Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1339/2020 12.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Nərgiz Emin qızının katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, iddiaçılar «xxxxxxx» Şirkəti və «xxxxxxxxxxxxx» Firmasının cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı əmlakın sökülməsi nəticəsində dəymiş maddi ziyanın müştərək qaydada cavabdehlərdən tutulması tələbinə dair dair iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-582/2013 saylı, xx xxxxx 2013-cü il tarixli qərarından iddiaçı “xxxxxxx” tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar «xxxxxxx» Şirkəti və «xxxxxxxxxxxxx» Firması cavabdehlər «xxxx» Azərbaycan İnkişaf Şirkəti, Cavabdeh2 və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı əmlakın sökülməsi nəticəsində dəymiş maddi ziyanın müştərək qaydada cavabdehlərdən tutulması tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, «xxxxxxx» Şirkətinin əmlakının sökülməsi nəticəsində dəyən maddi ziyanın həcminin 3.556.500 (üç milyon beş yüz əlli altı min beş yüz) manat məbləğində qiymətləndirilməsi, cavabdehlər «xxxx» Azərbaycan İnkişaf Şirkəti, Cavabdeh2 və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsindən bərabər qaydada (hər birindən 1.185.500 manat) tutularaq «xxxxxxx» Şirkətinə ödənilməsi, «xxxxxxxxxxxxx» Firmasının əmlakının sökülməsi nəticəsində dəyən maddi ziyanın həcminin 2.439.000 (iki milyon dörd yüz otuz doqquz min) manat məbləğində qiymətləndirilməsi, cavabdehlər «xxxx» Azərbaycan İnkişaf Şirkəti, Cavabdeh2 və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsindən bərabər qaydada (hər birindən 813.000 manat) tutularaq «xxxxxxxxxxxxx» Firmasına ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar Azərbaycan Respublikası qanunvericiliyinə əsasən kommersiya qurumları kimi dövlət qeydiyyatından keçmiş hüquqi şəxslərdir. Qanunvericiliyə uyğun olaraq əvvəllər dövlət müəssisələrinin istifadə olan, qeyri-yaşayış sahələrini səlahiyyətli şəxslərlə icarə müqaviləsi bağlayaraq icarəyə götürmüşlər. İcarəyə götürülən sahələr yararsız vəziyyətdə olduğuna görə icarəyəverənin razılığı ilə həmin qeyri-yaşayış sahələri iddiaçılar tərəfindən öz vəsaitləri hesabına əsaslı təmir etdirilmiş və əksər qeyri-yaşayış sahələri demək olar ki, yenidən tikilmişdir. Həmçinin qeyri-yaşayış sahələrinin yerləşdiyi torpaq sahələrində iddiaçılar tərəfindən yeni inzibati binalar və istehsal yönümlü tikililər, anbarlar və s. tikilmişdir. İddiaçılar 20 ilə yaxın müddətdir ki, icarəyə götürdükləri sahələrdən istifadə edirlər. Bu müddət ərzində müxtəlif təyinatlı istehsal sahələri yaradılmış, həmin istehsalat sahələrində yüzlərlə işçi işlə təmin edilmişdir. «xxxxxxx» Şirkətinin əvvəlki adı «Azərbaycan» Kooperativi olmuş, sonuncu xx xxxxx 1990-cı ildə 18 saylı icarə müqaviləsi bağlayaraq ünvan 1 ünvanında, «Azərneftyağ» İB (keçmiş Qarayev adma zavodun) 5-ci sex ərazisində yerləşən 650 kv.m qeyri-yaşayış sahəsini icarəyə götürmüşdür. Həmin sahəyə dair xx xxxxxx 1992-ci ildə 33 saylı yeni müqavilə bağlanmışdır. «İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında» Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxxx 1997-ci il tarixli Fərmanı qüvvəyə mindikdən sonra icarə müqaviləsi Dövlət Əmlak Komitəsi ilə xx xxxx 2002-ci ildə 2060/1579 saylı icarə müqaviləsi bağlanmış, ünvan 1 ünvanında yerləşən 454,9 kv.m qeyri yaşayış sahəsini icarəyə götürmüşdür. Qeyri-yaşayış sahələri icarəyə götürüldükdən sonra «İcarəyəverənin»-«Azərneftyağ» İB xx xxxxxx 1991-ci il tarixli, AXO11/1159 saylı razılıq məktubu əsasında şirkət öz vəsaiti hesabına icarəyə götürdüyü sahədə əlavə 1916,41 kv.m yeni qeyri-yaşayış sahəsi tikmişdir. «xxxxxxxxxxxxx» firması xx xxxxxx 1992-ci ildə 2 saylı icarə müqaviləsi bağlayaraq, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 27 ünvanında «Azərneftyağ” İB-nin (keçmiş Qarayev adma zavodun) 19-cu sex ərazisində yerləşən 650 kv.m qeyri-yaşayış sahəsini icarəyə götürmüş, xx xxx 1993-cü ildə növbəti icarə müqaviləsini bağlayaraq həmin ünvanda yerləşən 300 kv.m qeyri- yaşayış sahəsini icarəyə götürmüş, xx xxxxxx 1995-ci ildə növbəti icarə müqaviləsini bağlayaraq, həmin ünvanda yerləşən 1194 kv.m qeyri-yaşayış sahəsini icarəyə götürmüşdür. Müqavilənin müddəti xx xxxxxx 1998-ci ilədək müəyyən edilmişdir. «İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında» Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxxx 1997-ci il tarixli Fərmanı qüvvəyə mindikdən sonra icarə müqaviləsi Dövlət Əmlak Komitəsi ilə xx xxxxxx 2002-ci ildə 1097/7295 saylı icarə müqaviləsi bağlayaraq, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 27 ünvanında yerləşən 301 kv.m qeyri-yaşayış sahəsini icarəyə götürmüşdür. Qeyri-yaşayış sahəsi icarəyə götürüldükdən sonra “icarəyəverənin” “Azərneftyağ” İB-nin 07 ay 1997-ci il tarixli İTŞ/566 saylı razılıq məktubu və Xətai rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxx 1996-cı il tarixli 1585 saylı məktubu əsasında şirkət öz vəsaiti hesabına icarəyə götürdüyü sahədə əlavə 1325,00 kv.m yeni qeyri-yaşayış sahəsi tikmişdir. İddiaçılar icarəyə götürülmüş qeyri yaşayış sahələrinin icarə haqlarını vaxtlı-vaxtında dövlət büdcəsinə ödəmişlər, bununla bağlı dövlət və ya icarəyəverən qarşısında hər hansı öhdəlikləri qalmamışdır. İddiaçılar 10 ildən artıq fəaliyyət göstərəndən sonra, 1998-ci ildə özəlləşmə ilə əlaqədar müxtəlif aidiyyəti təşkilatlara, o cümlədən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Dövlət X4 üzrə Dövlət Komitəsinə (hazırki Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə) müraciət etmişlər. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti xx xxxx 2004-cü il tarixli 14- 31/199 saylı məktubla Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət edərək «xxxxxxx» Şirkətinə icarəyə verilmiş 454,9 kv.m qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinə etiraz etmədiyini və özəlləşdirmə məsələsinə qanunauyğun baxılmasını xahiş etmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi dəfələrlə əsassız olaraq iddiaçıların qanuni tələblərini təmin etməmişdir. Cavabdeh2 xx xxxx 2007-ci il tarixli, 262 saylı sərəncamı əsasında iddiaçıların icarəsində olan əmlakın və onların öz vəsaitləri hesabına tikdikləri qeyriyaşayış sahələrinin yerləşdiyi torpaq sahələri «xxxx» Azərbaycan İnkişaf Şirkətinə ayrılmışdır. Həmin sərəncamla iddiaçılara məxsus qeyri-yaşayış sahələrinin köçürülməsi və əvəzin (kompensasiyanın) ödənilməsi ilə bağlı xərclərin ödənilməsini «xxxx» Azərbaycan İnkişaf Şirkətinə həvalə etmiş, sonuncu həmin ərazidə «Ağ şəhər» yaşayış kompleksinin layihələndirilməsi və tikintisi üçün artıq ərazidə tikili və qurğuları sökərək təmizləmiş, tikinti işlərinin həyata keçirilməsi üçün hazır vəziyyətə gətirmişdir. Tikiləcək evlərin 1 kv.m-nin qiyməti mərtəbəsindən və yerləşdiyi yerdən asılı olaraq ***- **** manata satılacağı bildirilmişdir. 2009-cu ilin sonunda «xxxx» Azərbaycan İnkişaf Şirkəti Cavabdeh2 xx xxxx 2007-ci il tarixli, 262 saylı sərəncamına istinad edərək, iddiaçılara məxsus qeyri-yaşayış sahələrini məhv etmiş, tikinti materiallarını və iddiaçılara məxsus qurğu-avadanlıqları onlara məlum olmayan əraziyə aparmışdır. Nəticədə iddiaçılara külli miqdarda maddi ziyan vurulmuşdur. Ərizəçilərin qonşuluğunda yerləşən 20-ə yaxın firmanın da icarəyə götürdükləri və öz vəsaitləri hesabına tikdikləri əmlaklar qeyd edilən sərəncam əsasında söküldüyü üçün məhkəməyə müraciət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi tələbin qismən təmin edilməsi barədə xx xxxxxx 2011-ci il tarixli qətnamə qəbul etmişdir. Həmin qətnaməyə əsasən ərizəçilərə ancaq dövlətdən icarəyə götürdükləri qeyri-yaşayış sahəsinin 1 kv.m dəyəri 1500 kv.m olmaqla kompensasiya ödənilməsi qət edilmiş, Ancaq ərizəçilərin icarəyəverənin razılığı, öz vəsaitləri, hesabına tikdikləri qeyri-yaşayış sahələrinə görə kompensasiyaların ödənilməsi barədə iddia tələbi təmin edilməmişdir. İddiaçılar hesab edirlər ki, onların sökülərək məhv edilmiş əmlaklarının müqabilində kompensasiya almaq hüququ vardır. İddiaçılar tələblərinin hüquqi cəhətdən əsaslandırılması üçün Azərbaycan Respublikası Konstitusiyasının 12, 13, 29, 60, 71, 127-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157, 158-ci maddələrinə, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 9, 14, 76, 174, 184, 217, 218, 220-ci maddələrinə, «İcarə haqqında» Azərbaycan Respublikası Qanunun 9, 10, 13, 13-ci maddələrinə, «İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın l saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin presedentlərinə, X6 Məhkəməsinin presedentlərinə istinad etmişdir. İddiaçılar əmlaklarının qiymətləndirilməsi ilə bağlı iddia ərizəsində göstərmişdirlər ki, ərizəçilər tərəfindən tikilən qeyri-yaşayış sahələrinin bazar qiymətlərinin müəyyənləşdirilməsi və əmlaklarının köçürülməsi halında onlara vurulacaq maddi ziyanın həcminin müəyyənləşdirilməsi məqsədi ilə qiymətləndirmə şirkətlərinə müraciət etmişlər. Həmin şirkətlərin verdikləri rəyə əsasən Bakı şəhəri, Fəhlə prospekti neftayırma zavoduna məxsus 14-cü sahədə yerləşən «xxxxxxx» Şirkəti tərəfindən öz vəsaiti hesabına tikilmiş tikililərin və dövlətdən icarə götürülmüş tikililərin bugünkü bazar dəyəri 3.556.500 manat, «xxxxxxxxxxxxx» firmasının həmin ünvanda öz vəsaiti hesabına tikilmiş tikililərin və dövlətdən icarəyə götürdüyü tikililərin bugünkü bazar dəyəri 2.439.000 manatdır. İddiaçılar onlara məxsus olmuş, sökülərək məhv edilmiş əmlakların dəyərinin ödənilməsi üçün cavabdehlərə müraciət etsələr də, heç bir nəticəsi olmamışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-582/2013 saylı, xx xxxxx 2013cü il tarixli qərarı ilə «xxxxxxx» Şirkəti və «xxxxxxxxxxxxx» Firmasının cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı əmlakın sökülməsi nəticəsində dəymiş maddi ziyanın müştərək qaydada cavabdehlərdən tutulması tələbinə dair iddiası təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı “xxxxxxx” Şirkəti apellyasiya şikayəti vermiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in (82)-582/2013 saylı, xx xxxxx 2013-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin ona aid hissədə təmin olunmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini əsaslandırmamış, qanunvericiliyin tələblərinə əsasən 30 gün müddətində şikayətin əsaslandırma hissəsini birbaşa apellyasiya məhkəməsinə göndərəcəyini qeyd etsə də, apellyasiya şikayətinin əsaslandırma hissəsini məhkəməyə təqdim etməmiş, məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi almasına baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (subutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşin faktiki hallarından görünür ki, “xxxxxxx” Şirkəti xx xxxxxx 1994-cü ildə hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmış “xxxxxxxxxxxxx” firması əvvəlki adı «xxxxxxxxxx» Şəxsi İstehsalat-Kommersiya firması olmaqla, xx xxxxxxx 1995-ci ildə hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmışdır. İcarəyəverən XXİİ Qurultay adına Bakı Neftayırma Zavodu ilə icarəçi «Azərbaycan» Kooperativi arasında bağlanmış 18 saylı, xx xxxx 1990-cı il tarixli müqaviləyə əsasən ünvanı göstərilməyən ərazidə 611 kv.m-dən ibarət sahə «Azərbaycan» Kooperativinin icarəsinə verilmişdir. Həmçinin 33 saylı, xx xxxxxx 1992-ci il tarixli müqaviləyə və həmin müqaviləyə əlavəyə əsasən XXİİ Qurultay adına Bakı Neftayırma Zavodu 14-cü sex ərazisindən 650 kv.m sahəni «Azərbaycan» Kooperativinin icarəsinə vermişdir. İşə əlavə olunmuş, «Azərbaycan» Kooperativi işçilərinin ümumi yığıncağının xx xxxxxxxx 1994-cü il tarixli protokol qərarı ilə «Azərbaycan» Kooperativinin ləğv edilməsi və «xxxxxxx» şirkəti adlandırılması qərara alınmışdır. Lakin «xxxxxxx» Şirkətinin xx xxxxxx 1994-cü il tarixdə təsdiq edilmiş Nizamnaməsində onun «Azərbaycan» Kooperativinin hüquqi varisi olması göstərilməmişdir. «İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında» Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxxx 1997-ci il tarixli Fərmanının birinci bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində dövlətin adından daşınmaz dövlət əmlakını icarəyəvermə səlahiyyəti, müstəsna olaraq, dövlət əmlakının sərəncamçısma-Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsinə həvalə edilmişdir (xx.xx.1999-cu il tarixə olan dəyişikliklərlə). «Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında» 2060/1579 saylı, xx xxxx 2002-ci il tarixli, işdə olan icarə müqaviləsinə əsasən «İcarəyəverən» Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 454,9 kv.m olan qeyri yaşayış sahəsi istehsal məqsədi ilə «İcarəçi» «xxxxxxx» Şirkətinin icarəsinə verilmiş, müqavilənin müddəti xx xxxx 2002-ci ildən, xx xxxxxx 2002-ci ilədək müəyyən edilmişdir. Cavabdeh2 Başçısının 262 saylı, xx xxxx 2007-ci il tarixli «Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin razılığına əsasən «xxxx» Azərbaycan İnkişaf Şirkətinə yeni yaşayış binaları və ictimai obyektlər massivinin layihələndirilməsinə icazə verilməsi haqqında» sərəncamına əsasən Xətai rayonu, Babək prospekti, Y.Əliyev küçəsi, Nobel prospekti və X.Rüstəmov küçələrinin əhatə etdiyi məhəllələrdə və Nobel prospekti ilə Xəzər dənizi arasında yerləşən ərazidə yeni yaşayış binaları və ictimai obyektlər massvinin layihələndirilməsi və tikintisinə «xxxx» Azərbaycan İnkişaf Şirkətinə icazə verilmiş, sərəncamın 1.2-ci bəndinə əsasən ərazidə yerləşən yaşayış və qeyriyaşayış tikililərinin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsinin müvafiq qanunvericiliyə əsasən «xxxx» Azərbaycan İnkişaf Şirkəti tərəfindən həll edilməli olması nəzərdə tutulmuşdur. İddiaçı «xxxxxxx» Şirkəti icarəsində olan qeyri-yaşayış sahəsini və “icarəyə verən” «Azərneftyağ» İB-nin xx xxxxxx 1991-ci il tarixli, AXO11/1159 saylı razılıq məktubu əsasında tikdiyi 1916,41 kv.m-dən ibarət qeyri yaşayış sahəsinin 2009cu ildə «xxxx» Azərbaycan İnkişaf Şirkəti tərəfindən sökülməsi nəticəsində vurulmuş ziyanın cavabdehlər «xxxx» Azərbaycan İnkişaf Şirkəti, Cavabdeh2 və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müştərək qaydada ödənilməsi barədə hazırki iddianı qaldırmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı “xxxxxxx” Şirkəti Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti ilə xx xxxxxx 2002-ci ildə bağladığı müqavilə üzrə icarə münasibətlərinin, icarə obyekti sökülənədək davam etməsinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Digər iddiaçı «xxxxxxxxxxxxx» Firması Cavabdeh2 tərəfindən 262 saylı xx xxxx 2007-ci il tarixli sərəncam verilənədək istifadə etdiyi sahəyə dair qanunun tələb etdiyi qaydada icarə müqaviləsini təqdim etməməklə yanaşı, icarəsində hesab etdiyi sahədə ona məxsus, səlahiyyətli orqanların razılığı və təsdiq etdikləri layihə əsasında tikililər aparmasına, tikililər üzərində qeydə alınmış hüquqlarının olmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Odur ki, məhkəmə iddiaçı «xxxxxxxxxxxxx» firmasının ona vurulmuş ziyanın ödənilməsi barədə tələbinin əsassız olduğu qənaətinə gəlib, iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün işin faktiki hallarını aydınlaşdırmış, sübutlara düzgün qiymət vermiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və qərarda göstərilən nəticələr işin hallarına uyğundur. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı «xxxxxxx» Şirkəti Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti (hazırki Əmlak Məsələləri üzrə Dövlət Komitəsi) ilə xx xxxxxx 2002-ci ildə bağladığı müqavilə üzrə icarə münasibətlərinin, icarə obyekti sökülənədək davam etməsinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Tərəflər arasında bağlanmış xx xxxx 2002-ci il tarixli icarə müqaviləsinin 8.3-cü maddəsinə əsasən icarə müqaviləsinə xitam verildikdən sonra «İcarəçi» icarəsində olan əmlakı «İcarəyəverən»ə qaytarmağa borcludur. İddiaçı «xxxxxxx» Şirkəti iddia ərizəsində «Azərneftyağ» Bakı Neftayırma Zavodunun AXO 11/1159 saylı, xx xxxxxx 1991-ci il tarixli icazə məktubuna əsasən icarəyə götürdüyü sahədə əlavə 1916,41 kv.m-dən ibarət qeyri-yaşayış sahəsini tikdiyini göstərsə də, həmin məktub «Azərbaycan» Kooperativinə ünvanlanmış və «xxxxxxx» Şirkətinin həmin Kooperativin hüquqi varisi olması işin materialları ilə təsdiq olunmamışdır. Digər tərəfdən «xxxxxxx» Şirkəti icarəyə götürdüyü sahədə sözügedən məktub əsasında sahəsi 1916,41 kv.m-dən ibarət qeyri-yaşayış sahəsini tikməsinə, həmin tikili üzərində qeydə alınmış hüquqlarının olmasına dair hər hansı sənəd, o cümlədən layihə-smeta sənədlərini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. «İcarə haqqında» Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən əgər icarə müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, icarəyə götürülmüş ərazidə icarəyəverənin razılığı ilə icarəçinin vəsaiti hesabına tikilmiş, aparılması mümkün olmayan binalar və qurğular icarəçiyə məxsusdur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı «xxxxxxx» Şirkətinin Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti (hazırki Əmlak Məsələləri üzrə Dövlət Komitəsi) ilə xx xxxxxx 2002-ci ildə bağladığı müqavilə üzrə icarə münasibətlərinin icarə obyekti sökülənədək davam etməsinə, eləcə də icarəyə götürdüyü sahədə icarəyəverənin razılığı ilə tikinti aparmasına dair mötəbər sübutlar təqdim etmədiyindən, «xxxxxxx» Şirkətinin iddiası əsassızdır. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı «xxxxxxxxxxxxx» firması tərəfindən məhkəməyə xx xxxxxx 1992-ci il tarixli, xx xxx 1993-cü il tarixli, xx xxxxxx 1995-ci il tarixli, xx xxxxxx 2002-ci il tarixli müqavilələrin surətlərini təqdim edilmişdir. «Azərneftyağ» BNZ ilə «xxxxxxxxxx» Firması arasında bağlanmış, işə əlavə olunan, 2u saylı, xx xxxxxx 1992-ci il tarixli müqavilənin və ona 1 saylı əlavənin surətindən görünür ki, 19 saylı sexin 144 kv.m sahəsi «xxxxxxxxxx» Firmasının icarəsinə verilmişdir. «Azərneftyağ» BNZ ilə «xxxxxxxxxx» Firması arasında bağlanmış, 2-u saylı müqaviləyə əlavə adlanan xx xxx 1993-cü il tarixli müqavilənin surətinə əsasən 5 saylı sexin 300 kv.m sahəsi «xxxxxxxxxx» Firmasının icarəsinə verilmişdir. «Azərneftyağ» BNZ ilə «xxxxxxxxxx» Firması arasında bağlanmış, xx xxxxxx 1995-ci il tarixli müqavilənin və ona 1 saylı əlavənin surətinə əsasən 3 və 5- ci sexin 1194 kv.m olan sahəsi «xxxxxxxxxx» Firmasının icarəsinə verilmişdir. İddiaçı «xxxxxxxxxxxxx» Firması «İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında» Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxxx 1997-ci il tarixli Fərmanından sonra həmin firmanın və ya onun hüquqi sələfi olan «xxxxxxxxxx» Firmasının Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsi ilə icarə müqaviləsi bağlamasına dair məhkəməyə sübut təqdim etməmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi xx xxxxxx 2002-ci il tarixli müqavilə isə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti ilə icarəçi X2 ilə bağlanmışdır. İşin materiallarından görünür ki, X1 iddiaçının direktoru olmuş, lakin o qeyd olunan müqaviləni firmanın direktoru kimi bağlamamış, öz adından bağlamışdır. İddiaçı «xxxxxxxxxxxxx» firması iddia ərizəsində icarəyə götürdüyü sahədə «İcarəyəverən»- «Azərneftyağ» İB-nin xx xxx 1997-ci il tarixli, İTŞ/566 saylı razılıq məktubu və Xətai rayonu İcra Hakimiyyəti Başçısının xx xxxxxx 1996-cı il tarixli 1585 saylı məktubu əsasında öz vəsaiti hesabına əlavə 1325,00 kv.m yeni qeyri-yaşayış sahəsi tikməsini göstərmişdir. «Azərneftyağ» İB-nin «xxxxxxxxx» Firmasına ünvanlanmış, işdə olan xx xxx 1997-ci il tarixli, İTŞ/566 saylı məktubunda qeyd edilmişdir ki, «Siz xx xxxxx 1997-ci il tarixində 27 saylı məktubla «Azərnetyağ» İB-nin müdriyyətinə müraciət edərək zavoddan icarəyə götürdüyünüz sahədə hazır məhsulların saxlanması və fəhlələrin soyunub-geyinməsi üçün yüngül metal konstruksiyadan sökülüb- qurulan otaqlar və ambarlar tikilməsinə icazə verilməsini xahiş etmişdiniz. «Azərneftyağ» İB-yi «xxxxxxxxx» firmasının icarəyə götürdüyü sahədə qanun əsasında müvəqqəti tikinti işlərinin layihələndirilməsi və tikilməsinə etiraz etmir. Tikintinin layihəçi SNİP-lə razılaşdırılmalıdır. Bakı şəhəri Xətai rayonu İcra Hakimiyyəti Başçısının «xxxxxxxxx» Firmasına ünvanlanmış 1585 saylı, xx xxxxxx 1996-cı il tarixli məktubda göstərmişdir ki, müəssisəninizin fəaliyyətini genişləndirmək məqsədilə aparılacaq təmir-tikinti işlərində işləyən fəhlələr üçün quraşdırma vaqon evlərin Nobel prospekti ünvanında ərazinizin bir hissəsində yerləşdirilməsinə etiraz etmirik. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı “xxxxxxxxxxxxx” firmasının istinad etdiyi razılıq məktublarında ona əsaslı tikinti deyil, yüngül metal konstruksiyadan sökülüb-qurulan otaqlar və ambarlar tikilməsinə, habelə təmir-tikinti işlərində işləyən fəhlələr üçün quraşdırma vaqon yerləşdirilməsinə icazə verilmişdir. İddiaçı «xxxxxxxxxxxxx» Firması Cavabdeh2 tərəfindən 262 saylı xx xxxx 2007-ci il tarixli sərəncam verilənədək istifadə etdiyi sahəyə dair qanunun tələb etdiyi qaydada icarə müqaviləsini təqdim etməməklə yanaşı, icarəsində hesab etdiyi sahədə ona məxsus, səlahiyyətli orqanların razılığı və təsdiq etdikləri layihə əsasında tikililər aparmasına, tikililər üzərində qeydə alınmış hüquqlarının olmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı «xxxxxxxxxxxxx» firmasının ona vurulmuş ziyanın ödənilməsi barədə tələbini əsassız hesab etməkdə birinci instansiya məhkəməsi qanuni və əsaslı nəticəyə gəlmişdir. Beləliklə, kollegiya hesab edir ki, iddiaçı “xxxxxxx” Şirkətinin apellyasiya şikayəti təmin edilməməli və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-582/2013 saylı, xx xxxxx 2013-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı “xxxxxxx” Şirkətinin apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(81)-582/2013 saylı, xx xxxxx 2013-cü il tarixli qərarı iddiaçı “xxxxxxx” Şirkətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1339/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1339/2020
12.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver