq bildirişləri göndərilmişdir. İddiaçı və Nümayəndə1 lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq apellyasiya mümkünlüyü məsələsi ilə bağlı məhkəmə iclasında gəlməmiş və apellyasiya şikayətini imzalayan şəxsin səlahiyyətini təsdiq edən hər hansı sənəd-sübut təqdim edilməmişdir. Bu səbəbdən iddiaçının apellyasiya şikayəti mümkün sayılmamalı, apellyasiya şikayətinin qəbulundan imtina edilərək, şikayət onu verən şəxsə qaytarılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı İnzibati Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli, 2-1(112)-3293/2020 nömrəli qərarından İddiaçı apellyasiya şikayəti mümkün sayılmasın. Apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Apellyasiya şikayəti onu verən şəxsə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar