Məhkəmə qərarları › İş №2-1(103)-134/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-134/2024

01.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-134/2024 01.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə pensiyanın təyin edilməsi tələbinə dair» inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3354/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məcburetmə haqqında (İPM m.33.1.) iddiа qaldıraraq, daha sonra iddia tələbini dəqiqləşdirərək ona 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə xx.xx.1962-ci il təvəllüdlü iddiaçı 1977-1982-ci illərdə SSRİ Yollar Nazirliyinin Bakı Dəmiryol nəqliyyatı texnikumunda təhsil almış, xx.xx.1982xx.xx.1984-cü illərdə həqiqi hərbi xidmətdə olmuş, qayıtdıqdan sonra əmək fəaliyyətini davam etdirmişdir. Onun işlədiyi peşələr isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda göstərilmişdir. Güzəştli pensiya almaq hüququ yarandığından əmək pensiyasının təyin edilməsi üçün dəfələrlə sənədlərini cavabdehə təqdim etsə də, imtina olunmuşdur. Sonuncu dəfə ona xx.xx.2022-ci il tarixli **********0 nömrəli imtina məkubu göndərmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Cavabdeh iddia ərizəsinə dair məhkəməyə ünvanladığı yazılı etirazında iddianı qəbul etməmiş, iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı müvafiq dövrlərdə çalışdığı vəzifə siyahı ilə müəyyən edilmiş vəzifəylə uyğunluq təşkil etməmiş, bu səbəbdən də cavabdeh orqan tərəfindən verilmiş imtina qanunidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3354/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçı xx.xx.1962-ci il təvəllüdlü İddiaçı 60 yaşdan, yəni xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə hüququn tətbiqində səhvə yol vermiş, düzgün qərar qəbul etməmişdir. Belə ki, əmək kitbabçasına və “X5” MMC-nin xx.xx.2022-ci il tarixli arayışına əsasən iddiaçı 3 oktyabr 2016-cı il tarixdən 27 iyul 2018-ci il tarixədək olan dövrdə qatar tərtibatı üzrə yardımçı fəhlə (əvəzçilik üzrə) işləmişdir. Həmin göstərici Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007ci il tarixli 12 nömrəli Qərarla təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin, və göstəricilərin siyahısı”nda öz əksini tapmamışdır. Həmin Siyahının 21.4-cü bəndində vaqonların baxıcı-təmirçiləri nəzərdə tutulmuşdur. Bundan əlavə iddiaçının üç əmək kitabçasına nəzər yetirərkən bəzi dövrlərin üst-üstə düşdüyü müşahidə edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi L.Şükürlü apellyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin ounmasını, İddiaçı isə onunla razılaşmamış qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, qərar isə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin iddiaçının 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixinə qüvvədə olan olan redaksiyasına görə axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İddiaçının təhsil aldığı və hərbi xidmətdə olduğu vaxt qüvvədə olmuş, o cümlədən, «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 67-ci maddəsinin 3-cü hissəsinə əsasən həqiqi hərbi xidmət müddəti, habelə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir (Bundan əvvəl də, 1956-cı il 01 oktyabr tarixdən qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin “v” bəndinə, habelə , SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 109-cu maddəsinin «i» bəndinə əsasən də “texniki peşə məktəblərində təhsil müddəti” ümumi staja daxil edilirdi.) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: 1.“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən” - hesablanmasını nəzərdə tutur. Qanunvericiliyin qeyd olunan tələblərinə uyğun olaraq iddiaçının işə əlavə olunmuş diploumu, hərbi bileti və əmək kitabçaları üzrə 25 ildən 60 yaşının tamam olduğu günə onun 25 ildən çox ümumi, 12 il 6 aydan çox güzəştli pesiya hüququ verən xüsusi stajı müəyyən olunur: -1979-1982-ci illərdə surətinə əsasən SSRİ Yollar Nazirliyinin Bakı Dəmiryol nəqliyyatı texnikumunda “dəmir yollarının texniki istismarı ixtisası üzrə təhsil müddəti (Diplom:ДТ-İ № 77229030; 04.1982) – 3 il; - xx.xx.1982-xx.xx.1984-cü illərdə hərbi xidmət dövrü (НЭ № 4660732) -2 il 1 ay 6 gün; xx.xx.1981-ci ildə tarixdə açılmış ИT-İ ******* №-li birinci əmək kitabçası üzrə ikinci əmək kitabçası ilə üstüstə düşməyən əmək fəaliyyəti üzrə stajı: - xx.xx.2006-xx.xx.2010: Konteyerlərin təmiri üzrə Keşlə vaqon deposu Dübəndi texniki xidmət məntəqəsində təmirçi-çilingər- 3 il 10 ay 22 gün; -xx.xx.2010-xx.xx.2017: Keşlə vaqon deposu Dübəndi TMM-nin Pirşağı Nəzarət məntəqəsində böyük vaqon müayinəçisi-təmirçisi – 7 il 2 ay; İş materiallarında əlavə olunmuş, "xxxx" QSC-nin məhkəmə sorğusuna ünvanladığı xx.xx.2022-ci il tarixli, 255869 №-li cavab məktubunda qeyd olunmuşdur ki, sorğu edilən İddiaçı "xxxx" QSC-nin Keşlə vaqon deposunda xx.xx.2010-cu ii tarixindən xx.xx.2017-ci il tarixinədək çalışdığı “böyük vaqon baxıcısı-təmirçisi” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21.4-cü bəndin 10-cu abzasında əks olunmuş “vaqonların baxıcı-təmirçiləri” peşələri ilə uyğunluq təşkil edir. İşə əlavə olunmuş "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli, 175346 №-li arayışında qeyd olunmuşdur ki, İddiaçı "xxxx" QSCnin Keşlə vaqon deposunda xx.xx.2006-cı il tarixindən xx.xx.2007-ci il tarixinədək “hərəkət heyətinin təmiri üzrə çilingər”, xx.xx.2007-ci il tarixindən xx.xx.2017-ci il tarixədək “vaqon müayinəçisi” peşələrində çalışmışdır. Bu peşə üzrə tam iş saatı ilə zərərli işlə məşğul olmuş, zərərli işə görə vəzifə maaşına əlavə ödənilmişdir. Bu peşələr üzrə İddiaçı iş stajı 11 il 23 gün təşkil edir. Qeyd: “Vaqon müayinəçisi” və ya “vaqon baxıcısı-təmirçisi” eyni vəzifədir, 2000-ci ildən etibarən rus dilindən tərcümədə bəzi struktur vahidlərinin ştat cədvəllərində “vaqon müayinəçisi”, bəzi struktur vahidlərində də “vaqon baxıcısı-təmirçisi” kimi tərcümə edilib. Həmçinin, həmin işlərin xüsusiyyətləri “Texnoloji iş prosesinin” tələblərinə uyğun olaraq qatarlara texniki xidmətin keçirilməsindən, qatarların zəmanət məsafəsində təhlükəsiz hərəkətinin təmin edilməsindən, qatarlara texniki baxış zamanı aşkar olunmuş nasaz vaqonların keyfiyyətli təmir olunmasından, əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə qayda və normalarına riayət olunmasına nəzarət edilməsindən, habelə iş prosesində istifadə olunan alətlərin və ölçü vasitələrinin saz vəziyyətdə olmasının yoxlanılmasından ibarətdir. Bundan əlavə cavabdehin apellasiya şikayətinin qeyd olnan dəlilləri nəzərə alınmaqla, iddiaçının “X5” MMC-yə verdiyi sorğusuna cavab olaraq 398 nömrəli 19 dekabr 2023-cü il tarixli məktubla iddiaçı cəmiyyətin Logistika bölməsində qatar tərtibatı üzrə yardımçı fəhlə” peşəsinın və qətar tərtibatçısı peşəsinin vəzifə təlimatları məhkəməyə təqdim olunmuşdur. Həmin təlimatlardann aydın olur ki, hər iki təlmatda vaqonların qatarlara qoşulması və açılmması, yükləmə və boşaldılma və digər xüsusi yollara verilməsi, bu yollardan götürülməsi, hərəkət heyətləri və vaqonların stansiyadan stansiyaya ötürülməsi və s. uyğun işləri görmələri nəzərədə tutulmuşdur. İşə əlavə olunuş "xxxx" QSC-nin xx.xx.2022 il tarixli arayışında (i.v.73) da iddiaçının çalışdığı həmin işlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007ci il tarixli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.4-cü bəndinə uyğun olduğu təsbit olunmuşdur. Bundan əlavə, iddiaçının 03 dekabr 1985-ci ildə tarixdə açılmış ИT-İ ******* №-li ikinci əmək kitabçası üzrə birinci əmək kitabçasının qeydləri ilə üst-üstə düşməyən aşağıdakı əmək fəaliyyəti vardır: xx.xx.1984-xx.xx.2006: Azərbaycan Dəmir Yolları Bakı şöbəsinin Pirşağı stansiyasının növbətçisi - 22 il 15 gün. xx.xx.2017-xx.xx.2022 (60 yaşı tamam olduğu tarixi): Azərbaycan Dəmir Yolları Bakı şöbəsinin Pirşağı stansiyasının növbətçisi - 4 il 5 ay 17 gün. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21.4-cü bəndinin hərəkətin xüsusilə intensiv olduğu dəmiryollarının magistral sahələrində qatarların qəbulu, göndərilməsi və buraxılması ilə məşğul olan dərəcədənkənar stansiyalar üzrə növbətçilər də güzəştli pensiya hüququ verən peşələrə aid edilmişdir. Beləliklə də, iddiaçının 12 il 6 aydan da artıq güzəştli pensiya hüququ verən işələrdə çalışdığı sübuta yetirilir. Başqa sözlə, cavabdehin apellyasiya şikayətinin iddiaçının güzəştli stajının 12 il 6 aydan az olduğunu mübahisələndirən dəlilləri əsassızdır. Onun iddiaçının tədqiq olunan iki əmək kitabçasının adıçəkilən qeydlərində onun işə qəbulu və işdən azad edilməsi, işlədiyi təşkilatın adı, onda baş verən keçidlər və dəyişiklər, müvafiq əmrlər təsbit olunmuş, qeydlərin həqiqiliyi müəssisə rəhbərinin imzası və dairəvi möhürü ilə təsdiq olunmuş, həqiqliyini şübhə altına alan qaralama və düzəlişlər mövcud deyil, vərəqlərin tamlığı pozulmamışdır. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Qeyd olunanlar onu deməyə əsas verir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-cii maddəsinin qeyd olunan tələbləri baxımından, iddiaçının 60 yaşından güzəştli şərtlərlə pensiya hüququ yaranır. Həmin Qanunun 32.1-ci maddəsi isə nəzərdə tutur ki, yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir Həmin Qanunun 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Göstərilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya 60 yaşından güzəştli pensiya təyin olunmasından imtina olunması əsassız olmuş, onun qanunla qorunan hüquqlarını pozmuşdur. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə də, məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin hüququn tətbiqində səhvə yol verdiyini, düzgün qərar qəbul etmədiyini mübahisələndirən dəlilləri ilə razılaşmır. Birinci instansiya məhkəməsi mahiyyət üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmadan, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3354/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3354/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar