Məhkəmə qərarları › İş №2-1(103)-1337/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1337/2022

20.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1337/2022 20.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X8 Hüseynin sədrliyi və məruzəsi ilə, İlham Əziz oğlu Kərimli və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli, 2- 1(112)-5492/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “17 oktyabr 2020-ci ildə 60 yaşı tamam olduğu üçün həmin tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə kimi qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx xxxxxxx 1960-cı ildə Qəbələ rayonunun Beyli kəndində doğulmuşdur. Orta məktəbi bitirdikdən sonra əmək fəaliyyətinə başlamışdır. 20 iyul 1982-ci ildə Az.DRES Tikinti Quraşdırma İdarəsində qaynaqçı vəzifəsinə işə qəbul olunmuş, 26 iyun 1990-cı ildə həmin işdən çıxmışdır. 27 iyun 1990-cı ildə X10 Hidromantaj İdarəsində 5-ci dərəcəli elektrik qaynaqçısı vəzifəsinə işə qəbul olunmuş və 15 aprel 1992-ci ilə kimi həmin idarədə işləmişdir. Eyni zamanda 16 aprel 1992-ci ildə həmin idarədə 5-ci dərəcəli elektrik qaynaqçısı kimi işə qəbul olunmuş və 17 sentyabr 1995-ci ilə kimi orada işləmişdir. Daha sonra, yəni 18 sentyabr 1995-ci ildən 10 nömrəli Tikinti İdarəsində 5-ci dərəcəli qaynaqçı kimi işə qəbul edilmiş, 17 mart 2000-ci ildə həmin işdən çıxmışdır. Həmin tarixdə, yəni 17 mart 2000-ci ildə "xxxx" ATSC-də elektrik qaynaqçısı vəzifəsinə işə qəbul edilmiş və 25 aprel 2003-cü ilə kimi orada işləmişdir. 01 iyun 2005-ci ildə "xxxx" MMC-yə qaynaqçı vəzifəsinə işə qəbul edilmiş və 29 oktyabr 2010-cu ilə kimi orada işləmişdir. 01 noyabr 2010-cu ildə "xxxx" ASC Mingəçevir Tikinti və İstehsal İdarəsinin Dəmir X2 sahəsinin 1 saylı Dəmir Beton sexinə 5-ci dərəcəli briqadir vəzifəsinə işə qəbul olunmuş və 02 noyabr 2015-ci ilə kimi həmin idarədə işləmişdir. 01 aprel 2019-cu ildə “Turqut” kiçik müəssisənin tikinti sahəsinə çilingər vəzifəsinə işə qəbul olunmuş və 17 sentyabr 2019-cu ildə həmin işdən çıxmışdır. İddiaçı cavabdeh orqana müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh orqan tərəfindən iddiaçıya ünvanlanmış 04 fevral 2021-ci il tarixli imtina məktubunda göstərilmişdir ki, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 41019,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 38114.86 manat təşkil edir. Buna görə də iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatının qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İddiaçı əmək fəaliyyətinə 1982-ci il tarixdən başlamış və kifayət qədər də “Sovet İttifaqı” dövründə işləmişdir. Eyni zamanda işlədiyi bütün müəssisələr, idarələr əmək kitabçasında və güzəştli arayışlarda qeyd olunmuşdur. Cаvаbdеh iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 41010,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 38114,86 manat təşkil edir. Bundan əlavə, iddiaçının güzəştli iş stajı da mübahisəlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 2.4.1ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsi güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı olmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının digər məhkəmələrinə 28 noyabr 2020-ci il tarixli məktub göndərilmiş, tövsiyyə edilmişdir ki, güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İddiaçının güzəştli iş stajı isə arayışlar vasitəsilə öz təsdiqini tapmır. İddiaçı tərəfindən üç güzəştli arayış təqdim edilmişdir. Birinci arayış iddiaçının xx.xx.2000-xx.xx.2003-cü il tarixləri arasındakı əmək fəaliyyəti ilə bağlıdır. Həmin arayışda hər hansı peşəyə deyil, ümumi şəkildə - “35-ci sətirə” istinad olunur. Üstəlik arayışda möhür görünmür. İkinci arayış iddiaçının xx.xx.2010-xx.xx.2015-ci illərdəki fəaliyyəti ilə bağlıdır. Həmin arayış cəmi 5 ili əhatə edir. Üçüncü arayış iddiaçının xx.xx.2005-xx.xx.2010-cu illərdəki fəaliyyəti ilə bağlıdır. Həmin arayışda iddiaçının iş icraçısı olduğuna istinad olunduğundan və bu məlumat iddiaçının əmək kitabçası ilə uyğunluq təşkil etmədiyindən, bundan əlavə, arayışda Nazirlər Kabinetinin müvafiq siyahısındakı hər hansı konkret peşəyə deyil, ümumi fəslə istinad olduğundan, arayış etibarlı hesab edilmir. Vətəndaş İddiaçı 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 17848,26 manat, 2006-cı ildən sonrakı dövr üçün isə 21464,76 manat olmaqla cəmi pensiya kapitalı 39313,02 manat təşkil edir, adıçəkilən şəxsin Mərkəzi Filiala müraciətində qeyd etdiyi kimi 60 yaşının tamam olduğu xx.xx.2020ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 38000,00 manat məbləğində hesablanmışdır. Bakı İnzibati Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli, 2-1(112)-5492/2021 saylı qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı 17 oktyabr 2020-ci ildə 60 yaşı tamam olduğu üçün həmin tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh iddia ərizəsinə etirazla eyni məzmunlu apellyasiya şikayəti verərək, qərarı ləğv edib iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki işin hallarından görünür ki, İddiaçı xx.xx.1960-cı il tarixdə doğulmuş, xx.xx.1981-ci ildən xx.xx.1982-ci ilədək Mingəçevir şəhər 39 nömrəli Texniki Peşə Məktəbində təhsil almış, “Azenerqostroy” Trestin Azərbaycan Dövlət Rayon Elektrik Stansiyası, xx.xx.1982-ci ildə 39 nömrəli TPM-dən göndəriş olaraq dördüncü dərəcəli elektrik qaynaqçısı kimi işə götürülmüş, xx.xx.1987-ci ildə beşinci dərəcə verilmiş, xx.xx.1990-cı ildə öz xahişi ilə işdən azad olunmuş, Azərbaycan Tikinti-quraşdırma İdarəsi, xx.xx.1990-cı ildə 5-ci dərəcəli əl elektrik qövs qaynağın elektrik qaynaqçısı kimi işə götürülmüş, xx.xx.1992-ci il tarixli RSFSR Əmək haqqında Qanunun 31-ci maddəsinə əsasən işdən çıxarılmış, xx.xx.1992-ci ildə 5-ci dərəcəli elektrik qaynaqçısı kimi işə qəbul edilmiş, xx.xx.1993-cü ildə 6-cı dərəcəli elektrik qaynaqçısı verilmiş, xx.xx.1995-ci ildə öz xahişi ilə işdən azad edilmiş, imza və möhür var. xx.xx.1995-ci ildə həmin tarixdən 5-ci dərəcəli elektrik qaynaqçısı qəbul edilmiş, xx.xx.1997-ci ildə həmin tarixdən işinin öhdəsindən gəldiyi üçün 6-cı dərəcəli verilmiş, xx.xx.2000-ci ildə ərizəsinə əsasən işdən azad edilmiş, xx.xx.2000-ci ildə "xxxx" ATSC-də elektrik qaynaqçısı vəzifəsinə qəbul edilmiş, xx.xx.2002-ci ildə öz ərizəsinə əsasən 0,5 elektrik qaynaqçısı işinə keçirilmiş, xx.xx.2003-cü ildə müqavilənin müddəti başa çatdığı üçün işdən azad edilmiş, xx.xx.2005ci ildə "xxxx" MMC-yə qaynaqçı vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2006-cı ildə "xxxx" MMC-də elektrik qaz qaynaqçısı briqadiri vəzifəsinə keçirilmiş, 5-ci dərəcə ilə, xx.xx.2010cu ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərin birinin təşəbbüsü) əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2010-cu ildə Mingəçevir Tikinti və İstehsal İdarəsinin Dəmir X3 sahəsinin 1 saylı Dəmir Beton sexinə 5-ci dərəcə briqadir vəzifəsinə təyin edilmiş, xx.xx.2012-ci ildə Tikinti Məmulatları İstehsalat Kombinatına 5-ci dərəcəli briqadir vəzifəsinə keçirilmiş, xx.xx.2012ci ildə STP-nin Tikinti Məmulatlarının İstehsal Kombinatına vəzifə və dərəcəsi saxlanılmaqla keçirilmiş, xx.xx.2012-ci ildə "xxxx" ASC-nin Sənaye Tikinti və İstehsalı İdarəsinə 5-ci dərəcəli birqadir keçmiş, xx.xx.2014-cü ildə Mingəçevir Tikinti və Quraşdırma İdarəsinin Dəmir X1 sexinə 5-ci dərəcəli briqadir peşəsinə keçirilmiş, xx.xx.2015-ci ildə Tikinti İdarəsinin Mingəçevir RTA sahəsinin DBMİ sexinə 5-ci dərəcəli briqadir vəzifəsinə keçirilmiş, xx.xx.2015-ci ildə DMBİ sexinə 5-ci dərəcəli elektrik qaynaqçısı peşəsinə keçirilmiş, xx.xx.2015-ci ildə Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (işçinin təşəbbüsü ilə) əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2019-cu ildə “Torqut” kiçik müəssisinin tikinti sahəsinə çilingər vəzifəsinə qəbul edilmiş, xx.xx.2019-cu ildə ƏM-nin 75,2a bəndinə əsasən (tərəflərin qarşılıqlı razılığı ilə) əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2019-cu ildə quraşdırıcı peşəsinə işə qəbul edilmiş, xx.xx.2020-ci ildə 2-ci dərəcəli quraşdırıcı çilingər peşəsinə keçirilmiş, xx.xx.2020-ci ildə qaynaqçı peşəsinə keçirilmiş, xx.xx.2020-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası "xxxx" ASC-nin 01-FA/989 nömrəli, xx.xx.2020-ci il tarixli “işin xarakteri haqqında” arxiv arayışına əsasən, 1960-cı il təvəllüdlü İddiaçı xx.xx.2010-cu ildə (əmr 144/22-kş nömrəli, xx.xx.2010-cu il) "xxxx" ASC-nin Mingəçevir Tikinti İstehsal İdarəsinin Dəmir X1 sahəsinin 1 saylı Dəmir beton sexinə iş icraçısı vəzifəsinə qəbul edilib, xx.xx.2015-ci ildə (əmr 15/1/48-irş, xx.xx.2015-ci il) Dəmir X1 sexinə elektrik qaynaqçısı peşəsinə keçirilib və xx.xx.2015-ci ildə (əmr 15/1/69-irş, xx.xx.2015-ci il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (işçinin təşəbbüsü ilə) əsasən müqaviləsinə xitam verilib. Göstərilən peşələr, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarının “ Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri”ni nəzərdə tutan 29-cu fəslinə əsasən bilavasitə zərərli sahələr hesab edilir və “Tikinti və quraşdırma işləri”-nə uyğun iş icraçılarının və “Ümumi peşələr” –in 35-ci fəslində nəzərdə tutulan əl ilə qaynaq aparan elektrik qaynaqçılarının işi bilavasitə xüsusi zərərli əmək şəraitində işləyən peşələr hesab edildiyindən, güzəştli şərtlərlə pensiya hüququ verir. "xxxx" ASC-nin ATÜ/442 nömrəli, xx.xx.2015-ci il tarixli Əmri ilə Cəmiyyətdə elektrik qaynaqçısı işləmiş işçilər “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” hesab edilir. Güzəştli pensiya üçün staj: 05 il, 01 gün təşkil edir. Məlumat üçün bildirilmişdir ki, Dövlət Əmlaklarının idarə edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2008-ci il, 323 nömrəli sərəncamına əsasən "xxxx" ASC adlandırılıb. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin AG/37 nömrəli, xx.xx.2020-ci il tarixli arxiv arayışına əsasən, 1960-cı il təvəllüdlü İddiaçı xx.xx.2005- ci ildə (əmr 07/-k nömrəli, xx.xx.2005-ci il) "xxxx" MMC-yə qaynaqçı peşəsinə işə qəbul edilmiş, xx.xx.2006-cı ildə (əmr 40/k, xx.xx.2006-cı il) həmin müəssisədə elektrik qaz qaynaqçısı sahəsinə iş icraçısı vəzifəsinə keçirilmiş və xx.xx.2010-cu ildə (əmr 123/k, xx.xx.2010-cu il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü il) əsasən əmək müqaviləsinə xitam verilib. Göstərilən peşələr, Azərbaycan Respublikasının NK-nin xx.xx.2017-ci il tarixli 12 nömrəli qərarının 35-ci fəslinə əsasən bilavasitə xüsusi zərərli sahə hesab edilir. Güzəştli pensiya üçün staj: 05 il, 04 ay, 28 gün təşkil edir. Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 04 nömrəli, xx.xx.2020ci il tarixli arayışına əsasən, İddiaçı xx.xx.2000-ci il tarixdə "xxxx" ATSC-yə əmək müqaviləsi yolu ilə qaz qaynaqçısı işinə qəbul edilmiş (əmr 42/5), xx.xx.2002-ci ildə öz ərizəsinə əsasən 0.5 ştat vahidi ilə elektrik qaynaqçısı işinə keçirilmiş (əmr 144 nömrəli), xx.xx.2003-cü ildə əmək müqaviləsinin müddəti başa çatdığı üçün işdən azad edilmişdir. (əmr 54/k nömrə). Göstərilən peşəyə əsasən Azərbaycan Respublikasının NK-nin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarının 35-ci sətrinə əsasən bilavasitə xüsusi zərərli sahə hesab edilir. Güzəştli pensiya üçün staj 03 il 01 ay 08 gün təşkil edir. xx.xx.2016-cı il tarixdə müəssisə "xxxx" ASC adlandırılmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçı X5 ünvanladığı **********9 nömrəli, 04 fevral 2021-ci il tarixli məktubundan görünür ki, iddaçının müraciətinin icrasından imtina edilmişdir. İmtinanın səbəbi kimi göstərilmişdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 41019,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 38114,86 manat təşkil edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının **********7 nömrəli, 27 sentyabr 2021-ci il tarixli “fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı haqqında” məktubuna əsasən iddiaçının 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 17848,26 manat, 2006-cı ildən sonrakı dövr üçün isə 21464,76 manat olmaqla cəmi pensiya kapitalı 39313,02 manat təşkil edir. "xxxx" ASC-nin xx.xx.2010-cu il tarixli, 144/22-kş saylı əmrdən çıxarışına əsasən, şəxsi heyət üzrə İddiaçı xx.xx.2010-cu il tarixdən 1 (bir) ay sınaq müddəti ilə Mingəçevir Tikinti və İstehsal İdarəsinin Dəmir X1 sahəsinin 1 saylı Dəmir Beton sexinə (müddətli əmək müqaviləsi ilə) 5-ci dərəcəli briqadir vəzifəsinə təyin edilmişdir. "xxxx" ASC-nin xx.xx.2015-ci il tarixli, 15/1/69-irş saylı əmrdən çıxarışına əsasən, şəxsi heyət üzrə İddiaçı Tikinti İdarəsinin Mingəçevir RTQ sahəsinin Dəmir X1 sexinin 5-ci dərəcəli elektrik qaynaqçısının əmək müqaviləsinə, xx.xx.2015-ci il tarixindən Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (işçinin təşəbbüsü ilə) xitam verilmişdir. "xxxx" ASC-nin xx.xx.2015-ci il tarixli, 15/1/48-irş saylı əmrdən çıxarışına əsasən, şəxsi heyət üzrə İddiaçı Tikinti İdarəsinin Mingəçevir RTQ sahəsinin Dəmir X1 sexinin 5-ci dərəcəli briqadiri, xx.xx.2015-ci il tarixindən həmin idarənin DBMİ sexinə 5-ci dərəcəli elektrik qaynaqçısı peşəsinə keçirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» AR Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə müəyyən edilir. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1 -ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Nazirlər Kabinetinin xx.xx.2007 -ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Nazirlər Kabinetinin 21 06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərəli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və ya göstəricilərin 2 nömrəli Siyahısı” (Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 2 nömrəli əlavəsinin 2.4.1-ci maddəsindən görünür ki, “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsi əsasında yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunmalıdır. Şərh ounan normaların tələblərindən görünür ki, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 4 element mövcud olmalıdır: a) İddiaçının 60 yaşına çatması; b) İddiaçının azı 25 il ümumi iş stajının mövcud olması; c) İddiaçının azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması d) Fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının minimum pensiyaya imkan verməsidir. AR Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: . . . v” hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; “ğ” ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. İşin müəyyən olunmuş hallarına görə, iddiaçının ümumi iş stajı əmək kitabçaları və arxiv arayışları ilə təsdiq edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən təqdim olunan sənədlərdəki məlumatların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Cavabdeh tərəfindən iddiaçının təqdim etdiyi sənədlərdəki məlumatların həqiqətə uyğun olmadığı və ya saxta olması sübuta yetirilməmişdir. Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən, sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. İş materiallarından göründüyü kimi, iddiaçının fərdi hesabının sığorta hissəsində 39313,02 manat pensiya kapitalı vardır. Məhkəmə hesab edir ki, bu məbləğ iddiaçıya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olaraq ona əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verərək, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaradır. Məhkəmə kollegiyası iddiaçının güzəştli şərtlərlə iş stajı ilə bağlı aşağıdakıları qeyd edir: Apellyasiya baxışı zamanı iddiaçının təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) 1 və 2 nömrəli Siyahılarda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı, 23 yanvar 2007-ci il tarixli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”da hansı vəzifəyə uyğun gəlməsi barədə arayışın verilməsi barədə ünvanlanmış sorğuya verilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli arxiv arayışına əsasən, İddiaçı həqiqətən xx.xx.2010-cu ildə (əmr Ne 144/22-kş, xx.xx.2010-cu il) "xxxx" ASC-nin Mingəçevir Tikinti İstehsal İdarəsinin Dəmir X1 sahəsinin 1 Saylı Dəmir beton sexinə iş icraçısı vəzifəsinə qəbul edilib. xx.xx.2015-ci ildə (əmr Na- 15/1/48-irş, xx.xx.2015-ci 11) Dəmir X1 sexinə elektrik qaynaqçısı peşəsinə keçirilib və xx.xx.2015-ci ildə (əmr .Nu-15/1/69-irş, xx.xx.2015-ci il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (işçinin təşəbbüsü ilə) əsasən əmək müqaviləsinə xitam verilib. İdarənin həmin dövrlərdə ştat cədvəlində nəzərdə tutulmuş iş icraçılarının vəzifə öhdəlikləri briqadirlərə həvalə edilmişdir. "xxxx"ASC-nin ATÜ/442N0-li xx.xx.2015-ci il tarixli Əmri ilə Cəmiyyətdə elektrik qaynaqçısı işləmiş işçilər “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” hesab edilir. Göstərilən vəzifələr, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarının “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri”ni nəzərdə tutan 29-cu fəslinin “b” -mütəxəssislər bəndinə əsasən “Tikinti və quraşdırma işləri”-də işləyən iş icraçıları va “Ümumi peşələr” 35-ci fəslində nəzərdə tutulan əl ilə qaynaq aparan elektrik qaynaqçılarının işi bilavasitə xüsusi zərərli əmək şəraitində işləyən peşələr hesab edildiyindən güzəştli şərtlərlə pensiya hüququna malikdir. Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 Saylı Qərarının 2 nömrəli əlavəsinin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli siyahısının, XXVİİ Fəslinin “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı və təmiri” bəndinin “b” rəhbərlər və mütəxəssislər yarımbəndinin 2290000b-24441 saylı şifrəsinə əsasən iş icraçıları koduna və XXXİİİ “Ümumi peşələr” Fəslinin 23200000-19906 saylı şifrəsinə əsasən əl ilə qaynaq aparan elektrk qaynaqçıları koduna uyğun güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. İddiaçının işlədiyi qaynaqçı, elektrik qaynaqçısı, qaz qaynaqçısı peşələri “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” siyahısında 29-cu fəslində “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” peşəsində və 35ci fəslində “Ümumi peşələr”-in əl ilə qaynaq aparan elektrik qaynaqçılarının peşələrində nəzərdə tutulmuş və güzəştli iş stajı 12 il 06 aydan çoxdur. İddiaçının işlədiyi qaynaqçı, elektrik qaynaqçısı, qaz qaynaqçısı peşələri “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” siyahısında 29-cu fəslində “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” peşəsində və 35-ci fəslində “Ümumi peşələr”-in əl ilə qaynaq aparan elektrik qaynaqçılarının peşələrində nəzərdə tutulmuş və güzəştli iş stajı 12 il 06 aydan çoxdur. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Beləliklə kollegiya qeyd edir ki, iddiaçı qanunla müəyyən edilmiş yaş həddinə (60 yaş) çatdığından, xx.xx.2020-ci il tarixədək 25 ildən çox ümumi iş stajına, o cümlədən 12 il 6 aydan çox “əmək şəraiti zərərli və ağır olan” iş stajına malik olduğundan və onun çalışdığı peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulduğundan və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının minimum pensiyaya imkan verdiyindən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən onun 60 yaşdan (xx.xx.2020-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malik olduğundan hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan məhkəmə cavabdehin imtinasının qanunsuz olması və iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli, 2-1(112)-5492/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: İlham Kərimli Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar