Məhkəmə qərarları › İş №2-1(103)-1342/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1342/2020

15.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1342/2020 15.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Mayılov Ülvi Arif oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi ilə, İddiaçı, onun vəkili X6, Cavabdeh rəisi X4 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “soyadın dəyişdirilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1001/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2020-ci tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1001/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2020-ci tarixli qərarı ilə İddiaçı Cavabdehnə qarşı “soyadın dəyişdirilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Qərardan iddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli №2-1(112)-1001/2020 saylı qərarında qeyd olunmuşdur ki, iddiaçının soyadı birgə nikah dövründə dəyişdirilmədiyinə görə növbəti dəfə qanuna əsasən dəyişdirilməsinə yol verilmir. İddiaçı “Ələsgərova” soyadından “Qurbanova” soyadına keçərkən rəsmi nikahda olmasa da, X9 ilə faktiki ailə münasibətində olmuşdur. Buna sübut olaraq, X9 qeydiyyat şöbəsinə müraciət edərək, övladının doğum haqqında şəhadətnaməsini dəyişdirməyini və ata qrafasında X2 qeyd olunmasını göstərə bilər. Bundan əlavə olaraq, iddiaçının “Qurbanova” soyadına keçməyində əsas məqsədi oğlu ilə eyni soyadı daşımaq idi. Hal-hazırda “Qurbanova” soyadında qalaraq oğlu ilə fərqli soyadda olmağı onlara sənədləşdirilmə işlərində böyük çətinliklər yaradır, çünki iddiaçının bütün sənədləri “Ələsgərova” soyadı qeyd olunaraq qalıb. Məhkəmə iclasında iddiaçı tərəf şikayəti müdafiə edərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh inzibati orqanın nümayəndəsi apelyasiya şikayətinin təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş mаtеriаllаrını yохlаyаrаq və аpеlyаsiyа şikаyətini аrаşdırаrаq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İşdən görünür ki,iddiaçıBakı şəhəri Cavabdehnə müraciət edərək onun soyadının “Qurbanova” soyadından “Ələsgərova” soyadına dəyişdirilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaçıya verilmiş 05/Q-12/55 nömrəli, xx.xx.2019-cu il tarixli imtina məktubu ilə bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 79 nömrəli Qərarının 6.3-cü bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) yol verilmir. Yuxarıda qeyd olunanlara əsasən ona adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Bundan sonra İddiaçı Cavabdehnə qarşı onun xx.xx.1986-cı il təvəllüdlü İddiaçı soyadının dəyişdirilərək “Ələsgərova” qeyd edilməsi üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd edilən şəkildə həll edilmişdir. Kollegiya məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Hazırki iş üzrə iddiaçı iddia edir ki, onun birgə nikahdan olmayan xx xxxxxx 2013-ci il təvəllüdlü X13 adlı övladı var. Övladı dünyaya gələndə ilkin olaraq adı, soyadı və ata adı X1 qeyd edilmişdir. Birgə nikahda olmadığı, lakin faktiki ailə münasibətində olduğu X10, oğlunu qəbul etmişdir və övladının doğum haqqında şəhadətnaməsində ata qrafasında X9 qeyd etməsini xahiş etmişdir. Bununla bağlı onlar qeydiyyat şöbəsinə müraciət edərək, övladının doğum haqqında şəhadətnaməsini dəyişdirmişlər və ata qrafasında X10 qeyd edilərək övladının tam adı X3 qeydiyyata alınmışdır və bununla bağlı xx xxxx 2018-ci il tarixli, AZ-İ 341499 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamə verilmişdir. Oğlunun soyadı “Qurbanov” olması və onun soyadı “Ələsgərova” qalması onların sənədləşdirilmə işlərində müəyyən problemlərə gətirib çıxardırdı. Bununla bağlı qərara gəlmişdir ki, o da oğlunun soyadını götürsün. Bununla bağlı qeydiyyat şöbəsinə müraciət edərək, “Ələsgərova” soyadını dəyişdirərək “Qurbanova” soyadı götürmüşdür. Bir müddətdən sonra birgə yaşadığı X10 ilə münasibətlər kəskin şəkildə pisləşmişdir. Həmin zaman X10 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, övladının atası olmadığını və övladının doğum haqqında şəhadətnaməsinin ləğv edilməsi ilə bağlı iddia qaldırmışdır. Qaradağ Rayon Məhkəməsi növbəsində xx.xx.2019-cu il tarixli, 2(002)- 888/2019 nömrəli qətnaməsi ilə X5 iddiasını qismən təmin edərək, xx xxxx 2018-ci il tarixli, AZ-İ 341499 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnaməni ləğv etmişdir. Qaradağ Rayon Məhkəməsi xx xxxx 2018-ci il tarixli AZ-İ 341499 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnaməni ləğv edəndən sonra övladına yeni doğum haqqında şəhadətnamə verilmiş və onun göstərişi əsasında ata adı qrafasında X11 qeyd olunmuşdur. Beləliklə, onun övladının ata adı və soyadı yenə dəyişdirilərək tam adı X8 qeydiyyata alınmışdır. Qeyd edir ki, o, oğlunun ata adı qrafasında öz atasının adını qeyd etmiş, soyadını isə əvvəl onun qız soyadını, yəni “Ələsgərov” qoymuşdur. Övladının yenidən “Ələsgərov” soyadına keçməsi və onun “Qurbanova” soyadında qalması onlara yenidən hər hansı bir sənədləşmə işində müəyyən problemlər yaradır. İş materiallarından müəyyən edilir ki, iddiaçı barəsində onun xx.xx.1986-cı il tarixdə Gədəbəy rayonu, Maarif kəndində anadan olmasına dair akt qeydi tərtib edilmişdir. Həmin akt qeydinə xx.xx.2018-ci il tarixdə düzəliş edilərək, soyadı “Ələsgərova”-dan “Qurbanova”-ya dəyişiklik edilmişdir. Bu barədə Cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixli “Adın, ata adının, soyadın dəyişdirilməsi haqqında” akt qeydinə əsasən xx.xx.2018-ci il tarixli, AZ-İ seriyalı, 021482 nömrəli yeni doğum haqqında şəhadətnamə verilmişdir. İşdə olan iddiaçıya məxsus Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçının soyadı “Qurbanova” qeyd edilmişdir. Beləliklə, işin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı soyadını “Ələsgərova”dan “Qurbanova”ya dəyişmiş, hazırda soyadının dəyişməsinə əsas olan halın aradan qalxdığını-yəni faktiki nikahda olduğu şəxsin soyadının övladına verilməsi ilə bağlı şəhadətnamənin ləğv edildiyini əsas gətirərək yenidən “Ələsgərova” soyadına qayıtmağı mübahisələndirir. Ailə Məcəlləsinin 30.1-ci maddəsinə əsasən ər-arvad öz arzuları ilə onlardan birinin soyadını özləri üçün ümumi soyad seçə, yaxud onlardan hər biri nikahdan əvvəlki soyadını saxlaya və ya öz ərinin (arvadının) soyadını öz soyadı ilə birləşdirə bilər. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən nikah pozulduqda ər (arvad) ümumi soyadlarını saxlamaq və ya nikahdan əvvəlki soyadını bərpa etmək hüququna malikdir. Həmin Məcəllənin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 79 saylı xx.xx.2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydalarının: - 6.3-cü bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. - 6.24-6.28-ci bəndlərinə əsasən ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. Atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. Valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. Valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. Göründüyü kimi ər-arvadın nikahdan əvvəlki soyadına qayıtması soyadın dəyişməsinə əsas verən ilkin haldır. Soyadın dəyişdirilməsinə növbəti dəfə yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları”nın 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. İşdən görünür ki, iddiaçı soyadını xx.xx.2018-ci il tarixdə artıq bir dəfə dəyişdirmiş, buna dair qeydiyyat orqanı tərəfindən soyadın dəyişdirilməsi haqqında aktın qeydi aparılmışdır. Hazırki halda onun əvvəlki soyadına dəyişməsi üçün hüquqi əsas mövcud deyildir. Belə ki, iddiaçı soyadını götürdüyü şəxslə rəsmi nikahda deyil, faktiki nikahda olmuşdur. Yuxarıda sadalanan qanunvericilik isə yalnız rəsmi nikaha daxil olmuş şəxsin nikahın pozulduğu halda əvvəlki soyadına qayıtmasını nəzərdə tutumuşdur. Digər tərəfdən soyadın növbəti dəfə dəyişməsinə əsas verən yuxarıda adı çəkilən Qaydalarla müəyyən edilən hər hansı hal müəyyən edilməmişdir. “İnzibati icraat haqqında” qanunun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1001/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2020-ci tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Ülvi Mayılov Hakim: Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar