Məhkəmə qərarları › İş №2-1(103)-1338/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1338/2022

13.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1338/2022 13.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X2 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, X1-Yusiflinin katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7689/2021 saylı 30 noyabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 13 aprel 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür. HZ seriyalı ******* saylı 22.10.1978-ci il tarixli hərbi biletdən görünür ki, o, 22.10.1978-ci il tarixdən 13.12.1980-ci il tarixə qədər həqiqi hərbi xidmətdə olmuşdur. İddiçıya məxsus İT seriyalı ******* saylı 13.03.1981-ci il tarixli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, o,1974-cü ildən 1977-ci ilədək Bakı şəhəri 8 saylı Texniki məktəbdə təhsil almış, 08.08.1977-22.10.1978-ci illərdə Bakı şəhəri 3 No-li AMTTda 3-cü (üçüncü) dərəcəli təmirçi - çilingər (Əmr № 147/ok 03.08.1977-ci il), 22.10.1978-ci ildə Sovet ordusu sıralarına çağırılması ilə əlaqədar ildən azad edilmiş, 22.10.1978-ci ildən 08.12.1980-cı ilədək Sovet ordusu sıralarında xidmət etmiş, 26.03.1981-ci il tarixdən 20 №-İi Filialda 3-cü dərəcəli təmirçi çilingər (Əmr №N71/ok 25.03.1981-ci il), 13.08.1981- 10.11.1981-ci illərdə 6 №-li Filialda 3-cü dərəcəli təmirçi-çilingər (Əmr №198/ok 13.07.1981-ci il), 20.04.1982-ci ildən Bakı Soyuducu Zavodunda yığma sexində birinci dərəcəli yığıcı çilingər (Əmr №178/k 21.04.1982-cı il), 04.09.1989- 31.01.2003-cü illərdə BEİ-də 3-cü dərəcəli kürəçi (Əmr № 321 /k 04.09.1989-cu il) vəzifəsində işləmişdir. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış **********8 saylı 21.04.2021-ci il tarixli imtina məktubu ilə bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zorərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1 -ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər dövlət fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Mərkəzi Filiala təqdim edilən "xxxx" ASCnin 14 yanvar 2021-ci il tarixli 02 nömrəli arayışında 01.01.1996 -31.01.2003cü il tarixləri arasındakı dövr ərzində ödənişsiz məzuniyyətdə olduğu qeyd olunmuşdur. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd edilən dövr üzrə ödənişsiz məzuniyyətində olduğu ümumilikdə 5 il 1 ay müddətini iş stajına daxil etmək mümkün deyil. Bu səbəbdən də güzəştli iş stajı 12 il 6 aydan az (8 il 3 ay 27 gün) təşkil edir. Bundan başqa ümümi iş stajı da 25 ildən az (19 il 7 ay 14 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “ona 57 yaşdan, yəni 01.02.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1974-1977-ci illərdə 80 nömrəli Peşə Texniki Məktəbində oxumuş, çilingər-təmirçi ixtisasına uyğun zərərli işlərdə çalışmış, ümumilikdə 26 il sığorta stajı var (peşə məktəbində oxuduğu illər nəzərə alınarsa 29 il), bunlardan ən azı 14 il müddətində zərərli işdə çalışmışdır. Belə ki, 04.09.1989-03.02.2003cü illərdə Bakı Soyuducular Zavodunda zərərli işdə “kürəçi” (objiqalşik) vəzifəsində işləmişdir. Ona güzəştli şərtlə yaşa görə pensiyanın təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən tələbin təmin olunmasından imtina edilmiş, imtinanın səbəbi kimi 01.01.1998-31.01.2003-cü il tarixləri arasındakı dövr ərzində ödənişsiz məzuniyyətdə oldugu, bununla da 25 ildən az stajının oldugu (cəmi 19 il 7 ay 14 gün) qeyd olunmuşdur. Cavabdehin bu uydurma əsaslarla ona qanuni pensiya təminatından məhrum etməsi onun konstitusiya hüquqlarının kobud səkildə pozulmasına gətirib çıxarmışdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, cavabdeh iddia ərizəsini qanunsuz və əsassız hesab edir. Belə ki, iddiaçının inzibati orqana təqdim etdiyi əmək kitabçasından göründüyü kimi, iddiaçıya həm hal-hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsi, həmçinin həmin Qanunun 9.8-ci maddəsinə əsasən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu tətbiq edilə bilməz, onun 01.01.2006-cı il tarixədək ümumi iş stajı qanunvericiliklə müəyyən edilmiş 25 ildən az yəni 19 il 07 ay 14 gün, güzəştli iş stajı isə 12 il 06 aydan az, yəni 08 il 03 ay 27 gündən azdı. Həm Azərbaycan Respublikası Əmək Məcəlləsinin 111-ci maddəsində, həm də “Məzuniyyətlər haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində məzuniyyətdə olduğu müddətin işçinin əmək stajına daxil edildiyi göstərilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Normaların məzmunundan göründüyü kimi, qanunverici əmək (iş) dövrlərinin yalnız o hissəsini (hissələrini) sosial sığorta stajı kimi nəzərə alır ki, həmin dövrlərdə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənmiş olsun. “Əmək pensiyaları haqqında” Qanunun 21.2-ci maddəsində sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, qanunvericinin sosial sığorta stajı kimi nəzərə aldığı digər müddətlər də qeyd edilmişdir. Lakin iddia olunan məzmunda ödənişsiz məzuniyyət dövrü sosial sığorta stajı kimi həmin siyahıda təsbit olunmamışdır. "xxxx" ASC-nin 14.01.2021-ci il tarixli 02 nömrəli arayışdan onun 01.01.1998-31.01.2003-cü il tarixləri dövr arasındakı müddət ərzində ödənişsiz məzuniyyətdə olduğu qeyd olunmuş, məhz bu səbəbdən qeyd edilən dövr iddiaçının nə ümumi, nə də ki, güzəştli iş stajı kimi qəbul edilə bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7689/2021 saylı 30 noyabr 2021-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmə tərəfindən işin halları nəzərə alınmamış və mövcud olan qanunvericiliyin tələbləri, eləcə də Əmək Məcəlləsinin maddi-hüquq normalarının düzgün tətbiq edilməməsi səbəbindən iddianın təmin olunmaması qənaətinə gəlmişdir. Qərar qanunsuzdur, nəticə də onun konstitusion hüquqları pozulmuşdur. Tərəflərin izahatları: 13.04.2022-ci il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında iştiraklarını təmin etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsini nəzərə alaraq hazırki işə İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi 21.04.2021-ci il tarixdir. Lakin həmin imtina məktubunun iddiaçı tərəfindən nə vaxt alınmasını təsdiq edən sübut iş materiallarında mövcud deyil. İddiaçı isə iddia ilə məhkəməyə 21.06.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh inzibati orqana qarşı tələbi “ona 57 yaşdan, yəni 01.02.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi öhdəıliyinin cavabdehin üzərinə qoyulması” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun ümumi iş stajının 25 ildən az, yəni 19 il 7 ay 4 gün, güzəştli iş stajının 12 il 6 aydan az, yəni 8 il 3 ay 27 gün, eləcə də onun 01.01.1998-ci il tarixdən 31.01.2003-cü il tarixədək ödənişsiz məzuniyyətdə olması və həmin dövrün staja daxil edilmədiyi əsası ilə imtina edilmişdir. Bundan sonra o, məhkəməyə müraciət etmiş, lakin onun iddiası məhkəmə tərəfindən təmin olunmamışdır. Belə ki, işə birinci instnsiya qaydasında baxmış məhkəmə iddiaçının təhsil aldığı və hərbi xidmət dövrünün onun ümumi iş stajına daxil edilməklə 01.01.2006-cı il tarixədək ümumi iş stajının 25 ildən az, yəni 22 il 03 ay 28 gün, güzəştli iş stajının 12 il 6 aydan az olmasına, həmçinin iddiaçının 01.10.1997-31.01.2003-cü il tarixədək ödənişsiz məzuniyyətdə olmasına istinad edərək iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” AR Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunu qüvvədə olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 Qərarı ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq 08.10.2010-cu il tarixli 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.01.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Göründüyü kimi, iddiaçı onun 01.01.2006-cı il tarixə qədər 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi stajının tamam olmasına və onun güzəştli şərtlərlə 57 yaşdan əmək pensiyasına çıxmaq hüququnun olduğuna istinad etdiyi üçün əvvəlcə onun “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tətbiqi ilə bağlı pensiya hüququnun mümkünlüyü məsələsi yoxlanılmalıdır. Həmin Qanunun 9.8-ci maddəsinin tələbinə görə hüquq münasibətlərinə tətbiq edilməli olan «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin «b» bəndinə əsasən iddiaçının 01.01.2006-cı il tarixə qədər 25 ildən az olmayan ümumi, 12 il 6 aydan az olmayan xüsusi stajının mövcud olub-olmaması yoxlanılmalıdır. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə hərbi biletini, əmək kitabçasını və iş yerindən arayışları təqdim etmişdir. İddiaçıya məxsus hərbi biletdən görünür ki, o, 22.10.1978- ci il tarixdən 13.12.1980ci il tarixə qədər həqiqi hərbi xidmətdə olmuşdur. Həmin dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. İddiaçının əmək kitabçasında qeyd olunan 1974-cü ildən 1977-ci ilədək Bakı şəhəri 8 saylı Texniki məktəbdə təhsil alması ilə bağlı qeyd olunur ki, həmin dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin üçüncü bəndinin “ğ” yarımbəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti işçinin iş stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr onun ümumi iş stajı ilə müəyyən edilir. Nəzərə alınmalıdır ki, hazırki iş üzrə cavabdeh inzibati orqanın imtinasının əsasını iddiaçının ümumi iş stajının 25 ildən az, yəni 19 il 7 ay 14 gün olması, güzəştli iş stajının 12 il 6 aydan az, yəni 8 il 3 ay 27 gün olması, həmçinin onun 01.01.1998-31.01.2003-cü il tarixləri arasında ödənişsiz məzuniyyətdə olması və həmin dövrün onun iş stajına aid edilməməsi təşkil edir. İddiaçıya məxsus əmək kitabçasından görünür ki, o, əmək fəaliyyətinə 1977-ci ildə başlamış və müxtəlif peşələrdə işləmişdir. Onun təhsil aldığı 3 illik dövr, 22.10.1978-ci ildən 13.12.1980-cı ilədək (hərbi xidmət dövrü 2 il 2 ay), 08.08.1977-ci ildən 22.10.1978-ci ilədək 1 il 2 ay, 26.03.1981-ci ildən 10.11.1981-ci ilədək 8 ay, 20.04.1982-ci ildən 04.09.1989-cu ilədək 7 il 5 ay, 04.09.1989-cu ildən 1996-cı ilədək 7 il olmaqla, ümumilikdə təxminən 21 il 5 ay təşkil edir. İddiaçının 1996-2004-cü illər ərzində Azərbaycan Respublikası "xxxx" ASC-də işlədiyi dövrlə bağlı qeyd olunur ki, müəssisə tərəfindən verilmiş 20 saylı 02.08.2021-ci il və 26 saylı 16.09.2021-ci il tarixli eyniməzmunlu arayışlarından görünür ki, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı “Bakı Soyuducular Zavodu”na 20.04.1982-ci il tarixdə 178/k saylı əmrlə Yığma sexinə yığıcı-çilingər peşəsinə işə qəbul edilmişdir. 04.09.1989-cu il tarixdən 321/k saylı əmrlə 31.01.2003-cü il tarixədək Rəngləmə sexinin qaynar mina sahəsində soyuducuların daxili şkaflarının qızdırılmış halda yandırılması və emal örtüyünün yandırılması, sobaların işlədiyi sahədə yandırıcı peşəsində işləmişdir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il 12 saylı qərarı ilə təsdiq edilmiş Siyahı; Bölmə 11. Metal emalı; 11.9. Qaynar üsulla metalın üzlənməsi; a) fəhlələr: -emal yandırıcıları öz əksini tapmışdır. İddiaçı işlədiyi müddət ərzində insan həyatı üçün təhlükəli olan maddələrlə 8 saatlıq iş günü olmaqla qapalı şəraitdə daima təmasda olmuş və 01.10.1997-ci il tarixdən 31.01.2003- cü il tarixə kimi müəssisənin maliyyə vəziyyəti ilə əlaqədar olaraq öz hesabına ödənişsiz məzuniyyətdə olmuşdur. SSRİ Nazirlər Kabinetinin 25.05.1974-cü il tarixli 43 nömrəli qərarı ilə Bakı Soyuducular Zavodunun bazasında “Bakelektropribor” İstehsalat Birliyi yaranmışdır. “Bakelektropribor” İstehsalat Birliyinin tərkibində olan “Bakı Elektrik Soyuducuları Zavodu” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26.01.1991-ci il tarixli 10 nömrəli qərarı ilə “Çinar” İstehsalat Birliyi adlandırılmışdır. Bakı Soyuducular Zavodu “Çinar” İB-nin tərkibində olmuşdur. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət əmlakının idarə olunması və özəlləşdirilməsi Departamentinin 28.02.2002 tarixli 83 saylı sərəncamı ilə Bakı Soyuducular Zavodu "xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrilib. Arayış forma T-2 şəxsi vərəqinə, əmr kitablarına və əmək haqqı cədvəllərinə əsasən yazılmışdır. Həmçinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 23 saylı 29.09.2021-ci il tarixli və 24 saylı 29.09.2021-ci il tarixli arayışlarından görünür ki, iddiaçı 01.10.1996-26.08.2004-cü ilə kimi ödənişsiz məzuniyyətə buraxılmış, lakin zərurət yarandıqda işə çağırılmış və faktiki iş günlərinin miqdarına görə ona əmək haqqı hesablanmışdır. Həmin dövrlərlə bağlı iddiaçının əmək haqqı məbləği ilə bağlı müəssisənin təqdim etdiyi arayışlardan görünür ki, iddiaçı 1996-cı ilin sentyabr – dekabr aylarında (4 ay), 1997-ildə bütövlükdə, 1998-ci ilin yanvar - aprel, iyun, avqust, dekabr aylarında (7 ay), 1999-cu ilin yanvar – sentyabr (9 ay), 2000-ci ilin fevral – may, iyul – dekabr (10 ay), 2001-ci ilin yanvar, mart – dekabr (1 ay), 2002, 2003 və 2004-cü ildə isə bütövlükdə ödənişsiz məzuniyyətdə olduğu üçün ona əmək haqqı verilməmişdir. Həmin illər üzrə əmək haqqının verildiyi dövr isə ümumilikdə 1 il 7 ay təşkil edir. Beləliklə, iddiaçıya onun təhsil aldığı dövr, hərbi xidmət dövrü və əmək kitabçasındakı məlumatlar, həmçinin işəgötürən müəssisənin verdiyi əmək haqlarının ödənildiyi dövrlə bağlı təfərrüatlı arayışlar nəzərə alınmaqla ümumi stajı 01.01.2006-cı il tarixə 25 ildən az (22 il 3 ay 28 gün) təşkil edir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçınən 12 il 6 ay güzəştli iş stajının mövcud olmasını yoxlamağa zərurət qalmamışdır. Kollegiya nəzərə alır ki, iddiaçı yuxarıda qeyd olunan dövrlərdə ödənişsiz məzuniyyətdə olmuş və ona hər hansı ödəniş edilməmiş, əmək haqqı almamışdır. İddiaçının ödənişsiz məzuniyyətdə olduğu dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsində ödənişsiz məzuniyyət dövrünün iş stajına daxil edilməsi nəzərdə tutulmamışdır. Buna görə də birinci instansiya məhkəməsi əmək pensiyaları haqqında qanunvericiliyin tələblərinə görə iddiaçının adı çəkilən müəssisədə işlədiyi 1996-cı ilin sentyabr – dekabr (4 ay), 1997-ildə bütövlükdə, 1998-ci ilin yanvar - aprel, iyun, avqust, dekabr (7 ay), 1999-cu ilin yanvar – sentyabr (9 ay), 2000-ci ilin fevral – may, iyul – dekabr (10 ay), 2001-ci ilin yanvar, mart – dekabr (1 ay), 2002, 2003 və 2004-cü ildə isə bütövlükdə ödənişsiz məzuniyyətdə olduğu dövrün onun sosial sığorta stajına daxil edilmədiyini nəzərə alaraq düzgün olaraq hesab etmişdir ki, həmin dövr onun ümumi iş stajına daxil edilə bilməz. Qeyd olunmalıdır ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qərarlarında hüquqi mövqeyi də belə əsaslandırılmışdır (2-1(102)- 1823/2020 və 2-1(102)-1527/2021 saylı inzibati məhkəmə işləri). Bununla da məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmadığı üçün birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməməsi barədə gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olmuşdur. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İddiaçının apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillərin bir qismi formal mülahizə xarakterli olub, iş materialları və qanunvericiliklə təkzib edildiyindən, kifayət qədər əsaslandırılmadığından, bir qismi isə bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassızdır, buna görə də təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7689/2021 saylı 30 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7689/2021 saylı 30 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar