Məhkəmə qərarları › İş №2-1(103)-1338/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1338/2021

26.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1338/2021 26.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiya məbləğinin yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X3 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Namiq Şamil oğlu Cəfərovdan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiya məbləğinin yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin qəbul etdiyi 2-1(112)- 1412/2021 saylı 10 fevral 2021-ci il tarixli qərardan İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 26 may 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hisə İşin halları: İddiaçı xx.xx.1952-ci il təvəllüdlüdür. 094800 saylı pensiyaçının uçot vərəqəsindən görünür ki, 382/2015 saylı 19.04.2015-ci il tarixli qərarla X2 yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya miqdarının dəyişdirilməsi haqqında 19.02.2019-cu il tarixli Sərəncamdan görünür ki, İddiaçı may 2019-cu il tarixdən ömürlük pensiya təyin edilmiş və pensiyanın məbləği 2574.39 manat müəyyən edilmişdir. Əmək pensiyasının yenidən hesablanması haqqında İdarənin 10.04.2020-ci il tarixli qərarı ilə iddiaçıya 01.09.2019-cu il tarixdən müddətsiz pensiya təyin olunmuş, təminat xərcliyi 5099.90 manat hesablanmaqla pensiyanın məbləği 4079.92 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İşlər İdarəsinin 13/2020 saylı yanvar 2020-ci il tarixli arayışından görünür ki, iddiaçı 01.09.2019-cu il tarixdə Ali Məhkəməsinin hakimi vəzifəsində çalışmış və vəzifə maaşı 1980 manat müəyyən edilmişdir. Onların hər birinə hər beş illik əmək stajına görə vəzifə maaşlarının 15% miqdarında ayda əlavə haqq ödənilir. 01.10.2020-ci il tarixdən səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25% həcmində aylıq pul təminatı, 01.11.2020-ci il tarxdən isə yüksək hüquqi ixtisasa görə vəzifə maaşının 15% həcmində haqq ödənilir. 01.09.2020-ci il tarixdən onlara bir aylıq vəzfə maaşı həcmində vəzifə maaşına əlavələr ödənilir. Hakimlərə hər il 40 təqvim günü müddətində məzuniyyət verilir. Hakimlərə məzuniyətə çıxdığı iki aylıq əmək haqqı məbləğində müavinət və müalicə olunmaları üçün pul təminatı ödənilir. 01.09.2019-cu il tarixdən isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən təsdiq edilmiş hesablama qaydasına əsasən məzuniyyət haqqı verilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İşlər Müdirinin 66/20 saylı 07.05.2020-ci il tarixli arayışından görünür ki, hakimlərə 01.09.2019-cu il tarixdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 468 saylı 07.12.2019-cu il tarixli “Hakimlərə məzuniyyət haqqının hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında qərarına uyğun olaraq hesablanan məzuniyyət haqqı verilir. İddiaçı ona pensiya yenidən hesablanarkən hakimlərə 01 sentyabr 2020-ci il tarixdən bir aylıq vəziifə maaşı həcmində əlavənin nəzərə alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış imtina məktubunda qeyd edilmişdi ki, iddiaçının əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 35518.22 manat fərq məbləğinin 1016.05 manat hissəsi cari ilin aprel ayında, qalan 34502.17 manat hissəsi isə cari ilin may ayında əmək pensiyasının üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürülmüşdür. İddiaçının 01.09.20219-cu il tarixdən etibarən vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 1980.00 manat, hakimlik stajına görə vəzifə maaşının 45% miqdarında əlavəsi 891.00 manat, rütbə maaşına görə əlavəsi 159.00 manat, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25% miqdarında əlavəsi -495.00 manat, yüksək hüquqi ixtisasa görə vəzifə maaşının 25% miqdarında əlavəsi 297.00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 105 miqdarında əlavəsi -213.90 manat, ikinci ixtisas dərəcəsinə görə minimum əmək haqqının 4 misli məbləğində əlavəsi 1000.00 manat və ərzaq payı əvəzinə verilən 64.00 manat məbləğində pul kompensasiyası olmaqla orta aylıq əmək haqqı 5099.99 manat təşkil edir. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, pensiya məbləğinin yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırmışdı ki, onun pensiya məbləğinin yenidən hesablanması barədə iddiası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 oktyabr 2019-cu il tarixli qərarı ilə qismən təmin edilmiş, ona Azərbaycan Respublikası Ali Məhkəməsi Hərbi Kollegiyasının hakimi kimi, Ali Məhkəmənin hakimlərinin əmək haqqındakı sonrakı artımlar nəzərə alınmaqla, həmçinin AR Milli Məclisi tərəfindən ona verilmiş İİ ixtisas dərəcəsinə görə, hərbi rütbəyə, xidmət illərinə və ərzaq təminatı ilə əlaqədar verilən haqlar ödənilməklə pensiya təyin edilməsi barədə qərar qəbul edilmiş, qərar qanuni qüvvəyə minmiş və icra edilməsi üçün tədbirlər görülür, qərar tam icra edilməmişdir. Bundan əlavə hakimlərə hər il 40 təqvim günü müddətində məzuniyyət verilir. 01.09.2019-cu il tarixdən AR Nazirlər Kabinetinin 468 saylı 07 dekabr 2019-cu il tarixli “Hakimlərə məzuniyyət haqqının hesablanması Qaydasının təsdiq edilməsi haqqında” Qərarına uyğun olaraq hesablanan məzuniyyət haqqı verilir. Ali Məhkəmənin hakimlərinə 2465 manat 82 qəpik məzuniyyət haqqı ödənilməsi nəzərdə tutulmuşdur. Həmin bir aylıq vəzifə maaşına əlavə və məzuniyyət haqqı o, məhkəməyə müraciət edəndən sonra təyin edildiyindən həmin – bir aylıq vəzifə maaşı həcmində əlavənin və məzuniyyət haqqının pensiyanın miqdarı yenidən hesablanarkən nəzərə alınması barədə 19.02.2020-ci il tarixdə cavabdehə ərizə ilə müraciət etmiş, lakin 4 aydan da çox vaxt keçsə də müraciətinə cavab verilməmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, İddiaçı ona təyin olunmuş pensiya məbləğinin yenidən hesablanması, 01.09.2019-cu il tarixdən Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinə verilən bir aylıq vəzifə maaşı həcmində əlavə - 1980 manat və AR Nazirlər Kabinetinin 07.12.2019-cu il tarixli “Hakimlərə məzuniyyət haqqının hesablanma Qaydasının təsdiq edilməsi haqqında” qərara uyğun olaraq Ali Məhkəmənin hakimlərinə verilməsi müəyyən edilmiş 2465 manat 82 qəpik məzuniyyət haqqının da pensiya məbləğinə əlavə edilməsi vəzifəsinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi tələbi ilə məhkəmədə iddia qaldırmışdır. İddiaçının iddiası tam əsassızdır və qanunazidd olduğuna görə rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Qərarına əsasən “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Eyni zamanda həmin qərarda təsbit olunur ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1412/2021 saylı 10 fevral 2021-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, onun barəsində qəbuı edilmiş, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla pensiya təyin edilməsi barədə 01.09.2019-cu ildən 15.05.2020-ci il tarixə kimi bir vəzifə maaşı məbləğində əlavə və məzuniyyət haqqı qanunsuz olaraq icra edilməmişdir. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı İddiaçı iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddiasının təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “01.09.2019-cu il tarixdən Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinə verilən bir aylıq vəzifə maaşı həcmində əlavə 1980 manat, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07.12.2019-cu il tarixli “Hakimlərə məzuniyyət haqqının hesablanması Qaydasının təsdiq edilməsi haqqında” Qərarına uyğun olaraq Ali Məhkəmə hakimlərinə verilməsi müəyyən edilmiş 2465.82 manat məzuniyyət haqqının da pensiyasına əlavə edilməklə pensiya məbləğinin yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının pensiyasının hesablanması zamanı nəzərə alınmasını tələb etdiyi bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavəni və məzuniyyət haqqını işlədiyi dövrdə almadığına istinad edərək iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi barədə gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İş materiallarından müəyyən olunur ki, iddiaçıya 19.04.2015-ci tarixdə sabiq hakim kimi əmək pensiyası təyin edilmişdir. Sonradan İddiaçı müvafiq iddiası ilə bağlı işə baxan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3433/2018 saylı 24.10.2018-ci il tarixli qərarı ilə iddia təmin edilərək, iddiaçının 1994-2000-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının hakimi vəzifəsində işlədiyi illər, yəni 5 illik dövr Azərbaycan Respublikasının Ali Məhkəməsinin hakimlərinin əmək haqqındakı sonrakı artımlarla bərabər nəzərə alınmaqla, həmçinin 25 ildən artıq hakim vəzifəsində işlədiyi üçün vəzifə maaşının 75 faizi məbləğində əlavə haqq, Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə ona verilmiş ikinci ixtisas dərəcəsinə görə minimum əmək haqqının 4 misli məbləğində əlavə haqq, Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının hakimi kimi hərbçi olduğu üçün ona rütbəyə, hərbi xidmət illərinə görə və ərzaq təminatı ilə əlaqədar verilən əlavə haqlar nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və yaranacaq pensiya məbləği fərqinin birdəfəlik olaraq iddiaçıya ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinin üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1939/2019 saylı 16 oktyabr 2019-cu il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3433/2018 saylı 24.10.2018ci il tarixli qərarının “25 ildən artıq hakim vəzifəsində işlədiyi üçün vəzifə maaşının 75 faizi məbləğində əlavə haqq” ödənilməsi hissəsində ləğv olunmuş, iddia həmin hissədə qismən təmin edilərək 25 ildən artıq hakim işlədiyi üçün vəzifə maaşına 45 faiz məbləğində əlavə haqq nəzərə alınmaqla pensiyasının yenidən hesablanması qərara alınmış, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1939/2019 saylı 16 oktyabr 2019-cu il tarixli qərarı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-264/2020 saylı 28 yanvar 2020-ci il tarixli Qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Bununla bağlı iddiaçının əmək pensiyası yenidən hesablanmış və bu barədə qəbul edilmiş 10.04.2020-ci il tarixli qərarla iddiaçıya 01.09.2019-cu il tarixdən müddətsiz 4079 manat 92 qəpik əmək pensiyası hesablanmışdır. Hazırda isə iddiaçı 01.09.2019-cu il tarixdən Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinə verilən bir aylıq vəzifə maaşı həcmində 1980 manat əlavənin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07.12.2019-cu il tarixli “Hakimlərə məzuniyyət haqqının hesablanması Qaydasının təsdiq edilməsi haqqında” Qərarına uyğun olaraq Ali Məhkəmə hakimlərinə verilməsi müəyyən edilmiş 2465.82 manat məzuniyyət haqqının nəzərə alınmaqla ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanmasını tələb edir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İşlər Müdirinin 07.05.2020-ci il tarixli 66/20 saylı arayışına əsasən hakimlərə 01.09.2019-cu il tarixdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 468 saylı 07.12.2019-cu il tarixli ”Hakimlərə məzuniyyət haqqının hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında qərarına uyğun olaraq hesablanan məzuniyyət haqqı verilir. 12 iyul 2019-cu il tarixli “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Qanununun 1.1.1-ci bəndinə əsasən 106-cı maddə üzrə birinci hissəyə “məbləğdə” sözündən sonra “aylıq” sözü və “edilir” sözündən sonra “və onlara bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir” sözləri əlavə edilmişdir. Həmin Qanunun 1.1.2-ci bəndinə əsasən 106-cı maddə üzrə birinci hissənin ikinci abzasında “2280 manat” sözləri “Azərbaycan Respublikası Milli Məclisi Sədrinin aylıq vəzifə maaşı” sözləri ilə əvəz edilmişdir. Həmin Qanun 2019-cu ilin sentyabrın 1-dən qüvvəyə minmişdir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci hissəsinə əsasən hakimlərin aşağıdakı məbləğdə aylıq vəzifə maaşları müəyyən edilir və onlara bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir: Ali Məhkəmənin sədrinə Azərbaycan Respublikası Milli Məclisi Sədrinin aylıq vəzifə maaşı həcmində; bütün məhkəmələrin hakimlərinə müvafiq məhkəmə sədrinin vəzifə maaşlarının 80 faizi həcmində müəyyən edilir. Belşəliklə, iş üzrə müəyyən olunur ki, iddiaçının hazırki işdə onun pensiyasının hesablanması zamanı cavabdeh tərəfindən nəzərə alınmasını tələb etdiyi bir aylıq vəzifə maaşı həcmində əlavəni və məzuniyyət haqqını iddiaçı hakim işlədiyi dövrdə almamışdır. Belə ki, həmin əmək haqqına əlavə və məzuniyyət haqqı ilə bağlı qanunun müddəaları iddiaçıya ilk dəfə pensiya təyin olunduqdan sonrakı dövrdə, yəni özünün də qeyd etdiyi kimi 01.09.2019-cu il və 07.12.2019-cu il tarixlərdə qəbul edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli Qərarına əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinə münasibətdə birinci instansiya məhkəməsi iddianın rədd edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. İddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərə gəldikdə isə məhkəmə kollegiyası həmin dəlilləri bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı qəbul etmir və əlavə olaraq iddiaçıya izah edir ki, istinad etdiyi məhkəmə qərarının düzgün icra olunmadığını iddia etdiyi halda bu barədə məhkəmə qərarının icrası ilə bağlı inzibati prosessual qanunvericiliyin tələb etdiyi icraat qaydasında ərizə ilə birinci instansiya məhkəməsinə müraciət etmək hüququ vardır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi üçün əsas yaratmadığı üçün məhkəmə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1412/2021 saylı 10 fevral 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1412/2021 saylı 10 fevral 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Namiq Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar