Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1338/2024 14.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X4 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9370/2023 nömrəli, 14 sentyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli Qanununun tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşı tamam olduğu 20 may 2020-ci il tarixindən təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxx 1963-cü il təvəllüdlüdür. Diplomu, hərbi bileti və əmək kitabçasından görünür ki, 01 sentyabr 1980-cı il tarixdən 24 iyul 1981-ci il tarixinədək (00 il 10 ay 23 gün) Bakı şəhəri 20 saylı Texniki-Peşə məktəbində və 01 sentyabr 1981-ci il tarixdən 25 mart 1986-cı il tarixinədək (04 il 06 ay 24 gün) Bakı baza Energetika Texnikumunda təhsil almış, təhsil aldığı dövrdə 01 noyabr 1981-ci il tarixdən 26 noyabr 1983-cü il tarixinədək (02 il 00 ay 25 gün) Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçmiş, 11 mart 1985-ci il tarixdən 15 iyul 1985-ci il tarixinədək (00 il 04 ay 04 gün) RF-nın Voronej şəhərində “Mərkəzenerqoquraşdırma, trestinin quraşdırma idarəsində çilingər, 07 aprel 1986-cı il tarixdən 29 iyul 1986-cı il tarixinədək (00 il 03 ay 22 gün) Qazaxıstan SSR-nin Uralsk şəhəri İEM-də Qazan-Turbin sexində təmir üzrə çilingər (Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 2 saylı siyahı üzrə kod:2140000a-18455), 29 iyul 1986-cı il tarixdən 26 dekabr 1988-ci il tarixinədək (02 il 04 ay 28 gün) həmin sexdə qazan maşinisti (Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 2 saylı siyahı üzrə kod:2140000a-13785), 26 dekabr 1988-ci il tarixdən 20 iyul 1990-cı il tarixinədək (01 il 06 ay 24 gün) həmin sexdə təmirçi çilingər (Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 2 saylı siyahı üzrə kod:2140000a-18455), 20 iyul 1990-cı il tarixdən 08 aprel 1994-cü il tarixinədək (03 il 08 ay 18 gün) qazanxana sexində qazan maşinisti (Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 2 saylı siyahı üzrə kod: 2140000a-13785), 04 may 1994cü il tarixdən 27 fevral 2001-ci il tarixinədək (06 il 09 ay 23 gün) "xxxx" Dövlət Şirkətinin Ə.Bayramzadə adına Bakı l№-li İEM-də Qazan-Turbin sexində (QTS) qazan maşinisti (Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 2 saylı siyahı üzrə kod: 2140000a-13785), 27 fevral 2001 -ci il tarixdən 01 iyul 2002-ci il tarixinədək (01 il 04 ay 04 gün) həmin İdarənin QTS-də idarəetmə məntəqəsinin qazan maşinisti (Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 2 saylı siyahı üzrə kod:2140000a-13785), 01 iyul 2002-ci il tarixdən 01 yanvar 2006-cı il tarixinədək (03 il 06 ay 00 gün) və 01 yanvar 2006-cı il tarixdən 01 yanvar 2020ci il tarixinədək (14 il 00 ay 00 gün) həmin QTS-də böyük maşinist (Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 2 saylı siyahı üzrə kod:2140000a18828) vəzifəsində işləmiş, 01 yanvar 2020-ci il tarixdən bu günə kimi həmin sexdə köməkçi avadanlıqlar üzrə böyük maşinist vəzifəsində işləyir. Beləliklə, 01 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 il 00 ay 19 gün (25 ildən artıq) təşkil etmiş, həmin staj illərindən 19 il 07 ay 23 gün (12 il 6 aydan artıq) müddətini 01 yanvar 2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsal atların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısına daxil olan işlərdə çalışmışdır. Bununla da o, həmin Qanunun tələblərinə cavab verən iş stajı toplamış, bu səbəbdən də 57 yaşın çatdığı 20 may 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ qazanmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı xx.xx.2023-cü il tarixdə Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət etmişdir. Cavabdeh tərəfindən aparılan araşdırma nəticəsində iddiaçıya ünvanlanmış imtina məktubunda onun təqdim etdiyi sənədlərə əsasən sığorta stajının qanunvericiliklə nəzərdə tutulan həddən (25 il) az olduğu bildirilmişdir. Bundan sonra İddiaçı məhkəməyə müraciət etmişdir. Cavabdeh hesab edir ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. İş materiallarından aydın olur ki, İddiaçı ümumi iş stajı 16 il 11 ay 23 gün (xx.xx.1980-xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1986-cı il və xx.xx.1994-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər) təşkil edir ki, bu da qanunvericiliklə tələb olunan həddən (25 il) azdır. Cavabdeh “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1, 7, 9.8-ci maddələrinə istinad edərək bildirir ki, 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Adıçəkilən Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. İşin faktiki hallarına əsasən iddiaçının Qazaxıstan Respublikasının Uralsk şəhərində yerləşən X2 (İEM) işlədiyi və əməkhaqqı aldığını iddia etdiyi xx.xx.1986-xx.xx.1994-cu il tarixləri arasındakı illər onun sosial sığorta stajına daxil edilməmiş və ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 25 il sosial sığorta stajı tamamlanmadığı üçün İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Buna əsas olaraq bildirilir ki, iddiaçının sözügedən müəssisədə işləməsi faktını müəyyənləşdirmək üçün aidiyyəti üzrə xx.xx.2022-ci il tarixli **********5 nömrəli sorğu göndərilmiş, sorğuya cavab olaraq, Qazaxıstan Respublikası Dövlət Arxiv İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən bildirilmişdir ki, İddiaçı sözügedən müəssisədə işləməsinə dair arxiv sənədləri, eləcə də əməkhaqqı cədvəlləri arxivə təhvil verilməmişdir. Buna görə də, həmin dövrlər onun ümumi iş stajına daxil edilməmişdir. Qeyd olunanları nəzərə alaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9370/2023 nömrəli, 14 sentyabr 2023-cü il tarixli qərarı ilə (hakim T.Məlikov) iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti etiraza uyğun əsaslandırılmış və qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi qərarında iddiaçının Qazaxıstan Respublikasının Ural vilayətində yerləşən X1 əmək fəaliyyətinə münasibətdə sonuncunun əmək kitabçasında olan qeydlərlə kifayətlənmiş və iddiaçının sözügedən müəssisədə işləməsi ilə bağlı arxiv sənədlərinin və əməkhaqqı cədvəllərinin olmaması ilə bağlı cavabdehin rəsmi dəlillərinə diqqət etmədən əsassız olaraq iddianı təmin etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraza, apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina edilmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı həm də mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. -1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. -9.1-ci maddəsinin 13 may 2022-ci il tarixədək olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. -9.1-ci maddəsinin 13 may 2022-ci il tarixdən sonraki 29 iyun 2022-ci il tarixdə qüvvəyə minmiş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: - 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. - 3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Beləliklə, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13- cü maddəsinin “b” bəndinə əsasən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; 2) xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. İddiaçının qanunla müəyyən olunmuş yaş həddinə çatması işin mübahisələndirilməyən halıdır. İş materiallarından məlum olur ki, xx.xx.1963-cü il təvəllüdlü iddiaçının 20 may 2020ci il tarixdə 57 yaşı tamam olmuş və onun güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ yaranmışdır. İşin mübahisəli halı tələb olunan ümumi və xüsusi iş stajının mövcud olmaması ilə bağlıdır. Kollegiya tələb olunan 25 il ümumi iş stajının mövcud olmaması ilə bağlı apellyasiya şikayətinin dəlilini əsassız hesab edərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarında olan: -xx.xx.1981-ci il tarixli A№771083 saylı diplomun surətindən görünür ki, İddiaçı 17 iyul 1981-ci ildə Azərbaycan SSR Bakı şəhəri 25№li texniki məktəbin “buruğa xidmət üzrə elektrik montyoru” peşəsi üzrə tam kursu bitirmişdir. Ali və Orta ixtisas təhsilli Nazirliyin Bakı Baza Energetika Texnikumunun “Buxar generatorlu və turbin qurğulu İES” ixtisasını bitirərək istilik texnikası üzrə texnik ixtisası əldə etmişdir. --xx.xx.1986-cı il tarixli ИТ seriyalı 027806 №li diplomun surətindən görünür ki, İddiaçı 27 fevral 1986-cı ildə Azərbaycan SSR Ali və Orta ixtisas təhsilli Nazirliyin Bakı Baza Energetika Texnikumunun “Buxar generatorlu və turbin qurğulu İES” ixtisasını bitirərək istilik texnikası üzrə texnik ixtisası əldə etmişdir. -НЗ seriyalı № ******* saylı hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1981-ci ildən xx.xx.1983-cü ilə qədər hərbi xidmətdə olmuşdur; -23 iyul 1985-ci il tarixdən doldurulmağa başlanmış iddiaçıya məxsus ИТ-İ № ******* saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1981-ci ildən xx.xx.1986-cı il tarixədək Bakı Baza Energetika Texnikumunda təhsil almış, təhsil aldığı dövrdə xx.xx.1981-ci ildən xx.xx.1983-cü il tarixinədək Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçmiş, xx.xx.1985-ci ildən xx.xx.1985-ci il tarixədək Voronej “Mərkəzenerqoquraşdırma” trestində çilingər, xx.xx.1986-cı ildən xx.xx.1994-cü il tarixədək Qazaxıstan SSR-nin Ural şəhəri İEM-də Qazan-Turbin sexində təmir üzrə çilingər, qazan maşinisti, təmirçi çilingər, xx.xx.1994-cü ildən xx.xx.2002-ci il tarixinədək "xxxx" Dövlət Şirkətinin Ə.Bayramzadə adına Bakı l№-li İEM-də Qazan-Turbin sexində (QTS) qazan maşinisti, xx.xx.2002-ci ildən xx.xx.2020-ci il tarixədək boyler və daerator qurğularının böyük maşınisti həmin QTS-də böyük maşinist vəzifəsində işləmiş (xx.xx.2002-ci il tarixdən Ə.Bayramzadə adına Bakı 1 №li İEM-1 "xxxx" MMC adlandırılmışdır), xx.xx.2020ci il tarixdən hal-hazıradək həmin sexdə köməkçi avadanlıqlar üzrə böyük maşinist vəzifəsində işləyir. --"xxxx" ASC-nin baş direktoru B.Q.Akimqujin tərəfindən imzalanaraq möhürlə təsdiq edilmiş 02 mart 2023-cü il tarixli, 36 nömrəli arayışdan görünür ki, İddiaçı 07 aprel 1986-cı ildən (əmr №6-k, xx.xx.1986) xx.xx.1994-cü il tarixədək (əmr №12-k. xx.xx.1994) Ural vilayəti İEM-də Qazan-Turbin sexində tam ştat üzrə qazan avadanlıqlarının təmiri, qazan turbin sexində qazan operatoru, təmir üzrə çilingər (Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 2 saylı siyahı üzrə kod:2140000a-18455) vəzifəsində 08 il 01 gün işləmişdir. Uralsk İEM-lə “Oblteplokommunenerqo”nun («Облтеплокоммуненерго») birləşməsi ilə əlaqədar xx.xx.1996-cı il tarixdə "xxxx" İstehsalat Birliyi yaranmışdır (Qərbi Qazaxıstan vilayəti akiminin 145 nömrəli, xx.xx.1996-cı il tarixli qərarı) -"xxxx" ASC “Bakı X7” MMC tərəfindən verilən 20 aprel 2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı "xxxx" ASC "Bakı X7" MMC-də xx.xx.1994-cü ildən aşağıda göstərilən vəzifələrdə işləyib: xx.xx.1994-cü ildə (əmr № 25/Ş xx.xx.1994-cü il) Qazan turbin sexində qazan bölməsinin baxıcı maşinisti təyin edilib; xx.xx.2001-ci ildə (əmr №29/K 07.xx.xx-2001-ci il) Qazan turbin sexində mərkəzi istilik idarəetmə məntəqəsinin qazan maşinisti keçirilib; xx.xx.2002-cı ildə (əmr № 34/Ş xx.xx.2002-ci il) Qazan turbin sexində boyler və deaerator qurğularının böyük maşinisti keçirilib; xx.xx.2020-ci ildən (əmr № 1/Ş xx.xx.2020-ci il) hal hazıradək Qazan turbin sexində köməkçi avadanlıqlar üzrə böyük maşinist vəzifəsində işləyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12№-li qərarına əsasən “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” 24-cü bölmə, a” bəndinə əsasən qazan maşinistləri, qazan turbin sexlərinin böyük maşinistləri, qazanxana avadanlıqlarının böyük maşinistləri, qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri üzrə çilıngərlər, güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququna malikdir. "xxxx" ASC-nin əmrlərinə əsasən “Qırmızı Ulduz” adına Bakı 1№-li İEM Ə.Bayramzadə adına Bakı 1№-li İEM (Əmr № 161, xx.xx.1992-cı il), Ə.Bayramzadə adına Bakı 1№-li İEM X7-1” MMC (Əmr № AU/053, xx.xx.2002-ci il), “Bakı X7-1” MMC “Bakı X7” MMC (Əmr № AÜ/008, 11.01 2006-cı il) adlandırılmışdır. -"xxxx" ASC “Bakı X7” MMC tərəfindən verilən 13 dekabr 2021-ci il tarixli arayışdan görünür ki, arayış İddiaçı ondan ötrü verilmişdir ki, o, həqiqətən "Bakı X7" MMC-də qazan turbin sexinin köməkçi avadanlıqlar üzrə böyük maşınist vəzifəsində çalışır. Arayışda iddiaçının 01 yanvar 2021 - 01 dekabr 2021-ci illər ərzində əmək haqqı cədvəlində aldığı əmək haqqının məbləği aşağıdakı qaydada göstərilmişdir: 2021-ci ilin yanvar ayı üzrə 1315,98 manat, fevral ayı üzrə 673,75 manat, mart ayı üzrə 1038,88, aprel ayı üzrə 1480,25 manat, may ayı üzrə 966,57 manat, iyun ayı üzrə 585,03 manat, iyul ayı üzrə 715,97 manat, avqust ayı üzrə 672,22 manat, sentyabr ayı üzrə 652,90 manat, oktyabr ayı üzrə 848,13 manat, noyabr ayı üzrə 231,93 manat. Cəmi 9180,93 manat. -AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Beynəlxalq Əlaqələr Departamentinə ünvanlanmış Qərbi Qazaxıstan vilayətinin Mədəniyyət, dillərin inkişafı və arxiv işi İdarəsi Kommunal Dövlət Müəssisəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Qazaxıstan Respublikasının Dövlət Arxiv İdarəsindən daxil olan xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Uralsk şəhər arxiv fondunun məlumatlarına əsasən 1986-1994-cü illər üzrə İddiaçı, şəxsi heyətlə bağlı əmrlər, iş stajı və əmək haqqının ödənilməsinə dair cədvəllər aşkar edilməmişdir. Uralsk şəhər İEM “Zapkazenerqo” (Уральский ТЕЦ «Запказенерго») müəssisəsinin 1986-1994-cü illər üzrə sənədləri X8 vilayətinin Dövlət Arxivinə sənədlər təhvil verilmədiyindən İddiaçı iş stajı və əmək haqqının həcmi barədə məlumatların verilməsi qeyri-mümkündür. İş materiallarından görünür ki, iddiaçının xx.xx.1980-xx.xx.1981-ci il, xx.xx.1981xx.xx.1986-cı il, xx.xx.1994- xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər 17 il 9 gün ümumi iş stajının olması cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilmir. İddiaçının ümumi iş stajına daxil edilməyən dövrlər onun xx.xx.1986-xx.xx.1994-cü illərdə Qazaxıstan Respublikasının Ural vilayətində yerləşən X2 işlədiyi dövrlərdir. Cavabdehin həmin dövlərlə bağlı dəlili ondan ibarətdir ki, iddiaçının sözügedən müəssisədə işləməsinə dair arxiv sənədləri, eləcə də əməkhaqqı cədvəlləri arxivə təhvil verilməmiş və nəticədə iddiaçıya pensiya təyin edilməsi üçün ümumi sığorta stajı tələb olunan həddən (25 il) az (17 il, 9 gün) olmuşdur. Kollegiya məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsi ilə bağlı cavabdeh inzibati orqanın dəlilinə münasibətdə həmçinin qeyd edir ki, işin yuxarıda istinad olunan hallarından məlum olur ki, cavabdehin qəbul etmədiyi iş stajı əmək kitabçasında öz əksini tapmış, həmin qeydlər müəssisəsinin möhürü və vəzifəli şəxsin imzası ilə təsdiqlənmişdir. Belə ki, iddiaçı Qazaxıstan Respublikasının Ural vilayətində yerləşən X2 əmək fəaliyyətinə xx.xx.1986-ci il tarixdə başlamış, fasiləsiz olaraq eyni müəssisədə xx.xx.1994-cü il tarixə kimi işləmiş, bu barədə onun əmək kitabçasında müvafiq qeydlər aparılmış, iddiaçının həmin müəssisədə işləməsi və işlədiyi müəssisənin mövcudluğu təsdiqini tapmış ("xxxx" ASC-nin arayışındakı məlumatlara əsasən), cavabdeh tərəfindən isə iddiaçının əmək kitabçasındakı qeydlərin mötəbərliyini şübhə altına ala biləcək hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Apellyasiya instansiya məhkəməsində icraat zamanı iddiaçı əmək kitabçasının əslini məhkəməyə təqdim etmişdir, iddiaçının əmək kitabçasındakı məlumatların mötəbərliyini şübhə altına alan hər hansı hal işdə mövcud deyildir. Müəssisənin arxiv sənədlərinin mövcud olmaması isə iddiaçının ziyanına şərh oluna bilməz. Çünki arxiv sənədlərinin saxlanılması iddiaçının deyil, işlədiyi müəssisənin rəhbərliyinin səlahiyyətində olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, işin araşdırılmış hallarından göründüyü kimi inzibati orqan tərəfindən sığorta stajı müəyyən dövrə münasibətdə mübahisələndirilsə də, qeyd olunan dövrlə bağlı əmək kitabçasında aparılmış qeydlərin mötəbərliyini təkzib edəcək heç bir sübut məhkəməyə təqdim olunmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X12) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, mövcud “Qaydalar”da, "Əmək pensiyaları haqqında" Qanun qüvvəyə minən günədək, yəni xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit edilmişdir. xx.xx.2006-cı il tarixdən sonrakı dövr üçün isə sosial sığorta stajının sığortaolunanın fərdi uçot məlumatları əsasında, yəni məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə müəyyən olunduğu təsbit edilmişdir. Kollegiya həmçinin iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajına münasibətdə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. İş materiallarında olan iddiaçının işlədiyi müəssisələr tərəfindən verilən işin xarakteri barədə arayışlarda "xxxx" ASC "Bakı X7" MMC-nin və Qazaxıstan Respublikasının Ural vilayətində yerləşən X5 QazanTurbin sexində işlədiyi “təmir üzrə çilingər” peşəsinin Nazirlər Kabinetinin 1993-cü il 21 iyun, 320 saylı qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin»in 2 №-li Siyahısının Xİİİ (21400000 “Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı») bölməsinin 2140000a - 13785 kodu üzrə - «qazan maşınistləri», 2140000a—18455 kodu üzrə - “qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri” güzəştli pensiya hüququ verən peşələrə aid edildiyi bildirilmişdir. Beləliklə, hazırkı iş üzrə mübahisəli məsələ əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən, mübahisələndirilən iş stajı iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası hüququ verən güzəştli sosial sığorta stajına daxil edilməlidir. Məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3), «Əmək pensiyaları haqqında» AR Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM- 73.1), imtina mövcud inzibati praktikaya da zidd olmuş, habelə cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Göstərilənlərə əsasən, məhkəmə kollegiyası cavabdehin dəlilini əsaslı saymır və belə nəticəyə gəlir ki, iddiaçıya məxsus əmək kitabçası və iş yerindən təqdim edilmiş arayışla onun cavabdeh tərəfindən mübahisələndirilən vəzifələr üzrə işlədiyi öz təsdiqini tapdığından və təqdim olunan arayışdakı məlumatların həqiqətə uyğun olmaması ilə bağlı cavabdeh inzibati orqan tərəfindən sübut təqdim olunmadığından həmin sənədlər mötəbər sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9370/2023 nömrəli, 14 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-1338/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1338/2024
14.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver