Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1336/2020 23.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Quluzadə Günel Cəbrayil qızının katibliyi, İddiaçıların vəkili Nümayəndə, Cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Səbail rayon İcra Hakimiyyətinə, Bakı şəhər İcra Hakimiyyətinə (üçüncü şəxs: Azərbaycan Respublikası Maliyyə Nazirliyi) qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1523/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli qərarından iddiaçılar və cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Səbail rayon İcra Hakimiyyətinə, Bakı şəhər İcra Hakimiyyətinə qarşı 3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi işə cəlb edilməklə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək İddiaçı1 və İddiaçı2 mülkiyyət hüququ ilə məxsus Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən birgə sahəsi 0.12 ha olan torpaq sahəsinin Səbail rayonu İcra Hakimiyyəti tərəfindən qanunsuz olaraq zəbt edilməsi nəticəsində iddiaçılara dəymiş 560 000 AZN həcmində maddi ziyanın, birlikdə 60 000 AZN həcmində mənəvi zərərin, ümumilikdə isə 620 000 AZN kompensasiya məbləğinin cavabdehlərdən tutularaq birgə iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2016-cı il tarixində keçirilmiş hazırlıq icraatı mərhələsində məhkəmə iclası zamanı iddiaçıların nümayəndəsi Nümayəndə məhkəməyə ərizə təqdim edərək, Bakı Şəhəri İcra Hakimiyyətinin 2-ci cavabdeh qismində işə cəlb edilməsi, X5 3-cü şəxslər siyahısından çıxarılmasını, iddia tələbinin hər iki inzibati orqana Səbail rayon İcra Hakimiyyətinə və Bakı Şəhəri İcra Hakimiyyətinə qarşı yönəldilməsinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmənin həmin tarixli qərardadı ilə ərizə icraata qəbul edilmiş, iş üzrə X8 3-cü şəxslər siyahısından çıxarılmış, Bakı Şəhəri İcra Hakimiyyəti iş üzrə ikinci cavabdeh qismində işə cəlb edilmiş və iddiaçıların iddia tələbləri hər iki iddiaçıya aid edilmişdir. Sonradan, xx.xx.2016-cı il tarixində iddiaçıların nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə müraciət edərək, məhkəmədən birgə iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyət hüququ ilə məxsus Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən hər biri 0,6 ha olmaqla birgə sahəsi 0,12 ha olan torpaq sahəsinin Bakı Şəhər İcra Hakimiyyəti və Səbail Rayonu İcra Hakimiyyəti tərəfindən qanunsuz olaraq zəbt edilməsi və birgə iddiaçıları qanunsuz olaraq mülkiyyət hüquqlarından məhrum etmələri nəticəsində birgə iddiaçılara dəymiş ziyanı təşkil edən 336 000 AZN həcmində torpağın bazar dəyərinin, bazar qiymətinə əlavə olan 20% hissəni təşkil edən 67 200 AZN məbləğini, o cümlədən, birlikdə 60 000 AZN həcmində dəymiş mənəvi zərərin, cəmi məbləği 463 200 AZN həcmində kompensasiya məbləğinin cavabdeh Səbail Rayonu İcra Hakimiyyətindən və Bakı Şəhər İcra Hakimiyyətindən müştərək qaydada tutularaq birgə iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi və ona əlavələr onunla əsaslandırılmışdır ki, Səbail rayonu, Badamdar qəsəbəsi 3-cü yaşayış massivi ünvanında iddiaçılara məxsus və onların qanuni mülkiyyətində olan hər biri 0,06 ha olmaqla cəmi 0,12 ha torpaq sahəsi 2011-ci ildə Səbail Rayon İcra Hakimiyyəti tərəfindən zəbt olunaraq üzərində məktəb binası inşa edilmişdir. Sözügedən torpaq sahəsinin vətəndaşların qanuni mülkiyyətində olmasını hər iki vətəndaşın adına müstəqil verilmiş çıxarışlar təsdiqləyir. Birgə iddiaçıların mülkiyyətində ümumilikdə 0,12 ha torpaq sahəsinin olması onu deməyə əsas verir ki, Səbail RİH-in özbaşınalığı zamanı onlar 0,12 ha torpaq sahəsindən məhrum olmuşdur. Plan və ölçü isə hüquqmüəyyənedici sənəd deyildir və qanunvericilikdə, ümumiyyətlə, onun tələb edilməsi nəzərdə tutulmamışdır. Birgə iddiaçılara məxsus torpaq sahəsinin hər nə qədər Səbail RİH bəhanə məqsədilə buna şübhə etsə də, məhz məktəb binası tikilən ərazidə yerləşməsi birbaşa sübutlarla təsdiqlənir. Həmin sübutlardan biri Badamdar qəsəbə nümayəndəliyinin 184 və 185 saylı xx.xx.2014-cü il tarixli məktublarında da öz təsdiqini tapmışdır. İddiaçıların qənaətinə görə, Səbail RİH-ə plan-sxemin təqdim edilməsinin heç bir hüquqi əhəmiyyəti olmayacaqdır. Çünki, zəbt olunmuş torpaq sahəsinin həcmi bilindiyi üçün dəymiş ziyanın da həcmi məlumdur. İlkin iddia ərizəsində dəymiş maddi ziyanın həcmi birgə iddiaçılar tərəfindən “X7” MMC tərəfindən hazırlanmış qiymətləndirmə hesabatına müvafiq olaraq 1 sot üçün 28000 manat həcmində qiymətləndirilsə də, məhkəmə qiyməti şişirdilmiş hesab edərək yeni qiymətləndirmə ekspertizası təyin edilməsini məqsədəmüvafiq hesab etmiş və nəticədə torpağın bazar dəyərinin müəyyən edilməsi üçün müvafiq qiymətləndirilmənin aparılmasını müvafiq qərardadla “X2” İctimai Birliyinə həvalə etmişdir. Həmin ictimai birlik tərəfindən təqdim edilmiş yeni qiymətləndirmə hesabatına görə 0,1 ha torpağın qiyməti Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində 2016-cı il üçün ortalama qiyməti 1 sot üçün 21000 manat həcmini təşkil edir. Lakin, ekspert rəyi heç də hər zaman məhkəmə üçün mütləq deyildir. Məhkəmə nəzərə almalıdır ki, bu gün, yəni 2016-cı il tarixində Azərbaycan Respublikasında gedən iqtisadi proseslər çərçivəsində daşınmaz əmlak bazarının qiyməti aşağı düşmüşdür. İddiaçılar ikinci qiymətləndirmənin nəticəsi ilə razı olmadıqlarını qeyd edərək məhrum olduqları torpaq sahəsinin x xxxxxxx 28000 manat hesablanaraq müvafiq kompensasiyanın verilməsini tələb edirlər. Nəticə etibarilə kompensasiyanın məbləği 1 sot üçün 28000 manat təşkil etməklə 12 sot üçün cəmi 336000 manat həcmində təşkil etməlidir. Cavabdeh Səbail rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, Səbail rayon X1 qəsəbəsi, 3-cü yaşayış massivində Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən torpaq ayrılmamışdır. Bu torpaqlar Badamdar Bələdiyyəsinin mülkiyyətinə ayrılmış ərazinin hüdudlarından kənardadır və iddiaçılar tərəfindən təqdim olunan sözügedən qərarlar qanunsuzdur. Həmçinin, İddiaçı1 adına qeydiyyata alınmış torpaq sahəsinin 3-cü yaşayış massivində yerləşməsini, digər İddiaçı2 adına qeydiyyata alınmış torpaq sahəsinin isə məktəb və uşaq bağçasının yerində yerləşən torpaq sahəsi ilə üst-üstə düşməsini təsdiq edən heç bir sübut iddiaçılar tərəfindən təqdim edilməmişdir. Habelə, iddiaçıların istinad etdiyi 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli qərarı maddi və prosessual hüquq normalarını pozmaqla qəbul edilmişdir. Belə ki, həmin qərarlar qəbul edilərkən Səbail RİHin qanunla qorunan mənafelərinə toxunsa da, məhkəmələr sonuncunu məhkəmə icraatına cəlb etməmişlər. Yuxarıda göstərilənlərə əsasən, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia ərizəsi əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1523/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, MH seriyalı ******* saylı çıxarış əsasında İddiaçı1 mülkiyyətində olmuş 0,06 ha torpaq sahəsinə görə 60.000 manat kompensasiya, habelə dəymiş mənəvi zərərə görə 2000 manat cavabdehlər Bakı Şəhər İcra Hakimiyyətindən və Səbail Rayon İcra Hakimiyyətindən müştərək qaydada İddiaçı1 xeyrinə tutulmuş, MH seriyalı ******* saylı çıxarış əsasında İddiaçı2 mülkiyyətində olmuş 0,06 ha torpaq sahəsinə görə 60.000 manat kompensasiya, habelə dəymiş mənəvi zərərə görə 2000 manat cavabdehlər Bakı Şəhər İcra Hakimiyyətindən və Səbail Rayon İcra Hakimiyyətindən müştərək qaydada İddiaçı1 xeyrinə tutulmuş, iddia qalan hissələrdə rədd edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Səbail RİH müvafiq sərəncamla ayrılmış torpaq sahəsində iddiaçıların mülkiyyət hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasının qarşısının alınması istiqamətində tədbir görmədiyindən və torpaq sahəsinin dəyərini ödəmədən orada tikinti işləri apardığından iddiaçılar məhrum olduqları mülkiyyətlərinə görə kompensasiya tələb etməkdə haqlı olmuşlar. Bundan əlavə, mülkiyyətçiyə daşınmaz əmlakın bazar qiymətinin 20%-i miqdarında satınalma qiymətinə əlavə haqq ödənilməsi üçün ilk növbədə həmin daşınmaz əmlak dövlət ehtiyacları üçün alınmalıdır. Lakin, hazırda mübahisələndirilən torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması haqqında Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qərar qəbul edilmədiyindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunla nəzərdə tutulmuş 20% əlavənin ödənilməsi hissəsində iddia təmin edilə bilməz. Həmçinin, iddiaçıların torpaq sahələrində 2011-ci ildə heç bir əvəzi ödənilmədən və ya başqa torpaq sahəsi ayrılmadan məktəb binasının tikilməsi onlar üçün mənəvi zərərə görə hər iddiaçı üçün 2000 manat məbləğində kompensasiyanın ödənilməsi ağlabatan hesab edilmişdir. Həmin qərardan narazı qalan iddiaçıların nümayəndəsi və cavabdehlər Bakı Şəhər İcra Hakimiyyəti və Səbail Rayonu İcra Hakimiyyəti apellyasiya şikayətləri vermişlər. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə üçün iş üzrə mühüm əhəmiyyətli olan faktiki hallar tam aydınlaşdırılmış, birgə cavabdehlərin qanunsuz əməlləri öz sübutunu tapmış, lakin, məhkəmə kompensasiyanın məbləğində olduqca ədalətsiz davranmışdır. İşdə olan sübutlarla, əsaslarla təsdiqlənir ki, mülkiyyətçilərin mülkiyyət hüququ pozulmuşdur. Bu pozuntu faktı da öz təsdiqini məhkəmənin verdiyi qiymət əsasında tapmışdır. 85000 AZN-ə alınmış və məhz bu məbləğə alındığı notarial alqı-satqı müqaviləsi ilə təsdiqlənmiş məbləğ məhkəmənin kompensasiyanın məbləğinin təyini zamanı nəzərə alınmamışdır. Məhkəmə dənizə 2-ci sırada yerləşən və bu gunki gün də öz bazar dəyərini qoruyub saxladığı torpaq sahəsini 60 000 dəyərində qiymətləndirmişdir. Birgə iddiaçılar sözügedən torpaq sahəsinin müvafiq ekspert-qiymətləndirilməsini aparmışdır. Lakin, bu qiymətləndirmədən narazı qalan məhkəmə öz təşəbbüsü ilə də müvafiq ekspert qiymətləndirilməsi təyin etmişdir. Məhkəmənin təyin etdiyi qiymətləndirmə ilə birgə iddiaçılara təqdim edilmiş qiymətləndirmə məbləği nisbətən bir-birinə yaxın olmuşdur, lakin məhkəmə onları nəzərə almayaraq Maliyyə Nazirliyinin verdiyi rəqəmi əsas götürərək yekunda Maliyyə Nazirliyinin verdiyi dəyər əsasında qərar çıxarmışdır. Qanunun analogiyasını tətbiq edərək iddiaçıya həmin torpağın bazar qiymətinin 20 faiz miqdarında kompensasiya ödənilməlidir. Həmin torpağın bazar qiymətinin (336.000 min manat) 20%-ni (67.200) manat təşkil edir. Beləliklə, iddiaçıları qanunsuz şəkildə torpaq sahəsindən məhrum edən cavabdeh qurum iddiaçılara (336.000+67.200) 403.200 manat ödəməlidir. Səbail rayon icra Hakimiyyəti birgə iddiaçılara onların torpağını qanunsuz zəbt etmək müqabilində kompensasiya verməməklə artıq 6 ildir ki, hərəkətsizlik nümayiş etdirir. Cavabdeh əmlakın dövlət ehtiyacları üçün alındığı vaxt mülkiyyətçilərə ödənilməli olan kompensasiyaya dair qanunvericiliklə müəyyən edilən qaydaları belə tətbiq etməmişdir.İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Cavabdeh Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli Sərəncamı ilə “2011 -2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial- iqtisadi inkişafına dair” Dövlət Proqramı təsdiq edilmişdir. Bu proqram üzrə tədbirlər planının 2.9.32 və 2.9.37 bəndlərinə əsasən, Səbail rayonu, Badamdar qəsəbəsində 880 şagird yerlik ümumtəhsil məktəbinin və 120 yerlik uşaq bağçasının tikintisi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 1452 nömrəli, xx.xx.2011-ci il tarixli “Bakı şəhəri, Səbail rayonunun Badamdar qəsəbəsinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncamı ilə Bakı şəhərinin Səbail Rayonu İcra Hakimiyyətinə Badamdar qəsəbəsində yeni 120 yerlik uşaq bağçası və 880 şagirdlik ümumtəhsil məktəbi binalarının tikintisinə başlamaq üçün Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat məbləğində vəsait ayrılmışdır. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 283 nömrəli, xx.xx.2011-ci il tarixli “Səbail RİH-nə yeni məktəb və uşaq bağçası binasının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsinin daimi istifadəyə verilməsi haqqında” sərəncamı ilə Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yeni məktəb və uşaq bağçası binasının layihələndirilməsi üçün 1.280 ha torpaq sahəsi Səbail Rayon İcra Hakimiyyətinin daimi istifadəsinə verilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 283 nömrəli, xx.xx.2011-ci il tarixli sərəncamı verilərkən Səbail Rayon İcra Hakimiyyəti Başçısının məktubu əsas götürülmüş, məktubda isə həmin torpaq sahəsi boş sahə kimi göstərilmişdir. Bu səbəbdən də Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli ayrıc aktına əlavə edilmiş torpaq sahəsinin cizgisinə əsasən, torpaq sahəsi boş torpaq kimi göstərilmişdir. Mübahisəli torpaq sahələrinin cizgiləri olmamış, lakin sonradan müvafiq məhkəmə qərarı əsasında onlara cizgi verilmişdir. Bu məhkəmə proseslərinə Bakı Şəhər İcra Hakimiyyəti tərəf kimi dəvət olunmamışdır. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh Səbail Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işi tam və hərtərəfli araşdırmamış, iddiaçılara məxsus torpaq sahəsinin yeni məktəb və uşaq baxçası tikintisinin layihələndirilməsi üçün ayrılmış 1.1280 ha torpaq sahəsinin üst-üstə düşməsi barədə öz qərarında gəldiyi nəticələri mötəbər sübutla əsaslandırmamışdır. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxx 2017-ci il tarixli 2-1(103)-782/2017 saylı qərarı ilə iddiaçıların nümayəndəsinin və cavabdehlər Bakı Şəhər İcra Hakimiyyəti və Səbail Rayon İcra Hakimiyyətinin apellyasiya şikayətləri təmin edilməmiş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1523/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmin qərardan narazı qalan iddiaçılar və cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2017-ci il tarixli, 2-1(102)-1472/2017 saylı qərarı ilə kassasiya şikayətləri qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxx 2017-ci il tarixli 2-1(103)-782/2017 saylı qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Ali Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsi işdə olan rəyləri ətraflı tədqiq etməmiş, əlavə ekspertiza təyin edilməsinin zərurliyini, ümumiyyətlə, iddiaçıların zərərə məruz qaldığı vaxt və həmin vaxt torpaq sahəsinin dəyərini müzakirə etməmiş, istər ekspertiza rəylərində, istərsə də Maliyyə Nazirliyinin məktubunda iddiaçıların zərərə məruz qaldıqları vaxt torpaq sahəsinin qiyməti öz əksini tapmamış, iddiaçıların mülkiyyətində olan torpaq sahəsinin məktəb binası ilə üst-üstə düşməməsi barədə cavabdehin şikayətinin dəlillərini kifayət qədər ətraflı araşdırmamış, bununla bağlı ekspertiza təyin edilməsinin zəruriliyini müzakirə etməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(103)-198/2019 nömrəli qərarı ilə iddiaçılar və cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(81)-1523/2016 nömrəli qərarının kompensasiya məbləğinin ödənilməsi hissəsində dəyişdirilməsi, MH seriyalı ******* saylı çıxarış əsasında İddiaçı1 mülkiyyətində olmuş 0,06 ha. torpaq sahəsinə görə 120000 manat kompensasiya, MH seriyalı ******* saylı çıxarış əsasında İddiaçı2 mülkiyyətində olmuş 0,06 ha torpaq sahəsinə görə 120000 manat kompensasiyanın Bakı ŞİH və Səbail RİH-dən müştərək qaydada iddiaçıların xeyrinə tutulması, qərarın qalan hissədə dəyişdirilmədən saxlanılması, ekspertiza tədqiqatına görə 50 manat məbləğinin cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinin vəsaiti hesabına köçürülməsi qərara alınmışdır. İşin təkrar apellyasiya baxışı məhkəmə qərar qəbul edərkən hesab etmişdir ki, “X2” İB-nin xx.xx.2016-cı il tarixli, 199/06-16/E-27/-V ekspert rəyində təsbit olunan bazar qiymətinin həqiqiliyi daha reallığa uyğundur. Ona görə də, məhkəmə kollegiyası iddiaçılara məxsus torpağın hər 0,01 ha sahəsinin bazar qiymətini 20.000 manatdan qəbul edilməsini ağlabatan və bu hesabla iddiaçıların hər birinə real zərərin əvəzi olaraq 120.000 manat ödənilməsini ədalətli hesab etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(103)-198/2019 nömrəli qərarından iddiaçılar və cavabdeh Bakı ŞİH kassasiya şikayətləri vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx xxx 2020-ci il tarixli, 2-1(102)-823/2020 saylı qərarı ilə kassasiya şikayətləri qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2- 1(103)-198/2019 saylı qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Ali Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsi isə öz qərarında digər ekspert rəyləri ilə razılaşmamasının səbəblərini göstərməmiş, heç bir əsas olmadan digər rəylərlə müqayisədə mübahisəli əmlaka aşağı məbləğdə qiymət vermiş ekspert rəyinə istinad etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçıların vəkili Nümayəndə izahat verərək cavabdehin apellyasiya şikayətinə etiraz edərək, iddiaçının apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin nümayəndəsi X4 iddiaçının apellyasiya şikayətinə etiraz edərək, cavabdehin apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. İş üzrə üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq üçüncü şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşin faktiki hallarından görünür ki, DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı ******* və ******* saylı çıxarışların surətlərindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən hər birinin sahəsi 0,06 ha olan torpaq sahələri İddiaçı1 və İddiaçı2 mülkiyyətinə verilmişdir. DƏDRXnin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, A№116161 saylı torpaq sahəsinin planı və ölçüsünun notarial təsdinlənmiş surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən İddiaçı2 məxsus 0,06 ha torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Səbail RİH başçısının Badamdar qəsəbə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli 184 və 185 saylı məktubların surətlərindən görünür ki, iddiaçıların mülkiyyətlərində olan torpaq sahələrinin ümumtəhsil məktəbinin tikintisi üçün nəzərdə tutulmuş ərazidə yerləşdiyindən Badamdar qəsəbəsində başqa torpaq sahəsi və ya kompensasiya verilməsi ilə bağlı Səbail RİH-nə ünvanlanmış və qəsəbə nümayəndəliyinə daxil olmuş ərizələrə baxılaraq bildirilmişdir ki, məsələ ilə bağlı qəbul ediləcək qərarla bağlı əlavə məlumat veriləcəkdir. Səbail RİH tərəfindən iddiaçılara ünvanlanmış xx.xx.2015-ci il tarixli 4/10- C-7/4 saylı məktubun surətindən görünür ki, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən torpaq sahəsi üçün təzminat ödənilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından, Səbail RİH-yə xx.xx.2015-ci il tarixdə, C-7/4 saylı daxil olmuş ərizə ilə bildirilmişdir ki, qeyd olunan torpaq sahəsinin plan ölçüsü cizgisinin (döngə nöqtələrinin koordinatları göstərilməklə) rayon İcra hakimiyyətinə təqdim edildiyindən sonra qaldırılan məsələyə baxıla bilər. Səbail RİH tərəfindən iddiaçılara ünvanlanmış xx.xx.2015-ci il tarixli 6-C7/5 saylı məktubun surətindən görünür ki, iddiaçılara DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında Torpaq sahəsinin planı və ölçüsü barədə sənədlərin əslini (qaytarılmaq şərtilə) və ya təsdiqlənmiş surətlərini rayon İcra Hakimiyyətinə təqdim etdikdən sonra qaldırılmış məsələyə yenidən baxıla bilər. İşdə olan DƏDRX-nin Bakı şəhər Ərazi idarəsi tərəfindən iddiaçılara ünvanlanmış xx.xx.2012-ci il tarixli, **********82 saylı və xx.xx.2012-ci il tarixli **********58 saylı məktubların surətlərindən görünür ki, iddiaçılara məxsus torpaq sahələri üzərində inşa edilən məktəb binasının tikintisi ilə əlaqədar müvafiq araşdırmalar aparıldıqdan sonra müraciətlərdə qaldırılan məsələyə yenidən baxıla bilər. İddiaçı birinci instansiya məhkəməsinə kompensasiyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən əsaslı sayaraq, hesab etmişdir ki,iddiaçıların 600 kv.m torpaq sahələrinə mülkiyyət hüquqları tanındığından mülkiyyətlərində olmuş 600 kv.m torpaq sahələrinə görə 60.000 manat kompensasiyanın, habelə iddiaçılara mənəvi zərərə görə 2000 manat ödənilməsi hissəsində iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi nəticəsi ilə razılaşır və qeyd edir ki, iddiaçının mülkiyyət hüququ toxunulmazdır və mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağmədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1 və 1097.3-cü maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1113.1-ci maddəsinə əsasən birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş zərər üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli torpaq sahəsinin xüsusi mülkiyyət hüququ ilə iddiaçılara məxsus olması iş materiallarına əlavə edilmiş MH seriyalı ******* nömrəli, xx.xx.2007-ci il tarixli və MH seriyalı ******* nömrəli xx.xx.2007-ci il tarixli çıxarışlar ilə sübuta yetirilir. Kassasiya instansiyası məhkəməsi qərarında məhkəmələr tərəfindən işdə olan rəylərin ətraflı tədqiq etmədiyini, iddiaçıların zərərə məruz qaldığı vaxtı və həmin vaxta torpaq sahəsinin dəyərinin müzakirə etmədiyini, istər ekspertiza rəylərində, istərsə də Maliyyə Nazirliyinin məktubunda iddiaçıların zərərə məruz qaldıqları vaxt torpaq sahəsinin qiymətinin əksinin tapmadığını göstərmişdir. Beləliklə, kassasiya instansiya məhkəməsinin göstərişinə əsasən hazırkı iş üzrə apellyasiya baxışının predmetini iddiaçıların zərərə məruz qaldığı vaxt və həmin vaxta torpaq sahəsinin dəyərinin müəyyən edilməsi təşkil edir. İş materiallarına iddiaçı tərəfindən əlavə edilmiş “X6”nin xx.xx.2016-cı il tarixli, ƏEM/Y 13-013/16 nömrəli daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabata əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 0,12 ha (MH seriyalı ******* nömrəli və MH seriyalı ******* nömrəli çıxarışlara əsasən) torpaq sahəsinin dəyəri 360 000 (üç yüz altmış min) manat təşkil edir. Sonradan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2016-cı il tarixli 2-1(81)-1523/2016 nömrəli qərardadı ilə iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması “X2” İB-nin ekspertlərinə həvalə edilmişdir. “X2” İB-nin xx.xx.2016-cı il tarixli, 199/06-16/E-27/-V nömrəli ekspert rəyinə əsasən 0.06 ha sahəsi olan torpaq sahələri hər biri 126 000 (bir yüz iyirmi altı min) manat dəyərində qiymətləndirilmişdir. İddiaçılar tərəfindən təqdim edilmiş “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2016-cı il tarixli, 472, 473 nömrəli rəylərinə əsasən qeyd olunan 0.06 ha sahəsi olan torpaq sahələri hər biri 192 000 manat dəyərində qiymətləndirilmişdir.İddiaçıların nümayəndəsi tərəfindən təqdim edilmiş torpaq sahəsinin qiymətləndirilməsi barədə hesabatlar, habelə məhkəmə qərardadı əsasında verilmiş ekspert rəyində və cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş alqı-satqı müqavilələrindəki qiymətlər arasında fərqlər mövcud olduğundan, Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət edilmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin xx xxxxx 2016-cı il tarixli, DX-03/05-03-482 nömrəli məktubundan görünür ki, Bakı-Ələt avtomobil yolunun 2-4-cü km hissəsinin (“Dövlət Bayrağı Meydanı”nın ətrafında) yenidənqurulması layihəsi çərçivəsində Səbail rayonu, Bayıl qəsəbəsində layihə altına düşən xüsusi mülkiyyətdə olan torpaq sahələrinin hər 1 kv.metri üçün 100,0 manat qiymət müəyyən edilərək sakinlərə ödənilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan ekspert rəyləri arasında əhəmiyyətli ziddiyətlər var. İddiaçı tərəfindən təqdim edilmiş ekspert rəylərinin və birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş“X2” İB-nin ekspert rəyi üzrə ekspert tədqiqatı zamanı maliyyə orqanının mütəxəssisləri cəlb edilməmiş, hazırkı mübahisəyə analoji qiymətləndirmə praktikası araşdırılmamış və ekspertiza zamanı nəzərə alınmamışdır. Bu səbəbdən maliyyə orqanı tərəfindən verilmiş qiymətləndirmə analoji mübahisələr üzrə ödəniş praktikasını, iddiaçıların torpaq sahələrinin qeyd olunan dövrdə olan dəyərinin nəzərə aldığından kompensasiya ödənişi zamanı mötəbər sübut kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, işdə olan iddiaçılar tərəfindən təqdim edilmiş “X6” MMC-nin xx.xx.2016 tarixli, ƏEM/Y13-013/16 saylı daşınmaz əmlakın qiymətlədirilməsi barədə hesabatdan görünür ki, iddiaçılara məxsus 0,12 ha (0,06+0,06) torpaq sahələrinin xx.xx.2016-cı il tarixinə bazar qiyməti 360000 manat təşkil etmişdir. İşdə olan birinci instansiya məhkəməsinin xx.xx.2016-cı il tarixli qərardadına əsasən “X2” İctimai Birliyi tərəfindən aparılmış xx.xx.2016-cı il tarixli, 199/06-16/E-27/-V saylı ekspert rəyindən görünür ki, aparılan araşdırmalar və təhlillərə əsasən analoji obyektlərin müqayisəli satışı, torpaq sahəsinin yerləşdiyi ərazi, torpaq sahəsinin ölçüsü, təyinatı, kateqoriyası və s. xüsusiyyətlər nəzərə alınmaqla Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən torpağın 1 sotunun bazar qiyməti xx.xx.2016-cı il tarixinə - 20000-22000 manat, iddiaçılara hər birinə məxsus 0,06 ha torpaq sahəsinin real bazar dəyəri xx.xx.2016-cı il tarixinə 126000 manat təşkil etmişdir. İddiaçıların məhkəməyə təqdim etdikləri “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2016-cı il tarixli, 473 saylı iddiaçılara məxsus torpaq sahəsinin bazar dəyərinin müəyyən edilməsi barədə hesabatdan görünür ki, torpaq sahəsinin 0,01 ha-32000 manat x0,06ha=192000 manat təşkil etmişdir, sözügedən ərazidə 2011-ci ilə torpaq sahəsinin 2011-ci ilə x xxxx 40000 manat x 0.06ha=240000 təşkil edə bilərdi. İş materiallarından görünür ki, təkrar işə baxan apellyasiya məhkəməsinin məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin torpaq sahəsinin qiyməti ilə bağlı göstərişlərini nəzərə alaraq, xx.xx.2018-ci il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəməqiymətləndirmə ekspertizasını təyin etmişdir və ekspert qarşısında iddiaçılara məxsus torpaq sahəsinin onların zərərə məruz qaldığı vaxtda və hal-hazırda mübahisə olunan ərazidə torpaq sahəsinin real bazar qiyməti nə qədər təşkil etdiyi barədə sual qoyulmuşdur. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2018-ci il tarixli, 121M saylı rəyindən görünür ki, aparılmış araşdırmalar, təhlillər və hesablamalar nəticəsində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi İİİ yaşayış massivində yerləşən 0,12 ha torpaq sahəsinin xx.xx.2018-ci il tarixə bazar dəyəri 360000 manat müəyyən edilmişdir. Lakin “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC ekspert qarşısında qoyulan suala tam cavab vermədiyindən iş üzrə məhkəmənin xx.xx.2018-ci il tarixli qərardadı ilə əlavə məhkəmə-qiymətləndirmə ekspertizası təyin edilmişdir və ekspert qarşısında mübahisələndirilən torpaq sahəsinin iddiaçıların zərərə məruz qaldığı vaxtda mübahisə olunan ərazidə torpaq sahəsinin real bazar qiymətinin nə qədər təşkil etdiyi barədə sual qoyulmuşdur. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2018-ci il tarixli, 187M saylı rəyindən görünür ki, aparılmış araşdırmalar, təhlillər və hesablamalar nəticəsində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi İİİ yaşayış massivində yerləşən 0,12 ha torpaq sahələrinin iddiaçıların zərərə məruz qaldığı vaxtda (2011-ci il tarixdə) mübahisə olunan ərazidə torpaq sahəsinin real bazar dəyəri cəmi 336000 manat müəyyən edilmişdir. Göründüyü kimi, çoxsaylı ekspert və mütəxəssis qiymətləndirilmələri arasında əhəmiyyətli ziddiyətlər mövcud olmuş, həmçinin keçirilən qiymətləndirmələr hərtərəfli araşdırılma aparılmadan və maliyyə orqanının mütəxəssisinin iştirakı olmadan keçirilmiş, analoji işlər üzrə qiymətləndirmə praktikası nəzərə alınmamışdır. Bununla bağlı məhkəmə maliyyə orqanına sorğu ilə müraciət etmiş və AR Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin məhkəməyə ünvanlandığı xx.xx.2016-cı il tarixli, DX-03/05-03-482 saylı məktubunda göstərilən ünvanda torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması həyata keçirilmədiyinə görə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti həmin ünvanda hər hansı layihənin icrasında nəzarət qaydasında iştirak etmədiyini, bununla yanaşı, Bakı-Ələt avtomobil yolunun 2-4-cü km hissəsinin (“Dövlət Bayrağı Meydanı”nın ətrafında) yenidənqurulması layihəsi çərçivəsində Səbayıl rayonu, Bayıl qəsəbəsində layihə altına düşən xüsusi mülkiyyətdə olan torpaq sahələrinin 1 kv.metri 100,0 manat qiymət müəyyən edilərək sakinlərə ödənilmişdir. Göründüyü kimi, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin sorğuya cavabından müəyyən olunur ki, həmin dövrdə, yəni iddiaçıların zərərə məruz qaldığı vaxtda, göstərilən ərazidə digər layihə altına düşən xüsusi mülkiyyətdə olan torpaq sahələrinin 1 kv.metrin 100,0 manat qiymət müəyyən edilərək sakinlərə ödənilmişdir. Məhkəmə kollegiyası iddiaçının mənəvi zərərin ödənilməsi ilə bağlı olan dəlili ilə bağlı qeyd edir ki, iddiaçıların torpaq sahəsində qanunsuz olaraq tikinti işlərinin aparılmasını və iddiaçıların uzun müddət mülkiyyətlərindən istifadə hüquqlarından məhrum olunması faktlarını nəzərə alaraq mənəvi zərəri hər iddiaçı üçün 2000 (iki min) manat məbləğində qiymətləndirilməsini ağlabatan və əsaslı hesab edir. İddiaçının apellyasiya şikayətinin digər dəlili isə kompensasiya məbləğindən əlavə, torpaq sahəsinin dövlət ehtiyacları üçün alındığına görə əlavə bazar qiymətinin 20% məbləğində ödənişin həyata keçirilməsi öhdəliyi olmuşdur. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli torpağların dövlət ehtiyacları üçün alınması haqqında Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qərar qəbul edilməmişdir. Bakı şəhər Səbail Rayon İcra Hakimiyyətinin apellyasiya şikayətindən göründüyü kimi, şikayətin əsas dəlili qismində iddiaçılara məxsus torpaq sahəsinin məktəb və uşaq bağçası üçün ayrılan 1.1280 ha torpaq sahəsinin üst üstə düşüb-düşməməsini araşdırmadığını və qərarda gəldiyi nəticələrin mötəbər sübutlarla əsaslandırmadığını qeyd etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 10874 nömrəli, xx xxxxxxxx 2019-cu il tarixli ekspert rəyindən görünür ki, 1 saylı Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına əsasən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən (reyestr nömrəsi **********00) çıxarışla İddiaçı1 adına rəsmiləşdirilmiş 0.06 hektar torpaq sahəsi və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən (reyestr nömrəsi **********15) çıxarışla İddiaçı2 adına rəsmiləşdirilmiş 0.06 hektar torpaq sahəsi, məktəb tikintisi üçün ayrılması nəzərdə tutulan əraziyə dair verilmiş ayrıcın hüdudları daxilində yerləşir. Bundan əlavə, məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçıların mülkiyyətində olan torpaq sahəsində faktiki olaraq məktəb tikilisi mövcuddur. Odur ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə kollegiyası Bakı şəhər İcra Hakimiyyətinin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, şikayətin dəlilləri Səbail Rayon İcra Hakimiyyətinin apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır. İddiaçılara məxsus torpaq sahəsinin məktəb və uşaq bağçası üçün ayrılan 1.1280 ha torpaq sahəsinin üst üstə düşməsi iş materialları ilə sübut edildiyindən şikayətin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ və İV hissələrinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyət hüququna Azərbaycan Respublikası Konsitusiyası və qanunları ilə təminat verməklə yanaşı, bu hüquqa “İnsan hüquqları və Əsas Azadlıqların müdafiəsi haqqında” 1950-ci il Avropa Konvensiyasına aid Protokolun (Paris 20.İİİ.1952) 1-ci maddəsilə təminat verilir. Konvensiyaya aid Protokolun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların əmlak hüquqlarının pozulduğu vaxtda reallığı əks etdirən və dövlətin maliyyə şikayətlərini müəyyən edən bir qurumun, yəni Azərbaycan Respublikası Maliyyə Nazirliyinin mübahisə baş verən dövrdə müəyyən etdiyi qiymət siyasətinə uyğun olaraq iddiaçılara məxsus olmuş və üzərində məktəb binası inşa edilmiş torpaq sahələrinin hər 1 sotu (100 kv.m) üçün 10000 manat (0.06 ha üçün 60000 manat) hər iki cavabdehdən müştərək qaydada tutulmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası yekun olaraq bu qənaətə gəlir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas təşkil etmir. Buna görə də apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayətləri təmin edilməsin. Hazırkı iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1523/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1336/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1336/2020
23.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver