Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1343/2021 05.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı “52000 ABŞ dolları məbləğində kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Namiq Şamil oğlu Cəfərovdan və Elşən Cələddin oğlu Kazımovdan ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçının nümayənəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı “52000 ABŞ dolları məbləğində kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1392/2021 saylı 02 fevral 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 05 may 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Mərkəzi Bankından vurduğu ziyana görə 52000 ABŞ dolları məbləğində kompensasiyanın İddiaçı MMC-yə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ləğv prosesində olan “xxxx” ASC-nin müştərisidir. 24 aprel 2020-ci il tarixdə iddiaçı banka 52000 ABŞ dolları məbləğində vəsaitin kontragentinə köçürülməsi barədə ödəniş tapşırığı təqdim etmişdir. İddiaçının hesabından çıxarışdan görünür ki, vəsait iddiaçının hesabından silinib, lakin köçürülməyib. Halbuki, Bankın müvafiq vəsaiti mövcuddur. 27 aprel 2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Banka müvəqqəti inzibatçı təyin olunub və məhz müvəqqəti inzibatçı 27 aprel 2020-ci il tarixdə iddiaçının vəsaitinin köçürülməsinə qanunsuz olaraq imkan verməyib. Halbuki, məhkəmənin qərarı ilə müvafiq moratorium yalnız 28 aprel 2020-ci il tarixdən tətbiq edilib. 12 may 2020-ci il tarixdə cavabdeh tərəfindən bankın lisenziyası ləğv edilmiş, sonradan isə məhkəmənin qərarı ilə o, müflis elan olunmuşdur. Nəticədə mülki köçürmənin icrası mümkünsüz olmuş, ümumiyyətlə iddiaçı faktiki olaraq vəsaitindən məhrum olunmuşdur. Beləliklə də, müvəqqəti inzibatçının hərəkəti/hərəkətsizliyi nəticəsində iddiaçıya köçürülməmiş məbləğ həcmində (52000 ABŞ dolları) zərər dəymişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1392/2021 saylı 02 fevral 2021-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1392/2021 saylı 02 fevral 2021-ci il tarixli qərardadının ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmə yanlış nəticəyə gəlmişdir. MMC tərəfindən ƏSF-na qarşı kreditor tələb ilə məhkəməyə müraciət etmək hüququ olmasa da, pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət etmək hüququ vardır. Məhkəmə iddiaçının boynuna qoymaq istəyir ki, guya o, LPO banka qarşı olan pul tələbini cavabdehə qarşı yönəldib. Bank hələ nəinki müflis elan olunmazdan əvvəl ümumiyyətlə pul köçürmələrinin hayata keçirilməsinə moratorim barədə məhkəmə aktı mövcud olmayan gündə MMC-nin ödəniş tapşırığı icra olunmamışdır. Bu məhz cavabdehin təşəbbüsü (qərarı) ilə baş vermişdir. Sonradan da məhz cavabdehin təqdimatı ilə pul köçürmələrinə moratorium tətbiq edilmiş, daha sonra isə Bankın lisenziyası ləğv edilmiş və o, müflis elan olunmuşdur. Cavabdeh inzibati səlahiyyətlərindən sui istifadə edərək MMC-nin bank əməliyyatına qanunsuz mane olmuşdur. Eyni gündə cavabdeh Bankda digər əməliyyatların icrasına şərait yaratmışdır. Tərəflərin izahatları İddiaçının nümayənəsi və vəkili Vəkil iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, 24 apreldə ödəniş tapşırıgının verildiyini, həmin tapşırığın ertəsi gündən gec olmayaraq icra edilməli olduğunu, 27 aprel tarixində Mərkəzi Bankın müvəqqəti inzibatçı təyin etdiyini, şirkətin ödənişinin köçürülməsinə imkan vermədiyini, pul vəsaitinin silindiyini, 27 aprel tarixində pulun köçürülməsinə qanuni olaraq məhdudiyyətin qoyulmadığını, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə 28 aprel tarixindən məhdudiyyətlərin qoyulduğunu, Müflisləşmə və iflas haqqında Qanuna istinad edildiyini, lakin həmin Qanunun Banklara şamil oluna bilmədiyini, həmin gündə kassada vəsait olduğunu, ödənişlərin də köçürüldüyünü, müxbur hesablarla bağlı çıxarışların Mərkəzi Bankda olduğunu, həmin gün MMC-yə ödənişlərin olduğunu, lakin bank tərəfindən heç bir ödənişlərin olmadığının bildirildiyini, qeyri-rəsmi məlumatlara görə bank tərəfindən həmin gün digər növ əməliyyatların aparıldığını, 12 may 2020-ci il tarixə qədər bankın mövcud olduğunu, 28 aprel tarixində Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə moratoriumun tətbiq edildiyini, ancaq 27 apreldə heç bir məhdudiyyət olmadığını bildirmişdir. Bununla bağlı iddiaçının nümayənəsi və vəkili apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək izahatında müvəqqəti inzibatçının əsas işinin banka daxil olduqdan sonra bankın aktiv və passivlərinin dəyərləndirmək olduğunu, moratorium tətbiq edilməli olması qənaətinə gəldikdə Bank tərəfindən məhkəməyə müraciət edildiyini, 28 apreldə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə müvəqqəti inzibatçılıq dövründə əməliyyatlara moratorium tətbiq edildiyini, Mərkəzi Bank tərəfindən iddiaçının hər hansı hüquqlarının pozulmasına yol verilmədiyini bildirmişdi. Bununla bağlı cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış 3-cü şəxs “xxxx” ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondu məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə 3-cü şəxs “xxxx” ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. 21.04.2021-ci il tarixdə keçiriliş məhkəmə iclasında iştirak etmiş 3-cü şəxs “xxxx” ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X4 apellyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki işdə İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı tələbi “cavabdehin vurduğu ziyana görə 52000 ABŞ dolları məbləğində kompensasiyanın ona ödənilməsi” barədədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçı tərəfindən hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtlərinin ödənilməməsinə əsaslanaraq iddianın mümkün sayılmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianı qeyrimümkün saymaqla bağlı gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. İş materiallarından müəyyən olunur ki, iddiaçı müştərisi olduğu “xxxx” ASC-yə müvəqqəti inzibatçı təyin olunmazdan əvvəl, yəni 24.04.2020-ci il tarixdə 52000 ABŞ dollarının kontragentinə köçürülməsi məqsədilə müraciət etdiyi halda, həmin ödənişin təyinat nöqtəsinə çatdırılmamasına, belə ki, həmin dövrdə Mərkəzi Bank tərəfindən banka müvəqqəti inzibatçı təyin olunsa da, Mərkəzi Bankın həmin vəsaitin kontragentə köçürülməsi ilə bağlı razılıq verməməsi və bu barədə hərəkətsizlik göstərməsi nəticəsində ona ziyan vurulduğuna istinad edərək həmin məbləğin (52000 ABŞ dollarının) kompensasiya şəklində ona ödənilməsini tələb edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Qeyd olunan normanın məzmununa görə, qanunvericilik şəxsin inzibati orqandan kompensasiya tələb etmək hüququnu inzibati orqan tərəfindən şəxsin hüquqlarının pozulması nəticəsində ona ziyan vurması ilə şərtləndirir. Başqa sözlə, iddiaçı inzibati orqandan kompensasiya tələb etmək üçün inzibati orqan tərəfindən hüquqlarının pozulması nəticəsində ona ziyan vurulmasını sübuta yetirməlidir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddianın mümkünlüyü iddiaçıya ziyan vurulmasını iddia etdiyi hərəkət və ya hərəkətsizliyə məhz Mərkəzi Bank tərəfindən yol verilməsi baxımından yoxlanılmalı və bundan sonra onun kompensasiya tələbinin mümkünlüyünə hüquqi qiymət verilməlidir. Hazırki işdən müəyyən olunur ki, iddiaçı 24.04.2020-ci ildə “xxxx” ASC-yə 52000 ABŞ dolları məbləğində vəsaitin kontragentinə köçürülməsi ilə bağlı ödəniş tapşırığı vermişdir. Lakin “xxxx” ASC-də 04 mart- 22.04.2020-ci il tarixində aparılmış yoxlamanın nəticələri və bank üzrə kənar audit hesabatları nəzərə alınaraq “Banklar haqqında” Qanunun 57-ci maddəsinə əsasən X9 Heyətinin 27.04.2020-ci il tarixli 20 nömrəli qərarı ilə “xxxx” ASC-yə müvəqqəti inzibatçı təyin edilmişdir. “Banklar haqqında” Qanunun 63.1-ci maddəsinə əsasən bankın kreditorları bu Qanunun 61.1.3-cü maddəsinə uyğun olaraq, bank barəsində iflas proseduruna başlanılmasına dair vəsatəti maliyyə bazarlarına nəzarət orqanına verildikdən sonra maliyyə bazarlarına nəzarət orqanı bu Qanunun 57-ci maddəsinə müvafiq surətdə banka müvəqqəti inzibatçı təyin edir. Müvəqqəti inzibatçı bu Qanunun 57-2-ci maddəsinə uyğun olaraq bankın idarəçiliyini dərhal üzərinə götürür. “Müflisləşmə və iflas haqqında” Qanunun 1-ci maddəsinə görə müvəqqəti əmlak inzibatçısı- borclunun ödəmə qabiliyyətsizliyi halında təyin edilən, bu Qanunun Vİ fəslində səciyyələndirilmiş vəzifəli şəxsdir. Həmin Qanunun 33-cü maddəsinə görə müvəqqəti əmlak inzibatçısı təyin edildikdə borclunun müdirinin səlahiyyətləri qüvvədən düşür. Müvəqqəti əmlak inzibatçısını təyin edənin müvafiq qərarında başqa qayda nəzərdə tutulmadıqda o, əmlak inzibatçısına məxsus olan eyni səlahiyyətlərə malikdir. Borclunun müdiri müvəqqəti əmlak inzibatçısı ilə əməkdaşlıq etməli və borclunun bina və otaqlarına daxil olması, aktivləri, bank hesabları və sənədləri ilə işləməsi üçün hər cür şərait yaratmalıdır. Borclu qarşısında hər hansı öhdəlikləri olan bütün şəxslər (o cümlədən auditorlar və kredit təşkilatları) eyni öhdəlikləri müvəqqəti əmlak inzibatçısı qarşısında da daşıyırlar. Müvəqqəti əmlak inzibatçısı borclunun tam və ya qismən təftişinin keçirilməsi barədə göstəriş verə bilər. Müvəqqəti əmlak inzibatçısı əldə etdiyi kommersiya məlumatının məxfiliyini qorumalı və bu məlumatdan yalnız öz səlahiyyətlərinin həyata keçirilməsi məqsədi ilə istifadə etməlidir. Müvəqqəti əmlak inzibatçısı zəruri hallarda borclunun müdirinin borclunun binasına daxil olmaması barədə sərəncam verə bilər. Müvəqqəti əmlak inzibatçısının səlahiyyətlərinin həyata keçirilməsinə mane olan şəxslər bu Qanunda nəzərdə tutulmuş əsaslarla müvafiq məsuliyyətə cəlb edilə bilərlər. Müvəqqəti əmlak inzibatçısının səlahiyyət müddəti ərzində borcluya və ya onun əmlakına dair iddialar məhkəmədə qanunvericilikdə müəyyən edilmiş qaydada baxıla bilər. Müvəqqəti əmlak inzibatçısı təyin edildikdə o, borclunun maliyyə vəziyyətinin ilkin təhlilini aparır. Bu məqsədlə, habelə borclunun əmlakının mühafizəsi məqsədi ilə müvəqqəti əmlak inzibatçısı borclunun müdirindən (sabiq müdirindən), yaxud borclunun təsərrüfat fəaliyyətinə aid məlumatlara və ya sənədlərə malik ola bilən hər hansı şəxsdən müvafiq məlumatları və ya sənədləri ala bilər. Müvəqqəti əmlak inzibatçısı öz səlahiyyətləri və onların həyata keçirilməsi qaydası barəsində göstərişlər almaq üçün istənilən vaxt məhkəməyə müraciət edə bilər. “Banklar haqqında” Qanunun 71.1-ci maddəsinə əsasən məhkəmə bankın müflis elan olunmasına dair qərarı ilə Fondu ləğvedici təyin edir. Fond ləğvedici funksiyalarını müqavilə əsasında hüquqi və ya fiziki şəxslərə həvalə edə bilər. Fond, daha az məsrəflə, bütün kreditorların hüquq və qanuni mənafelərini nəzərə almaqla bankın ləğvi üçün bilavasitə məsuliyyət daşıyır və ləğvedici funksiyalarının başqa şəxslərə həvalə edilməsi Fondu bu məsuliyyətdən azad etmir. Fond tərəfindən ləğvedici qismində cəlb ediləcək hüquqi və fiziki şəxslərin xidmət və ya əmək haqlarının məbləği maliyyə bazarlarına nəzarət orqanı ilə razılaşdırmaqla müəyyən edilir. Bankın ləğv edilməsi ilə bağlı xərclər smetası hər üç aydan bir Fondun təqdimatına əsasən maliyyə bazarlarına nəzarət orqanı tərəfindən təsdiq olunur. Fondun müqavilə əsasında cəlb etdiyi ləğvedici bu Qanunla nəzərdə tutulmuş vətəndaş qüsursuzluğu tələblərinə cavab verməlidir. Məcburi ləğv edilən banka aidiyyəti olan şəxslər, səhmdarlar, habelə bankın kreditorları və borcluları ləğvedici qismində cəlb edilə bilməzlər. Bu kimi halların mövcudluğu ləğvedici təyin olunduqdan sonra aşkar olunarsa, onların fəaliyyətinə Fondun qərarı ilə xitam verilir və banka yeni ləğvedici təyin edilir. Həmin Qanunun 71-1.1-ci maddəsinə əsasən maliyyə bazarlarına nəzarət orqanı ləğvedici üzərində fəaliyyətinin bütün müddəti ərzində nəzarəti həyata keçirir. “Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 noyabr 2019-cu il Sərəncamının 1-ci maddəsinə görə Azərbaycan Respublikasının Maliyyə X1 ləğv edilməsi və Azərbaycan Respublikasının qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları, habelə əmlakı Azərbaycan Respublikasının Mərkəzi Bankına verilməsi qərara alınmışdır. Şərh olunan qanunvericiliyin normalarına görə müvəqqəti əmlak inzibatçısı ödəmə qabiliyyətsizliyi olan borclu üzərində “Müflisləşmə və iflas haqqında” Qanunun 33-cü maddəsində səciyyələndirilmiş vəzifələri icra edir. Qüvvədə olan qanunvericiliyə görə müflis elan olunmuş bankın ləğvedicisi olaraq Əmanətlərin Sığortalanması Fondu təyin olunur və bankın ləğvi üçün bilavasitə Fond məsuliyyət daşıyır. Lakin, ləğvedici üzərində nəzarət funksiyası Azərbaycan Respublikası Mərkəzi Bankının fəaliyyətinə aid edilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən “xxxx” ASC üzərində müvəqqəti inzibatçı təyin olunduqdan sonra həmin dövrdə hüquqi və fiziki şəxslərin bankdakı depozitləri və bankın digər öhədlikləri üzrə ödənişlərinə moratorium tətbiq edilməsi barədə 27.04.2020-ci il tarixli ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət olunmuşdur. Belə ki, “Banklar haqqında” Qanunun 57.8-ci maddəsinə əsasən banka müvəqqəti inzibatçı təyin olunduğu dövrdə bankın aktivlərinin və maliyyə vəziyyətinin qiymətləndirilməsi, habelə aktivlərin dəyərinin aşağı düşməsinin qarşısını almaq məqsədi ilə maliyyə bazarlarına nəzarət orqanının ərizəsi ilə məhkəmə hüquqi və fiziki şəxslərin bankdakı depozitləri və bankın digər öhdəlikləri üzrə ödənişləri tamamilə və ya qismən dayandıra (moratorium tətbiq edilə) bilər. Mərkəzi Bankın yuxarıda qeyd olunan müvafiq ərizəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 2-3(103)-126/2020 saylı 28.04.2020-ci il tarixli qərarı ilə Banka müvəqqəti inzibatçı təyin olunduğu dövrdə hüquqi və fiziki şəxslərin bankdakı depozitləri və bankın digər öhdəlikləri üzrə ödənişlərinə moratorium tətbiq edilməsi qərara alınmışdır. Beləliklə, iddiaçı tərəfindən “xxxx” ASC-yə müvafiq ödəniş tapşırığı 24.04.2020-ci il tarixdə verilmiş və Bank tərəfindən hesabdan silinmə aparılsa da, Bank ödəmə qabiliyyətini itirdiyindən faktiki olaraq köçürməni icra edə bilməmişdir. Eyni zamanda 25-26.04.2020-ci il tarixləri təqvimdə şənbə və bazar günlərinə təsadüf etdiyi üçün 27.04.2020-ci il tarixdən isə bankın öhdəlikləri üzrə ödənişlərinə moratorium tətbiq edildiyindən əməliyyat başa çatdırılmamışdır. Sonradan isə Bakı Apellyasiya Məhkəməsinin 2-3(103)-132/2020 saylı 14.05.2020-ci il tarixli qərarı ilə “xxxx” ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu banka ləğvedici təyin edilmişdir. Göründüyü kimi, iddiaçının kontragentinə ödənilməsi üçün köçürdüyü 52000 ABŞ dolları məbləğində vəsaitin ünvan sahibinə ödənilməsi ilə bağlı əməliyyatın məhz Mərkəzi Bankın hansısa təqsirli hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş tutmaması iş üzrə müəyyən olunmur. İddiaçı isə hazırki işə nə birinci, nə də apellyasiya instansiyası qaydasında baxılarkən kontragentinə ödənilməli pul vəsaitinin ödənilməsi ilə bağlı əməliyyatın məhz Mərkəzi Bankın təqsirli hərəkəti və ya hərəkətsizliyi nəticəsində aparılmadığını təsdiq edən sübutları təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırki işdə iddiaçı ödəniş tapşırığı verərək kontragentinə ödənilməsi üçün köçürdüyü pul vəsaitinin kontragentinə köçürülməməsinin Mərkəzi Bankın təqsirli hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verdiyini sübuta yetirə bilmədiyi üçün onun hər hansı hüquqlarının pozulduğu da iş materialları ilə öz təsdiqini tapmır. Belə olan halda iddiaçının onun hüquqlarının cavabdeh tərəfindən pozulduğu və ona iddia etdiyi hərəkətsizlik nəticəsində ziyan vurulması halı sübuta yetirilmədiyi üçün dəymiş ziyana görə müvafiq kompensasiyanı da cavabdeh Mərkəzi Bankdan tələb etməsi əsassızdır. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddiasını qeyri-mümkün saymaqla bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin 02.02.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(82)-1392/2021 saylı 02 fevral 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Namiq Cəfərov Elşən Kazımov
Məhkəmə qərarları › İş №2-1(103)-1343/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1343/2021
05.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver