Məhkəmə qərarları › İş №2-1(103)-1343/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1343/2024

27.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1343/2024 27.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı: İddiaçı Cavabdeh: Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində X20, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X24, Cavabdeh7, X3, Cavabdeh8, Cavabdeh9 Xankişi oğlu, Cavabdeh10 və X12 cəlb olunmaqla) iş üzrə QƏRARİ (Açar sözlər: « fərdi yaşayış evindən qeydiyyatdan çıxarma») Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X10 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, 3-cü şəxs Cavabdeh7 və onun vəkili Vəkil iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2336/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından 3-cü şəxs Cavabdeh7 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 19 aprel 2011-ci il qeydiyyat tarixli MA seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, mülkiyyət hüququ üzrə Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə (11-ci Xrebtovı) küçəsi, 128 saylı evin 1/12 hissəsi İddiaçı, 1/12 hissəsi X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

2. İş materiallarında olan ASAN 3 Xidmət Mərkəzi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında 30 yanvar 2020-ci il tarixli ******* nömrəli arayışdan görünür ki, X20, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X24, Cavabdeh7, X3, Cavabdeh8, Cavabdeh9 Xankişi oğlu, Cavabdeh10 Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə (11-ci Xrebtovı) küçəsi, 128 saylı evdə qeydiyyatdadırlar.

3. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin müvafiq sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış 18 aprel 2023-cü il tarixli məktubunda bildirilir ki, Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, 128 saylı evin 2/12 hissəsi X4, 6/12 hissəsi X13, 2/12 hissəsi X5, 1/12 hissəsi İddiaçı, 1/12 hissəsi X6 adlarına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. X20, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X24, Cavabdeh7, X3, Cavabdeh8, Cavabdeh9 Xankişi oğlu, Cavabdeh10 Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, 128 saylı evə dair istifadə və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması barədə məlumat aşkar edilməmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlər X16, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X19, Cavabdeh7, X1, Cavabdeh8, Cavabdeh9 Xankişi oğluna və Cavabdeh10 qarşı «yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və qeydiyyatdan çıxarılma» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.

5. Məhkəmənin qərardadı ilə inzibati məhkəmə icraatına Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi cavabdeh kimi, X20, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X24, Cavabdeh7, X3, Cavabdeh8, Cavabdeh9 Xankişi oğlu və Cavabdeh10 cavabdeh qismində prosessual iştiraklarına xitam verilməklə üçüncü şəxs kimi cəlb olunmuşlar.

6. Sonradan iddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «X14 və digərlərinin ünvan 2 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmasını, X6 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlbini xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmiş və X8 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə (11-ci Xrebtovı) küçəsi, 128 saylı evin 1/12 hissəsi qanun üzrə vərəsəlik qaydasında İddiaçı verilmişdir və onun evin həmin hissəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlər reyestrində qeydiyyata alınaraq, bu barədə reyestrdən çıxarış verilmişdir. X20 və digərləri naməlum əsaslarla həmin evə qeydiyyata düşmüşlər. Onlar həmin evdə heç vaxt yaşamamışlar və hazırda da yaşamırlar. Həmin şəxslərin istifadə hüquqlarına xitam verilməsi və qeydiyyatdan çıxarıılması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur.

8. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2336/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

9. Qərardan 3-cü şəxs Cavabdeh7 apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2336/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, inzibati iş üzrə qəbul edilmiş qərarda iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş ünvan 2 ünvanında yerləşən fərdi yaşyış evinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* saylı, MA seriyalı çıxarışdan görünür ki, yuxarıda qeyd edilən fərdi yaşyış evi paylı mülkiyyət hüququ əsasında 2/12 hissəsində X2, 6/12 hissəsində X17, 1/12 hissəsində İddiaçı, 1/12 hissəsində X9 və 2/12 hissəsində isə X7 məxsusdur. Məhkəmə iş üzrə iddianı təmin edərkən Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* saylı, MA seriyalı çıxarışda paylı mülkiyyətçiləri müəyyən edərkən həmin evdə qeydiyyatda olan və iddiaçı tərəfindən qeydiyyatdan çıxarılması tələb edilən şəxslərdən həmin paylı mülkiyyətçilərin yaxın qohumluq münasibətində olması faktını kifayət qədər aydınlaşdırmamışdır.Belə ki, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* saylı, MA seriyalı çıxarışda mülkiyyət hüququ ilə 6/12 hissəsində payı olan mərhum X21 onun nikah münasibtlərində olduğum əri olmuşdur.Ermənistan SSRİ, Amasiya rayonunun, X11 257050 saylı, xx.xx.1979 — cu il tarixli nikah şəhadətnaməsinə əsasən X21 ilə o rəsmi ər-arvad münasibətinə daxil olmuşlar. Sözügedən nikah haqqında şəhadətnamədən də görünür ki, onlar məhrum həyat yoldaşı Paşa Cabbarovla nikaha daxil olduqdan sonra o, ərinin soyadına keçmədən öz ata soyadında yəni “Bayramova” olaraq qalmışdır.Onu da qeyd edir ki, həyat yoldaşı Paşa Cabbarova xx.xx.2010 - cu ildə vəfat etmişdir. Mərhum yoldaşı vəfat edənə kimi birgə nikah münasibətində olmaqla ünvan 3 ünvanında yerləşən fərdi yaşyış evində birgə yaşamışlar. Həyat yoldaşının vəfatından sonra həmin ünanda qeydiyyatda olan oğlu və onun ailəsi ilə birlikdə yaşayır.Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti, Yasamal rayon MKTB- nin 32 saylı MKİS-nin xx.xx.2023 -cü il tarixli, 1213 saylı arayışından görünür ki, mən ünvan 2 ünvanında xx.xx.1982 — ci ildən halhazıradək yaşayır.Qeyd edilənlərdən və təqdim edilmiş sübutlardan müəyyən olunur ki, məhkəmə işə baxarkən iş üçün əhəmiyyətli olan bütün halları kifayət qədər araşdırmaması səbəbindən inzibati orqanın üzərinə yaşayış evinin daha çox pay hüququ olan mülkiyyətçi X13 yaxın ailə üzvü (həyat yoldaşı olmağıma baxmayaraq) kimi onu əsassız olaraq ünvan 2 ünvanından qeydiyyatdan çıxarmaq vəzifəsi qoyulmuşdur.Bundan əlavə, hazırda sözügedən mülkiyyət üzərində mərhum həyat yoldaşının sözügedən fərdi yaşayış evində olan paya vərəsəlik qaydasında onun və ailə üzvlərinin gözlənilən mülkiyyət hüququ vardır. Bu hüquq faktiki olaraq vərəsəlik əmlakı olaraq tərəfimizindən qəbul edilsə də hüquqi olaraq rəsmiləşdirilməmişdir.

d)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

e) Proses iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında 3-cü şəxs Cavabdeh7 və onun vəkili apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını xahiş etmişlər.

13. Məhkəmə Kollegiyasının iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə iclasında iştirak etməmişlər.Məhkəmə Kollegiyası İPMin 62.3-cü maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikasının Konstitusiyasının: 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

15. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir.

16. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır.

17. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz. 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin – müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin – müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi, 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: yaşayış yerini dəyişdikdə – yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən başqa ölkədə yaşayış yeri seçdikdə – müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən, ömürlük azadlıqdan məhrum edildikdə –məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında, öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə – ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında, qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.

18. Azərbaycan Respublikası Prezidentinin 518 nömrəli 30 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi haqqında Əsasnamə»nin 3.1.10-cu bəndinə əsasən Daxili İşlər Nazirliyi daxili işlər orqanlarının səlahiyyətinə aid olan işlərin – Azərbaycan Respublikası vətəndaşlığına qəbul, vətəndaşlığa bərpa və vətəndaşlığa xitam verilməsi məsələlərinin həllində iştirak edir, vətəndaşlara pasportların və şəxsiyyət vəsiqələrinin verilməsini, yaşayış və olduğu yer üzrə qeydiyyat işini və bu məsələlərə dair mərkəzləşdirilmiş uçot sistemini təşkil edir.

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 24.1-ci maddəsinə görə fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər.

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi

Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya şikayəti 3-cü şəxs Cavabdeh7 tərəfindən verildiyindən birinci instansiya məhkəməsinin aktı yalnız ona münasibətdə yoxlanılır.

22. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən)

24. Həmçinin, iddia mümkünlük şərtlərinə cavab verir.

25. Məhkəmə kollegiyası işin faktiki hallarına tətbiq edilən hüquq normalarından (Bu qərarın 17 və 19-cu bəndləri) çıxış edərək daha sonra qeyd edir ki, aşağıdakı səbəblərə əsasən apellyasiya şikayəti əsaslıdır, odur ki, təmin edilməlidir.

26. Belə ki, mübahisələndirilən qərarla ünvan 2 ünvanında yerləşən fərdi yaşyış evindən qeydiyyatdan çıxarılması tələb olunan 3-cü şəxs Cavabdeh7 mərhum əri X21 Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* saylı, MA seriyalı çıxarışa əsasən 6/12 hissəsində payı ilə həmin evin mülkiyyətçisi olmuşdur.

27. İş materiallarından görünür ki, Ermənistan SSRİ, Amasiya rayonunun, X11 257050 saylı, xx.xx.1979 — cu il tarixli nikah şəhadətnaməsinə əsasən X21 ilə 3-cü şəxs Cavabdeh7 rəsmi ər-arvad münasibətinə daxil olmuşdur. Paşa Cabbarov xx.xx.2010 - cu ildə vəfat etmişdir.

28. Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti, Yasamal rayon MKTB- nin 32 saylı MKİS-nin xx.xx.2023 -cü il tarixli, 1213 saylı arayışından görünür ki, 3-cü şəxs Cavabdeh7 ünvan 2 ünvanında xx.xx.1982 — ci ildən hal-hazıradək yaşayır.

29. Məhkəmə Kollegiyası vurğulayır ki, 3-cü şəxs Cavabdeh7 fərdi yaşayış evinindən qeydiyyatdan çıxarılması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərinə uyğun sayıla bilməz.

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında göstərilmişdir ki, “yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. Müraciətedənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıbyaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Eyni zamanda nəzərə alınmalıdır ki, sözügedən Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. Bu isə məhkəmə qətnaməsi ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş və ya yaşayış sahəsindən çıxarılmış şəxslərin qeydiyyatdan çıxarılması üçün mülkiyyətçinin yenidən iddia qaldırmasının qarşısını almaqla, prosessual qənaət prinsipinin təmin edilməsinə də xidmət etmiş olur”.

31. Beləliklə, məhkəmə Kollegiyası tətbiq edilmiş hüquq normalarına və işin yuxarıda sadalanan faktiki hallarına istinad edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2336/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı qismən ləğv edilməli və iddia qərarın ləğv olunduğu hissədə rədd olunmalıdır.

32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2336/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı qismən-3-cü şəxs Cavabdeh7 münasibətdə ləğv edilsin. İddia həmin hissədə rədd olunsun. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar