Məhkəmə qərarları › İş №2-1(103)-1342/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1342/2023

06.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1342/2023 06.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X3 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X2 ibarət tərkibdə, Ləman Ceyhun qızı Şükürovanın katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8197/2022 saylı 14 oktyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 06 sentyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1957-ci il təvəllüdlüdür. İddiaçı ona pensiya təyin edilməsi ilə bağlı cavabdeh inzbati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən tələbinin təmin edilməsindən imtina edilmişdir. Belə ki, DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış 03 mart 2022-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, o, xx.xx.2006-cı il tarixinədək tələb olunan 25 il iş stajına və 2018-ci ilin 1 iyul tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına malik olmadığından ona hüququnun yarandığı 26 avqust 2019-cu il tarixindən yaşa görə sosial müavinət təyin edilmişdir. Həmin imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “1836,43 manat məbləğində çatışmayan kapital ödəməklə xx.xx.2018-ci il tarixdən əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, onun 2017-ci ildə 60 yaşı tamam olmuşdur. İddiaçı əmək pensiyası təyin edilməsi üçün Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsinə müraciət etmişdir. Lakin ona altı aydan sonra müraciət etməsi bildirilmişdir. 2018-ci ilin fevral ayında pensiya təyinatı üçün ərizə ilə müraciət etmiş, müraciətinə cavab olaraq ona pensiya almaq üçün kifayət qədər iş stajı olmadığı bildirilmişdir. Lakin ona məlumat verilməmişdir ki, pensiya kapitalını tamamlamaqla minimum pensiya ala bilər. O bu barədə məhkəmədə məlumat almışdır. Cavabdehin etirazları: Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə görə, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırlır. Maddənin mətnindən aydın olur ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 2 əsas eyni anda mövcud olmalıdır: 1) Vətəndaşın yaşı bu qanunda göstərilən yaş həddinə çatmalıdır; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir, yaxud azı 25 il sığorta stajı olmalıdır. İddiaçı vəziyyətində isə, birinci əsasla bağlı qeyd olunmalıdır ki, o, qanunla müəyyən edilmiş yaş həddinə çatmışdır. İkinci əsasla bağlı qeyd olunmalıdır ki, iddiaçı təqdim etdiyi xx.xx.1977-ci il tarixində tərtib edilmiş ******* №-li əmək kitabçasına əsasən aşağıdakı dövrlərdə işləmişdir: xx.xx.1976-cı il tarixindən xx.xx.1977-ci il tarixə qədər “Bazaobuvtorq” müəssisəsində satıcı köməkçisi vəzifəsində işlədiyi; xx.xx.1977-ci il tarixindən xx.xx.1978-ci il tarixə qədər “AZON” Zavodunda qaynaqçı vəzifəsində işlədiyi; xx.xx.1978-ci il tarixindən xx.xx.1979-cu il tarixə qədər Azərbaycan SSR-nin “Karcar cəmiyyəti”ndə katibə-maşinist vəzifəsində işlədiyi; xx.xx.1979-cu il tarixindən xx.xx.1979- cu il tarixə qədər 1 saylı stomatoloji Poliklinikada katibə-maşinist vəzifəsində işlədiyi; xx.xx.1980-ci ildən xx.xx.1981-ci ilədək təhsil aldığı- 751081 №-li diploma əsasən; xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci il tarixə qədər Bakı Beynəlxalq Telefon stansiyasında maliyyə-plan qrupunda telefonist vəzifəsində işlədiyi; xx.xx.1983-cü il tarixdən xx.xx.1983-cü il tarixə qədər Azərbaycan SSR-nin Dövlət Televiziyası və Radioyayım İdarəsində kinoyayım üzrə maşinist vəzifəsində işlədiyi; xx.xx.1984-cü il tarixdən xx.xx.1990-cı il tarixə qədər Azərbaycan Dövlət Filarmoniyasında dövlət xor konellasında xor salisti vəzifəsində işlədiyi; xx.xx.1990-cı il tarixdən xx.xx.1994cü il tarixə qədər Azərbaycan SSR-nin Dövlət Televiziyası və Radioyayım İdarəsində xorun artisti vəzifəsində işlədiyi illər; xx.xx.1994-cü il tarixdən xx.xx.2001-ci ilədək işlədiyi illər. İddiaçının işlədiyini iddia etdiyi illərin cəmi 21 il 2 ay 29 gündür. Beləliklə, iddiaçının ona yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan staj müddəti (25 il) qarşılanmır. Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X1 altsisteminə əsasən, iddiaçının xx.xx.2006-cı il tarixindən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçı xx.xx.2018-ci il tarixində pensiya yaşına çatmışdır. İddiaçının xx.xx.2006-cı il tarixinədək ümumi iş stajına əsasən pensiya sığorta kapitalı xx.xx.2018-ci il tarixinə indeksləşdirilməklə 14906,45 manat, xx.xx.2022-ci il tarixinədək indeksləşdirilməklə 17279,01 manat təşkil edir. İddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması üçün xx.xx.2018-ci il tarixə qanunvericiliklə tələb olunan minimum pensiya sığorta kapitalı 16704 manatdır (116x144)=16704. Yaşa görə əmək pensiyasının təyin olunması üçün xx.xx.2022-ci il tarixindən tələb olunan minimum pensiya kapitalı 34560 manatdır (240x144)=24560). “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə şəxsin yaşa görə müavinət almaq hüququ vardır. İddiaçıya xx.xx.2019-cu il tarixdən yaşa görə sosial müavinət təyin edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8197/2022 saylı 14 oktyabr 2022-ci il tarixli qərarı ilə iddia qismən təmin edilərək, İddiaçı tərəfindən sığortaolunanlar üzrə xüsusi hesaba 1836,43 manat ödənilməklə, əlavə vəsaitin ödənildiyi gündən İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi, qeyd edilən əlavə vəsaitin sığortaolunanlar üzrə xüsusi hesaba ödənilmədiyi halda əmək pensiyasının təyinatının aparılmaması və iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmə qərarında iddia tələbinə münasibətdə 2 hala (əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına əsas verən məbləğ hansı dövr üzrə əsas götürülməlidir (iddiaçının pensiya yaşına çatdığı xx.xx.2018- ci il tarixdə yoxsa hazırda tələb olunan pensiya kapitalı) və əlavə vəsait ödənildiyi halda hansı tarixdən (iddiaçının pensiya yaşına çatdığı xx.xx.2018-ci il tarixdən yoxsa əlavə vəsaitin ödənildiyi tarixdən pensiya təyin edilməsi) hüquqi qiymət verilməsinin zəruriliyi qeyd olunmuşdur. Məhkəmə hesab etmişdir ki, birinci məsələ ilə bağlı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına əsas verən məbləğ hesablanarkən iddiaçının pensiya yaşına çatdığı xx.xx.2018-ci il tarixə tələb olunan pensiya kapitalı əsas götürülməli, ikinci məsələ ilə əlaqədar, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalını əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına əsas verən məbləğə çatdırarsa, ona həmin gündən yaşa görə əmək pensiyası təyin edilməlidir. Əks yanaşma, yəni xx.xx.2018-ci il tarixdən pensiyanın təyin edilməsi həm sosial ədalət prinsipinə, həm də qanunvericiliyin tələbinə uyğun deyildir. Hesab edilir ki, məhkəmə tərəfindən birinci məsələ ilə əlaqədar qanunverciliyin normaları işin faktiki hallarına münasibətdə düzgün tətbiq edilməmişdir. Belə ki, iddiaçının pensiya yaşına çatdığı vaxt qüvvədə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra mətndə - “Qaydalar”) 4.1.3-cü bəndinə əsasən, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş ’’Sığortaolunanlar üzrə xüsusi hesaba əlavə vəsaitlərin ödənilməsi Qaydası’na əsasən istənilən şəxs üzrə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalını əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına əsas verən məbləğə çatdırılmaqla və ya fərdi hesabın sığorta hissəsinə azı əmək pensiyasının minimum məbləğinə təminat verən məbləğdə əlavə vəsait ödənilməklə pensiya hüququ əldə edilə bilər. Əgər bu şəxs ’’Sığortaolunanlar üzrə xüsusi hesaba əlavə vəsaitlərin ödənilməsi” Qaydasına əsasən fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalını əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına əsas verən məbləğə çatdırarsa, onun həmin gündən yaşa görə əmək pensiyası hüququ yaranır. Yuxarıda istinad olunan Qaydaların müvafiq bəndindən göründüyü kimi, iddiaçının pensiya hüququ onun çatışmayan pensiya kapitalını tamamladığı andan etibarən yaranmış olur. Həmçinin, nəzərə almaq lazımdır ki, iddiaçının çatışmayan pensiya kapitalı tamamlandığı dövrdə qüvvədə olan qanunvericiliklə müəyyən olunmuş əmək pensiyasının minimum məbləği əsas götürülür. Belə ki, iddiaçı çatışmayan pensiya kapitalını 2018-ci il üçün tələb olunan pensiya kapitalına münasibətdə ödəməklə onun 2022-ci il üçün pensiya hüququ yarana bilməz. “Əmək pensiyaları haqqında” Qanunun 6- 1-ci maddəsinə görə əmək pensiyasının minimum məbləği 2022-ci il yanvarın 1-dən 240 manat məbləğində müəyyən olunmuşdur. Qeyd olunmalıdır ki, iddiaçının əmək pensiyası hüququnun 2022-ci il tarixdən yaranması üçün onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının minimum məbləği 34560 manat (240x144) olmalıdır. İşin faktiki hallarından müəyyən olunduğu kimi, iddiaçının pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 21 il 2 ay 29 gün ümumi iş stajına uyğun olaraq xx.xx.2022-ci il tarixədək indeksləşdirilməklə 17279,01 manat təşkil edir. Qeyd etməyi zəruri hesab edirik ki, xüsusi hesaba ödənilmiş vəsait fərdi hesabda qeydə alındığı üçün ödənilmiş vəsaitin 90 faizi pensiya sığorta kapitalının üzərinə əlavə olunur. Beləliklə, iddiaçı tərəfindən xüsusi hesaba ödənilməli vəsaitin məbləği 19205 manat (34560-17279 = 17281 manat, 172381:90*100 = 19205 manat) təşkil edir. Əlavə olaraq bildiririk ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunun 7.0.2-ci madddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə şəsin yaşa görə müavinət almaq hüququ vardır. İddiaçıya xx.xx.2019-cu il tarixdən yaşa görə sosial müavinət təyin edilmişdir. Ümumilikdə, yuxarıda qeyd edilən qanunvericilik normaları və işin faktiki halları nəzərə alınmaqla qeyd edilməlidir ki, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2022-ci il tarixdir. Həmin imtina məktubunun iddiaçı tərəfindən alınması iş materialları ilə müəyyən olunmur. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, iddiaçı xx.xx.1957-ci il təvəllüdlüdür, 60,5 yaşı tamam olduğuna görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin cavabdeh inzibati orqan onun iş stajının yetərli olmaması və 2018-ci ilin 1 iyul tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına malik olmaması səbəbindən müraciətinin təmin edilməsindən imtina edilmişdir. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia verərək, “1836,43 manat məbləğində çatışmayan kapital ödəməklə xx.xx.2018-ci il tarixdən əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının iddiası qismən təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. İddiaçı xx.xx.1957-ci il təvəllüdlüdür. Onun 60 yaşı xx.xx.2017-ci il tarixdə tamam olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə görə iddiaçıya yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının 60 yaşı tamam olması, 2) İddiaçının 25 il ümumi iş stajının mövcud olması və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı. “Əmək pensiyaları haqqında” Azərbaycan Republikası Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İddiaçının ümumi iş stajının 21 il 2 ay 29 gün olması işin mübahisəsiz halıdır. İddiaçının ümumi iş stajı tələb olunan 25 ildən az təşkil etdiyindən, iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan iki şərtdən biri- 25 ildən az olmayan ümumi sığorta stajı tələbi ödənilmir. Qeyd olunmalıdır ki, ikinci şərt- pensiya kapitalı ilə bağlı qeyd olunur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması, bir növünün başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının təsdiq edilməsi barədə 17 saylı Qərara əsasən yaşa görə pensiyanın təyin edilməsi üçün ilk növbədə müraciət edən şəxsin pensiya kapitalı hesablanır. DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 23 avqust 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı təqdim etdiyi xx.xx.1977-ci il tarixində tərtib edilmiş ******* nömrəli əmək kitabçasının surətinə əsasən xx.xx.1976-cı il tarixindən xx.xx.1977-ci il tarixinədək, xx.xx.1977-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək, xx.xx.1978-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək, xx.xx.1979-cu il tarixindən xx.xx.1979-cu il tarixinədək, xx.xx.1981-ci il tarixindən xx.xx.1981-ci il tarixinədək, xx.xx.1983-cü il tarixindən xx.xx.1983-cü il tarixinədək, xx.xx.1984-cü il tarixindən xx.xx.1990-cı il tarixinədək, xx.xx.1990-cı il tarixindən xx.xx.1994-cü il tarixinədək, xx.xx.1994-cü il tarixindən xx.xx.2001-ci il tarixinədək əmək fəaliyyəti dövrləri, 751081 nömrəli diploma əsasən xx.xx.1980-ci il tarixindən xx.xx.1981-ci il tarixinədək təhsil dövrləri nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək ümumi iş stajı 21 il 2 ay 29 gün təşkil edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X1 altsisteminə əsasən iddiaçının xx.xx.2006-cı il tarixindən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçı xx.xx.2018-ci il tarixində pensiya yaşına çatmışdır. İddiaçının xx.xx.2006-cı il tarixinədək ümumi iş stajına əsasən pensiya sığorta kapitalı xx.xx.2018-ci il tarixinə indeksləşdirilməklə 14906,45 manat, xx.xx.2022-ci il tarixinədək indeksləşdirilməklə 17279,01 manat təşkil edir. İddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması üçün xx.xx.2018-ci il tarixə qanunvericiliklə tələb olunan minimum pensiya sığorta kapitalı 16704 manatdır (116x144=16704). Yaşa görə əmək pensiyasının təyin olunması üçün xx.xx.2022-ci il tarixindən tələb olunan minimum pensiya kapitalı 34560 manatdır (240x144=24560). İddiaçı pensiya yaşına çatdığı vaxt qüvvədə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra mətndə - “Qaydalar”) 4.1.3-cü bəndinə əsasən..... Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş ”Sığortaolunanlar üzrə xüsusi hesaba əlavə vəsaitlərin ödənilməsi Qaydası”na əsasən istənilən şəxs üzrə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalını əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına əsas verən məbləğə çatdırılmaqla və ya fərdi hesabın sığorta hissəsinə azı əmək pensiyasının minimum məbləğinə təminat verən məbləğdə əlavə vəsait ödənilməklə pensiya hüququ əldə edilə bilər. Əgər bu şəxs ”Sığortaolunanlar üzrə xüsusi hesaba əlavə vəsaitlərin ödənilməsi” Qaydasına əsasən fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalını əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına əsas verən məbləğə çatdırarsa, onun həmin gündən yaşa görə əmək pensiyası hüququ yaranır. Hazırki işdə birinci instansiya məhkəməsi sadalanan normaların tələbinə uyğun olaraq iddiaçının qanunla tələb olunan pensiya kapitalının tamamlanması məqsədilə çatmayan hissənin 1836,43 manat olduğunu nəzərə alaraq hesab etmişdir ki, iddiaçı tərəfindən həmin məbləğin sığortaolunanlar üzrə xüsusi hesaba ödənilməsi şərtilə ona əlavə vəsaitin ödənildiyi gündən yaşa görə əmək pensiyasının təyin edilməsi mümkündür. Bu baxımdan birinci instansiya məhkəməsi qeyd olunan çatışmayan kapitalın iddiaçı tərəfindən tamamlandığı gündən iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsini cavabdehin üzərinə qoymuş, əlavə olaraq qərarın nəticəvi hissəsində göstərmişdir ki, qeyd edilən əlavə vəsait sığortaolunanlar üzrə xüsusi hesaba ödənilmədiyi halda əmək pensiyasının təyinatı aparılmasın. Bu barədə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, əvvəla birinci instansiya məhkəməsinin qərarının nəticəvi hissəsində göstərildiyi kimi, iddianın müəyyən şərtə əməl ediləcəyi təqdirdə təmin edilməsi prosessual qanunvericiliyin tələblərinə ziddir. Belə ki, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 6.8-ci bəndinə görə qətnamənin nəticə hissəsi imperativ formada yazılmalı, baxılan iş üzrə tərəflərin hüquq və vəzifələrini dəqiq müəyyən etməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərarının nəticəvi hissəsində iddianın müəyyən şərtə əməl ediləcəyi təqdirdə təmin edilməsinin göstərilməsi dəqiq olmayıb, qeyri-müəyyənlik yaratmaqla yanaşı, həm də məhkəmə aktını gələcəkdə icrasız akta dönüşdürür ki, bu da “məhkəmə qərarı” barədə prosessual qanunvericiliyin tələblərinin pozulması kimi qiymətləndirilir. Digər tərəfdən, işin apellyasiya baxışı zamanı iddiaçıya pensiya kapitalının tamamlanması üçün tələb olunan məbləğin onun tərəfindən ödənilməsi ilə bağlı vaxt verilmiş, lakin iddiaçı tərəfindən sığortaolunanlar üzrə xüsusi hesaba müvafiq vəsaitin ödənilməsi istiqamətində hər hansı hərəkət edilməmiş və bu barədə hər hansı sübut da məhkəməyə təqdim edilməmişdir. Belə olan halda hazırki vəziyyətdə iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi üçün bu hal ona yaşa görə əmək pensiyasının təyin olunmasını mümkünsüz edir. Bir daha qeyd olunur ki, yuxarıda da göstərlidiyi kimi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.3-cü bəndinin tələbinə görə, ”Sığortaolunanlar üzrə xüsusi hesaba əlavə vəsaitlərin ödənilməsi Qaydası”na əsasən iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalını əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına əsas verən məbləğə çatdırmaq və ya fərdi hesabın sığorta hissəsinə azı əmək pensiyasının minimum məbləğinə təminat verən məbləğdə əlavə vəsait ödəməklə pensiya hüququ əldə edə bilərdi. Lakin işdən göründüyü kimi, iddiaçı Qaydalara əsasən fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalını əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına əsas verən məbləğə çatdırmaq üçün lazım olan hərəkətləri etmədiyi üçün (tələb olunan çatışmayan kapitalı tamamlamadığı üçün) ona yaşa görə əmək pensiyasının təyin olunması mümkün deyildir. Beləliklə, apelyasiya baxışı zamanı aparılan araşdırmalar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən maddi hüquq normalarını işin hallarına düzgün tətbiq etmədiyi üçün cavabdeh apellyasiya instansiyası qaydasında həmin qərarı mübahisələndirməkdə haqlı olmuşdur. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8197/2022 saylı 14 oktyabr 2022-ci il tarixli ləğv edilməli və iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8197/2022 saylı 14 oktyabr 2022-ci il tarixli qərarı ləğv edilsin. İddia təmin olunmasın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar