Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1337/2021 25.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlundan və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı (xx.xx.1961-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə təyin edilmiş pensiyanın yenidən hesablanması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 03 fevral 2021-ci il tarixli, 2-1(112)-2274/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı 22.10.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, güzəştli şərtlərlə təyin edilmiş pensiyanın 2008-ci ildən hal-hazırkı dövrədək qanunvericiliyin tələblərinə uyğun olaraq yenidən hesablanması və aldığı pensiyaya əlavə edilərək ödənilməsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin öhdəsinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1961-ci il tarixdə anadan olmuş, 1981-ci ildən 1983-cü ilədək hərbi xidmətdə olmuş və hərbi xidmətdən qayıtdıqdan sonra 09.07.1983-cü il tarixli əmrlə “Bakıtuneltikinti” (SMU-3) idarəsinə markşeyder 2-ci dərəcəli fəhlə kimi yeraltı işinə qəbul edilmiş, həmin vaxtdan da metrotikintidə yeraltı işlərdə fasiləsiz olaraq 2014-cü ilədək işləmişdir. 31.07.2014-cü il tarixdə işdən azad edilmiş və 01.08.2014-cü il tarixli əmrlə "xxxx" QSC-nin 1 saylı Tunel Tikinti Dəstəsinə yeraltı iş şəraiti ilə növbəli markşeyderi vəzifəsinə qəbul edilmiş, 22.01.2019-cu il tarixli əmrlə əmək müqaviləsinə xitam verilmişdir. SSRİ Ali Soveti tərəfindən 1989-cu ildə təsdiq edilmiş Nazirlər Sovetinin qərarına əsasən yeraltı işlərdə fasiləsiz olaraq 20-25 il müddətində çalışmış işçilərin güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququnun olması təsbit edilmişdir. Təqaüdə çıxan şəxsə orta aylıq əmək haqqının 85% miqdarında pensiya hesablanırdı. Yeraltı işlərdə 25 illik fasiləsiz əmək fəaliyyəti 2008-ci il tarixdə bitmişdir. 2008-ci ildə DSMF-nun Xətai rayon Şöbəsinə müraciət etmiş, lakin mümkün olmadığı bildirilmiş və iddiaçıya pensiya 2013-cü ildə təyin edilmişdir. 2013-cü ildə ona 209 manat pensiya hesablanmış, halbuki 2008-ci ildə təyin edilsəydi 690 manata yaxın hesablanmalı idi. Göründüyü kimi ona pensiya 4 il sonra təyin edilmiş, həmçinin təyin edilmiş pensiya düzgün hesablanmamışdır və bu günə kimi 12 il ərzində qanunla almalı olduğu pensiya miqdarı az hesablanmış və nəticədə hüquqları pozulmuşdur. İddiaçı ona güzəştli şərtlərlə təyin edilmiş pensiyanın 2008-ci ildən hal-hazırkı dövrədək qanunvericiliyin tələblərinə uyğun olaraq yenidən hesablanması və aldığı pensiyaya əlavə edilərək ödənilməsi barədə cavabdeh tərəfə ərizə ilə müraciət etmiş, lakin ərizəyə cavab verilməmişdir. 02.09.2020-ci il tarixdə yenidən ərizə ilə müraciət etmiş, lakin heç bir tədbir görülməmiş və cavab belə verilməmişdir. Bakı İnzibati Məhkəməsinin 03 fevral 2021-ci il tarixli, 2-1(112)-2274/2021 nömrəli qərardadı ilə (hakim M.Qarayeva) iddia mümkün sayılmamışdır. 10.02.2021-ci il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onun 1977-ci ildən 1981-ci il tarixədək təhsil illərinin və 1981-ci ildən 1983-cü ilədək hərbi xidmət dövrünün də nəzərə alınaraq ona güzəştli şərtlərlə təyin edilmiş pensiyanın 2008-ci ildən hal-hazırkı dövrədək qanunvericiliyin tələblərinə uyğun olaraq yenidən hesablanması və aldığı pensiyaya əlavə edilərək ödənilməsinin cavabdehin öhdəsinə qoyulmasını xahiş etmişdir. Qərardaddan narazı qalan iddiaçı 04.03.2021-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 03 fevral 2021-ci il tarixli, 2-1(112)-2274/2021 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə kollegiyası hesab edir ki, inzibati icraat qaydasında baxılan iddia müvafiq iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandıraraq müvafiq sübutları əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi qərardadında qeyd edilmişdir ki, “qeyd olunan qanunvericilik normalarında 47 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi nəzərdə tutulmadığından iddiaçının da həmin yaşdan ona pensiyanın təyin edilməsini tələb etməyə subyektiv hüququ yaranmır. Beləliklə məhkəmə qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Odur ki, məhkəmənin qənaətinə görə iddia mümkün sayılmamalıdır” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı iddia tələbi üzrə iddianın mümkünlük şərtləri yenidən yoxlanılmalı və işə mahiyyəti üzrə baxılaraq yekun məhkəmə aktı qəbul edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qərardadında iddiaçının 47 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etməyə subyektiv hüququnun yaranmadığı qeyd edilsə də, iddia ərizəsinə əsasən iddiaçı güzəştli şərtlərlə təyin edilmiş pensiyanın 2008-ci ildən hal-hazırkı dövrədək qanunvericiliyin tələblərinə uyğun olaraq yenidən hesablanması və aldığı pensiyaya əlavə edilərək ödənilməsini xahiş edir. Göründüyü kimi iddiaçı ərizəsində ona 47 yaşdan güzəştli şərtlərlə pensiyanın təyin edilməsini göstərməmişdir. Eyni zamanda iddia ərizəsindən göründüyü kimi iddiaçı tələbini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı qaldırsa da, birinci instansiya məhkəməsinin qərardadında cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı göstərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında cavabdehin əsl cavabdeh ilə əvəz edilməsi barədə məhkəmə qərardadı mövcud olmamış və ya bu əvəzetmə məhkəmə iclas protokollarında göstərilməmişdir. Beləliklə yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İPM-in 87.9-cu maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 03 fevral 2021-ci il tarixli, 2-1(112)-2274/2021 nömrəli qərardadı əsassız olduğundan ləğv edilməli və iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 82 və 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 03 fevral 2021-ci il tarixli, 2-1(112)-2274/2021 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə təyin edilmiş pensiyanın 2008-ci ildən hal-hazırkı dövrədək qanunvericliyin tələblərinə uyğun olaraq yenidən hesablanması və aldığı pensiyaya əlavə edilərək ödənilməsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin öhdəsinə qoyulması” tələbinə dair inzibati iş iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-1337/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1337/2021
25.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver