Məhkəmə qərarları › İş №2-1(103)-1343/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1343/2025

15.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1343/2025 15.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, X2 Asəf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Hərbi Prokurorluğuna qarşı “yeni məlumat vərəqəsinin göndərilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5576/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı Azərbaycan Respublikası Hərbi Prokurorluğuna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.1996-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Qarabağ Qarnizonunun Hərbi prokuroru vəzifəsində xidmət etdiyi illərin hərbi qulluqçu kimi hesablanılmaqla, eyni zamanda güzəştli xidmət illərinin təqvim üzrə xidmət illərinə əlavə edilməklə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondü publik hüquqi səxsin Xüsusi Sərtlərlə Təyina üzrə Mərkəzi filialına yeni məlumat vərəqəsinin göndərilməsi vəzifəsinin Azərbaycan Respublikası Hərbi Prokurorluğuna həvalə edilməsi barədə barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, iddiaçı 12 yanvar 1989-cu ildən prokurorluğa əməliyyat işinə qəbul olunmaqla, 12 yanvar 1989-cu ildən 30 iyun 1990-cı ilə kimi Qax rayon prokuroru köməkçisi, 30 iyun 1990-cı ildən 24 noyabr 1992-ci ilə kimi Qobustan rayon prokurorluğunun müstəntiqi, 24 noyabr 1892-ci ildən 20 may 1992-ci ilə kimi Göyçay rayon prokurorluğunun böyük müstəntiqi, 20 may 1992-ci ildən 25 iyun 1996-cı ilə kimi Yevlax rayon prokurorluğunun böyük müstəntiqi vəzifələrində işləmiş, Azərbaycan Respublikası Baş Prokurorunun xx.xx.1996-ci il tarixli əmri ilə Yevlax rayon prokurorluğunun müstəntiqi vəzifəsindən azad olunub Qarabağ Qarnizionunun Hərbi prokuroru vəzifəsinə təyin olunmuşdur. Göstərilən müddətlərdə, Respublika Baş Prokurorunun 31 mart 1992-ci il tarixli 261 saylı əmri ilə ona İİİ dərəcəli hüquqşünas, xx.xx.1994-cü il tarixli 38 saylı əmri ilə İİ dərəcəli hüquqşünas, xx.xx.1996-cı il tarixli əmrlə İİİ dərəcəli hüquqşünas, 24 sentyabr 1999- cu il tarixli əmrlə kiçik ədliyyə müşaviri, 28 dekabr 1995-ci il tarixli əmrlə ədliyyə müşaviri xüsusi rütbəsi verilmişdir. Respublika Baş Prokurorunun xx.xx.2001ci il tarixli 03\580-k saylı əmri ilə səlahiyyət müddətinin qurtarması ilə əlaqədar Qarabağ Qarnizionu hərbi prokuroru vəzifəsindən azad olunmuş, xx.xx.2001-ci ilə kimi sərəncamda, həmin tarixdən Baş prokurorun 03V678-K saylı əmri ilə 31 yanvar 2002-ci il tarixə kimi müvəqqəti olaraq Naxçıvan MR Şərur rayon prokurorunun müavini vəzifəsinin hesabına Respublika Prokurorluğunun ştatında saxlanılmaqla, həmin müddətdə Respublika Prokurorluğunun Milli Təhlükəsizlik Nazirliyi ilə birgə yaratdıqları istintaq qruppunda Milli Təhlükəsizlik nazirliyində cinayət işlərinin istintaqında iştirak etmiş, 31 yanvar 2002-ci il tarixli 09/20 a-k saylı əmrlə sərəncama götürülmüş, Baş prokurorun 03/678-K saylı əmri ilə Ağdaş rayon prokurorluğuna müstəntiq, yanvar 2004-cü il tarixli 09/04-k saylı əmrlə Ağdaş rayon prokurorunun köməkçisi, xx.xx.2005-ci il tarixli 09/24-k saylı əmrlə Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru vəzifəsinə təyin olunmuş, xx.xx.2007-ci il tarixli 11/178-k saylı əmrlə Goranboy prokurorunun müavini vəzifəsinə təyin olunmuş, 11/279-k saylı əmrlə öz arzusu ilə xidmət illərinə görə qulluq keçməsinə xitam verilərək prokurorluq orqanlarından xaric edilmişdir. İddiaçı barəsində 2014-cü ilin mart ayında Respublika Hərbi Prokurorluğundan Dövlət Sosial Müdafiə Fonduna məlumat göndərilərkən, «Hərbi xidmət kecmə haqqında» Əsasnamənin 16-cı maddəsinin (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının hərbi qulluqçular ücün həqiqi hərbi xidmətdə olmanın başlanğıcı onların vəzifəyə təyin olunması günü hesab olunur) tələbləri nəzərə alınmamış və xx.xx.1996-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Qarabağ Qarnizonunun Hərbi prokuroru vəzifəsində xidmət keçdiyi müddət hərbi qulluqçu kimi hesablanılmaqla bütün xidimətləri, o cümlədən güzəştli xidmət illəri təqvim üzrə xidmət illərinə əlavə edilməmişdir. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrin “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş vəzifələri, hərbi xidmətin şəraiti və xarakteri qulluqçuların statusunu müəyyən edir. Hərbi qulluqçuların statusu Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının başqa qanunvericilik aktlarında müəyyən edilən hüquqlardan, vəzifələrdən, bunların həyata keçirilməsi üçün təminatlardan və məsuliyyətdən ibarətdir. Həmin Qanunun 2-ci maddəsinə əsasən, Bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Həmin Qanunun 3-cü maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu atusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Həmin Qanunun 26-cı maddəsinə əsasən Dövlət orqanları, müəssisələri, idarələri, təşkilatları, vəzifəli şəxslər, hərbi idarəetmə orqanlarının komandirləri (rəisləri) öz səlahiyyətləri və vəzifələri daxilində hərbi qulluqçuların statusunu təmin edirlər. 23 dekabr 2011-ci il tarixədək qüvvədə olmuş “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının 03 noyabr 1992-ci il tarixli Qanunun 2-ci maddəsində qeyd olunur ki, hərbi xidmət həqiqi hərbi xidmətdən və ehtiyatda xidmətdən ibarətdir. Həqiqi hərbi xidmət Azərbaycan Respublikasının Silahlı qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliynə uyğun olaraq yaradılmış başqa hərbi birləşmələrdə dövlət xidmətinin xüsusi növüdür. Həmin Qanunun 11-ci maddəsində qeyd edillir ki, hərbi vəzifəlilər (hərbi qulluqçular tərəfindən tutulmalı olan ştat vəzifələri) və bu vəzifələrə uyğun rütbələr xüsusi siyahılara əsasən hərbi hissələrin ştatlarında nəzərdə tutulur. Hərbi prokurorluq orqanlarında hərbi qulluqçular tərəfindən tutulmalı olan ştat vəzifələri və bu vəzifələrə uyğun hərbi rütbələrin siyahısını Azərbaycan Respublikasının Baş Prokurorunun və Azərbaycan Respublikasının Müdafiə Nazirinin birgə təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi təsdiq edir. «Prokurorluq haqqında» Azərbaycan Respublikasının 07 dekabr 1999-cu il tarixli Qanununun 12-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Hərbi Prokurorluğu ixtisaslaşdırılmış prokurorluq olmaqla, Azərbaycan Respublikasının Silahlı qüvvələrində və Azərbaycan Respublikasının Qanunvericiliyində nəzərdə tulmuş digər hərbi birləşmələrdə, bu Qanunla və Azərbaycan Respublikasının digər qanunları ilə hərbi prokurorluqlara aid edilmiş səlahiyyətləri həyata keçirir. Hərbi prokurorluqlar Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qarnizionlarının yerləşdiyi ərazilərdə, bu prokurorluğun fəaliyət dairəsinə aid edilmiş hərbi hissələrin sayı nəzərə alınmaqla təşkil edilir. ...Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 631 saylı Qərarının 2-ci bəndini ” yarımbəndi xx.xx.2005-ci il tarixli, 125 nömrəli dəyisiklik edilənə qədər qüvvədə olmuşdur. Göründüyü kimi, Abbasov X1 Qarnizonu hərbi prokuroru vəzifəsində xidmət edərkən ona hərbi rütbə verilməsini istisna edən heç bir hal olmamış və öz iradəsindən asılı olmayaraq xüsusi rütbədə olmaqla hərbi rütbə tələb edən vəzifədə xidmət emişdir. Odur ki, İddiaçı xx.xx.1996-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Qarabağ Qarizionunun Hərbi prokuroru vəzifəsində xidmət etdiyi illərin hərbi qulluqçu kimi hesablanılmaqla, eyni zamanda güzəştli xidmət illərinin təqvim üzrə xidmət illərinə əlavə edilməklə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə X3 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına yeni məlumat vərəqəsinin göndərilməsi vəzifəsi Azərbaycan Respublikası Hərbi Prokurorluğunun üzərinə qoyulmalıdır. İddiaçının bununla bağlı müraciətinə cavabdeh tərəfindən verilmiş cavab məktubunda göstərilmişdir ki, İddiaçı hərbi qulluqçu statusuna malik olmadığından xx.xx.1996-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Qarabağ Qarnizonunun Hərbi prokuroru vəzifəsində işlədiyi müddətin hərbi qulluqçu kimi xidmət illərinə hesablanması mümkün deyildir. İddiaçı barəsində xx.xx.1996-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Qarabağ Qarnizonunun Hərbi prokuroru vəzifəsində xidmət etdiyi dövrlə bağlı 2014-cü ilin mart ayında Sosial Müdafiə Fonduna göndərilmiş məlumat vərəqəsinin və qoşma sənədlərin surətlərini təqdim edilməsi barədə xx.xx.2023-cü il tarixli, 03/333 saylı məktuba Respublika Hərbi Prokurorluğu tərəfindən xx.xx.2023-cü il tarixli məktubla cavab verilmişdir. Həmin cavab məktubunda göstərilmişdir ki, tələb olunan sənədlər saxlama müddəti keçdiyindən məhv edilmişdir. İddiaçı pensiyasının tərkibi (təminat xərcliyi) haqqında məlumat verilməsi barədə xx.xx.2023-cü il tarixli, 03/335 saylı məktuba Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə X3 səxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı tərəfindən xx.xx.2023-cü il tarixli məktubla cavab verilmişdir. Həmin cavab məktubunda göstərilmişdir ki, İddiaçı pensiya işinə aid sənədlərdə ona Fondun Bərdə rayon Şöbəsi tərəfindən 12 yanvar 2014-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edildiyi qeyd edilir. Prokurorluq orqanları əməkdaşlarının vəzifə maaşlarının artırılması haqqında 1 dekabr 2022-ci il tarixində İddiaçı vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumlikdə vəzifə maaşının orta aylıq məbləği 4740 manat, qulluq stajına görə əlavəsi 2229,48 manat, rütbəyə görə əlavəsi 214,40 manat, digər növ əlavələr 91,94 manat olmaqla orta aylıq əmək haqqısı 10775,82 manat təşkil etmişdir. Bununla əlaqədar, İddiaçı əmək pensiyası 1 dekabr 2022-cin tarixindən hesablanmaqla "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 20.8.2-ci maddəsinə əsasən 26 il, 7 ay, 20 gün qulluq illərinə uyğun araq vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısının haqqısının (10775,82 manat) 80 faizi- 8620,66 manat məbləğində müəyyən edilib. "Əmək pensiyalari haqqında" Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən İddiaçı əmək pensiyası həmin tarixdən etibarən 9482,73 manat, 29-cu maddəsinə əsaəsn indeksləşdirmə ilə əlaqədar 10876,69 manat məbləğində müəyyən edilməklə onu müvafiq kart hesabına köçürülür. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5576/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayətləri verərək, həmin qərarın ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətlərini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5576/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - 19 iyun 1975-ci il tarixdən doldurulmağa başlanmış iddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1979-cu ildən xx.xx.1989-cu ilədək Bərdə rayon prokurorluğunda dəftərxana katibi, xx.xx.1989-cu ildən xx.xx.1990-cı ilə kimi Qax rayon prokurorunun köməkçisi, xx.xx.1990-cı ildən xx.xx.1992-ci ilə kimi Qobustan rayon prokurorluğunun müstəntiqi, xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilə kimi Göyçay rayon prokurorluğunun böyük müstəntiqi, xx.xx.1993-cü ildən xx.xx.1996-cı ilə kimi Yevlax rayon prokurorluğunun böyük müstəntiqi, xx.xx.1996-cı ildən xx.xx.2001-ci ilədək Qarabağ qarnizonunun hərbi prokuroru, səlahiyyət müddətinin qurtarması ilə əlaqədar Qarabağ Qarnizionu hərbi prokuroru vəzifəsindən azad olunmuş, xx.xx.2001-ci ildən xx.xx.2002-ci ilə kimi Naxçıvan MR Şərur rayon prokurorunun müavini, xx.xx.2002-ci ildə sərəncama götürülmüş, xx.xx.2002-ci ildən xx.xx.2004-cü ilədək Ağdaş rayon prokurorluğunda müstəntiq, xx.xx.2004-cü ildən xx.xx.2012-ci ilədək Ağdaş rayon prokurorluğunda prokuror, xx.xx.2012-ci ildən xx.xx.2015-ci ilədək Goranboy rayon prokurorunun müavini, xx.xx.2015-ci ildə “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” AR Qanunun 26.1.6cı maddəsinə əsasən tutduğu vəzifədən azad edilib, xx.xx.2015-ci ildə “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” AR Qanunun 29.2.5 və 32.4-cü maddələrinə əsasən öz arzusu ilə xidmət illərinə görə qulluq keçməsinə xitam verilməklə prokurorluq orqnlarından xaric edilmişdir. - AR Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon şöbəsinin xx.xx.2014-cü il tarixli 2693 nömrəli qərarından görünür ki, iddiaçıya xx.xx.2014-cü il tarixdən prokurorluq işçisi kimi yaşa görə müddətsiz əmək pensiyası təyin edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/3-7-1602/2023 nömrəli qərarı ilə iddiaçının prokuror kimi yaşa görə əmək pensiyası xx.xx.2022-ci il tarixli artıma əsasən yenidən hesablanmış, hazırkı pensiya məbləği 6629.05 manat, vəzifə maaşı 4740 manat, ixtisas dərəcəsinə görə əlavə 214,40 manat, qulluq stajına görə əlavə 2229,48 manat, mükafatlara görə 3591,94 manat olmaqla, pensiya faizi 80 faiz yenidən hesablanmış pensiya məbləği 8620 manat 66 qəpik təşkil etmişdir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi hesab etmişdir ki, “iddiaçı prokurorluq əməkdaşı kimi pensiyaya çıxdığından ona hərbi qulluqçu kimi pensiya təyin edilməsi üçün zəruri olan məlumat vərəqi təqdim edilməmişdir. Belə olan halda, cavabdehin imtinası qanunsuz olmamış və iddiaçının hər hansı hüququnu pozmamışdır.” Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır. Belə ki, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun: - 20.14. Pensiyaya çıxmış prokurorluq işçilərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. - 20.15. Hərbi prokurorluq orqanlarının prokurorluq işçisi olan hərbi qulluqçularına bu Qanun və “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müqayisədə hərbi qulluqçular üçün Azərbaycan Respublikası qanunlarına əsasən müəyyən edilmiş daha əlverişli şərtlərlə pensiya, tibbi və başqa növ maddi və sosial təminatlar şamil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: -1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; -1.0.3-cü maddəsinə əsasən hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; - 1.0.4-cü maddəsinə əsasən xüsusi rütbəli şəxslər — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir; -1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir; - 20.8-ci maddəsinə əsasən, Bu Qanunun 20.1.5-ci və 20.1.5-1-ci maddələrində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir (01 iyul 2017-ci il tarixədək olan redaksiya): 20.8.1. prokurorluq orqanlarında 5 il qulluq etmiş prokurorluq işçilərinə - orta aylıq əmək haqqının 45 faizi miqdarında; 20.8.2. prokurorluq orqanlarında 5 ildən 10 ilə qədər qulluq etmiş prokurorluq işçilərinə orta aylıq əmək haqqının 45 faizi miqdarında, 5 ildən yuxarı prokurorluq işçisi stajının hər ili üçün orta aylıq əmək haqqının 2 faizi miqdarında əlavə olunmaqla; 20.8.3. prokurorluq orqanlarında 10 ildən yuxan qulluq etmiş prokurorluq işçilərinə prokurorluq işçisi kimi aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 55 faizi miqdarında, 10 ildən yuxarı prokurorluq işçisi stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərtilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. -22.4-cü maddəsinə əsasən, hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın: 1-ci hissəsinə əsasən, bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Hərbi Prokurorluğu, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir; 2-ci hissəsinə əsasən, bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır. Hazırkı işin faktiki hallarından müəyyən edilir ki, iddiaçı xx.xx.1989-cu il tarixdən xx.xx.2015ci il tarixədək prokurorluq orqanlarında qulluq etmiş və “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” AR Qanunun 29.2.5 və 32.4-cü maddələrinə əsasən öz arzusu ilə xidmət illərinə görə qulluq keçməsinə xitam verilməklə prokurorluq orqanlarından xaric edilmişdir. AR Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon şöbəsi tərəfindən iddiaçıya xx.xx.2014-cü il tarixdən prokurorluq əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Hazırda iddiaçı 2014-cü ildə pensiyaya çıxarkən Hərbi Prokurorluq tərəfindən verilmiş məlumat vərəqində 1996-2001-ci illərdə Qarabağ Qarnizonunda hərbi prokuror vəzifəsində xidmət etdiyi illərin hərbi qulluqçu kimi hesablanılmaqla, eyni zamanda güzəştli xidmət illərinin təqvim üzrə xidmət illərinə əlavə edilməklə yeni məlumat vərəqinin pensiya qurumuna göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Bununla bağlı cavabdeh Hərbi Prokurorluğa müraciəti təmin edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, yuxarıda qeyd edilən qanunvericilik normalarından müəyyən edilir ki, hərbi prokurorluq orqanlarının prokurorluq işçisi kimi pensiyaya çıxan hərbi qulluqçularının yaşa görə əmək pensiyasının məbləğini hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi, prokurorluq orqanlarının əməkdaşı kimi pensiyaya çıxan şəxslərin isə orta aylıq əməkhaqqından hesablanmasını nəzərdə tutur. İş materiallarından isə müəyyən edilir ki, iddiaçıya xx.xx.2014-cü il tarixdə hərbi qulluqçu kimi deyil, prokurorluq əməkdaşı kimi yaşa görə müddətsiz əmək pensiyası təyin edilmiş və onun pensiyası orta aylıq əməkhaqqından hesablanmışdır. Qeyd edildiyi kimi mülki prokurorluq əməkdaşı pensiya təyin edilərkən hesablama təminat xərcliyinə əsasən aparılmadığından məlumat vərəqinin təqdim edilməsinə ehtiyac yoxdur. Əlavə olaraq qeyd edilməlidir ki, iş materiallarından görünür ki, Hərbi Prokurorluq tərəfindən DSMF-ə təqdim edilməsi üçün verilmiş xx.xx.2014-cü il tarixli arayış verilmişdir ki, həmin arayışda iddiaçının 1996-2001-ci illərdəki aldığı ödənişlər qeyd edilmişdir. Bu sənəd isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” Qaydalarının 1 nömrəli Əlavəsində göstərilmiş məlumat vərəqi hesab oluna bilməz. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı prokurorluq əməkdaşı kimi pensiyaya çıxdığından cavabdehin imtinası qanunsuz olmamış və iddiaçının hər hansı hüququnu pozmamışdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 5576/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5576/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar