Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-134/2023 04.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və X1 ibarət tərkibdə, Həsənova Ləman Rasim qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiya təyin olunması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3776/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə - DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən, pensiya almaq hüququnun yarandığı, yəni xx.xx.2019-cu il tarixdən (57 yaşı tamam olduğu gündən) güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixdən təyin olunacaq əmək pensiyasının bu günədək ödənilməmiş hissəsinin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1962-ci ildə Bakı şəhərində doğulmuşdur. xx.xx.1977-xx.xx.1980-ci illərdə 2 №-li peşə məktəbində təhsil almışdır. xx.xx.1980-ci ildə Bakı metropolitenində elektrik avadanlıqları üzrə çilingər-elektrik işinə qəbul olunmuşdur. xx.xx.1980-ci il tarixdə ağır iş şəraitində elektrik qatarı maşinisti köməkçisi vəzifəsinə keçirilməklə həmin vəzifədə xx.xx.1981-ci il tarixinədək işləmişdir. xx.xx.1981-1983-cü ilin dekabrın ortalarınadək Sovet ordu sıralarında xidmət etmişdir. xx.xx.1984-cü il tarixdən Bakı metropolitenində lokomotivlərin təmiri üzrə çilingər vəzifəsinə qəbul edilmişdir. xx.xx.1984-cü il tarixdə zərərli iş şəraitində istismar sexinin elektrik qatarı maşinistinin köməkçisi vəzifəsinə keçirilmişdir. xx.xx.1986-cı il tarixdən zərərli iş şəraitində elektrik qatarının maşinsti vəzifəsinə keçirilmişdir. xx.xx.1999-cu ildə elektrik qatarının maşinisti kimi ona 3-cü, xx.xx.1999-cu il tarixdə 10-cu dərəcə verilmişdir. Bu günə kimi o, Bakı Metropolitenində elektrik qatarlarının (seksiyalarının) maşinisti vəzifəsində çalışır. xx.xx.2019-cu il tarixdə 57 yaşı tamam olmuş və xx.xx.2006-cı il tarixədək onun ümumi iş stajı 29 il 8 ay olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 №-li qərarı ilə təsdiqlənmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahı”sına əsasən həmin stajı 22 il, 8 ay, 18 gün "xxxx" QSCdə elektrik qatarının maşinist köməkçisi və maşinisti kimi işlədiyi vəzifə xüsusilə zərərli və ağır iş şəraitində iş hesab olunduğundan ona xx.xx.2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 13cü maddəsinin “b” bəndinə əsasən pensiya almaq hüququnun yarandığı, yəni xx.xx.2019-cu il tarixdən (57 yaşı tamam olduğu gündən) güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixdən təyin olunacaq əmək pensiyasının bu günədək ödənilməmiş hissəsinin hesablanaraq ödənilməsi tələbi ilə cavabdehə müraciət etsə də, müraciətindən xx.xx.2021-ci il tarixli **********0 №-li məktubla imtina edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3776/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə İddia təmin edilmiş və İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə xx.xx.1986-cı il tarixindən bu günədək Bakı Metropolitenində maşinist vəzifəsində işlədiyi qeyd olunmuşdur. İşlədiyi vəzifə yuxarıda müvafiq Qərarla təsdiq edilmiş Siyahı üzrə göstərilən vəzifələrə uyğun deyil. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3776/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır; - В 126767 nömrəli diplomun təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 1 sentyabr 1977-ci ildə Bakı şəhəri 2 №-li orta texniki peşə məktəbinə daxil olmuş və 23 iyul 1980ci ildə elektik qatarlarının maşinist köməkçisi (metropolitan üçün) peşəsi üzrə bu məktəbin tam kursunu bitirərək ümumi orta təhsil almışdır; - НЗ ******* nömrəli hərbi biletin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1981-xx.xx.1983-cü illərdə müddətli həqiqi hərbi xidmət keçmişdir; - DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçının 21 oktyabr 2021-ci il tarixində daxil olmuş müraciətinə cavab olaraq 28 oktyabr 2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə xx.xx.1986-cı il tarixindən bu günədək Bakı Metropolitenində maşinist vəzifəsində işlədiyi qeyd olunmuşdur. İşlədiyi vəzifə yuxarıda müvafiq Qərarla təsdiq edilmiş Siyahı üzrə göstərilən vəzifələrə uyğun deyil. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir; - Azərbaycan Respublikası "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 12 yanvar 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.1980-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək “N.Nərimanov” adına elektrik deposunun 1 saylı texniki baxış sahəsində 3cü dərəcə ilə elektrik çilingəri, xx.xx.1980-ci il tarixindən xx.xx.1981-ci il tarixinədək istismar sahəsində qatar maşinistinin köməkçisi (həftədə 36 saat, 16 % xüsusi zərərli iş şəraiti ilə) peşələrində, xx.xx.1984-cü il tarixindən xx.xx.1984-cü il tarixinədək “N.Nərimanov” adına elektrik deposunun 1 saylı texniki baxış sahəsində 3-cü dərəcə ilə lokomotivlərin təmiri üzrə çilingər, xx.xx.1984-cü il tarixindən xx.xx.1986-cı il tarixinədək istismar sahəsində qatar maşinistinin köməkçisi (həftədə 36 saat, 16 % xüsusi zərərli iş şəraiti ilə) peşələrində işləmişdir. xx.xx.1986-cı il tarixindən bu günədək maşinist (həftədə 36 saat, 16 % xüsusi zərərli iş şəraiti ilə) peşəsində çalışır (3-cü sürücülük dərəcəsi, 10-cu ixtisas dərəcəsi ilə). Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 289 saylı Sərəncamına əsasən Bakı Metropoliteni və “Azərtunelmetrotikinti” SC-nin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "xxxx" QSC yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 1-ci bölməsinin 1.1.2-ci və 1.2-ci bəndlərində, 21-ci bölməsinin 21.1-ci və 21.5-ci bəndlərində, 29-cu və 35-ci bölmələrində metropolitenlə bağlı bəzi peşə və vəzifələrin sadalanmasına baxmayaraq qeyd edilən siyahıda Bakı Metropoliteninin fasiləsiz işinin təmin edilməsində, sərnişinlərin təhlükəsiz daşınmasında, metro tikililərinin, qurğularının, mexanizm və avadanlıqlarının cari saxlanmasında əsas aparıcı rol oynayan yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insan səhhətinə mənfi təsir göstərilən amillərlə müşayiət olunan xüsusilə zərərli və ağır əmək şəraitli bir sıra peşə və vəzifələr öz əksini tapmamışdır. Metropolitendə güzəştli şərtlərlə çalışan işçilərin əmək stajlarının müəyyən edilməsi onların təqaüdə çıxmalarına əsas verən Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi haqqında” xx.xx.2007-ci il tarixli 12 saylı qərarına qədər qüvvədə olan xx.xx.1993-cü il tarixli 320 saylı qərarın müvafiq bölmə və bəndləri ilə tənzimlənirdi və həmin qərara əsasən elektrik qatarlarının maşinistləri və elektrik qatarlarının maşinist köməkçilərinin müvafiq kodları təqdim edilmişdir: ******* XXVİİİ. Nəqliyyat, - 23001000-14241 teplovoz, elektrovoz maşinistləri və maşinis köməkçiləri; - 23001000-14409 elektrik qatarlarının (seksiyalarının) maşinistləri; 23001000-16887 elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçiləri. Eyni zamand elektrik qatarlarının maşinistləri və elektrik qatarlarının maşinist köməkçiləri Azərbaycan Respublikası Əmək Məcəlləsinin 93-cü maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiqlənən “yüksək həssaslıq, həyəcan, zehni fiziki və əsəb gərginliyi, habelə insanın səhhətinə mənfi təsir göstərən digər amillər ola əmək şəraiti iş yerləri üzrə iş vaxtının konkret müddəti göstərilməklə peşələrin, vəzifələrin Siyahısı”nda da adları keçmişdir. İddiaçı ağır və xüsusilə zərərli əmək şəraiti üzrə əmək stajı 38 il 11 ay 02 gün (otuz səkkiz il on bir ay iki gün) (xx.xx.2022-ci il tarixinə) təşkil edir, əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əsas əmək məzuniyyətinə əlavə 6 (altı) təqvim günü əlavə edilir və xüsusi zərərli iş şəraitində işlədiyinə görə əmək haqqına tarif maaşının 16 % məbləğində, eləcə də aylıq qrafik üzrə axşam və gecə saatlarına görə əlavə ödənişlər edilir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, “işin hallarına əsasən, qanunvericiliklə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan bütün şərtlər iddiaçıya münasibətdə mövcuddur, yəni onun 57 yaşı tamamdır, peşə məktəbində təhsil aldığı və hərbi xidmət keçdiyi dövrlər daxil olmaqla xx.xx.2006-cı ilədək ümumilikdə 27 il 15 gün olmaqla 25 ildən çox əmək stajı vardır (cavabdeh tərəfindən mübahisələndirilməmişdir) və 21 il 8 ay 9 gün olmaqla qanunla müəyyən edilmiş 12 il 6 aydan artıq müddət ərzində o güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi hüququ verən peşədə işləmişdir.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; “b” bəndinə əsasən, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsində nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1- dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra mətndə - “Qaydalar”) 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. “Qaydalar”ın 3.2 və 3.2.1-ci bəndlərinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, mövcud “Qaydalar” "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsini təsbit etmişdir. Hazırkı iş üzrə iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iki şərt mövcud olmalıdır: xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının olması, bu müddətin azı 12 il 6 ayının güzəştli iş stajı olması. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə qanunvericiliklə nəzərdə tutulmuş hər iki şərt ödənilir. Belə ki, iddiaçının xx.xx.2006-cı il tarixə qədər 25 ildən artıq ümumi iş stajının mövcud olması işin mübahisələndirilməyən halıdır. Məhkəmə kollegiyası cavabdehin imtinasının və apellyasiya şikayətinin əsas dəlili olan iddiaçının 12 il 06 ay güzəştli iş stajının olmaması ilə bağlı qeyd edir ki, iş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasının surətindən müəyyən edilir ki, iddiaçı: - xx.xx.1977-xx.xx.1980-ci illərdə orta texniki peşə məktəbində təhsil (2 il 10 ay 23 gün); - xx.xx.1980-xx.xx.1980-ci illərdə 3-cü dərəcəli elektrik avadanlıqlarının təmiri üzrə elektrik çilingəri (təhsil müddəti ilə üst-üstə düşən dövr çıxılmaqla (2 ay 22 gün); - xx.xx.1981-xx.xx.1983-cü illərdə hərbi xidmətdə (2 il 11 gün); - xx.xx.1980-xx.xx.1981-ci illərdə İstismar sexində elektrik qatarının maşinist köməkçisi (1 il 1 ay 3 gün, 23001000-16887); - xx.xx.1984-xx.xx.1984-cü illərdə İstismar sexində 3-cü dərəcə üzrə texniki baxış məntəqələrində lokomotivlərin baxışı və təmiri üzrə çilingər (2 ay 10 gün); - xx.xx.1984-xx.xx.1984-cü illərdə İstismar sexində elektrik qatarlarının maşinist köməkçisi (9 ay 1 gün, 23001000-16887); - xx.xx.1986-ci il tarixdən bugünədək maşinist (3-cü sürücülük dərəcəsi, 10-cu ixtisas dərəcəsi) vəzifəsində (xx.xx.2006-cı ilədək 19 il 10 ay 5 gün, 23001000-14409) “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısının 28-ci bölməsində (Nəqliyyat) elektrik qatarlarının (seksiyalarının) maşinistləri (23001000—14409), elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçiləri (23001000—16887) vəzifələri güzəştli pensiya hüququ verən xüsusilə zərərli və ağır iş şəraiti aid olan peşələr sırasına daxil edilmişdir. Cavabdeh inzibati orqanın mübahisə etdiyi yeganə məsələ, AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “Metropolitenlər” adlanan bölməsində elektrik qatarlarının maşinisti və maşinist köməkçisinin nəzərdə tutulmamasıdır. Məhkəmə kollegiyası cavabdehin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, “Siyahı”nın “Dəmiryol nəqliyyatı” bölməsində elektrik qatarlarının (seksiyalarının) maşinistləri (23001000— 14409), elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçiləri (23001000—16887) vəzifələri nəzərdə tutulmuşdur. Həmin “Siyahı”nın “Metropolitenlər” adlanan bölməsində metropoliten qatarlarının maşinistləri və maşinist köməkçiləri vəzifəsinin zərərli iş kimi göstərilməməsi iddiaçıya güzəştli şərtlərlə pensiya təyin olunmamasına əsas verə bilməz. Bununla əlaqədar qeyd edilməlidir ki, yaşa görə pensiya təminatında əməyin xüsusi şəraiti ilə əlaqədar müəyyən olunan güzəştlərdən istifadə edənlərin dairəsi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda açıqlanmışdır. Belə güzəştlərdən daha geniş formada yeraltı işlərdə əmək şəraiti ağır və zərərli olan işlərdə çalışan işçilər istifadə edirlər. Metropoliten qatarları, eləcə də yerüstü qatarlar relsli dəmiryol nəqliyyatına aiddir və hər ikisinin iş mexanizmi oxşardır. Hətta, yeraltı dəmiryol nəqliyyatının əmək şəraitinin yerüstü dəmiryol nəqliyyatından daha ağır olduğu, eləcə də hazırki iş üzrə iddiaçının işlədiyi müəssisə tərəfindən verilmiş işin xarakterini izah edən arayış da nəzərə alındıqda iddiaçının işlədiyi elektrik qatar maşinisti və maşinist köməkçisi vəzifəsinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə olduğu, bununla da iddiaçının tələb olunan 12 il 06 ay xüsusi iş stajını topladığı təsdiq olunur. 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əlavə olunur. Baxılan iş üzrə iddiaçı tərəfindən bu məzmunda arayış təqdim olunmuşdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bundan əlavə, iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün onun xx.xx.2006-cı il tarixədək 25 il ümumi və 12 il 06 ay güzəştli iş stajı mövcud olduğundan, iddia tələbi əsaslıdır Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3776/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3776/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-134/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-134/2023
04.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver