Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1336/2025 16.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialınin nümayəndəsi Nümayəndə3, Üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı (üçüncü şəxs: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı) xx.xx.2006-cı il tarixdən xx.xx.2011-ci ilədək olan dövr üçün iddiaçıdan tutulmuş, lakin ödənilməmiş məcburi sosial sığorta haqları nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 18 oktyabr 2024-cü il tarixli, 2-1(112)-9145/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə hazırki iş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı üçüncü şəxs qismində inzibati məhkəmə icraatına adi qaydada cəlb edilmişdir. Sonradan iddiaçı tərəf iddia tələbinə dəqiqləşmə verərək məhkəmədən “xx.xx.2006cı il tarixdən xx.xx.2011-ci ilədək olan dövr üçün ondan tutulmuş lakin ödənilməmiş məcburi sosial sığorta haqları nəzərə alınmaqla əmək pensiyasının uenidən hesablanması və ödənilməsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.2022ci il tarixə kimi əmək fəaliyyəti ilə məşğul olmuşdur. xx.xx.2021-ci il tarixdən ona avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Aylıq əmək pensiyası hazırda 337,77 manat təşkil edir. Lakin pensiyanın hesablanması zamanı onun müəyyən dövrləri nəzərə alınmamışdır. Halbuki, xx.xx.2006-cı il tarixdən xx.xx.2022-ci il tarixə kimi ona ödənilən aylıq əmək haqqıdan müvafiq məbləğinin sığorta kapitalına yönəldilmişdir. İddiaçı əmək pensiyasının yenidən hesablanması ilə bağlı cavabdehə müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim edilmiş və etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı müraciətinə əsasən onun əmək pensiyası yuxarıda qeyd olunan maddənin tələblərinə uyğun olaraq yenidən hesablanmışdır. Onun təqdim etdiyi əmək kitabçasının surətinə əsasən xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixədək, xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək, xx.xx.1977-ci il tarixdən xx.xx.1977-ci il tarixədək, xx.xx.1978-ci il tarixdən xx.xx.2006-cı il tarixədək əmək fəaliyyəti dövrü üzrə xx.xx.2006-cı il tarixədək ümumilikdə 28 il 10 ay 13 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. Qanunun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi şəxsi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi şəxsi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. İddiaçı xx.xx.2006-cı il tarixədək 28 il 10 ay 13 gün sığorta stajına əsasən həmin tarixə hesablanan pensiya kapitalının məbləği 8822,99 manat təşkil edir: (28+10/12ay)x306=8822,99 İddiaçı xx.xx.2006-cı il tarixədək olan sığorta stajına əsasən hesablanan pensiya kapitalının xx.xx.2021-ci il tarixə indeksləşdirilmiş məbləği 21972,82 manat təşkil edir. Eyni zamanda bildirilir ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində 82,93 manat pensiya kapitalı (xx.xx.2021 -ci il tarixə indeksləşdirilmiş məbləğ) qeydə alınmışdır. Qeyd olunanlara əsasən xx.xx.2021-ci il tarixə əmək pensiyasının sığorta hissəsi 153,16 manat məbləğində hesablanmışdır: SH - (21972,82+82,93)/144=153,16 Qanunun həmin dövrdə qüvvədə olan 6-1-ci maddəsinin tələblərinə əsasən əmək pensiyasının məbləği xx.xx.2021-ci il tarixdə 200 manata çatdırılmışdır. xx.xx.2022 - 240+240x3,4%=248,16 (Qanunun 6-1-ci maddəsinə əsasən pensiyanın məbləği 240 manata çatdırılaraq indeksləşdirilmişdir). Qanuna xx.xx.2023-cü il tarixdən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən vətəndaşın əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixdən 264,82 manat müəyyən edilib: 248,16+(200/12) =264,82 manat Qanunun 29.1-ci maddəsinə əsasən xx.xx.2023- cü il tarixdən Ə.Dadaşovun əmək pensiyasının məbləği indeksləşdirilərək 307,45 manata çatdırılmışdır: xx.xx.2023 - 264,82+264.82x14,7%=303,75 xx.xx.2024 - 303,75+303.75x11,2%=337,77 İddiaçının təqdim etdiyi əmək kitabçasının surətinə əsasən bildirilir ki, xx.xx.2022-ci il tarixdə onun əmək fəaliyyətinə xitam verilməsinə baxmayaraq xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək, xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək, xx.xx.2007-ci il tarixdən xx.xx.2022-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Bakı İnzibati Məhkəməsinin 18 oktyabr 2024-cü il tarixli, 2-1(112)-9145/2024 saylı qərarı ilə (hakim O.X.Həsənova) iddia tələbi rədd edilmişdir. Bakı İnzibati Məhkəməsinin 18 oktyabr 2024-cü il tarixli, 2-1(112)-9145/2024 saylı qərarı iddiaçı tərəfindən mübahisələndirilmiş və şikayət iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş İddiaçı izahatında məhkəməyə bildirmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən onun tələbi əsasız olaraq rədd edilmişdir. Onun 32 ilə yaxın stajı var. Dövlət müəsissəsində işləyib. İşlədiyi müəsissə tərəfindən aybaay ondan tutulan pul Nərimanov Rayon Sosial Fonduna ödənilib. Ondan nəyə görə vaxtında məhkəməyə müraciət etmədiyini soruşdular. O, işlədiyi dövlət idarəsini məhkəməyə verə bilməzdi. Azərbaycanda ən birinci qırmızı rəngli sosial ödəniş kartı çıxanda həmin kartı ilk onların müəsissə almışdır. İş saatları artıq və ya əskik da olanda pul onlardan tutulurdu. Hələ 2011-ci ildə 2-3 dəfə kartında nə qədər pulunun olması ilə bağlı müraciət etmişdir. Ona həmin məlumatın məxfi olduğu bildirdilər. Sonunda məbləğin 37 manat olduğunu öyrəndi. DOST Xidmətindən sosial arayış da almışdır. Həmin arayışda əmək haqqı məbləğləri əks olunur. Müəsissə vergidən yayınmaq üçün işçilərin əmək haqlarını gizlədirdi. Birinci instansiya məhkəməsi tərəfindən təqdim etmiş olduğu sübutlar obyektiv nəzərdən keçirilməmişdir. 2011-ci ildə zavodun ona 9870 manat borcu vardır. Belədirsə, 36 manat pul vəsaiti necə hesablana bilər. Eyni zamanda iddiaçı ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, hazırda müəsissə arendaya verilib. Ondan başqa da, əksər işçilərin 2001-ci ildən əmək haqları ödənilməmişdir. Əmək haqqı əvəzinə kombayn, kondisioner və s. verilirdi. 2006-ci ildən etibarən isə, ümumiyyətlə, işçilərə heç nə verilmədi. Həmin məhkəmə iclasında iştirak etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialınin nümayəndəsi Nümayəndə3 izahatında məhkəməyə bildirmişdir ki, iddiaçıya 2006-cı ildən sonra toplamda müvafiq aylar üzrə həmin dövrü əhatə edən 37 manat pensiya kapitalı müəyyən edilmişdir. Bu pensiya kapitalı əsasında vətəndaşa avtomatlaşdırılmış qaydada 2021-ci ildə pensiya təyin edilib. Birinci instansiya məhkəməsində icraat yekunlaşdıqdan sonra vətəndaş təkrarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. Avtomatlaşdırılmış qaydada pensiya təyin edildiyi üçün vətəndaşın təhsil alığı dövr pensiya təyin edilərkən nəzərə alınmamışdır. Vətəndaş tərəfindən müvafiq təhsil sənədi təqdim edilmədiyi müddətdə həmin müddət nəzərə alına bilməzdi. Bundan sonra təhsil dövrləri də hesablanıb. Müəyyən dövrlər vardır ki, təhsil dövləri ilə əmək stajı müddəti üst-üstə düşür. Həmin dövlər əvvəlcədən nəzərə alındığına görə daha sonradan həmin dövrlər pensiya təyin edilərkən təkrarən nəzərə alınmamışdır. Vətəndaşın apellyasiya şikayətində qeyd etmiş olduğu 31 il 1 ay 8 gün stajına uyğun olaraq əmək pensiyası yenidən hesablanıb. Hazırda vətəndaşa 337 manat məbləğində nəzərdə tutulmuş pensiya ödənişinin ödənilməsi davam etdirilir. Həmin məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə2 izahatında məhkəməyə bildirmişdir ki, problemin yaranmasının əsas səbəbi müəsissə tərəfindən ödənişin olunmamasıdır. Hətta analoji işlə bağlı Ali Məhkəmənin mövqeyi də vardır. Müəsissə tərəfindən ödənişin olmunmamasına görə şəxsə pensiya təyin edilərkən həmin dövrlər nəzərə alınmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarını işə şifahi və ya yazılı icraat qaydasında baxılması, şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri, prosessual hüquq və vəzifələri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməyə borcludur. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə müvafiq olaraq, məhkəmə bildirişində məhkəməyə çağırılan şəxsin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda da onun iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmış iddiaçı hazırkı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərini nəzərə alaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərdən aşağıdakılar müəyyən edilir: - İddiaçı 2006 yanvar – 2011 may ayları üzrə cəmi gəliri 8.674 manat, cəmi hesablanmış 2.168,50 manat, cəmi ödənilmiş vəsait 37 manat təşkil edir. - Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında 27 mart 2024-cü il tarixli qərarda qeyd olunmuşdur ki, yenidən hesablama zamanı pensiya məbləği dəyişmir. Vətəndaşın ƏMAS-da əmək kitabçasında qeyd edilmiş dövrlər öz əksini tapmır, Sığorta AS-da isə may 2011-ci ilə qədər hesablanmış (bəzi dövrlər ödənilmiş məbləğlər öz əksini tapır) MDSS öhdəliyi mövcuddur. Vətəndaş müraciəti ilə əlaqədar olaraq fərdi uçota sorğu verilsin və ya vətəndaşdan əmək kitabçasında qeyd edilmiş illər xüsusəndə xx/xx/2006-xx/xx/2022-ci illər üzrə iş yerində əmək haqqı və sosial ödənişlərin ödənilməsi ilə bağlı hərhansı bir sənəd təqdim etdiyi halda pensiya işinə yenidən baxıla bilər. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən təqdim olunmuş 31 may 2024-cü il tarixli məktubla bildirilmişdir ki: - “İddiaçı müraciətinə əsasən onun əmək pensiyası yuxarıda qeyd olunan maddənin tələblərinə uyğun olaraq yenidən hesablanmışdır. Onun təqdim etdiyi əmək kitabçasının surətinə əsasən xx.xx.1974-cü il tarixindən xx.xx.1975-ci il tarixinədək, xx.xx.1975-ci il tarixindən xx.xx.1976-cı il tarixinədək, xx.xx.1977-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək, xx.xx.1978-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək əmək fəaliyyəti dövrü üzrə xx.xx.2006-cı il tarixinədək ümumilikdə 28 il 10 ay 13 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. Qanunun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi şəxsi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi şəxsi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. İddiaçı xx.xx.2006-cı il tarixinədək 28 il 10 ay 13 gün sığorta stajına əsasən həmin tarixə hesablanan pensiya kapitalının məbləği 8822,99 manat təşkil edir: (28+10/12ау)х306=8822,99 İddiaçı xx.xx.2006-cı il tarixinədək olan sığorta stajına əsasən hesablanan pensiya kapitalının xx.xx.2021-ci il tarixinə indeksləşdirilmiş məbləği 21972,82 manat təşkil edir. Eyni zamanda bildirilir ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən İddiaçı xx.xx.2006-cı il tarixindən xx.xx.2006-cı il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində 82,93 manat pensiya kapitalı (xx.xx.2021-ci il tarixinə indeksləşdirilmiş məbləğ) qeydə alınmışdır. Qeyd olunanlara əsasən xx.xx.2021-ci il tarixinə əmək pensiyasının sığorta hissəsi 153,16 manat məbləğində hesablanmışdır: SH - (21972,82+82,93)/144=153,16 Qanunun həmin dövrdə qüvvədə olan 6-1-ci maddəsinin tələblərinə əsasən əmək pensiyasının məbləği xx.xx.2021-ci il tarixində 200 manata çatdırılmışdır. xx.xx.2022 - 240+240x3,4%=248,16 (Qanunun 6-1 -ci maddəsinə əsasən pensiyanın məbləği 240 manata çatdırılaraq indeksləşdirilmişdir). Qanuna xx.xx.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən vətəndaşın əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixindən 264,82 manat müəyyən edilib: 248,16+(200/12)=264,82 manat Qanunun 29.1-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixindən Ə.Dadaşovun əmək pensiyasının məbləği indeksləşdirilərək 307,45 manata çatdırılmışdır: xx.xx.2023 - 264,82+264,82x14,7%=303,75 xx.xx.2024 - 303,75+303,75x11,2%=337,77”. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş sorğuya cavab məktubunda qeyd olunmuşdur ki, Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumata əsasən sığortaedənin xx.xx.2018-ci il tarixinə məcburi dövlət sosial sığorta haqqı və məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (o cümlədən penya) üzrə borcunun yaranma səbəblərini, həmçinin Azərbaycan Respublikasının 06.03. 2018-ci il tarixli 1042-VQ nömrəli Qanununa əsasən məcburi dövlət sosial sığorta haqqı və məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borclarının silinməsinə aid məlumatları təqdim edirik (məlumat cədvəli əlavə olunur). Əlavə olaraq bildirilir ki, yaranmış debitor borcla bağlı sığortaedənə ödənilməmiş məcburi dövlət sosial sığorta haqlarına dair müvafiq bildirişlər göndərilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialı tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, "xxxx" ASC-nin iş qovluğunun içərisində 2006-2012 və 2014- 2022-ci illərə dair hesabat məlumatları aşkarlanmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, fərdi uçot – sığortaolunanların qanunvericiliklə nəzərdə tutulan sosial müdafiə hüquqlarının təminatı üçün zəruri məlumatların fərdi qaydada qeydiyyatının və uçotunun təşkilidir; fərdi hesab – dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər bir sığortaolunana uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə açılmış şəxsi hesabdır; fərdi hesabın sığorta hissəsi – əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır (xx.xx.2017-ci il tarixdən qüvvədə olan redaksiyada); pensiya kapitalı – müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. Həmin Qanunun 21.1-ci maddəsinə müvafiq olaraq, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 37.3-cü maddəsinə görə, işləyən əmək pensiyaçılarına: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, sığortaçı – Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası və ya könüllü sığorta üzrə fəaliyyəti (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) həyata keçirən və sığorta fondlarını idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və hüquqi şəxslər; sığortaedənlər – Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxslər, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, dövlət orqanları, habelə özünü və ya başqasını sosial sığorta edən digər şəxslər; sığortaolunanlar – xeyrinə sığorta fəaliyyəti həyata keçirilən şəxslər. Həmin Qanunun 9-cu maddəsinə görə, sığortaçının hüquqları aşağıdakılardır: bütün sığortaedənlərdən məcburi dövlət sosial sığortası üzrə işçilərin sığorta edilməsini tələb etmək (xx.xx.2019-cu il tarixədək qüvvədə olan redaksiyada); müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) məcburi dövlət sosial sığorta haqları üzrə məlumat və hesabatlar almaq (xx.xx.2019-cu il tarixdən qüvvədə olan redaksiyada); sosial sığorta ödəmələrinin həcmi və verilmə əsasları barədə sığortaedənlərdən arayış almaq; məcburi dövlət sosial sığortası qaydalarına sığortaedənlər tərəfindən əməl edilməsinə nəzarət etmək (xx.xx.2019-cu il tarixədək qüvvədə olan redaksiyada); sığortaedənlər tərəfindən bu qanunun tələblərinə əməl edilməsinin elektron monitorinqini aparmaq, monitorinqin nəticələri barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat vermək (xx.xx.2019-cu il tarixdən qüvvədə olan redaksiyada); könüllü (əlavə) sosial sığorta müqaviləsi üzrə öhdəliklərin icrasını tələb etmək; qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək. Sığortaçının vəzifələri aşağıdakılardan ibarətdir: özünün müntəzəm ödəmə qabiliyyətini təmin edən tədbirlər görmək; sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək; könüllü (əlavə) sosial sığorta müqavilələri üzrə öhdəliklərini vaxtında və tam həcmdə icra etmək; məcburi dövlət sosial sığortanın məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi məlumatlar əsasında sığortaedənlərin (xx.xx.2020-ci il tarixdən qüvvədə olan redaksiyada) uçotunu aparmaq (xx.xx.2019-cu il tarixdən qüvvədə olan redaksiyada); məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında sığortaolunanların uçotunu aparmaq (xx.xx.2020-ci il tarixdən qüvvədə olan redaksiyada); məcburi dövlət sosial sığortası üzrə daxilolmaların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə aylıq, rüblük və illik üzləşdirilməsini aparmaq (xx.xx.2019-cu il tarixdən qüvvədə olan redaksiyada); qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. Maddə 9-1.1 Məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət (xx.xx.2019-cu il tarixdən qüvvədə olan redaksiyada). Həmin Qanunun 10-cu maddəsinə əsasən, sığortaedənlər aşağıdakı hüquqlara malikdirlər: sosial sığortanın bütün formalarında iştirak etmək; könüllü (əlavə) sosial sığortanı həyata keçirmək üçün sığortaçı təşkilatı müstəqil seçmək; sosial sığorta qaydalarına və könüllü (əlavə) sosial sığorta üzrə müqavilələrə əməl edilməsini tələb etmək. Sığortaedənlərin vəzifələri aşağıdakılardır: məcburi dövlət sosial sığortasını həyata keçirən sığortaçı təşkilatda uçota durmaq (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, xarici kommersiya hüquqi şəxsin nümayəndəlik və filialları, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər istisna olmaqla) (xx.xx.2019-cu il tarixədək qüvvədə olan redaksiyada); sosial sığorta hadisəsi baş verdikdə sığorta ödəmələrini vaxtında və müəyyənləşdirilmiş qaydada sığorta olunanlara vermək (xx.xx.2019-cu il tarixədək qüvvədə olan redaksiyada); sosial sığorta haqlarının uçotunu aparmaq və bu barədə sığortaçıya hesabat vermək (xx.xx.2019-cu il tarixədək qüvvədə olan redaksiyada); hesabat dövründə fəaliyyət göstərmədiyi halda sığortaçıya hesabat əvəzinə hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq fəaliyyətin olmaması barədə arayış təqdim etmək (xx.xx.2019-cu il tarixədək qüvvədə olan redaksiyada); bu Qanunun 14.5.1-1-ci maddəsində göstərilən fiziki şəxslər istisna olmaqla (xx.xx.2020-ci il tarixdən qüvvədə olan redaksiyada), sosial sığorta haqlarının uçotunu aparmaq və hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) hesabat vermək (xx.xx.2019-cu il tarixdən qüvvədə olan redaksiyada); hesabat dövründə fəaliyyət göstərmədiyi halda Azərbaycan Respublikasının Vergi Məcəlləsində müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) hesabat əvəzinə hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq fəaliyyətin olmaması barədə arayış təqdim etmək (xx.xx.2019- cu il tarixdən qüvvədə olan redaksiyada); bu Qanunun 14.5.1-1-ci maddəsində (bu Qanunun 14.5.1-1.10-cu maddəsi istisna olmaqla) nəzərdə tutulan fəaliyyət növlərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi (xx.xx.2022-ci il tarixdən qüvvədə olan redaksiyada)) sığorta haqqının ödənilməsi haqqında qəbz” almaqla həyata keçirmək (xx.xx.2020-ci il tarixdən qüvvədə olan redaksiyada); bu Qanunun 14.5.1-1.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növünü Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada “Fərqlənmə nişanı” almaqla həyata keçirmək (xx.xx.2020-ci il tarixdən qüvvədə olan redaksiyada); qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. Hazırkı mübahisəyə dair işin müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2006- cı il tarixdən xx.xx.2011-ci ilədək olan dövrlər üzrə iddiaçıya, yəni sığortaolunana münasibətdə onun işəgötürəni, yəni sığortaedən "xxxx" ASC tərəfindən əməkhaqqından tutulmuş məcburi dövlət sosial sığorta haqları sığortaçıya, yəni cavabdehə köçürülməmiş və bunun üzərindən onun fərdi hesabında qeydə alınmamışdır. Birinci instansiyası məhkəməsi haqlı olaraq qərarında qeyd etmişdir ki, cavabdeh tərəfindən nəzarət funksiyası çərçivəsində məcburi dövlət sosial sığorta haqqının ödənilməsinin təmin edilməməsi və ya bunun üçün müvafiq tədbirlərin görülməməsi, yuxarıda istinad olunan normaların birgə təhlili baxımından onun məsuliyyət sferasına aid olan və həmin normalarda təsbit olunmuş vəzifələrin lazımi şəkildə yerinə yetirilməməsi və buna görə məsuliyyət daşıması anlamında təfsir olunmalıdır. Lakin cavabdehin qeyd olunan məsuliyyəti (yəni məcburi dövlət sosial sığorta haqqının ödənilməsinin təmin edilməməsinə və ya bunun üçün müvafiq tədbirlərin görülməməsinə görə daşıdığı məsuliyyət) sığortaedən tərəfindən ödənilməmiş məcburi dövlət sosial sığorta haqqının sığortaçıya ödənilmiş sayılması nəticəsini və şəxsin fərdi hesabının sığorta hissəsində qeydə alınmamış məcburi dövlət sosial sığorta haqqının pensiyanın yenidən hesablanması zamanı nəzərə alınması öhdəliyini yaradan (yaranmasını şərtləndirən) hal kimi qiymətləndirilə bilməz. Belə ki, istinad olunan normalar sığortaçını yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənilməsini təmin etmək üçün həmin normalarda təsbit olunmuş müvafiq tədbirlərin görülməsinə yönəlik səlahiyyətlərlə təchiz edir və bu mənada onun məsuliyyət sferası həmin tədbirlərin həyata keçirilməsi ilə məhdudlaşır. Hazırkı mübahisəyə münasibətdə iddiaçının müraciəti əsasında cavabdehin onun əmək pensiyasını yenidən hesablamaq öhdəliyi, sığortaedən tərəfindən iddiaçının qeyd olunan əmək fəaliyyəti dövrləri üzrə məcburi dövlət sosial sığorta haqlarının ən azından sığortaçıya, yəni cavabdehə ödənildiyi təqdirdə yaranır. Hazırkı işin hallarından sığortaedən tərəfindən iddiaçıya münasibətdə iddia olunan dövrlər üzrə məcburi dövlət sosial sığorta haqlarının cavabdehə ümumiyyətlə köçürülmədiyi, nəticə etibarı ilə iddiaçının fərdi hesabında da qeydə alınmadığı müəyyən olunur. Bu zaman həm də nəzərə alınmalıdır ki, cavabdehin məcburi dövlət sosial sığorta haqlarının hesablanması və ödənilməsi ilə bağlı məsuliyyəti, iddiaçının sığortaedəninin, yəni "xxxx" ASC, eləcə də iddiaçının, yəni sığortaolunanın da məsuliyyətini istisna etmir. Belə ki, yuxarıda istinad edilən normalara görə, sığortaedən qanunla müəyyən edilmiş sosial sığorta ödəmələrini vaxtında sığortaçıya ödəmək öhdəliyi daşıyır. Həmin normalara əsasən, iddiaçı da sosial sığorta ödəmələrinin vaxtında ödənilməsini tələb etmək hüququna malikdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə materiallardan sığortaedənin öz öhdəliyinə əməl etmədiyi, iddiaçının isə ona tanınmış imkandan yararlanmadığı görünür. Bununla yanaşı iddiaçının apellyasiya instansiyası məhkəməsində keçirilmiş məhkəmə iclasında 2001-ci ildən əmək haqqını məişət avadanlıqları ilə almasını, 2006-cı ildən isə ümumiyyətlə almamasını bildirməsi diqqət edilməli olan xüsusatlardandır. Beləliklə, iddiaçıya məxsus əmək kitabçasında onun qeyd olunan dövrlərdə "xxxx" ASC-də işləməsi əks olunsa da, həmin dövrlər üzrə məcburi sosial sığorta haqlarının ödənilməsi müəyyən olunmamış, iddiaçı bunu təsdiq edən hər hansı dəlil təqdim edə bilməmişdir ki, bu hal cavabdehin imtinasının əsaslı olduğunu və birinci instansiya məhkəməsinin gəldiyi nəticənin qanuni olduğunu göstərir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 18 oktyabr 2024-cü il tarixli, 2-1(112)-9145/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 18 oktyabr 2024-cü il tarixli, 2-1(112)-9145/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov
Məhkəmə qərarları › İş №2-1(103)-1336/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1336/2025
16.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver