Məhkəmə qərarları › İş №2-1(103)-1341/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1341/2025

06.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1341/2025 06.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, X3 Asəf qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (X2 üçüncü şəxs qismində cəlb edilməklə) “yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınma” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8283/2024 saylı, 17 oktyabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınma barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, İddiaçı yaşayış sahəsinə ehtiyacı olduğu üçün Cavabdehnə müraciət edərək ona və həyat yoldaşı X2 ilə birlikdə Qarabağ müharibəsi iştrakçılarının mənzil növbəsinə götürülməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli 5- 18/12-M-59-068/2024 saylı məktubu ilə onun ərizəsinin icrasından qanunsuz və əsassız olaraq imtina etmişdir. Belə ki, iddiaçı 1-ci Qarabağ müharibəsi zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, müharibə veteranıdır və müharibə veteranı kimi 80 manat məbləğində Prezident təqaüdü alır. Uzun müddət polis orqanlarında xidmət etmiş, nümunəvi xidmətə görə fərqlənmişdir. Lakin özünə məxsus mənzili olmadığı üçün ailə üzvləri ilə birlikdə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Konserv Zavodunun ailəvi yataqxanasında yaşayır. Hal-hazırda yaşadığı yataqxana ailəsinin yaşaması üçün yararsız və əlverişsizdir. Məhkəmənin hazırki iş üzrə 12 sentyabr 2024-cü il tarixli qərardadı ilə X2 hazırki iş üzrə adicəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8283/2024 saylı, 17 oktyabr 2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş və ddiaçı İddiaçı və həyat yoldaşı X1 yaşayış sahəsinə ehtiyacı olan şəxslər qismində uçota alınması barədə sərəncam qəbul edilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı qanunvericiliklə müəyyən edilən yaşayış sahəsinə ehtiyacı olan şəxslərin kateqoriyasına daxil olmadığından onun mənzil növbəsinə götürülməsi əsassızdır. Tərəflər məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)- 8283/2024 saylı, 17 oktyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Azərbaycan Respublikası vətəndaşının AA******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən xx.xx.1970-ci il təvəllüdlü İddiaçı yaşayış yeri üzrə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Konserv ZAV A/YAT ünvanında qeydiyyatdadır. - Azərbaycan Respublikası vətəndaşının AZE 09972573 nömrəli şəxsiyyət vəsiqəsinə əsasən xx.xx.1976-ci il təvəllüdlü X2 yaşayış yeri üzrə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Konserv ZAV A/YAT ünvanında qeydiyyatdadır. - Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsi tərəfindən verilmiş 07 yanvar 2024-cü il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Konserv ZAV A/YAT ünvanında yaşayan İddiaçı və İddiaçı Maştağa Bələdiyyəsi tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılmışdır. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsi 1 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan müharibə veteranı kimi 80 manat məbləğində Prezident təqaüdü alır. - İmtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.7-ci maddasinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparıb qaydaları müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) tərəfindən müəyyən edilir.Lakin həmin qaydalar müəyyən edilmədiyindən vətəndaşların yaşayış yeri üzrə rayon İcra Hakimiyyətində mənzil növbəsinə qəbul edilməsi dayandırılmışdır. Həmin qaydalar müəyyən edildikdən sonra qeyd olunan məsələyə baxılması təmin olunacaqdır. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, İddiaçı və X1 adlarına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinİn: 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 53.1. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 51.4-cü maddəsinin üçüncü və dördüncü cümlələrinin tələbləri nəzərə alınmaqla); 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaları işin faktiki hallarına tətbiq edərək, hesab edir ki, cavabdehin imtinası qanunsuz olmuşdur. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçı və onun arvadı mənzil növbəsinə ehtiyacı olan şəxsdir və mənzil növbəsinə götürülmədən imtinanın konkret əsasları müəyyən edilmişdir ki, həmin əsaslar iddiaçıya şamil edilmir. Həmçinin iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş məlumata əsasən müəyyən olunur ki, nə iddiaçının, nədəki onun həyat yoldaşının adına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar olunmamışdır. Göstərilən bu hal onların yaşayış sahəsinə ehtiyacı olan şəxslər olduğunun göstəricisidir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2009-cu il tarixli Fərmanına əsasən 2009-cu il oktyabrın 1-dən qüvvəyə minmiş Azərbaycan Respublikasının yeni Mənzil Məcəlləsinin uyğunlaşdırılması və icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən müvafiq hüquqi aktın forması halhazırda təsdiqlənməmişdir. Buna görə də, yeni Mənzil Məcəlləsinin uyğunlaşdırılması və icrası ilə bağlı hüquqi aktların formasının müvafiq icra hakimiyyəti orqanı tərəfindn təsdiqlənməməsi vətəndaşın hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilməz. Belə olan hal iddiaçının ailə üzvü ilə birlikdə qüvvədə olan qanunvericiliyə əsasən mənzil siyahısına alınma hüququ yarandığından, cavabdehin mənzil siyahısna alınmasından imtinası qanunsuz və əsasız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8283/2024 saylı, 17 oktyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8283/2024 saylı, 17 oktyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar