Məhkəmə qərarları › İş №2-1(103)-1341/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1341/2024

13.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1341/2024 13.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququn reyestrdə qeydə alınıb çıxarış verilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2115/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Suraxanı rayon Əmircan Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 38 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Zeynalov küçəsində ayrılmış 150 kv.m. torpaq sahəsinə dair İddiaçı adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...Suraxanı rayon Əmircan Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 38 saylı qərarı ilə iddiaçıya Əmircan qəsəbəsi, Z.Zeynalov küçəsində yerləşən 150 kv.m. torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün ayrılaraq alqı-satqı aktı tərtib edilməklə onun mülkiyyətinə verilmişdir. Torpaq sahəsinin plan-sxemi, Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2007-ci il tarixli razılıq məktubu vardır və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsinin torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir.Torpaq sahəsi daş hasara almış və orada ev tikmişdir. Müvafiq sənədləri toplayıb cavabdehə müraciət edilmiş, lakin sonuncu onun ünvanladığı (xx.xx.2022-ci il tarixli) qeydiyyatdan imtina bardə bildirişində qeyd etmişdir ki, elektron baza məlumatlarına əsasən ayrılmıştorpaq sahəsinin Əmircan bələdiyyəsinə aid olmayan dövlət mülkiyyətində olan torpaq sahəsidir...” Cavabdeh iddia ərizəsinə etirazında imtina məktubuna uyğün əsaslarla iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2115/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Suraxanı rayon Əmircan Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 38 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Zeynalov küçəsində ayrılmış 150 kv.m. torpaq sahəsinə İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “…Elektron baza məlumatına əsasən ayrılmış torpaq sahəsi Əmircan bələdiyyəsinə aid olmamaqla dövlət mülkiyyətidir. Həmçinin təqdim edilmiş Suraxanırayon Bələdiyyəsinin 38 nömrəli qərarının təsnifatında Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/03-8/2579 saylı, xx.xx.2007-ci il tarixli rəyə istinad edilməsinə baxmayaraq, qərarın xx.xx.2007-ci il tarixli olduğu müəyyən edilmişdir. Məhkəmə tərəfindən torpaq sahəsinin dövlət mülkiyyətinə aid olub-olmaması ilə bağlı tam və ətraflı araşdırma aparılmamışdır...” Məhkəmə kollegiyasının iclasları barədə məlumat verilmiş tərəflər (nümayəndələri) məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilməlidir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0. maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar…; İşin hallarından göründüyü kimi, Suraxanı rayon Əmircan Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 38 saylı qərarı ilə, fərdi yaşayış evinin tikintisi üçün Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Zeynalov küçəsində 150 kv.m. torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. İddiaçı həmin torpaq sahəsinə onun adına dövlət reyestrindən çıxarışın verilməsini tələb etmiş, birinci instansiya məhkəməsi tərəfindən iddia təmin olunmuşdur. Həmin qərardan narazı qalan cavabdeh iddiaçıya ünvanladığı imtina bildirişində, iddia ərizəsinə etirazında və apellyasiya şikayətinin dəlillərində mübahisələndirir ki, Əmircan bələdiyyəsinin qərarı ilə iddiaçıya ayrılan torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsi olduğundan iddia rədd edilməlidir. Məhkəmə kollegiyası aşağıdakılara görə cavabdehin qeyd olunan mövqeyi ilə razılaşır. Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, - “...Bələdiyyə tərəfindən torpaqların mülkiyyətə, istifadəyə və icarəyə verilməsi publikhüquqi fəaliyyətdir və xüsusi sahəvi normativ hüquqi aktlarla tənzimlənməklə “İnzibati icraat haqqında” Qanunu ilə nəzərdə tutulmuş qayda və prinsiplərə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 11.1-ci maddəsinə müvafiq olaraq, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008-ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (Əsasnamənin 7-ci bəndi)...” İş materiallarına əlavə olunmuş Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyinin tarixi xx.xx.2007-ci il tarixli Əmircan bələdiyyəsinin iddiaçıya ayırlıması nəzərdə tutuan torpaq sahəsi ilə müraciəti onunla cavablandırılmışdır ki, qaldırılan məsələnin qanun çərçivəsində həll olunmasına etiraz etmir. Başqa sözlə, Memarlıq və Şəhərsalma Baş İdarəsi qeyd olunan şərt daxilində torpaq sahəsinin ayrılmasına etiraz etməmişdir. İş materiallarına əsasən isə müəyyən olunur ki, məsələnin həlli Əmircan bələdiyyəsi tərəfindən qanunvericiliyin aşağıda göstərilən tələbləri çərçivəsində həyata keçirilməmişdir. Bundan əlavə, həmin vaxt fəaliyyətdə olimuş AR DTXK-nin rayon torpaq şöbəsinin səlahiyyətli şəxsinin torpağın alqı-satqısına dair aktda imzası və həmin şöbə tərəfindən torpaq sahəsinin planı və ölçüsü tərtib olunsa da, həmin sənədlərdə torpağın məhz, bələdiyə torpağı olması barədə hər hansı r qeyd mövcud deyil və ayrılıqda da mübahisəli torpağın statusu barədə rəy verilməmişdir. Halbuki, Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ №-li qanunu ilə təsdiq edilmiş «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında» Əsasnamənin: 5-1-ci maddəsinə əsasən bələdiyyə torpaqları istifadə hüququ ilə yalnız bələdiyyənin mülkiyyətində olan müəssisə, idarə və təşkilatlara verilə bilər; Həmin Əsasnamənin 7-ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Eyni zamanda, Azərbaycan rspublikasının Torpaq Məcəlləsinin 67-ci maddəsinin: 3-cü hissəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 4-cü hissəsinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Qanunvericiliyin qeyd olunan tələblərindən aydın görünür ki, birincisi, torpaq sahəsi bələdiyyəyə məxsus olduğu, həm də mülkiyyət kimi qeydə alındığı halda, yalnız istifadəyə və ya mülkiyyətə verilə bilər. İş materiallaırına əsasən isə Əmircan bələdiyyəsinin qərarı ilə iddiaçıya ayrılmış mübahisəli torpaq sahəsinin bələdiyyə torpağı olduğu müəyyən edilimir. Belə ki, işdən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən mühəndis-texniki ekspertizası təyin edilmiş, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinin “Yerquruluşu üzrə mühəndisi”nin xx.xx.2023-cü il tarixli rəyi və AR ƏN Məhkəmə Ekspertizası Mərəkəzinin isə 11 aperel 2023-cü il tarixli ekspert rəyi alınmışdır. İşə əlavə olunmuş həmin rəylərdən isə görünür ki, iddiaçı tərəfindən göstərilən sahənin dövlət mülkiyyəti torpağıdır və bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Bütün bunlar isə onu deməyə əsas verir ki, Əmircan bələdiyyəsi iddiaçıya 150 kv m torpaq sahəsi ayrılması barədə xx.xx.2007-ci il tarixli 38 saylı qərarı qəbul etməkdə səlahiyyətli olmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 65.1.2-ci maddəsi isə nəzərədə tutur ki, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır. Beləliklə də, mübahisəli torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir. Belə olan halda, cavabdeh tərəfindən mübahisəli torpaq sahəsinin iddiaçının adına qeydə alınmasından və bu barədə çıxarış və plan ölçü tərtib edilməsindən imtina olunması əsaslıdır. Əsaslı imtina isə iddiaçının qanunla qorunan hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. İPM-in 73.1-ci maddəsinin mənası da məhz, ondan ibarətdir ki məhkəmə o halda, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd və iddiaçının hüquqlarını pozmuş olsun. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2115/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli və iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2115/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar