Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1340/2025 01.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X1 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “mənzillə təmin olunmalı hərbi qulluqçuların siyahısına daxil edilmə” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6821/2024 saylı, 07 noyabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddiaçının dövlət vəsaiti hesabına mənzillə təmin edilməli olan hərbi qulluqçuların siyahısına daxil edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1974-xx.xx.2007-ci illərdə 30 təqvim ilindən artıq müddətdə SSRİ ordusu və Azərbaycan Respublikası Silahlı Qüvvələrində qüsursuz həqiqi hərbi xidmət keçmişdir. Xidmət müddəti bitdiyinə görə Silahlı Qüvvələrdən ehtiyata buraxılmışdır. Xidmət dövründə qüsursuz xidmət etdiyinə görə "Qüsursuz xidmətə görə" 3cü dərəcəli medal, "Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı" medalı və digər medallarla təltif edilmişdir. "Silahlı Qüvvələrin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" Prezidentin xx.xx.2011-ci il tarixli, 569 nömrəli Fərmanının xx.xx.2021-ci il tarixədək olan redaksiyasına əsasən Silahlı Qüvvələrdə 20 təqvim ili və daha çox qüsursuz xidmət edən hərbi qulluqçular dövlət vəsaiti hesabına mənzillə təmin edilməlidir. Qeyd edilməlidir ki, sözügedən Fərmanın tətbiqi təcrübəsinə dair Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli 1(102)- 1769/2018 nömrəli qərarı ilə məhkəmə təcrübəsi formalaşmışdır və həmin qərarın mənasına görə Fərman onun qüvvəyə minməsindən sonra tərxis olunan hərbi qulluqçulara da şamil edilir. SSRİ Silahlı Qüvvələrində xidmət müddəti də, Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət müddətinə daxildir. SSRİ Silahlı Qüvvələrində xidmət müddətinin Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət müddətinə nəzərə alınması “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı ilə də, təsdiq edilir. Belə ki, xx.xx.2002-ci il tarixli Qanunla təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı" medalı haqqında Əsasnamə"nin 1-ci maddəsinin mənasına əsasən SSRİ Silahlı Qüvvələri və digər silahlı birləşmələrində xidmət müddəti Respublikasının Silahlı Qüvvələrindəvə qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələri sıralarında xidmət müddətinə nəzərə alınır və silahlı birləşmə sıralarında 25 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçular "Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı" medalı ilə təltif edilir. Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-89/2022 nömrəli qərarı ilə formalaşmış məhkəmə təcrübəsinə əsasən də Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı medalının hərbi qulluqçuya verilməsi onun 20 təqvim ilindən artiq qüsursuz xidmət etməsini təsdiq edir. Qeyd edilənlərə əsasən iddiaçı xx.xx.2023-cü il tarixdə dövlət vəsaiti hesabına mənzillə təmin edilməli hərbi qulluqçuların siyahısına daxil edilməsi ilə bağlı cavabdehə müraciət etmiş və müraciət xx.xx.2023-cü il tarixdə cavabdehin ünvanına çatdırılmışdır. Cavabdeh isə həmin müraciətə 35 gün müddətində heç bir cavab verməmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasa gəldikdə qeyd etmək zəruridir ki, Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi hüquqi tənzimləmə qaydaları “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 569 nömrəli Fərmanı ilə tənzimlənir. Beləliklə, İddiaçı (xx.xx.1993-xx.xx.2007) Azərbaycan Ordusu sıralarında ümumi xidmət müddəti 13 (on üç) il 11 (on bir) ay 8 (səkkiz) gün təşkil edir. İddiaçı Azərbaycan Ordusu sıralarında ümumi xidmət müddəti 20 təqvim ili olmadığına görə Fərmana uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin edilə bilməz. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6821/2024 saylı, 07 noyabr 2024-cü il tarixli qərarı ilə (hakim A.Abdullayeva) iddia tələbinin təmin edilməsi, İddiaçı dövlət hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh inzibati orqan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6821/2024 saylı, 07 noyabr 2024-cü il tarixli qərarının ləğv edilməsinə, iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaçıya ünvanlanmış imtina məktubunun və iddiaya dair yazılı etirazın məzmunu ilə oxşar məzmunda əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. Həmin Fərmanda dəyişilik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 1476 nömrəli 15 noyabr 2021-ci il tarixli Fərmanı ilə adında və 1-ci hissəsində “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin” sözləri “Azərbaycan Ordusu”nun sözləri ilə əvvəz edilmişdir. Fərmanın birinci hissəsinə uyğun olaraq dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə komissiya yaradılmışdır. Cavabdehin üzərinə düşən vəzifə dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq və həmin siyahını komissiyaya təqdim etməkdir. Dövlət başçısı qəbul etdiyi normativ hüquqi aktda məhz “Azərbaycan Ordusu”nda 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçulara münasibətdə dövlət vəsaiti hesabına mənzillə təmin olunmaq imtiyazı müəyyən etmişdir. Göründüyü kimi Fərmanın məqsədinin məhz “Azərbaycan Ordusu”nda xidmət etmiş hərbi qulluqçularla bağlı olması aşkar surətdə müəyyən edilmişdir. Fərmana əsasən üç şərt daxilində hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilmə hüququ yaranır: 1.Hərbi qulluqçu ən azı 20 (iyirmi) təqvim ili və daha çox xidmət etməli; 2.Hərbi qulluqçu “Azərbaycan Ordusu”nda xidmət etməli; 3. Hərbi xidmət qüsursuz olmalıdır. Azərbaycan Respublikasının Silahlı Qüvvələri (Azərbaycan Ordusu) dedikdə xx.xx.2017-ci il tarxədək Qüvvədə olmuş “Azərbaycan Respublikası Silahlı Qüvvələri haqqında” (Azərbaycan Respublikasının Prezidentinin xx.xx.1991-ci il tarixli 210-Xİİ nömrəli) Qanununun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələri quru qoşunlarından, hava hücumundan müdafiə və hərbi-hava, hərbi-dəniz qüvvələrindən ibarətdir. Azərbaycan Ordusu və Azərbaycan Respublikasının Silahlı Qüvvələri anlayışları arasında fərqləndirmə aparılmışdır ki, Azərbaycan Ordusu dedikdə, Silahlı Qüvvələrin əsas tərkib hissəsi olmaqla Azərbaycan Respublikasına qarşı yönəlmiş təcavüzün dəf edilməsini, ərazi bütövlüyünün və toxunulmazlığının silahlı müdafiəsini təmin edən və fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil edilən silahlı birləşmə başa düşülür. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehin nümayəndəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası proses iştirakçısını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən edilir ki, iddiaçıya məxsus ZE nömrəli ******* nömrəli hərbi biletə əsasən xx.xx.1957-ci il tarixdə anadan olmuş iddiaçı 1974-cü ildə 10-cu sinifi bitirib, 1978-ci ildə Bakı Ali Ümumqoşun Komandanlıq məktəbini bitirib 1995-ci ildə Türkiyə Respublikasında 1 aylıq kurs keçib, xx.xx.1974-xx.xx.1992-ci il tarixlərində Sovet Ordusu Silahlı Qüvvələrində xidmət edib. xx.xx.1992-xx.xx.1993-cü il tarixlərində Sumqayıt Şəhəri Mülki Müdafiə Qərargah rəisinin müavini, xx.xx.1993-xx.xx.1993-cü il tarixlərində Səfərbərliyin təşkili, komplektləşdirmə kadrlar şöbəsinin rəisi, xx.xx.1993-xx.xx.1995-ci il tarixlərində Briqada Komandirinin müavini, xx.xx.1995-xx.xx.2008-ci il tarixlərində Məktəb rəisinin tərbiyəvi və tədris işləri üzrə müavini işləmiş, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “b” bəndinə müvafiq olaraq Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2007-ci il tarixli 0560 saylı əmrinə əsasən ehtiyata buraxılmışdır. İddiaçı Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 065t nömrəli 26 iyun 2003-cü il tarixli əmrilə “Qüsursuz xidmətə görə” 3cü dərəcəli medal ilə təltif olunmuşdur. İddiaçı Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 079t nömrəli 26 iyun 2003-cü il tarixli əmrilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)” yubiley medalı ilə təltif olunmuşdur. Həmçinin, iddiaçı Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 026t nömrəli 22 iyun 2004-cü il tarixli əmrilə “Azərbaycan Respublikası Silahlı Qüvvələri veteranı” medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Əsaslı Tikinti İdarəsi tərəfindən Hüquq İdarəsinin rəisinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubla bildirilmişdir ki, Bakı İnzibati Məhkəməsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı İddiaçı “mənzillə təmin edilmə tələbinə dair” 2-1(112)-6821/2024 nömrəli sərəncamının icrası ilə əlaqədar olaraq xx.xx.2024-cü il tarixli 3-25-4/2-2286/2024 nömrəli sorğusuna aidiyyəti üzrə baxılmışdır. Məlumat üçün bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanının ikinci hissəsinə əsasən yaradılmış Komissiyada Azərbaycan Ordusu sıralarında 20 (iyirmi) təqvim ili və daha çox qüsursuz xidmət etmiş, yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçuların mənzil təminatı məsələsinə baxılır. Ehtiyatda olan polkovnik İddiaçı (xx.xx.1993-xx.xx.2007) Azərbaycan Ordusu sıralarında ümumi xidmət müddəti 13 (on üç) il 11 (on bir) ay 8 (səkkiz) gün təşkil edir. İddiaçı V.Ə.X2 sıralarında ümumi xidmət müddəti 20 təqvim ili olmadığına gördə adı qeyd edilən Fərman ona şamil edilmir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələri veteranı kimi 25 təqvim ilindən çox qüsursuz xidmət etmiş hərbi qulluqçu olması işin halları ilə təsdiq edilir. İddiaçının yuxarıda qeyd edilən medalla təltif edilməsi onun 20 təqvim ilindən çox qüsursuz xidmət etdiyini, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçusu kimi tanındığını təsdiq edir və bu, onu “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanında qeyd olunan hərbi qulluqçuların kateqoriyasına aid etməyə əsas verir. Odur ki, iddiaçının tələbi haqlıdır və həmin Fərman ona da şamil edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır. Belə ki, “Azərbaycan Respublikasının “Qüsursuz xidmətə görə” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Bənd 1. 1. “Qüsursuz xidmətə görə” medalı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində qüsursuz həqiqi hərbi xidmət keçən, hər il iyun ayının 26-na qədər 10, 15 və 20 təqvim ili tamam olmuş hərbi qulluqçular təltif edilirlər. Bənd 2. “Qüsursuz xidmətə görə” medalının üç dərəcəsi vardır: “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə; “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə; “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal - Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə. 1-ci dərəcəli medal ən ali dərəcəlidir. “Azərbaycan Respublikasının “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu. Bənd 1. “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin sıralarında (SSRİ Silahlı Qüvvələri və digər silahlı birləşmələrində xidmət müddəti də nəzərə alınmaqla) 25 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçular təltif edilirlər. «Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə» Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanı: Bənd 1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər. Beləliklə, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin sıralarında (SSRİ Silahlı Qüvvələri və digər silahlı birləşmələrində xidmət müddəti də nəzərə alınmaqla) 25 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçular təltif edilirlər. İddiaçı 20 ildən artıq qüsursuz xidmət etmiş hərbi qulluqçu olmasını əsas gətirərək mənzillə təmin edilməli olan hərbi qulluqçuların siyahısına daxil edilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən onun Azərbaycan Ordu sıralarında ümumi xidmət müddətinin 13 (on üç) il 11 (on bir) ay 8 (səkkiz) gün təşkil etməsi əsas gətirilərək imtina edilmişdir. İddiaçı Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 026t nömrəli 22 iyun 2004-cü il tarixli əmrilə “Azərbaycan Respublikası Silahlı Qüvvələri veteranı” medalı ilə təltif olunmuşdur. Bu isə o deməkdir ki, iddiaçının SSRİ Silahlı Qüvvələrindəki xidmət müddəti artıq nəzərə alınmış və o, 25 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi təltif edilmişdir. İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələri veteranı kimi 25 təqvim ilindən çox qüsursuz xidmət etmiş hərbi qulluqçu olması işin halları ilə təsdiq edilir. İddiaçının medalla təltif edilməsi onun 20 təqvim ilindən çox qüsursuz xidmət etdiyini, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçusu kimi tanındığını təsdiq edir və bu onu “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə» Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanında qeyd olunan hərbi qulluqçuların kateqoriyasına aid etməyə əsas verir. Odur ki, iddiaçının tələbi haqlıdır və həmin Fərman ona da şamil edilməlidir. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qərarının ləğvinə əsas vermir, bu səbəbdən təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-6821/2024 saylı, 07 noyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6821/2024 saylı, 07 noyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(103)-1340/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1340/2025
01.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver