Məhkəmə qərarları › İş №2-1(103)-1335/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1335/2022

07.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1335/2022 07.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi QəniYev Hacıoğlan Baba oğlunun iştirakı ilə İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “inzibati aktın ləğv edilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1023/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək və sonradan iddia tələbini dəqiqləşdirərək cavabdehin 02 iyun 2020-ci il tarixli **********161400 saylı qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir İddia onunla əsaslandırmışlar ki, cavabdeh kameral yoxlamaya istinadən xx.xx.2020ci il tarixli **********968300 saylı qərarı əsasında İddiaçı MMC-yə 46.311,46 manat mənfəət vergisi hesablamışdır. Həmin qərar vergi qanunvericiliyinin tələblərinə ziddir. İddiaçı Vergi Məcəlləsinin 131- ci, 132-ci və 133-cü maddələrinə uyğun olaraq kassa metodu ilə işləyir. Şirkətin aktiv bank hesabı "xxxx" QSC-dədir. Şirkətin bütün maliyyə əməliyyatları yalnız bank vasitəsi ilə, köçürmə yolu ilə həyata keçirilmişdir. İddiaçı MMC-nin daxilolmaları və xərcləri “Yapıkredi Bank”dakı hesabı vasitəsilə həyata keçirildiyini nəzərə alaraq daxilolmaları və xərcləri aşağıdakı kimi həyata keçirilmişdir: 2019-cu ilin gəlirləri və xərcləri: Gəlir - 504.265,50, EQF-lara əsasən ölkə daxili alınmış materiallar – 266.308,18, YGB-ləri ilə alınmış materiallar – 139.084,05, Üzləmə fasad işləri EQF-lara əsasən 71.850, Əmək haqqı – 26.030, SMF-na 5.266,65, Bank xərcləri -6.862,87, cəmi xərclər - 515 401,75. 5. Vergi Məcəlləsinin 130.4-cü maddəsinə əsasən vergi ödəyicisi vergi ili ərzində eyni metodu tətbiq etmək şərti ilə vergilərin uçotunu kassa metodu və ya hesablamalar metodu ilə apara bilməsi də imperativ normadır. Vergi orqanı hansı əsasla İddiaçı MMCyə mənfəət vergisi hesablayıb? Vergi orqanı İddiaçı MMC-nin bank hesabına daxil olan və hesabdan çıxan bütün əməliyyatlara tam rahatlıqla nəzarət edə bilir. Vergi orqanı gəlirlərinin və xərclərinin üzrə hər hansı bir əməliyyatları mübahisələndirməmişdir. Mübahisələndirmə olmadan mənfəət vergisi barədə inzibati akt qəbul etmişdir. Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, Vergi ödəyicisi tərəfindən xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə 2019-cu il üçün təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisi bəyannamələrində göstərilmiş rentabellik səviyyəsinin (çəkilmiş xərclərə görə tətbiq edilmiş ticarət əlavəsi) aşağı olduğu, yəni bəyannamənin xərclər hissəsinin 221.4-cü sətrində malın dəyəri üzrə 477.242,23 manat xərc məbləği göstərilməsinə baxmayaraq, bəyannamənin gəlirlər hissəsində ümumilikdə 504.265,50 gəlir məbləği qeyd olunduğu müəyyən edilmişdir. . Lakin hesabat dövrü ərzində vergi ödəyicisi tərəfindən elektron qaimə- faktura əsasında satılmış mallar barədə baza məlumatlarına əsasən malların təqdim edilməsindən (işlərin görülməsi, xidmətlərin göstərilməsi) 642.107,58 manat gəlir əldə edildiyi müəyyən edilmişdir. Nəticədə vergi ödəyici tərəfindən malların təqdim edilməsi üzrə əldə olunan gəlirlə bəyannamədə əks etdirilmiş gəlirlə arasında 137.842,08 manat fərq olduğu aşkarlanmışdır. qeyd edilən uyğunsuzluq üzrə hər hansı təsdiqedici sənədlər təqdim edilmədiyindən Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə mübahisələndirilən qərarla 2019-cu ilin mənfəət vergisi bəyannaməsinə 46.311,46 manat hesablanmışdır. Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin 2-1(112)-1023/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdehin 02 iyun 2020-ci il tarixli **********161400 saylı qərarı ləğv edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin («İPM») tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki,«… kameral uyğunsuzluq məktubunda da qeyd edildiyi kimi vergi ödəyicisinin elektron-qaimə faktura əsasında satılan mallarının məbləği ilə mənfəət vergisi bəyannaməsində bəyan edilən gəliri arasında 137.842,08 manat fərq yaranmışdır. Kassa metodu ilə uçotu həyata keçirən vergi ödəyicisi tərəfindən qaimə-faktura əsasında təqdim edilən mallar üzrə ödənişin həyata keçirilməyən məbləğinin bəyannamənin 01 saylı Əlavəsinin debitor borcu adlanan 1.4-cü sətrində qeyd edilməsi tələb olunur. Lakin vergi ödəyicisi tərəfindən bəyannamənin debitor borcu adlanan sətrində hər hansı məbləğ əks olunmadığı halda məhkəmənin kassa metodu ilə uçota əsaslanmaqla verginin hesablanmasını qanunsuz hesab etməsi əsaslı deyildir. Belə ki, məhz yaranmış fərq vergi ödəyicisinin vergidən yayınma faktını birmənalı təsdiq etməsinə baxmayaraq məhkəmə əsassız olaraq bank hesabı və ya kassa hesabına pul vəsaitinin daxil olmaması səbəbindən qərarın ləğvi barədə nəticəyə gəlmişdir. Bir halda ki, vergi ödəyicisi vergidən yayınır, təbii olaraq pul vəsaitin daxil olmasının qanunvericiliyin tələbinə uyğun olaraq rəsmiləşdirilməsi işin şübhə doğuran halıdır və bu hal məhkəmə araşdırmasının predmetini təşkil etməli idi. Beləliklə, mübahisələndirilən qərar üzrə hesablaşmanın həyata keçirilməsinə əsas olmuş hallar məhkəmə tərəfindən araşdırılmamış və qərarın qəbulu zamanı nəzərə alınmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2021/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmin qərardan cavabdeh vergi orqanı apellyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-30/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə apellyasiya məhkəməsinin qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün göndərilmişdir. Ali Məhkəmə qərarında hüquqi mövqeyi ilə bağlı qeyd etmişdir ki, “...22. Məhkəmə kollegiyası, ilk növbədə qeyd edir ki, işin hallarının araşdırılması prinsipinin tələbləri iddianın mümkünlük şərtlərinin yoxlanılmasına da aiddir.

23. İddiaçının adından prosessual nümayəndə kimi çıxış edən şəxsin səlahiyyətlərinə dair (xüsusilə də iddia ərizəsini, iddia ərizəsinə dəyişikliklər edilməsi barədə ərizələri imzalamaq barədə) verilmiş etibarnamənin etibarlılığı apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmamışdır. Belə ki, iddiaçı hüquqi şəxs tərəfindən verilmiş etibarnamələrin heç birində onun verildiyi tarix göstərilməmişdir. Bağlandığı tarix göstərilməyən etibarnamə əhəmiyyətsizdir (MM-in 363.1-ci maddəsi). Beləliklə, iddia ərizəsi və iddia ərizəsinə dəyişikliklər edilməsi barədə ərizələr buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır.

24. Mübahisənin mahiyyətinə gəldikdə, cavabdeh apellyasiya şikayətinin dəlili kimi qeyd etmişdir ki, kameral uyğunsuzluq məktubunda da qeyd edildiyi kimi vergi ödəyicisinin elektron-qaimə faktura əsasında satılan mallarının məbləği ilə mənfəət vergisi bəyannaməsində bəyan edilən gəliri arasında 137842,08 manat fərq yaranmışdır. Kassa metodu ilə uçotu həyata keçirən vergi ödəyicisi tərəfindən qaimə- faktura əsasında təqdim edilən mallar üzrə ödənişin həyata keçirilməyən məbləğinin bəyannamənin 01 saylı Əlavəsinin debitor borcu adlanan 1.4-cü sətrində qeyd edilməsi tələb olunur. Lakin vergi ödəyicisi tərəfindən bəyannamənin debitor borcu adlanan sətrində hər hansı məbləğ əks olunmadığı halda, məhkəmənin kassa metodu ilə uçota əsaslanmaqla verginin hesablanmasını qanunsuz hesab etməsi əsaslı deyildir. Belə ki, məhz yaranmış fərq vergi ödəyicisinin vergidən yayınma faktını birmənalı təsdiq etməsinə baxmayaraq, məhkəmə əsassız olaraq bank hesabı və ya kassa hesabına pul vəsaitinin daxil olmaması səbəbindən qərarın ləğvi barədə nəticəyə gəlmişdir. Bir halda ki, vergi ödəyicisi vergidən yayınır, təbii olaraq pul vəsaitinin daxil olmasının qanunvericiliyin tələbinə uyğun olaraq rəsmiləşdirilməsi məsələsi işin şübhə doğuran halıdır və bu hal məhkəmə araşdırmasının predmetini təşkil etməli idi…» Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayəndəs H.Qəniyev apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək, kameral yoxlama ilə iddiaçıya hesablanmış vergi məbləğinin Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə müvafiq olaraq analoji qaydada, oxşar təsərrüfat fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi "xxxx" MMC-nin hesabatının (bəyannaməsin) göstəriciləri əsasında kameral bəyannamə tərtib edildiyini və həmin bəyanməyə əsasən 2019-cu ildə gəlirinin iddiaçının 746.959,05 manat məbləğində təşkil etdiyi aşkar olunmuş və debitor borclarının mövcud olmadığı nəzərə alınmaqla, xərcləri də nəzərə alınmaqla onun 231.557,30 manat xalis gəlirindən 20 faiz dərəcəsi ilə dövlət büdcəsinə ödəməli olduğu 46.311,46 manat mənfəət vergisi hesablanmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddiaçının kassa metodu ilə işlədiyini və hesabına pul vəsaiti daxil olduğu halda, vergiləri ödəmək öhdəliyinin yarandığını bildirərək, hesab etmişdir ki, qeyd olunan verginin hesablanmasına əsas olan pul vəsaiti iddiaçının hesabına daxil olmadığına görə kameral qaydada iddiaçıya hesablanmış 46.311,00 manat məbləğində mənfəət vergisi əsassızdır.Ona görə də şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, İPM-in 96.11-ci maddəsinin tələbləri qaydasında Ali Məhkəmənin qeyd olunan hüququi mövqyei nəzərə alınmaqla iş materialları təkrar apellyasiya qaydasında araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın qismən təmin olunması barədə yeni qərar çıxarılmalıdır. İşə təkrar apellyasiya qaydasında baxılarkən, məhkəmə kollegiyasının xx.xx.2022-ci il tarixdə keçirilən iclasında iştirak edən iddiaçının qanuni təmsilçisi (direktoru) X1 ərizə ilə məhkəməyə müraciət edərək hüquqlarını müdafiə etmiş və hal-hazırda da onu təmsil edən nümayəndəsi Vəkil Əjədər oğlu tərəfindən onun adından Bakı İnzibati Məhkəməsində cavabdeh vergi orqanına qarşı qaldırılan iddianı qəbul etdiyini və onu bəyəndiyini qeyd edərək, etibarnamə ilə ona iddianı imzalamaq, dəyişmək, barışıq sazişi bağlamaq, iddiadan imtina etmək sələahiiyyətini verdiyini bildirmişdir. Bu baxımdan, məhkəmə kollegiyası Mülki Məcəllənin 358.2-ci maddəsinin tələbini nəzərə alaraq, iddiaçı adından birinci instansiya məhkəməsinə təqdim olunmuş Vəkil tərəfindən imzalanmış iddia ərizəsinin, habelə işə baxılması ilə əlaqədar onun tərəfindən imzalanmış ərizələri (vəsatətləri), izahatları iddiaçının adından verilmiş kimi qəbul edir və iddia ərizəsinə mümkün iddia kimi birinci instansiya məhkəməsi tərəfindən baxılması kimi qiymətləndirir və hazırkı mərhələdə cavabdehin birinci instansiya məhkəməsinin əqrarından verdiyi şikayəti üzrə apellyasiya iccraatını mümkün hesab edir. İşin mahiyyəti ilə əlaqədar isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerinə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Həmin Məcəllənin 149.1.1 və 149.2-ci maddəsinə əsasən rezident müəsissələr hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayraq vergi orqanlarına mənfəət vergisi bəyannaməsi verirlər. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı tərəfindən 2020-ci ilin 14 aprel ayında vergi orqanına 2019-cu il üçün dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edildikdən sonra, cavabdeh tərəfindən kameral yoxlama aparılaraq, nəticələrinə dair xx.xx.2020-ci il tarixində “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 02 iyun 2020-ci il tarixli **********161400 saylı qərar qəbul olunmuşdur xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixənə-dək 48 təqvim günü var. Həmin təqvim günlərindən 19 günü istirahət 29 günü isə iş günləridir. Belə olan halda, Məcəllənin 30.2-ci maddəsi baxımında kameral yoxlamanın 30 iş günü həddində keçirildyi müəyyən olunur. Cavabdehin iddiaçı tərəfindən mübahisələndtirilən işə əlavə olunmuş həmin qərarından görünür ki, iddiaçıya 2019-cu ilin vergi dövrü üçün əlaqəli məlumatlara əsasən 46.311,46 manat məbləğində əlavə vergi məbləği hesablanmışdır. Cavabdeh iddia ərizəsinə etirazınnda və apellyasiya şikayətində həmin məbləğin hesablanmasına əsas olan hallara aydınlıq gətirərək qeyd edir ki, iddiaçının vergi orqanına təqdim etdiyi mənfəət vergisi bəyannaməsinin xərclər hissəsinin 221.4-cü sətrində malın dəyəri üzrə 477.242,23 manat xərc məbləği, gəlirlər hissəsində isə ümumilikdə, 504.265,50 gəlir məbləği qeyd edildiyi halda, əlaqəli məlumatlara, o cümlədən, baza məlumatlarına əsasən həmin hesabat dövründə onun elektron qaimə-fakturalarla malların təqdim edilməsindən 642.107,58 manat gəlir əldə etdiyi müəyyən olunmuş, nəticədə, bəyannamədə əks etdirilmiş gəlirlə, əldə olunan faktiki gəlir arasında 137.842,08 manat fərq olduğu aşkar olunmuş, həmin uyğunsuzluqla bağlı iddiaçıdan təsdiqedici sənədlər tələb olunsa da, sonuncu tərəfindən belə sənədlər vergi orqanına təqdim edilməmiş, nəticədə vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 37, 67-ci, 83-cü maddələrinə əsasən iddiaçıya vergi orqanı tərəfindən qeyd olunan xx.xx.2020-ci il tarixli qərar qəbul edilməklə, 2019-cu il üçün 46.311,46 manat məbləğində mənfəət vergisi hesablanmışdır. Cavabdehin 46.311,46 manat məbləğində mənfəət vergisinin hesablanması ilə bağlı birinci instansiya məhkəməsinə və hazırkı mərhələdə məhkəməyə təqdim etdiyi sənədlərə əsasən müəyyən olunur ki, qeyd olunan vergi məbləği analoji fəaliyyət növü ilə məşğul olan vergi ödəyicisi «BM Construction” MMC-nin xx.xx.2020-ci il tarixində vergi orqanına təqdim etdiyi hesabat məlumatları əsas götürülməklə, kameral qaydada vergi orqanı tərəfindən 2019-cu ilin mənfəət vergisinə dair bəyannamə tərtib edilmişdir. Həmin bəyannamədən isə görünür ki, iddiaçı tərəfindən malların təqdim edilməsindən əldə etdiyi gəlir 746.959,05 manat, xərcləri 515.401,75 manat, əldə etdiyi xalis glir 231.557,30 (746.959,05-515.401,75) manat məbləğində müəyyən olunmaqla, bu sonuncu gəlir məbləğindən isə Vergi Məcəlləsinin 105.1-ci maddəsinə müvafiq olaraq 20 faiz dərəcəsi ilə 46.311,46 manat büdcəyə ödənilməli olan mənfəət vergisi məbləği hesablanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin qeyd olunan hesablama qaydası heç də işin həqiqi hallarını əks etdirə bilməz. Belə ki, cavabdehin iddia ərizəsinə etirazının və apellyasiya şikayətinin üst-üstə düşən dəlilərindən aydın olur ki, iddiaçının 2019-cu il üçün təqdim etdiyi bəynnamədə göstərdiyi gəlirinin azaldılması, vergi orqanında barəsində mövcud olan baza məlumatlarına əsasən elektron qaimə-fakturalar əsasında malların təqdim edilməsindən (işlərin görülməsi, xidmətlərin göstərilməsi) 642.107,58 manat gəlir əldə etdiyi, nəticədə, onun təqdim etdiyi bəyannaməsində əks etdirilmiş gəlirlə, faktiki gəliri arasında 137.842,08 manat fərq olduğu müəyyən edildiyi halda, iddiaçıya analoji fəaliyyətlə məşğul olan «BM Construction” MMC-nin hesabat məlumatlarından istifadə edilməklə mənfəət vergisi hesablanmışdır. Halbuki, işin 147-150-ci vərəqlərində olan baza məlumatlarına (çıxarış), habelə, hazırkı mərhələdə məhkəməyə təqdim olunmuş 2019-cu ildə təqdim olunmuş malların cədvəl məlumatlarına əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən 2019-cu il ərzində 29 elektron vergi hesab faktura əsasında ümumilkdə, 642.107,58 manat məbləğində mal təqdim edildiyi müəyyən olunur. Belə olan halda, malların təqdim edilməsindən əldə olunmuş həmin 642.107,58 manat gəlirdən iddiaçının dəqiqləşdirilmiş vergi bəyannaməsi üzrə bəyan etdiyi 515.401,75 manat məbləğində xərcləri çıxıldıqda, onun xalis gəliri 126705,83 manat, həmin məbləğdən də, Vergi Məcəlləsinin 105.1-ci maddəsinə əsasən 20 faiz dərəcəsi ilə büdcəyə hesablanmalı olan mənfəət vergisinin məbləğinin 25.341,16 manat təşkil etdiyi müəyyən olunur. Vergi Məcəlləsinin 67.1 və 67.1.1- 67.1.2 və 67.1.5-ci maddəsinin tələblərindən görünür ki, bu Məcəllənin 37.4-cü göstərilən hallarda vergi orqanı vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri, vergi ödəyicisinin gəlirləri, təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlardan istifadə etməklə ödənilməli olan verginin məbləğini hesablamaq hüququ vardır. Konkret halda isə cavabdeh özündə mövcud olan əlaqəli məlumatlara əsasən birbaşa iddiaçının 2019-cu ildə mallar təqdim etdiyi mallara görə iddiaçının gəlirini və büdcəyə ödənilməli olan mənfəət vergisini dəqiqliyi ilə müəyyən etməyə imkanı olduğu halda, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin («BM Construction”MMC-nin) vergi orqanında olan məlumatlarından istifadə edilərək vergi hesablanmasına üstünlük vermişdir. Halbuki, Vergi Məcəlləsinin 67.4-cü maddəsinin tələbinə görə vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır. Göründüyü kimi, vergi orqanının iddiaçının 2019-cu il tarixdə təqdim etdiyi mallar barədə cavabdeh vergi orqanında kifayət qədər dəqiq olan əlaqəli məlumatlara əsasən dövlət büdcəsinə ödənilməli olan mənfəət vergisinin 25.341,16 manat təşkil etdiyini müəyyən etməsi mümkün olduğu halda, həmin məlumatları kənarda qoymuş, Vergi Məcəlləsinin qeyd olunan tələblərinə zidd olaraq analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin («BM Construction”MMC-nin) hesabat məlumatlarına istinadən, iddiaçıya 46.311,46 manat (yəni, 20.970,29 manat artıq) mənfəət vergisi hesablamışdır. Beləliklə də göstərilənlər onu deməyə əsas verir ki, cavabdehin 02 iyun 2020-ci il tarixli **********161400 saylı qərarı 20.970,29 manat məbləğində mənfəət vergisinin hesablanması hissəsində əsassızdır. Çünki, əlaqəli məlumatlara əsasən büdcəyə ödəməli olduğu mənfəət vergisinin 25.341,16 manat təşkil etdiyi sübuta yetirilir. Məhkəmə kollegiyası iddiaçı tərəfin kassa metodu ilə fəaliyyət göstərdiyini və ödənişlər təqdim olunduğu halda onunvergi öhdəliyinin yarandığını, belə ödənişlərin hesabat ilində isə mövcud olmadığını mübahisələndirməsi ilə əlaqədar onu qeyd edir ki, konkret halda, kassa metodu ilə vergiləri ödəyən iddiaçı tərəfindən “qaimə-faktura əsasında təqdim edilən mallar üzrə ödənişin həyata keçirilməyən məbləğinin” vergi orqanına təqdim edilən bəyannamənin 01 saylı Əlavəsinin “debitor borcları” adlanan 1.4cü sətrində qeyd edilməsi tələb olunur. İddiaçı tərəfindən isə belə qeyd bəyannamənin debitor borcu adlanan həmin sətrində əks etdirilməmişdir. Bununla da iddiaçı özü təsdiq etmiş olur ki, 2019-cu ildə təqdim etdiyi 642.107,58 manat məbləğində mallar üzrə ödənişləri almışdır. Birinci instansiya məhkəməsinin qərarından isə görünür ki, birincisi, iddiaçının iddia ərizəsini imzalayan və onu təmsil edən nümayəndəyə verilən etibarnamənin etibarlılığını yoxlamamış, ikincisi, işə mahiyyəti üzrə baxılarkən də bütün faktiki hallar araşdırılmamış, ümumiyyətlə, işdə olan sübutlara düzgün hüquqi qiymət verilməmiş, nəticədə, iddianın tam təmin olunması barədə, maddi və proesssual hüquq normalarının pozulması ilə qərar qəbul olunmuşdur. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin hesablamanın həyata keçirilməsinə əsas olmuş halların məhkəmə tərəfindən araşdırılmadığını, maddi və prosessual hüquq normalarının pozulması ilə qərar qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə qismən razılaşır və yekunda belə qənaətə gəlir ki, onun şikayəti qismən təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1023/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ləğv edilməli, iddianın qismən təmin olunmalı, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 02 iyun 2020-ci il tarixli **********161400 saylı qərarı 20.970,29 manat məbləğində mənfəət vergisinin hesablanması hissəsində ləğv olunmalı, qərar qalan (25.341,16 manat məbləğində mənfəət verginin hesablanması) hissəsində dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddia qalan hissədə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Q Ə R A R A A L D İ:

Cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1023/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı MMC-nin iddia tələbi qismən təmin edilsin. Cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 02 iyun 2020-ci il tarixli **********161400 saylı qərarı, 20.970,29 manat məbləğində mənfəət vergisinin hesablanması hissəsində ləğv edilsin. Qərar qalan (25.341,16 manat məbləğində mənfəət verginin hesablanması) hissəsində dəyişdirilmədən qüvvədə saxlanılsın. İddia tələbi qalan hissədə rədd edilsin. Hazırkı qərardan təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəhəriapellyasiya şikayətinin , Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cahangir Yusifov

Hakimlər: Həmid Həmidov

Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar