Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1339/2022 31.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X6 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilovadan və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “mənzillə təmin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5955/2021 saylı, 20 dekabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2 şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, şəhid ailəsi kimi mərhum anası X2 dünyasını dəyişdiyi üçün güzəştli mənzil ilə təmin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1973-cü il təvəllüdlü hərbi xidmət dövrü ilə əlaqədar İİ qrup əlil, Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi, müstəqilliyi, Konstitusiya quruluşu uğrunda gedən döyüşlərdə şəhid olmuş X3 övladıdır. Mərhum anası X4 14 iyun 1999-cu il tarixdən Nəsimi rayon İcra Hakimiyyətində şəhid ailələri siyahısında 15-ci sıra nömrəsi ilə mənzil növbəsinə dayanmasına baxmayaraq dünyasını dəyişdiyindən mənzil almamışdır. Hal-hazırda şəhid övladları (5 nəfər ailə üzvü ilə birgə) kirayədə yaşayır, dəfələrlə cavabdehə müraciət etsə də, müraciətləri cavabsız qalmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5955/2021 saylı, 20 dekabr 2021-ci il qərardadı (hakim M.Qarayeva) ilə iddia təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi, iddianın təmin olunması xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının anası X4 1999-cu ildə şəhid ailəsi kımı növbəsində duranda onun 26 yaşı var idi. Onun həmin vaxtı yaşı 18-dən çox olsa da, anası ilə bir yerdə yaşayaraq onun himayəsi altında idi. Faktiki olaraq əldə etdiyi hüquqdan məhrum edilməyi qanunsuzdur, anasının sağlığında həmin hüququ əldə etdiyi üçün, onun ölümü də həmin hüquqdan məhrum edə bilməz. Digər tərəfdən, şəhid ailəsi olan anası X2 ölümündən sonra himayəsində olan övladına mənzilin verilməsi göstərilməsə də, övladının mənzildən məhrum edilməsi də göstərilməmişdir. Belə ki, ARnin Mənzil Məcəlləsinin 55.3-cü maddəsinə əsasən, yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda, həmin uçotun onun ailə üzləri üçün saxlanılması qaydası müəyyənləşdirilmişdir. Tərəflərin izahatları: 31.03.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Həmçinin, əlavə olaraq izahatında hazırki iş üzrə məhz Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin cavabdehlik daşıdığını, şəhid ailələrinin mənzillə və ya fərdi evlərlə təmin olunması üçün tədbirlər görmək səlahiyyətinin Agentliyin vəzifələri sırasına daxil edildiyini bildirdi. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5955/2021 saylı, 20 dekabr 2021-ci il tarixli qərarı ləğv edilməli, şikayət qismən təmin edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, hazırki iddianın predmetini məhz hərbi xidmət dövrü ilə əlaqədar 2-ci qrup əlil olmuş iddiaçının şəhid ailə üzvü kimi güzəştli mənzillə təmin edilməsi təşkil edir. Belə olan halda bu cür iddialara qarşı cavabdehlik daşıyan inzibati orqan qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi çıxış edir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi sosial xidmətə ehtiyacı olan şəxslərə (ailələrə) “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş forma və növlər üzrə sosial xidmət göstərilməsi, onların sosial müdafiəsi və rifahının yaxşılaşdırılması, habelə övladlığagötürmə ilə bağlı dövlət siyasətinin və tənzimləmənin həyata keçirilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Sosial Xidmətlər Agentliyinin Nizamnaməsinin 3.1.16-cı bəndinə əsasən dövlət proqramları əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzillə və ya fərdi evlərlə təmin olunması üçün tədbirlər görmək vəzifəsi daşıyır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsini qəbul edən məhkəmə tələb hüququnun iddiaçıya məxsus olduğunu və cavabdehin iddiaya cavab verməli şəxs olduğunu müəyyənləşdirməlidir. Əsl olmayan cavabdehin işdə iştirakı mübahisənin qanuni və əsaslı həllinə mane olur və buna görə də əsl olan cavabdehlə əvəz edilmədən verilmiş iddianı həll etmək mümkün deyildir. Əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz edilməsi iddiaçının razılığı ilə ola bilər. Məhkəmə əsl olmayan cavabdehin əsl cavabdehlə ilə əvəz edilməsi haqqında qərardad çıxarır. Həmin qərardadın çıxarılması əvvəlki cavabdehin öz prosessual statusunu itirməsi, eyni zamanda yeni şəxsin cavadeh qismində işə cəlb olunması deməkdir. Prosesə cəlb edilən yeni cavabdeh bütün prosessual hüquqlardan istifadə edir və bütün prosessual vəzifələri daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Məhkəmə kollegiyası qeyd edir ki, əsl olmayan cavabdehin əvəz edilməsinə birinci instansiya məhkəməsində iş üzrə araşdırma başa çatanadək, yəni məhkəmə yekun məhkəmə aktını qəbul etmək üçün müşavirə otağına gedənədək yol verilə bilər. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin iş üzrə əsl olmayan cavabdeh olması məsələsinə diqqət yetirməmiş, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyilə əvəz edilməsini iddiaçıya təklif etməmiş və qanunvericiliyin tələblərini pozmuşdur. Buna baxmayaraq birinci instansiya məhkəməsi iş üzrə iddia tələbinə cavab verməli olmayan şəxsə qarşı verilmiş iddia tələbinə mahiyyəti üzrə baxaraq iddianı təmin etmişdir.Əsl cavabdehin əvəz olunması məsələsinə yalnız birinci instansiya məhkəməsində iş üzrə icraat başa çatanadək baxılmalı olduğundan, hazırkı mərhələdə, yəni apellyasiya icraatı mərhələsində əsl olmayan cavabdehin əvəz edilməsi yolverilməzdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, nə qədərki iş materialları ilə iddiaçıya əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə hüquqi yardım göstərilməsi öz təsdiqini tapmamış, iddiaçı da kollegiyanın iclasında belə bir hüquqi yardımın ona göstərilmədiyini bildirmişdir, belə olan halda birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, inzibati iş qeyd edilən və sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçıya müvafiq hüquqi yardım göstərildikdən sonra iddiaçı tərəfindən cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə razılıq təqdim edilmədikdə məhkəmə iddianın mümkünlük məsələsinə öz xidməti vəzifəsinə uyğun olaraq qiymət verməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). Yuxarıda göstərilənlərə əsasən, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5955/2021 saylı, 20 dekabr 2021-ci il tarixli qərarı ləğv edilsin. İnzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə
Məhkəmə qərarları › İş №2-1(103)-1339/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1339/2022
31.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver