Məhkəmə qərarları › İş №2-1(103)-134/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-134/2021

03.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-134/2021 03.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X7 üzrə Mərkəzi Filialına qarşı “ona təyin edilmiş əmək pensiyasının “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixdən edilmiş dəyişiklikləri nəzərə alınmaqla xx.xx.2017-ci ildən xx.xx.2019-cu ilədək müddətdə yenidən hesablanması və yaranmış fərqin hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədovdan və Namiq Şamil oğlu Cəfərovdan ibarət tərkibdə, X5-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X3, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X7 üzrə Mərkəzi Filialına qarşı “ona təyin edilmiş əmək pensiyasının “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixdən edilmiş dəyişiklikləri nəzərə alınmaqla xx.xx.2017-ci ildən xx.xx.2019-cu ilədək müddətdə yenidən hesablanması və yaranmış fərqin hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2303/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxxxx 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1954-cü il tarixində Ağdam rayonunda anadan olmuş, 1970-ci ilin sentyabr ayından 1971-ci ilin yanvar ayına kimi Ağcabədi rayonunun Hüsülü pambıq tədarükü məntəqəsində fəhlə, 1971-1975-ci illərdə Ağdam rayonunun “26 Komissar” kolxozunda kolxozçu, hüquq məsləhətçisi işləmiş, 1975-ci ilin noyabr ayından 1977-ci ili noyabr ayına kimi Sovet ordusu sıralarında hərbi xidmətdə olmuş, 1977-ci ilin dekabr ayından 1978-ci ilin iyun ayına kimi Ağdam rayonunun “26 Komissar” kolxozunda hesabat işçisi, 1978-ci ilin iyul ayından 1982-ci ilin iyun ayına kimi Ağdam rayon notariat kontorunda baş dövlət notariusu, 1982-ci ilin iyun ayının 20-dən 1985-ci ilin fevral ayının 24-nə kimi Xaçmaz rayon Xalq hakimi, 1985-ci ilin fevral ayının 24-dən 1987-ci ilin iyun ayının 21-nə kimi Ağsu rayon Xalq hakimi, xx xxxx 1987-ci ildən xx xxxx 2000-ci ilə kimi Salyan rayon məhkəməsinin sədri işləmiş, xx xxxx 2000-ci ildən 2019-cu ilin dekabr ayının 29-na kimi Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi işləmişdir. O, 63 yaşında, yəni 2017-ci il tarixdə əmək pensiyasına çıxmış, lakin ona əmək pensiyasının düzgün hesablanmadığına istinad edərək cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdehin iddiaçıya ünvanlandığı **********6 saylı xx xxxx 2019-cu il tarixli məktubunda qeyd edilmişdi ki, iddiaçıya xx.xx.2017-ci il tarixdən 685.69 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmiş, xx.xx.2019-cu il tarixdən pensiyanın məbləği 746.52 manat təşkil edir. Dövlət qulluğu vəzifəsindən azad olunduqdan sonra pensiyasının yenidən hesablanmasına baxılacaqdır. Daha sonra iddiaçı ona pensiyanın yenidən hesablanması ilə bağlı xx.xx.2019-cu il tarixdə cavabdeh inzibati orqana müraciət etsə də, həmin müraciətə münasibətdə cavabdeh inzibati orqan hərəkətsizlik göstərməklə imtina etmişdir. Bundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X7 üzrə Mərkəzi Filialına qarşı iddia və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona təyin edilmiş yaşa görə əmək pensiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa xx xxxx 2017-ci il tarixdən edilmiş dəyişikliklər nəzərə alınmaqla xx.xx.2017-ci ildən xx.xx.2019-cu ilədək müddətdə yenidən hesablanması və yaranmış fərqin hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X7 İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya yaşa görə pensiya təyin edilərkən sığorta kapitalı düzgün hesablanmamış, indeksləşdirmə isə ümumiyyətlə aparılmamışdır. «Əmək pensiyaları haqqında» Qanuna xx xxxx 2017-ci ildən edilmiş dəyişiklik iddiaçının pensiya təminatı hüququnu yaxşılaşdırdığından həmin norma iddiaçıya münasibətdə tətbiq olunmalı, xx xxxx 2017-ci ildən iddiaçıya təyin olunmuş pensiya məbləği yenidən hesablanmalı idi. Pensiya məbləğinin hesablanma qaydası barədə məlumat verilmədiyinə görə digər pensiyaçılarla müqayisəli şəkildə hesablanmaqla qeyd etmişdir ki, hazırda onunla eyni statusa malik hakimlər 1400 manat pensiya alırlar. Cavabdeh tərəfindən ona xx xxxx 2017-ci ildən 2018-ci ilə kimi hər ay 705 manat olmaqla 4230 manat, 2018-ci ildə hər ay 676 manat olmaqla 8112 manat, 2019-cu ildə hər ay 654 manat olmaqla 7848 manat, cəmi 20.190 manat pensiya az ödənilmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, iddiaçıya xx.xx.2017-ci il tarixdən 685.69 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2019-cu il tarixdən pensiyanın məbləği 746.52 manat təşkil edir. Vətəndaş dövlət qulluğu vəzifəsindən azad olunduqdan sonra pensiyasının yenidən hesablanmasına baxılacaqdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2303/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı ilə "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa xx xxxx 2017-ci il tarixdən edilmiş dəyişikliklərin iddiaçının hüquqi vəziyyətini yaxşılaşdırdığına istinad edilərək iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdı ki, iddiaçı pensiyaya çıxarkən xx xxxx 2017-ci il tarixdə Əmək Pensiyası haqqında Qanunun 10.4-cü maddəsinin xx xxxx 2017-ci il tarixədək olan redaksiyası qüvvədə olmuşdur. Həmin maddəyə görə, P=BH+SH+YH, burada: P- yaşa görə əmək pensiyasıdır: BH - yaşa görə əmək pensiyasının baza hissəsidir; SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir. İddiaçıya aid pensiya işindən aydın olur ki, o, 29.42 il sığorta stajına malikdir. Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajl və pensiya kapitalı barədə arayışdan görünür ki, iddiaçının xx.xx.2018-ci ilədək ümumi pensiya kapitalı 137.106,3 manat təşkil edib. xx.xx.2017-ci ildə iddiaçının əmək pensiyası aşağıdakı BH (110 manat) + SH (75,26) + PSK (500.43 manat) = 685.69 manat, xx.xx.2018-ci ildə isə SH (195,82 manat) + PSK (528,96 manat) = 724,78 manat hesablanmışdır. İddiaçı, o cümlədən iddianı təmin edən məhkəmə inzibati orqanın pensiyanı hesablayarkən hansı səhvə yol verdiyini əsaslandırmamışdır. Məhkəmə yalnız ehtimal əsasında belə bir qərara gələrək hesab etmişdir ki, iddiaçıya topladığı pensiya kapitalının yarısı (50 faizi) ödənilib, halbuki 90 faizi ödənilməli idi. İnzibati orqan, şəxs pensiyaya çıxarkən Qanunun qüvvədə olan tələbini rəhbər tutaraq hər hansı qanun pozuntusuna yol verməmişdir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi və vəkili X2 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili X6 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək izahatında bildirmişdir ki, xx xxxx 2017-ci ildən qanuna edilmiş dəyişikliyə əsasən təyin edilmiş pensiyanın baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsi hesab edilmişdir. Yəni, 110 manat baza hissəsi ilə 75,26 manat sığorta hissəsi cəmlənərək 185,26 manat sığorta hissəsi hesab edilmişdir. Eləcə də həmin dəşiklikdən sonra yığım hissəsi 50 faizdən 90 faizə qaldırılmışdır. Nəzərə alınmalıdır ki, xx xxxx 2017-ci il tarixdə yığım hissəsinin 50 faizi 500,43 manatdır, həmin məbləği 50-yə bölməklə 1 faizin 10,0086 manat olmasını, həmin məbləği də 90-a vurmaqla yığım hissəsinnin x xxxx 2017-ci il tarixə 900, 77 manat olması müəyyən edilir. İddiaçının pensiya işindən göründüyü kimi, xx xxxx 2017-ci ildən sonra da cavabdeh idarə qanunda edilmiş dəyişikliyi nəzərə almamış, pensiyanın yığım hissəsinin 900,77 manat hesablamalı olduğu halda, 500,43 manat hesablamaqda davam etmişdir. Yəni, yığım hissəsi yenə də 50 faizlə hesablanmışdır. Beləliklə, xx xxxx 2017-ci ildən x xxxxxx 2018-ci ilə kimi cavabdeh idarə hər ay iddiaçıya 400,34 manat (1086,03-685,69=400,34) pensiya məbləğini az hesablamışdır. Nəticədə, 6 ay müddətində ona 2402,04 manat (400,34x6=2402,04) az pensiya ödənilmişdir xx.xx.2018-ci ildən müvafiq icra hakimiyyəti orqanı tərəfindən pensiya məbləği 5,7 faiz indeksləşdirilmişdir. İndeskləşdirmədən sonra iddiaçıya 1086,03+5,7 faiz=1147,94 manat pensiya ödənilməli olduğu halda, 724,78 manat pensiya ödənilməklə hər ay 423,16 manat az pensiya ödənilmişdir, bununla da il ərzində 423,16 x 12=5077,92 manat az pensiya ödənilmişdir. xx.xx.2019-cu ildən də pensiyanın 3 faiz indeksləşdirilməsi nəzərə alınmaqla iddiaçıya ödənilməli məbləğ 1147,94+3%=1182,37 manat olmuşdur. xx.xx.2019-cu ildən xx xxxxxx 2019-cu ilə kimi ona hər ay 1182,37 manat əvəzinə hər ay 719,48 manat, yəni hər ay 462,90 manat az pensiya ödənilmişdir. Bununla da ona 12 ay müddətində (dekabr ayının 3 günü çıxılmaqla) 5500,10 manat az pensiya ödənilmişdir. İddiaçıya xx.xx.2017-ci il tarixdən xx xxxxxx 2019cu il tarixə kimi 2017-ci ilin 6 ayı üzrə 2402,04 manat, 2018-ci ildə 5077,92 manat, xx.xx.2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixə kimi 5500,10 manat olmaqla, cəmi 12980,06 manat (2402,04+5077,92+5500,10=12980,6) az pensiya ödənilmişdir. Apellyasiya şikayətinda heç bir maddi hüquq normasına istinad edilməmiş, pensiya məbləğinin hesablanmasında yol verilmiş qanun pozuntularının səbəbi izah edilməmişdir. Pensiya işindən göründüyü kimi, xx xxxx 2017-ci ildə pensiya təyin edilərkən yığım hissəsi 50 faiz olmaqla 500,43 manat göstərilmiş və xx xxxx 2017-ci ildən yığım hissənin 90 faizə qaldırılmasına baxmayaraq, yenə də 500,43 manat hesablanmışdır. Deməli, cavabdeh idarə heç bir səbəb göstərmədən qanunda edilmiş dəyişikliyi nəzərə almamışdır. Bununla bağlı iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun X7 üzrə Mərkəzi Filialına qarşı tələbi ona təyin edilmiş yaşa görə əmək pensiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa xx xxxx 2017-ci il tarixdən edilmiş dəyişikliklər nəzərə alınmaqla xx.xx.2017-ci ildən xx.xx.2019-cu ilədək müddətdə yenidən hesablanması və yaranmış fərqin hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 26-cı maddəsinə əsasən 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının yenidən hesablanması aşağıdakı kimi qeyd edilib: 2017-ci il iyulun 1- dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır; 2017- ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza hissəsinə əlavələr dəyişdirilmədən bu Qanunun 19-cu maddəsinə uyğun əmək pensiyasının sığorta hissəsinə əlavələr kimi nəzərə alınır; 2017-ci il iyulun 1-dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinin əvvəlki redaksiyasında deyilirdi: fərdi hesabın sığorta hissəsi - müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş nisbətlərə uyğun olaraq sığortaolunanlar üzrə ödənilmiş və əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan məcburi dövlət sosial sığorta haqlarının qeydə alındığı subhesabdır. Həmin maddəninin indiki redaksiyasında deyilir: fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə» xx xxxx 2017-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə həmin dəyişiklik xx.xx.2017-ci il tarixdən qüvvəyə minmişdir). Azərbaycan Respublikası Prezidentinin "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Fərmanına əsasən xx.xx.2017-ci il tarixə qədər əmək pensiyaları hesablanarkən ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50 faizi vətəndaşların fərdi hesablarının sığorta hissəsində qeydə alınırdı. Qanuna edilmiş dəyişikliklərdən sonra əmək pensiya hüququ xx.xx.2017-ci il tarixdən sonra yaranmış vətəndaşların pensiya məbləği hesablanarkən fərdi hesabın sığorta hissəsində ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizi qeydə alınır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi “Məhkəmələr və hakimlər haqqında” Qanunun 106-cı maddəsinin şərh edilməsinə dair xx xxxxxx 2001-ci il tarixli qərarında hakimlərin maddi və sosial təminatlarını Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş məhkəmə hakimiyyəti müstəqilliyinin tərkib hissəsi kimi qiymətləndirməklə belə bir mövqe müəyyənləşdirmişdir ki, dövlət və cəmiyyət hakimlərə, xüsusilə onların ədalətliliyinə və peşakarlığına son dərəcə ciddi tələblərlə yanaşmaqla bərabər, öz səylərini hakimlərin sosial və maddi təminatı məsələlərinin yüksək səviyyədə həll edilməsinə yönəltməlidir. Bu baxımdan məhkəmə kollegiyası iddiaçıya xx.xx.2017-ci il tarixdə əmək pensiyası təyin edildikdən sonra “Əmək pensiyaları haqqında” Qanuna xx.xx.2017-ci il tarixdən edilmiş dəyişikliyin iddiaçının hüquqi vəziyyətini yaxşılaşdırdığını nəzərə alaraq hesab edir ki, həmin müddəaların iddiaçıya şamil olunması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Məhkəmə kollegiyası iddiaçının hüquqi vəziyyətini yaxşılaşdıran qanun normasının ona tətbiq olunması ilə razılaşsa da, hesab edir ki, həmin dəyişiklik xx.xx.2017-ci il tarixdən edildiyi üçün və iddiaçıya xx.xx.2017-ci il tarixdə əmək pensiyası təyin olunduğu dövrdə hələ qüvvədə olmadığından ona münasibətdə də həmin dəyişikliklər qüvvəyə mindiyi, yəni xx.xx.2017-ci il tarixdən tətbiq olunmalıdır. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2303/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2303/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilərək, İddiaçı təyin edilmiş yaşa görə əmək pensiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa xx.xx.2017-ci il tarixdən edilmiş dəyişikliklər nəzərə alınmaqla xx.xx.2017-ci ildən xx.xx.2019-cu ilədək müddətdə yenidən hesablanması və yaranmış fərqin hesablanaraq ona ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X7 üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Vidadi Məmmədov Namiq Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar