Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1341/2021 31.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X1 iştirakı ilə əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi vəzifəsinin həvalə edilməsi tələblərinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2744/2021 nömrəli iş üzrə 18 fevral 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 03 iyul 2020-ci il tarixli əmrinin ləğv edilməsini və Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının 7.5-ci bəndinə müvafiq qaydada tutduğu vəzifəyə uyğun vəzifəyə - Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlər departamentinin direktor müavini vəzifəsinə təyin olunmağı və məcburi işburaxmaya görə 03 iyul 2020-ci il tarixdən işə çıxdığı günə qədər hesablanmış əmək haqqı məbləğinin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı 18 fevral 2021-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 18 fevral 2021-ci il tarixli qərardadı ilə iddiaçının ərizəsi təmin edilmiş, iş üzrə iddia geri götürülmüş sayılaraq, inzibati iş üzrə icraata xitam verilmişdir. Qərardadla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilməsini xahiş etmişdir. Şikayətin dəlillərinə görə, iddiaçı hazırda işə mahiyyəti üzrə baxılmasını istəyir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı şikayətə uyğun izahat vermiş, cavabdehin nümayəndəsi şikayətlə razılaşmadığını bildirmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qərardadın ləğvi hissədə əsaslıdır. İlk olaraq, İPM-in 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20.05.2011-ci il tarixli Qərarına əsasən apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır. Mübahisəli qərardaddan görünür ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni hüquqi cəhətdən İPM-in 55.5-ci maddəsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası qərardadın qanuni əsası ilə razılaşmır. Belə ki, İPM-in: 55.3cü maddəsinə görə, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir; 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Göründüyü kimi, iddia ərizəsi və digər sənədlərin ona qaytarılması barədə iddiaçının ərizəsinə əsaslanaraq, iddia geri götürülmüş sayılmaqla, icraata xitam verilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu əsasla iddia geri götürülmüş sayılmaqla icraata xitam verilməsinin İPM-də nəzərdə tutulduğu fərz olunsa, o halda, iddianın geri götürülmüş sayılması 55.3-cü maddədə 1) məhkəmənin tələbi, 2) 30 gündən çox müddət və 3) ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınma ilə şərtləndirilmişdir ki, bu şərtlər iş üzrə yerinə yetirilmir. İddiaçının iddiadan imtina etmədiyi isə işin mübahisəsiz halıdır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin prosessual hüquq normalarının pozulması ilə qəbul etdiyi qərardad ləğv edilməli, inzibati iş həmin məhkəməyə göndərilməli, apellyasiya şikayəti təmin edilməlidir (İPM-in 87.6-cı maddəsi). Göstərilənlərə əsasən və İPM-in 68 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2744/2021 nömrəli iş üzrə 18 fevral 2021-ci il tarixli qərardadı ləğv edilsin, inzibati iş həmin məhkəməyə göndərilsin. İddiaçı apellyasiya şikayəti təmin edilsin. HAKİMLƏR Vidadi Məmmədov Həmid Həmidov Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-1(103)-1341/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1341/2021
31.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver